Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1319/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş (Açar sözlər: «kommunal xərcələrin ödənilməsi ilə bağlı tələbin güzəştinin qanunvericiliyin tələbinə uyğun olmaması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili nümayəndə3 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 144.10 kv.metr olan mənzil tam hissədə ##.##.2015-ci il tarixində mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınıb.
2. “Mülkiyyətçi” “xxxx” Mənzil Tikinti Kooperativi ilə “İdarə edən” İbrahimov Etibar Cavad oğlu arasında bağlanmış ##.##.2016-cı il tarixli çoxmənzilli evin idarə edilməsi haqqında müqaviləyə əsasən hazırki müqaviləyə əsasən “Mülkiyyətçi” inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., 92a ünvanında yerləşən çoxmənzilli evlərin (bundan sonra Əmlak) idarə edilməsi ilə bağlı bütün səlahiyyətləri əvəzsiz olaraq “İdarə edən”ə verməyi, “İdarə edən” isə öz növbəsində “Mülkiyyətçi”nin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırki müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürür.
3. “Mülkiyyətçi” İbrahimov Etibar Cavad oğlu ilə “İdarə edən” İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti arasında bağlanmış ##.##.2024-cü il tarixli tələbin güzəştinə dair müqaviləyə əsasən bu müqavilə “Mülkiyyətçi” ilə “İdarə edən” arasında aşağıda göstərilən tələbin və hüquqların “Mülkiyyətçi” tərəfindən “İdarə edən”ə güzəşt edilməsinin hüquqi əsaslarını və tərəflərin hüquq və vəzifələrini müəyyən edir.
4. İddiaçı MMMC-nin təsis yığıncağının ## ###### 2025-ci il tarixli Qərarına əsasən Bakı şəhəri,Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Yaşayış binası) idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kvadrat metri üçün müəyyən edilmiş 0,30 (otuz qəpik) AZN məbləğindəki qiymət dəyişdirilməsin və bu xidmətlərin göstərilməsi üzrə, mənzillərin hər kvadrat metri üçün 0,30 (otuz qəpik) AZN məbləğində müəyyən edilməsi və Bakı şəhəri,Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Yaşayış binası) idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə sahə mülkiyyətçilərini çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqqın və bu xidmətlərin göstərilməsi üzrə sakinlərlə müqavilə bağlanılması qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti cavabdeh Cavabdeh qarşı kommunal xidmət haqqı borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi, iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1698 (bir min altı yüz doxsan səkkiz) manatın, vəkilə ödənilmiş 400 (dörd yüz) manatın və 37 (otuz yeddi) manat dövlət rüsumu əvəzinin tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
6. İddiada göstərilib ki, sahə mülkiyyətçilərinin qərarı ilə, İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeydiyyata alınmışdır. Yeni yaranan Cəmiyyətin nizamnaməsinə əsasən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək hüququ İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə həvalə olunub. Buna baxmayaraq cavabdeh Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi küçəsi 92 A, *** saylı mənzilin mülkiyyətçisi kimi İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ümumilikdə 1222,74 (bir min iki yüz iyirmi iki manat yetmiş dörd qəpik) manat məbləğində borcu vardır və edilən xəbərdarlıqlara baxmayaraq həmin borcu ödəməmişdir. Borcun ödənilməsini cavabdehdən xahiş etsələr də, yayınıb. Həmçinin, tələbin güzəştinə dair, Y-**-***/**** saylı, ## ###### 2024-cü il tarixli müqaviləyə əsasən, İbrahimov Etibar Cavad oğlu öz tələblərini İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə güzəşt etmişdir. “Mülkiyyətçi” müqavilə əsasında idarə etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Əmlak) idarə edilməsi ilə bağlı ## ###### 2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını (o cümlədən gələcəkdə yarana biləcək tələb və hüquqlarını) və səlahiyyətlərini əvəzsiz olaraq “İdarə edən”ə güzəşt edir, “İdarə edən” isə güzəşti qəbul etməsinə razılığını bildirir. “İdarə edən” edən öz növbəsində “xxxx” Mənzil Tikinti Kooperativi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan İbrahimov Etibar Cavad oğlu arasında bağlanmış “çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilədən irəli gələn və “xxxx” Mənzil Tikinti Kooperativinin inşa etdiyi Bakı şəhəri,Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binadakı “Əmlak”- in idarə edilməsi ilə bağlı tələblərə və hüquqlara aid bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatları ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürür. Cavabdeh Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi küçəsi 92 A, *** saylı mənzilin mülkiyyətçisi kimi İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ## ###### 2024-cü il tarixədək 793,80 (yeddi yüz doxsan üç manat səksən qəpik) manat borcu vardır.
7. Cavabdeh Cavabdeh isə iddiaya etiraz edərək əsassız olduğunu bildirmiş, eyni zamanda məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək iddia müddətinin tətbiq edilməsini xahiş edib. İddiaçı tələbində cavabdeh Cavabdeh iddiaçıya 1222,74 manat borcu olduğunu qeyd etmişdir. Guya cavabdeh Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi küçəsi 92 A, *** saylı mənzilin mülkiyyətçisi kimi İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ## ###### 2024-cü il tarixədək 793,80 (yeddi yüz doxsan üç manat səksən qəpik) manat borcu vardır. Dəfələrlə məhkəmədə bildirib ki, qeyd edilən bu pul köhnə tarix üçün tələb edildiyindən həmin pulun tələb edilməsindən qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötmüşdür. Odur ki, 793,80 manat ilə bağlı iddia müddətini tətbiq edilməsini xahiş edir və iddianın digər hissəsini isə, yəni 428 manat i hissəsini də qəbul etmir və bunun səbəbini iddiaya etirazlarında əsaslandırıb.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Aydan Oruclu) iddia tələbinin qismən təmin edilərək cavabdeh Cavabdeh 1556.28 manat (bir min beş yüz əlli altı manat iyirmi səkkiz qəpik) manat kommunal xidmət haqqı borcu, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 200 (iki yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 35.57 (otuz beş manat əlli yeddi qəpik) manatın tutularaq iddiaçı İddiaçı MMMC-yə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, “Mülkiyyətçi” “xxxx” Mənzil Tikinti Kooperativi ilə “İdarə edən” İbrahimov Etibar Cavad oğlu arasında bağlanmış ##.##.2016- cı il tarixli çoxmənzilli evin idarə edilməsi haqqında müqaviləyə əsasən “Mülkiyyətçi” inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., 92a ünvanında yerləşən çoxmənzilli evlərin idarə edilməsi ilə bağlı bütün səlahiyyətləri əvəzsiz olaraq “İdarə edən”ə verməyi, “İdarə edən” isə öz növbəsində “Mülkiyyətçi”nin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırki müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. Bundan sonra, “Mülkiyyətçi” İbrahimov Etibar Cavad oğlu ilə “İdarə edən” İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti arasında bağlanmış ##.##.2024-cü il tarixli tələbin güzəştinə dair müqaviləyə əsasən “Mülkiyyətçi” müqavilə əsasında idarə etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı ## ###### 2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını (o cümlədən gələcəkdə yarana biləcək tələb və hüquqlarını) və səlahiyyətlərini əvəzsiz olaraq “İdarə edən”ə güzəşt edir, “İdarə edən” isə güzəşti qəbul etməsinə razılığını bildirmiş və “İdarə edən” edən öz növbəsində “xxxx” Mənzil Tikinti Kooperativi ilə İbrahimov Etibar Cavad oğlu arasında bağlanmış “çox mənzilli binanın idarə edilməsi haqqında müqavilədən irəli gələn və “xxxx” Mənzil Tikinti Kooperativinin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binadakı “Əmlak”-ın idarə edilməsi ilə bağlı tələblərə və hüquqlara aid bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatları ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ## ###### 2023-cü il tarixdə dövlət qeydiyyatına alınmış, ona Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatı haqqında şəhadətnamə və dövlət reyestrindən çıxarış verilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ##.##.2025-ci il tarixli təsis yığıncağının qərarına əsasən Bakı şəhəri,Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kvadrat metri üçün müəyyən edilmiş 0,30 (otuz qəpik) AZN məbləğindəki qiymətin dəyişdirilməməsi və bu xidmətlərin göstərilməsi üzrə, mənzillərin hər kvadrat metri üçün 0,30 (otuz qəpik) AZN məbləğində müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 144.10 kv.m olan *** nömrəli mənzilin mülkiyyətçisi cavabdeh Cavabdeh kommunal ödənişləri lazımi qaydada həyata keçirməmişdir. Hazırda iddiaçı İddiaçı MMMC cavabdeh Cavabdeh tələbin güzəştinə dair müqaviləyə əsasən yaranmış 793,80 manat, İddiaçı MMMC-nin fəaliyyəti dövründə 1 sentyabr tarixinə kimi hesablanmış 864,6 manat (144.10 kv.m * 0.30 manat = 43.23 manat, 43.23 manat * 20 ay = 864,6 manat), damofon-vediomüşahidə sistemi üzrə ödənilməli 40 manat (2 manat * 20 ay) olmaqla, ümumilikdə 1698 manat kommunal xidmət haqqı borcu, vəkil xidməti olaraq ödənilmiş 400 manat və dövlət rüsumu olaraq ödənilmiş 37 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Cavabdeh iddiaya etiraz edərək və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddia tələbinin əsassız olmaqla yanaşı, AR Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə üç illik iddia müddətini ötürməsini nəzərə alaraq, iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarına əsasən İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin fəaliyyət dövrü ərzində, yəni ## ###### 2024-cü il tarixdən ## ######## 2025- ci il tarixinədək hesablanmaqla cavabdeh Cavabdeh 864,6 manat (144.10 kv.m * 0.30 manat = 43.23 manat, 43.23 manat * 20 ay = 864,6 manat) və tələbin güzəştinə dair müqavilənin * saylı Əlavəsinin 25ci bəndinə əsasən cavabdeh Cavabdeh adına hesablanmış 793.80 manat olmaqla, cəmi 1658.4 manat məbləğində kommunal xidmət haqqı borcunun olduğu müəyyən olunmuşdur. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili cavabdehin uzun müddətdir, təxminən 3-4 ildir ki, kommunal xidmət haqqını ödəmədiyini bildirmişdir. Məhkəmə iddiaçının domofon video müşahidə sistemi üzrə aylıq 2 manat hesablanmaqla 20 ay üzrə 40 manat məbləğində pulun tutulması tələbinə münasibətdə qeyd edir ki, bu ödənişin tutulması ilə bağlı ümumi yığıncağın qərarı və ya tərəflər arasında bağlanmış müqavilə yoxdur. Belə olan halda, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsasında iddia müddətini tətbiq edərək hesab edir ki, cavabdeh Cavabdeh 1556.28 manat (144.10 kv.m * 0.30 manat = 43.23 manat, 43.23 manat * 36 ay = 1556.28 manat) kommunal xidmət haqqı borcu tutularaq iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməlidir. Məhkəmə iddiaçının məhkəmə xərcləri ilə əlaqədar pul tələblərinə münasibətdə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 37 manat məbləğində dövlət rüsumunun 35.57 manatı və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 400 manat məbləğində pulun 200 manatı cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh Cavabdeh apellyasiya şikayətində qətnamənin qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilib həmin hissədə də iddianın rədd edilməsini xahiş etmiş və Mənzil Məcəlləsinin 122.1.3-cü maddəsinə istinad edərək bildirmişdir ki, İddiaçı MMMC-nin iştirakçılarının ümumi yığıncağı tərəfindən təsdiqlənmiş 2024-cü və 2025-ci il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat, İddiaçı MMMC-nin təftiş komissiyasının (müfəttişinin) mövcud olub-olmaması barədə məlumat, təftiş komissiyasının (müfəttişinin) 2024-cü və 2025-ci il üçün üçün cəmiyyətin gəlir və xərclər smetası barədə rəyi və maliyyə fəaliyyəti haqqında və mütləq ödənişlər və haqların miqdarı haqqında hesabatı təqdim edilmədən qərar qəbul edilməsi əsassız və qanunsuzdur. Bu barədə vəsatət verilsə də, məhkəmə sakinlər qarşısında heç bir hesabatlılığın mövcud olmaması halına qiymət verməmiş, bu barədə yeganə məlumat sahibi olan cavabdeh də heç bir sübut təqdim etməmişdir. Binanın idarə edilmə üsulunun seçilməsi, idarəçinin təyini üçün çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı qanunvericiliyə uyğun keçirilməli və bu barədə qərar qəbul edilməlidir. Hazırkı iş üzrə MMMC-nin yaradılmasına qədər belə bir ümumi yığıncağın keçirilməsi və bu tarixə qədər “idarəedicilərin” mənzil qanunvericiliyi ilə müəyyən edilmiş hansı həqiqi və etibarlı hüquqi əsasla fəaliyyət göstərməsi müəyyən edilmir. Belə olan halda, qanuni əsasa söykənməyən “xxxx” MTK ilə İbrahimov Etibar Cavad oğlu arasında bağlanmış “çox mənzilli binanın idarə edilməsi haqqında müqavilə”dən irəli gələn tələb, belə bir tələb özü əsassız olduğundan güzəşt edilə bilməzdi və burada süni şəkildə hüquqi əsas yaradılmasına cəhd bariz şəkildə özünü göstərir. “xxxx” MTK ilə İbrahimov Etibar Cavad oğlu arasında bağlanmış “çox mənzilli binanın idarə edilməsi haqqında müqavilə”nin əvəzsiz olması da bunun əlavə təsdiqidir. Necə ola bilər ki, tərkibinə liftlər kimi təhlükə potensiallı obyektlər olan, yanğın, texniki təhlükəsizlik və s. sahələrdə ciddi tənzimləməyə tabe tutulan böyük bir yaşayış kompleksi tək bir fiziki şəxs sahibkarın “idarəetməsinə” verilsin?! Sahibkarın bu sahədə portfoliosu varmı?! Bundan əlavə, tələbin güzəştinə dair ## ###### 2024-cü il tarixli müqavilə üzrə küllü miqdarda təqribən 197,652.65 manat iddia edilən vəsait də ödənişsiz olaraq MMMC-yə güzəşt edilib?! Yeni yaradılmış MMMC-nin əvvəlki münasibətlər üzrə hüquqi varisi kimi çıxış edə bilməməsinin yaratdığı hüquqi vəziyyətin aradan qaldırılması məqsədi ilə guya “tələbin güzəşti”nin həyata keçirildiyi görüntüsü yaratmaq üçün formal olaraq yalan və pərdələnmiş əqdin bağlanması məsələlərin həqiqi mahiyyətini aradan qaldıra bilməz. Necə ola bilər ki, hazırkı iddianın verilməsi üçün onun əhəmiyyətli hissəsi qədər vəsait - 400 manat xərc çəkildiyi iddia edilir, amma fərdi sahibkar İbrahimov Etibar Cavad oğlu iddia edilən vəsaiti pulsuz peşkəş edir. Tələbin həqiqiliyini və hüquqiliyini müəyyən etmək üçün binanın idarəetmə orqanı olan çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının idarəetmə üsulunu seçmək barədə bütün qərarları, İbrahimov Etibar Cavad oğlunun tələbin güzəşti üzrə tələblərə və hüquqlara aid MMMC-yə verdiyi bütün sənədlər və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatlar, o cümlədən xidmətlərin həqiqətən göstərilməsinin və bu xidmətlərin göstərilməsi üçün xərclərin həqiqətən çəkilməsinin sübutları, borcun tələb edildiyi dövr üçün vergi hesabatları (bəyannamələri), borcun tələb edildiyi dövrü əhatə etməklə hər müvafiq il üçün xərclər və gəlirlər smetası və maliyyə fəaliyyəti haqqında hesabat, onların təsdiq olunması haqqında qərarlar, İbrahimov Etibar Cavad oğlunun “xxxx” MTK qarşısında hesabatlılığına dair sənədlər araşdırılmalıdır. Məhkəmə, müvafiq vəsatət verilsə də, bu məsələnin də üzərindən sükutla keçmiş, bu barədə yeganə məlumat sahibi olan cavabdeh heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi, məqsədi sakinlərdən yığılan vəsait üzrə hesabatlılığı aparmamaq olan bu müqavilələr etibarsız olmaqla heç bir hüquqi nəticə yarada bilməz. Cavabdeh Mənzil Məcəlləsinin 109.4-cü, 109.5-ci maddələrinə, İnzibati Xətalar Məcəlləsinn 393.1.1-ci maddəsinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2021-ci il tarixli qərarının qərara aldı hissəsinin 4-cü hissəsinə istinad edərək qeyd etmişdir ki, ləğv edilməli və MMMC yaradılmalı olduğu halda, iddiaçı bunu etməməklə inzibati xəta törədərək idarəetmənin şübhəli şəkildə fərdi sahibkar İbrahimov Etibar Cavad oğluna verməklə sakinlərdə yığılan vəsait üzrə hesabatlılığı aparmamaq, bu hesabatlılıqdan irəli gələn öhdəliklərdən yayınmaq sxeminə əsaslanmaqla qaldırılan iddia əsassızdır. Göründüyü kimi, MTK ləğv edilməli və ya MMMC-yə çevrilməli olduğu halda bunu etməməklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı olmadan idarəetmə barədə hər hansı bir qərar qəbul etməsi qanunsuzdur, ##.##.2024-cü il tarixinə qədər binanın idarə edilməsinə dair MTK-nın hər hansı bir qərarı hazırkı iddianın əsasında dura bilməz. “xxxx” MTK-nın cari hüquqi statusu, ləğv edilib-edilməməsi, təşkilatı hüquqi formasını dəyişib-dəyişməməsi barədə xronoloji ardıcıllıqla müvafiq sübutlar əlavə edilməklə məlumatların təqdim edilməsi barədə müvafiq vəsatət verilsə də, bu məsələnin də üzərindən sükutla keçilmiş, bu barədə yeganə məlumat sahibi olan cavabdeh heç bir sübut təqdim etməmişdir. “xxxx” MTK ilə İbrahimov Etibar Cavad oğlu arasında bağlanmış “çox mənzilli binanın idarə edilməsi haqqında müqavilə”nin müddəti qanunvericiliyin tələblərinə cavab vermir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə ##.##.2016-cı tarixində başlamış və ##.##.2030cu ildə bitməlidir. Göründüyü kimi, müqavilə 14 il müddətinə bağlanıb. Halbuki, bu müddət ən çox 5 il ola bilərdi. Belə ki, AR Mənzil Məcəlləsinin 142.5-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bir ildən az və beş ildən çox olmayan müddətə, bu Məcəllənin 141.6-cı maddəsində göstərilən halda isə bir ildən az və üç ildən çox olmayan müddətə bağlanılır. Göründüyü kimi, əgər şərti olaraq müqavilənin hüquqi əhəmiyyəti olsa idi, onun qüvvəsi ##.##.2021-ci ildə bitmiş olmalıydı. Belə olan halda, əgər şərti olaraq müqavilənin hüquqi əhəmiyyəti olsa idi belə ##.##.2021-ci il tarixindən sonrakı dövrü üçün hüquqi nəticə yarada bilməzdi. Göstərilənlərə əsasən hesab edir ki, müqavilənin hüquqi əsasının olmaması, məqsədinin heç də sakinlərə xidmət etmək olmaması əsası ilə yanaşı, əgər şərti olaraq müqavilənin hüquqi əhəmiyyəti olsa idi belə, ##.##.2021-ci il tarixindən sonrakı dövrü üçün o tətbiq edilə bilməzdi. MMMC-nin iştirakçılarını ümumi yığıncağının ##.##.2025-ci il tarixli qərarından görünür ki, qəbul edilmiş qərarın lehinə 643 nəfər səs verib. Lakin əlavə edilmiş siyahıda 317 imza var və onlardan da yalnız 92-si mənzil mülkiyyətçisi, qalan 225 imza isə cəmi 3 nəfər qaraj sahibinə (İslamov Rafiq Yusif oğlu 90 səs, X3 90 səs və X2 45 səs) aiddir. Belə çıxır ki, qərar natamamdır və sakinlərin ödənişlərini bir neçə nəfər qaraj sahibi müəyyən edir!? Mənzil Məcəlləsinin 126.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağını cəmiyyətin idarə heyətinin sədri və ya onun müavini aparır. Qeyd edilən şəxslər olmadıqda ümumi yığıncağı idarə heyətinin üzvlərindən biri aparır. Lakin qərardan bu hal da müəyyən edilmir. Digər tərəfdən gündəlikdə duran 2-ci məsələ üzrə qərarda qeyd edilmişdir ki, sakinlərlə müvafiq müqavilələr bağlanmalıdır. Lakin ödəniş barədə qərar qəbul etmiş cəmi 3 nəfər şəxsin də sahə mülkiyyətçisi olaraq müvafiq müqavilə bağlayıb-bağlamaması və ödəniş edib-etməməsi qeyri-müəyyəndir. Belə olan halda, iclas və qərar saxta və şübhə doğurur. İclasın həqiqtən keçirilib-keçirilməməsinin müyyən edilməsi, onun həqiqliyinin müəyyən edilməsi üçün ##.##.2025-ci il tarixli qərarın əsli, İslamov Rafiq Yusif oğlunun 90, X3 90 və X2 45 ədəd qeyri-yaşayış sahələrinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə bütün çıxarışlar, İslamov Rafiq Yusif oğlu, X3 və X2 ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti tərəfindən bağlanmış müqavilələr və mülkiyyət hüquqları yarandığı dövrdən bu günə qədər onlar tərəfindən mütləq ödənişlərin və (və ya) haqların həqiqətən ödənişini təsdiq edən ciddi hesabat blankı formasında ilkin maliyyə sənədlərinin təqdim edilməsi barədə müvafiq vəsatət verilsə də, bu məsələnin də üzərindən sükutla keçilmiş, bu barədə yeganə məlumat sahibi olan cavabdeh heç bir sübut təqdim etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında cavabdeh Cavabdeh nümayəndəsi və vəkili nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməməsini xahiş etdi.
12. İddiaçı İddiaçı MMMC-nin nümayəndəsi nümayəndə1 üzrlü səbəbdən hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia tələbini müdafiə etdiyini bildirmiş və işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Maddə 193.2. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. Maddə 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Maddə 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Maddə 422. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
Maddə 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Maddə 122.1.3. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək. Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2, 135.2.3 və 135.2.4. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi: mənzil-tikinti kooperativi üzvləri üçün -mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi; yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Maddə 136.2, 136.2.1 və 136.2.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; kommunal xidmətlərə görə haqq. Maddə 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Maddə 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Maddə 137.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Maddə 138.1. Yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir Maddə 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Maddə 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Maddə 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən, yəni ## ###### 2024-cü il tarixədək olan 793,80 (yeddi yüz doxsan üç manat səksən qəpik) manat borcun tələb edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi üçün əsasdır.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. Əvvəla, mübahisələndirilən ## ###### 2024-cü il tarixədək olan 793,80 (yeddi yüz doxsan üç manat səksən qəpik) manat borcun tələb edilməsi hissəsində idda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə düzgün olmamışdır, iddianın təmin edilən qalan hissəsində isə iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
22. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə ## ###### 2024-cü il tarixədək olan 793,80 (yeddi yüz doxsan üç manat səksən qəpik) manat borcun tələb edilməsi hissəsində iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından həmin hissədə iddia haqlı sayılmır.
23. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
24. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
25. Əvvəla, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın... Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur(MM.m. 194.1;194.2). İşdə tələbi güzəşt edən İbrahimov Etibar Cavad oğlu ilə hazırkı iddiaçı arsında ##.##.2024-cü il tarixli Tələbin Güzəştinə dair müqavilə və bu müqaviləyə * saylı Əlavə ilə borclu şəxslərin və borc məbləğlərinin siyahısı(i.v.47-48; 60-62) mövcud olsa da bu hal hazırkı iş üzrə güzəşt edildiyi iddia olunan məbləği cavabdehdən tələb edilməsi və iddia müddətinin tətbiqinə dair ərizə də nəzərə alınmaqla qismən də olsa tutulmasına məhkəməyə avtomatik olaraq əsas vermirdi.
26. Düzdü işdə “xxxx” MTK ilə İbrahimov Etibar Cavad oğlu arasında da bağlandığı iddia olunan ##.##.2016-cı il tarxli çoxmənzilli evin idarə edilməsi haqqında müqavilə(i.v.63-64) də mövcuddur. Ancaq hazırkı iddiaçı olan MMMC-nin yaradılmasına qədər də binanın idarə edilmə üsulunun seçilməsi, idarəçinin təyini üçün çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı qanunvericiliyə uyğun keçirilməli və bu barədə qərar qəbul edilməli idi. Ancaq iddiaçı MMMC-nin yaradılmasına qədər belə bir ümumi yığıncağın keçirilməsi və bu tarixə qədər idarəedicilərin mənzil qanunvericiliyi ilə müəyyən edilmiş əsasla fəaliyyət göstərməsi müəyyən edilmir. Bu cür vəziyyətdə “xxxx” MTK ilə İbrahimov Etibar Cavad oğlu arasında bağlanmış ##.##.2016-cı il tarixli müqavilədən irəli gələn tələb özü əsaslı olmadığından güzəşt də edilə bilməzdi. “xxxx” MTK ilə İbrahimov Etibar Cavad oğlu arasında bağlanmış müqavilənin əvəzsiz olması da bu qənaəti əsaslı edir.
27. Bundan əlavə, tələbin güzəştinə dair ## ###### 2024-cü il tarixli müqavilə üzrə 153 nəfər sakinə hesablanmış iddia edilən, o cümlədən hazırkı iş üzrə cavabdehdən də tələb edilən vəsaitin tam əvəzsiz olaraq hazırkı iddiaçıya güzəşt edilməsi də inandırıcı və ağlabatan görünmür. Çünki tələbin həqiqiliyini və hüquqiliyini müəyyən etmək üçün binanın idarəetmə orqanı olan çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının idarəetmə üsulunu seçmək barədə bütün qərarları, İbrahimov Etibar Cavad oğlunun tələbin güzəşti üzrə tələblərə və hüquqlara aid MMMC-yə verdiyi bütün sənədlər və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatlar, o cümlədən xidmətlərin həqiqətən göstərilməsinin və bu xidmətlərin göstərilməsi üçün xərclərin həqiqətən çəkilməsinin sübutları, borcun tələb edildiyi dövr üçün vergi hesabatları (bəyannamələri), borcun tələb edildiyi dövrü əhatə etməklə hər müvafiq il üçün xərclər və gəlirlər smetası və maliyyə fəaliyyəti haqqında hesabat, onların təsdiq olunması haqqında qərarlar, İbrahimov Etibar Cavad oğlunun “xxxx” MTK qarşısında hesabatlılığına dair sənədlərin tələbi güzəşt edən şəxs tərəfindən iddiaçıya təqdim edilməsi təsdiq olunmur, eləcə də işdə buna dair hansısa sübut mövcud deyil..
28. Bundan başqa, “xxxx” MTK ilə İbrahimov Etibar Cavad oğlu arasında olan ##.##.2016cı il tarxli çoxmənzilli evin idarə edilməsi haqqında müqavilənin(i.v.63-64) müddəti də mənzil qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə ##.##.2016-cı tarixində başlamış və ##.##.2030-cu ildə bitməlidir. Yəni müqavilə 14 il müddətinə bağlanıb. Akncaq bu müddət ən çox 5 il ola bilərdi. Çünki Mənzil Məcəlləsinin 142.5-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bir ildən az və beş ildən çox olmayan müddətə, bu Məcəllənin 141.6-cı maddəsində göstərilən halda isə bir ildən az və üç ildən çox olmayan müddətə bağlanılır. Demək ki, bu müqavilə etibarlı olsa da qüvvəsi ##.##.2021-ci ildə bitməli idi, ##.##.2021-ci il tarixindən sonrakı dövrü üçün hüquqi nəticə yarada bilməzdi.
29. Göstərilənlərə baxmayaraq, iddiaçı tərəfindən ##.##.2024-cü ildən başlayaraq çoxmənzilli yaşayış binasının idarəçiliyini həyata keçirməsi, sahə mülkiyyətçilərinə, o cümlədən cavabdehə kommunal xidmətləri göstərməsi işin mübahisəsiz halına çevrlib. Buna görə də kommunal xidmət haqlarının tutulması üçün əsasların olması Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan və digər normalarında dəqiq və konkret göstərilmişdir. Belə ki, iddiaçının, hətta faktiki idarəedici təşkilatı kimi də(MM.m.137.6) hazırki iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmuşdur.
30. Tərəflər arasında müqavilənin bağlanmaması da iddianın tam rədd edilməsi üçün əsas ola bilməzdi. Eyni zamanda, iddia üzrə cavabdeh də hüquqdan sui-istifadə edərək müqavilə bağlamaqdan imtina etməməlidir. Belə ki, cavabdeh hansı səbəbdən iddiaçı ilə müqavilə bağlamaq istəmədiyini kifayət qədər aydın şəkildə məhkəmənin diqqətinə çatdırmaq istəmədi yaxud çatdırdıqları və ya digər hansısa səbəblər də onu heç bir halda kommunal xərcləri ödəmək vəzifəsindən azad etmir. Çünki yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi artıq yaşayış sahəsi onlara verildiyi vaxtdan yaranmışdır.
31. Bir daha qeyd olunur ki, cavabdehin kommunal xidmətlərə görə haqqın ödənilməməsinə görə məsuliyyəti müqaviləyə görə deyil, Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən tələblərini yerinə yetirməməsinə görə yarana bilir. Başqa sözlə, bu öhdəlik cavabdehin iddiaçı ilə bağladığı əqdlər üzrə deyil, Mənzil Məcəlləsinin tələblərinə əsasən yaranır. Buna görə də iddia tələbinin kommunal xidmət haqlarının tutulmasının tam rədd edilməsi üçün hər hansı bir əsas mövcud deyildi.
32. Məhkəmə tərkibi vurğulayır ki, mübahisəli çoxmənzilli yaşayış binasının sahə mülkiyyətçilərinin hazırkı iddiaya etiraz etmək üçün onlara hüquqi imkan verən Mənzil Məcəlləsinin müvafiq normalarından sui-istifadə etmələri də yolverilməzdir. Belə ki, sirr deyil ki, mənzil münasibətlərinin subyekti qismində fiziki və hüquqi şəxslərlə yanaşı dövlət və bələdiyyələr də çıxış edir. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələri mövcuddur(MM. m.10.) Bu münasibətlər sahəsində dövlətin vəzifələrinə həm də çoxmənzilli binanın idarə edilməsi qaydasını müəyyən etmək; çoxmənzilli binanın idarə edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən etmək; mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin təşkili və fəaliyyət qaydasını müəyyən etmək; mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin üzvlərinin hüquqi vəziyyətini müəyyən etmək; mənzil münasibətləri sahəsində bələdiyyələrin və yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin səlahiyyətlərinə aid edilməmiş digər məsələlər aiddir(MM. m.10.0.8-1; 10.0.8-2; 10.0.9; 10.0.19). Göründüyü kimi, mənzil münasibətləri sahəsində dövlət üzərinə hələlik çoxmənzilli binanın idarə edilməsi üzrə ciddi vəzifələr götürməyib yaxud məqsədəuyğun hesab etməyib. Bunun səbəbi də başadüşüələndir. Belə ki, dövlət bu sahədə hələlik qanunvericilik səviyyəsində çoxmənzilli binanın idarə edilməsi qaydalarını müəyyən etməklə, bir növ stimul verib ki, bu cür binaların sahə mülkiyyətçiləri binanın idarə edilməsini özləri təşkil etsin, o cümlədən bunun üçün mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratsın. Ancaq məhkəmə təcrübəsi göstərir ki, bəzi hallarda, o cümlədən hazırkı işdə də sahə mülkiyyətçiləri binanın idarə edilməsini sivil qaydada, müasir tələblərə, üstəlik qabaqcıl inkişaf etmiş dövlətlərin təcrübəsinə uyğun həyata keçirə bilmir. Əksər hallarda bunun səbəbləri sahə mülkiyyətçilərinin Mülki və Mənzil qanunvericiliyində nəzərdə tutulan hüquqlarından sui-istifadə ilə bağlıdır. Hazırkı işdə də mübahisənin məzmunu bu cür xarakter daşıyır. Bir daha qeyd olunur ki, iddiaçı MMMC-nin sözügedən binanın idarə edilməsində fəaliyyəti qənaətbəxş olmaya, hətta ciddi hüquq pozuntuları ilə müşahidə oluna bilər. Lakin bu o demək deyil ki, sahə mülkiyyətçilərin bir qismi bu cür pozuntulara görə binanın idarə edilməsində xaos yarada biləcək hallara yol verməli, əsas və zərurət oldu-olmadı yeni idarəedici yaratmaq həvəsinə düşməlidir. Bir daha vurğulanır ki, sahə mülkiyyətçiləri binanın idarə edilməsindən narazı olduqları hallara uyğun iddia üzrə məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Bu onlara qadağan edilmir.
33. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
34. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi qismən, yəni tələbin güzəşti əsası ilə ## ###### 2024-cü il tarixədək olan 793,80 (yeddi yüz doxsan üç manat səksən qəpik) manat tələb edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia təmin edilməməli; cavabdeh Cavabdeh kommunal xidmət haqqına görə tutulmalı məbləğin cəmi 864,60(səkkiz yüz altmış dörd manat, altmış qəpik) manat müəyyən edilməli; qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi qismən, yəni tələbin güzəşti əsası ilə ## ###### 2024-cü il tarixədək olan 793,80 (yeddi yüz doxsan üç manat səksən qəpik) manat tələb edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Cavabdeh Cavabdeh kommunal xidmət haqqına görə tutulmalı məbləğin cəmi 864,60(səkkiz yüz altmış dörd manat, altmış qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.