Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(3-9)-52/2026 18.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X6 ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin 20 fevral 2026-cı il tarixli 2-2(4-14)-627/2026 saylı qərardadından (hakim Zaur Abbasov) iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Məhdud Məsulyyətli Cəmiyyəti cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 20 fevral 2026-cı il tarixli e-2-2(4-14)-627/2026 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi MPM-in 152.1.5-ci maddəsinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı qüvvədə olan qərardadla qaytarılan dövlət rüsumunun ödəniş qəbzindən yenidən iddia verərəkən istifadə etməklə, prosessual pozuntuya yol vermişdir. Qərardadddan İddiaçı şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ilk dəfə Şirvan Kommersiya Məhkəməsinə verilmiş, həmin məhkəmənin qərardadına əsasən sadələşdirilmiş icraat qaydasına riayət olunmamasına görə geri qaytarımışdır. Nöqsanlar aradan qaldırıldıqdan sonra iddia ərizəsi təkrar məhkəməyə verilmiş və məhkəmənin icraatına qəbul edilmişdir. Əgər iddiaçı dövlət rüsumunu geri almamışdırsa, bu necə geri qaytarma hesab oluna bilər? Şikayət müəllifi izah etməyə çalışır ki, dövlət rüsumu iddiaçıya qaytarılmamışdır, qaytarılması qərara alınmışdır. Yəni qərardad elektron kabinetə əlavə edildikdən və 10 gün keçdikdən sonra rüsumun tərəfə qaytarılması haqqında icra vərəqi verilir və həmin icra vərəqi əsasında Maliyyə Nazirliyi rüsumu faktiki olaraq rüsumu ödəmiş tərəfin hesabına qaytarır. Hazırki işdə belə bir hal yoxdur. İddiaçı tərəfindən X8 vasitəsi ilə ödəniş edilmiş və bunun əsasında ********** nömrəli qəbz verilmişdir. Həmin ödəniş geri alınmadığı üçün ödəniş aktiv qalmış və növbəti dəfə də iddianı verərkən sistemə əlavə edilmişdir. Əgər rüsum geri qaytarılmış olsaydı və ya istifadə edilmiş olsaydı elektron məhkəmə sistemi həmin qəbzi qəbul etməzdi. Həmin qəbz https://emehkeme.gov.az/public/searchpaymentdetails saytından yoxlanılarkən müəyyən edilir ki, rüsum istifadə olunmamışdır. Hazırkı halda, rüsumun ödənilməsi barədə qəbz təqdim edildiyi və rüsumun ödənilmiş olması elektron məhkəmə informasiya sistemi vasitəsi ilə təqdim edilmiş iddia ərizəsində də əks olunduğu halda, məhkəmənin həmin rüsumun başqa iş üzrə istifadə edilməsi əsası ilə iddia ərizəsinin geri qaytarılması barədə qənaəti əsaslı olmamışdır. Eyni hüquqi mövqe barədə Bakı Apellyasiya Məhkəməsinin qərardadı da şikayətə əlavə edilir. Şikayət müəllifi bilmir, bəlkə də Şirvan Kommersiya Məhkəməsi deyəcək ki, o, ancaq yurisdiksiya üzrə Şirvan Apellyasiya Məhkəməsinin mövqeyini tanıyır. Amma hər bir halda bu barədə yuxarı məhkəmənin mövqeyi var. “X2rşı”, “Beles və digərləri Çexiya Respublikasına qarşı”, “RTBF Belçikaya qarşı” işlərdə Avropa Məhkəməsi bildirmişdir ki, “prosessual qaydanın daxili məhkəmələr tərəfindən xüsusilə ciddi şəkildə şərh edilməsi məhkəməyə çatım hüququndan məhrum edə bilər”. “X1rşı”, “Philis Yunanıstana qarşı” və digər işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki: “müəyyən hüquq subyektlərinin məhkəmə icraatını başlamasına maneə təşkil edən prosessual qaydalar “məhkəmə hüququ və məhkəməyə çatım hüququ”nun pozulmasına gətirib çıxara bilər. Qeyd etmək lazımdır ki, hüququn ifrat tətbiqi ən ağır haqsızlıqdır. (“Summum ius, summa iniuria.”) Şirvan Kommersiya Məhkəməsinin 27 fevral 2026-cı il tarixli 2-2(4-14)-627/2026 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Şəxsin məhkəməyə müraciət etdiyi andan məhkəmə müdafiəsi hüququ başlanır. Ədalətli məhkəmə araşdırılması, şəxsin sonradan əsassız məhkəmə çəkişməsinə cəlb edilməsinin qarşısının alınmasından ötrü iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını, hüquqi müəyyənlik prinsipi baxımından qaçılmaz edir. İddia ərizəsi qanunla müəyyən edilmiş müddət ərzində (MPM-nin 151.3-cü maddəsinə əsasən) geri qaytarılmadıqda iddia ərizəsi icraata qəbul edilmiş hesab edilir. İddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun olmadıqda, ərizədə göstərilən qüsurların aradan qaldırılmasından ötrü iddia ərizəsi geri qaytarıla bilər. Belə ki, hakim iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə geri qaytarır (Mülki Prosessual Məcəllənin 152.1., 152.1.1, 152.1.2, 152.1.3, 152.1.4, 152.1.5, 152.1.6, 162.1.6-1, 152.1.7, 152.1.8, 152.1.9 və 152.10-cu maddələri). Göründüyü kimi prosessual qanunvericilikdə iddia ərizəsinin hansı hallarda geri qaytarıla bilməsi tam və müfəssəl göstərilmişdir. Həmin halların konkret göstərilməsi iddia ərizəsinin geri qaytarılmasının əsaslarının geniş təfsir edilməsini də məhdudlaşdırmaqla, yalnız həmin əsaslardan biri olduğu halda geri qaytarılmanının mümkünlüyünü təsbit edir. Həmin əsaslardan hər hansı birinə deyil, digər bir əsasa görə iddia ərizəsinin geri qaytarılması yol verilməzdir. Həmin halların olmaması iddia ərizəsinin icraata qəbul edilməsini qaçılmaz edir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı dövlət rüsumunu geri almamışdırsa, bu necə geri qaytarma hesab oluna bilər? Dövlət rüsumu iddiaçıya qaytarılmamışdır, qaytarılması qərara alınmışdır. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(121)- 594/2026 nömrəli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi və həmin ərizə üzrə iddiaçı tərəfindən ödənilmiş 122,27 manat məbləğində dövlət rüsumunun (qəbz № **********) iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçı qeyd olunan qarardadı mübahisələndirməmiş, orada qeyd olunan nöqsanları aradan qaldıraraq yenidən eyni tələblə 18 fevral 2026-cı il tarixində Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bu zaman isə mübahisələndirmədiyi qərardadla qaytarılan dövlət rüsumunun ödənişinə dair (qəbz № **********) qəbzi yenidən məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(121)- 594/2026 nömrəli qərardadı qanuni qüvvəyə minəndən sonra dövlət rüsumunun qaytarılması hissədə icraya yönəldilməli və icrası təmin edilməlidir. Qaytarılmalı olan dövlət rüsumunun qəbzindən yenidən istifadə yolverilməzdir, prosessual pozuntudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Beləliklə müəyyən olunur ki, prosessual qanunvercilikdə hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 20 fevral 2026-cı il tarixli 2-2(4-14)-627/2026 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov
Məhkəmə qərarları › İş №2-2(3-9)-52/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-9)-52/2026
18.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver