Məhkəmə qərarları › İş №2(3-6)-1000/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1000/2026

28.04.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1000/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “qaz xətti ilə təmin edilməsi üçün texniki şərtin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamədən iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, apellyatorun nümayəndəsi (qardaşı) X1 və cavabdeh Birliyin nümayəndəsi X3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən evin təbii qazla təchiz edilməsi üçün texniki şərtin verilməsindən cavabdeh Birliyin imtinasının qanunsuz hesab edilməsi və bu kimi texniki şərtin verilməsi öhdəliyinin cavabdeh Birliyin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən ev iddiaçı tərəfindən 2013-cü ildə inşa etdirilmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə həmin evdə fasiləsiz yaşayır. Ev elektrik enerjisi və içməli su ilə təchiz olunub, bununla bağlı iddiaçı ilə “xxxx” ASC və “İri şəhərlərin X2 Xidməti” PHŞ arasında müvafiq müqavilələr bağlanmış, həmin ünvana elektrik və su xətləri çəkilmişdir. Evin yerləşdiyi yaşayış massivi əvvəllər təbii qazla təchiz edilməsə də, sonradan cavabdeh Birlik tərəfindən həmin əraziyə qaz xətti çəkilmiş və iddiaçı evinin təbii qazla təchiz edilməsi məqsədi ilə Birliyə müraciət etmiş və Birlik tərəfindən iddiaçıya ##.##.2020ci il tarixli qaz xəttinin çəkilməsi barədə “razılaşma protokolu” təqdim edilmiş, lakin həmin dövrdə iddiaçının məzuniyyətdə olması səbəbindən yaşayış evinə qaz xətti çəkilməmişdir. Sonradan yaşayış evinin qazlaşdırılması ilə bağlı “ASAN Kommunal” mərkəzinə və cavabdeh Birliyə dəfələrlə müraciət etmiş, lakin cavabdeh Birlik tərəfindən ##.##.2025-ci il tarixli məktub ilə müraciətin təmin edilməsindən imtina olunmuşdur. Pirşağı qəsəbəsi üzrə icra nümayəndəliyinin təqdim etdiyi arayışla iddiaçının qeyd edilən yaşayış evində faktiki yaşaması təsdiq edilir. Pirşağı bələdiyyəsinin arayışlarından da görünür ki, iddiaçı istifadəsində olan torpaq sahəsi və yaşayış evinə görə vergi ödəyicisidir. Mübahisəli yaşayış evi uzun illərdir faktiki yaşayış obyekti kimi istifadə olunur, dövlət orqanları tərəfindən həmin ünvana kommunal xidmətlər göstərilir, cavabdehin özü tərəfindən ##.##.2020-ci il tarixdə qazlaşdırma ilə bağlı razılaşma protokolu təqdim edilmişdir. Hazırda iddiaçının faktiki istifadəsində olan yaşayış evinə qaz xəttinin çəkilməməsi və təbii qazdan istifadəsinin məhdudlaşdırılması onun hüquqlarının pozulmasına gətirib çıxarır. Odur ki, iddiaçı göstərilənləri nəzərə alaraq hazırkı iddia ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evi hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş özbaşına tikili sayılır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş qaydaların tələblərinə əsasən cavabdehin texniki şərtin verilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, qanunvericiliyin tələbinə əsasən yaşayış sahəsinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün həmin tikinti obyektinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edilməlidir. Özbaşına tikililərə isə mülkiyyət və digər əşya hüquqları mövcud olmur. Həmçinin, qanunvericilik birbaşa olaraq özbaşına tikililərə münasibətdə onların qazpaylayıcı şəbəkəyə qoşulmasını qadağan etmişdir. İddiaçının yaşadığı və iddia ərizəsində qeyd edilən tikili də özbaşına tikili olduğundan və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun olmasını təsdiq edən hüquqmüəyyənedici sənədlər olmadığından, həmin yaşayış sahəsinin qazpaylayıcı şəbəkəyə qoşulması qanunvericiliklə istisna olunur. c) apellyasiya şikayəti barədə məlumat

5. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

6. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi iddia ərizəsində qeyd edilənlər ilə yanaşı həmçinin o halı da nəzərə almamışdır ki, iddiaçıya məxsus evin ətrafında yerləşən evlər də özbaşına tikililərdir, lakin cavabdeh Birlik həmin evləri təbii qazla təchiz edir. d) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

7. İddiaçının nümayəndəsi (qardaşı) apellyasiya baxışı iclaslarında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa izahat verdi.

8. Cavabdeh Birliyin nümayəndəsi apellyasiya baxışı iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, əvvəllər Birlik özbaşına tikililəri təbii qaz ilə təchiz edirdi. Lakin hazırda “Qaz təchizatı haqqında” Qanunun və Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli, *** nömrəli qərarın tələbləri buna imkan vermir. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.

10. Belə ki, Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Pirşağı kəndi üzrə ərazi nümayəndəliyinin və Bakı Şəhəri Pirşağı bələdiyyəsinin verdikləri müvafiq arayışlardan görünür ki, iddiaçı tərəfindən 2013-cü ildə inşa etdirilmiş tikili Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində yerləşir, lakin tikilinin hüquqmüəyyənedici sənədi yoxdur. Buna baxmayaraq iddiaçı torpaqdan və tikilidən istifadəyə görə müvafiq vergiləri ödəyir.

11. İşdə olan sənədlərdən görünür ki, iddiaçının inşa etdirdiyi və yaşayış evi kimi istifadə etdiyi özbaşına tikili “xxxx” ASC tərəfindən elektrik enerjisi ilə, “İri şəhərlərin X2 Xidməti” PHŞ tərəfindən isə içməli su ilə təchiz edilir və bununla bağlı iddiaçı ilə həmin Təşkilatlar arasında müvafiq müqavilələr bağlanmış, həmin Təşkilatlar tərəfindən evdə müvafiq sayğaclar da quraşdırılmışdır.

12. Cavabdeh Birlik tərəfindən iddiaçıya verilmiş ##.##.2020-ci il tarixli, AK-*/****-** nömrəli “razılaşma protokolundan” görünür ki, iddiaçıya məxsus tikilinin qazlaşdırılması prinsip etibarilə mümkündür.

13. Cavabdeh Birlik tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli, **-*- */*-F-****-*/**** saylı məktubdan görünür ki, “Qaz təchizatı haqqında” Qanunun ##.##.2023cü il tarixindən qüvvəyə minmiş dəyişikliyə istinad edilməklə iddiaçının yaşadığı ünvanına qaz xəttinin çəkilməsi və evin təbii qazla təchiz edilməsi məqsədi ilə texniki şərtin verilməsi qeyri-mümkündür.

14. Beləliklə, iş üzrə müəyyən edilmiş hallardan görünür ki, dövlət orqanları uzun müddət ərzində mübahisəli yaşayış evinin faktiki mövcudluğunu qəbul etmiş, həmin obyekti kommunal infrastruktura inteqrasiya etmiş, kommunal xidmətlər göstərmiş, vergi ödənişlərini qəbul etmişdir. Buna baxmayaraq cavabdeh Birlik həmin tikilini təbii qazla təchiz edilməsi üçün texniki şərtin verilməsindən imtina edir.

15. Məhkəmə hesab edir ki, dövlət orqanlarının uzun müddət ərzində faktiki yaşayış obyekti kimi qəbul etdiyi, kommunal infrastruktura inteqrasiya etdiyi, istifadəsinə etiraz etmədiyi və qazlaşdırılması ilə bağlı ilkin razılıq verdiyi tikiliyə münasibətdə sonradan yalnız formal hüquqi status əsas gətirilməklə Birliyin həmin tikilinin təbii qazla təchiz edilməsi üçün texniki şərtin verilməsindən imtina etməsi iddiaçının həmin tikiliyə münasibətdə yaranmış legitim gözlənti hüququnun pozulmasına səbəb olur.

16. Azərbaycan Respublikası “Qaz təchizatı haqqında” Qanununun 13.10-1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcminin alınması Qaydası”na əsasən qazpaylayıcı şəbəkəyə qoşulma müəyyən sənədlərin təqdim olunması ilə həyata keçirilir.

17. Bununla belə Məhkəmə hesab edir ki, həmin normalar tətbiq edilərkən işin konkret faktiki halları, tərəflərin hüquqi vəziyyəti və proporsionallıq prinsipi nəzərə alınmalıdır. Qanunun formal tətbiqi nəticəsində şəxsin uzun illər formalaşmış yaşayış və kommunal təminat münasibətlərinə həddindən artıq müdaxiləyə yol verilməsi hüquqi dövlət prinsipinin mahiyyəti ilə uzlaşmır.

18. Məhkəmə qeyd edir ki, şəhərsalma intizamının təmin edilməsi və özbaşına tikililərin qarşısının alınması dövlətin legitim məqsədi hesab olunsa da, uzun illərdir faktiki yaşayış obyekti kimi istifadə olunan, dövlət tərəfindən kommunal sistemlərə qoşulmuş və faktiki olaraq yaşayış obyekti kimi qəbul edilmiş tikiliyə münasibətdə tətbiq olunan məhdudiyyət həmin məqsədlə müqayisədə aşkar qeyri-proporsional xarakter daşımamalıdır.

19. Hazırkı iş üzrə cavabdehin imtinası ilə qorunmağa çalışılan ictimai maraqla iddiaçının uzun illər formalaşmış yaşayış şəraiti və kommunal təminat münasibətlərindən irəli gələn hüquq və mənafeləri arasında ədalətli balans təmin edilməmişdir.

20. Məhkəmə həmçinin nəzərə alır ki, iş materiallarında olan məlumatlardan yaşayış massivində yerləşən digər fərdi yaşayış evlərinin cavabdeh tərəfindən qazlaşdırıldığı müəyyən edilir. Cavabdeh isə yalnız iddiaçının istifadəsində olan yaşayış evinə münasibətdə texniki şərtin verilməsindən imtinanın obyektiv və əsaslandırılmış səbəblərini məhkəməyə təqdim etməmişdir.

21. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərin görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları deyil, həmçinin həmin sübutların qarşılıqlı əlaqəsini və məcmusunu qiymətləndirməlidir. Məhkəmə hər bir sübutu onun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirməlidir (maddələr 14 və 88).

22. Rayon Məhkəməsi isə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirməmiş, cavabdehin ##.##.2020-ci il tarixli AK-*/****-** nömrəli razılaşma protokoluna, dövlət kommunal sistemlərinə uzunmüddətli inteqrasiyaya, iddiaçının faktiki yaşayış vəziyyətinə və formalaşmış legitim gözləntisinə lazımi hüquqi qiymət verməmişdir.

23. Rayon Məhkəməsi mübahisəni yalnız tikilinin formal hüquqi statusu prizmasından qiymətləndirməklə kifayətlənmiş, lakin iş üzrə formalaşmış faktiki hüquq münasibətlərini, dövlət orqanlarının uzunmüddətli davranışını, iddiaçıda yaranmış legitim gözləntini və tətbiq edilən məhdudiyyətin proporsionallığını qiymətləndirməmişdir.

24. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının tələbi əsaslı olduğundan, Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. f) apellyasiya baxışının nəticəsi

25. Beləliklə də apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdeh Birliyə qarşı irəli sürülmüş iddia əsaslıdır. Rayon Məhkəməsi həmin iddia tələbini təmin etməməklə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır və formal mülahizə xarakteri daşımır.

26. Odur ki şərh olunanları, MPM-in 384 və 385-ci maddəsinin tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Rayon məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

27. Buna görə də, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı iddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən və iddiaçı İddiaçı istifadəsində olan və yaşayış evi kimi istifadə edilən tikilinin təbii qazla təchiz edilməsi üçün texniki şərtin verilməsi öhdəliyi cavabdeh Cavabdeh İstehsalat Birliyinin üzərinə qoyulsun. Cavabdeh Cavabdeh İstehsalat Birliyi hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar