Məhkəmə qərarları › İş №2(3-6)-1211/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1211/2026

20.04.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1211/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış ##.##.2025-ci il tarixli, ***** saylı nisyə alqı-satqı müqaviləsindən və ona əlavədən görünür ki, satıcı 2 ədəd qiyməti 3899,99 manat olan “ASUS” markalı komputeri iki il zəmanət və proqram təminatı ilə birlikdə İddiaçı istifadəsinə vermiş, müqavilədə (ümumi məbləğ 10765,93 manat) 989,99 manat ilkin ödəniş müqabilində 18 ay müddətinə 543,11 manat aylıq ödəniş edilməsi nəzərdə tutulmuşdur. ##.##.2025-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, İddiaçı №***** saylı müqaviləyə əsasən 2 ədəd qiyməti 3899,99 manat olan “ASUS” markalı komputer iki il zəmanət və proqram təminatı ilə birlikdə qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. Hazırda iddiaçı ##.##.2025-ci il tarixli, ***** saylı nisyə alqı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, özü savadsız olmaqla, xadimə işləyir, himayəsində İ qrup əlil, azyaşlı qızı var. Kiçik qızının müalicəsi üçün ciddi vəsait tələb edildiyindən yaxından tanımadığı Taleh adlı şəxsin təşviqatına uymuşdur. “xxxx” MMC-dən 4.000 manat qarşılığında komputer götürüb Talehə verməli idi. ##.##.2025-ci il tarixində mağazanın Bakıxanov filialına getmişlər. O, məhsulu alması haqqında heç bir sənədə qol çəkməmişdir. Sonradan bilmişdir ki, dəyəri 10.865 manat olan 2 ədəd 2024-cü il buraxılışlı komputer alınmışdır. Həmin komputerlərdən xəbəri olmamış, ona çatdırılmamışdır. Hazırda ondan 18 ay aylıq 570 manat ödəniş tələb edilir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı müqavilənin tərəfindən imzalanmadığını, məhsulların ona təhvil verilmədiyini iddia etsə də, bununla bağlı kifayət qədər sübut təqdim etməmişdir. Əksinə cavabdeh tərəfindən təqdim edilən təhvil-təslim aktına görə sözü gedən məhsullar cavabdeh tərəfindən təhvil alınmışdır. Bundan başqa iddiaçı qeyd edilən məhsulları Taleh adlı şəxs üçün aldığını qeyd etsə də, buna dair məhkəməyə hərhansı bir sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlmişdir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış ##.##.2025-ci il tarixli, № ***** saylı nisyə alqı-satqı müqaviləsinin etibarsızlığı üçün hər hansı əsas müəyyən edilmədiyindən iddia tələbi əsassızdır. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış müqaviləni qeyd edir. Belə olan halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Lakin məhkəmə bu halların heç birini araşdırmamışdır, nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, hər iki tərəf azad şəkildə (müqavilə azadlığı) müvafiq müqavilə imzalamalıdır. Bununla da müqavilədə qeyd olunan şərtləri qəbul etmiş olurlar. Lakin iddiaçı belə müqavilə imzalamamışdır, məhkəmə isə işin faktiki hallarını araşdırmadan əsassız qətnamə qəbul etmişdir. Bundan başqa məhkəmə iddiaçının məhkəməyə verdiyi izahatını mötəbər sübut kimi qəbul etməkdən əsassız olaraq imtina edilmişdir. Bununla da həmin sübutlara hüquqi qiymət verməkdən boyun qaçırmaqla səhv nəticəyə gəlmiş, qeyd olunan normaları pozmuşdur. Göründüyü kimi məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, bu hallar məhkəmə iclaslarında təsdiqini tapmamış, iddiaçı tərəfindən göstərilmiş hallar işin həlli üçün əhəmiyyət kəsb etməmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh öz nümayəndəsinin Məhkəmə Kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a.və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 402.3-ci maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış ##.##.2025-ci il tarixli, №***** saylı nisyə alqı-satqı müqaviləsindən və ona əlavədən görünür ki, satıcı 2 ədəd qiyməti 3899,99 manat olan “ASUS” markalı komputeri iki il zəmanət və proqram təminatı ilə birlikdə İddiaçı istifadəsinə vermiş, müqavilədə (ümumi məbləğ 10765,93 manat) 989,99 manat ilkin ödəniş müqabilində 18 ay müddətinə 543,11 manat aylıq ödəniş edilməsi nəzərdə tutulmuşdur. Həmçinin ##.##.2025-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, İddiaçı № ***** saylı müqaviləyə əsasən 2 ədəd qiyməti 3899,99 manat olan “ASUS” markalı komputer iki il zəmanət və proqram təminatı ilə birlikdə qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. Hazırda iddiaçı bağlanmış ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsinin ilk öncə tərəfindən imzalanmadığını, daha sonra məhsulların ona təhvil verilmədiyini, birinci instansiya məhkəməsi baxışı zamanı sonuncu məhkəmə iclasında isə müqavilə üzrə aylıq ödənişlərin azaldılmasını arzu etdiyini bildirmişdir. Faktiki olaraq iddiaçı müqaviləni subyekt və məzmun baxımından mübahisələndirir. Lakin iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, iddiaçı ilk öncə “xxxx” MMC-dən pulun qarşılığında kompüter götürüb Taleh adlı şəxsə verməli olmasını bildirsə də, iddiaçı həmin şəxslə kompüterin alınması ilə hər hansı şifahi və ya yazılı razılıq olması barədə mötəbər sübut təqdim edə bilməmişdir. Digər tərəfdən iddiaçı qeyd edilən məhsulun ona verilmədiyini bildirsə də, iş materiallarından görünür ki, müqaviləyə əsasən əldə edilmiş məhsul iddiaçıya təhvil verilmiş kimi qiymətləndirilir. Bundan başqa iddiaçı apellyasiya şikayətində də mübahisələndirilən müqavilənin tərəfindən imzalanmamasını bildirsə də, kollegiyanın iclasında iddiaçı iddiada qeyd edilən müqaviləni imzalamasını etiraf etməklə yanaşı izahatında aldadılmağına baxmayaraq yaranmış borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası iddia tələbinin eləcə də apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, hazırkı işdə mübahisələndirilən müqavilə bağlanarkən yuxarıda qeyd edilən imperativ şərtlərə əməl edilmişdir. Məhkəmə Kollegiyası iddia tələbinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Bu kontekstdə Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə Kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsasını təşkil edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, təqdim sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar