Məhkəmə qərarları › İş №2(3-6)-1046/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1046/2026

21.04.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1046/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 oğlundan ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı İddiaçı, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X4 Agentliyinin Bakı filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı məxsus *************** saylı abonentin saldosundan görünür ki, cədvəlin “qalıq və aktlar” bölməsində abonentin 2019-cu ilin yanvar ayı üzrə 1.645,40 manat borcu, dekabr ayı üzrə 885,60 manat borcu, 2020-ci ilin yanvar ayı üzrə 295,20 manat, 2020-ci ilin fevral ayı üzrə 295,20 manat, 2020-ci ilin mart ayı üzrə 236,20 manat, 2022-ci ilin fevral ayı üzrə 518,40 manat borcu mövcud olmuşdur.

2. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, baxış zamanı sayğacdan kənar qeyri-qanuni xətt aşkar olunub. Cavabdeh İB-nin ##.##.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 8.856 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır.

3. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, baxış zamanı sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar olunub. Cavabdeh İB-nin ##.##.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.520 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır.

4. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, sayğacdan kənar qeyriqanuni birləşmə ilə təbii qazdan istifadə edildiyi aşkar olunub. Cavabdeh İB-nin ##.##.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.952 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır.

5. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan sayğacsız istifadə mövcuddur. Cavabdeh İB-nin ##.##.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.362 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır.

6. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli ##.##.2022-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında quraşdırılmış *********** nömrəli mexaniki “Zenner G-4” tipli qaz sayğacı çıxarılaraq, *********** nömrəli “Zenner G4” tipli qaz sayğacı ilə əvəz edilmişdir.

7. Qaz sayğacının yoxlanılması barədə MSK-**/****-*****-* saylı ##.##.2022-ci il tarixli aktın surətindən görünür ki, ******** №-li plomb kəsilərək G-4 SM/0138 qutu açıldı. Sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, **/****-*****-* nömrəli rəyə əsasən sayğaca baxış keçirilib. Sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 (abonent kodu: 100728837600000) ünvanı üzrə yazılmış 5.000 manat borcun silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 (abonent kodu: 100728837600000) ünvanında yaşayır. Həmin mənzildə yerləşən sayğac iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdeh İstehsalat Birliyinin nümayəndələri tərəfindən həmin yaşayış evində yoxlama apararkən akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, güya iddiaçı sayğaca müdaxilə etmişdir və ona görə iddiaçıya haqsız yerə cərimə borcu yazılmışdır. Bir müddət sonra iddiaçı qaz kartına yüklədiyi puldan tutulmaların olduğunu görüb. Hesab edir ki, ona yazılmış borc qanunsuz və əsassızdır.

10. ## ####### 2025-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış mütəxəssis rəyindən görünür ki, ##.##.2022-ci il tarixə qədər “Azəriqaz" İB tərəfindən tərtib edilmiş 6 akt əsasında cavabdehə hesablanmış 3.876 manat borc məbləğinin düzgünlüyü haqqında rəy vermək mümkün deyil. Dəymiş ziyanın məbləği kimi iddiaçının abonent hesabına daxil edilmiş borc məbləğlərindən heç bir ödəniş olmamışdır.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddianın qismən təmin edilməsi, iddiaçı İddiaçı (abonent kodu: 100728837600000) cavabdeh Cavabdeh İB tərəfindən 2019-cu ilin yanvar ayı üçün hesablanmış 1.645,40 manat borcdan 1.235 manat borc məbləği, 2019-cu ilin dekabr ayı üçün hesablanmış 885,60 manat borcdan 475,2 manat borc məbləği, 2020-ci ilin yanvar ayından aprel ayınadək hesablanmış 885,6 manat borcdan 475,2 manat borc məbləği, 2022-ci ilin fevral ayı üçün hesablanmış 518,40 manat borc məbləği, cəmi qeyd edilmiş dövrlərə aid 2.703,8 borc məbləğinin silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, 47,04 manat dövlət rüsumunun cavabdeh Cavabdeh İB-dən dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, mütəxəssis rəyində borcun hesablanılmasının düzgün aparılmadığı qeyd edilsə də, qaz xəttinə müdaxilə (kənar xəttin mövcudluğu) öz təsdiqini tapdığından, iddia tələbləri qismən təmin edilərək, iddiaçıya hesablanmalı borcun məbləği müəyyən edilməlidir.

13. Mövcud qaydalara əsasən cavabdeh təşkilat tərəfindən ən azı 3 ayda 1 dəfə yoxlanılmalı aparılmalı olduğundan, iddiaçıya hesablanmalı borc 90 gün (3 ay) müddətinə hesablanmalıdır. Qaz xəttinə kənar qoşulma halında bu cihazlar üzrə 1 ədəd dörd gözlü qaz peçi üçün 1,2 m3 saatlıq qaz sərfi, 1 ədəd kombi üçün saatlıq 2.6 m3 üzrə hesablanmalıdır. Hər cihaz üçün 12 saat orta günlük iş rejimi və 90 gün hesabat müddəti nəzərə alındıqda ümumi qaz sərfiyyatı 4.104 m3 təşkil edir. (12x90x1,2 m3=1.296 m3 , 12x90x2.6 m3=2.808 m3 ). Həmin qaz sərfiyyatına görə ödənilməli məbləğ 410,4 manat təşkil edir. Belə ki, həmin dövrdə 1 m3 qaz sərfiyyatı üçün ödəniş 0,10 manat müəyyən edilmişdir. Hesablanmış borc faktiki istifadə ilə əlaqədar sayğacdan keçən (faktiki sərfiyyatla bağlı sayğacın qeydiyyata aldığı) qaz sərfiyyatı olmadığından, limitlərin nəzərə alınması məqsədəuyğun deyil. Belə ki, limitlərin tətbiqi sayğacdan keçən (sayğacın qeydə aldığı) sərfiyyatın ödənilməsi üçün tətbiq olunan hesablama və ödəniş qaydasıdır, 90 gün üçün gündəlik 12 saatlıq qaz sərfiyyatı isə - faktiki istifadə ilə əlaqəli olmamaqla, qaz xəttinə müdaxilə zamanı dəymiş ziyanın hesablanması üsuludur. Buna görə də hesablanmış qaz həcmi tarif üzrə müəyyən edilmiş 1 m3 qaz sərfiyyatına görə 0.10 manat olmaqla hesaba alınmalıdır. Bununla da üç aylıq müddət üçün ödənilməli məbləğ 410,4 manat olmalıdır.

14. Məhkəmə müəyyən etmişdir ki, 2019-cu ilin yanvar ayında borc hesablandığından, 2018ci ilin noyabr, dekabr ayları, 2019-cu ilin yanvar ayları üzrə üç aylıq müddətə görə hesablanmalı borc 410,4 manat kimi qiymətləndirilərək, 2019-cu ilin yanvar ayında hesablanmış 1.645,40 manat borcun 1.235 manat hissəsi silinməlidir (1.645,40- 410,4=1.235).

15. Daha sonra 2019-cu ilin dekabr ayında borc hesablandığından, 2019-cu ilin oktyabr, noyabr, dekabr ayları üzrə üç aylıq müddətə görə hesablanmalı borc 410,4 manat kimi qiymətləndirilərək, 2019-cu ilin dekabr ayı üçün hesablanmış 885,60 manat borcun 475,2 manat hissəsi silinməlidir (885,6-410,4=475,2).

16. Ardıcıl olaraq 2020-ci ilin yanvar, fevral, mart aylarında hər ay 295,20 manat olmaqla, 2020-ci ilin yanvar ayından həmin ilin aprel ayınadək abonentə cəmi 885,6 manat borc hesablanmışdır. Bu üç ardıcıl ay üzrə hesablanmalı borc 410,4 manat kimi qiymətləndirilərək, 2020-ci ilin yanvar ayından həmin ilin aprel ayınadək olan dövr üçün hesablanmış 885,6 manat borcun 475,2 manat hissəsi silinməlidir (885,6- 410,4=475,2).

17. Abonentə 2022-ci ilin fevral ayında sayğaca müdaxilə əsası ilə 518,40 manat borc hesablanmışdır. Bu borcla bağlı məhkəmə qeyd etmişdir ki, sayğaca müdaxilə ilə bağlı hallar cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, qeyd olunan hissədə iddia təmin edilərək, iddiaçıya 2022-ci ilin fevral ayı üçün hesablanmış 518,40 manat silinməlidir.

18. İddiaçının mübahisəli ünvanda az yaşaması, hasarın daxilində kənar xətt olmasına baxmayaraq, ondan istifadənin olmaması; həmçinin, istiliyi əlavə olaraq odun peçi və kondisioner vasitəsilə təmin etməsinə dair dəlillərinə gəldikdə məhkəmə qeyd eetmişdir ki, qeyd olunan hallara dair müvafiq sübutlar təqdim edilmədiyindən, bu dəlillər əsaslı hesab edilmir.

19. Məhkəmə gəldiyi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə, 13-cü maddəsinin 8-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan İstifadə Qaydaları”nın 1.3, 1.4, 4.1, 4.2, 4.8, 6.5-1, 6.5-2, 6.5-3, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 77.2, 88, 119.1, 119.2 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

20. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı İddiaçı aid olan 100728837600000 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyriqanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyanhəcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlumməsələdi ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

23. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

24. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, bir həyətdə iddiaçının özünün, bacısının və qardaşının evləri yerləşir. Qaz xəttinə sayğacdan kənar qoşulan xətdən iddiaçının qardaşının evinə qaz verilmişdir.

25. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu

26. Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

27. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.

28. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

29. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlər və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

30. Maddə 13.8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru qanunsuz xətti dərhal qaz şəbəkəsindən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”

31. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir.

32. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

33. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.

34. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.

35. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

36. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

37. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

44. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

46. Göründüyü kimi sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir.

47. İddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi nəticəsində təbii qazdan sayğacdan kənar istifadə edilməsi işin mübahisəsiz halıdır.

48. Məhkəmə iclasında iştirak edən iddiaçı və üçüncü şəxsin nümayəndəsi izahatlarında bildirmişlər ki, sayğacdan kənar qoşulma eyni həyətdə yaşayan iddiaçının qardaşına məxsus evdə olmuşdur.

49. Kollegiya bu dəlilə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı və üçüncü şəxs tərəfindən mübahisələndirilməmiş, qeyd edilən hal birinci instansiya məhkəməsi tərəfindən aparılan araşdırma zamanı müəyyən ediməmişdir.

50. İstehlakçı tərəfindən işlədilən cihazların siyahısına 1 ədəd dörd gözlü qaz peçi (PQ-4), 1 ədəd kombi qızdırıcısı daxildir. Cavabdeh tərəfindən ən azı 3 ayda 1 dəfə yoxlanılmalı aparılmalı olduğundan, iddiaçıya hesablanmalı borc 90 gün (3 ay) müddətinə hesablanmaqla birinci instansiya məhkəməsi haqlı olmuşdur.

51. Qaz xəttinə kənar qoşulma halında bu cihazlar üzrə 1 ədəd dörd gözlü qaz peçi üçün 1,2 m3 saatlıq qaz sərfi, 1 ədəd kombi üçün saatlıq 2.6 m3 üzrə hesablanmalıdır. Hər cihaz üçün 12 saat orta günlük iş rejimi və 90 gün hesabat müddəti nəzərə alındıqda ümumi qaz sərfiyyatı 4.104 m3 təşkil edir (12x90x1,2 m3=1.296 m3, 12x90x2.6 m3=2.808 m3). Həmin qaz sərfiyyatına görə ödənilməli məbləğ 410,4 manat təşkil edir. Həmin dövrdə 1 m3 qaz sərfiyyatı üçün ödəniş 0,10 manat müəyyən edilmişdir.

52. Hazırda cavabdeh aktlar üzrə hesablanmış borcların tam şəkildə ödənilməsini tələb edir.

53. Kollegiya hesab edir ki, təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində cavabdehə dəymiş zərər cavabdeh tərəfindən düzgün hesablanmamışdır.

54. İş materiallarından da göründüyü kimi, iddiaçıya 2019-cu ilin yanvar ayı üzrə 1.645,40 manat, dekabr ayı üzrə 885,60 manat, 2020-ci ilin yanvar ayı üzrə 295,20 manat, 2020-ci ilin fevral ayı üzrə 295,20 manat, 2020-ci ilin mart ayı üzrə 236,20 manat, 2022-ci ilin fevral ayı üzrə 518,40 manat, 2022-ci fevral ayı üzrə 518,40 manat borc hesablanmışdır.

55. Birinci instansiya məhkəməsi iddiaçıya 2019-cu ilin yanvar ayında borc hesablandığından, 2018-ci ilin noyabr, dekabr ayları, 2019-cu ilin yanvar ayları üzrə üç aylıq müddətə görə hesablanmalı borcu 410,4 manat kimi qiymətləndirilərək, 2019-cu ilin yanvar ayında hesablanmış 1.645,40 manat borcun 1.235 manat hissəsi silməkdə haqlı olmuşdur (1.645,40-410,4=1.235).

56. Daha sonra məhkəmə bu istiqamətdə davam edərək, 2019-cu ilin dekabr ayında borc hesablandığından, 2019-cu ilin oktyabr, noyabr, dekabr ayları üzrə üç aylıq müddətə görə hesablanmalı borc 410,4 manat kimi qiymətləndirilərək, 2019-cu ilin dekabr ayı üçün hesablanmış 885,60 manat borcun 475,2 manat hissəsini silmişdir. (885,6-410,4=475,2).

57. Ardıcıl olaraq 2020-ci ilin yanvar, fevral, mart aylarında hər ay 295,20 manat olmaqla, 2020ci ilin yanvar ayından həmin ilin aprel ayınadək abonentə cəmi 885,6 manat borc hesablanmışdır. Bu üç ardıcıl ay üzrə hesablanmalı borc 410,4 manat kimi qiymətləndirilərək, 2020-ci ilin yanvar ayından həmin ilin aprel ayınadək olan dövr üçün hesablanmış 885,6 manat borcun 475,2 manat hissəsi silinmişdir (885,6- 410,4=475,2).

58. Abonentə 2022-ci ilin fevral ayında sayğaca müdaxilə əsası ilə 518,40 manat borc hesablansa da, qeyd edilən halı təsdiq edən hər hansı sübut nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında cavabdeh tərəfindən təqdim edilməmişdir.

59. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Hazırki halda cavabdeh birinci instansiya məhkəməsi tərəfindən borcun düzgün hesablanmaması apellyasiya şikayətində qeyd edilsə də, cavabdeh bununla hər hansı mötəbər dəlil göstərməmişdir.

61. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas deyildir.

62. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar