Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(3-9)-17/2026 18.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 5 noyabr 2025-ci il tarixli e-2-2(121)-3095/2025 saylı qətnaməsindən (hakim Rəmzi Nəbiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 8923,41 manat məbləğində borcun, 800,00 manat cərimənin və 117,24 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 9840,65 manat pul vəsaitinin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “Bərdə” filialı ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 05/23-351 saylı alğı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Nəzirli kəndi ərazisində 47,00 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 61805,50 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 1144,00 manat məbləğində çöp doğrama, 395,90 manat məbləğində riper işi, 1401,40 manat məbləğində rotor mala, 731,00 manat məbləğində çiyid səpini, 1692,00 manat məbləğində kultivasiya, 570,00 manat məbləğində gübrə kultivasiya, 200,00 manat məbləğində rotasion kultivasiya, 3328,00 manat məbləğində dərman səpini, 6600,00 manat məbləğində pambığın maşınla yığımı, 840,00 manat məbləğində tirə vurma, 30700,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 9501,20 manat məbləğində dərman və gübrə, 4350,00 manat məbləğində lifsiz çiyid, 352,00 manat məbləğində yanacaq xərci, ümumilikdə 61805,50 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmiş, avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 66194,70 kq, 52882,09 manat məbləğində xam-pambıq təhvil vermiş, çəkilmiş xərcdən bu günədək iddiaçıya 8923,41 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 2.2.2-ci bəndinə əsasən satıcının istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikaları ilə göstərilən xidmətin, gübrə və pestisidlərin, göstərilən digər xidmətlərin dəyərini “Alıcı”ya ödəmək üçün, yetişdirdiyi yüksək keyfiyyətli xam pambığın son məhsulunadək Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam pambığın yığııması və tədarükünə dair” Təlimatın tələblərinə müvafiq olaraq xx.xx.2021-ci il tarixədək “Alıcı”ya təhvil verir. Təhvil verilən xam pambığın dəyəri “Alıcı”dan alınan avans məbləğinin dəyərindən az olarasa, o zaman “Alıcı”ya həmin yaranan borcu ödəyir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən göstərilən servis xidmətlərinin, nəğd pul vəsaitini, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə “Alıcı”ya ödəyir. Əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1% həcmində, 10% artıq olmamaq şərti ilə “Alıcı” ya cərimə ödəyir. Cavabdeh borcun ödənilməsi ilə bağlı öhdəliyi icra etməkdən imtina etməklə, cəmiyyətin mənafeyinə zərər vurmuş, bununla da onun barəsində müqavilənin 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən ödənilməyən məbləğin 10% həcmində 800,00 manat məbləğində cərimə tətbiq edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 5 noyabr 2025-ci il tarixli e-2-2(121)-3095/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh 8923,41 manat əsas borc, 200 manat cərimə olmaqla, cəmi 9123,41 (doqquz min bir yüz iyirmi üç manat, qırx bir qəpik) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 117,24 (bir yüz on yeddi manat, iyirmi dörd qəpik) manat pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırımışdır ki, qətnamdən narazıdır və onu qəbul etmir. Hesab edir ki, Şirvan Kommersiya məhkəməsinin sözügedən qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış əsassız və qanunsuz qətnamə olduğuna görə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən tam ləğv edilməklə iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Məhkəmə öz qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə istinad etsə də, həmin maddəni işin faktiki hallarına düzgün tətbiq etməmişdir. İş materiallarında təsdiq olunur və iddiaçı özü də etiraf edir ki, müqavilə öhdəliklərinə sadiq qalaraq 66194,70 kq çəkidə, 52882,09 manat dəyərində xam-pambıq təhvil vermişdir. Lakin məhsulun dəyərinin götürülən avansı tam bağlamamasının səbəbi onun təqsiri deyil, məhsuldarlığın aşağı olmasıdır. Məhkəmə nəzərə almamışdır ki, aralaırnda bağlanan xx.xx.2022-ci il tarixli, 05/23-351 saylı müqaviləyə əsasən İddiaçı MMC-nin də qarşısında mühüm öhdəlikləri var idi. Belə ki, Bərdə rayonu, Nəzirli kəndi ərazisində 47,00 hektar torpaq sahəsini təqdim etməyinə baxmayaraq, həmin sahədə pambığın əkilməsi, becərilməsi və aqrotexniki qulluq işlərinin əksəriyyəti (çöp doğrama, riper, mala, səpin, kultivasiya və s.) iddiaçı şirkət tərəfindən icra edilməli idi. İddiaçı faktiki olaraq bu xidmətləri göstərməyi öz üzərinə götürmüş və bunun üçün xidmət haqqı tələb etmişdir. Lakin İddiaçı MMC öz üzərinə düşən aqrotexniki xidmətləri (vaxtında və keyfiyyətli becərmə, dərmanlama və s.) lazımınca yerinə yetirməmişdir. Bu birgə öhdəlik yaradan fəaliyyətdir. İddiaçının aqrotexniki qaydalara riayət etməməsi və işləri qüsurlu görməsi nəticəsində 47 hektar sahədən gözlənilən məhsul əldə olunmamış və maddi ziyan dəymişdir. Məhsuldarlığın aşağı düşməsi məhz iddiaçının öz işini düzgün qurmaması səbəbindən baş vermişdir. İddiaçı özü keyfiyyətsiz xidmət göstərərək ziyana salmış, indi isə həmin ziyanın əvəzini "borc" adı altında tələb edir. Məhkəmə işə baxarkən məhsulun niyə az olmasını, iddiaçının 47 hektar sahədə öz aqrotexniki öhdəliklərini necə icra etməsini araşdırmadan, sadə riyazi hesablama apararaq qətnamə çıxarmışdır. Bu isə işin hallarının tam və hərtərəfli araşdırılmaması deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2-ci maddəsi pozulmuşdur. Həmin maddi hüquq normalarına əsasən mülki icraatın vəzifələrindən biri də mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etməkdən ibarətdir. Məhkəmə bu prinsipi rəhbər tutaraq hər iki tərəfin mənafeyini bərabər şəkildə araşdırmalı idi. Lakin hazırki işdə məhkəmə yalnız iddiaçının kommersiya maraqlarını müdafiə etmiş, fermer kimi hüquqlarını və qanuni mənafelərini (keyfiyyətli xidmət almaq və zərər görməmək hüququmu) nəzərə almamışdır. Mülki dövriyyənin iştirakçısı olaraq hüquqlarının pozulmasına (keyfiyyətsiz aqrotexniki xidmət nəticəsində məhsulun az olması və ziyana düşməyim) göz yumulması, Mülki Məcəllənin 1.2-ci maddəsində təsbit olunmuş ədalət və hüquqların müdafiəsi prinsipinə ziddir. Əgər qanunvericilik hüquqlarını qorumursa və qarşı tərəfin öz öhdəliyini pozmasına qiymət verilmirsə, burada ədalətli məhkəmə araşdırmasından söhbət gedə bilməz. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə qabaqcadan məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur. İddiaçı MMC-nin Bərdə filialı (Alıcı) və Cavabdeh (Satıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 05/23-351 nömrəli müqavilənin: 1.1-ci bəndinə əsasən “Alıcı” tərəfindən “Satıcı”ya məxsus (mülkiyyətində və istifadəsində olan) Bərdə rayonu, Nəzirli kəndi ərazisində 47,00 hektar torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcimdə keyfiyyətlə yerinə yetrilməsi,”Satıcı” tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, “Alıcı”ya təhvil verilməsi və “Alıcı” tərəfindən “Satıcı”nın borcları çıxarılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsini təşkil edir. 2.1.2-ci bəndinə əssən “Alıcı” tərəfindən pambığın istehsalı üçün aqrotexniki normalara uyğun olaraq “Satıcı”nın sifarişi əsasında hazırkı müqaviləyə əlavədə göstərilən qiymətlərlə kənd təsərüfatı texnikaları ilə aqrpotexniki işlər görülə bilər həmçinin, avans olaraq toxumluq çiyid, mineral gübrə, pestisid və nəğd pul vəsaiti verilə bilər, pambıq sahəsinin su təchizatının yaxşılaşdırılmsına adiyyatı qurumlarla birgə köməklik göstərilə bilər. 2.2.2-ci bəndinə əsasən “Satıcı”istifadə etdiyi pambıq toxumunun, kənd təsərüfatı texnikası ilə göstərilən digər xidmətlərin, gübrə və pestisidlərin, göstərilən digər xidmətlərin dəyərini”Alıcı”ya ödəmək üçün (hər hektardan -25 sentnerdən az olmamaqla) yetişdirdiyi yüksək keyfiyyətli xam-pambığı son məhsulunadək, X3 tərəfindən təsdiq edilmiş “Xampambığın yığılması və tədarükünə dair” Təlimatın tələblərinə müvafiq qaydad xx.xx.2021ci il tarixədək “Alıcı”ya təhvil verir.Təhvil verən xam-pambığın dəyəri “Alıcı”dan alınan avans məbləğin (hər hansı formada göstərilən xidmətin dəyəridə daxil olmaqla) dəyərindən az olarsa o zaman “Alıcı”ya həmin yaranan fərqi ödəyir. xx.xx.2024-cü il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi aktı”ndan və digər sənədlərdən görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən ümumilkdə 61805,80 manat məbləğində avans vəsait (nağd pul verildiyi, iş görüldüyü və xidmət göstərildiyi) verilmiş, Cavabdeh 52882,09 manat məbləğində ödəniş etmiş, qalıq borc 8923,41 manat təşkil edir. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Cavabdeh “İş və xidmətlərin yerinə yetirilməsi aktı”nı imzalamaqdan imtina etmişdir. Pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC-nin Bərdə Filialı ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən yaranmış borcun pretenziya alındığı vaxtdan ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında imzalanmış “aqrotexniki işlərin” aktlara əsasən, Bərdə rayonu, Nəzirli kəndi ərazisində yerləşən torpaq sahəsində fermer Cavabdeh üçün aqrotexniki işlər aparılmışdır. ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 117,24 manat dövlət rüsumu ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Belə ki, iş materiallarından görünür ki, cavabdehin pambıq əkdiyi 47 ha sahəsində pambığın əkilməsi, becərilməsi və aqrotexniki qulluq işlərinin (çöp doğrama, riper, mala, səpin, kultivasiya və s.) iddiaçı şirkət tərəfindən icra edilməməsi ilə bağlı işlər görülən zaman cavabdeh tərəfindən hər hansı bir pretenziya irəli sürülməmişdir. Əksinə iş materiallarında olan xx.xx.2024-cü il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi aktı”ndan və digər sənədlərdən görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən ümumilkdə 61805,80 manat məbləğində avans vəsait (nağd pul verildiyi, iş görüldüyü və xidmət göstərildiyi) verilmiş, Cavabdeh 52882,09 manat məbləğində ödəniş etmiş, qalıq borc 8923,41 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 9123,41 manat təşkil etdiyindən, prosessual qanunvericiliyə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2., 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 5 noyabr 2025-ci il tarixli e-2-2(121)-3095/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov
Məhkəmə qərarları › İş №2-2(3-9)-17/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-9)-17/2026
18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver