Məhkəmə qərarları › İş №2-2(3-9)-63/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-9)-63/2026

15.04.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(3-9)-63/2026 15.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, Əhədsoy Atilla Əhməd oğlunun katibliyi, maraqlı şəxs Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(*-**)- ***/**** saylı qətnaməsindən (hakim Zaur Abbasov) maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, maraqlı şəxs Maraqlı şəxs (VÖEN: 1006093362) dövlət büdcəsinə 22803,08 manat məbləğində (o cümlədən, vergilər üzrə 19590,26 manat, faizlər üzrə 3212,82 manat) olmaqla, ümumilikdə 22803,08 manat borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ##.##.2026-cı il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: 1006093362) dövlət büdcəsinə 22803,08 manat məbləğində (o cümlədən, vergilər üzrə 19590,26 manat, faizlər üzrə 3212,82 manat) olmaqla, ümumilikdə 22803,08 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixli **************** nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı ərizə təmin edilmiş, vergi ödəyicisi olan ##.##.1977-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş və Cəlilabad rayonu, Təzəkənd kəndində qeydiyyatda olan Maraqlı şəxs (VÖEN: 1006093362) dövlət büdcəsinə borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən maraqlı şəxs apellyasiya şikayəti verərək ləgv edilməsi, yeni təqdim və tədqiq olunmuş subutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci inistansiya məhkəməsi ərizəçinin tələblərini araşdırma aparmadan, yalnız ərizəçinin ərizəsində göstərilmiş, faktiki reallığı əks etdirməyən əsassız, izahsız rəqəmlərə əsaslanaraq ərizəni təmin etmişdir. Hesab edir ki, qeyd olunan qətnamə maddi və prosesual hüquq normalarının kobud pozulması ilə qəbul edilmiş, bu səbəbdən ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə araşdırması faktiki olaraq aparılmamışdır. Birinci instansiya məhkəməsi iş üzrə ilk məhkəmə iclasında təxminən maksimum 10 (on) dəqiqə ərzində, heç bir subut tələb və tədqiq etmədən, heç bir araşdırma hərəkəti aparmadan dərhal mahiyyəti üzrə qərar qəbul etmişdir. Vergi mübahisəsi kimi mürəkkəb maliyyə və hesablamalar tələb edən işin bu qədər qısa müddətdə araşdırılması obyektiv olaraq mümkün deyil. Ərizəçi tərəfindən məhkəmədə faktiki olaraq iştirakı təmin edilməmişdir. İş üzrə məhkəmə iclasında ərizəçi tərəfindən heç kim çıxış etməmişdir, hakim tərəfindən maraqlı şəxsin hüquq və vəzifələri izah edilməmişdir, cavabdehin mövqeyi, etirazları və arqumentləri dinlənilməmişdir. Bu hərəkət məhkəmənin işi mahiyyəti üzrə araşdırmaq niyyətində olmadığını, qərarın artıq öncədən formalaşdığını, məhkəmə baxışının isə yalnız formal xarakter daşıdığını göstərir. Bu hal ədalətli məhkəmə araşdırması prinsipini açıq-aşkar inkar edir. Birinci instansıya məhkəməsi cavabdehin Mülki Prosesual Məcəlləndə nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etməmiş, cavabdehi məhkəmə iclası təyin etdiyi gündən bir gün qabaq yalnız SMS vasitəsilə məlumatlandırmaqla kifayətlənmişdir. Bu isə, cavabdehin müdafiəyə hazırlaşmaq imkanını, subut təqdim etmək hüququnu, prosesual bərabərlik prinsipini tam şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsi vergi orqanından ərizəçinin ərizəsinə əlavə etdiyi cavabdehin şəxsi hesab vərəqəsində ##.##.2026-cı il tarixə olan dövr üzrə ümumilikdə hesablanmış 55315,47 manat verginin, dövrlər üzrə hesab vərəqələrini, yoxlama aktlarını, börcun dövrlər üzrə əsaslandırılmış hesablamasını, faiz və sanksiyaların əsaslarını tələb etməmişdir. Halbuki, Mülki Prosesual Məcəllənin tələbinə əsasən, subut etmə yükü ərizəçidə olduğu halda məhkəmə bu subutları tələb etməli və qiymətləndirməli idi. Məhkəmənin araşdırılmamış subut əsasında qərar çıxarması qanunla yol verilməzdir, qərarın ədalətsiz və qeyri obyektiv çıxarıldığını təsdiq edir. Ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş Şəxsi hesab vərəqəsinin 3/15, 6/15, 8/15 və 9/15-ci vərəqlərində VAHİD MDSS (tikinti), VAHİD MDSS(digər), VAHİD MDSS(sanatoriya) qrafaları nədir? Vergi orqanının təqdim etdiyi Səxsi hesab vərəqəsində bu “əməliyyat adı” altında vergilər hesablanmışdır. Bu borc deyil, vergi borcu da deyil, belə bir icraedici öhdəlik də yoxdur. Bu borcun hardan yarandığı, hansı hesabdan köçürüldüyü, vergi ödəyicisinə hansı əsasla aid edildiyi göstərilmədən borc kimi qəbul edilə bilməz. Şəxsi hesab vərəqəsinin qalıq qrafalarında yazılmış bu pullar hardan yaranmış, hansı hesabdan keçirilib? Hansı normativ akt və ya yoxlama aktı əsasında yaranmışdır? Vergi ödəyicisinin şəxsi hesab vərəqəsində yalnız qalıq yazmaq borc yaratmır. Çünki, qalıq hesablaşma nəticəsidir, borc - qanuni öhdəlik + əsas + qərar + bildiriş tələb edir. Burada isə məhkəməyə təqdim edilmiş nə akt yoxdur, nə bildiriş yoxdur, nə əsas yoxdur və nədəki izah yoxdur. Bu məbləğlərin borc kimi vergi ödəyicisinin üzərinə qoyulması, hüquqi dildə deyilsə, şəxsi hesab vəsrəqəsi üzərində süni borc formalaşdırılmasıdır. Bu isə Vergi Məcəlləsinin və MPM-in müvafiq maddələrinin bir başa pozuntusudur. Məhkəmə, bu qrafaların mahiyyətini araşdırmadan, məbləğlərin mənbəyini soruşmadan, vergi orqanından izah, akt və əsas tələb etmədən, sadəcə hesab vərəqəsinə baxaraq və borc kimi qəbul edərək qərar çıxarmışdır. Bu isə Mülki Prosesual Məcəllənin 87, 88, 165 və 166-cı maddələrinin kobud şəkildə pozulmasıdır və süni borc yaradılması ehtimalını göstərir. Süni börcun yaradılmasını təsdiq edən faktlar. Vergi ödəyicisinin bütün dövrlər 2024-2025 illər üzrə yeganə maliyyə bazası 135194 manat təşkil etmişdir. Bu fakt ödəyicinin bank hesabında çıxarılmış şəxsi-hesab vərəqəsi və podratçı tərəfindən verilən Forma 2 ilə tam təsdiq olunur. Həmin məbləğdən kənar hər hansı dövriyyə mövcud deyil (Subut üçün: 135194 manat dövriyyəni təsdiq edən Forma-2ləri və xxxxdan verilmiş Hesabdan çıxarış əlavə edilir). Vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş verg ödəyicisinin Şəxsi hesab vərəqəsinin 2/15-ci səhifəsində artıq ödəmə qrafasında ##.##.2025-ci il tarixə ödəyici tərəfindən 1540,67 manat artıq ödəmə var. Bu o deməkdir ki, vergi ödəyicisinin həmin tarixə vergi borcu yoxdur. Borc yoxdursa deməli–penya da yoxdur, penya yoxdursa deməli faiz də yoxdur. Ümumi dövriyyə 135194 manat, ümumi hesablanmış vergi 55135,47 manat (Ş/hesab vərəqəsi səhifə 14/15). Ödənilmişdir 13896,09 manat, faiz (penya) 5916,28 manat, borc 25617,45 manat, bu rəqəmlər dəyişməzdir. Birincisi 135194 manat dövriyyədən 55135,47 manat vergi hesablanması qətiyyən mümkünsüzdür. İkincisi yuxarıda qeyd etdik ki, vergi ödəyicisi tərəfindən ##.##.2025-ci il tarixə 1540,67 manat artıq ödəmə var. Belə olan halda ##.##.2026-cı il tarixə (ş/hesab vərəqəsi səhifə 14/15) 9 ay müddətində hans rəqəmdən, hansı dövriyyədən alınmışdır 25617,45 manat borc, 9 ay ərzində hansı dövriyyənin, hansı rəqəmə hesablanmış faiz (penya) 5916,28 manat eləmişdir? Bu rəqəm hardan çıxmışdır? Vergi ödəyicisi tərəfindən 13896,09 manat ödənildiyi təsdiqini tapmışdır. Əgər ərizəçinin iddia etdiyi borc təsdiqini taparsa, onda cavabdeh tərəfindən yenidən 22803,08 manat ödənilməlidir. Buda vergi ödəyicisi tərəfindən ümumilikdə ödəniləcək 36699,17 manat vergi deməkdir. 2024-cü ilin fevral ayına qədər bütün vergiləri vaxtlı vaxtında ödəmiş və yuxarıda qeyd etdiyi kimi ##.##.2025-ci il tarixə 1540 manat artıq ödəməsi olmuşdur. Necə olur 135194 manat dövriyyə üçün 36699,17 manat vergi hesablanmışdır? Belə bir hesablama heç bir qanuna sığmır və qanunsuzdur. Eyni dövr üçün vergi ya ƏDV, ya sadələşdirilmiş olur. İkisi birlikdə hesablana bilməz. Şəxsi hesab vərəqəsində faiz ayrıca göstərilmişdir. Sanksiya ayrıca maddə olduğu üçün “hesablanmış vergi” ola bilməz. Əgər şəxsi vərəqədə göstərilən kimi 55135,47 manat vergi hesablanıbsa, bundan 13896,09 manat ödəmişdirsə, 22803,08 manat vergi borcu adı altında yenidən tələb edilirsə, yerdə qalan 18436,30 manat nədir? Bu vergidir yoxsa sanksiyadır? Bu qədər sanksiya olarmı? Ümumiyyətlə 55135,47 hesablanmış verginin hesabatı tələb olunmamışdır. 135194 manat dövriyyədən 55135,47 manat vergi hesablana bilməz. Cavabdeh sadələşdirilmiş vergi ödəyicisidir. Hesab edilsə ki, ƏDV ödəyicisidir, 135194 manatın ƏDV-si (135194 X 18% =) 24334 manat edir. Bundan artıq vergi yoxdur? Şəxsi hesab vərəqəsində hesablanmış 55135,47 manat vergidən 24334 manat ƏDV-ni çıxdıqda (55135,47 man – 24334 manat ƏDV = ) 30800,08 manat vergi börcu qalır. Bu nə vergi borcudur? 30800 manat sanksiya hüquqi absurddur. Şəxsi hesab vərəqəsində ##.##.2025-ci il tarixə 1540,67 manat artıq ödəmə olduğu halda, 30800 manat sanksiya və yaxud da penya hesablana bilməz. Çünki, maliyyə sanksiyası üçün mütləq akt, yoxlama, qərar, pozuntu maddəsi olmalıdır. Bu dövrlərdə nə cavabdehə, nədəki məhkəməyə belə bir akt təqdim edilməmişdir. Bu ya texniki səhvdir, ya da açıq qanunsuzluqdur. ##.##.2025-də 1540,67 manat artıq ödəmə ola-ola ##.##.2026-da 25617 manat borc yaranması nə penya ilə, nə cərimə ilə, nədə sadə verg məntiqi ilə əsaslandırıla bilməz. Bu vəziyyət ya səhv hesablanmadır, ya da qanunsuz geriyə tətbiqdir, başqa şərhə yer yoxdur. Qanunvericilikdə eyni dövr üçün paralel vergi tətbiq edilmir, hətta 135194 manat dövriyyə üçün paralel həm sadələşdirilmiş vergi hesablansa, həmdə ƏDV hesablansa və üstüstə toplansa yenə də 55135,47 manat vergi borcu yaranmır. 135194 manat dövriyyə üçün 6% olsaydı 8111 manat vergi alınır. 18% ƏDV olsaydı 24334 manat vegi edir. 55315 hesablanmış vergi yalnız sadələşdirilmiş və yaxud da ƏDV-dən ibarət ola bilməz. Bu artıq vergi hesabatının saxtalaşdırılması deməkdir. Məhkəmə tərəfindən hesablanmanın hüquqi əsasını təsdiq edən, ayrı-ayrı dövrlər üzrə rəsmi hesabatlar tələb edilməliydi. Vergi orqanından Şəxsi hesab vərəqəsinin dövrlər üzrə açılışı-rəsmi izahı tələb edilməliydi. Məhkəmənin vergi orqanından ərizədə göstərdiyi ümumilikdə 22803,08 manat borcun necə formalaşdığını soruşmadan, araşdırma aparmadan, subutları tələb etmədən vergi məmurunun iddiasını şərtsiz təmin etməsi obyektiv məhkəmə baxışı ilə izah edilə bilməz. Bu hal, qərarın iclasdan çox-çox əvvəl mövcud olması şübhəsi yaradır. Məhkəmənin yerləşdiyi ərazinin, əyalətdə mərkəzdən uzaq olması, məhkəməyə subutları tələb etməmək və qanunu kənara qoymaq hüquqi vermir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bu kimi dəyişməz faktlar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Məhkəmə tərəfindən araşdırması aparılmadan qəbul edilmiş qərar, iddiaçının mövqeyini hökmə çevirməsi, sadəcə qərar görüntüsüdür. Təəssüflər olsun ki, məhkəmənin əli ilə mənbəyi məlum olmayan vergini ödətdirmək vəzifəsini qoymuşlar. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilməlidir. Vergi haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamlar, vergi ödəyicisinin xeyrinə şərh edilməməlidir. Fiziki və hüquqi şəxslərin vergilərə aid normativ hüquqi aktlarla azad tanış olmaq imkanı təmin edilməlidir. Ümumi dövriyyə bazası 139000 manat olan fiziki şəxsə 55315 manat vergi hesablanması və 22803 manat verginin yenidən ödənilməsinə məhkəmənin qərar verməsi məcbur edilməkdir. Məhkəmə vergi borcunun necə yarandığını, hansı hesablama mexanizmi ilə formalaşdığını, hansı inzibati akt əsasında müəyyən edildiyini araşdırmadan, ərizəçinin göstərdiyi izahsız rəqəmləri təsdiq etməklə Vergi Məcəlləsinin 3-cü maddəsinin tələblərini kobudcasına pozmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz təqdim edilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə maraqlı şəxs apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış ərizəçi nümayəndəsi vasitəsi ilə məhkəmədə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə ərizəçinin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” ## ### 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda maraqlı şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, ərizənin isə təmin olunmamasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi xüsusi icraat qaydasında baxılan ərizə üzrə iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, fiziki şəxs haqqında məlumatdan görünür ki, maraqlı şəxs Maraqlı şəxs vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (1006093362) verilmişdir. O, ##.##.1977-ci il tarixdə Cəlilabad rayonunda doğulmuşdur (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – *******, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) və hazırda Cəlilabad rayonu, Təzəkənd kəndində qeydiyyatdadır. Maraqlı şəxsin şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə borcu 22803,08 manat məbləğində (o cümlədən, vergilər üzrə 19590,26 manat, faizlər üzrə 3212,82 manat) təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişin surətindən görünür ki, maraqlı şəxsə borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Vergi ödəyicisinin “xxxx” QSC-də olan hesablaşma hesabı üzərinə ##.##.2025-ci il tarixdə *********** nömrəli sərəncam qoyularaq 1758,99 manat vəsaitin dondurulması istənilmişdir. Vergi ödəyicisinin “xxxx” QSC-də olan hesablaşma hesabı üzərinə ##.##.2026-cı il tarixdə *********** nömrəli sərəncam qoyularaq 24513,08 manat vergi borcunun alınması istənilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair * saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3 və 355-7.4-cü maddələrinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. “X3 (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2017-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə Konstitusiyanın 28-ci maddəsinin III hissəsində və beynəlxalq-hüquqi sənədlərdə təsbit olunmuş bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin II hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Mütənasiblik prinsipinin tələbləri baxımından nəzərə alınmalı olan ümumi maraq qismində vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə alınmasının təmin edilməsi çıxış edir. Buna görə, sözügedən borclar dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Qeyd edilən ödənişlərin ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusion vəzifələrindən biridir. Vergi ödəyicilərinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. Odur ki, sözügedən borclar ödəyicilər tərəfindən könüllü ödənilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş məcburetmə vasitələrinin tətbiqi ilə alına bilər. Digər tərəfdən, cəmiyyətin ümumi maraqları həmçinin onu tələb edir ki, həmin borcların mümkün qədər operativ qaydada və tam məbləğdə büdcəyə ödənilməsi təmin edilməlidir. Fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin diqqətə alınmalı olan maraqları qismində isə o hallar çıxış edir ki, əgər qanunvericilikdə nəzərdə tutulan digər üsulların həyata keçirilməsi və nəticədə həmin üsullar vasitəsilə vergi öhdəliklərinin real icra edilməsinin təmin edilməsi mümkündürsə, həmin şəxslərin ölkədən getmə hüququ məhdudlaşdırıla bilməz. Eyni zamanda, fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri digər üsulların həyata keçirilməsini və diqqətəlayiq hər hansı digər maraqlarının nəzərə alınmasını tələb edə bilərlər. Belə diqqətəlayiq maraqlar hər bir konkret haldan asılı olaraq dəyişə biləcəyi üçün məhkəmə tərəfindən hər işin xüsusi halları nəzərə alınmaqla qiymətləndirilməlidir. Məhkəmə məhz xüsusi hallardan çıxış etməklə və həmin xüsusi halları mütənasiblik prinsipinin tələbləri ilə əlaqələndirməklə qərar verməlidir. Beləliklə, məhkəmə sözügedən qaydada davranmaq üçün əsasların mövcud olub-olmadığı məsələsini həll edərkən bir sıra meyarlar baxımından qiymətləndirmə aparmalı və aşağıdakı məsələlərin aydınlaşdırılması və qiymətləndirilməsini təmin etməlidir: - borcun məbləği və ödənilməməsinin müddəti; - ödənilməmənin səbəbləri; - ödəyicinin borcla bağlı mövqeyi, bildirdiyi diqqətəlayiq maraqları, eləcə də icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifinin mövcudluğu; - borcun ödənilməsinin təmin edilməsi ilə bağlı vergi orqanı tərəfindən həyata keçirilmiş tədbirlər; - vergi orqanının tətbiq edə biləcəyi digər üsul və vasitələrin mövcudluğu, habelə onların real şəkildə effektiv nəticə verə bilməsinin mümkünlüyü; - maraqlı şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılmasının onun şəxsi və ailə həyatında, habelə fiziki və ya hüquqi şəxsin sahibkarlıq fəaliyyətində yarada biləcəyi nəticələr. İşin müəyyən olunan halları üzrə yuxarıda qeyd olunan qaydada qiymətləndirmə aparaq kollegiya qeyd edir ki, maraqlı şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi ##.##.2019-cu ildə dövlət qeydiyyatına alınaraq, adına VÖEN verilmişdir. Vergi borcunun ümumilikdə məbləği 22803,08 manat təşkil etməklə, ödənilməməsi müddəti bir ilə qədər olan dövrü əhatə edir. Maraqlı şəxs apellyasiya şikayətində vergi borcunun ödənilməməsi ilə bağlı heç nə bildirmir, hər hansı bir təklif vermir. Tam əksinə ərizəçi tərəfindən dəfələrlə verilmiş bildirişlərə əhəmiyyət verməmiş, bank hesabları üzərinə qoyulmuş sərəncamlar nəticə verməmişdir. Maraqlı şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılmasının onun şəxsi və ailə həyatında, habelə fiziki və ya hüquqi şəxsin sahibkarlıq fəaliyyətində yarada biləcəyi çətinliklərə dair sübutlar işdə yoxdur. Bunlardan savayı maraqlı şəxsin apellyasiya şikayətinin əsas dəlilləri vergi borcunun məbləğinin düzgün hesablanmaması ilə bağlıdır. Belə olan halda isə birinci instansiya məhkəməsinin maraqlı şəxs barəsində tətbiq etdiyi məhdudiyyəti kollegiya mətənasiblik meyarlına cavab verən hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətini ümumiyyətlə vergi borcunun olmaması üzərində əsaslandırmağa çalışmışdır. Lakin iş materiallarına əlavə edilmiş vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən çıxarışdan vergi borcunun olduğu görünür. Həmin borcun düzgün hesablanıb-hesablanmaması kommersiya məhkəməsi tərəfindən xüsusi icraat qaydasında baxılan ərizə üzrə deyil, maraqlı şəxs tərəfindən inzibati məhkəmə müstəvisində mübahisələndirilə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(*-**)- ***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar