Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1244/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi) Hakimlər X10 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nuriyev İlham Qubad oğlunun, Cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili nümayəndə2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri ** saylı notariat ofisində ## ### 2023-cü il tarixdə *V-** nömrəli reyestr ilə təsdiq edilmiş mərhum Kərimova Zülfünaz Qasım qızı tərəfindən bütün daşınar və daşınmaz əmlakın cavabdeh cavabdeh2 vəsiyyət etməsini özündə əks etdirən vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum anası Zülfünaz Kərimova cavabdeh1 ## ### 2023-cü il tarixində 8İ-4862 nömrəli reyestr qeydiyyatı ilə təsdiq edilmiş vəsiyyətnaməyə əsasən, harada yerləşməsindən asılı olmayaraq öz mülkiyyətində olan bütün daşınar və daşınmaz əmlakını nəvəsi, yəni iddiaçının qardaşı qızı cavabdeh cavabdeh2 vəsiyyət etmişdir. Aşağıda göstərilənlərə əsasən həmin vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün kifayət qədər əsaslar olduğundan hazırkı iddia ilə məhkəməyə müraciət olunur. İşin faktiki halları ondan ibarətdir ki, mərhum Zülfünaz Kərimova 2004-cü ildən qızı, hazırkı iddia üzrə iddiaçı İddiaçı və kürəkəni ilə birgə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X3, Yurd küçəsində yerləşən həyət evində yaşamışlar. Mərhum Zülfünaz Kərimovanın səhhətində ciddi problemlər olmaqla yanaşı qulaqları pis eşidir, gözləri zəif görürdü. Mərhum Zülfünaz Kərimova qızı İddiaçı ona göstərdiyi qayğı və qulluqdan, eləcə də övladlıq borcunu layiqincə yerinə yetirməsindən son dərəcə razı olmuşdur. Mərhum Zülfünaz Kərimova qızı İddiaçı ilə birlikdə yaşadığı dövrdə evdə yıxılaraq xəsarət almışdır. İddiaçi İddiaçı əmək fəaliyyəti ilə məşğul olmaqla yanaşı, eyni zamanda anasına şəxsi qulluq göstərmişdir. Qeyd olunmalıdır ki, iddiaçı İddiaçı həyat yoldaşı da mərhum Zülfünaz Kərimovaya öz anası kimi münasibət göstərmiş, ona diqqət və qayğı ilə yanaşaraq qulluq etmişdir. Mərhum Zülfünaz Kərimova öz övladı İddiaçı ona göstərdiyi daimi qayğı və şəxsi qulluqdan razı qalaraq, öz mülkiyyətində olan yaşayış sahəsini halallığı ilə ona vəsiyyət etmişdir. Mərhumun bu qərarı verməkdə əsas məqsədi, onun ölümündən sonra övladı İddiaçı əziyyət çəkməməsi, dəfn və digər zəruri xərcləri qarşılamasını təmin etmək olmuşdur. Mərhum Zülfünaz Kərimova səhhətindəki ciddi problemlər səbəbindən yaşayış yerini tərk edə bilmirdi. Bu səbəbdən ## ####### 2019-cu il tarixdə cavabdeh1 “Səyyar xidməti”nin əməkdaşları iddiaçı İddiaçı yaşadığı ünvana gəlmiş və həmin gün mərhum Zülfünaz Kərimova tərəfindən tam şüurlu vəziyyətdə, sərbəst və öz iradəsi ilə qızı İddiaçı adına AR-İ ****** reyestr nömrəli etibarnamə verilmişdir. Etibarnamə 20 il müddətinə, yəni ## ####### 2039-cu il tarixədək qüvvədə olmaqla verilmişdir. Etibarnamənin təsdiq hissəsində notarius tərəfindən aparılmış qeyddən göründüyü kimi, Kərimova Zülfünaz Qasım qızının əlləri əsdiyi səbəbindən onun tapşırığı ilə etbarnaməni Kərimova Zülfünaz Qasım qızının nəvəsi, hazırkı iş üzrə cavabdeh cavabdeh2 imzalamışdır. 2022-ci ilin qış aylarında əlverişsiz hava şəraiti və güclü yağışlar nəticəsində iddiaçı İddiaçı və mərhum Zülfünaz Kərimovanın yaşadıqları yaşayış evi su basmasına məruz qalmışdır. Nəticə etibarilə həmin evin yaşayış üçün yararsız hala düşməsi səbəbilə 2022-ci ilin yanvar-fevral aylarında evdə təmir işlərinə başlanılmış və iddiaçı İddiaçı ailə üzvləri, o cümlədən mərhum anası Zülfünaz Kərimova ilə birlikdə müvəqqəti olaraq yaşayış yerini tərk etmişlər. Ərazidə münasib kirayə mənzil tapılmadığından, iddiaçının həmin ərazidə yaşayan qardaşı və onun həyat yoldaşı, yəni cavabdeh cavabdeh2 valideynləri mərhumun müvəqqəti olaraq onlarla birgə yaşamasını təklif etmişlər. Təmir müddətində cavabdeh İddiaçı öz əmək fəaliyyəti ilə yanaşı hər gün işdən sonra mütəmadi şəkildə mərhum anası Zülfünaz Kərimovanın yanına gedərək ona şəxsi qulluq göstərmişdir. Bununla belə, iddiaçı həmin dövrdə mərhumun onunla birgə yaşayan digər ailə üzvləri – oğlu, gəlini və nəvəsi tərəfindən lazımi səviyyədə qulluq edilmədiyini, mərhumun öz səhhətindən və onlara münasibətindən narazılıq etdiyini müşahidə etmişdir. Həmçinin, iddiaçı tərəfindən mərhumun pensiya kartından icazəsiz istifadə hallarının baş verdiyi müəyyən edilmişdir ki, bu da mərhumun iradəsinə zidd olaraq həyata keçirilmişdir. Beləliklə, mərhum Zülfünaz Kərimova 2022-ci ildən başlayaraq təxminən 2 il 7 ay müddətində oğlu, gəlini və onların övladı - cavabdeh cavabdeh2 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bəyaz küçəsi 2-ci döngədə yerləşən evdə faktiki olaraq məskunlaşmışdır. Həmin müddət ərzində cavabdeh cavabdeh2 mərhum Zülfünaz Kərimovanın yaşının çox olması, səhhətindəki problemlər və anlaqsız vəziyyətindən öncədən planlaşdırılmış şəkildə sui-istifadə etmişdir. O, bu məqsədlə mərhuma qarşı mənəvi və psixoloji təsir göstərmiş, mərhumun qonşuluqda yaşayan və onunla yaxın münasibətdə olan tanışlarını da guya şahid kimi cəlb edərək, onların iştirakı ilə nənəsi Zülfünaz Kərimovaya təzyiq göstərmiş və ondan etibarnamə və ya vəsiyyətnamə verməsini tələb etmişdir. Nəticə etibarilə təzyiqlər əsasında cavabdeh1 ## ### 2023-cü il tarixdə, 8İ-4862 nömrəli reyestr qeydiyyatı ilə mərhum Zülfünaz Kərimova tərəfindən cavabdeh cavabdeh2 öz mülkiyyətində olan bütün daşınar və daşınmaz əmlakına dair vəsiyyətnamə tərtib edilmişdir. Həmin vəsiyyətnaməyə vizual baxış keçirildikdə aydın şəkildə görünür ki, imza mərhum Zülfünaz Kərimovaya məxsus deyildir. Belə ki, vəsiyyətnamənin tərtib olunduğu dövrdə mərhumun görmə qabiliyyəti tamamilə itmiş, üstəlik əllərində ciddi titrəmə müşahidə olunurdu. Həmin fakt yuxarıda qeyd edildiyi kimi, ## ####### 2019-cu il tarixdə cavabdeh1 təsdiq edilmiş, mərhum Zülfünaz Kərimova tərəfindən qızı İddiaçı adına verdiyi AR-İ ****** reyestr nömrəli etibarnamənin təsdiq hissəsində notarius tərəfindən aparılmış qeyddə Kərimova Zülfünaz Qasım qızının əlləri əsdiyi səbəbindən onun tapşırığı ilə etbarnaməni Kərimova Zülfünaz Qasım qızının nəvəsi, hazırkı iş üzrə cavabdeh cavabdeh2 imzalamasının göstərilməsi ilə təsdiq edilir. Digər tərəfdən, cavabdeh2 iddiaçı qismində İsmayıllı Rayon Məhkəməsinə verdiyi İddiaçı və X1 qarşı “daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız sayılması və cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsində özü etiraf etmişdir ki, “nənəmin əlləri əsdiyi üçün onun yerinə etibarnaməni mən imzalamışam.” Qeyd olunanlardan əlavə vizual baxışla da açıq-aydın görünür ki, mərhumun şəxsiyyət vəsiqəsindəki imzası ilə sözügedən vəsiyyətnamədə mərhuma aid qrafada icra edilmiş imza eyni deyildir. Qeyd olunanlar nəzərə alınmaqla, ## ####### 2019-cu il tarixdə cavabdeh1 AR-İ ****** reyestr nömrəli etibarnamə təsdiq edilərkən əlləri əsdiyi üçün etibarnaməni imzalamağı bacarmayan Zülfünaz Kərimovanın 4 il sonra, yəni ## ### 2023cü il tarixdə, səhhətinin daha da ağırlaşdığı bir dövrdə 8İ-4862 nömrəli reyestr qeydiyyatı ilə təsdiq edilmiş vəsiyyətnaməyə özünün imza etməsi qeyri-mümkün və məntiqsiz olmaqla absurddur. Hadisələrin sonrakı inkişafı da cavabdeh cavabdeh2 və onun valideynlərinin qanunsuz və ədalətsiz hərəkətlərini sübut etmişdir. Belə ki, 2024-cü ilin may ayının sonlarında Zülfünaz Kərimovanın səhhətində daha ciddi ağırlaşmalar baş verdiyindən həmin ayın 29-da o, iddiaçı İddiaçı və onun həyat yoldaşı tərəfindən Respublika mərkəzi xəstəxanasına yerləşdirilmiş, 4 gün həmin xəstəxanada müalicə olunmuşdur. 4 gündən sonra müalicə həkimi Zülfünaz Kərimovanın müalicəsinin ev şəraitində davam etdirilməli olmasını bildirib, lazımi dərmanları tövsiyə etməklə evə buraxmışdır. Həmin vaxt cavabdeh Nigar Kərimli və onun valideynləri Zülfünaz Kərimovanı evə gətirən təcili tibb yardımı maşınının qarşısını kəsərək xəstə Zülfünaz Kərimovadan, əsasən də ayağındakı irinləmədən və çirk etmədən iyrəndiklərini bildirib evə buraxmamışlar. Bundan sonra, iddiaçı İddiaçı məcburiyyət qarşısında qalaraq yaşadıqları evin yaxınlığında kirayə ev tutmuş, qonşuları Gülnara ayda 350 manat ödəməklə onu mərhuma baxıcı təyin etmişlər. Cavabdeh cavabdeh2 və onun valideynlərinin bu hərəkətindən sonra mərhum Zülfünaz Kərimova nəvəsi cavabdeh2 tərəfindən ona hansısa sənədlərə imza etdirildiyini bildirib həmin sənədlərin ləğv edilməsini, cırılıb atılmasını tapşırmışdır. Sonradan məlum olmuşdur ki, mərhum Zülfünaz Kərimovanın tapşırığından sonra cavabdeh2 nənəsinin ona verdiyi etibarnaməni ləğv etdirsə də lakin nənəsinin ona verdiyi vəsiyyətnaməni ləğv etdirməmişdir. Kərimova Zülfünaz Qasım qızı ## #### 2024-cü il tarixdə ölmüşdür. Mərhumun sağlığında onun bütün müalicə, qida və geyim xərcləri, digər şəxsi ehtiyacları, qulluq edilməsi ilə bağlı vəsaitləri, ölümündən sonra isə dəfn mərasimlərinin və qəbirüstü abidənin qoyulması xərclərini də yalnız iddiaçı İddiaçı özü çəkmişdir. Cavabdeh cavabdeh2 mərhumun xəstə və yaşlı olmasından süi-istifadə edərək, təzyiq altında özünə etibarnamə vermişdir. Halbuki, cavabdeh cavabdeh2 mərhumun üzərində heç bir haqqı yoxdur, nə sağlığında nə də dəfn mərasimlərində heç bir əziyyət çəkməmiş, onun şəxsi qulluğunda dayanmamışdır. Mərhumun yalnız 3 yas mərasim evində keçirilməsi zamanı qısa müddətdə rəfiqələri ilə birgə iştirak etmişdir. Hətta mərhumun harada dəfn edilməsindən, yəni qəbrinin harada yerləşməsindən hələ də xəbərləri yoxdur. Belə ki, mərhum Zülfünaz Kərimovanın dəfn mərasimi zamanı cavabdeh cavabdeh2 və onun anası ailə üzvlərinin iştirakı ilə açıq şəkildə bəyan etmişlər ki, sözügedən etibarnaməni və vəsiyyətnaməni cırıb atmışlar, onlara heç bir əmlak və ya miras lazım deyil. Bu bəyanat onların vəsiyyətnamə ilə bağlı hər hansı hüquqi iddia və ya tələb irəli sürmək niyyətində olmadıqlarını, əksinə, bu hüquqdan könüllü şəkildə imtina etdiklərini nümayiş etdirir. Cavabdeh cavabdeh2 etibarnaməni ləğv etsə də, özünün dediyi kimi “vəsiyyətnaməni cırıb” atmamışdır. Digər tərəfdən, cavabdehin öz iddia ərizəsində istinad etdiyi digər xüsüsat yəni, sözü gedən bağışlama müqaviləsinin bağlanması nəticəsində iddiaçı İddiaçı özünə vərəsəlik əmlakından düşən məcburi miras payını digər birinci dərəcəli vərəsələrin və vəsiyyətnamə üzərində vərəsə kimi onun payının azaldılması hesabına artırılması barədə göstərdikləri tam əsassızdır. Əvvəla qeyd olunmalıdır ki, cavabdeh cavabdeh2 miras qoyanın nəvəsi olmaqla birinci dərəcəli vərəsə deyildir. Miras qoyanın birinci dərəcəli vərəsələrin adından ona çıxış etmək hüququ verilməmişdir. Digər tərəfdən, cavabdeh cavabdeh2 birinci növbə vərəsə olmadığından miras əmlakdan məcburi pay ilə bağlı onun heç bir hüququ yoxdur. Sözügedən vəsiyyətnamənin təsdiqi zamanı mövcud qanunvericiliyin tələbləri də pozulmuşdur. Belə ki, vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Lakin hazırkı iş üzrə sözügedən vəsiyyətnamənin tərtibi və təsdiqi zamanı iştitak edən şahidlər vəsiyyətnamənin onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunduğunu təsdiq etməmişlər. Şahidlərin ikisi, yəni X9 və X6 ana-bala olmaqla cavabdeh cavabdeh2 anası onların, habelə digər şahid Əliyeva Vüsalə İlqar qızının ailə işlərində xidmət göstərmişdir, hazırda da göstərir. Onlar qapıbir qonşu olmaqla çox yaxın münasibətdədirlər. Şahidlərin hər biri cavabdeh cavabdeh2 maraqlarının təmin olunmasında maraqlıdırlar. Digər tərəfdən şifahi sorğu zamanı həmin şəxslər, onların iştirakı ilə tərtib edilmiş sənədin vəsiyyətnamə olmasını bilmədiklərini təsdiq etmişlər, onlara verilmiş məlumata əsasən həmin sənədin mərhumun müalicəyə aparılması ilə bağlı olan bir sənəd olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən cavabdeh1 ## ### 2023-cü il tarixdə 8İ4862 nömrəli reyestr ilə təsdiq edilmiş mərhum Zülfünaz Kərimova tərəfindən bütün daşınar və daşınmaz əmlakını cavabdeh2 vəsiyyət etməsini özündə əks etdirən vəsiyyətnamə etibarsız hesab olunmalıdır.
a) Birinci instansiya məhkəməsində icraat:
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim L.Məmmədova) iddia tələbi rədd edilmişdir.
4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə mübahisəsi dövründə müəyyən edildi ki, vəsiyyətnamənin tərtibi zamanı notarius tərəfindən şahidlərin yanında vəsiyyət edən ona vəsiyətnamənin tərtib edilməsinə dair hər hansı bir təzyiq göstərilib-göstərilməməsi barədə sorğu-sual edilmiş, vəsiyyət edən könüllü iradəsinin olduğunu bildirmişdir. Göründüyü kimi, vəsiyyət edənin iradə sərbəstliyi pozulmamışdır. Əksini iddia edən iddiaçı isə bunu təsdiq edən dəlilləri təqdim edə bilməmişdir. Digər tərəfdən, iddia edildiyi kimi vəsiyyət edənin vəsiyyətnaməni şəxsən imzalamaması onun etibarsızlığı üçün əsas deyil. Belə ki, əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Həmçinin, əgər vəsiyyət edən görmə qabiliyyəti tam məhdud və ya savadsız olan vəsiyyət edən vəsiyyət sərəncamını notariusda üç şahidin yanında tərtib edilməli idi. Hansı ki, iddiaçı mərhumun görmə qabiliyyətinin itdiyini və əllərinin titrədiyini iddia edir. Bu dəlilə münasibətdə məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən vəsiyyətnamə faktiki olaraq, vəsiyyətedən tərəfindən şahidlərin yanında imzalanmış və tərtib edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri:
5. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla tam təsdiq edilmişdir ki, təzyiqlər əsasında cavabdeh1 ## ### 2023cü il tarixində, 8İ-4862 nömrəli reyestr qeydiyyatı ilə mərhum Zülfünaz Kərimova tərəfindən cavabdeh cavabdeh2 öz mülkiyyətində olan bütün daşınar və daşınmaz əmlakına dair vəsiyyətnamə tərtib edilmişdir. Həmin vəsiyyətnamədə qeyd olunan şahidlər, cavabdeh İddiaçı bildirmişlər ki, “imzaladığımız sənədin əsl mahiyyətini bilmədən, Nərmin Kərimovanın bizi aldatması nəticəsində həmin sənədə imza atmışıq. Nərmin Kərimova bizə bu sənədin sadəcə xəstəxana qeydiyyatına dair olduğunu bildirib, bizi sənədin əsl məqsədi barədə yanlış yönləndirmişdir. Sənədin əslində hüquqi və ya başqa məqsədlərlə istifadə olunduğunu daha sonra öyrəndikdə, biz bu hərəkətimizdən peşman olduğumuzu bildirir, həmin sənədə dair imzamızla bağlı etiraz etdiyimizi və bu imzanın heç bir hüquqi qüvvəsinin olmamasını tələb edirik”. Hazırda həmin şahidlər öz etirazını bildirməklə, bu barədə ## ##### 2025-ci il tarixdə aidiyyəti orqanlara ərizə ünvanlamışlar. Həmin vəsiyyətnaməyə vizual baxış keçirildikdə aydın şəkildə görünür ki, imza mərhum Zülfünaz Kərimovaya məxsus deyildir. Belə ki, vəsiyyətnamənin tərtib olunduğu dövrdə mərhumun görmə qabiliyyəti tamamilə itmiş, üstəlik əllərində ciddi titrəmə müşahidə olunurdu. Bu hal cavabdeh cavabdeh2 öz ifadəsində də təsdiqini tapmışdır: o, iddia ərizəsində “nənəmin əlləri əsirdi” ifadəsini qeyd etmişdir. Görmə qabiliyyəti olmayan və əllərini idarə etməsi pozulmuş, şəxsin imzanı səliqəli və dəqiq şəkildə çəkə bilməsi mümkün olmadığından, təqdim edilmiş imzanın mərhuma aid olmasına əsaslı şübhələr vardır. Belə ki, həmin imza ilə mərhumun şəxsiyyət vəsiqəsindəki imzası eynilik təşkil etmir. Habelə, mərhum Zülfünaz Kərimovanın adından cavabdeh cavabdeh2 verilmiş Bakı şəhəri ** saylı Notariat Ofisində vəsiyyətnamənin tərtibi və həyata keçirilməsi ilə bağlı heç bir videogörüntü halı mövcud olmamışdır. Beləliklə, həmin imzanın mərhumun iradəsi və iştirakı olmadan, üçüncü şəxs və ya iddiaçının özü tərəfindən saxta şəkildə atıldığı əsaslı şübhə doğurur və bu da vəsiyyətnamənin etibarsız hesab edilməsinə hüquqi əsas verir. Birinci instansiya məhkəməsində işin baxılması, hərtərəfli araşdırılması ilə bağlı heç bir məhkəmə ekspertizası həyata keçirilməmiş, birinci instansiya məhkəməsində iddiaçı İddiaçı işin halları ilə bağlı ədalətli qərar verilməsini, şahidlərin dindirilməsini xahiş etsə də, təmin olunmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
7. Cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, vəsiyyətnamənin şahidlərinin hansısa orqana ## ##### 2025-ci il tarixdə imzalarına dair etiraz ərizəsi ünvanlanması faktı mövcud deyil. Olsaydı bunu iddia edən tərəf sübut təqdim edərdi. Onların imzaladığı sənədin məzmunu bilməməsi, aldadıldığı, peşman olduğu kimi söz birləşmələri iddiaçının uydurmasıdır və heç bir əhəmiyyət daşımır. Digər tərəfdən, iddiaçı özü iddia ərizəsində və bu şikayətin əvvəlində qeyd edir ki, guya şahidlər cavabdehin qonşularıdır, onun anası ilə yaxın münasibətləri var və bu işdə maraqlıdırlar. Şahidlərin işdə maraqlı olması bir başqa uydurma mövzusudur. Lakin iddiaçının şikayətin əvvəlində şahidlərin işdə maraqlı olması və sonunda imzadan imtina etmələri ilə bağlı yazdıqları biribiri ilə uzlaşmır, hər ikisinin uydurma, sübutsuz və əhəmiyyətsiz olduğunu təsdiq edir. Buna görə hesab edir ki, bu məsələ məhkəmənin araşdırma mövzusu olmamalıdır. Vəsiyyətnamədəki imzanın miras qoyana məxsus olmaması barədə iddiaçının müşahidəsi onun miras qoyanın iradəsinin ziddinə hərəkət etmək istəyindən baqşa, heç bir sübutla təsdiq olunmur. Əksinə vəsiyyətnamənin notariat qaydada təsdiq olunması özlüyündə bunu təkzib edir. Heç bir notarius miras qoyanın iradəsinin ziddinə olan və onun tərəfindən imzalanmayan vəsiyyətnaməni təsdiq etməz, belə riskə getməz. Bu, həm qanunla qadağandır, həm də buna görə məsuliyyət var. Notarius özü və onun nümayəndəsi məhkəməyə verdiyi ifadəsində təsdiq edib ki, miras qoyanın cavabdeh2 bütün əmlakını vəsiyyət etmək istəyi barədə iradəsini tam dəqiqləşdirdikdən sonra notariat hərəkətlərinin icrasına başlayıblar. Miras qoyan vəsiyyətnaməni tam imzalamaqda, yəni notariat qaydaya görə imzasının yanında adını və soyadını yazmaqda çətinlik çəkdiyinə görə onun xahişi ilə vəsiyyətnaməni əlavə olaraq, X7 da imzalamışdır. Beləliklə, notarius tərəfindən təsdiq olunmuş sözügedən vəsiyyətnamə subyekt tərkibi, məzmunu, iradə sərbəstliyi və ifadəsi, habelə forma şərtləri baxımından qanunvericiliyin tələblərinə tam uyğun olmuşdur. Miras qoyanın görmə qabiliyyətinin tamamilə itirməsi və əllərinin titrəməsi səbəbindən vəsiyyət edə bilməməsi və ya imzalaya bilməməsi ilə bağlı iddiaçı tərəfin mülahizələri əsassızdır və söz manipulyasiyasıdır. Zülfünaz Kərimovanın vəsiyyət qoyuduğu vaxt – 2023-cü ildə 83 yaşı olub, şübhəsiz ki, bu yaşda olan çoxunun gözü əvvəlkindən zəif görür, lakin o, görmə qabiliyyətini tamamilə itirməmişdir. Əlləri isə adi vaxtda əsməyib, əllərinə əlavə yükləmə verəndə (məsələn, qələm tutmaq, yazmaq kimi və s.) əlləri əsə bilərdi. Aydın məsələdir ki, bu yaşda olan adamın kiçik motorikası da zəifləyir. Cavabdeh cavabdeh2 ifadəsi isə kontekstdən çıxarılıb. Belə ki, 2019-cu ildə miras qoyan hazırki iş üzrə iddiaçı İddiaçı etibarnamə verib, həmin etibarnaməni nənəsi Zülfünaz Kərimovadan başqa onun əvəzinə cavabdeh2 də imzalayıb. Lakin bu məsələnin hazırki mübahisəyə və vəsiyyətnaməyə heç bir aidiyyəti yoxdur. Vəsiyyətnamənin verilməsinin videogörüntü ilə qeydə alınmasına dair qanunvericilikdə heç bir tələb olmadığına görə iddiaçının bu dəlilinin heç bir əsası yoxdur və onun etibarsızlığına səbəb ola bilməz.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
8. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı izahat verərək bildirmişdir ki, 30 il müddətinə mərhum anasına o qulluq edib. Həmçinin, anasını qardaşı ilə birlikdə müvəqqəti yaşadığı mənzildən götürdükdən sonra, o, ona həmin zaman müəyyən sənədləri imzaladığını bildirmiş və həmin imzaladığı sənədləri ləğv etdirməyini xahiş etmişdir. Mərhum anasının imzaladığı etibarnamə ləğv etdirilmişdir. Əvvəlcə cavabdeh vəsiyyətnaməni məhv edərək atdığını bildirdiyindən, vəsiyyətnaməni ləğv etdirməyə zərurət görməyib. Lakin, sonradan bu halın həqiqəti əks etdirmədiyi onlara məlum olmuşdur. Bundan əlavə, qardaşı anasının dəfn mərasimində belə iştirak etməmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nuriyev İlham Qubad oğlu izahat verərək bildirmişdir ki, mərhumun vəsiyyətnaməni şəxsən imzalaması qeyri-mümkündür, çünki vəsiyyətnamədən bir müddət əvvəl tərtib olunan etibarnamənin məzmununda mərhum şəxsin gözlərinin görməməsi və əllərinin əsməsi səbəbindən etibarnaməni onun əvəzinə nəvəsi olan cavabdeh imzalamışdır. Belə olan halda, mərhumun səhhətinin 3-4 il sonra daha ağırlaşdığı nəzərə alındıqda, vəsiyyətnamənin onun tərəfindən imzalandığını ehtimal etmək ağlabatan deyil. Həmçinin, notarius məktubunda vəsiyyətnaməni şahidin imzaladığını göstərsə də, videokonfrans əlaqə sistemindən istifadə edilməklə, keçirilən məhkəmə iclası zamanı vəsiyyətnamənin mərhum tərəfindən şəxsən imzalandığını bildirmişdir. Məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili nümayəndə2 izahat verərək bildirmişdir ki, iddiaçı mərhum anasının vəsiyyətnamə verdiyini təsdiq etdiyini bildirsə də, digər tərəfdən imzanın ona məxsus olmadığını iddia edir. Halbuki, mərhum özü vəsiyyətnamə verdiyi öz ifadəsi ilə iddiaçıya təsdiq etmişdir. Notarius da vəsiyyətnamədəki imzanın mərhuma məxsus olduğunu bildirmişdir. Eyni zamanda, iddiaçı qonşularla birgə tərtib olunmuş akt tərtib etməklə, 2007-2024-cü illər ərzində anasına onun qulluq etdiyini göstərsə də, öz izahatı zamanı 2 il müddətinə anasının cavabdehlə birgə yaşadığını bildirmişdir. Belə olan halda, iddiaçının mövqeyində çoxsaylı ziddiyyətlərin olduğu aşkar görünür. Həmçinin, mərhum sağlığında ilkin olaraq, İsmayıllı rayonunda cavabdeh və ailəsi ilə birlikdə yaşamışdır. Cavabdeh və ailəsi Bakı şəhərinə yaşamaq üçün köçdükdən sonra, cavabdehin anasının səhhətində olan problemlərdən dolayı mərhum iddiaçı ilə birlikdə qalmağa başlasa da, sonradan cavabdeh və ailəsi yenidən 2 il müddətinə 1 otaqlı mənzildə mərhumla birlikdə yaşamışlar. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştirakını təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Maddə 1168. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Maddə 1182. Əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. Maddə 1183.1. Əgər vəsiyyət edən nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə qabiliyyəti tam məhdud və savadsızdırsa, vəsiyyət sərəncamını o, notariusda iki şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir. Maddə 1183.2. Görmə qabiliyyəti tam məhdud və ya savadsız olan vəsiyyət edən vəsiyyət sərəncamını notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılıb ona oxunmalıdır. Maddə 1183.3. Əgər vəsiyyət edən nitq-eşitmə-görmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə-görmə qabiliyyəti tam məhdud və savadsızdırsa, vəsiyyət sərəncamını notariusda dörd şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir. Maddə 1183.4. Vəsiyyətnaməni şahidlər yaza və oxuya bilərlər, lakin vəsiyyətnaməni onu yazan oxumamalıdır. Maddə 1183.5. Qeyddə onu kimin yazdığı və vəsiyyət edənə oxuduğu göstərilməlidir. Qeyd şahidlər tərəfindən imzalanmalı və notarius tərəfindən təsdiqlənməlidir. Maddə 1184. Yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. Maddə 1186. Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər.
13. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli qərarı: “..Tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: 1) həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; 2) müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu səbəbdən onu bağlamış şəxsin həmin müqaviləni təsdiq etməsi (icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisələndirilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqd bağlandığı andan etibarlı hesab edilir. Bu mənada həmin əqd onu mübahisələndirmək hüququna malik olan şəxs tərəfindən təsdiq edildiyi təqdirdə, o, özünün mübahisə etmək hüququndan məhrum olur və əqd bağlandığı andan etibarlı olaraq qəbul edilir. Təsdiqetmə o zaman etibarlı sayıla bilər ki, əqd ictimai mənafeyə və əxlaq normalarına zidd olmasın. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir”.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı işdə iddia tələbi təmin edilmədiyindən və qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
16. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. İş materiallarından görünür ki, ##.##.2023-cü il tarixli, reyestrdə 2V-66 № ilə qeydə alınmış vəsiyyətnamənin surətindən görünür ki, İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 7A ünvanında qeydiyyatda olan Kərimova Zülfünaz Qasım qızı ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 7A, ünvanında qeydiyyatda olan cavabdeh2 vəsiyyət edir. Vəsiyyətnamədə şahid qismində Əliyeva Xəyalə İlqar qızı, X9 və X7 iştirak etmişdir. Vəsiyyətnamədə həmçinin qeyd edilir ki, vəsiyyətnaməni Kərimova Zülfünaz Qasım qızı şəxsən özü imza edib. Vəsiyyət edənin şəxsiyyəti müəyyənləşdirilib.
18. “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Vüsal Rüstəmov və xüsusi notarius Hüseynov İlham Bayram oğlunun iştirakı ilə tərtib edilən ##.##.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Kərimova Zülfünaz Qasım qızı üçün iş yerindən kənarda notariat hərəkətləri həyata keçirilmişdir. AKT Hüseynov İlham Bayram oğlu və səyyar xidmət qrupunun rəhbəri X2 tərəfindən imzalanmışdır.
19. Bakı şəhəri ** saylı notariat ofisinin notariusu Hüseynov İlham Bayram oğlu tərəfindən təsdiq edilən ##.##.2019-cu il tarixli, AR-İ seriyalı, ****** saylı etibarnamənin surətindən görünür ki, Kərimova Zülfünaz Qasım qızı İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünün bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə, qanunla icazə verilmiş bütün əqdləri o cümlədən, almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək və s. bağlamaq və s. hərəkətləri etmək etibar edilmişdir. Etibarnamə 20 il müddətinə verilib və ##.##.2039-cu il tarixinədək qüvvədədir. Həmçinin, etibarnamə əlləri əsməsi səbəbindən Kərimova Zülfünaz Qasım qızının tapşırığı ilə cavabdeh2 notariusun iştirakı ilə imzalamışdır.
20. Hazırkı işin hallarına görə iddiaçı iddia tələbində mərhum anası Kərimova Zülfünaz Qasım qızı tərəfindən Masallı rayonunda yerləşən əmlaklarla bağlı verilmiş ## ### 2023cü il tarixli vəsiyyətnamənin etibarsız hesab olunmasını xahiş edir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, iddiaçının anasının vəsiyyətnamənin tərtibi zamanı iradə ifadəsi olmamış, sağlamlıq vəziyyəti vəsiyyət etmək imkanını məhdudlaşdırmış (görmə qabiliyyətini itirmiş və əlləri titrəyir) və bu səbəbdən vəsiyyətnamə onun tərəfindən imzalanmamışdır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən vəsiyyətnamə birtərəfli əqddir. Hazırkı halda iddia predmeti olan əqdin etibarsız olub-olmamasının müəyyən edilməsi üçün əqdin etibarlılığı ilə bağlı müddəaların nəzərdən keçirilməsi zərurəti yaranır.
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2022-ci il tarixli qərarında qeyd edilir ki, “..Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.
23. Sözügedən şərtlərin hazırda mübahisə predmeti olan vəsiyyətnamə üzərindən yoxlanılması zamanı qeyd edilməlidir ki, vəsiyyətnamənin tərtib edilməsi zamanı vəsiyyət edən öz fikrini tam və aydın ifadə etmiş və vəsiyyətnamə şahidlərin iştirakı ilə onun tərəfindən rəsmiləşdirilmişdir. Bu hal iş materiallarında olan sənədlərdə öz əksini tapır. Hazırkı halda iradə ifədəsi, vəsiyyətnamənin məzmunu, forması ilə bağlı şərtlərin pozulması müəyyən edilmir. Bununla bağlı iddiaçı tərəfindən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
24. Bakı şəhəri ** saylı Notariat Ofisinin Xüsusi notariusu İ.B.Hüseynov tərəfindən məhkəməyə ünvanlanan ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, ##.##.2024cü ildə vəfat etmiş Kərimova Zülfünaz Qasım qızının adına Bakı şəhəri, ** saylı notariat ofisində vərəsəlik işi açılmamışdır. Lakin “Asan” Xidmət Mərkəzinin müraciəti əsasında, nümayəndəsinin iştirakı ilə notarius tərəfindən Kərimova Zülfünaz Qasım qızının adından vəsiyyətnamənin rəsmiləşdirilməsi üşün ofisdən kənar Bakı şəhəri, Binəqədi rayonu ünvanında notarial hərəkətləri aparılmışdır. Vəsiyyətnamənin tərtib edilməsi zamanı vəsiyyət edən öz fikrini tam və aydın ifadə etmiş və şahidlərin iştirakı ilə vəsiyyətnamə tərəfindən rəsmiləşdirilmişdir.
25. Əqdin subyekt tərkibinə dair şərtin pozulması – yəni vəsiyyətnamənin mərhumun özü deyil digər şəxs tərəfindən imzalanması ilə bağlı iddiaçının dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliklə bununla bağlı hər hansı məhdudiyyət yoxdur.
26. Belə ki, Mülki Məcəllənin 1182-ci maddəsinə əsasən əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir.
27. Həmin Məcəllənin 1183.1-ci maddəsinə əsasən əgər vəsiyyət edən nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə qabiliyyəti tam məhdud və savadsızdırsa, vəsiyyət sərəncamını o, notariusda iki şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir.
28. Bakı şəhəri ** saylı Notariat Ofisinin Xüsusi notariusu İ.B.Hüseynov tərəfindən məhkəməyə ünvanlanan ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, * saylı Bakı ASAN Xidmət Mərkəzi Kərimova Zülfünaz Qasım adından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciəti əsasında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evində vəsiyyətnamənin təsdiqi ilə bağlı ofisdən kənar Notariat hərəkətinin aparılması barədə məlumat daxil olmuşdur. ##.##.2023-cü il tarixində ASAN Xidmət Mərkəzinin əməkdaşlarının və onun iştirakı ilə qeyd edilən ünvana getdikdə Kərimova Zülfünaz Qasım qızı vəsiyyətnamənin yazılmasını istədiyini bildirmişdir. Lakin vəsiyyət edən şəxsin əllərinin əsməsi və gözlərinin zəif görməsi səbəbindən vəsiyyətnaməni müstəqil surətdə tam olaraq imzalaması çətinlik yaratdığından, Mülki Məcəllənin 1182-ci maddəsində qeyd edildiyi kimi “əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxslər imzalaya bilər” qeyd edilən maddəyə istinad edərək, Kərimova Zülfünaz Qasım qızının xahişi ilə X7 onun yerinə imza etmişdir. X14 İlqar qızının və X9 şahidliyi ilə notarius tərəfindən tərtib və təsdiq edilmişdir. Vəsiyyətnamənin mətni aydın və ucadan izah edilmişdir.
29. Göründüyü kimi, vəsiyyətnamə iddiaçının mərhum anası Kərimova Zülfünaz Qasım qızı tərəfindən şahidlərin iştirakları ilə digər şəxs tərəfindən imzalanmış olsa belə bu hal onun etibarsızlığına əsas vermir.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov