Məhkəmə qərarları › İş №2(3-6)-1296/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1296/2026

05.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1296/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh “maddi və mənəvi zərərin ödənilməsi” barəsində iddiasına dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “maddi və mənəvi zərərin ödənilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçının nümayəndəsi X1, Cavabdeh Cavabdeh iştirakı ilə, Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin faktiki halları:

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı cavabdeh Cavabdeh 5350 manat manat maddi ziyanın, 1000 manat mənəvi ziyanın və 83,50 manat dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2024-cü ilin mart ayının sonlarında mülkiyyətində olan Kia Optima markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərriki sıradan çıxdığı üçün o yeni və ikinci əl avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olan Cavabdeh adlı şəxsə müraciət edərək yeni və ya az işlənmiş mühərrik almaq istədiyini bildirmişdir. Cavabdeh hazırda onda yeni mühərrik olmadığını, lakin digər avtomobilin üzərindən çıxmış işlək mühərikin olmasını, həmin mühərrikə tam zəmanət verməsini, əgər hər hansı bir problemin çıxacağı təqdirdə xarici ölkədən yeni mühərrik gətirdiyini və ona satdığı mühərrik onu qane etmədiyi təqdirdə həmin mühərriki xarici ölkədən gətirəcəyi yeni mühhərriklə əvəz edəcəyini bildirmişdir. Cavabdeh ödəniş məbləği olaraq 5200 manat ödəməli olduğunu bildirmişdir. Cavabdeh istədiyi məbləğin yüksək olduğunu düşündüyünü görüb, mülkiyyətində olan Kia Optima markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sıradan çıxmış mühərrikini ona verəcəyi təqdirdə, ödəniş məbləğindən 500 manat çıxacağını, yəni 4700 manata razılaşacağını bildirmişdir. O Cavabdeh sözlərinə inanaraq onunla razılaşıb, ona Kia Optima markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sıradan çıxmış mühərrikini verib, əlavə 4700 manat (cəmi 5200 manat) ödəniş etmişdir. Cavabdeh mühərriki dəyişdirdikdən sonra həmin mühərrikin karterindən yağ axıtdığını görüb bu barədə ona məlumat vermişdir. Nihad isə hələ xaricdən yeni mühərrikin gəlmədiyini, biraz gözləməli olduğunu bildirmişdir. Daha sonra mühərrikin ilk yağ dəyişimində mühərrikin yağ normasının yarıdan az olduğunu görmüşdür. Bu barədə dəfələrlə Cavabdeh bildirdikdə o, mühərrikin problemli olmasını qəbul edərək ona əvvəllər xaricdən mühərrikin gəlmədiyini, qısa müddət ərzində gələcəyini, lakin sonralar isə əlində başqa avtomobildən çıxardığı digər mühərrikin olmasını bildirərək mühərriki dəyişəcəyini qeyd etmişdir. Bununla əlaqədar o mühərrikin dəyişdirilməsi üçün dəfələrlə müraciət etməyinə baxmayaraq Cavabdeh söz versə də, hətta bu barədə WhatsApp tətbiqi ilə yazışma aparmasına baxmayaraq sonradan telefonlara cavab verməmiş, üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Daha sonra Cavabdeh ona satdığı qüsurlu mühərrik tamamilə öz funksiyasını itirdiyi üçün məcburiyyət qarşısında qalaraq 23-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayəti əsnasında Cavabdeh izahatı alınmış və ona məxsus avtomobilin mühərrikinin ondan alınmasını təsdiq etmişdir. Onun avtomobilinin mühərrikində problem olduğu üçün dəyişmək qərarına gəlmişdir. Görünən isə odur ki, cavabdeh tərəfindən ona maddi ziyan dəymişdir. Yaranmış vəziyyətə görə o avtomobilinə əlavə xərclər çəkmişdir. Belə ki, işlək vəziyyətdə olan mühərrikin alınması, onun quraşdırılması və digər təmir xərcləri ilə bağlı ona 5350 manat dəyərində zərər vurulmuşdur.

3. Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Əminə Abbasova) ilə iddia tələbi təmin edilməmişdir.

4. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, qeyd etmişdir ki, ş üzrə cavabdeh Cavabdeh razılaşmaya əsasən avtomobili işlək (yeni və ya az işlənmiş) motorla təmin öz üzərinə götürməyinə baxmayaraq həmin öhdəliyi pozmuşdur. Belə ki, ilk yağ dəyişimində motorun qüsurlu olmasımüəyyən edilmişdir. Cavabdeh iddiaçıya təqdim etdiyi motorun qüsurlu olmasını qəbul etmiş və iddiaçı ilə Whatsapp tətbiqi ilə yazışmasında motoru dəyişdirmə öhdəliyini qəbul etmişdir. Cavabdeh qüsurlu motoru dəyişdirməli olmasını birinci instansiya məhkəməsində də etiraf etmişdir. Iş üzrə cavabdeh Cavabdeh öhdəliyinin təqsirli pozuntusu ilə əlaəqdar təqdim edilmiş qüsurlu motoru digər işlək motorla dəyişdirmə öhdəliyini icra etməməklə iddiaçıya vurulmuş zərərin əvəzini ödəməlidir. Mühərrikin qüsurlu təqdim olunması və sonradan dəyişdirmə öhdəliyinin mövcudluğunun sübut edilməməsi ilə əlaqədar məhkəmənin mövqetu iddiaçı ilə cavabdeh arasında olan whatsapp yazışması ilə birbaşa inkar olunur. Belə ki, iddia ərizəsinə əlavə olunmuş və cavabdeh tərəfindən mübahisələndirilməyən həmin yazışmada iddiaçının müraciətinə cavab olaraq "salam, dəyişək motoru, burda var, ordakı hələki gəlməyib" cavabı ilə iddia ərizəsində göstərilən hallar tam təsdiqini tapmışdır. Həmin dəlilin məhkəmədə araşdırılmasından sonra cavabdeh motorun nöqsanlı olması ilə əlaqədar dəyişdirmə öhdəliyinin olmasını qəbul etmişdir. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi İddiaçıa apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və şikayətin məzmununa uyğun izahat verərək əlavə etdi ki, həyat yoldaşı – iddiaçı avtomobilində yaranmış problemlə bağlı cavabdehə müraciət etmiş və cavabdeh ona ikinci əl mühərrik vermişdir. Həmçinin cavabdeh bildirmişdir ki, əgər verdiyi mühərrikdə hər hansı problem yaranarsa, xarici ölkədən gətirəcəyi mühərriklə onu əvəz edəcəkdir. Avtomobilin mühərrikindən yağ axıtdığı üçün iddiaçı hər dəfə cavabdehin yanına getməli olurdu və cavabdeh isə dəfələrlə xaricdən mühərrik gələn zaman dəyişdirəcəyini bildirmiş (bunu təsdiq edən WhatsApp yazışmaları da var), lakin bu öhdəliyini icra etməmişdir. Nəticədə polisə müraciət etməli olublar. Cavabdeh birinci instansiya məhkəməsində və polis bölməsində izahatlarında həmin mühərriki yenisi ilə dəyişdirilməli olduğunu etiraf etmiş, onlardan 3200-3300 manat pul aldığını bildirmişdir, halbuki cavabdeh onlardan 5.200 manat istəmiş, lakin onlar öz maşınlarının üstündəki köhnə mühərriki cavabdehə verməklə 4700 manat pul ödəyə biləcəklərini bildirmiş, cavabdehlə belə razılığa gələrək həmin məbləği ona ödəmişlər. Həmin pulu cavabdehə nəğd şəkildə vermişlər, cavabdeh bununla bağlı onlara hər hansı ödəmə sənədi verməmiş, ona görə də bunu təsdiq edəcək başqa sübutları yoxdur.

7. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və bildirdi ki, 2024-cü ilin mart ayında iddiaçıya mühərriki 2800 (iki min səkkiz yüz) manata satmışdır, əlavə olaraq usta pulu, yağ dəyişmə və s. olmaqla, iddiaçıdan cəmi 3300 (üç min üç yüz) manat pul almışdır, rayon məhkəməsi düzgün qənaətə gəlmişdir, iddiaçı özü avtomobili istismar qaydalarına əməl etmədən idarə etməsi səbəbindən sonradan həmin mühərrikdə problemlər yaranmışdır, onun iddiaçının avtomobilinin mühərrikini ikinci dəfə, həm də əvəzsiz olaraq dəyişəcəyinə dair öhdəliyi olmamışdır.

8. Sübutların tədqiqi:

9. Mülki iş materiallarında olan ##.##.2025-ci il tarixli qüsur aktına əsasən “Kia Optima” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış və diqnostika keçirilən zaman müəyyən edilmişdir ki, mühərrik tam qapanmışdır və işə düşmür, mühərrikin daxili hissələrində mexaniki killitlənmə müşahidə olunur, yağ dövriyyəsi tam dayandığı üçün mühərrikdə sürtünmədən yaranan ciddi zədələnmələr aşkarlanır, mühərrikin açılmadan və təmir olunmadan işə salınması mümkün deyil, avtomobilin yağ səviyyəsi yoxlanıb – sıfır səviyyədə olduğu aşkar edilir, mühərrikdən mexaniki səs gəlmir (bloklanmış vəziyyətdədir), “Check Engine” indikatoru davamlı yanır və ECU oxunmasında ciddi nasazlıq kodları qeydə alınıb. Qeyd olunan qüsurların aradan qaldırılması üçün ümumilikdə 5350 (beş min üç yüz əlli) manat tələb olunur.

10. Qüsur aktında avtomobilin məlumatlarından görünür ki, İddiaçı məxsus “KIA Optima” markalı avtomobilin istehsal ili 2017, dövlət qeydiyyat nişanı **-XC-***, şassi nömrəsi (VIN) 5XXGT4L37JG200067-dir.

11. Nizami RPI-nin 23-cü PB-də izahatında Cavabdeh bildirmişdir: “##.##.2024-cü il tarixdə müştəri qismində adı sonradan məlum olan Anar adlı şəxs bizim mağazaya yaxınlaşaraq mühərrik almaq istədiyini bildirdi. Mən onunla razılığa gələrək 2800 manata mühərrik satdım. Təxminən 4 ay sonra mənə zəng edərək bildirdi ki, mühərrikdə yağ azalma var. Mən də ona bildirdim ki, xaricdən yeni mühərrik gələc, istəsən dəyişə bilərik. Təxminən avqust ayında yenidən mənimlə əlaqə saxlayıb motorun yağını dəyişmək istədiyini və yaxşı yağ töküb problemin dəqiq motordan olub olmadığını yoxlamaq istədiyini bildirdi. Yağı dəyişdi və usta ona izah etdi ki, problem əgər yağla bağlı olmasa, mühərrikdə kolsalar dəyişilməlidir. Danışıq əsasında usta dedi ki, bu problemlər zavod problemi olur və ya yanacaq təmiz olmadığı üçün yağ kanalı tutulur. Anar adlı şəxsi xatırladığım qədərilə ondan sonra görmədim və əlaqə saxlamadım. Əlavə olaraq bildirirəm ki, 4 ay sonra mühərriklə bağlı mənə müraciət edəndə ona bildirdim ki, əgər istəsə xaricdən gələn mühərriklə dəyişərəm”.

12. “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli rəyinə əsasən buraxılış ili 2017-ci il olan “Kia Optima” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mühərrikinin dəyəri 4500 (dörd min beş yüz) manat, işçilik xərci 600 (altı yüz) manat təşkil edir.

13. Mülki iş materiallarına əlavə edilmiş “Whatsapp” yazışmaları. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

14. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

20. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

21. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

22. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır.

23. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.

24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun № **, ## ###### 2025-ci il tarixli Qərarı:

25. 7.1. Mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır.

26. 7.2. Maddi zərərin həcmi sübutlar əsasında təsdiq edilən maddi itkinin miqdarına uyğun olaraq müəyyən edildiyi halda, mənəvi təzminatın həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddia tələbində göstərilir və məhkəmə tərəfindən ədalətlilik və mütənasiblik prinsipləri əsasında yuxarıda qeyd edilən meyarlar əsasında müəyyən edilir.

27. 7.8. Şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası üsulunun, habelə təzminatın həcminin müəyyən edilməsində zərərçəkənin xüsusiyyətləri əsas meyarlardan biri hesab edilir. Bu xüsusiyyətlərə zərərçəkənin şəxsiyyəti, həyat tərzi və davranışı və digər diqqətəlayiq hallar aid edilir. Onlardan asılı olaraq, eyni hadisə ayrı-ayrı şəxslərə müxtəlif cür təsir göstərə bilər.

28. 7.9. Zərərçəkənin şəxsiyyəti ilə bağlı göstəricilərə hissetmə qabiliyyəti, fiziki və psixi dözümlülüyü, yaşı, cinsi, şəxsi nüfuzu; həyat tərzi ilə bağlı göstəricilərə yaşam səviyyəsi, maddi vəziyyəti; davranışı ilə bağlı göstəricilərə isə hadisəyədək, hadisə zamanı, habelə hadisədən sonrakı hərəkətləri (hərəkətsizliyi) aid edilir.

29. 7.15. Zərərçəkmişə yetirilmiş mənəvi sarsıntı və (və ya) iztirabların ağırlığına məhkəmə tərəfindən işin diqqətəlayiq bütün faktiki hallarına görə qiymət verilməlidir. Bu hallara sarsıntı və (və ya) iztirabların dərəcəsi və xarakterinə təsir edən istənilən hallar aid edilir. Mənəvi zərərin kompensasiyası üsulu və təzminatın həcmi müəyyən edilərkən məhkəmələr tərəfindən xüsusi ilə zərərçəkmişin pozulmuş şəxsiyyət hüquqlarının növü; belə hüquqların məhdudlaşdırılmasının xarakteri, dərəcəsi və zərər vurma üsulu (intensivliyi, mənfi təsirin miqyası və müddəti) nəzərə alınmaqla qiymətləndirilməlidir. Məsələn, iztirab xarakteri daşıyan üsulla sağlamlığa zərər vurulması, uşaqlarının yanında valideynlərin şərəf və ləyaqətinin alçaldılması.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

35. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

36. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

37. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

41. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

45. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

46. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməli, maddi zərərin əvəzi kimi 3300 (üç min üç yüz) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbləri qalan hissələrdə təmin edilməməlidir.

47. Hazırkı işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə “Kia Optima” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin dəyişdirilməsi ilə bağlı 2024-cü ilin mart ayında müraciət olunmuş və avtomobilin mühərriki dəyişdirilmişdir.

48. Iddia tələblərini rədd edən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəf “Kia Optima” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoyulmuş mühərrikin əvvəlcədən qüsurlu olduğunu və cavabdehin bunu bildiyi halda avtomobilə həmin mühərriki qoyduğunu iddia edir. Lakin qeyd olunanlara dair iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Eyni zamanda avtomobilə cavabdeh tərifindən quraşdırılmış mühərrik məhkəməyə təqdim edilmədiyindən həmin mühərrik üzərində müvafiq ekspertizanın keçirilməsi də mümkün olmamışdır.

49. Tərəflərin hansı şərtlər ilə razılaşdığına gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh hazırda onda yeni mühərrik olmadığını, lakin digər avtomobilin üzərindən çıxmış işlək mühərrikin olduğunu, həmin mühərrikə tam zəmanət verdiyini, əgər hər hansı bir problemin çıxacağı təqdirdə xarici ölkədən yeni mühərrik gətirdiyini və iddiaçıya satdığı mühərrik onu qane etmədiyi təqdirdə həmin mühərriki xarici ölkədən gətirəcəyi yeni mühhərriklə əvəz edəcəyini bildirmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh tərəfdən avtomobilə müvəqqəti olaraq digər avtomobilin üzərindən çıxmış mühərrik qoyulmuş, xarici ölkədən yeni mühərrik gələndən sonra həmin mühərrik ilə əvəz edilməsinə dair razılaşmışdırlar. Cavabdeh isə etiraz edərək tərəflər arasında avtomobilə qoyulmuş mühərrikin sonradan yenisi ilə əvəz edilməsinin nəzərdə tutulmadığını qeyd etmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiyi və məhkəmə iclasında izahat verərək bildirdiyi faktlar arasında ziddiyət var. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi hallar ağlabatan deyil və həqiqəti əks etdirmir.

50. Məhkəmə rayon məhkəməsinin maddi zərərlə bağlı iddia tələblərinin rədd edilməsinə dair mövqeyi ilə razılaşmayaraq, rayon məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir və qeyd edir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi 5350 (beş min üç yüz əlli) manat maddi zərərin cavabdehin təqsiri ucbatından dəyməsinə dair sübutlar verə bilməsə də, cavabdehin rayon məhkəməsində və apellyasiya icraatı zamanı izahatlarından göründüyü kimi, cavabdeh ilk dəfə mühərrik qoyulan zaman iddiaçı tərəfindən ona 3300 (üç min üç yüz) manat (2800 manat mühərrikin pulu + 200 manat usta pulu + 150 manat starter + 150 manat yağ dəyişmə) pul verildiyini etiraf edir.

51. Eləcə də, mülki iş materiallarında olan Nizami RPI-nin 23-cü PB-də izahatında cavabdeh iddiaçıya 2800 (iki min səkkiz yüz) manata mühərrik satdığını, sonradan iddiaçı ona zəng vurub mühərrikdə problem olduğunu bildirdikdə, xaricdən yeni mühərrik gələcəyini, istəsə, dəyişə biləcəklərini bildirmişdir. (i\v səh. 14)

52. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı ##.##.2024-cü il tarixli “Whatsapp” yazışmalarından da iddiaçı mühərrikdəki problemləri cavabdehə bildirdikdə, cavabdehin “dəyişək motoru, burda var, ordakı hələ gəlməyib” qeyd etdiyi müəyyən olur. Məhkəmə kollegiyasının iclasında da cavabdeh təsdiqləyərək bildirdi ki, mühərrikin yeni mühərriklə dəyişdirilməsi zamanı iddiaçıdan hər hansı ödəniş almayacaqdı, mühərriki əvəzsiz qaydada dəyişəcəkdi. Bu isə onu göstərir ki, cavabdehin iddiaçının avtomobilinə əvvəl yerləşdirdiyi mühərrikin qüsurlu olduğu və müvafiq olaraq da onun yenisi ilə əvəzlənəcəyinə dair tərəflər arasında razılaşmanın olduğu müəyyən olunur.

53. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəyə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

54. Bununla da müəyyən olunur ki, tərəflər arasında iddiaçıya məxsus avtomobilə müvəqqəti qoyulmuş mühərrikin sonradan ikinci əl, yeni mühərriklə əvəzlənməsinə dair razılaşma olmuş, iddiaçı tərəfindən həmin mühərrikin haqqı birinci dəfə müvəqqəti mühərrik qoyularkən ödənilmiş, lakin cavabdeh sonradan öz öhdəliyinə, yəni müvəqqəti qoyulmuş mühərrikin ikinci əl, yeni mühərriklə əvəz edilməsinə əməl etməmişdir.

55. Belə olan halda, yəni cavabdehin etirafını nəzərə alaraq və iddiaçının daha artıq pul ödənilməsini sübut edə bilmədiyindən Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iddia tələbi maddi zərərə dair hissədə qismən – 3300 (üç min üç yüz) manat məbləğində təmin edilməli, iddia tələbləri qalan hissədə təmin edilməməlidir.

56. Məhkəmə iddiaçının apellyasiya şikayətinin mənəvi zərərə dair hissəsinə münasibətdə isə qeyd edir ki, hazırkı işin hallarından cavabdehin hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi müəyyən edilmir. Odur ki, iddia tələbinin mənəvi zərərə dair hissəsi əsassızdır və təmin edilə bilməz.

57. Eləcə də, mənəvi zərərlə bağlı Ali Məhkəmənin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, ... Hüquqla əhatə olunmayan qeyri-maddi nemətlər cəmiyyətdə dəyər olaraq mövcud olmaqla, onlara edilən qəsd nəticəsində şəxsin mənəvi sarsıntı və iztirab keçirməsi mümkündür. Lakin belə qeyri-maddi nemətlər qanunla qorunmadığından, onlara edilən qəsd qeyri-əmlak hüquqlarının pozulması ilə nəticələnmir. Odur ki, qanunla qorunmayan qeyrimaddi nemətlərə müdaxilədən doğan mənəvi zərərin ödənilməsi tələbinin qanuni əsası olmadığından bu əsasa dayanaraq qaldırılan iddiaların təmin edilməsi istisna edilir.

58. Insan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər.

59. Avropa Məhkəməsi «Scordino Italiyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır).

60. Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino Italiyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119).

61. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:

63. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

64. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

65. MPM-in 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

66. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:

67. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməli, cavabdeh Cavabdeh maddi zərərin əvəzi kimi 3300 (üç min üç yüz) manat məbləğində pul iddiaçı İddiaçı xeyrinə tutulmalı, iddia tələbləri qalan hissələrdə təmin edilməməlidir.

68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

69. MPM-in 402.1-ci madəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

70. Məhkəmə qeyd edir ki, hazırkı qətnamə ilə iddia tələbi 3300 (üç min üç yüz) manat məbləğində təmin edildiyindən və iddia tələbinin təmin edilməyən hissəsində qiyməti 5000 (beş min) manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə

71. əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlər rüsumu iddiaçının özünə aid edilməlidir.

72. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin, yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh maddi zərərin əvəzi kimi 3300 (üç min üç yüz) manat məbləğində pul iddiaçı İddiaçı xeyrinə tutulsun. Iddia tələbləri qalan hissələrdə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar