Məhkəmə qərarları › İş №2(3-6)-1289/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1289/2026

24.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1289/2026 24.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçı İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh “İnşaat Konstuksiyaları” MMC-yə qarşı “mənzilin təhvil verilməsi və yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə ünvan 1 ünvanındakı çoxmənzilli yaşayış binasının 3-cü blokunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 81,9 kv.m təşkil edən, 2 otaqdan ibarət *** nömrəli mənzil barədədir (bundan sonra – mənzil). 2.Mənzilin yerləşdiyi bina cavabdehə aiddir. Tərəflər mənzilə dair ##.##.2021-ci il tarixli Ş****** nömrəli müqavilə bağlayıb. Müqaviləyə görə, cavabdeh mənzili iddiaçıya verməyi, iddiaçı isə buna görə cavabdehə mənzilin hər kv.metri üçün 1.038 manat olmaqla 85.000 manat ödəməyi öhdəsinə götürüb. 3.Cavabdehin verdiyi ##.##.2021-ci il tarixli arayışa görə, iddiaçı mənzilin dəyərini tam ödəyib. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsi ##.##.2025-ci il tarixdə verilib. İddia ərizəsində tələb olunub ki, mənzil müqavilədə göstərilən şərtlərlə cavabdeh tərəfindən iddiaçıya təhvil verilsin və mənzilə iddiaçının sahiblik və istifadə hüququ tanınsın. 5.Tələb onunla əsaslandırılıb ki, müqavilə bağlandıqdan sonra mənzilin dəyəri iddiaçı tərəfindən birdəfəyə tam ödənilib, mənzil iddiaçıya təqdim olunub, iddiaçı mənzilin girişinə dəmir qapı qoyub, qapını kilidləyib və giriş qapısının açarının bir nüsxəsini binada gedən təmir işləri ilə əlaqədar binanın komendantına verib. Müqavilənin 8.2-ci bəndinə görə, mənzilin təhvil-təslimi hər iki tərəfin imzaladığı akt əsasında qanuniləşdirilir. Artıq binada inşaat işləri demək olar ki, yekunlaşdığından iddiaçı mənzilin müqavilədə nəzərdə tutulmuş qaydada ona təhvil verilməsi və mənzildə təmir işləri aparmaq üçün cavabdehə müraciət edib. Lakin cavabdeh hər hansı səbəb olmadan mənzilin müqavilədə nəzərdə tutulmuş şərtlərlə iddiaçıya təhvil verilməsini yubadır və iddiaçının mənzildə təmir işləri aparmasına maneçilik yaradır. 6.Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin edilsin, cavabdeh mənzili müqavilədə göstərilən şərtlərlə iddiaçıya təhvil versin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 7.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 8.Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, mənzil başqa şəxsə - X2 məxsusdur, həmin şəxslə cavabdehin arasında müqavilə bağlanıb. X2 bağlanmış müqavilədə göstərilən *** nömrəli mənzil ilə iddiaçı ilə bağlanmış müqavilədə göstərilən *** nömrəli mənzil eyni mənzildir. Mənzilə görə iddiaçı tərəfindən cavabdehə hər hansı ödəniş edilməyib, mənzilin müqaviləsi tikinti materiallarının əvəzinə görə yazılmış olsa da mənzilin dəyəri ödənilməyib. 9.Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. 10.Cavabdeh “İnşaat Konstuksiyaları” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 11.Apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, mənzil başqa şəxsə - X2 məxsusdur. Apellyasiya şikayətinə cavabdeh ilə X2 arasında bağlanmış ##.##.2019-cu il tarixli ****** nömrəli müqavilə əlavə edilib. Həmin dəlilə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. 12.Birinci, cavabdeh mənzilin X2 məxsus olduğunu bildirdiyinə görə, bunu sübut etmə yükü cavabdehin üzərinə düşür. Mənzilin həmin şəxsə məxsus olduğunun müəyyən edilməsi üçün ilk növbədə onun şəxsiyyəti müəyyən edilməlidir. X1 Mohsenin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Belə ki, cavabdeh onun şəxsiyyətini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Müqavilədə onun yalnız adı qeyd olunmuş, şəxsiyyəti barədə başqa məlumatlar (vətəndaşlığı, təvəllüdü, qeydiyyat ünvanı və s.) göstərilməmişdir. “Elektron məhkəmə” informasiya sistemində də onun şəxsiyyəti barədə məlumat yoxdur. Bundan başqa, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, X2 şəxsiyyətinin müəyyənləşdirilməsi üçün zəruri olan məlumatları məhkəməyə bildirməmişdir. Belə ki, apellyasiya icraatı zamanı məhkəmə iclası ##.##.2026-cı il tarixə təyin olunmuş, cavabdehin nümayəndəsi ərizə göndərərək işə baxılmasının təxirə salınmasını xahiş etmiş, bu xahişini nümayəndəsinin üzrlü səbəbdən məhkəmə iclasına gələ bilməməsi ilə əsaslandırmışdır. İşə baxılması ##.##.2025-ci tarixə təxirə salınmış, lakin cavabdehin nümayəndəsi həmin iclasa da gəlməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Göründüyü kimi, məhkəmə X2 şəxsiyyətinin müəyyən edilməsi üçün zəruri olan hərəkətləri etmiş, lakin məhkəmədən asılı olmayan səbəblərə görə bu, mümkün olmamışdır. X2 şəxsiyyətinin müəyyən edilməsi mümkün olmadığına görə, onun üçüncü şəxs kimi işə cəlb edilməsi də mümkün olmamışdır. 13.İkinci, cavabdeh iki müqavilənin (iddiaçı ilə bağlanmış müqavilənin və X2 ilə bağlanmış müqavilənin) predmetinin eyni mənzil olduğunu bildirdiyinə görə, bunu sübut etmə yükü cavabdehin üzərinə düşür. İddiaçı müqavilələrin predmetlərinin eyni mənzil olmadığını bildirir və bu mövqeyini həmin müqavilələrdə göstərilmiş əlamətlərin fərqli olması ilə əsaslandırır. Belə ki, X2 müqaviləsində mənzilin mərtəbəsi 14, sahəsi 81,5 kv.m, nömrəsi 248 kimi göstərilib, iddiaçının müqaviləsində isə mənzilin mərtəbəsi 13, sahəsi 81,9 kv.m, nömrəsi 242 kimi göstərilib. Cavabdeh iki müqavilənin predmetinin eyni mənzil olduğunu təsdiq edən sübut təqdim etmədiyinə görə, müqavilələrin predmetinin eyni mənzil olduğunu müəyyən etmək mümkün olmadı. 14.Beləliklə, iddiaçı cavabdehlə bağladığı müqavilənin şərtlərinə əsaslanaraq mənzilin təhvil verilməsini tələb edir. Müqavilənin 8.1 və 8.2-ci bəndlərinə görə, tikinti işləri başa çatdıqdan sonra cavabdeh mənzili təhvil verir, iddiaçı mənzili qəbul edir, təhvil-təslim hər iki tərəfin imzası ilə təsdiq olunmuş akt ilə qanuniləşdirilir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi mənzilin müqavilədə göstərilən şərtlərlə cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsini qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. 15.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi Apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar