Məhkəmə qərarları › İş №2(3-6)-1118/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1118/2026

04.06.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1118/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 cavabdeh Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: borcun tutulması Hakimlər X11 (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 nümayəndəsi X3, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Müəssisə qismində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 (bundan sonra iddiaçı) və istehlakçı qismində Cavabdeh göstərilən ##.##.2025-ci il tarixli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı ünvan 1 ünvanı üzrə abonent kimi (************* nömrəli abonent kodu) qeydə alınmış cavabdehi onun tələbatına uyğun içməli su ilə təmin etməyi və tullantı suların fasiləsiz qəbulunu həyata keçirməyi, cavabdeh isə istifadə etdiyi içməli suyun və axıdılmış tullantı suların həcminə uyğun ödəniş etməyi barədə üzərinə öhdəlik götürmüşdür. Müqavilədə cavabdehin ailə tərkibi 8 nəfər göstərilmişdir. Həmin müqavilə iddiaçı tərəfindən imzalansa da, cavabdeh tərəfindən imzalanmamış, sadəcə “istehlakçı” hissəsində cavabdehin soyadı və adı göstərilmişdir.

2. Abonent kartına əsasən ##.##.2006-cı il tarixli ******** saylı müqavilə üzrə abunə kodu 1004103100000 olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ağsaray küçəsi, ev 31 ünvanı üzrə ailə tərkibi 8 nəfərdən ibarət olan abonent Cavabdeh ##.##.2025-ci il tarixinə 3.892,78 manat, 2025-ci ilin sentyabr tarixinə 4.005,78 manat borcu var.

3. Ətraflı abonent kartına əsasən ##.##.2007-ci il tarixli ******** saylı müqavilə üzrə abunə kodu 1004103710000 olan ünvan 7 ünvanı üzrə abonent Cavabdeh ##.##.2026-cı il tarixinə 2.859,87 manat borcu var.

4. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Binəqədi rayon Sukanal İdarəsinin hesab Fakturasına əsasən müqavilə nömrəsi 11758412, abonent kodu 1004103710000, ailə tərkibi isə 5 nəfər olan Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, X6 qəsəbəsinin, Ağsaray küçəsi, ev 37/A ünvanı üzrə su təchizatı və tullantı suların axıdılmasına görə ##.##.2026-cı il tarixə 2.859,87 manat məbləğində borcu vardır.

5. Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 cavabdeh Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 3.892,78 manat borcun (abonent kodu: 1004103100000) və 58,93 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdeh Cavabdeh (abonent kodu: 1004103100000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə ##.##.2025-ci il tarixinə 3.892,78 manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə ##.##.2025ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə iddiaçı “İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti” X1 cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

9. Cavabdeh Cavabdeh məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, o, iddiaya etiraz edir, su təchizatı xidməti (STX) ilə onun arasında heç bir hüquqi öhdəlik yoxdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan alqı-satqı müqaviləsi birtərəfli bağlanaraq onun imzası olmadan saxtalaşdırılmışdır. O, 2004-cü ildən 2024-cü ilə qədər qeydiyyatda olduğu ünvanda yaşamamışdır. Onun tərəfindən həyətinə su xətti verilməsi üçün ərizə ilə STX-nə müraciət edilməyib. 2006-cı ildən indiyə qədər STX tərəfindən onun həyətinə qanunsuz su xəttinin qoşulması aşkarlanmayıb və akt tərtib olunmayıb. Ailə tərkibi haqqında STX-nə arayış verilməyib. Buna baxmayaraq, STX tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2014-cü il tarixli qərarında göstərilən hallar pozularaq onun ailə tərkibinin sayını 8 nəfər göstərməklə borc hesabı şişirdilmişdir. Əslində əhalinin su ilə təmin olunması haqqındakı qanunda vətəndaş ailə tərkibi haqqında arayışı təqdim etmədiyi halda statistika idarəsinin təyin etdiyi orta statistik ailə tərkibi sayı götürülür. 2006-cı ildən Bakı şəhəri üzrə orta statistik ailə tərkibi sayı 4 nəfər müəyyənləşdirilmişdir. Buna baxmayaraq, ailə tərkibi sayı iki qat göstərilmişdir. 2004-cü ildən 2025-ci ilə qədər onun su təchizatı xidmətinə su xətti çəkilməsi barədə heç bir müraciəti olmayıb. Belə ki, STX ilə onun arasında o zaman məsuliyyət olar ki, 2006-ci ildə onun həyətində qeyri-qanuni su xətti aşkarlansın. Eyni zamanda əgər ərizə ilə müraciət edib su xətti çəkdirdiyi və onun istifadəsinə görə ödəniş etmədiyi halda məsuliyyət daşıya bilərdi. Bu halların heç biri olmadığına görə STX-nin iddiasını qəbul etmir. Əlavə olaraq bildirir ki, 1 ay ərzində istifadə edilən suyun ödənişi edilmədiyi halda dərhal su xəttinin dayandırılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi qərarın 2.1.9.1-ci maddəsində göstərilmişdir. Bunun əksinə olaraq, su təchizatı xidməti ona heç bir xəbərdarlıq etmədən, müqavilə bağlamadan, qanunsuz su xətti aşkarlanması aktı olmadan su xətti barədə texniki şərt olmadan, ailə tərkibi haqqında arayış verilmədən onun adına kod açılaraq 19 il üçün borc hesablamaları və onu borclu göstərmələri bütün qanunlara ziddir və onun hüququnu pozmalı deməkdir.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 3.892,78 manat borc (abonent kodu: 1004103100000) və 58,93 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 xeyrinə tutulmuşdur. (hakim X4)

11. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdeh Cavabdeh (abonent kodu: 1004103100000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. ##.##.2025-ci il tarixli abonentin ödəniş kartına əsasən ##.##.2006-cı il tarixli ******** saylı xidməti müqavilə üzrə cavabdeh Cavabdeh 3.892,78 manat borcu yaranmışdır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətlərinə görə ödənişləri vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Göründüyü kimi, tərəflər arasında müqavilə bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, sudan istifadə və çirkab sularının axıdılması ilə bağlı yaranmış borcu müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli və cavabdehdən 3892,78 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir.

12. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab etmişdir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 389.1-ci, 390.1-ci, 425-ci, 442-ci, 443.1-ci, və 448.1-ci, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu, 61-62-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76-77-ci, 88-ci, 119.1-ci, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2014-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan İstifadə Qaydaları”nın 4.1-ci, 7.4-cü bəndlərinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh Cavabdeh qətnamədən şikayət verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə (1-ci, 15- 16-cı bəndləri) ##.##.2006-cı il tarixli, ******** nömrəli müqavilənin varlığı abonent kartı ilə əsaslandırılır və tərəflər arasında öhdəliklərin yarandığı qəbul edilir. Lakin o, etirazında (5ci bənd) müqavilənin birtərəfli bağlandığını, imzası olmadığını və saxtalaşdırıldığını bildirir. Məhkəmə müqavilənin orijinalını, imzanı və ya bağlanma faktını sübut etməyib. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci və 389.1-ci maddələrinə əsasən öhdəliklər müqavilə əsasında yaranır və müqavilə tərəflərin razılığı ilə olmalıdır. Əlavə olaraq bildirir ki, məhkəmə sübut yükünü iddiaçıya qoymayıb, yalnız iddiaçının abonent kartına əsaslanıb. Qətnamədə (15-ci və 17-ci bəndlərinə əsasən) xidmətin göstərildiyi abonent kartı ilə əsaslandırılır, amma iddiaçının nümayəndəsi (6-cı bənd) yerli baxış edə bilmədiyini, qapının bağlı olduğunu və sayğac olmadığını bildirir. O, (5-ci, 7-ci bəndləri) 2004-2024-cü illərdə ünvanda yaşamadığını, su xətti çəkilmədiyini və qanunsuz qoşulma aktı olmadığını qeyd edir. “Su təchizatı vətullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 61-ci maddəsinə əsasən müqavilə olmasa da, ödəniş istifadə faktına əsaslanır (yaşayış, icarə və ya digər istifadə). Lakin məhkəmə istifadə faktını sübut etməyib, yerli baxış, şahid ifadələri və ya texniki akt yoxdur. “Sudan istifadə Qaydaları”na əsasən arayış verilməyibsə, hesablama ölkə üzrə orta statistik ailə tərkibinə (4 nəfər) uyğun aparılmalıdır. Məhkəmə bunu nəzərə almayıb, borcu şişirdilmiş qəbul edib. Borc məbləği şişirdilmiş, yenidən hesablama tələb olunur. Borc 8 nəfər ailə tərkibinə əsasən hesablanıb, lakin o, arayış verməmişdir. Qaydalara əsasən arayış yoxdursa orta statistik say (4 nəfər) götürülməlidir. Bu, borcu şişirdib və bu qanun pozuntusudur. Əlavə olaraq qətnamədə (9-cu bənd) yalnız ##.##.2025-ci il xəbərdarlıq məktubu qeyd edilir, amma 19 il ərzində su kəsilməyib, lakin borc ödənilməyibsə, suyu kəsilməli idi. Borc bir ay ödənilmədikdə tədbirlər görülməlidir (kəsmə daxil). Suyun kəsilməməsi xidmətin göstərilmədiyini və ya qanunsuz olduğunu göstərir. Məhkəmə bunu araşdırmayıb, MPM 88-ci maddənin tələblərini pozub. Yəni suyun uzun müddət kəsilməməsi borcun əsassızlığını sübut edir. Eyni zamanda məhkəmə onun etirazlarını nəzərə almayıb, yalnız iddiaçının materiallarına əsaslanıb.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin və etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə heç bir müqavilə bağlamayıb. Torpaq sahəsi ona müharibə iştirakçısı olduğu üçün verilib. Orada heç kim yaşamayıb, özü də Zığ qəsəbəsində yaşayırdı. İddiaçının işçiləri də ünvanda heç kimin olmadığını qeyd edir. Heç bir kommunal xidmətlə bağlı müqavilə yoxdur. Abonent kartı onun iştirakı olmadan iddiaçı tərəf özü açıb. Ailə tərkibinə görə arayış təqdim etməmişdir. Həmin ünvanda su xətti belə yoxdur. İddiaçının işçiləri evə gələn su xəttini göstərə bilməzlər. Sudan istifadəyə görə borc hesablanmış ünvanda sudan heç vaxt istifadə olunmayıb. O ünvanda sadəcə qeydiyyata düşmüşdür. Evdə sanitar qovşaq yoxdur. Sudan istifadəyə görə pul ödəməmişdir. 2025-ci ildən orada yaşamağa başlamış və ilk öncə qonşunun həyətində olan su xəttindən istifadə etmişdir. Həyətə heç kim gəlib baxış keçirməyib. Ona 2025-ci ilin sonunda borcla bağlı bildiriş gəlib, orada borc 2.740,87 manat, ailə tərkibi 5 nəfər qeyd olunub. Qətnamədə ünvan fərqli olsa da, abonent kodu eynidir. Zığ qəsəbəsində yaşadığı ev qayınanasın adınadır. İddiaçı özü də bildirir ki, ünvana gələn zaman qapı bağlı olub. Su xəttinin texniki şərti ilə bağlı sənəd mövcud deyil. Onun Ağsaray küçəsi, ev 31 ünvanında evi yoxdur.

18. Məhkəmə iclasında iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməmiş və abonentlə həm əvvəl, həm də 2025-ci ildə müqavilə bağlandığını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

20. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinin 2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər; 5-ci maddəsinin 3-cü bəndinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 24-cü maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisələri öz xidməti zonası hüdudlarındakı istehlakçılardan su təchizatı sisteminə qanuni əsaslarla qoşulmalarını, hər hansı qanunsuz və ya müəyyən olunmuş norma, qayda və tələblərə uyğun gəlməyən qoşulmanın ləğv olunmasını, su təchizatı xidmətlərinin göstərilməsi üçün zəruri işlərin görülməsini və su təsərrüfatı pasportunun tərtib edilməsini rəsmi qaydada tələb edə bilər; 26-cı maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə su təchizatı müəssisəsi istehlakçının su təchizatını dayandıra bilər; 28-ci maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi, istehlakçını mütləq qaydada xəbərdar etmək şərti ilə bu Qanunda nəzərdə tutulmuş hallarda su təchizatını dayandırır; 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 31-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Su təchizatı müəssisəsi bütün quraşdırılmış suölçən cihazların hesabatını aparmalıdır. Su təchizatının düzgün ölçülməsini və qeydiyyatını təmin etmək məqsədi ilə suölçən cihazın yerinin dəyişdirilməsi, təmiri, çıxarılması, quraşdırılması, onun fəaliyyətinə mane olan amillərin aradan qaldırılması və ya hər hansı digər işlər su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi tərəfindən və ya onun iştirakı ilə aparılır. İstehlakçının suölçən cihazın dəqiqliyinin yoxlanılması üçün su təchizatı müəssisəsinə yazılı şəkildə müraciət etmək hüququ var. Su təchizatı müəssisəsi müraciət daxil olduğu gündən üç həftə müddətində istehlakçının vəsaiti hesabına belə yoxlamanı həyata keçirməyə borcludur; 32-ci maddəsinin 2-ci bəndinə əsasən istehlakçı suölçən cihazların mühafizəsi tələblərinə əməl etmədikdə, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi istehlakçının vəsaiti hesabına onların təmirini, yenidən quraşdırılmasını və onların işinə mane olan səbəblərin aradan qaldırılmasını və ya su təchizatının ölçülməsi və düzgün qeydiyyatının təmin edilməsi üçün zəruri olan digər işləri yerinə yetirə bilər. Suölçən cihazın göstəricisi pozulduğu halda su təchizatı müəssisəsi bu dövrdə istifadə olunmuş suyun həcmini əvvəlki müvafiq dövrdəki göstəricini nəzərə almaqla, borunun suburaxma qabiliyyətinə əsasən müəyyənləşdirir. Suölçən cihazın göstəricisinin pozulması dövrünün müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur; 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır; 67-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. Küçələrdə quraşdırılmış supaylayıcı kranlarından suyu ancaq məişət (təsərrüfat) - içməli məqsədlər və ya su təchizatı müəssisəsi tərəfindən müəyyənləşdirilmiş digər məqsədlər üçün götürməyə icazə verilir; 72-ci maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 1.6-ci bəndinə əsasən STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir; 1.7-ci bəndinə əsasən müqavilələr fiziki şəxslərlə bu Qaydaların * nömrəli əlavəsinə, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə isə bu Qaydaların * nömrəli əlavəsi ilə müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Müqaviləyə STKM ilə istehlakçı arasında su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyəti sərhədini müəyyən edən və bu Qaydaların * nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilən akt əlavə edilir; 2.1.6-cı bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) STKM-in vəzifələridir; 2.1.9-cu bəndinə əsasən quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə; STKM ilə müqavilə bağlanılmadıqda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək) STKM-in vəzifələridir; 3.1.1-ci bəndinə əsasən STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in hüquqlarındandır; 4.1.2-ci və 4.1.3-cü bəndlərinə əsasən STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək, habalə bu Qaydaların tələblərinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrinə aid edilmişdir; 6.15-ci bəndinə əsasən suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Agentliyin müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini istehlakçının müdaxiləsi halında bu Qaydaların * nömrəli əlavəsinə uyğun olaraq, pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Agentliyin müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən müəyyənləşdirir və hesablaşma aparır; 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır; 9.11.3-cü maddəsinə əsasən təsərrüfat-məişət kanalizasiya sisteminə qanunsuz qoşulmalar aşkar edildikdə, STKM yazılı xəbərdarlıq etdikdən sonra və akt tərtib edərək onun bir nüsxəsini istehlakçıya vermək şərtilə istehlakçını təsərrüfat-məişət kanalizasiya şəbəkəsindən ayırmaq hüququna malikdir.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, hüquq normalarını düzgün tətbiq etməmiş və hüquqi nəticə etibarı ilə iddianı təmin etməkdə səhvə yol vermişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia rədd edilməlidir.

27. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi ilə bağlı cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, X6 qəsəbəsi, Ağsaray küçəsi, ev 31 ünvanı üzrə abonent kimi qeydə alımış və ona 1004103100000 abonent kodu verilmişdir.

28. Hazırda iddiaçı həmin ünvana su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi ilə bağlı cavabdehlə aralarında ##.##.2006-cı il tarixdə müqavilənin imzalandığını, ##.##.2025-ci il tarixdə yeni müqavilənin bağlandığını, lakin cavabdehin bu xidmətlərdən istifadə etməsinə baxmayaraq, onun dəyərini ödəmədiyini, nəticədə 2025-ci ilin iyun ayına 3.892,78 manat məbləğində borcunun yarandığını, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun ödənilmədiyini iddia edir və bu məbləğin ondan tutulmasını tələb edir.

29. Cavabdeh iddianı qəbul etmir, qeyd edilən ünvanda ümumiyyətlə hər hansı əmlakının olmadığını, ona məxsus tikilinin Bakı şəhəri, Binəqədi rayonu, X6 qəsəbəsi, Ağsaray küçəsi, ev 37/A ünvanında yerləşdiyini, həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq, yalnız 2025-ci ildən orada yaşamağa başladığını, bu vaxtadək qeyd edilən ünvanda ümumiyyətlə su xəttinin qoşulmadığını, orada sanitar qovşağın belə olmadığını, iddiaçı ilə də nə 2006-cı, nə də ki, 2025-ci ildə müqavilə bağlamadığını bildirir və iddianın rədd edilməsini xahiş edir.

30. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini nəzərə alıb, ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

31. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

32. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir. Belə ki, “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

33. Bu baxımdan iddiaçı istinad etdiyi halları, o cümlədən cavabdehin qeyd edilən ünvan üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə etməsini və bunun nəticəsində borcunun yaranmasını sübut etməli idi. Lakin iddiaçı istinad etdiyi ##.##.2006-cı il tarixli müqaviləni ümumiyyətlə təqdim edə bilmir, ##.##.2025-ci il tarixli müqavilə isə cavabdeh tərəfindən imzalanmamışdır. Cavabdehin hər iki müqavilə barədə məlumatının olmadığı öz təsdiqini tapır.

34. İddiaçı tərəfindən təqdim edilən abonent kartında və ##.##.2025-ci il tarixli müqavilədə cavabdehin abonent kimi Bakı şəhəri, Binəqədi rayonu, X6 qəsəbəsi, Ağsaray küçəsi, ev 31 ünvanı üzrə qeydiyyata alındığı göstərilmişdir. İddiaçı bu ünvan üzrə göstərilən xidmətlərdən istifadəyə görə yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq etdiyini bildirsə də, yalnız ##.##.2025-ci il tarixə aid xəbərdarlığı təqdim edir. Halbuki, abonent kartına əsasən bu borc 2015-ci ildən başlayaraq hesablanmış məbləğdir. Lakin ötən illər ərzində, yəni ##.##.2025-ci il tarixədək iddiaçının borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etməsi, habelə cavabdehə həmin ünvan üzrə borcun olmasını təsdiq edən hər hansı hesab faktura təqdim etməsi müəyyən edilmir.

35. İddiaçı bu ünvanda sayğacın olduğunu bildirmir, həmin ünvan üzrə təchiz olunmuş suyun qiymətinin və tullantı suların axıdılmasına görə xidmətin dəyərinin hesablanması qaydası da (Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının müxtəlif illər üzrə qiymətin müəyyən edilməsi barədə Qərarları və ailə təkbinin sayı) bu halı təsdiq edir. Ümumiyyətlə, iddiaçının həmin ünvana baş çəkməsi, habelə həmin ünvanda su xəttinin olması belə müəyyən edilmir. Belə bir halın mövcudluğu isə həmin ünvanda su təchizatı və kanalizasiya şəbəkəsindən qanunsuz istifadə edilməsinə dəlalət edir ki, bu da aşkar edilmiş bu qanunsuzluqla bağlı aktın tərtib edilməsini və qanunsuz qoşulmanın dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadənin dayandırılmasını şərtləndirir. Lakin iddiaçı tərəfindən bu istiqamətdə də hər hansı tədbirin görülməsi öz təsdiqini tapmır. Nəticə etibarı ilə iddiaçının həmin ünvan üzrə cavabdehlə nə vaxtsa təmasda olması, bu ünvanın və iddia edilən abonent kodunun (1004103100000) cavabdehə aid olması müəyyən edilmir.

36. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, cavabdehin özünün təqdim etdiyi ətraflı abonent kartında cavabdehin abonent kimi Bakı şəhəri, Binəqədi rayonu, X6 qəsəbəsi, Ağsaray küçəsi, ev-37/A ünvanı üzrə qeydiyyata alındığı, həmin ünvana 1004103710000 abonent kodunun verildiyi, müqavilənin isə ##.##.2007-ci il tarixdə bağlandığı və ******** nömrəli olduğu göstərilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş hesab fakturada isə eyni ünvan, abonent kodu və müqavilə nömrəsi göstərilməklə yanaşı, cavabdehin 5 nəfərdən ibarət ailə tərkibinin olduğu və borcunun 2.859,87 manat təşkil etdiyi göstərilmişdir.

37. Cavabdehin həmin ərazidə iki ünvan sahibinin (müxtəlif ünvanlarda yerləşən iki tikiliyə sahib olması) olduğu müəyyən edilmir. Bu ünvanların eyni ünvan olması öz təsdiqini tapmır. İddiaçı özü də bu mövqedən çıxış etmir və cavabdehin həmin ərazidə iki ünvana (müxtəlif ünvanlarda olan tikililərə) sahib olmasını və 2 müxtəlif kod üzrə abonent kimi qeydiyyata alınmasını, habelə buna uyğun olaraq iki ünvan üzrə borcunun yarandığını bildirmir. Cavabdeh isə Bakı şəhəri, Binəqədi rayonu, X6 qəsəbəsi, Ağsaray küçəsi, ev 31 ünvanının ona hər hansı aidiyyətinin olmadığını, ona məxsus tikilinin məhz Bakı şəhəri, Binəqədi rayonu, X6 qəsəbəsi, Ağsaray küçəsi, ev-37/A ünvanında yerləşdiyini və 2025-ci ildən başlayaraq, həmin ünvanda yaşamaqla və sanitar qovşaq yaratmaqla (2025-ci ilədək həmin ünvanda yaşamadığını və orada sanitar qovşağın belə olmadığını bildirir) su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə etdiyini bildirir.

38. Bununla belə, iddiaçının istinad etdiyi sənədlərdə göstərilən məlumatlarla cavabdehin təqdim etdiyi sənədlərdə əks olunmuş məlumatlar ünvan, abonent kodu, müqavilə nömrəsi və ailə tərkibinin sayı baxımından biri-birindən fərqlənir və cavabdehin iddiaçının istinad etdiyi ünvana sahib olması və bu ünvan üzrə qeydiyyatı aparılmış ************* saylı abonent kodunun ona aid olması müəyyən edilmir. Qeyd edilənlər Bakı şəhəri, Binəqədi rayonu, X6 qəsəbəsi, Ağsaray küçəsi, ev 31 ünvanı üzrə 1004103100000 abonent koduna hesablanmış 3.892,78 manat məbləğində borcun cavabdehdən tutulmasını istisna edir.

39. Beləliklə, məhkəmə kollegiyası aparılmış araşdırmanın yekunu olaraq belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

40. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci 382-ci, 384- 385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar