Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-3/2026 02.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “Xalq Sığorta” ASC-nin cavabdeh Məmmədov Samir Əbülfət oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, qüvvə) Hakimlər İsayev Elman Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı “Xalq Sığorta” ASC-nin cavabdeh Məmmədov Samir Əbülfət oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, e-2(075)- 905/2025 nömrəli qətnaməsindən iddiaçı “Xalq Sığorta” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat:
1. İddiaçı “Xalq Sığorta” ASC cavabdeh Məmmədov Samir Əbülfət oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədov Samir Əbülfət oğlundan 750,00 (yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,00 (otuz) manat dövlət rüsumunun “Xalq Sığorta” ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı şirkət tələbini belə əsaslandırmışdır ki, 04.11.2023-cü il tarixində Bakı şəhəri, Binəqədi şossesində Şirkətləri tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyyətinin sığortası növü üzrə PXA2205847721 nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Ford Transit ” markalı, 77- HS-165 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Məmmədov Samir Əbülfət oğlu tərəfindən idarə edilərkən yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə Umarova Gülnaz Şamil qızı yüngül dərəcəli xəsarət almışdır. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən, Məmmədov Samir Əbülfət oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Səhiyyə nazirliyinin məhkəmə tibbi ekspertiza və pataloji anatomiya MTE və PA ETT birliyinin Ekspert rəyinə əsasən Umarova Gülnaz Şamil qızına sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurulmuşdur. “Xalq Sığorta” ASC tərəfindən iş üzrə PXA159722/23 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 750,00 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
3. Şəki Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, e-2(075)-905/2025 nömrəli qətnaməsi ilə (hakim Kamran Musayev) iddiaçı “Xalq Sığorta” ASC-nin cavabdeh Məmmədov Samir Əbülfət oğluna qarşı “pul tələbi”nə dair iddiasının təmin edilməməsi və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1 və 936.2-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddələrinə, İXM-in 327.2 və 332.1-ci maddəsinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: - PXA159722 saylı sığorta aktından görünür ki, Əliyev Vahid İsa oğluna məxsus Ford Transit markalı, 77 HS 165 dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində Umarov Gülnaz Şamil qızı yüngül dərəcəli xəsarət almış, ümumi ziyan məbləği 750 manat müəyyən edilmişdir. - 22.11.2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Umarov Gülnaz Şamil qızı yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrinin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir. - 07.11.2023-cü il tarixli AP 0147871 saylı İnzibati xəta haqqında protokoldan görünür ki, 04.11.2023-cü il tarixdə saat 06:00-da Ford markalı, 77 HS 165 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Məmmədov Samir Əbülfət oğlu İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən daxil olmuş məktubda qeyd edilmişdir ki, vətəndaş məmmədov Samir Əbülfə oğlu barəsində 2018- 2024-cü illər ərzində, həmçinin cari ilin 07 avqust tarixinədək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində hər hansı bir işə baxılmamışdır. - 20.02.2025-ci il tarixli 370900109498 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.
6. Qətnаmədən nаrаzı qаlаn iddiaçı “Xalq Sığorta” ASC аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı “Xalq Sığorta” ASC apellyasiya şikayətini belə əsaslandırmışdır ki, 04.11.2023cü il tarixində Bakı şəhəri, Binəqədi şossesində Şirkətimiz tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyyətinin sığortası növü üzrə PXA2205847721 nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Ford Transit ” markalı, 77- HS-165 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsiMəmmədov Samir Əbülfət oğlutərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə Umarova Gülnaz Şamil qızı yüngül dərəcəli xəsarət almışdır. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən, Məmmədov Samir Əbülfət oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Səhiyyə nazirliyinin məhkəmə tibbi ekspertiza və pataloji anatomiya MTE və PA ETT birliyinin Ekspert rəyinə əsasən Umarova Gülnaz Şamil qızına sağlamlığının qısa müddətdə pozlumasına səbəb olan yüngülzərər vurulmuşdur. “Xalq Sığorta” ASC tərəfindən iş üzrəPXA159722/23 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 750,00 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh hadisə yerindən yayındığından “İcbari sığortalar haqqında” Azərbaycan RespublikasıQanununun 63.1-ci maddəsinə əsasən subroqasiya hüququmuz yaranmış və cavabdehdən qarşı ödənilmiş 750 manatın qaytarılması barədə iddia qaldırılmışdır. İddia ərizəmizdə Cavabdeh Məmmədov Samir Əbülfət oğlundan 750,00 (yeddi yüz əlli) manatməbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,00 (otuz) manat dövlət rüsumunun “Xalq Sığorta” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarası xahiş edilmiş. lakin Şəki rayon məhkəməsi e-2(075)-905/2025 saylı 29.09.2025-ci il tarixli qətnamə ilə “Xalq Sığorta” ASC-nin cavabdeh Məmmədov Samir Əbülfət oğluna qarşı “pul tələbi”nə dair iddiasının təmin edilməsi və İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi barədə qətnamə çıxarmışdır. Hesab edir ki, çıxarılmış qətnamə əsaslı deyildir və qətnamə rədd edilərək yeni qətnamə çıxarılmalı tələb olunan məbləğin cavabdehdən tutularaq “Xalq Sığorta” ASC-yə ödənilməsi təmin edilməlidir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantıAraz Kazımlı tərəfindən qəbul edilmiş 22 noyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Umarova Gülnaz Şamil qızı yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə Azərbaycan RespublikasıCM-nin 263.1 və 263-1-ci maddələrinin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanmasırədd edilmiş, “Ford” markalı, 77- HS165 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Məmmədov Samir Əbülfət oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin DYPŞ-nə göndərilmişdir. lakin Binəqədi RPİ-nin DYPŞ-nin hər hansı qərarı çıxarmaması şəxsin təqsirli olmamasını sübuta yetirmir. İXM-nin 327.8-ci maddəsinin təsviri hissəsində isə İXM-nin 327.6-cı maddəsinində tərkibinin olması qeyd edilmişdir. İş üzrə tərəfimizdən təqdim edilmiş 22.11.2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar sübut kimi qiymətləndirilməmişdir. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, -İddiaçı tərəfindən cavabdehin baş vermiş yol nəqliyyat hadisəsi sonrasında hadisə yerindən yayınmasına dair hər hansı sübut təqdim edilməmiş, cavabdehin bu əsasla inzibati məsuliyyətə cəlb edilməsinə dair hər hansı qərar iş materiallarına əlavə edilməmişdir. Lakin məhkəmə iş üzrə əlavə etdiyimiz 22.11.2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın təsviri hissəsində qeyd olunan halları aydınlaşdırmamış, həmçinin tərəflərin verdiyi izaahatlarıda nəzərdən keçirməmişdir. Belə ki, Umarova Gülnaz Şamil qızı izahatında qeyd etmişdir- “mənə hara istəyirsən şikayət et dedi və oradan uzaqlaşdılar» və “hadisə zamanı həmin sürücü sizə kömək etdimi? sualına - xeyir etmədi - kimi cavab vermişdir. Bundan başqa Umarova Gülnaz Şamil qızı yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1 və 263-1-ci maddələrinin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. rədd edilmənin səbəbi olaraq şəxslərin barışmasını və şikayətin olmaması qeyd edilmişdir. Halbu ki iş materiallarında və rədd qərarının təsvirində zərərçəkənin bağışığı barədə heç bir ərizəsinin olması qeyd edilməmişdir. Əlavə olaraq qeyd etmək zəruri olardı ki, hadisə üzrə inzibati tənbeh vermə haqqında qərarın olmaması şəxsin əməli törətməməsi anlamına gəlmir. Şəxsin əməlində hadisə yerindən yayınmanın halları rədd qərarında öz əksini tapmışdır. Sonuncunun barəsində İnzibati tənbeh vermə qərarının verilməsi müvafiq orqanın səlahiyyətindədirki bu qərarın mütləq çıxarılmasına biz göstəriş verə bilmərik. Subroqasiya hüququ qanundan gələn tələbdir. Bu hüququn yaranması üçün qanunda İnzibati tənbeh vermə haqqında qərarın olmasının vacibliyi qeyd edilməmişdir. Bildiyimiz kimi “Yol hərəkəti haqqında” Azərbaycan Respubllikasının Qanununa görə yol-nəqliyyat hadisəsi baş verdikdə, sürücü ilk növbədə zərərçəkənlərə ilkin tibbi yardım göstərməli, «Təcili tibbi yardım» çağırmalı və hadisə yerindən qaçmamalıdır. O, öz şəxsiyyətini və nəqliyyat vasitəsinin qeydiyyat nömrəsini bildirməli, zərərçəkənlər təhlükəli xəsarət alıbsa, onları ən yaxın tibb müəssisəsinə aparmalı və ya öz avtomobili ilə aparmalıdır. O da məlumdur ki, “İcbari sığortalar haqqında” Azərbaycan RespublikasıQanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Maddələrin təsvirindən və şəxsin əməlinin təzahüründən aydındır ki sürücü hadisə yerindən yayınmışdır. Bunun üçün xüsusi bir qərarın çıxarılmasına zərurət yoxdur. Şəki Rayon Məhkəməsi tərəfindən qətnamədə cavabdehin hadisə yerindən yayınmasını təsdiq edən qərarın olmaması qeyd olunsada, hakim tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın təsviri və qərara aldım hissəsində İXM327.8-ci maddənin verilməsində cavabdehin əməlinin hansı inzibati xətanı törətməsidə aydınlaşdırılmamış və 22.11.2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın nəyə görə sübut kimi qiymətləndirilməməsi sübut edilməmişdir. Qeyd olunan hallarla bağlı təkrar qeyd etmək istərdi ki, 22.11.2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarının təsviri hissəsində qeyd olunmuş zərərçəkən şəxsin “mənə hara istəyirsən şikayət et dedi və oradan uzaqlaşdılar» və “hadisə zamanı həmin sürücü sizə kömək etdimi? sualına - xeyir etmədi - kimi cavabı cavabdehin hadisə yerindən yayınmasını təsdiq edən sənəd əlavə edilməmişdir ifadəsinə uyğun gəlmir və bu əsasla iddianın rədd edilməsi tamamilə əsassızdır.
8. Odur ki, Şəki Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, e-2(075)-905/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, cavabdeh Məmmədov Samir Əbülfət oğlundan 750,00 (yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,00 (otuz) manat dövlət rüsumunun “Xalq Sığorta” ASC-nin xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
12. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1 və 9.3. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1, 217.3 və 217.4. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Maddə 384.0.1. Apellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
15. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
20. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Apellyasiya şikayəti verən iddiaçı Şəki Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, e-2(075)-905/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddia ərizəsində göstərilən dəlillərini təşkil edirdi və birinci instansiyası məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
26. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı “Xalq Sığorta” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, e-2(075)-905/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı “Xalq Sığorta” ASC tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, e-2(075)-905/2025 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.