Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-132/2026 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publiki hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-6010/2025 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publiki hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsini maraqlı şəxs qismində cəlb edilməklə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 0,15 hektar torpaq sahəsi olan 1103 saylı bağ sahəsinə dair, məzmununda “Cəmalə” kimi göstərilən Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyinin 9161 saylı, xx.xx.2004-cü il tarixli Müqaviləsinin, 4-cü sıra nömrəsi ilə göstərilən payçı Mikayılova Cəmilə kimi göstərilən JN- 23546H KOD 00306016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin eyni şəxsə – Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-6010/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publiki hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi cəlb edilməklə) sənədlərdə göstərilən şəxsin eyni şəxs olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Ərizəçi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını və ərizənin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair onun ərizəsini iki əsasla geri qaytarmışdır ki, onlardan birincisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən imtina barədə məktubun ərizəyə əlavə edilməməsidir. Məhkəmə qərardadda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi kimi çıxış edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə sənəddə olan səhvlərin aradan qaldırılması ilə bağlı müraciət edilməsi və həmin müraciətə verilən cavab, imtina olduğu təqdirdə hansı səbəblərdən müvafiq düzəlişin mümkün olmaması barədə sübutların ərizəyə əlavə edilmədiyini göstərmişdir. Qeyd olunmalıdır ki, həmin JN-23546H saylı şəhadətnamə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilsə də, torpağın ayrılmasına əsas olmuş ilkin sənəd olaraq Bakı şəhər İcraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyinin müqaviləsi olmuş və həmin şəhadətnamədə edilmiş səhv də həmin Birlik tərəfindən tərtib olunmuş müqavilədən götürülmüşdür. Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə Azərbaycan Respublikasımnın Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 saylı sərəncamında qeyd edilmişdir ki, Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilsin. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bağ təsərrüfatı idarəsinin hüquqi varisi olmadığı üçün də bağ təsərrüfatı idarəsinin arxiv sənədlərində hər hansı düzəlişi etməsi kimi hüququ yaranmamışdır. Sərəncamdan açıq aydın görünür ki, Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyinin hüquqi varisi müəyyən edilməmiş, İqtisadiyyat Nazirliyi (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) ancaq arxiv saxlayıcısıdır və düzəlişlərin edilməsinə səlahiyyətli deyil. Bu baxımdan reyestrdən imtinanın alınması yalnız formal xarakter daşıyır. Belə olduğu halda əlavə vaxt itkisinə və süründürməçiliyə səbəb olur. Ona görə də, bu əsasla ərizənin geri qaytarılması tam olaraq əsassızdır. Ərizənin geri qaytarılmasının digər əsası kimi qərardadda qeyd edilmişdir ki, “Verilmiş ərizədən görünür ki, tələb “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” formasında deyil, “sənədlərdə göstərilən şəxslərin eyni şəxs olması faktının müəyyən edilməsi” kimi göstərilmişdir ki, yuxarıda qeyd edildiyi kimi bu halın məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir.” Halbuki, ərizədə “sənədlərdə göstərilən şəxslərin eyni şəxs olması faktının müəyyən edilməsi” kimi bir hal yoxdur və məhkəmədən bu halı məyyən olunmasına dair qətnamə çıxarılması xahiş edilməmişdir. Ərizədə konkret olaraq məhkəmədən müqavilənin və şəhadətnamənin eyni şəxsə – Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-6010/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarının: 1.6-cı bəndinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir; 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, ata adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, ərizəçi şəxsiyyətini təsdiq edən sənədə əsasən Ərizəçidır. Onun ərizədə istinad etdiyi xx.xx.2004-cü il tarixli müqavilənin 8-ci bəndində bağ sahəsinin bir neçə şəxsin, o cümlədən Rza-Quliyeva Cəmalənin istifadəsinə verildiyi göstərilmişdir. İstinad olunan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə də bu sənədin, həmçinin, Mikayılova Cəmiləyə verildiyi göstərilmişdir. Hazırda ərizəçi hər iki sənəddə göstərilən həmin şəxs olduğunu, lakin həmin sənədlərdə göstərilən adı və ya soyadının onun şəxsiyyətini təsdiq edən sənəddəki adı və soyadı ilə düz gəlmədiyini (üst-üstə düşmədiyini) bildirir və bu sənədlərin ona məxsus olması faktının müəyyən edilməsini tələb edir. Bu səbəbdən məhkəmə kollegiyası ərizəçinin bu dəlili ilə razılaşır və vurğulayır ki, birinci instansiya məhkəməsi əsassız olaraq ərizəçi tərəfindən tələbin “sənədlərdə göstərilən şəxslərin eyni şəxs olması faktının müəyyən edilməsi” kimi göstərilməsi qənaətinə gəlmişdir. Tələb düzgün formada irəli sürülmüşdür. Lakin digər hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və ərizəçinin dəlillərini əsassız hesab edir. Belə ki, xx.xx.2004-cü il tarixli müqavilə Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” xx.xx.2007-ci il tarixli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Şəhadətnaməni verən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə ləğv edilmiş və həmin Komitənin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilmişdir. Bununla belə, göstərilən sənədləri verən hər iki qurum ləğv edilsə də, onların səlahiyyətlərindən irəli gələn məsələlərə baxan qurumlar müəyyən edilmişdir. Lakin ərizəçi tərəfindən sənədlərdə olan səhvlərin aradan qaldırılması (düzəldilməsi) ilə bağlı bu qurumlara müraciət etməsi və onların imtina cavabı ilə üzləşməsi müəyyən edilmir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli bildirişi isə ərizəçiyə deyil, X3 adlı şəxsə ünvanlanmış və hüquqların dövlət qeydiyyatından imtina ilə bağlı olmuşdur. Hüquqi nəticə etibarı ilə ərizəçi lazımi sənədləri ala bilməməsinin mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Mövcud vəziyyətdə bu sənədlərin başqa qaydada alınmasının qeyri-mümkün olduğu aşkar deyil. Bu da öz növbəsində ərizənin geri qaytarılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən səbəbdən Ərizəçi ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-6010/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-6010/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-6)-132/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-132/2026
28.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver