Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1325/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Qafarov İlham Sabir oğluna qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmlakın sökülməsi, mənzildən çıxarılma, kompensasiya) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh Qafarov İlham Sabir oğlunun iştirakları ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Qafarov İlham Sabir oğluna qarşı “kompensasiya ödənilməklə özbaşına tikilinin boşaldılaraq sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(004)- ****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının ##.##.2021-ci il tarixli *** saylı sərəncamı ilə İddiaçı ASC-nin ##.##.2021-ci il tarixli ** nömrəli və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin ##.##.2021-ci il tarixli ****/d nömrəli müraciətlərini, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2021-ci il tarixli 22********** nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2021-ci il tarixli XO-01-02-2021- ***** nömrəli razılıq məktublarını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin ##.##.2012-ci il tarixli *** nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərini rəhbər tutaraq, Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimalqərb hissəsi) yerləşən ərazidə yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı ASC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarını tikintisi üçün İddiaçı ASC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır.
2. İddiaçı ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş aktdan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimalqərb hissəsi) yerləşən torpaq sahəsində olan Qafarov İlham Sabir oğluna məxsus M-***A nömrəli evin ümumi sahəsi 35,85 kv.m təşkil edir.
3. “X6” MMC-nin ## ###### 2025-ci il tarixli, *** saylı qiymətləndirmə rəyindən görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun “Yaşayış Kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” *** nömrəli, ##.##.2021-ci il tarixli sərəncamı ilə, İddiaçı ASC-yə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsində) yerləşən torpaq sahəsində Qafarov İlham Sabir oğlu tərəfindən M-135A ünvanında inşa olunmuş tikilinin real bazar qiyməti ilə təqribi dəyəri 8000 manat məbləğində müəyyən edilir.
4. “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsində) yerləşən ərazidə, M135A ünvanında sahəsi 35,85 kv.m olan özbaşına tikilinin dəyəri 22000 manat məbləğində müəyyən edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Qafarov İlham Sabir oğluna qarşı “kompensasiya ödənilməklə özbaşına tikilinin boşaldılaraq sökülməsi” tələbinə dair iddia ərizəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC tərəfindən cavabdeh Qafarov İlham Sabir oğluna 25000 manat ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-135A ünvanda ona məxsus, sahəsi 35,85 kv metr olan özbaşına tikilinin boşaldılaraq sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ## ###### 2021-ci il tarixli, *** №-li Sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimalqərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən kordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Bununla bağlı, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının ## ###### 2021-ci il tarixli, 340 Ns-li sərəncamının icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına və Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililərin istifadəçilərinə müraciətlər edilmiş və həmin tikililər barədə məlumatlar əldə edilmişdir. Belə ki, əldə olunmuş məlumatlar əsasında məlum olmuşdur ki, Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililər qanunsuz tikililərdir, bəzi vətəndaşlar, eləcə də hazırki iddia üzrə cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahələridir və həmin ərazidə özlərinə heç bir norma və tikinti qaydalara uyğun olmayan yararsız, tam və yarımçıq yaşayış və qeyri-yaşayış sahələri tikmişlər, həmin tikililər qanunsuz olmaqla yanaşı, həm də istifadə üçün yararsız və qəzalı vəziyyətdədir. Bununla bağlı olaraq, Sərəncamın icrasının təmin edilməsi və yeni yaşayış kompleksinin tikilməsi məqsədilə, həmin ərazidə yerləşən və qanunsuz (özbaşına) tikilmiş yaşayış və qeyriyaşayış sahələrinin istifadəçiləri olan digər vətəndaşlarla bərabər hazırki iddia üzrə cavabdehlə dəfələrlə iddiaçı tərəfindən danışıqlar aparılmış və onlara həmin özbaşına (qanunsuz) tikililərin real dəyərinə uyğun kompensasiya ödənilməsi şərtilə sökülməsi üçün real təkliflər edilmişdir. Göstərilən sərəncamın icrası ilə bağlı, «xxxxw ASC tərəfindən həmin ərazidə yerləşən digər sahə istifadəçilərinin əksəriyyəti ilə danışıqlar aparılmış və razılıq əldə olunaraq real dəyərə uyğun kompensasiya ödənilmiş və həmin tikililərin sökülməsi təmin edilmişdir. Yuxarıda qeyd edilənlərə baxmayaraq, cavabdeh hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina edir, hər bir vəchlə hüquqlarından suiistifadə etməklə, sərəncamın icrası ilə razılaşmayaraq, ədalətsiz məbləğdə qanunla nəzərdə tutulmayan, böyük məbləğdə kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətindədir və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vurur. Qeyd olunan faktlar və tikililərin real qiyməti və sahəsi barədə tərəfimizdən, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzində uzun illər işləmiş və dərin bilik və təcrübəyə sahib olan, Alternativ Ekspertiza Mərkəzinin ekspertlərinə müraciət edilmiş və bu barədə müvafiq ekspertiza rəyləri əldə edilmişdir. “Alternativ Ekspertiza Mərkəzi’’MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** №-li rəyə əsasən cavabdeh Qafarov İlham Sabir oğlu tərəfindən M-135A ünvanında inşa olunmuş, sahəsi 35,85 kv metr olan tikili qanunsuz (özbaşına) tikilidir, tikinti qaydalarına uyğun inşa olunmamışdır, qəzalı və yararsız vəziyyətdədir, tikilinin ümumi dəyəri - 8000 manatdır. Ekspertiza rəyinin məzmunundan, inşa olunmuş qanunsuz tikilinin fotoşəkillərdən görünür ki, həmin tikili tam yararsız və tikinti qaydalarına uyğun inşa edilməmişdir, ümumilikdə istifadə üçün təhlükəli və bərbad vəziyyətdədir. Göründüyü kimi bu vəzifələrin həyata keçirilməsi müvafiq sərəncama əsasən İddiaçı ASC-yə həvalə edilmişdir. Yuxarıda qeyd olunan rəylərdən göründüyü kimi cavabdeh tərəfindən inşa edilmiş tikilinin istismara yararsız olması və eləcə də qanunsuz (özbaşına) tikili olması qeyd edilmişdir. Bununla belə İddiaçı ASC-nin öhdəliyi olmasa belə humanistlik nümayiş etdirərək, sərəncama əsasən sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri öz üzərinə götürür və cavabdehin istifadəsində olan qanunsuz (özbaşına) tikilinin sökülməsi qarşılığında ona tikilinin real dəyərində kompensasiya ödənilməsini öhdəsinə götürür. Cavabdeh isə bununla razılaşmaqdan imtina etsə də, belə imtina qanuni hesab edilə bilməz. Belə ki, cavabdeh tərəindən inşa edilmiş tikilinin özbaşına, qanunsuz tikili olmaqla qəzalı vəziyyətdə saxlanılması, ASC ilə müqavilə bağlamış digər vətəndaşların hüquqlarını pozur və həmin ərazidə yeni yaşayış kompleksinin tikilməsinə, bununla bağlı verilmiş Sərəncamın icrasına mane olur. Göründüyü kimi, cavabdehin qanunsuz tikilisi maraqlı şəxs olaraq İddiaçı ASCnin hüquqlarını pozur və digər vətəndaşlar qarşısında götürdüyü öhdəliklərin icrasına maneəçilik yaradır. Bu isə İddiaçı ASCyə işlərin ləngiməsi ilə əlaqədar külli miqdarda maddi ziyan vurur və digər sakinlərin mənzil hüquqlarının pozulması ilə nəticələnən müqavilə öhdəliklərinin icrasını ləngidir. ASC olaraq iddiaçı tərəfindən sərəncamın icrasının gecikməməsi məqsədilə, cavabdehə kompensasiya ödənilməsi üçün real təkliflər olunmuş, lakin buna baxmayaraq o, həmin təklifdən imtina etmiş və nəticədə ASC-yə külli miqdarda ziyan vurmuş və hazırda da vurmaqdadır.
7. Cavabdeh tərəf iddiaya etiraz edərək onun əsassız olduğunu, həmin ərazidəki tikililərin heç birinin sənədinin olmadığı, tikilinin uzun müddətdir onun istifadəsində olduğu, söküləcək evin əvəzinə yeni mənzilin verilməsini və s. bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(004)- ****/**** saylı qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia tələbi təmin olunmuşdur.
9. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, sökülməsi tələb edilən Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən M-***A nömrəli özbaşına tikili evin ümumi sahəsi 35,85 kv.metr təşkil edir. Ümumilikdə, tədqiq olunan obyekt köhnə tikili olub və müvafiq tikinti norma və qaydalarına, tikinti texnologiyasına uyğun inşa edilməmişdir. Mövcüd texniki göstəricilərə görə, tədqiq olunan tikili yaşayış evi üçün nəzərdə tutulmuş müvafiq tələblərə cavab vermir. İddiaçının tələbinin əsasını Bakı şəhər İcra Hakimiyyətinin Başçısının ##.##.2021-ci il tarixli *** nömrəli sərəncamı təşkil edir və Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yerləşən mövcud özbaşına tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi də həmin sərəncamın 1.1-ci bəndinə uyğun həyata keçirilir. Qeyd edilən sərəncamın icrasının həyata keçirilməsinə cavabdeh tərəfindən əsassız maneələr yaradıldığından, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən, eləcə də sərəncamı icra edən iddiaçı tərəfindən cavabdeh tərəfin özbaşına tikili üzərində hüququ tanınaraq iddiaçı tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir. İddiaçının belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadəsində olan özbaşına tikilinin sökülməsinin əvəzinə ədalətli təkliflər edilir. Bu isə cavabdehin istifadəsində olan özbaşına tikilidən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı şəhər İcra Hakimiyyətinin ##.##.2021-ci il tarixli sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyinəzərindən icra olunmalıdır. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanırazılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasınınəsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, cavabdehin yaşayış üçün yararlı olmayan özbaşına tikilidən kompensasiya verilməklə çıxarılması, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı mübahisə baxımından iddiaçının hazırki tələblə çıxış etməsi cavabdehin mülkiyyət hüququna müdaxilə hesab edilə bilməz. Çünki tərəflər arasında cavabdehə məxsus evin sökülməsi ilə bağlı ixtilaf yoxdur. Tərəflər arasında ixtilaf mövcuddur, lakin bu ixtilaf evin sökülməsi ilə bağlı olmamış, cavabdehin sökülməli olan evinin müqabilində ona veriləcək pul ekvivalenti olaraq əvəzin həcmi ilə bağlıdır. Bu halda məhkəmənin müəyyən etməli olduğu yeganə hal çəkişən tərəflər arasında mütənasibliyin qorunmasının, eləcə də ədalətli və ağlabatan əvəzin verilməsinin təmin edilməsindən ibarət olmalıdır. Belə ki, cavabdeh izahatında söküləcək evin əvəzində kompensasiya yox, eyni sahəyə malik mənzilin verilməsini məqsədəmüvafiq hesab etdiyini bildirmişdir. Həmçinin, keçirilmiş ekspertiza zamanı qanunsuz tikilinin dəyərinin 22000 manat təşkil etdiyi müəyyən olunmuş, lakin iddiaçı tərəfindən cavabdehə kompensasiya məbləği olaraq 25000 manat təklif olunmuşdur. Belə olan halda, iddiaçının cavabdehə təklif etdiyi əvəz (kompensasiya) qeyd olunan sahə ilə bağlı mövcud təcrübəyə uyğun olmaqla, kifayət qədər ədalətli və ağlabatandır, eləcə də tərəflərin maraqlarının mütənasibliyi qorunur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisəli evin yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə tikinti məqsədləri üçün İddiaçı ASC-yə ayrıldığından, həmçinin Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı ASC arasında bağlanmış müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini İddiaçı ASC öz üzərinə götürdüyündən, iddia tələbi əsaslı olduğundan və tələb irəli sürülərkən cavabdehin bütün hüquqları qorunduğundan iddia tələbi təmin edilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 180.1, 180.2, 180.4, Mülki Prosessual Məcəllənin 13.7, 14-cü maddələri ilə əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar
a) Apelyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayətində qətnaməsnin qanunsuz və ədalətsiz olması, iş üzrə bütün faktiki hallara düzgün hüquqi qiymətin verilməməsi, onun ailə üzvləri ilə birgə artıq 50 ildir həmin qanunsuz tikilidə yaşaması, iddiaçının onun mənzilinin sökülməsi barədə tələbində göstərilən kompensasiyanın ədalətli olmaması, həmin məbləğə onun ailəsi üçün ev alıb yaşamasının mümkün olmaması, mənzili söküldüyü halda ən azından eyni sahəyə malik yeni tikilidən ona mənzilin verilməli olması, lakin iddiaçı tərəfindən bu hala məhəl qoyulmaması, birinci instansiya məhkəməsinin müəyyən etdiyi formada onun evdən çıxarılmasının onun konstitusion mənzil toxunulmazlığı hüququnu pozması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir.
13. Apellyasiya icraatı zamanı iddiaçı tərəf məhkəməyə yazılı ərizə ilə müraciət edərək, son təklifində cavabdeh tərəfə ümumi sahəsi 35,85 m2 təşkil edən özbaşına tikilinin sökülməsi qarşılığında mülki iş üzrə icraatın daha da uzanmaması üçün 32000 manat ödənilməsini təklif etmişdir.
c) Tərəflərin izahatları
14. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, hazırkı mübahisəli ünvanda yerləşən tikili qanunsuz olmaqla uzun müddətdir ki, onun və ailəsinin sahibliyində olmuş, köhnə tikili olduğundan onu restovrasiya etmək fikri olmamış, eyni ünvanda onun oğlunun sahibliyində olan tikilinin əvəzinə oğluna 3 otaqlı mənzilin verilməsi, o isə hazırda sahibliyində olan qanunsuz tikilinin sökülməsinə etiraz etməsə də, kompensasiya əvəzi olaraq həmin tikilinin sahəsinə bərabər və ya ondan az fərqlənən sahəyə malik mənzillə təmin olunmasıdır. Tikilinin dəyəri ilə bağlı isə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə, eləcə də birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahata vermiş, əlavə olaraq - mübahisəli ərazidə sakinlərin əksəriyyəti ilə razılıqların əldə olunmasını, cavabdehə məxsus tikilinin qanunsuz tikili olmasını, onun yaşamaq üçün əlverişsiz olmasını, buna baxmayaraq oxşar tikililərlə bağlı vahid məhkəmə təcrübəsi də nəzərə alınmaqla iddiaçı tərəfindən həmin tikilinin dəyərinin yüksək qiymətləndirilərək cavabdehə təklif olunması, bundan başqa eyni həyətdə cavabdehin oğluna məxsus əsaslı yaşayış evinin olmasını, ona görə oğluna 3 otaqlı mənzilin verilməsini, lakin hazırki tikilinin həmin tikilililərə və yaşayış sahəsinə uyğun olmamasını, bunun işdə olan sübutlardan da görünməsini və s. bildirmiş, eyni zamanda yazılı ərizə verərək iddiaçı şirkət tərəfindən kompensasiya məbləğinin artırılaraq 32000 manat həddində müəyyən olunmasına dair təklifini məhkəməyə təqdim etmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdirlər.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyasının: 12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 16.1-ci maddəsinin 1-ci bəndinə əsasən azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər; 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
17. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6.1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair * saylı Protokol: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.1. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariyagigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır;
19. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər; 28.7-ci maddəsinə əsasən qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir; 85-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir.
20. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir; 4.2 və 4.2.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir. Maddə 7.0. Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 7.0.1. sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi; 7.0.2. təhlükəsizliyin təmin edilməsi.
21. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il # ####### tarixli *** nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il ## ###### tarixli * nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il ## ###### tarixli ** nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2019-cu il tarixli, *** saylı Qərarının 4-cü bəndinə əsasən Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il ######un #-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, habelə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini həyata keçirsinlər.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13cü maddəsinin III hissəsi, 29-cu maddəsinin II hissəsi və 71-ci maddəsinin II hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır.
23. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə istinadən qeyd etməyi zəruri hesab edir ki, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tətqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Belə ki, Konstitusiyanın 29-cu maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ hissəsi sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, dövlətin üzərinə mülkiyyət hüququnun təmini məqsədilə həm neqativ, həm də pozitiv öhdəliklər qoyulub. Pozitiv öhdəliklər bir sıra tədbirlərin həyata keçirilməsini, o cümlədən mülkiyyət hüququnun effektiv reallaşdırılmasını təmin edən hüquqi rejimin müəyyən edilməsini əhatə edir. Bu öhdəliklər Konstitusiyanın 94-cü maddəsinin İ hissəsinin 13-cü bəndinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin (bundan sonra – Milli Məclis) üzərinə qoyulub. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. Digər tərəfdən Konstitusiyada və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda mülkiyyət hüququnun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Milli Məclis mülkiyyət hüququnun məzmununun müəyyən olunması üzrə öz səlahiyyətlərini reallaşdırarkən bu hüdudları və mülkiyyətin funksiyalarının mütənasibliyini nəzərə almalıdır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ### 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər.
Apelyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
29. İlkin olaraq qeyd edilməlidir ki, müvafiq səlahiyyətli inzibati orqanın sərəncamına əsasən mübahisəli ərazinin (Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi) iddiaçının qanuni istifadəsinə ayrılması, həmin ərazi hüdudları daxilində cavabdehin istifadəsində ümumi sahəsi 35,85 kv.metr təşkil edən özbaşına tikilinin olması işin mübahisə olunmayan hallarıdır.
30. İşdə olan sübutlardan (rəylər, fotoşəkillər və s.) görünür ki, qeyd olunan özbaşına tikili müvafiq tikinti norma və qaydalarına uyğun inşa olunmamış, yaşayış evi üçün nəzərdə tutulmuş müvafiq tələblərə cavab verməməklə təmirsiz vəziyyətdədir. Lakin, həmin tikili iqtisadi dəyərə malikdir, bu səbəbdən də cavabdehin ədalətli kompensasiya almaq hüququ vardır.
31. Bununla yanaşı, cavabdeh də həmin tikilinin kompensasiya verilməklə sökülməsinə etiraz etmir, lakin mübahisə kompensasiyanın forması ilə bağıdır. Belə ki, cavabdeh həmin ərazidə inşa olunan yüksəkmərtəbəli yaşayış binalarından birindən (və ya başqa ərazidən) ona yeni mənzil verilməsini tələb edir.
32. İddiaçı isə pul kompensasiyasını təklif etməklə, həmçinin müvafiq tikilinin özbaşına tikili olmasını, sahəsinin az olmasını, təmirsiz və yaşayış üçün yararlı olmamasını bildirməklə buna etiraz edir.
33. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq həmçinin qeyd edir ki, iddiaçı hazırki tələbi irəli sürməkdə müvafiq subyektiv hüquqa malikdir. Lakin, mübahisənin yekun həlli məqsədi ilə cavabdehin hüquqlarına müdaxilə ilə mülki hüquq münasibətlərinin digər iştirakçılarının, o cümlədən iddiaçının hüquq və mənafeləri, habelə sökülməsi nəzərdə tutulan ərazidə yaşamış (artıq köçürülmüş) digər sakinlərin hüquqları və mənzil-məişət şəraitinin yaxşılaşdırılması arasında ağlabatan tarazlıq müəyyən edilməlidir.
34. İlk növbədə qeyd edilməlidir ki, kompensasiyanın ədalətliliyi onun mütləq şəkildə iddiaçının arzuladığı formada deyil, məruz qaldığı əmlak itkisinin ekvivalent şəkildə əvəzinin ödənilməsi baxımından qiymətləndirilməlidir. Bu mənada kompensasiya institutunun əsas məqsədi şəxsin itirdiyi əmlak maraqlarının bərpası olmaqla, ona əvvəlki vəziyyətlə müqayisədə daha əlverişli əmlak vəziyyətinin yaradılması deyildir.
35. İş üzrə keçirilmiş qiymətləndirmə nəticəsində mübahisəli özbaşına tikilinin bazar dəyəri 22000 manat müəyyən edilmişdir. Həmin qiymətləndirmənin qeyri-obyektiv olması və ya əmlakın real bazar dəyərini əks etdirməməsi barədə iş materiallarında mötəbər sübutlar mövcud deyildir. Həmçinin cavabdeh də bunun əksini iddia etməmişdir. Buna görə də kompensasiyanın müəyyən edilməsində ekspert qiymətləndirilməsi əsas götürülməsi qanuni və əsaslı hesab edilməlidir.
36. Bununla yanaşı, apellyasiya baxışı zamanı iddiaçı tərəfindən kompensasiyanın məbləği könüllü qaydada 32000 manata qədər artırılmışdır.
37. Beləliklə, hazırda cavabdehə təklif olunan kompensasiya məbləği ekspert tərəfindən müəyyən edilmiş bazar dəyərini 10000 manat və ya təxminən 45 faiz üstələmişdir. Bu isə onu göstərir ki, müəyyən edilmiş kompensasiya əmlakın bazar dəyərinin sadəcə əvəzi deyil, eyni zamanda cavabdehin mənafelərinin əlavə qaydada nəzərə alınmasının nəticəsidir.
38. Cavabdehin yeni inşa olunacaq binadan mənzil verilməsi barədə tələbi isə özlüyündə pul kompensasiyasının ədalətsiz olmasını təsdiq etmir. Belə ki, kompensasiyanın formasına dair subyektiv üstünlük ilə kompensasiyanın ekvivalentliyi anlayışları fərqli hüquqi kateqoriyalardır. Şəxsin pul əvəzinə mənzil əldə etmək istəyi anlaşılan olsa da, bu hal pul şəklində müəyyən edilmiş kompensasiyanın bazar dəyərinə uyğunluğunu və kifayətliliyini aradan qaldırmır.
39. Bununla belə, özbaşına tikili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaması və həmin tikilinin hüquqi statusunun qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi (beləliklə tələbin maddi hüquqi əsasının olmaması və s.) nəzərə alındıqda, cavabdehin konkret mənzil verilməsi tələbi mütləq xarakter daşımır və tikilinin dəyərinə uyğun pul kompensasiyasının müəyyən edilməsi hüquqi baxımdan yol verilən müdafiə üsulu hesab edilə bilər.
40. Nəzərə alınmalıdır ki, kompensasiyanın məqsədi şəxsin malik olduğu və ya faktiki istifadə etdiyi əmlakın iqtisadi dəyərinin əvəzinin ödənilməsindən ibarətdir. Qanunvericilik özbaşına tikilidən istifadə edən hər bir şəxsə mütləq qaydada yeni tikilən binadan mənzil verilməsini nəzərdə tutmur. Əks yanaşma kompensasiyanın ekvivalentlik prinsipini pozaraq, hüquqi əsasları tam formalaşmamış tikiliyə görə şəxsin bazar dəyərindən artıq həcmdə əmlak əldə etməsinə səbəb ola bilər.
41. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya baxışı zamanı təklif edilmiş 32000 manat məbləğində kompensasiya mübahisəli özbaşına tikilinin bazar dəyəri, tərəflərin maraqları və mütənasiblik prinsipi baxımından ədalətli və yetərli kompensasiya hesab edilməlidir. İddiaçının kompensasiyanın forması ilə bağlı narazılığı onun məbləğinin qeyri-kafi və ya ədalətsiz olması nəticəsinə gəlmək üçün kifayət etmir. Buna görə də müəyyən edilmiş pul kompensasiyası iddiaçının əmlak maraqlarının ağlabatan və ədalətli təminatı kimi qiymətləndirilməlidir.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ### 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
43. Hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə suiistifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2021-ci il tarixli Qərar)
44. Analoji mübahisələr üzrə Konstitusiya Məhkəməsinin də mövqeyindən göründüyü kimi, Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar
45. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (MM, 16.1).
46. Nəzərə alınmalıdır ki, hazırda ərazidən köçürülmüş sakinlər tezliklə binaların tikilməsi və yeni mənzillərinə köçmələrini gözlədikləri halda cavabdeh tərəfin hüquqdan suiistifadə etməsi həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Bu zaman isə, iddiaçı tərəfindən cavabdeh tərəfin hüquqları pozmadığı halda, cavabdeh tərəf hüquqdan sui-istifadə etməsi yolverilməzdir (hüquqa və haqq ədalətə ziddir).
47. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdehin istifadəsində olan yaşayış sahəsindən köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasına, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur.
48. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə ## ###### 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə ## ####### 1982-ci il tarixli qərarı; X1rşı iş üzrə ## ####### 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir”.
49. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
51. «Qavazov Bolqarıstana qarşı» iş üzrə ## #### 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.
52. Cavabdeh tərəfin izahatı da iddianın əsassız olması nəticəsinə gəlməyə yetərli deyildir. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
53. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Azərbaycan Respublikası MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır («X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ###### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2008-ci il tarixli Qərarı).
55. MPM-in 384.0 və 384.0.3-cü maddələrinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.
56. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə ödənilməli kompensasiya məbləği hissəsində dəyişdirilməli, müvafiq özbaşına tikiliyə görə iddiaçı tərəfindən cavabdehə ödənilməli olan kompensasiyanın məbləği 32000 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Qafarov İlham Sabir oğluna qarşı “kompensasiya ödənilməklə özbaşına tikilinin boşaldılaraq sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(004)- ****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(004)- ****/**** saylı qətnaməsi kompensasiyanın məbləği hissəsində dəyişdirilsin, müvafiq özbaşına tikiliyə görə iddiaçı tərəfindən cavabdehə ödənilməli olan kompensasiyanın məbləği 32000 (otuz iki min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.