Məhkəmə qərarları › İş №2(3-1)-62/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(3-1)-62/2026

22.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-62/2026 22.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya Niftəliyev Məhərrəm Qəzənfər oğlunun X2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbi (Açar sözlər: alqı-satqı müqaviləsi, əqdin etibarsızlığı, aldatma, vacib əhəmiyyətli yanılma, kəsici müddət, mülki dövriyyədə vicdanlılıq, iradə qüsuru, restitusiyanın tətbiqi hədləri) Niftəliyev Məhərrəm Qəzənfər oğlunun X2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə çıxarılmış Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçının vəkili-nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.

1. Iddiaçı Niftəliyev Məhərrəm Qəzənfər oğlu ## ######## 2025-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X2 ilə arasında "BMW 745 minik" markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barəsində ## ###### 2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 01-03).

b) Iddia tələbinin əsaslandırılması.

2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## ###### 2024-cü il tarixdə cavabdeh Əziz Həsənzadə tərəfindən avtomobilin buraxılış ilinin qəsdən 2009-cu il kimi təqdim edilməsi və texniki sənədlərin ondan gizlədilməsi nəticəsində aldadılaraq, faktiki buraxılış ili 2001-ci il olan "BMW 745" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili 15.500 AZN məbləğinə almış, lakin mülkiyyət hüququ rəsmiləşdirildikdən sonra avtomobilin həm texniki göstəriciləri, həm də buraxılış ili barədə məlumatların həqiqətə uyğun olmadığını aşkar etmişdir. Iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsini rəhbər tutaraq, cavabdeh tərəfindən həyata keçirilmiş aldatma hərəkətlərinin əqdin bağlanması üçün həlledici şərt olduğunu bildirmiş, bu səbəbdən alqı-satqı müqaviləsinin etibarsız sayılmasını və tərəflərin əvvəlki vəziyyətə qaytarılmasını (restitusiyanı) xahiş etmişdir.

c) Tələb üzrə qəbul edilən məhkəmə aktı.

3. Babək Rayon Məhkəməsinin (sədrlik edən hakim Günay Ismayıl) ## ###### 2026cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (iş vərəqə 88-93).

ç) Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi.

4. Birinci instansiya məhkəməsi iddiaçı Niftəliyev Məhərrəm Qəzənfər oğlunun iddiasını rədd edərkən belə bir hüquqi mövqedən çıxış etmişdir ki, tərəflər arasında "BMW 745" markalı avtomobilə dair ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlansa da, iddiaçının əqdi "predmetin əsas xüsusiyyətləri barəsində yanılma" əsası ilə mübahisələndirməsi hüquqi cəhətdən əsassızdır. Məhkəmə müəyyən etmişdir ki, Mülki Məcəllənin 347.1-ci maddəsi ilə tərəfə verilən mübahisələndirmə hüququ həmin Məcəllənin 354.2-ci maddəsində təsbit edilmiş bir aylıq kəsici müddətlə məhdudlaşır. Iş materiallarına əsasən, iddiaçı 2024-cü ilin noyabr ayından etibarən avtomobilin buraxılış ilinin 2001-ci il olduğunu bilməsinə baxmayaraq, məhkəməyə yalnız ## ######## 2025-ci il tarixdə müraciət etmiş və bununla da qanunla müəyyən edilmiş subyektiv mübahisələndirmə hüququnu itirmişdir. Bundan başqa, məhkəmə vurğulamışdır ki, iddiaçı avtomobillərə marağı olan və mütəmadi alqı-satqı edən bir şəxs kimi mülki dövriyyədə lazımi diqqət və ehtiyatlılıq nümayiş etdirməli, həm yazılı müqavilədə qeyd olunan 2001-ci il tarixinə, həm də avtomobilin banındakı qaynaq izlərinə əsasən real vəziyyəti müəyyən etməli idi. Iddiaçının həqiqətən yanılmaya məruz qalmasına dair mötəbər sübutlar təqdim etmədiyi və müəyyən edilmiş kəsici müddəti ötürdüyü nəzərə alınaraq, məhkəmə əqdin bağlandığı andan etibarlı olduğu və iddia tələbinin rədd edilməli olduğu qənaətinə gəlmişdir.

II. Apellyasiya icraatı. a) Məhkəmə aktından verilən apellyasiya şikayəti.

5. Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, sözügedən qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi ( iş vərəqə 125-128).

b) Apellyasiya şikayətinin əsaslandırılması.

6. Iddiaçının vəkili-nümayəndəsi apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Niftəliyev Məhərrəm Qəzənfər oğlu ilə X2 arasında bağlanmış "BMW minik" markalı, **-BH- *** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair ## ###### 2024-cü il tarixli müqavilənin etibarsız sayılması barədə iddia üzrə həmin əqd bağlanmış olduğu andan etibarsız hesab olunmasını məhkəmə bir illik iddia müddəti tətbiq edərək qərarlaşdırmalı olduğu halda bunu etməmiş bununla da maddi hüquq normasını pozmuşdur.

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.1-ci maddəsinə görə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər və bu müddət kəsici müddət olmaqla bir ay təşkil edir. Mövcud mübahisə üzrə vacib əhəmiyyətli yanılma deyil aldatma mövcuddur və əqd bağlanan zaman aldatma hərəkətləri mövcud olmuşdur.Ona görə də məhkəmə tərəfindən Mülki Məcəllənin 347.1-ci maddəsi deyil, 339-cu maddəsinin tələbləri tətbiq edilməli idi. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Əqdin aldatma nəticəsində bağlanması deyəndə aşağıdakılar nəzərdə tutulur: -aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. 8.Şikayət edən tərəf birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 339.2-ci maddələrinə, "T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına, prosessual hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad etmişdi.

c) Apellyasiya şikayətinin icraata qəbul edilməsi.

9. Apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “13” mart 2026-cı ildə daxil olmuş və kollegiyanın “16” mart 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi ( iş vərəqə 125-128).

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

III. Izahatlar və prosesin gedişatı.

11. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdi.

12. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə qeyd edilən şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi.

IV. Işin halları:

13. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş:

14. - Naxçıvan Muxtar Respublikası Daxili Işlər Nazirliyinin X1 Idarəsi Qeydiyyat Imtahan X3 tərəfindən verilmiş ## #### 2024-cü il qeydiyyat tarixli, BD****** nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən "BMW" markalı, "745 minik" modelli, sedan tipli, WBAGL61020DM52237 ban nömrəli, "qara metallik" rəngli, **-BH-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı nəqliyyat vasitəsinin X2 mülkiyyətində olması, şəhadətnamənin xüsusi qeydlər adlanan bölməsində isə “BDYPI və TŞ 15/15-005-14131- 1221 b/z ban ətraf qaynaq işi aparılıb” qeydinin edilməsi (iş vərəqə 05, arxa tərəf);

15. - ## ###### 2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin və ərizələrin surətlərindən X2 özünə məxsus olan "BMW" markalı, "745 minik" modelli, sedan tipli, WBAGL61020DM52237 ban nömrəli, "qara metallik" rəngli, **-BH-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı nəqliyyat vasitəsini 10.000 (on min) manat müqabilində Niftəliyev Məhərrəm Qəzənfər oğluna satması (iş vərəqə 05-07);

16. - Naxçıvan Muxtar Respublikası Daxili Işlər Nazirliyinin X1 Idarəsinin ## ###### 2025-ci il tarixli, *-**-**-**/*-***/**** nömrəli məktubunun mahiyyətindən ## ###### 2024-cü il tarixli aqi-satqı müqaviləsi əsasında "BMW" markalı, "745 minik" modelli, nəqliyyat vasitəsinə **-BL-*** dövlət qeydiyyat nişanının verilməsi (iş vərəqə 04);

17. - Naxçıvan Muxtar Respublikası Daxili Işlər Nazirliyinin X1 Idarəsi Qeydiyyat Imtahan X3 tərəfindən verilmiş ## ###### 2025-ci il qeydiyyat tarixli, BD****** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin təsdiq olunmuş surətindən "BMW" markalı,"745 minik" modelli, "sedan" tipli, **-BL-*** dövlət qeydiyyat nişanlı, istehsal tarixi 2001-ci il olan nəqliyyat vasitəsinin Niftəliyev Məhərrəm Qəzənfər oğlunun mülkiyyətində olması, şəhadətnamənin xüsusi qeydlər adlanan bölməsində isə “BDYPI və TŞ 15/15-005-14131- 1221 b/z ban ətraf qaynaq işi aparılıb” qeydinin edilməsi (iş vərəqə 71);

18. - Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin ## ###### 1999-cu il tarixli, ***** nömrəli vəsiqəsinin təsdiq edilmiş surətindən Niftəliyev Məhərrəm Qəzənfər oğlunun sözügedən birliyin üzvü olması aydın olur (iş vərəqə 09).

V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.

19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini yalnız iddiaçı tərəf mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının iddiaçı tərəfindən mübahisələndirilən hissəsi təşkil edir.

22. Iddiaçı tərəfin verdiyi apellyasiya şikayətindən aydın olur ki, həmin tərəf sözügedən qətnaməni tam mübahisələndirir.

23. Verilmiş apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və iddianın təmin edilməsinə yönəldiyindən, həmin qətnamə apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır.

VI. Tətbiq edilən hüquqi aktlar

a) Azərbaycan Resublikasının Mülki Məcəlləsinin:

24. - 324.1 - 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir;

25. - 326-cı maddəsinin tələbinə görə birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Əqd başqa şəxslər üçün yalnız bu Məcəllədə və ya həmin şəxslərlə razılaşmada müəyyənləşdirilmiş hallarda vəzifələr yarada bilər;

26. -337.1-ci maddəsi ilə müəyyən edilir ki, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;

27. - 337.2-ci maddəsinin tələbinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir;

28. - 337.5-ci maddəsində qeyd edilir ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir;

29. - 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin;

30. -339.3-cü maddəsi ilə müəyyən edilir ki, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin;

31. - 339.4-ci maddinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır;

32. - 339.5-ci maddəsinə görə əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir;

33. - 347.1-ci maddəsinin mahiyyətinə görə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər;

34. -347.2-ci maddəsinin mahiyyətinə əsasən, vacib əhəmiyyətli yanılmaya dair halların dairəsinə şəxsin razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi; şəxsin bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi və tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmamamsı daxildir;

35. -347.3- 347.5-ci maddələrinin tələbinə görə, əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur. Predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir;

36. -347.7-ci maddəsinə görə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur;

37. - 354.2-ci maddəsinə görə Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; 337.1-ci maddəsi ilə müəyyən edilir ki, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

b) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

38. - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir;

39. - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;

40. -9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir;

41. -76.1-ci və 76.3-cü maddələri ilə müəyyən edilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;

42. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

43. - 81-ci maddəsi ilə müəyyən edilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz;

44. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

45. - 392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

c) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin məhkəmə aktı.

46. - "B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2019-cu il tarixli qərarında göstərilir ki, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır:

47. -- aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir;

48. -- aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır;

49. -- müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.

50. - "T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2020-ci il tarixli qərarında qeyd edilir ki, aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır;

VII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətini qiymətləndirməsi və onun həllinə dair mövqeyi

51. Iş materiallarından görünür ki, tərəflər arasında yaranmış hüquqi mübahisənin əsasını bağlanan əqdin etibarsızlığı faktı təşkil edir. Buna müvafiq olaraq kollegiya bildirir ki, hər hansı bir əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən imperativ normaların tələblərinə uyğun gəlməsi mütləqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

52. Mülki hüquq doktrinasına və qanunvericiliyin ruhuna uyğun olaraq, əqdin etibarlılığının fundamental şərtlərindən biri tərəflərin iradə ifadəsinin həqiqi olması və bu iradənin daxili niyyətə uyğun gəlməsidir. Əgər şəxsin əqd bağlamaq barədə iradəsi kənar təsirlər (aldatma, zorakılıq, hədə) və ya subyektiv yanılma nəticəsində qüsurlu şəkildə formalaşmışdırsa, bu cür iradə ifadəsi qanuni hüquqi nəticələr yarada bilməz. Belə əqdlər "mübahisə edilən əqdlər" kateqoriyasına aid olmaqla, iradəsi zədələnmiş tərəfə həmin əqdi mübahisələndirmək və bağlandığı andan etibarsız sayılmasına nail olmaq hüququ verir.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli Qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, əqdin etibarlılığı dörd mühüm şərtin əqdin subyektlərinin səlahiyyətliliyi, forma qaydalarına riayət edilməsi, məzmunun qanuniliyi və ən əsası, iradə ifadəsinin həqiqiliyi ilə daxili niyyətin vəhdətinin mövcudluğu ilə müəyyən edilir. Plenum xüsusi olaraq vurğulayır ki, əqdi öhdəlik hüquq münasibətlərinin digər əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı və azad iradə ifadəsinin nəticəsi olmasıdır. Iradə ifadəsinin aldatma və ya digər qanunsuz kənar təsirlər nəticəsində daxili niyyətdən kəskin fərqlənməsi əqdin fundamental etibarlılıq şərtlərindən birini - iradənin həqiqiliyi prinsipini sıradan çıxarır ki, bu da həmin əqdin bağlandığı andan etibarsız sayılmasına birbaşa hüquqi əsas yaradır.

54. Kollegiya vurğulayır ki, mülki dövriyyənin sabitliyi prinsipi əqdlərin qorunmasını tələb etsə də, bu müdafiə yalnız vicdanlılıq (Mülki Məcəllənin 6-cı maddəsi) prinsipinə söykənən əqdlərə şamil edilir. Qarşı tərəfin iradəsini qəsdən zədələyən və ya onu mühüm faktlar barəsində yanlış təsəvvürə salan hərəkətlər mülki hüququn əsas prinsipləri ilə bir araya sığmır və bu halda əqdin etibarsızlığının tətbiqi qanunçuluğun bərpası üçün zəruri hüquqi vasitədir.

55. Birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisəyə hüquqi qiymət verərkən, iddiaçı Niftəliyev Məhərrəm Qəzənfər oğlunun tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.1-ci maddəsində nəzərdə tutulmuş "vacib əhəmiyyətli yanılma" predmeti kimi qəbul etmişdir. Məhkəmə bu mövqedən çıxış edərək hesab etmişdir ki, avtomobilin buraxılış ili barədə yanlış təsəvvür iddiaçının subyektiv xətasıdır və bu səbəbdən həmin əqd Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş bir aylıq kəsici müddət ərzində mübahisələndirilməli idi. Məhkəmə iddiaçının 2024-cü ilin noyabr ayında məlumat almasına baxmayaraq, 2025-ci ilin sentyabrında müraciət etməsini bu müddətin ötürülməsi və hüququn xitamı kimi qiymətləndirmişdir.

56. Lakin iddiaçı tərəf həm birinci instansiya məhkəməsində, həm də apellyasiya şikayətində qətiyyətlə bildirmişdir ki, onun iradəsinin zədələnməsi sadə bir "yanılma"nın deyil, cavabdeh tərəfindən məqsədli şəkildə həyata keçirilmiş "aldatma" (Mülki Məcəllənin 339.2ci maddəsi) hərəkətlərinin nəticəsidir. Iddiaçı bildirir ki, avtomobilin ili barədə yalan məlumatın verilməsi, yəni onun istehsal vaxtının 2009-cu il kimi təqdim edilməsi və qeydiyyat şəhadətnaməsinin ondan gizlədilməsi (avtomobilin içində olması bəhanəsi ilə) satıcının dürüst olmayan, aldatma niyyətli hərəkətləridir.

57. Kollegiya qeyd edir ki, mülki hüquq normaları "yanılma" ilə "aldatma" halını fərqli hüquqi rejimlərə tabe edir. Yanılma, şəxsin özünün faktlar barədə yanlış qənaətə gəlməsidir, aldatma isə qarşı tərəfin qəsdən yaratdığı yanlış təəssüratdır. Bu fərq tərəflərin müdafiə hüquqlarının həcminə və ən əsası, mübahisələndirmə müddətlərinə birbaşa təsir göstərir. Belə ki, aldatma yolu ilə bağlanmış əqdlərin mübahisələndirilməsi üçün qanunverici bir aylıq deyil, bir illik müddət müəyyən etmişdir.

58. Mülki Məcəllənin 347-ci maddəsində nəzərdə tutulan "vacib əhəmiyyətli yanılma" tərəfin daxili təsəvvürünün faktiki vəziyyətlə qeyri-ixtiyari olaraq üst-üstə düşməməsidir. Yanılma zamanı şəxs özü-özünü səhv qənaətə gətirir və qarşı tərəfin burada birbaşa qəsdi olmur. Lakin Mülki Məcəllənin 339.2-ci maddəsində təsbit olunan "aldatma" tamamilə fərqli hüquqi təbiətə malikdir. Aldatma, bir tərəfin digərini əqd bağlamağa sövq etmək üçün qəsdən yanlış məlumat verməsi və ya həqiqi vəziyyəti bilərəkdən gizlətməsidir. Başqa sözlə, aldatma "təşkil olunmuş yanılma"dır və burada mülki-hüquqi hüquqpozma elementləri mövcuddur.

59. Kollegiya izah edir ki, "yanılma" ilə "aldatma" arasındakı fundamental fərq tərəflərin davranışındakı dürüstlük meyarıdır. Yanılma zamanı hər iki tərəf dürüst davranır, lakin onlardan biri faktiki vəziyyəti özü-özlüyündə yanlış təsəvvür edir (məsələn, alıcı avtomobilin ili barədə özü səhv qənaətə gəlir). Aldatma zamanı isə tərəflərdən biri dürüstlük və vicdanlılıq vəzifəsini pozaraq, digər tərəfdə qəsdən yanlış rəy yaradır və ya həqiqəti ondan gizlədir. Başqa sözlə, yanılma təsadüfün, aldatma isə bir tərəfin digərinə qarşı yönəlmiş qeyridürüst niyyətinin nəticəsidir. Məhz bu səbəbdən qanunverici aldatma faktı sübut olunduqda zərərçəkən tərəfə daha uzun (bir illik) müdafiə müddəti tanıyır.

60. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətləri yalnız "yanılma" müstəvisində qiymətləndirməklə, mübahisənin mahiyyətinə dair sübutları birtərəfli təhlil etmişdir. Iş materiallarından aydın olur ki, iddiaçı tərəfindən irəli sürülən iddialar sadəcə texniki bir səhvə deyil, cavabdehin aktiv aldatma hərəkətlərinə (avtomobilin ilinin 8 il təzə göstərilməsi və sənədlərin fiziki olaraq gizlədilməsi) əsaslanır. Bu halda mülki hüquq münasibətlərində tətbiq edilməli olan kəsici müddət, Mülki Məcəllənin 347.1-ci maddəsindəki bir aylıq müddət deyil, həmin Məcəllənin 354.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş bir illik müddətdir. Çünki aldatma nəticəsində bağlanmış əqdlər üzrə iddia müddəti şəxsin aldadıldığını bildiyi və ya bilməli olduğu gündən hesablanır. Iddiaçının avtomobilin faktiki ili barədə rəsmi məlumatı 2025-ci ilin fevral ayında (yeni qeydiyyat şəhadətnaməsini aldıqda) əldə etməsi və məhkəməyə 2025-ci ilin sentyabrında müraciət etməsini nəzərə alsaq, bir illik müddətin ötürülmədiyi aşkar şəkildə görünür. Hətta mübahisələndirmə müddətinin hesablanmasına dair ən ehtiyatlı yanaşmanı tətbiq edərək, müddətin aldatma faktının aşkarlandığı gündən deyil, bilavasitə müqavilənin bağlandığı gündən - ##.##.2024-cü ildən hesablandığını fərz etsək belə, iddianın qaldırıldığı tarixə,yəni ##.##.2025-ci ilə qədər bir illik kəsici müddətin tamamlanmadığı və iddiaçının qanunla müəyyən edilmiş mübahisələndirmə hüququnun qüvvədə qaldığı şübhəsizdir.

61. Beləliklə, işdə olan sübutlar, eyni zamanda iddiaçının bildirdiyi faktlar əsasında mübahisəli əqdin etibarsızlığının əsasının "vacib əhəmiyyətli yanılma" deyil, məhz "aldatma" olması müəyyən edildikdən sonra, kollegiya aldatma faktının real olaraq mövcud olubolmaması və bunun mötəbər sübutlarla sübuta yetirilib-yetirilməməsi ilə bağlı qeyd edir ki, mülki prosessual qanunvericiliyin (MPM maddə 77.1) tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı mübahisədə şəxslərin dairəsinin məhdud olması (danışıqların əsasən iki-üç şəxs arasında aparılması) sübutetməni çətinləşdirsə də, işdə olan sənədlər iddiaçının xeyrinə ciddi hüquqi ehtimallar yaradır. Belə ki, iddiaçının mübahisələndirdiyi nəqliyyat vasitəsinin buraxılış ilini sənəd üzrə görməsi və ya bilməsi yalnız iki halda mümkün idi: müqaviləni oxumaqla və ya qeydiyyat şəhadətnaməsini nəzərdən keçirməklə. Lakin alqı-satqı müqaviləsində və bununla bağlı sənədlərdə iddiaçının imzasının olmaması (iş vərəqə 05-07) onun "müqavilənin rəsmiləşdirilməsi üçün idarəyə özünün getməməsi və prosesi tamamilə qarşı tərəfə həvalə etməsi" barədə izahatlarını obyektiv şəkildə təsdiq edir. Müqavilədə imzanın olmaması iddiaçının əqdi bağlamaq barədə ümumi niyyətinin (avtomobil almaq iradəsinin) mövcudluğunu istisna etməsə də, onun məhz həmin sənədin yazılı məzmunu (buraxılış ilinin 2001-ci il yazılması) ilə tanış olmadığını və bu barədə məlumatlandırılmadığını təsdiq edir. Bu hal sübut edir ki, iddiaçının əqdi bağlamağa yönəlmiş iradəsi sənəddə əks olunmuş faktiki texniki göstəricilər üzərində deyil, cavabdehin şifahi vədləri nəticəsində formalaşmış yanlış təsəvvürlər üzərində qurulmuşdur. Beləliklə, iddiaçının iradəsi əqdin mühüm şərti (predmetin xüsusiyyəti) hissəsində cavabdehin aldatma hərəkətləri nəticəsində zədələnmiş və daxili niyyəti ilə sənəddə ifadə olunan şərtlər arasında kəskin ziddiyyət yaranmışdı.

62. Kollegiya xüsusi olaraq vurğulayır ki, mülki hüquqda əqdin bağlanması üçün tərəflərin qarşılıqlı iradə ifadəsi həlledici şərtdir. Iş materiallarında mövcud olan ## ###### 2024-cü il tarixli alqı-satqı müqaviləsinin surətinin təhlili göstərir ki, həmin sənəddə "alıcı" qrafasında Niftəliyev Məhərrəm Qəzənfər oğlunun imzası mövcud deyil. Bu hal, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinin tələbləri baxımından iddiaçının müqavilənin yazılı mətnində əks olunmuş şərtlərə, o cümədən avtomobilin 2001-ci il buraxılış olması barədə məlumata birbaşa və şüurlu razılıq vermədiyini sübut edir. Imzanın olmaması iddiaçının "müqavilənin məzmunu ilə tanış olmaq imkanından məhrum edilməsi" barədə dəlillərini qüvvətləndirir və cavabdehin iddiaçıda yanlış təəssürat yaratmaq üçün əlverişli şərait yaratdığını, yəni sənədləşmə prosesini iddiaçının iştirakı olmadan həyata keçirməsini təsdiqləyir. Beləliklə, alıcının imzası olmayan bir sənədə istinad edərək, onun avtomobilin faktiki buraxılış ilini "bildiyini və ya bilməli olduğunu" iddia etmək mülki dövriyyədə vicdanlılıq prinsipinə ziddir və aldatma tərkibinin mühüm elementini formalaşdırır.

63. Həmçinin kollegiya mübahisəli müqavilədə alıcının imzasının olmaması faktına əsaslanaraq bildirir ki, iddiaçının müqavilənin bağlanması prosesində fiziki olaraq iştirak etdiyini, sənədin mətni, o cümlədən avtomobilin buraxılış ili barədə məlumat ilə tanış olduğunu və sənədləşmənin onun iradəsinə uyğun aparıldığını sübut etmək yükü məhz cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən iddiaçının müqavilə bağlanarkən dövlət orqanında hazır olduğunu və ya sənədlərin ona təqdim edildiyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bu isə iddiaçının "aldadılma və mühüm məlumatların ondan gizlədilməsi" barədə izahatlarının hüquqi qüvvəsini daha da artırır. Qeydiyyat şəhadətnaməsinin iddiaçıya vaxtında verilməsi (nəqliyyat vasitəsinin alqısatqısından

64. öncə və ya alqı-satqı zamanı) məsələsinə gəldikdə isə kollegiya hesab edir ki, iddiaçı nəqliyyat vasitəsinin texniki göstəricilərini əks etdirən sənədin ona verilmədiyini, yəni neqativ faktın - hadisənin baş verməməsi faktını sübut edə bilməz, çünki sənədin iddiaçıya təqdim olunduğunu sübut etmək yükü məhz cavabdehin üzərinə düşür. Cavabdehin məhkəmə proseslərinə gəlməməsi, iddiaçının bu mühüm faktiki iddiasını təkzib etməməsi və sənədin verilməsini sübut edən hər hansı akt və ya qəbz təqdim etməməsi, məhkəmədə iddiaçının xeyrinə hüquqi qənaət formalaşdırır.

65. Işdə olan sənədlərin xronoloji təhlili iddiaçının aldatma faktını öyrəndikdən sonra vicdanlı və operativ hərəkət etdiyini göstərir. Belə ki, nəqliyyat vasitəsinin iddiaçının adına rəsmiləşdirilməsi və yeni şəhadətnamənin verilməsi tarixi ##.##.2025-ci il olduğu halda, iddiaçı dərhal (elə həmin tarixdə) Naxçıvan Muxtar Respublikası Daxili Işlər Nazirliyinə müraciət etmişdir. Nazirliyin iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli cavab məktubu və Daxili Işlər Nazirliyinin ##.##.2025-ci il tarixli məktubuna əlavə edilmiş sənəd üzərindəki ##.##.2025-ci il tarixli dərkənar sübut edir ki, iddiaçı sənədi (2001-ci il qeydini) əldə edən kimi rəsmi orqanlar qarşısında məsələ qaldırmışdır.

66. Məhkəmə kollegiyası hesab edir ki, mülki münasibətlərdə hər bir şəxs qarşı tərəfin dürüst davranacağına inanmaq hüququna malikdir. Əgər satıcı avtomobilin buraxılış ili barədə qəsdən yalan məlumat veribsə, sonradan "alıcı özü diqqətli olub yoxlamalı idi" deyərək məsuliyyətdən qaçmalı deyil. Başqa sözlə, bir tərəfin yalan danışması digər tərəfin ona olan etimadından sui-istifadədir. Aldatma olan yerdə alıcının satıcıya inanması onun "sadəlövhlüyü" kimi deyil, satıcının qeyri-dürüst hərəkəti kimi qiymətləndirilməlidir. Heç bir şəxs özünün qanunsuz hərəkətini (aldatmasını) qarşı tərəfin diqqətsizliyi ilə ört-basdır edərək haqlı çıxa bilməz.

67. Beləliklə, işin halları və təqdim olunmuş sənədlərin, o cümlədən müqavilədə alıcının imzasının olmaması və rəsmi orqanlara müraciət xronologiyası qarşılıqlı təhlili göstərir ki, iddiaçı həqiqətən də cavabdeh tərəfindən avtomobilin buraxılış ili barədə aldadılmışdır. Kollegiya hesab edir ki, bu aldatma hərəkətləri iddiaçının iradəsinin qüsurlu formalaşmasına səbəb olmuş və o, həqiqi vəziyyəti bildiyi təqdirdə bu əqdi bağlamazdı. Bu isə yuxarıda qeyd olunan maddi hüquq normaları (Mülki Məcəllənin 339.2-ci maddəsi) baxımından iddianın tam əsaslı olduğunu və birinci instansiya məhkəməsinin gəldiyi nəticənin (iddianın rədd edilməsi) ləğv edilməli olduğunu şərtləndirir.

68. Belə ki, tətbiq edilməli olan maddi hüquq normasını - Mülki Məcəllənin 339.2-ci maddəsini tətbiq etməmiş, əvəzində isə hüququn tətbiqində səhvə yol verərək mübahisəyə həmin Məcəllənin 347.1-ci maddəsi (yanılma) prizmasından yanaşmışdır. Bu isə öz növbəsində qanunun səhv təfsir edilməsinə və nəticə etibarilə işin hallarına uyğun gəlməyən, mahiyyəti üzrə düzgün olmayan qətnamənin çıxarılmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılarkən maddi hüquq normasının tələbinin pozulması və düzgün tətbiq edilməməsi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1, 385.1.1 və 386-cı maddələrinin tələblərinə görə çıxarılmış məhkəmə aktının ləğv edilməsini şərtləndirir.

69. X11 Qəzənfər oğlu ilə X2 arasında "BMW 745" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair ## ###### 2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsini etibarsız hesab etiyindən onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, əqdin etibarsız sayılması tərəflərin qarşılıqlı olaraq əqd üzrə aldıqlarını qaytarması (restitusiya) vəzifəsini yaratsa da, mülki prosessual qanunvericiliyin fundamental prinsiplərindən olan dispozitivlik prinsipi məhkəmənin mülki hüquq müdafiəsi vasitələrini yalnız tərəfin tələbi əsasında tətbiq etməsini şərtləndirir.

70. Iş materiallarının təhlili göstərir ki, iddiaçı Niftəliyev Məhərrəm Qəzənfər oğlu məhkəməyə müraciət edərkən iddia tələbinin həcmini yalnız "alqı-satqı müqaviləsinin etibarsız hesab olunması" ilə məhdudlaşdırmışdır. Iddia ərizəsində və apellyasiya şikayətində əqdin etibarsızlığının nəticələrinin tətbiqi (ödənilmiş pul vəsaitinin qaytarılması) barədə müstəqil tələb irəli sürülməmişdir.

71. Kollegiya izah edir ki, əqdin etibarsız sayılması barədə qətnamə özlüyündə müqavilənin bağlandığı andan hüquqi qüvvəyə malik olmadığını təsbit edir. Lakin tərəflərin bu qətnamə əsasında bir-birinə verdiklərini geri alması (məsələn, pulun cavabdehdən məcburi qaydada tutulması) üçün ayrıca icraedici tələbin olması zəruridir. Iddiaçı tərəfindən restitusiyaya dair tələb irəli sürülmədiyindən, apellyasiya instansiyası məhkəməsi iddia hədlərindən kənara çıxaraq öz təşəbbüsü ilə restitusiyanın tətbiqi barədə qərar qəbul etməməli, yalnız iddia predmeti olan "etibarsız sayılma" tələbi ilə kifayətlənməlidir.

72. Bu hal iddiaçının gələcəkdə qanunla müəyyən edilmiş qaydada və müddətdə (Mülki Məcəllənin 354-cü maddəsinin məntiqinə uyğun olaraq) etibarsız sayılmış əqd üzrə verdiyi əmlakın və ya pulun qaytarılması barədə ayrıca iddia qaldırmaq hüququnu istisna etmir.

73. Yuxarıda göstərilənlərin nəticəsi olaraq kollegiya belə hesab edir ki, Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfin verdiyi apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir.

74. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.

75. Məhkəmə xərclərinə gəldikdə isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

76. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

77. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır;

78. -119.5-ci maddəsində qeyd edilir ki, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

79. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

80. Iş materiallarından görünür ki, iddiaçı Niftəliyev Məhərrəm Qəzənfər oğlu Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvüdür və müharibə veteranı vəsiqəsinə malikdir. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanununun 9.1.20-ci maddəsinə əsasən, müharibə veteranları məhkəmələrə verilən iddialar üzrə dövlət rüsumunu ödəməkdən azad olunurlar. Bu səbəbdən, iddiaçı həm birinci instansiya məhkəməsinə müraciət edərkən, həm də apellyasiya şikayəti verərkən dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

81. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildikdə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə alınır. Kollegiya müəyyən edir ki, apellyasiya şikayəti təmin edildiyi və iddia tələbi tam təmin olunduğu üçün, həm birinci instansiya məhkəməsində ödənilməli olan 100 (bir yüz) manat dövlət rüsumu, həm də apellyasiya şikayəti üzrə ödənilməli olan 50 (əlli) manat dövlət rüsumu, ümumilikdə isə 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumu cavabdeh X2 tutularaq dövlət büdcəsinə ödənilməlidir.

82. Kollegiya hesab edir ki, cavabdehin dövlət rüsumundan azad edilməsi üçün qanunla nəzərdə tutulmuş hər hansı əsas mövcud deyil. Bu səbəbdən də məhkəmə xərclərinin Mülki- Prosessual Məcəllənin 119.5-ci maddəsinin tələblərinə uyğun olaraq bölüşdürülməsi və rüsumun məhz cavabdeh tərəfindən ödənilməsi qanunauyğundur.

83. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:

84. - iddiaçı Niftəliyev Məhərrəm Qəzənfər oğlunun vəkili-nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli;

85. - Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzə yeni qətnamə çıxarılmalı;

86. - iddia tələbi təmin edilməli;

87. - Niftəliyev Məhərrəm Qəzənfər oğlu ilə X2 arasında "BMW" markalı, "745 minik" modelli, sedan tipli, WBAGL61020DM52237 ban nömrəli, "qara metallik" rəngli, **-BH-*** (hazırda isə **-BL-***) dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı nəqliyyat vasitəsinə dair ## ###### 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili Işlər Nazirliyinin X1 Idarəsində bağlanmış alqı-satqı müqaviləsi aldatma nəticəsində bağlandığı üçün bağlandığı andan etibarsız hesab edilməli;

88. - iddiaçı tərəfindən əqdin etibarsızlığının nəticələrinin (restitusiyanın) tətbiqi barədə müstəqil tələb irəli sürülmədiyi nəzərə alınaraq, məhkəmənin bu hissədə qərar qəbul etməməsi tərəflərə izah edilməli;

89. - iddia verilməsi ilə bağlı ödənilməli olan 100 (bir yüz) manat və apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilməli olan 50 (əlli) manat məbləğində dövlət rüsumu X2 tutularaq dövlət büdcəsinə ödənilməlidir.

90. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VIII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə.

Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Qanunun 5ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq

qət etdi:

Iddiaçı Niftəliyev Məhərrəm Qəzənfər oğlunun vəkili- nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzə yeni qətnamə çıxarılsın. Iddia tələbi təmin edilsin. Niftəliyev Məhərrəm Qəzənfər oğlu ilə X2 arasında "BMW" markalı, "745 minik" modelli, sedan tipli, WBAGL61020DM52237 ban nömrəli, "qara metallik" rəngli, **-BH-*** (hazırda isə **-BL-***) dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı nəqliyyat vasitəsinə dair ## ###### 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili Işlər Nazirliyinin X1 Idarəsində bağlanmış alqı-satqı müqaviləsi aldatma nəticəsində bağlandığı üçün bağlandığı andan etibarsız hesab edilsin. Tərəflərə izah edilsin ki, iddiaçı tərəfindən əqdin etibarsızlığının nəticələrinin (restitusiyanın) tətbiqi barədə müstəqil tələb irəli sürülmədiyi nəzərə alınaraq, məhkəmə bu hissədə qərar qəbul etmir. Iddia verilməsi ilə bağlı ödənilməli olan 100 (bir yüz) manat və apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilməli olan 50 (əlli) manat məbləğində dövlət rüsumu X2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Sənan Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar