Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(3-9)-7/2026 12.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-nə qarşı pul tələbinə dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: Xarici elementli hüquqi şəxsin – pul tələbi. Şirvan şəhəri, 12 fevral 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X5 (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əhmədli Murad İlham oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-nə qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, e-2-2(121)-2862/2025 saylı qətnaməsindən (hakim. Z.Abbasov) Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 20 aprel 2023-cü il tarixli, 2/EXP/2023 nömrəli “X2 Müqaviləsi” üzrə "xxxx" MMC tərəfindən ödəniş öhdəliklərinin icra edilmədiyinə görə "xxxx" MMC-nin xeyrinə 76433,75 ABŞ dolları məbləğində əsas borcun və 7643,38 ABŞ dolları məbləğində cərimənin, cəmi 84077,13 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Özbəkistan Respublikası rezidenti İddiaçı (Özbəkistan Respublikasının qanunvericiliyi üzrə hüquqi şəxsin adı "xxxx" Ma’suliyyati Cheklangan Jamiyyat (MCHJ)) ilə Azərbaycan Respublikası rezidenti Cavabdeh arasında imzalanmış 20 aprel 2023-cü il tarixli, 2/EXP/2023 nömrəli X2 Müqaviləsinə (bundan sonra – Müqavilə) əsasən, satıcı "xxxx" MMC tərəfindən alıcı Cavabdeh MMC-nə pambıq trikotaj parça (“mal”, “mallar”) təchiz edilməsi və bunun müqabilində Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nə malların dəyərinin ödənilməsi razılaşdırılmışdır. Müqaviləyə əlavə edilmiş 1 №-li Spesifikasiyada tədarük ediləcək pambıq trikotaj parçanın qiyməti 1 kiloqram üçün 4,5 (dörd tam onda beş) ABŞ dolları müəyyən edilmişdir. Həmin Müqaviləyə əsasən, tərəflər arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dövr ərzində cəmi 12 halda malların tədarükü həyata keçirilərək, cəmi 553452,75 ABŞ dolları (beş yüz əlli üç min dörd yüz əlli iki dollar, 75 sent) dəyərində pambıq trikotaj parça Cavabdeh MMC-nə təqdim edilmişdir. Tədarük edilmiş mallar "xxxx" MMC (MCHJ) tərəfindən Özbəkistan Respublikasından ixrac edilmiş və Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilmişdir. Tədarük edilmiş mallara görə Cavabdeh MMC tərəfindən bu günədək, yəni xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək dövr ərzində iddiaçı "xxxx" MMCnə cəmi 477019 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir. Tədarük edilmiş mallara görə qalıq 76433,75 ABŞ dolları məbləğində borc isə bu günədək "xxxx" MMC-nə ödənilməmişdir. İddiaçı tərəfindən bir neçə dəfə tədarük edilmiş mallara görə qalıq borcun ödənilməsi barədə Cavabdeh MMC-nə müraciət olunmasına baxmayaraq, iddiaçının haqlı tələbi cavabdeh tərəfindən təmin edilməmişdir. Yekunda, iddiaçı "xxxx" MMC qalıq borcun ödənilməsinin məhkəmə qaydasında təmin edilməsi məqsədilə kommersiya işi üzrə məhkəməyə müraciətin prosedur qaydalarına riayət edilməklə, qalıq borcun ödənilməsi tələbinə dair cavabdehə pretenziya məktubu ünvanlamış, lakin həmin pretenziya üzrə tələb icra edilməmişdir. Məlumat üçün qeyd edilir ki, qanuni təmsilçisi Cavabdeh MMC-nin fəaliyyət ünvanı iddiaçı "xxxx" MMC-nə aşağıdakı kimi bəyan olunmuşdur və bununla əlaqədar olaraq Müqavilə üzrə sənədləşmələrdə cavabdehin ünvanı kimi qeyd edilmişdir: İddiaçı "xxxx" MMC tərəfindən 20 aprel 2023-cü il tarixli, 2/EXP/2023 nömrəli X2 Müqaviləsinə uyğun qaydada mallar Cavabdeh MMC-nə lazımi qaydada tədarük edilmiş, çatdırılmışdır. Cavabdeh tərəfindən isə həmin mallara görə ödənişlərin böyük bir qismi ödənilmiş, qalıq 76433,75 ABŞ dolları məbləğində borc isə əsassız olaraq bu günədək ödənilməmişdir. Halbuki, Müqavilənin 2.3. və 2.4. bəndlərinə və Müqavilənə əlavə olunan 1№-li spesifikasiyaya uyğun olaraq, tədarük edilən mallara görə Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nə ödəniş hətta 100% əvvəlcədən ödəniş qaydasında həyata keçirilməli idi. Beləliklə, Cavabdeh MMC tərəfindən müqavilədən irəli gələn öhdəlikləri icra edilməmiş və iddiaçı "xxxx" MMC-nin hüquqları pozulmuşdur. Cavabdeh tərəfindən 20 aprel 2023-cü il tarixli, 2/EXP/2023 nömrəli X2 Müqaviləsi üzrə alınmış mallara görə ödənilməmiş olan 76433,75 ABŞ dolları məbləğində borcun iddiaçı "xxxx" MMC-nin xeyrinə Cavabdeh MMC-dən tutulması barədə məhkəmə qətnaməsinin çıxarılması, iddiaçının pozulmuş hüquqlarının bərpası üçün zəruridir. Digər tərəfdən, Cavabdeh MMC tərəfindən sonuncu dəfə xx.xx.2024-cü il tarixində göndərilmiş mallara ödəniş artıq 10 aydan artıq müddətdir ki, gecikdirilmişdir. Başqa sözlə, mallara görə ödəniş,artıq 309 təqvim günü gecikdirilmişdir. Müqavilənin 6.2.1-ci maddəsinə əsasən, malların dəyərinin ödənilməsinin 30 təqvim gününədək gecikdirilməsinə görə, gecikdirilən məbləğin 0.1%-i məbləğində cərimə hesablanmalıdır. Həmin müqavilənin 6.2.2-ci bəndinə görə, ödəniş 30 təqvim günündən artıq gecikdirildiyi halda, cərimə, məbləğin 1% miqdarında hesablanır. Bu isə o deməkdir ki, Müqavilənin müvafiq maddələrinə istinad olunaraq, cavabdeh tərəfindən təkcə gecikdirilmiş müddətə görə 215000 ABŞ dollarından çox cərimə ödənilməsi tələb oluna bilər. Hətta Müqavilənin 6.2.3. bəndinə uyğun olaraq, tərəflər arasında müqavilə münasibətlərinin ödənişin gecikdirildiyinin 60-cı günündən sonra aradan qalxdığını nəzərə alsaq belə, cərimənin məbləği 25221 ABŞ dolları təşkil edir. Lakin iddiaçı, hazırkı iddia tələbi üzrə cavabdehə göndərilmiş pretenziyada, müqavilə üzrə qalıq borcun cəmi 10% miqdarında, 7643,38 ABŞ dolları məbləğində cərimənin ödənilməsini iddiaçıdan tələb etmişdir. Yəni, iddiaçı ədalətlilik prinsipi mövqeyindən çıxış edərək, iddia tələbinin cərimə məbləğinə münasibətdə bir hissəsini azaltmışdır. Hesab edirik ki, iddiaçının bu mövqeyi, cavabdehə ədalətli münasibətinin göstəricisi hesab olunmalıdır və məhkəmə tərəfindən Müqavilə üzrə ödənişin gecikdirildiyinə görə Cavabdeh MMC-dən 7643,38 ABŞ dolları məbləğində cərimənin iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması zəruridir. Beləliklə, hesab edilir ki, iddiaçı "xxxx" MMCnin pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə, 20 aprel 2023-cü il tarixli, 2/EXP/2023 nömrəli X2 Müqaviləsi üzrə "xxxx" MMC tərəfindən Cavabdeh MMC-nə tədarük edilmiş mallara görə Cavabdeh MMC tərəfindən ödənilməmiş 76433,75 ABŞ dolları (yetmiş altı min dörd yüz otuz üç dollar, 75 sent) məbləğində əsas borcun və 7643,38 ABŞ dolları (yeddi min altı yüz qırx üç dollar, 38 sent) məbləğində cərimənin, cəmi 84077,13 (səksən dörd min yetmiş yeddi dollar on üç sent) ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq, "xxxx" MMC-nə ödənilməsi təmin edilməlidir. Məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müvafiq qaydada pretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəf pretenziyaya heç bir cavab bildirməmiş, borcun ödənişini təmin etməmişdir. Tələbin hüquqi əsasları: İddiaçı və cavabdeh arasında bağlanılmış 20 aprel 2023-cü il tarixli, 2/EXP/2023 nömrəli X2 Müqaviləsinin 8.1. maddəsinə əsasən, müqavilədən irəli gələn mübahisələr, danışıqlar qaydasında həll edilmədiyi halda, mübahisə həll olunması üçün, cavabdehin olduğu yerin məhkəməsinə verilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə keçirilmiş məhkəmə iclaslarında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X6 izahatında iddiaçıya 61400 ABŞ dolları məbləğində borclarının qaldığını, sonradan həmin borcdan 5000 ABŞ dolları məbləğində ödəniş etdiklərini, bununla da iddiaçıya 56400 ABŞ dolları məbləğində borclarının olduğunu, iddiaçıdan cəmi 90 ton mal aldıqlarını, göndərilən malların çox hissəsinin xarab olduğunu, bu barədə iddiaçının nümayəndələrinə məlumat verdiklərini, iddiaçının nümayəndələrinin bunu nəzərə alacaqlarını bildirdiklərini, lakin verdikləri sözə əməl etmədiklərini, hazırda xarab malların onlara məxsus olan anbarda saxlanıldığını bildirmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vəkil1 məhkəmə baxış iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X6 məhkəmə baxış iclasında iddianı qəbul etmədiyini, iddiaçı tərəfindən ona xarab mal verildiyini, buna görə də malların satılmadığını, üzləşmə aktını iddiaçının nümayəndələrinin ona güzəşt tətbiq ediləcəyinə dair vədlərinə inanaraq imzaladığını bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, e-2-2(121)-2862/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, 2/EXP/2023 nömrəli müqavilə üzrə 76433,75 ABŞ dolları məbləğində əsas borc və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 76933,75 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən qarşılıqlı cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş malların əhəmiyyətli hissəsi yararsız və keyfiyyətsiz olmuş, bu barədə cavabdeh tərəfindən vaxtında məlumat verilsə də həmin hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Malların hazırda cavabdehin anbarında saxlanılması, onların keyfiyyətinə dair ekspertiza təyin edilməməsi və keyfiyyət məsələsinin araşdırılmaması işin düzgün həlli üçün əhəmiyyətli olan halların müəyyən edilməməsi kimi qiymətləndirilmişdir. Apellyasiya şikayətində həmçinin göstərilmişdir ki, borcun faktiki məbləği məhkəmə tərəfindən düzgün müəyyən edilməmiş, cavabdeh tərəfindən həyata keçirilmiş 5000 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamış, üzləşmə aktında bu ödənişin əks olunmaması səbəbləri araşdırılmamışdır. Bununla yanaşı, üzləşmə aktının xarici dildə tərtib olunması və notarial qaydada təsdiq edilməmiş tərcümə formasında təqdim edilməsi onun mötəbər sübut kimi qəbul edilməsini şübhə altına almışdır. Apellyasiya şikayətində iddiaçı tərəfindən təqdim olunmuş sənədlərin bir qisminin notarial təsdiqsiz tərcümə olunması, eləcə də iddia ərizəsinin və əlavə sənədlərin cavabdehə əvvəlcədən göndərilməməsi prosessual hüquq normalarının pozuntusu kimi göstərilmişdir. Şikayətdə həmçinin bildirilmişdir ki, məhkəmə cavabdehin təqdim etdiyi sübutlara və izahatlara lazımi hüquqi qiymət verməmiş, sübutları qarşılıqlı əlaqədə araşdırmamış və nəticədə qətnamə qanunsuz və əsassız qəbul edilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinin məzmununa uyğun izahat vermiş və şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Ona ünvanlanan suallara cavabında əlavə olaraq göstərmişdir ki, cavabdehin hüquqi təhsili olmadığı üçün birinci instansiya məhkəməsində iddiaçı tərəfindən ona təqdim edilən malların keyfiyyətli olub-olmaması ilə bağlı ekspertizanın keçirilməsi barədə vəsatət verilməmişdir. Lakin həmin malların qüsurlü olması ilə əlaqədar məhkəməyə məlumat vermişdir. Həmçinin qeyd etmişdir ki, malların qüsurlu olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmiş və ya iddiaya qarşı qarşılıqlı iddia verilməmişdir. Bundan başqa qeyd etmişdir ki, iddiaçı tərəfindən onlara göndərilmiş pretenziyaya qarşı onda olan məlumata əsasən, cavabdeh tərəfindən hər hansı etiraz təqdim edilməmişdir. Həmçinin göstərmişdir ki, üzləşmə aktı tərtib edilənə qədər cavabdeh tərəfindən iddiaçıya 5000 dollar ödəniş edilmiş, lakin bu ödəniş üzləşmə zamanı nəzərə alınmamışdır. Bildirmişdir ki, işin 54-cü səhifəsində mövcud olan üzləşmə aktı cavabdeh tərəfindən imzalanaraq möhürlənmiş, lakin həmin zaman iddiaçı qüsurlu malların nəzərə alınacağını bildirsə də sonradan bu vədinə əməl etməmişdir. Bununla da iddiaçı cavabdehi aldatmışdır. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Bildirmişdir ki, birinci instansiya məhkəməsi zamanı cavabdehin qeyd edilən arqumentləri ilə bağlı hər cür şərait yaradılmışdır ki, o sübutlarını təqdim etsin. Lakin cavabdeh malların qüsurlu olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əgər cavabdehə qüsurlu mallar verilmişdirsə nəyə görə o, məhkəməyə hər hansı etiraz təqdim edərək malları qüsurlu olmasını bildirməmişdir. Həmçinin mallar gömrükdən keçib cavabdehə təqdim edilən zaman nə əcəb cavabdeh malları qüsurlu olmasına dair iddiaçıya hər hansı bildiriş, yazışma və s. verməmişdir. Bundan başqa cavabdeh ona göndərilmiş pretenziyaya belə münasibət bildirməmiş və orada malları qüsurlu olmasını qeyd etməmişdir. Daha sonra cavabdeh tərəfindən 5000 dollar ödənilməsi ilə bağlı dəlillər də əsassızdır. Çünki, cavabdeh tərəfindən təqdim edilən qəbz 2023-cü il tarixində edilmişdir. Həmin ödənişin hara, kimə edilməsi müəyyən deyil. Üzləşmə aktı isə xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Üzləşmə aktı isə cavabdeh tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Həmçinin qeyd etmişdir ki, cavabdehi bu və ya digər halda aldatmamışlar. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti cavabdehə münasibətdə qətnamənin əsaslılığını tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının; 3.2-ci bəndində göstərilmişdir ki, əgər işin icraatı başlandıqdan sonra həmin iş üzrə məhkəmənin beynəlxalq səlahiyyətə malik olmadığı aşkar edilərsə, MPM-in 261.0.1, 262.1 və 262.3-cü maddələrinə uyğun olaraq icraata xitam verilməsinə dair qərardad qəbul edilməli, eyni zamanda tərəflərə xarici ölkənin məhkəməsinə müraciət hüququ izah edilməlidir. 3.3-cü bəndə əsasən MPM-in 29, 32.2, 259.0 və 259.0.5-ci maddələrinin birgə təfsirindən müəyyən olunur ki, tərəflər mübahisənin arbitraja (münsiflər məhkəməsinə) verilməsinə dair öz aralarında əvvəlcədən razılığa gələrək bunu ayrıca müqavilə və ya müqavilə şərti ilə rəsmiləşdirmişlərsə, belə şərtin olması birmənalı olaraq mübahisəyə həmin qaydada baxılacağı anlamına gəlmir. Prosessual qanunvericilik tərəflər arasında mübahisəyə arbitrajda (münsiflər məhkəməsində) baxılması barədə razılığın əldə olunduğu hallarda da işə məhkəmədə baxılmasını istisna etməmiş, bunu işə mahiyyəti üzrə baxılanadək tərəflərin razılığından asılı etmişdir. Bu baxımdan, konkret mübahisənin arbitrajda (münsiflər məhkəməsində) baxılması ilə bağlı müvafiq müqavilə şərtinin olmasına baxmayaraq, verilmiş iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü MPM-in 152və 153-cü maddələrinin tələbləri qaydasında yoxlanılmalıdır. Qeyd olunan prosessual əsaslar olmadığı təqdirdə işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa, iddia ərizəsinə MPM-in 259.0.5-ci maddəsinin tələbləri qaydasında qiymət verilməli və ərizə baxılmamış saxlanmalıdır. 3.4-cü bənddə qeyd edilir ki, iddia ərizəsinin məhkəməyə təqdim olunması və işin məhkəmədə baxılmağa hazırlanması mərhələsi barədə lazımi qaydada məlumatlı olan cavabdehin işə mahiyyəti üzrə baxılmasından sonra verdiyi etirazı nəzərə alınmamalı və icraat ümumi qaydada davam etdirilməlidir. 3.5-ci bənd Arbitraj şərtinin mövcud olduğu hallarda yuxarıda göstərilən səbəblərdən iddia ərizəsi baxılmamış saxlanılarsa və ya mülki mühakimə icraatı ümumi qaydada davam etdirilərsə, məhkəmə bununla əlaqədar müvafiq əsaslandırma aparmalıdır. “Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin həll edilməsi qaydası haqqında” 1992-ci il Kiyev Sazişi. Azərbaycan Respublikasının 2002-ci il 10 dekabr tarixli, 400-İİQ nömrəli Qanunu ilə Azərbaycan Respublikasının qoşulduğu “Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin həll edilməsi qaydası haqqında” 1992-ci il Kiyev Sazişinin 1-ci maddəsinə əsasən, bu Saziş təsərrüfat subyektləri arasında müqavilə və digər mülki hüquq münasibətlərindən, onların dövlət orqanları ilə və digər orqanlarla münasibətlərindən irəli gələn işlərin həll edilməsi məsələsini, habelə onlara dair qərarların icrası məsələsini tənzimləyir. Həmin Sazişin 4-cü maddəsində müəyyən edilmişdir ki, X1 iştirakçısı olan dövlətinin səlahiyyətli məhkəməsi bu Sazişin 1-ci maddəsində göstərilən mübahisələrə baxılmasına haqlıdır, əgər X1 iştirakçısı olan həmin dövlətin ərazisində mübahisənin predmeti olan müqavilə üzrə öhdəlik yerinə yetirilmişdirsə və ya tam və ya qismən yerinə yetirilməliydisə (1-ci bəndin “c” yarımbəndi), X1 iştirakçısı olan dövlətlərin səlahiyyətli məhkəmələri, əgər mübahisənin həmin məhkəməyə verilməsi haqqında yazılı razılaşma mövcuddursa, işlərə digər hallarda da baxmağa səlahiyyətlidir (2-ci bənd). “Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin həll edilməsi qaydası haqqında” 1992-ci il Kiyev Sazişinin 11-ci maddəsinin “e” bəndində təsbit edilir ki, tərəflərin əqdlər üzrə hüquq və öhdəlikləri, əgər Tərəflər arasında digər razılaşma əldə edilməyibsə, əqdin bağlandığı (baş verdiyi) yerin qanunvericiliyinə əsasən müəyyən edilir. “Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin həll edilməsi qaydası haqqında” 1992-ci il Kiyev Sazişinin 11-ci maddəsinin “e” bəndində təsbit edilir ki, tərəflərin əqdlər üzrə hüquq və öhdəlikləri, əgər Tərəflər arasında digər razılaşma əldə edilməyibsə, əqdin bağlandığı (baş verdiyi) yerin qanunvericiliyinə əsasən müəyyən edilir “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2 və 1.3-cü maddələrinə əsasən, xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3- cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Həmin Məcəllənin 28-ci maddəsinə əsasən, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. Həmin Məcəllənin 440.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Həmin Məcəllənin 443.0 və 443.0.7-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə həmçinin, iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə baxmağa haqlıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sisitemində olan kommersiya hüquqi şəxsi haqqında məlumatdan görünür ki, Cavabdeh ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2023-cü il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır və Cəmiyyətin hüquqi ünvanı AZ 1525, Cəlilabad rayonu, Adnalı kəndidir. Cəmiyyətin qanuni təmsilçisi X4r. İş materiallarında olan “Hüquqi şəxsin dövlət reyestrindən keçirilməsi barədə Şəhadətnamə”nin surətindən Çıxarış”dan görünür ki, İddiaçı 305 125 314 vergi ödəyicisinin identifikasiya nömrəsi ilə xx.xx.2017-ci il tarixdə Özbəkistan Respublikasının səlahiyyətli orqanı tərəfindən qeydiyyata alınmışdır və Cəmiyyətin hüquqi ünvanı Özbəkistan Respublikası, Fərqanə vilayəti, Qoqon şəhəri 33-A-dır. İş materiallarında olan "xxxx" MMC (Satıcı) ilə Cavabdeh MMC (Alıcı) arasında bağlanmış 20 aprel 2023-cü il tarixli, 2/EXP/2023 nömrəli X2 müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, bu müqavilənin qüvvədə olduğu müddətdə Satıcı, bundan sonra "Mal" adlandırılacaq, trikotaj parçanı təhvil verməyi, Alıcı isə qəbul etməyi və haqqını ödəməyi öhdəsinə götürür. Mallar bu müqavilənin spesifikasiyalarında tərəflərin razılaşdırdıqları miqdarda, çeşiddə, qiymətlərlə və müddətlərdə partiyalarla tədarük edilir. 1.3-cü bəndinə əsasən, Bazis tədarük şərtlərinin şərhi qaydaları ("İncoterms-2010") bu müqavilə çərçivəsində tərəflər üçün məcburi xarakter daşıyır. Tədarük şərtləri bu müqavilənin spesifikasiyalarında müəyyən edilir. 2.1-ci bəndinə əsasən, Müqavilənin ümumi məbləği 500000,00 ABŞ dolları məbləğində müəyyən edilir və bu Müqavilənin Spesifikasiyalarında göstərilən və onun tərkib hissəsini təşkil edən təhvil verilmiş mal partiyalarının məbləğindən ibarətdir. Malın qiymətinə malın özünün, taranın, qablaşdırma və markalanmanın dəyərinin, bu malların ixrac rüsumlarının ödənilməklə ixrac gömrük rəsmiləşdirilməsinin, digər rüsumların və təyinat yerinə çatdırılma (fraxt) dəyərinin cami daxildir. 2.3-cü bəndinə əsasən, malların ödənişi, spesifikasiyalarda tərəflərin razılaşdıqları müddətlərdə Satıcının hesabına pul vəsaitlərinin nağdsız şəkildə köçürülməsi yolu ilə həyata keçirilir. 2.4-cü bəndinə əsasən, malın dəyəri müqaviləyə əlavə edilmiş 1 nömrəli spesifikasiyaya əsasən ödənilir və göstərilən qiymətlər heç bir halda dəyişdirilə bilməz. 9.5-ci bəndinə əsasən, bu müqavilə imzalandıqdan sonra qüvvəyə minir və 31 dekabr 2023-cü il tarixinədək etibarlıdır. İş materiallarında olan A EDC121808 YB 1 nömrəli, EK**********43 TD 1 nömrəli, A EDC470841YB 1 nömrəli, A EK**********8YB 1 nömrəli, A EK**********8 YB 1 nömrəli, A EK**********8 YB 1 nömrəli, A A EDC324575 YB 1 nömrəli, A EDC017493 YB 1 nömrəli, A EDC159739 YB 1 nömrəli X3 surətlərindən görünür ki, ümumi çəkisi 104391,5 kq çəkidə trikotaj pambıq parça məhsulu İddiaçı tərəfindən Cavabdehnə təhvil verilməsi üçün gömrük ərazisinə göndərilmişdir. İş materiallarında olan elektron qaimələrin surətindən görünür ki, "xxxx"MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş malların ümumi dəyəri 553452,75 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin direktoru R.N.Umarov ilə Cavabdeh MMC-nin direktoru Cavid Ağayev tərəfindən imzalanmış və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmiş “xx.xx.2025-ci il tarixli, 2/EXP/2023 nömrəli X2 müqavilə üzrə üzləşmə aktı”nın surətindən görünür ki, həmin aktı imzalamaqla tərəflər Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixinə "xxxx" MMC-nin xeyrinə 76433,75 manat borcu olduğunu təsdiq etmişlər. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 20 aprel 2023-cü il tarixli, 2/EXP/2023 nömrəli X2 müqaviləsinə əsasən yaranmış 87077,13 ABŞ dollar borcun 3 gün müddətində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Göründüyü kimi iddia ərizəsi qismən təmin edilmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən təqdim edilən malların bir hissəsi keyfiyyətsiz olmuş, bu hal məhkəmə tərəfindən nəzərə alınmamış və ekspertiza təyin edilməmişdir. Bundan əlavə, borcun məbləği düzgün müəyyən edilməmiş, məhkəmə 5000 ABŞ dollar məbləğində bank köçürməsinin üzləşmə aktında əks olunmamasının səbəblərini araşdırmamış, üzləşmə aktı notarial təsdiqsiz tərcüməyə əsaslandığı halda mötəbər sübut kimi qəbul olunmuşdur. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş bəzi sənədlərin təsdiqsiz tərcümədə verilməsi və prosessual tələblərə tam əməl olunmaması qətnamənin qanunsuzluğu kimi göstərilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları bildirir. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilə əsasında mallar faktiki olaraq təhvil verilmiş, bu hal gömrük bəyannamələri, elektron qaimələr və digər yazılı sübutlarla təsdiq edilmişdir. Tərəflər arasında imzalanmış üzləşmə aktı ilə cavabdehin müəyyən tarixə iddiaçı qarşısında borcunun mövcudluğu etiraf edilmişdir ki, bu hal Mülki Məcəllənin 882-ci maddəsinin tələblərinə uyğun olaraq borcun etirafı kimi qiymətləndirilir. Cavabdeh tərəfindən borcun ödənildiyini və ya azaldığını təsdiq edən mötəbər və yetərli sübutlar məhkəməyə təqdim edilməmişdir. Apellyasiya şikayətində malların keyfiyyətsiz olması barədə irəli sürülən dəlillər iş materialları ilə təsdiqini tapmamış, bu barədə yetərli və inandırıcı sübutlar təqdim edilməmişdir. Malların keyfiyyəti ilə bağlı müqavilə şərtlərinə uyğun qaydada iradların irəli sürüldüyü və ya müqavilədə nəzərdə tutulmuş mexanizmlərin tətbiq edildiyi sübuta yetirilməmişdir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş yazılı sübutların məcmusu malların təhvil verildiyini və ödəniş öhdəliyinin yarandığını təsdiq edir. Birinci instansiya məhkəməsi zamanı cavabdehin apellyasiya şikayətində qeyd edilən arqumentlərinin təsdiq edilməsi ilə əlaqədar şərait yaradılmış, lakin cavabdeh malların qüsurlu olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa cavabdeh ona göndərilmiş pretenziyaya münasibət bildirməmiş və məhkəməyə etiraz təqdim edərək malları qüsurlu olması barədə hər hansı fikir ifadə etməmişdir. Ümumiyyətlə cavabdeh aralarında ticarət dövriyyəsi olduğu müddətdə də malların qüsurlu olmasına dair iddiaçıya hər hansı bildiriş, məktub yazışma və s. verməmişdir. Kollegiya cavabdehin iddiaçıya 5000 dollar ödəməsini və həmin ödənişin üzləşmə aktında nəzərə alınmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilən qəbz xx.xx.2023-cü il tarixində edilib. Üzləşmə aktı isə xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Üzləşmə aktı cavabdeh tərəfindən imzalanmış və onun möhürlə təsdiq edilmişdir. Belə olan halda Kollegiya üzləşmə aktını daha mötəbər sübut kimi qəbul edir. Göründüyü kimi işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. İddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 76433,75 ABŞ dolları məbləğində borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməyərək aldığı malların qiymətini tam ödəməməsi haqqında tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə, gömrük bəyannamələrinə, cavabdehə göndərilmiş elektron qaimələrə, üzləşmə aktına və borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Kollegiya qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddia tələbini qəbul etmədiyini bildirsə də, öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı alqı-satqı müqavilə üzrə öhdəliyini icra edərək malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməyərək malların dəyərini tam şəkildə ödəməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının 2002-ci il 10 dekabr tarixli, 400-İİQ nömrəli Qanunu ilə Azərbaycan Respublikasının qoşulduğu “Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin həll edilməsi qaydası haqqında” 1992-ci il Kiyev Sazişinin 1-ci maddəsinə əsasən, bu Saziş təsərrüfat subyektləri arasında müqavilə və digər mülki hüquq münasibətlərindən, onların dövlət orqanları ilə və digər orqanlarla münasibətlərindən irəli gələn işlərin həll edilməsi məsələsini, habelə onlara dair qərarların icrası məsələsini tənzimləyir. Həmin Sazişin 4-cü maddəsində müəyyən edilir ki, X1 iştirakçısı olan dövlətinin səlahiyyətli məhkəməsi bu Sazişin 1-ci maddəsində göstərilən mübahisələrə baxılmasına haqlıdır, əgər X1 iştirakçısı olan həmin dövlətin ərazisində mübahisənin predmeti olan müqavilə üzrə öhdəlik yerinə yetirilmişdirsə və ya tam və ya qismən yerinə yetirilməliydisə (1-ci bəndin “c” yarımbəndi), X1 iştirakçısı olan dövlətlərin səlahiyyətli məhkəmələri, əgər mübahisənin həmin məhkəməyə verilməsi haqqında yazılı razılaşma mövcuddursa, işlərə digər hallarda da baxmağa səlahiyyətlidir (2-ci bənd). Məhkəmə, baxılan işin xarici elementli mübahisə (tərəflərdən birinin xarici hüquqi şəxs olması səbəbilə) olmasını nəzərə alaraq, mübahisəyə tərəflərin mənsub olduqları hansı dövlətin maddi hüquq normalarının tətbiq edilməsini müəyyən etməyi zəruri hesab edərək qeyd etmişdir ki, “Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin həll edilməsi qaydası haqqında” 1992-ci il Kiyev Sazişinin 11-ci maddəsinin “e” bəndində təsbit edilir ki, tərəflərin əqdlər üzrə hüquq və öhdəlikləri, əgər Tərəflər arasında digər razılaşma əldə edilməyibsə, əqdin bağlandığı (baş verdiyi) yerin qanunvericiliyinə əsasən müəyyən edilir. “Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin həll edilməsi qaydası haqqında” 1992-ci il Kiyev Sazişinin 11-ci maddəsinin “e” bəndində təsbit edilir ki, tərəflərin əqdlər üzrə hüquq və öhdəlikləri, əgər Tərəflər arasında digər razılaşma əldə edilməyibsə, əqdin bağlandığı (baş verdiyi) yerin qanunvericiliyinə əsasən müəyyən edilir “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2 və 1.3-cü maddələrinə əsasən, xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, göründüyü kimi, xarici elementli mübahisəyə hansı ölkənin maddi hüququnun tətbiqi ilə bağlı məsələ araşdırılarkən ilk növbədə bununla bağlı tərəflər arasında bağlanmış yazılı razılaşmanın və ya razılaşma şərtinin mövcud olması müəyyən edilməlidir. Belə razılaşmanın və ya şərtin olmadığı halda Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələrlə razılaşdırılmış qaydalar əsas götürülməlidir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri isə yuxarıda göstərilən halların mövcud olmadığı təqdirdə tətbiq edilməlidir. Bildirmişdir ki, baxılan işdə tərəflər arasında bağlanmış müqavilədə (müqavilənin 8.2ci bəndi) bu müqavilədə həll olunmayan bütün məsələlərlə bağlı tərəflərin münasibətlərinin Azərbaycan Respublikasının qanunvericiliyi (tətbiq edilən qanun) ilə tənzimlənməsi nəzərdə tutulmuşdur, bununla da tərəflər mübahisəyə tətbiq ediləcək maddi hüquq barədə şərti öz aralarında razılaşdırmışlar. Belə olan halda məhkəmə hesab etmişdir ki, tərəflərin razılaşması əsas götürülməklə Azərbaycan Respublikasının qanunvericiliyinin mübahisəyə tətbiq edilməsinə hər hansı bir hüquqi maneə yoxdur və buna görə də mübahisə Azərbaycan Respublikasının qanunvericiyi tətbiq edilməklə həll edilməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci bəndində qeyd olunmuşdur ki, bu müqavilə üzrə və onunla əlaqədar yarana biləcək bütün mübahisələr və fikir ayrılıqları tərəflər tərəfindən danışıqlar yolu ilə həll edilir. Mübahisə danışıqlar yolu ilə həll edilmədikdə, mübahisə cavabdehin olduğu (qeydiyyatda olduğu) arbitraj (təsərrüfat) məhkəməsinin həllinə verilir. Kollegiya bununla bağlı əlavə olaraq aşağıdakıları bildirir. Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 3.2-ci bəndində göstərilmişdir ki, əgər işin icraatı başlandıqdan sonra həmin iş üzrə məhkəmənin beynəlxalq səlahiyyətə malik olmadığı aşkar edilərsə, MPM-in 261.0.1, 262.1 və 262.3-cü maddələrinə uyğun olaraq icraata xitam verilməsinə dair qərardad qəbul edilməli, eyni zamanda tərəflərə xarici ölkənin məhkəməsinə müraciət hüququ izah edilməlidir. 3.3-cü bənd. MPM-in 29, 32.2, 259.0 və 259.0.5-ci maddələrinin birgə təfsirindən müəyyən olunur ki, tərəflər mübahisənin arbitraja (münsiflər məhkəməsinə) verilməsinə dair öz aralarında əvvəlcədən razılığa gələrək bunu ayrıca müqavilə və ya müqavilə şərti ilə rəsmiləşdirmişlərsə, belə şərtin olması birmənalı olaraq mübahisəyə həmin qaydada baxılacağı anlamına gəlmir. Prosessual qanunvericilik tərəflər arasında mübahisəyə arbitrajda (münsiflər məhkəməsində) baxılması barədə razılığın əldə olunduğu hallarda da işə məhkəmədə baxılmasını istisna etməmiş, bunu işə mahiyyəti üzrə baxılanadək tərəflərin razılığından asılı etmişdir. Bu baxımdan, konkret mübahisənin arbitrajda (münsiflər məhkəməsində) baxılması ilə bağlı müvafiq müqavilə şərtinin olmasına baxmayaraq, verilmiş iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü MPM-in 152 və 153-cü maddələrinin tələbləri qaydasında yoxlanılmalıdır. Qeyd olunan prosessual əsaslar olmadığı təqdirdə işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa, iddia ərizəsinə MPM-in 259.0.5-ci maddəsinin tələbləri qaydasında qiymət verilməli və ərizə baxılmamış saxlanmalıdır. 3.4-cü bənd. İddia ərizəsinin məhkəməyə təqdim olunması və işin məhkəmədə baxılmağa hazırlanması mərhələsi barədə lazımi qaydada məlumatlı olan cavabdehin işə mahiyyəti üzrə baxılmasından sonra verdiyi etirazı nəzərə alınmamalı və icraat ümumi qaydada davam etdirilməlidir. 3.5-ci bənd. Arbitraj şərtinin mövcud olduğu hallarda yuxarıda göstərilən səbəblərdən iddia ərizəsi baxılmamış saxlanılarsa və ya mülki mühakimə icraatı ümumi qaydada davam etdirilərsə, məhkəmə bununla əlaqədar müvafiq əsaslandırma aparmalıdır. Şərh edilənlərə əsasən Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya şikayəti verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Hazırda mübahisələndirilən qətnamədə mübahisələndirilən hissədə iddianın qiyməti 10000 manatdan çox olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, e-2-2(121)-2862/2025 saylı qətnaməsi Cavabdeh MMC-nin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(3-9)-7/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-9)-7/2026
12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver