Məhkəmə qərarları › İş №2(3-6)-1159/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1159/2026

30.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1159/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsizadə Vüqar İlqar oğlunun cavabdeh “xxxx" MTK-ya; iddiaçı Cavabdeh MTKnın cavabdeh İsizadə Vüqar İlqar oğluna qarşı mülki iş üzrə (Açar sözlər: müqavilə öhdəliyinin icra edilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, ilkin iddia üzrə cavabdeh “xxxx" MTK-nın nümayəndəsi-vəkili vəkil1 oğlunun iştirakı ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İsizadə Vüqar İlqar oğlunun ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “xxxx" MTK-ya qarşı "ödənişin qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair ilkin; ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-nın ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İsizadə Vüqar İlqar oğluna qarşı "müqavilənin ləğv edilməsi, dəyən zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma" tələbinə dair qarşılıqlı iddialar barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “xxxx" MTK tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış ##.##.2019-cu il tarixli “Kooperativ mənzil tikintisi haqqında müqavilə”yə əsasən satıcı-kooperativ Cavabdeh MTK müqavilə ilə müəyyənləşdirilmiş mənzili alıcı-payçıya təhvil verməyi, həmin mənzili əldə etmək istəyən şəxs-payçı İsizadə Vüqar İlqar oğu isə bunun müqabilində razılaşdırılmış məbləği hissə-hissə və müəyyən edilmiş müddətlərdə satıcı-kooperativə ödəməyi öhdəsinə götürmüşdür.

2. Həmin müqaviləyə əsasən, İsizadə Vüqar İlqar oğuna ünvan 1 "D" ünvanında inşa edilmiş binanın 1(B)-ci girişinin 17-ci mərtəbəsində yerləşən, ümumi tikinti sahəsi 104,67 kv.m olan *** nömrəli üçotaqlı mənzilin verilməsi nəzərdə tutulmuş, mənzilin ümumi dəyəri 88.969 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin şərtlərinə əsasən, İsizadə Vüqar İlqar oğu ilkin ödəniş kimi 12.000 manat ödəməyi, qalan 76.969 manat məbləğini isə 120 ay müddətində, illik 10 faiz olmaqla, hər ay 1.017,20 manat məbləğində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin müddəti ##.##.2029-cu il tarixədək müəyyən edilmişdir. Müqavilənin bağlanması ilə tərəflər arasında həmin müqavilədən irəli gələn qarşılıqlı hüquq və öhdəliklər yaranmışdır.

3. ##.##.2023-cü il tarixli yeni ödəniş cədvəlinə əsasən əvvəlki ödəniş cədvəli üzrə qalıq borc təşkil edən 54.171 manatın 60 ay müddətində illik 10 faiz olmaqla hər ay 1.150,98 manat məbləğində hissə-hissə ödənilməsi razılaşdırılmışdır. Yeni ödəniş cədvəlinə əsasən iddiaçının ümumilikdə ödəməli olduğu məbləğin 69.058,35 manat təşkil etdiyi müəyyən edilmişdir.

4. İsizadə Vüqar İlqar oğu sonuncu ödənişi ##.##.2025-ci il tarixdə etmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İsizadə Vüqar İlqar oğlu ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-ya qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, tərəfindən cavabdeh Cavabdeh MTK arasında bağlanılmış ## ######## 2019-cu il tarixli müqaviləyə əsasən cavabdehə ödənilməli olan aylıq 1.150,95 manat ödənişin qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və onun cavabdeh Cavabdeh MTK-ya ## ######## 2019-cu il tarixli müqaviləyə əsasən qalıq borcunun 31.071 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Daha sonra ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İsizadə Vüqar İlqar oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onunla cavabdeh Cavabdeh MTK arasında bağlanılmış ## ######## 2019-cu il tarixli müqaviləyə əsasən cavabdehə ödənilməli qalıq borcun 31.071 manatın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

7. İlkin iddia onunla əsaslandırılmışdır ki, onunla cavabdeh Cavabdeh bağlanılmış ## ######## 2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 3 “D” ünvanında inşa edilmiş yaşayış kompleksində giriş 1(B), mərtəbə 17, ümumi sahəsi 104,67 kv.m-dən ibarət olan, 3 otaqlı, *** saylı mənzili ona təhvil verməyi, bunun qarışılığında Kooperativə razılaşdırılmış pul vəsaitini müəyyən olunmuş müddətdə ödəməyi və müəyyən olunmuş işləri görməyi öhdəsinə götürmüşdür. Tərəfindən müqavilə öhdəliyi üzrə ##.##.2019-cu il tarixli hesablama cədvəlinə əsasən 76.969 manat məbləğində pulun hər ay 1.017,20 manat ödəniş olmaqla illik 10% dərəcəsində 120 ay müddətinə ödəniş olunması müəyyən olunmuş və həmin cədvələ əsasən ödənişlər vaxtında həyata keçirilmişdir. Bundan sonra ##.##.2023-cü il tarixdə tərəflər arasında yeni hesablama cədvəlinə əsasən əvvəlki cədvəl üzrə qalmış olan 54.171 manat məbləğində ödəniş 60 ay müddətinə, aylıq 1.150,98 manat məbləğində ödəməklə müəyyən olunmuşdur. Beləliklə, tərəfindən bugünədək cavabdehə 78.737 manat ödəniş olunmuşdur. Ən son ödənişi ##.##.2025-ci il tarixdə etmişdir. Növbəti ödənişi aprel ayında etmək istədikdə kassalaraında hazırda problem olduğunu və özlərinin onlara geri dönüş edəcəyini bildirmişlər. Lakin üstündən 20-25 gün keçməsinə baxmayaraq cavabdeh tərəfindən geri dönüş olmamış və təkrardan 3,4 dəfə ödəniş üçün satış ofisinə getmiş yenə də müxtəlif bəhanələrlə ödənişi qəbul etməkdən yayınmışlar. Sonuncu dəfə ödəniş etmək istədiyi zaman cavabdeh tərəfindən bildirilmişdir ki, mənzilin ödənişi dəyişdirilmiş, ona görə də 100.000 manat ödəniş olunmalıdır. Bu səbəbdən ondan ödəniş alınmamışdır. Bu hal onun müqavilə üzrə öhdəliklərinin məhz cavabdeh tərəfindən pozulmasıdır. Həmçinin, o, müqavilədə də şirkətə məxsus heç bir bank rekvizitləri göstərilməməsindən bank yolu ilə də hüquqi şəxsin bank hesabına köçürməni etmək hüququndan məhrum edilmişdir. Bundan sonra bu hərəkətin qərəzli şəkildə edildiyini başa düşmüş və cavabdehin ünvanına rəsmi poçt vasitəsi ilə pretenziya ünvanlanmışdır. Həmin pretenziya məktubuna da heç bir cavab verilməmişir. Ona görə də, o, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İsizadə Vüqar İlqar oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsizadə Vüqar İlqar oğlu ilə bağlanmış ##.##.2019-cu il tarixli *** nömrəli müqavilənin ləğv edilməsi və mənzilin ümumi dəyərinin 20%-i məbləğində 17.794 manat dəbbə pulu məbləğinin və 19.200 manat kirayə haqqı məbləğinin və 201 manat dövlət rüsumu məbləğinin tutulub kooperativə ödənilməsi və həmin mənzildən cavabdeh ve digər şəxslərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 D ünvanında Cavabdeh MTK-nın vəsaiti hesabına inşa edilmiş yaşayış binasının 1-ci giriş, 17-ci mərtəbədə olan *** saylı mənzilinə dair İsizadə Vüqar liqar oğlu arasında ##.##.2019-cu il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilə bağlamışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Koperativ mənzili inşa edib payçıya təhvil veməyi, Payçı isə qarşılığında razılaşdırlımış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin dəyəri olaraq payçı tərəfindən müqavilə bağlanan gün 12.000 manat ilk ödəniş edilmişdir. Qalan 76.969 manat borcun isə 120 ay müddətinə aylıq 1.017,2 manat olmaqla ödənilməsi razılaşdırılmışdır. Lakin götürülmüş öhdəlik payçı tərəfindən tam yerinə yetirilməmiş və müqavilə ilə müəyyən edilmiş aylıq ödənişlər razılaşdırılmış qrafik üzrə tam ödənilməyərək öhdəliyin icrası gecikdirilmişdir. Daha sonra qarşılıqlı razılıq əsasında ödəniş cədvəli dəyişdirilmiş müddət 60 ay olmaqla 2023-cü ilin aprel ayından başlayaraq aylıq 1.150 manat ödəniş edilməsinə başlanmışdır. Lakin sonuncu cədvəl üzrə də ödənişlər vaxtlı-vaxtında həyata keçirilməmişdir. Bununla bağlı ##.##.2025-ci il tarixli *** nömrəli pretenziya məktubu ilə xəbərdarlıq edilmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 9.1-ci bəndinə əsasən "Payçı" tərəfindən müqavilə şərtləri pozularsa kooperativ tərəfindən müqavilə birtərəfli olaraq pozulur, həmin mənzil başqa şəxsə satılır. Göründüyü kimi müqavilə üzrə üzərinə düşən öhdəliklər payçı tərəfindən yerinə yetirilməməklə müqavilə əhəmiyyətli dərəcədə pozulmuş nəticədə Kooperativ müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Lakin iddiaçı müqavilə üzrə də ödənişləri müntəzəm olaraq qeyri-stabil icra etmişdir. Müqavilə üzrə öhdəlik kobud şəkildə pozulduğundan sonda müqavilədən irəli gələn tədbirlər həyata keçirilərək müqavilənin ləğv edilməsi zərurəti yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 9.2-ci bəndində Kooperativ tərəfindən birtərəfli qaydada pozulacağı (ləğv ediləcəyi) və mənzilin dəyərinin 20%-i məbləğində "dəbbə pulu" çıxıldıqdan sonra vəsaitin qaytarlacağı və mənzilin başqa şəxsə satılacağı eks edilmişdir. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən müqavilə birtərəfli qaydada pozulduqda mənzilin dəyərinin 20%-i məbləğində "dəbbə pulu" və mənzildə yaşadığı müddətdə hər ay üçün 800 manat kirayə haqqı tutulur və mənzil boşaldılır. Göründüyü kimi cavabdeh öhdəliyini yerinə yetirmədiyindən dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə kooperativ haqlı olmuşdur.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilərək, Cavabdeh MTK ilə İsizadə Vüqar İlqar oğlu arasında bağlanılmış *** nömrəli, ## ######## 2019-cu il tarixli “kooperativ mənzil tikintisi haqqında” müqaviləyə əsasən ilkin iddia üzrə iddiaçı İsizadə Vüqar İlqar oğlu tərəfindən ödənilməli olan 31.071 (otuz bir min yetmiş bir) manat qalıq borc məbləğinin qəbul edilməsi öhdəliyinin ilkin iddia üzrə cavabdeh Cavabdeh MTK-nın üzərinə qoyulması; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İsizadə Vüqar İlqar oğluna qarşı "müqavilənin ləğv edilməsi, dəyən zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma" tələbinə dair qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ödəniş etmək üçün dəfələrlə satış ofisinə müraciət etdiyini, lakin müxtəlif bəhanələrlə (kassa problemi, rəhbərliyin yoxluğu) ödənişin qəbul edilmədiyini bildirmişdir. Cavabdeh tərəf ödənişlərin yalnız nağd qaydadaəlbəəl

11. qəbul edildiyini etiraf etmiş, lakin müqavilədə bank rekvizitlərini göstərməməklə iddiaçının alternativ ödəniş vasitəsindən istifadə imkanını məhdudlaşdırmışdır. İş materiallarından, xüsusən 2023-2025-ci il tarixli qəbzlərdən görünür ki, iddiaçı bir çox hallarda 5000-10000 manat məbləğində böyük ödənişlər edərək borcunu azaltmağa çalışmışdır. ##.##.2025-ci il tarixinədək ödənişlərin davam etməsi onun öhdəliyi icra etmək niyyətini sübut edir. Məhkəmə qeyd etmişdir ki, cavabdehin mənzil qiymətlərinin artmasını əsas gətirərək əlavə 100.000 manat tələb etməsi və bu əsasla da ödənişi qəbul etməkdən imtinası əsassızdır. Qiymət artımı artıq bağlanmış daxili kredit müqaviləsinə birtərəfli qaydada təsir edə bilməz.

12. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, müqavilənin ləğvi üçün öhdəliyin əhəmiyyətli dərəcədə pozulması tələb olunur. İddiaçı tərəfindən ümumi borcun böyük hissəsi (təxminən 78.737 manat) artıq ödənilmişdir. Qalıq borcun (31.071 manat) ödənilməməsi isə payçının intizamsızlığından deyil, məhz MTK-nın ödənişi qəbul etməkdən imtina etməsindən qaynaqlanmışdır. İddiaçı müqavilə üzrə öhdəliklərinin əsaslı hissəsini yerinə yetirmişdir, lakin öhdəliyin cüzi bir hissəsi icra edilməmiş qalmışdır. Qalan öhdəliyin icra edilməməsi, cavabdehin hərəkətləri, yəni öhdəliyinin yerinə yetirilməsini qeyri-mümkün etməsi nəticəsində baş vermişdir. Buna görə də, müqavilə üzrə öhdəliklərin qalan hissənin yerinə yetirilməməsinin cavabdehin təqsiri üzündən baş verməsi nəzərə alınaraq, onun müqavilədən bir tərəfli imtina etməsi əsassız hesab edilməlidir.

13. Qarşılıqlı iddianın dəbbə pulu və kirayə haqqı tələbinə münasibətdə qeyd olunmuşdur ki, müqavilənin 9.2-ci bəndində nəzərdə tutulan 20% dəbbə pulu və aylıq 800 manat kirayə haqqı tutulması şərti payçının hüquqlarını həddindən artıq məhdudlaşdıran və mülki-hüquqi məsuliyyətin adekvatlığı prinsipinə zidd olan ağır şərt kimi qiymətləndirilməlidir. Xüsusən də, mənzilin tam dəyərinin 20%-i miqdarında cərimə tərəflərin bərabərliyi prinsipinə ziddir. Bundan başqa cavabdeh iddiaçının ödənişləri gecikdirməsi nəticəsində ona hansı real zərərin dəydiyini və bu zərərin mənzilin qiymət artımı ilə necə əlaqəli olduğunu sübuta yetirməmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2, 424.2, 424.3, 423.2, 425.1, 425.2, 442, 443.1, 443.2, 443.7, 443.8, 445.1, 445.2, 445.5, 447.1, 447.3, 448.1, 462.1, 465.1, 465.2, 467, 752.1 və 752.2-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

15. İlkin iddia üzrə cavabdeh “xxxx" MTK qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini və ilkin iddia tələbinin tam rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin hallarına qiymət verilərkən qarşılıqlı iddia tələbi üzrə cavabdeh V.İsizadə tərəfindən aralarında bağlanmış müqavilənin şərtlərinin pozulduğu nəzərə alınmamış, yalnız iddiaçının mülahizələrinə əsasən qətnamə qəbul edilmişdir. Belə ki, cavabdeh V.İsizadə tərəfindən müqavilə üzrə öhdəliklərin gecikdirilməsi işin mübahisəsiz halı olduğu təqdirdə məhkəmə şəxs tərəfindən öhdəliyin, yəni borcun böyük hissəsinin ödənilməsini əsas gətirməklə müqavilə şərtlərinin birtərəfli qaydada pozulmaması nəticəsinə gəlmişdir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, qarşılıqlı iddia üzrə cavabdeh V.İsizadə tərəfindən sonuncu ödəniş ##.##.2025-ci il tarixdə edilmiş, bundan sonra heç bir ödəniş edilməmişdir. Şəxs tərəfindən Cavabdeh MTKya göndərilmiş pretenziyanın tarixindən görünür ki, həmin pretenziya ##.##.2025-ci il tarixdə göndərilmişdir. Beləliklə, ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş həmin sübutdan da açıq-aydın görünür ki, V.İsizadə tərəfindən ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək heç bir ödəniş edilməmişdir. Bu fakt özü V.İsizadə tərəfindən müqavilə şərtlərinin pozulduğunu, ödənişin 2 aydan çox müddətdə gecikdirildiyini sübut edir. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən müqavilə şərtləri pozularaq ödənişlər gecikdirildiyindən MTK müqaviləyə birtərəfli qaydada xitam verməkdə haqlı olmuşdur. Məhkəmə tərəfindən işin bu halları nəzərə alınmayaraq, Mülki Məcəllənin qeyd olunan normalarının tələbləri kobud şəkildə pozmuşdur. Məhkəmə bu nəticəyə gələrkən müqavilə şərtlərinin indiyədək icra edilməsinin hazırki vəziyyətdə borclu tərəfindən müqavilə şərtlərinin pozularaq ödənişlərin gecikdirilməsinə əsas vermədiyini nəzərə almamışdır. Məhkəmə tərəfindən qeyd olunan maddi hüquq normasının tələbləri də pozularaq V.İsizadənin ödəniş etmək istəməsi lakin MTK tərəfindən ödənişin qəbul edilməsindən imtina etməsinə dair heç bir mötəbər sübut təqdim edilmədiyi təqdirdə məhkəmə V.İsizadə tərəfindən ödənişin gecikdirilməməsi və nəticədə müqavilə şərtlərinin pozulmaması qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən qarşılıqlı iddia tələbi rədd edilməklə, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən MTKya heç bir zərərin vurulmadığı və zərərlə bağlı hər hansı sübutun təqdim edilmədiyi göstərilsə də, məhkəmə müqavilə şərtlərini nəzərə almamışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 9.2-ci bəndiə əsasən müqavilə birtərəfli qaydada pozulduqda mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” və mənzildə yaşadığı müddətdə hər ay üçün 800 manat kirayə haqqı tutulur və mənzil boşaldılır. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, öhdəlik vətəndaşlar tərəfindən pozulduğu, ödənişlər gecikdirildiyi təqdirdə MTK müqavilə bağlanarkən haqqı çatanlardan məhrum olmuşdur. Eyni zamanda, tərəflər arasında bağlanmış həmin müqavilə tərəflərin hər ikisinin iradə ifadəsinə uyğun olmuş, şərtlərin hər biri qarşı tərəfə izah edilmiş, qarşı tərəf isə bu şərtlərlə razılaşmışdır. Bu gün həmin şərtlərin mübahisələndirilmədiyi halda, borclu V.İsizadə tərəfindən aylıq ödənişlərin gecikdirilməsi nəticəsində müqavilə şərtlərinin pozulması MTK tərəfindən həmin bəndə əsasən, haqqı çatanların geri alınmasını tələb etmək hüququ vardır. Belə olduğu təqdirdə məhkəmə tərəfindən həmin şərtlərin ağırlığı səbəbindən və dəyən zərərlə bağlı tərəfindən sübutun təqdim edilməməsi əsası ilə iddianın rədd edilməsi absurddur. Belə ki, müqavilənin şərtləri açıq-aydın olduğu və qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ödənişlərin gecikdirilərək müqavilə şərtlərinin pozulması işin halları ilə tam təsdiq edildiyi halda, MTK 20% cərimənin və kirayə haqqı məbləğinin tutularaq ona ödənilməsi ilə bağlı hər hansı əlavə sübut təqdim etməsinə ehtiyac yoxdur. Məhkəmə tərəfindən yekun məhkəmə aktı qəbul edilərkən yalnız ilkin iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verilməsindən əlavə həmin sübutların ilkin iddia tələbini deyil, əksinə qarşılıqlı iddia tələbimiz üzrə halları sübut etməsi belə nəzərə alınmamışdır. Belə ki, ilkin iddia tələbi üzrə iddiaçı V.İsizadə tərəfindən təqdim edilmiş ödəniş qəbzləri və pretenziya məktubunun çatdırılmasına dair sübutdan görünür ki, şəxs tərəfindən sonuncu ödəniş ##.##.2025-ci il tarixdə edilmiş, bundan sonra Cavabdeh MTK-ya pretenziya göndərilənədək, yəni ##.##.2025ci il tarixədək heç bir ödəniş edilməmişdir. Bu fakt da V.İsizadə tərəfindən müqavilə üzrə öhdəliklərinin 2 aydan artıq müddətdə gecikdirilməsini, müqavilə şərtlərinin V.İsizadə tərəfindən pozulmasını və nəticədə də qarşılıqlı iddia tələbinin əsaslı olmasını sübut edir. Lakin məhkəmə iddiaçının mülahizələrinə əsaslanan qətnamə qəbul edərək ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən Cavabdeh MTK-nın ödənişləri qəbul etməməsi ilə əlaqədar heç bir mötəbər sübut təqdim edilmədiyi halda ilkin iddia tələbini təmin etmişdir. Əgər həqiqətən də, MTK tərəfindən ödənişlər qəbul edilməmişdirsə, şəxs pretenziya məktubunu daha öncədən, ödənişlərin qəbulundan imtina edildiyi vaxtdan göndərərdi. Lakin göründüyü kimi, pretenziya məktubu sonuncu ödənişdən 3 ay sonra göndərilmişdir. Bu fakt da V.İsizadənin sonuncu ödənişdən 3 ay sonra ödəniş etmək üçün MTK-ya yaxınlaşdığını, MTK tərəfindən haqlı olaraq ödənişlərin V.İsizadənin aylıq ödənişlər üzrə gecikməsi olması səbəbindən qəbul edilməməsini sübut edir. Məhkəmə ödənişlərin MTK-nın təqsiri üzündən yerinə yetirilə bilməməsi nəticəsinə gəlsə də, bu faktı təsdiq edən heç bir mötəbər sübuta istinad etməmiş, yalnız iddiaçının vermiş olduğu şifahi ifadələrlə kifayətlənmiş, işdə olan sübutları kifayət qədər araşdırmamışdır. Məhkəmə tərəfindən qətnamə yalnız iddiaçı tərəfindən verilən izahatlarla əsaslandırılmış, məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş hallara uyğun olmamışdır. Belə ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən qarşılıqlı iddia tələbi üzrə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin gecikdirilməsi işin halları ilə və təqdim edilmiş sübutlarla tam təsdiq edildiyi halda, məhkəmənin işin hallarına hərtərəfli qiymət verməməsi və sübutları düzgün qiymətləndirməməsi nəticəsində heç bir mötəbər sübutla təsdiq edilməmiş ilkin iddianı təmin etmiş, ilkin iddia üzrə iddiaçı tərəfindən təqdim edilən sübutların ətraflı araşdırılması zamanı həmin sübutlarla belə təsdiq edilən qarşılıqlı iddia tələbini isə əsassız və qanunsuz olaraq rədd etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh “xxxx" MTKnın nümayəndəsi-vəkili vəkil1 aprllyasiya şikayətini müdafiəedərək təmin edilməsini xahiş etmişdir. 19.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında nümayəndəsinin üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 21.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 23.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin

24.6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. 25.6.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 26.21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 27.21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 28.144-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. 29.178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 30.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 31.386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 32.390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 33.404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcəmüqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 34.404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədənmüqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 35.405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 36.421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 37.421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 38.421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 39.422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 40.423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma,əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 41.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 42.432.1-ci maddəsinə əsasən əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). 43.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 44.560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 45.560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 46.567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 47.752.1 və 752.2-ci maddələrinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 48.753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 49.36.1-ci maddəsinə əsasən çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir. 50.119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

51.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 53.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

54.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddiaya əsasən “ödənilməli məbləğ” hissəsində dəyişdirilməli, ilkin iddia bu hissədə qismən təmin edilməlidir. 55.İş materiallarından göründüyü kimi, hazırda mübahisə predmeti olan ##.##.2019-cu il tarixli “Kooperativ mənzil tikintisi haqqında müqavilə”yə əsasən satıcı-kooperativ (Cavabdeh MTK-bundan sonra cavabdeh) müqavilə ilə müəyyənləşdirilmiş mənzili alıcı-payçıya təhvil verməyi, həmin mənzili əldə etmək istəyən şəxs-payçı (İsizadə Vüqar İlqar oğlu-bundan sonra iddiaçı) isə bunun müqabilində razılaşdırılmış məbləği hissə-hissə və müəyyən edilmiş müddətlərdə satıcı-kooperativə ödəməyi öhdəsinə götürmüşdür. 56.Belə ki, həmin müqaviləyə əsasən, iddiaçıya ünvan 1 "D" ünvanında inşa edilmiş binanın 1(B)-ci girişinin 17-ci mərtəbəsində yerləşən, ümumi tikinti sahəsi 104,67 kv.m olan *** nömrəli üçotaqlı mənzilin verilməsi nəzərdə tutulmuş, mənzilin ümumi dəyəri 88.969 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin şərtlərinə əsasən, iddiaçı ilkin ödəniş kimi 12.000 manat ödəməyi, qalan 76.969 manat məbləğini isə 120 ay müddətində, illik 10 faiz olmaqla, hər ay 1.017,20 manat məbləğində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin müddəti ##.##.2029-cu il tarixədək müəyyən edilmişdir. Müqavilənin bağlanması ilə tərəflər arasında həmin müqavilədən irəli gələn qarşılıqlı hüquq və öhdəliklər yaranmışdır. 57.##.##.2023-cü il tarixdə tərəflər arasında yeni ödəniş cədvəli, həmin cədvələ əsasən əvvəlki ödəniş cədvəli üzrə qalıq borc təşkil edən 54.171 manatın 60 ay müddətində illik 10 faiz olmaqla hər ay 1.150,98 manat məbləğində hissə-hissə ödənilməsi razılaşdırılmışdır. Yeni ödəniş cədvəlinə görə iddiaçının ümumilikdə ödəməli olduğu məbləğin 69.058,35 manat təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən son ödəniş ##.##.2025-ci il tarixdə həyata keçirilmişdir. 58.Hazırda iddiaçının istinad etdiyi hallara görə, o, ödəniş öhdəliyini yerinə yetirərək ümumilikdə 78.737 manat ödəmiş, son ödənişi isə ##.##.2025-ci il tarixdə etmişdir. cavabdeh növbəti ödənişi qəbul etməmiş, müxtəlif bəhanələrlə ödənişdən imtina etmiş, sonradan isə mənzilin qiymətinin dəyişdirildiyini bildirərək əlavə 100.000 manat ödənilməsini tələb etmişdir. Müqavilədə bank rekvizitləri göstərilmədiyindən ödənişi bank vasitəsilə də həyata keçirə bilməmişdir. İddiaçının göndərdiyi pretenziya məktubu cavabsız qaldığından, cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməsinin təmin edilməsi məqsədilə məhkəməyə müraciət edilmişdir. 59.Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında ##.##.2019-cu il tarixdə bağlanmış kooperativ mənzil tikintisi haqqında müqaviləyə əsasən, iddiaçı mənzilin dəyərinin bir hissəsini ilkin ödəniş kimi ödəmiş, qalan məbləği isə aylıq ödəniş qrafiki üzrə ödəməyi öhdəsinə götürmüşdür. Lakin ödənişlər müqavilədə nəzərdə tutulmuş müddətlərdə və qrafikə uyğun həyata keçirilməmiş, sonradan razılaşdırılmış yeni ödəniş cədvəli üzrə də gecikmələr davam etmişdir. 60.Qeyd edilməlidir ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. 61.Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olsun. 62.Beləliklə, müqavilənin Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən ləğv edilməsi üçün tərəfə elə bir zərərin vurulması müəyyən edilməlidir ki, bu, onun müqavilə bağlanarkən gözlədiyi nəticələrdən əhəmiyyətli dərəcədə məhrum olmasına gətirib çıxarsın. Bu baxımdan, tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması faktı yalnız qarşı tərəfin müqavilədən gözlədiyi faydanı itirməsi, müqavilənin məqsədinə nail olmaq imkanının aradan qalxması və ya müqavilə öhdəliklərinin yerinə yetirilməsinə laqeyd münasibətin mövcudluğu müəyyən edildiyi halda təsbit edilə bilər və yalnız belə hallarda göstərilən əsasla müqavilənin ləğvi mümkün hesab edilə bilər. 63.Belə ki, Mülki Məcəllənin müvafiq müddəalarına əsasən tərəflər üzərlərinə götürdükləri öhdəliklərdən irəli gələn hüquq və vəzifələri vicdanlılıq prinsipi əsasında həyata keçirməli, öhdəlikləri müqavilənin şərtlərinə uyğun olaraq, şərtləşdirilmiş vaxtda və qaydada icra etməlidirlər. Bu tələblər yerinə yetirilmədikdə isə tərəflərin davranışı mülki qanunvericiliyin tələbləri, o cümlədən vicdanlılıq və ədalətlilik prinsipləri baxımından qiymətləndirilməlidir. 64.İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilə uzunmüddətli xarakter daşıyır və cavabdeh həmin müqavilədən irəli gələn öhdəliklərini qismən icra etmişdir. Belə ki, ilkin ödəniş tam ödənilmiş, sonrakı dövrlərdə ödənişlər müəyyən gecikmələrlə həyata keçirilsə də, iddiaçının ödədiyi məbləğlər ödəniş cədvəlində nəzərdə tutulan aylıq məbləğdən artıq olmuşdur (##.##.2023 – 5.100 manat; ##.##.2023 – 5.000 manat; ##.##.2023 – 10.000 manat; ##.##.2024 – 1.000 manat; ##.##.2025 – 1.000 manat; ##.##.2025 – 1.000 manat). İş üzrə təqdim edilmiş sübutlardan həmçinin görünür ki, iddiaçı ##.##.2025-ci il tarixdən sonra da öhdəliklərini yerinə yetirmək niyyətində olmuş, ödənişləri həyata keçirmək məqsədilə bir neçə dəfə yazılı qaydada cavabdehə müraciət etmiş, habelə ödənişləri qəbul etdirmək üçün cavabdehin nümayəndələri ilə əlaqə saxlamağa cəhd göstərmişdir. 65.Bundan başqa, nəzərə alınmalıdır ki, cavabdeh qarşılıqlı iddia ərizəsində iddiaçının ödənişləri ##.##.2025-ci il tarixdən sonra həyata keçirmədiyinə istinad etmişdir. Qarşılıqlı iddia ərizəsində ##.##.2025-ci il tarixədək baş vermiş gecikmələrin müqavilənin ləğvi üçün əsas təşkil etməsi barədə hər hansı hüquqi və ya faktiki əsaslandırma irəli sürülməmişdir. 66.Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ödənişlərin həyata keçirilməsində müəyyən gecikmələrə yol versə də, uzun müddət ərzində ödənişlər etmiş, müqavilədən irəli gələn öhdəliklərini icra etmək niyyətində olmuş və bu istiqamətdə fəal hərəkətlər göstərmişdir. Məhkəmə kollegiyası cavabdehin ödənişləri qəbul etməkdən imtina etməsini, bank hesabının rekvizitlərini təqdim etməməsini və bununla da müqavilənin iddiaçı tərəfindən icrasına maneələr yaratmasını nəzərə alaraq hesab edir ki, öhdəliyin tam həcmdə icra edilməməsinin bütün hüquqi nəticələrinin iddiaçının üzərinə qoyulması ədalətli deyildir. 67.Yuxarıda göstərilən hallara əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçının müqavilədən irəli gələn öhdəliyin birdəfəlik ödəniş yolu ilə tam icra edilməsi hər iki tərəfin qarşılıqlı əmlak mənafelərinə uyğundur. Belə ki, Mülki Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 68.Bununla belə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müqavilə üzrə ödənilməli məbləğin müəyyən edilməsinə dair gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, qətnamə bu hissədə dəyişdirilməlidir. 69.Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya ünvan 1 "D" ünvanında inşa edilmiş binanın 1(B)-ci girişinin 17-ci mərtəbəsində yerləşən, ümumi tikinti sahəsi 104,67 kv.m olan *** nömrəli üçotaqlı mənzilin verilməsi nəzərdə tutulmuş, mənzilin ümumi dəyəri 88.969 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin şərtlərinə əsasən, iddiaçı ilkin ödəniş kimi 12.000 manat ödəməyi, qalan 76.969 manat məbləğini isə 120 ay müddətində, illik 10 faiz olmaqla hər ay 1.017,20 manat məbləğində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Sonradan, ##.##.2023-cü il tarixdə tərəflər arasında yeni ödəniş cədvəli razılaşdırılmış və həmin cədvələ əsasən əvvəlki ödəniş cədvəli üzrə qalıq borc təşkil edən 54.171 manatın 60 ay müddətində illik 10 faiz olmaqla hər ay 1.150,98 manat məbləğində hissə-hissə ödənilməsi müəyyən edilmişdir. 70.Sonuncu ödəniş cədvəlinə əsasən, iddiaçının cavabdeh qarşısında 54.171 manat deyil, illik 10 faiz hesablanmaqla ümumilikdə 69.058,35 manat məbləğində öhdəliyi yaranmışdır. Həmin öhdəliyin 23.100 manat hissəsi icra edilmişdir. Sadə riyazi hesablamalara əsasən, iddiaçının cavabdeh qarşısında icra edilməmiş öhdəliyi 45.958,35 manat təşkil edir.

71. Məhkəmə kollegiyası ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İsizadə Vüqar İlqar oğlunun tələbinin, onunla cavabdeh Cavabdeh MTK arasında bağlanılmış ## ######## 2019-cu il tarixli müqaviləyə əsasən cavabdehə ödənilməli qalıq borcun 31.071 manatın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olduğunu nəzərə alır.

72. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

73. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, qanunverici mülki işə baxılması və qətnamə qəbul edilməsini iddia tələbi ilə, habelə həmin tələbi əsaslandıran hallar və onları təsdiq edən sübutlarla məhdudlaşdırmışdır. İddia tələbindən kənara çıxılması yalnız qanunda nəzərdə tutulmuş müstəsna hallarda mümkündür. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri yalnız həmin tələblərin tam və düzgün həlli məqsədilə, qanunla müəyyən edilmiş hədlərdə tamamlaya bilər. Bununla yanaşı, məhkəmə işə baxılması zamanı müəyyən edilmiş yeni hallara istinad etməklə iddianın əsasını genişləndirmək hüququna malik olsa da, belə hallar qətnamənin əsaslandırıcı və nəticə hissəsində öz əksini tapmalıdır. 74.Məhkəmə kollegiyası ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İsizadə Vüqar İlqar oğlunun tələbinin onunla cavabdeh Cavabdeh MTK arasında bağlanmış ## ######## 2019-cu il tarixli müqaviləyə əsasən cavabdehə ödənilməli 31.071 manat məbləğində qalıq borcun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olduğunu nəzərə alır. Hazırda müqavilə üzrə ödənilməli məbləğin iddia tələbində göstərilən məbləğdən artıq, yəni 45.958,35 manat təşkil etməsinin qeyd olunması məhkəmənin iddia tələblərindən kənara çıxması kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyasının bu qənaəti mübahisənin birdəfəlik və yekun həllinin təmin edilməsinə yönəlmişdir. 75.Məhkəmə kollegiyası həmçinin yuxarıda qeyd edilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin qarşılıqlı iddiaya aid hissə üzrə münasibət bildirməsini zəruri hesab etmir və bu mövqeyini prosessual qənaət prinsipi ilə əsaslandırır. 76.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

77. MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 78.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilkin iddia üzrə “ödənilməli məbləğ” hissəsində dəyişdirilsin. İlkin iddia bu hissədə qismən təmin olunsun. Cavabdeh MTK ilə İsizadə Vüqar İlqar oğlu arasında bağlanılmış *** nömrəli, ## ######## 2019-cu il tarixli “Kooperativ mənzil tikintisi haqqında” müqaviləyə əsasən İsizadə Vüqar İlqar oğlu tərəfindən ödənilməli olan 45.958,35 (qırx beş min doqquz yüz əlli səkkiz manat otuz beş qəpik) manat qalıq borc məbləğinin qəbul edilməsi öhdəliyi Cavabdeh MTKnın üzərinə qoyulsun. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar