Məhkəmə qərarları › İş №2(3-6)-1162/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1162/2026

10.04.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1162/2026 10.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdeh Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi Hüseyn Cəfərlinin iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “qazın alqı-satqısına dair müqavilənin bağlanması və qaz sayğacının quraşdırılması barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh İB-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən, iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evinin təbii qazla təmin edilməsi barədədir (bundan sonra - ev). 2.Ev özbaşına tikinti obyektidir, evə və evin yerləşdiyi torpaq sahəsinə dair iddiaçının adına hüquq müəyyənedici sənəd yoxdur. İddiaçı bildirir ki, evin yerləşdiyi torpaq sahəsini 2022-ci ildə alıb, evin tikintisinə isə 2024-cü ildə başlayıb. İddiaçı evdə ailə üzvləri ilə birlikdə yaşayır. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsində tələb olunub ki, evə təbii qaz verilməsi üçün qazın alqı-satqısına dair müqavilənin bağlanması və evə qaz sayğacının quraşdırılması cavabdehə həvalə edilsin. 4.Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması xidməti üçün Azərbaycan Respublikası Tarif Şurası tərəfindən müəyyən edilmiş tarifin iddiaçı tərəfindən ödənilməsi ilə evin texniki təhlükəsizlik qaydaların riayət edilməklə qazlaşdırılması, iddiaçı ilə qazın alqı-satqı müqaviləsi bağlanması və həmin ünvana qaz sayğacının quraşdırılması vəzifəsi cavabdehin üzərinə qoyulsun. Apellyasiya instansiyası məhkəməsində icraat 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 6.Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh İB-nin nümayəndəsi Hüseyn Cəfərli apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 7.İddiaçı İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.Müəyyən olunur ki, cavabdeh evi təbii qazla təmin etməkdən ona görə imtina edib ki, evin inşası zamanı şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl edilməyib. Belə ki, Azərbaycan Respublikasının ”Qaz təchizatı haqqında” ##.##.1998-ci il tarixli Qanununun (qüvvədən düşüb) 13-cü maddəsinin 10-1-ci hissəsinə və “Qaz təchizatı haqqında” ##.##.2025-ci il tarixli Qanununun (hazırda qüvvədədir) 14.9-cü maddəsinə görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. 9.Həmin normada qeyd olunan “tikinti obyektləri” ümumi ifadədir, yəni bu ifadə ilə həm qeyri-yaşayış, həm də yaşayış sahələri nəzərdə tutulur. Əgər tikinti obyekti qeyriyaşayış sahəsidirsə göstərilən qadağa istisnasız olaraq tətbiq olunur, lakin tikinti obyekti yaşayış sahəsidirsə və orada faktiki yaşayış varsa, həmin qadağa tətbiq edilmir. Belə ki, qeyriyaşayış sahəsindən fərqli olaraq yaşayış sahəsində qazdan şəxsi tələbatın ödənilməsi məqsədilə istifadə olunur. Qazdan şəxsi tələbatın ödənilməsi məqsədilə istifadə edən şəxs isə “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə istehlakçı sayılır və istehlakçıların müdafəsinə dair bütün - yerli və beynəlxalq qaydalar həmin şəxsə şamil olunur. 10.“İstehlakçı” anlayışından istifadə olunarkən nəzərə alınmalıdır ki, bu anlayış “Qaz təchizatı haqqında” Qanunda və “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Qanunda fərqli müəyyən edilib. Belə ki, birinci Qanunun 1.1.3-cü maddəsinə görə “istehlakçı” deyildikdə qazı faktiki alan və ya ondan istifadə edən şəxs başa düşülürsə, ikinci Qanunun 1ci maddəsinə görə “istehlakçı” deyildikdə mal, iş və xidməti faktiki alan və ya istifadə edən şəxs ilə yanaşı, həm də onları almaq və ya sifariş vermək niyyəti olan şəxs başa düşülür. İddiaçının qaz almaq niyyəti olduğuna görə o, istehlakçı sayılır. 11.BMT Baş Assambleyasının qəbul etdiyi “İstehlakçıların maraqlarını müdafiə etmək üçün rəhbər prinsiplər” (X1 for Consumer Protection - UNGCP) istehlakçıların qorunması sahəsində beynəlxalq səviyyədə tanınan əsas sənədlərdən biridir. İlk dəfə BMT Baş Assambleyasının ##.##.1985-ci ildə **/*** saylı qətnaməsi ilə təsdiq edilmiş bu rəhbər prinsiplər daha sonra müasir dövrün tələblərinə uyğunlaşdırılıb. Rəhbər prinsiplər hüquqi cəhətdən məcburi olmasa da üzv dövlətlər üçün istehlakçı qanunvericiliyinin hazırlanmasında "yol xəritəsi" rolunu oynayır. Rəhbər prinsiplərin 5-ci hissəsinin “a” bəndində bu prinsiplərin təmin etməli olduğu qanuni ehtiyaclardan biri belə göstərilib: “Zəruri mal və xidmətlərin istehlakçılar üçün əlçatanlığı”. İddiaçının evi artıq elektrik enerjisi və su ilə təmin olunub. Elektrik enerjisi və su kimi təbii qaz da məişət ehtiyaclarının ödənilməsi üçün zəruridir. Odur ki, evdə yaşayış varsa, qazın istehlakçı üçün əlçatanlığı təmin edilməlidir. 12.Yaşayış evinin inşası zamanı şəhərsalma və tikinti qaydalarının pozulmasına görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulub: İnzibati Xətalar Məcəlləsi, maddə 394, 395 və s. Əgər dövlət qurumları qanunsuz tikinti işlərinin qarşısının alınması üçün müvafiq tədbir görməyibsə, evdə artıq yaşayış mövcuddursa və texniki təhlükəsizlik qaydalarına əməl edilməklə evə qaz verilməsi mümkündürsə, tikinti üçün icazənin alınmamasına və digər bu kimi əsaslara görə evə qaz verilməsindən imtina olunması dövlətin pozitiv öhdəliyinə uyğun sayılmır. Dövlətin pozitiv öhdəliyi - dövlətin sadəcə hüquq pozuntusundan çəkinməsi (neqativ öhdəlik) deyil, fundamental hüquqları qorumaq, təmin etmək və həyata keçirmək üçün aktiv tədbirlər görmək vəzifəsidir. İstehlakçı hüquqları fundamental hüquqlardan biridir. 13.Beləliklə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. 14.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar