Məhkəmə qərarları › İş №2-2(3-9)-23/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-9)-23/2026

05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(3-9)-23/2026 05.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: pul tələbi. Şirvan şəhəri, 05 mart 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, e-2-2(121)-326/2025 saylı qətnaməsindən (hakim Z.Abbasov) Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18167,25 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Rəhimov X4 şəhərində cücə yemi məhsullarının satışı ilə məşqul olur. Cavabdeh əvvəl işlə bağlı tanımışdır. Cavabdehin ona yaxınlaşaraq ona nisyə cücə yemi verilməsini xahiş etdiyindən nisyə olaraq ona cücə yemi verilmişdir. Aralarındakı razılaşmaya əsasən Cavabdeh yemin pulunu İddiaçı qaytarmalı olduğu bildirilmişdir. Həmin vaxtdan mövcud qanunvericiliyinə əsasən E-Qaimə əsasında cavabdehə mal verilmişdir. Cavabdeh aldığı yemin pulunu ödəməyərək borclu qalmışdır. Dəfələrlə cavabdehlə danışıqlar apararaq borcunu ödəməsini tələb etsə də heç bir nəticəsi olmamışdır. Hazırda cavabdehin İddiaçı 18167,25 manat borcu qalmışdır. Odur ki, cavabdehdən 18167,25 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi (vəkili) X1 iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, hazırkı iş üzrə 18167,25 manat pulla yanaşı, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 145 manat və vəkilin hüquqi xidmətinə görə ödənilmiş 400 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, iddiaçını şəxsən tanımadğını, bir il ərzində iddiaçının nümayəndələrindən hər dəfə 5-6 min arası olmaqla, 4-5 dəfə mal almaqla, ümumilkdə 20-25 min manatlıq mal aldığını, aldığı malların dəyərini nağd qaydada tam ödədiyini, heç bir sənədə imza atmadığını, üzləşmə aktında olan imzanın da ona məxsus olmadığını bildirmişdir. İddiaçı və onun nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdirlər. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh sonrakı məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 izahatında iddiaçını tanıdığını, bərabər işlədiklərini, özünün 2015-ci ildən 2023-cü ilə qədər Azərsun Holdinqin şəkər yem fabrikasında bölgə satış müdiri vəzifəsində çalışdığını, İddiaçı onların Masallı rayonu üzrə nümayəndəsi olduğunu, Cavabdeh onların müştəriləri olduğunu, 2015-ci ildən cücə saxlanılması ilə məşğul olduğunu, heç bir ödəniş etmədiyini qeyd etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, e-2-2(121)-326/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixli, 054/23 nömrəli alqı-satqı müqaviləsi üzrə 18167,25 manat məbləğində borc, hüquqi yardıma görə ödənilmiş 400 manat xərc və ödənilmiş 145 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 18712,25 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Apellyasiya şikayətində qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etmədiyini, iddiaçını şəxsən tanımadığını, bir il ərzində iddiaçının nümayəndələrindən 4-5 dəfə, hər dəfə 5-6 min manatlıq mal aldığını, ümumilikdə 20-25 min manatlıq mal aldığını, həmin malların dəyərini nağd qaydada tam ödədiyini, heç bir sənədə imza atmadığını və üzləşmə aktındakı imzanın ona məxsus olmadığını bildirmişdir. Buna baxmayaraq, məhkəmə cavabdehin izahatını borcun etirafı kimi qiymətləndirmişdir. Şikayətdə göstərilmişdir ki, təhvil-təslim aktlarındakı imzaların kimə məxsus olmasının müəyyən edilməsi üçün məhkəmə xəttşünaslıq ekspertizası təyin edilməli idi, lakin bu edilməmişdir. Həmçinin qeyd edilmişdir ki, cavabdehdən malların pulunu təhvil almış iddiaçının nümayəndəsi şahid qismində dindirilməmişdir. Şikayətdə göstərilmişdir ki, iddia ərizəsində qeyd edilən 27.365 manatlıq malın 9.197,75 manat hissəsinin ödənilməsinə dair rəsmi sənəd mövcud olmasa da, bu ödənişlərin qeyri-rəsmi qaydada həyata keçirildiyi bildirilmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin işin hallarını hərtərəfli və obyektiv araşdırmadığı, yalnız iddiaçı tərəfindən təqdim edilmiş formal sənədlərə istinad etdiyi və nəticədə əsassız qətnamə qəbul etdiyi qeyd edilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh şikayətini müdafiə etmiş, onun məzmununa uyğun izahat verərərk onun təmin edilməsini xahiş etmişdir. Ona ünvanlanan suallara cavabında göstərmişdir ki, cücə yemi məhsullarını “Azərsun Holdinq”in yerli flialına məxsus olmasını bildirmişdir. Qeyd etmişdir ki, İddiaçı şəxsən tanımamışdır. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Niyaz Mirzəyevi tanımışdır. Bir il ərzində iddiaçının nümayəndələrindən 4-5 dəfə, hər dəfə 5-6 min manat olmaqla ümumilikdə 20- 25 min manatlıq cücə yemi almışdır. Cücə yemini hər dəfə ona Orxan adlı sürücü gətirmiş və aldığı yemin dəyərini də nəqd şəkildə Orxana ödəmişdir. Hal-hazırda onun iddiaçıya heç bir borcu qalmamışdır. Kollegiyanın iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 da apellyasiya şikayətini müdafiə etmiş, onun məzmununa uyğun izahat verərərk şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Bildirmişdir ki, “Azərsun Holdinq”in Lənkəran, Masallı, Astara, Lerik və Yardımlı rayonları üzrə yem-satış təmsilçisi olmuşdur. Cavabdeh onu tanımadığını desə də bu həqiqəti əks etdirmir. Cavabdehlə aralarında yem alqısı ilə bağlı müqavilələri olmuşdur. Yem cavabdehə sürücü-ekspeditel Orxan vasitəsilə çatdırılmış, həmçinin onun tapşırığı ilə üzləşmə keçirilərək təhvil verilmiş əvvəlki yemin pulu cavabdeh tərəfindən Orxana təqdim edilmişdir. Axırıncı qarşılıqlı üzləşmə xx.xx.2023cü ildə keçirilmiş və xx.xx.2023-cü il tarixə cavabdehin onlara 2605 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixindən sonra da fakturalar üzrə cavabdehə yemlər təhvil verilmiş, lakin cavabdeh həmin yemlərin pulunu şirkətə geri qaytarmamışdır. Cavabdeh ona demişdir ki, cücələri xəstələnmiş və ölmüşlər. Bunun səbəbini güya ona satılmış yemdə görmüş və demişdir ki, bundan sonra ödəniş etməyəcəkdir. Lakin cücələrin ölməsinin yemlə bağlı olması və ya həqiqətən də cücələrin ölməsi barədə onda hər hansı məlumat olmamışdır. Həmçinin göstərmişdir ki, cavabdeh yemin pulunu cücələri böyüdüb satışını həyata keçirdikdən sonra ödəmişdir. İddianın nümayəndəsi Nümayəndə da eyni məzmunlu izahat vermiş, apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2 və 329.3-cü maddələrinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı sahibkarlıq subyekti kimi xx.xx.2015-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və halhazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2019-cu il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və halhazırda ünvan 2i ünvanı üzrə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 054/23 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, satıcı müxtəlif yem məhsullarını və digər malları (bundan sonra "Mal" və ya "Mallar" adlandırılacaq) Müiştəriyə verməyi, müştəri isə onları qəbul etməyi, dəyərini ödəməyi və bu müqavilədə nəzərdə tutulmuş qaydada topdan və pərəkəndə satışını, paylaşdırılmasını təşkil etməyi və bununla əlaqədar bu müqavilədə nəzərdə tutulan iş və xidmətləri həyata keçirməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, hər mal partiyası üzrə malların adı, çeşidi qiyməti və kəmiyyəti müştərinin satıcı tərəfindən bu müqaviləyə uyğun şəkildə təsdiq edilmiş sifarişlərinə uyğun tərtib olunan və yazılı şəkildə təqdim edilən Elektron-Fakturada qeyd edilir. 2.1-ci bəndinə əsasən, müştəri bu müqavilə üzrə aldığı Malların elektron qaiınafakturada göstərilən qiymətini qaimə-fakturanın tarixindən (həmin tarix daxil olmaqla) etibarən həmin gün ərizində ödəməlidir. Müştəri bu müqaviləyə əsasən faktura üzrə qəbul etdiyi nisyə (kreditlə) satış qaydasına uyğun olaraq kredit limitini keçməmək şərti ilə aldıqda kreditin başlama müddətini nəzərə alaraq, “satıcı” tərəfindən müəyyən edilmiş kreditin son ödəmə müddətini ötməməklə alınmış məhsulun dəyərini “satıcıya” ödənilməsini təmin etməlidir. 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə mallar müştərinin satş ünvanına müştəri tərəfindən çatdırılır. Mallar satıcı tərəfindən müştəriyə malların təhvil-qəbul aktı ilə verilir. 4.5-ci bəndinə əsasən bu müqaviləyə xitam, müştərinin bu müqavilə üzrə bütün hüquqlarına dərhal son verilir və müştəri müqaviləyə xitam verilmə tarixindən etibarən 5 (beş) günü ərzində satıcı qarşısında bütün icra edilməmiş öhtəliklərini icra etməli, o cümlədən satıcıya borclu olduğu bütün məbləğləri ödəməlidir. Müqaviləyə xitam verildikdən sonra, müştəri satıcının müəyyən etdiyi müddətdə və qaydada müqaviləyə xitam verilməsi nəticəsində meydana gələn və ya müqavilə ilə əlaqədar məsələləri həll etməli, o cümlədən müştəridə olan satıcıya və ya satıcı tərəfindən təmin edilmiş üçüncü şəxslərə hər hansı formada məxsus bütün daşınar və ya daşınmaz əşyaları geri qaytarmalı və ya dəyərini ödəməlidir. İş materiallarında olan elektron qaimə-fakturalara əsasən xx.xx.2022-ci il tarixli, 594806 saylı elektron qaimə-fakturaya əsasən 2258 manat , xx.xx.2023-cü il tarixli, 164997 saylı elektron qaimə-fakturalara əsasən 3675 manat, xx.xx.2023-cü il tarixli, 705364 saylı elektron qaimə-fakturaya əsasən 2460 manat, xx.xx.2023-cü il tarixli, 052329 saylı elektron qaimə-fakturaya əsasən 3176,25 manat, xx.xx.2022-ci il tarixli, 400738 saylı elektron qaimə-fakturaya əsasən 3795 manat, xx.xx.2023-cü il tarixli, 463774 saylı elektron qaimə-fakturaya əsasən 2055 manat və xx.xx.2023-cü il tarixli, 844435 saylı elektron qaimə-fakturaya əsasən 3082,50 manat, xx.xx.2022-ci il tarixli, 871839 saylı elektron qaimə-fakturaya əsasən 1992 manat, xx.xx.2022-ci il tarixli, 336059 saylı elektron qaimə-fakturaya əsasən 1275 manat, xx.xx.2022-ci il tarixli, 959849 saylı elektron qaiməfakturaya əsasən 1541,25 manat və xx.xx.2023-cü il tarixli, 463777 saylı elektron qaiməfakturaya əsasən 2055 manat məbləğində olmaqla, İddiaçı tərəfindən Cavabdeh göndərilmiş malların ümumi dəyəri cəmi 27365 manat təşkil etmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehdən borclu olduğu cəmi 18167,25 manat məbləğində pulun tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə borcun və digər xərclərin ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Göründüyü kimi, iddia təmin edilmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etmədiyini, iddiaçını şəxsən tanımadığını, bir il ərzində iddiaçının nümayəndələrindən 4-5 dəfə, hər dəfə 5-6 min manatlıq mal olmaqla, ümumilikdə 20-25 min manatlıq mal aldığını, həmin malların dəyərini nağd qaydada tam ödədiyini, heç bir sənədə imza atmadığını və üzləşmə aktındakı imzanın ona məxsus olmadığını bildirmişdir. Buna baxmayaraq, məhkəmə cavabdehin izahatını borcun etirafı kimi qiymətləndirmişdir. Təhvil-təslim aktlarındakı imzaların kimə məxsus olmasının müəyyən edilməsi üçün məhkəmə xəttşünaslıq ekspertizası təyin edilməli idi, lakin bu edilməmişdir. Həmçinin qeyd edilmişdir ki, cavabdehdən malların pulunu təhvil almış iddiaçının nümayəndəsi şahid qismində dindirilməmişdir. Göstərilmişdir ki, iddia ərizəsində qeyd edilən 27.365 manatlıq malın 9.197,75 manat hissəsinin ödənilməsinə dair rəsmi sənəd mövcud olmasa da, bu ödənişlərin qeyri-rəsmi qaydada həyata keçirildiyi bildirilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

1. İşin müəyyən edilən faktiki halları belədir ki, tərəflər öz aralarında razılığa gələrək, iddiaçının sifariş əsasında cavabdehə cücə yemi məhsulu satması, cavabdehin isə aldığı yemin dəyərini nağd qaydada hissə-hissə olmaqla iddiaçıya ödəməsi barədə razılığa gəlmişlər. İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək 2023-cü il ərzində cavabdehə hissə-hissə olmaqla mal verdiyini, cavabdehin isə aldığı malların dəyərini tam ödəmədiyni, nəticədə cavabdehin 18167,25 manat məbləğində ödənilməmiş borcunun qaldığını iddia etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək ona verilmiş malların dəyərini tam ödədiyini, iddiaçıya borcunun olmadığını bildirmişdir.

2. İşdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan öhdəlik hüquq münasibətlərinin mövcud olması, iddiaçı tərəfindən cavabdehə cəmi 27365 manat məbləğində elektron qaimə göndərilməsi işin işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə cavabdehin birinci instansiya məhkəməsi zamanı verdiyi izahatını nəzərə alaraq hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıdan 20-25 min manat dəyərində cücə yeminin alınması faktı da işin mübahisəsiz hallarında biri kimi qəbul edilməlidir. Belə ki, cavabdeh izahatında qeyd edilən məbləğdə mal aldığını etiraf etmişdir. Qeyd: Kollegiya birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli iclasının audio-video yazısını izlənilmiş və iclasın 10-cu dəqiqə 40-cı saniyəsindən etibarən cavabdehin 1 il ərzində iddiaçıdan 20-23 min manatlıq yem almasını qeyd etdiyini müəyyən etmişdir.

3. Məhkəmə qeyd etmişdir ki, mübahisənin predmetini satılan malın dəyərinin tam və ya qismən ödənilməsinin müəyyən və sübut edilməsi təşkil edir. Məhkəmə hesab etmişdir ki, mübahisə tərəflərinin dəlilləri sübutetmə ilə əlaqədardır və baxılan iş üzrə mübahisə sübutların mümkünlüyü, yetərliliyi və mötəbərliliyi əsasında sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi prinsipinə uyğun həll edilməlidir. Məhkəmə qeyd etmişdir ki, cavabdehə ümumi dəyəri 20-25 min manat dəyərində malın verilməsi barədə mübahisə olmadığına görə həmin hal sübuta yetirilmiş hesab edilir. İddiaçı verdiyi malların dəyərinin cavabdeh tərəfindən tam şəkildə ödənilmədiyini iddia edir, bu tələbinin əsası kimi elektron qaimə-fakturalara, şahid ifadəsinə istinad edir. Cavabdeh iddia tələbinə etiraz edərək, onun tərəfindən aldığı malların dəyərinin tam şəkildə ödənildiyini bildirir, lakin etirazının əsası kimi istinad etdiyi faktiki hallarla bağlı sübut təqdim etmir.

4. Belə olan halda alınan malın dəyərini ödəmək vəzifəsinin daşıyıcısı olaraq alıcı (baxılan işdə - cavabdeh) ödənişi həyata keçirdiyini sübut etməklə mükəlləfdir. Baxılan işdə də cavabdeh aldığı malın dəyərinin onun tərəfindən tam şəkildə ödənildiyini mötəbər dəlillərlə sübut etməlidir. Lakin cavabdeh alınan malların dəyərinin tam şəkildə ödənilməsinin sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, aldığı malların dəyərini tam şəkildə ödəməsinə dair öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmək üçün cavabdeh hər hansı bir dəlil göstərməmiş, məhkəməyə bununla bağlı sübut təqdim etməmişdir. Yuxarıda şərh olunanlara əsaslanaraq birinci instansiya məhkəməsi bu nəticəyə gəlmişdir ki, iddiaçı verdiyi malın dəyərinin cavabdeh tərəfindən tam ödənilməməsi ilə bağlı öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübut edə bilmişdir. Cavabdeh isə etirazını əsaslandıra bilməmiş, borcu tam şəkildə ödəməsinə dair etirazını sübut edə bilməmişdir. Buna görə də məhkəmə borc tələbinə dair hissədə iddianı əsaslı hesab etmiş və bu səbəbdən də iddianı təmin etmişdir.

5. Kollegiyanın iclası zamanı iddiaçı bildirmişdir ki, cavabdehlə aralarında yem alqısı ilə bağlı müqavilələri olmuşdur. Yem cavabdehə sürücü – həm də ekspeditel Orxan vasitəsilə çatdırılmış, həmçinin onun tapşırığı ilə qarşılıqlı üzləşmə keçirilərək təhvil verilmiş əvvəlki yemin pulu cavabdeh tərəfindən Orxana təqdim edilmişdir. Axırıncı qarşılıqlı üzləşmə xx.xx.2023-cü ildə keçirilmiş və xx.xx.2023-cü il tarixə cavabdehin onlara 2605 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixindən sonra da fakturalar üzrə cavabdehə yemlər təhvil verilmiş, lakin cavabdeh həmin yemlərin pulunu şirkətə geri qaytarmamışdır.

6. Cavabdeh kollegiyanın iclasında bildirmişdir ki, bir il ərzində iddiaçının nümayəndələrindən 4-5 dəfə, hər dəfə 5-6 min manat olmaqla ümumilikdə 20-25000 manatlıq mal almışdır. Cücə yemini hər dəfə ona Orxan adlı sürücü gətirmiş və aldığı yemin dəyərini də nəqd şəkildə Orxana ödəmişdir. Hal-hazırda onun iddiaçıya heç bir borcu qalmamışdır.

7. İddiaçı qeyd etdiklərinin sübutu kimi məhkəməyə xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktını, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli fakturaları, həmçinin X5 əlavə etmişdir. Belə ki, qarşılıqlı üzləşmə aktından görünür ki, xx.xx.2023-cü il tarixli axırıncı qarşılıqlı üzləşmə aktından görünür ki, xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçıya 2605 manat borcu qalmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixli fakturaya əsasən cavabdehin iddiaçıya 3176.25 manat, xx.xx.2023-cü tarixli fakturaya əsasən 3980 manat, xx.xx.2023-cü tarixli fakturaya əsasən 3950 manat, xx.xx.2023-cü il tarixli fakturaya əsasən 3950 manat və xx.xx.2023-cü il tarixli fakturaya əsasən isə 1590 manat borcunun olması müəyyən olunur (i/v. səh. 194-199). Qeyd edilən Üzləşmə aktı və fakturalara əsasən cavabdehin iddiaçıya borcu (2605+3176.25+3980+3950+3950+1590=19251.25) 19251.25 manat təşkil edir.

8. Həmçinin işdə olan (i/v. səh 202-203) X3 sonuncu vərəqələrindən görünür ki, (burada (B) şərti işarəsi iddiaçının verdiyi yemin dəyərini, (A) şərti işarəsi isə müştərinin ödədiyi məbləği əks etdirir) üzləşmə aktı ilə (səh 47) cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixə 2605 manat borcu qalmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixli fakturadan görünür ki, iddiaçı cavabdehə iddiaçıya 3176.25 manat dəyərində, xx.xx.2023cü tarixli faktura ilə 3980 manat dəyərində, xx.xx.2023-cü tarixli faktura ilə 3950 manat dəyərində, xx.xx.2023-cü il tarixli faktura ilə 3950 manat dəyərində və xx.xx.2023-cü il tarixli faktura ilə isə 1590 manat dəyərində mal vermişdir. Qeyd: Həmin fakturalar birinci instansiya məhkəməsinə təqdim edilməklə işin 50-55-ci səhifələrində də mövcuddur. X2 da görünür ki, iddiaçı cavabdehə (2605+3176.25+3980+3950+3950+1590=19251.25) 19251.25 manat dəyərində yem məhsulu vermişdir. Bunun müqabilində cavabdeh (müştəri) şirkətə (360+195+234+295=1084) cəmi 1084 manat məbləğində ödəniş etmişdir. Belə olduqda iddiaçının cavabdehə verdiyi malların dəyərindən cavabdehin iddiaçıya ödədiyi məbləği çıxdıqda (192xx.xx-1084=18167.25) 18167.25 manat təşkil edir ki, bu da iddia tələbində göstərilən məbləğlə eyniyyət təşkil edir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixindən sonra iddiaçının cavabdehə Fakturalara və X6 əsasən vermiş olduğu malların dəyəri (qarşılıqlı üzləşmə aktı ilə birlikdə) eyni olmaqla 19251.25 manat təşkil edir. Hesabdan çıxarışdan müəyyən olunur ki, cavabdeh mallara görə iddiaçıya 1084 manat ödəniş etmişdir. Göründüyü kimi iddia əsaslı olmuş və iş materiallarındakı sübutlarla öz əksini tapmışdır. Belə olan halda Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən cavabdehin etirafına əsaslanaraq iddianı təmin etsə də nəticə etibarı ilə düzgün nəticəyə gəlmişdir. Qətnamənin əsaslılığı apellyasiya baxışında da öz təsdiqini tapdığından Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, e-2-2(121)-326/2025 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar