Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1397/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamədən cavabdeh Cavabdeh İstehsalat Birliyinin verdiyi apellyasiya şikayətinə əsasən işə iddiaçı İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat
1. İddiaçı cavabdeh Birliyə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 3.514,64 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, ev ** nömrəli mənzil 13 ünvanında 45 ildən artıqdır ki, ailəsi ilə birlikdə yaşayır. Həmin yaşayış sahəsi Birlik tərəfindən təbii qazla təchiz edilmiş və bununla bağlı yaşayış sahəsindən kənarda, açıq şəraitdə, küçədə cavabdeh Birlik tərəfindən qaz sayğacı quraşdırılmışdır (abonent kodu: 100322253300001). Bir müddət əvvəl, iddiaçı evdə olmadığı zaman cavabdeh Birliyin əməkdaşları iddiaçıya məxsus ünvanda quraşdırılmış qaz sayğacına baxış keçirmiş, köhnə (istifadəsi kartla olan) qaz sayğacını çıxardaraq onu digəri ilə əvəz etmişlər. Həmin tədbirlər barədə iddiaçıya hər hansı bir sənəd və ya məlumat verilməmişdir. İddia ərizəsinə əlavə edilmiş aktların heç birisindən nə iddiaçının, nə də ki onun ailə üzvlərinin xəbəri olmamışdır. İş materiallarına əlavə edilmiş aktlardan da göründüyü kimi həmin aktların hər hansı birinin tərtibində iddiaçı və ya onun ailə üzvü iştirak etməmiş və heç birində iddiaçının adı, soyadı və imzası yoxdur. İddiaçı qeyd edir ki, cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilən bütün aktlar əsassızdır və ona hesablanmış borc ləğv olunmalıdır. b) cavabdehin iddia tələbinə qarşı etirazı haqqında məlumat
3. İddia ərizəsinə qarşı cavabdeh Birlik tərəfindən ##.##.2025-ci il tarixdə elektron kabinet vasitəsilə etiraz ərizəsi təqdim edilərək, iddia ərizəsi əsassız olması, iddia ərizəsində hansı borcun mübahisələndirilməsi barədə məlumatın qeyd olunmaması bildirilmişdir. Həmçinin cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edilərək, qeyd edilmişdir ki, mənzilin koordinatlarını özündə əks etdirən fotoşəkillərdən əyani surətdə görünür ki, istehlakçı qaz sayğacına özbaşına olaraq rezin boru birləşdirərək təbii qazdan qeyri-qanuni olaraq istifadə edir. Qərar qəbul edərkən fotoşəkillərin nəzərə alınması xahiş edilmişdir. c) iş üzrə tərəflərin birinci instansiya məhkəməsində iştirakı və verdikləri izahatlar barədə məlumat
4. İddiaçı məhkəmə baxışı iclasında iştirak edərək, iddia tələbini müdafiə etmiş və Rayon Məhkəməsinə iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.
5. Cavabdeh Birliyin nümayəndəsi Rəşad Əliyev məhkəmə baxışı iclasında iştirak edərək, iddia tələbinin əsassız olduğunu, aktların qanuni şəkildə tərtib olunduğunu, fotoşəkillərlə də qanunsuz istifadə faktının təsdiq olunuduğunu, borcun silinməsi üçün heç bir əsas olmadığını bildirərək, iddianın təmin olunmamasını xahiş etmişdir. O, həmçinin izahatında tərtib olunmuş akt barəsində inzibati məsuliyyətə cəlb etmə barədə qərarın olmadığını qeyd etmişdir.
d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
7. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına dair hallar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Cavabdeh Birlik onun əməkdaşları tərəfindən iddiaçının barəsində tərtib etdikləri ##.##.2024-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda göstərilən halların həqiqətə uyğun olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Əlavə olaraq Rayon Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh Birlik tərəfindən tərtib edilmiş akt və tələbnamə qanunvericiliyin tələbinə uyğun deyildir. Belə ki, aktlarda istehlakçının imzası yoxdur və imza hissəsində iştirak etmədiyi qeyd edilmişdir. İddiaçı da cavabdeh qurum tərəfindən yoxlama keçirilən və aktlar tərtib edilən zaman ona məlumat verilmədiyini, yoxlamada iştirakının təmin edilmədiyini və bu aktdan xəbərdar olmadığını bildirmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qaz qurğularına və qazpaylayıcı şəbəkəyə 6 ayda bir dəfədən az olmayaraq texniki baxış keçirməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmçinin qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Cavabdeh məhkəmə iclasında da iddiaçının müvafiq qaydada məlumatlandırıldığını, yoxlama keçirilən zamanı və akt tərtib edilərkən onun iştirakının təmin edildiyini və tərtib edilmiş aktların iddiaçıya təqdim edildiyini sübuta yetirə bilməmişdir. Buna görə də iddia əsaslı hesab edilməlidir. e) apellyasiya şikayəti barədə məlumat
8. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Əsasları iddia tələbinə qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tətbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. f) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat
10. Cavabdeh Birliyin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.
11. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
12. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. f) işdə olan sənədlər barədə məlumat
13. Cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, iddiaçıya məxsus ünvana aid olan qaz xəttinə və qaz sayğacına baxış keçirilən zaman abonentin – iddiaçının təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir.
14. Cavabdeh Birliyin əməkdaşlarının tərtib etdikləri ##.##.2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, iddiaçıya aid ünvanda quraşdırılmış qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub m/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 3 kub m/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 kub m/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 kub m/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın həcmi 30.672 kub m hesablanmışdır.
15. Cavabdeh Birlik tərəfindən tərtib edilmiş “Abonentin saldosundan” görünür ki, yuxarıda qeyd edilən akta və tələbnaməyə əsasən iddiaçıya əlavə sərfiyyat kimi 3.514,64 manat borc hesablanmışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
16. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb iddiaçıya məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, cavabdeh Birliyə dəymiş maddi zərərin əvəzinin iddiaçı tərəfindən ödənilməsinin əsaslı olubolmaması ilə bağlıdır.
17. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).
18. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
19. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Qeyd olunan prosessual və maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, cavabdeh Birlik tərəfindən istehlakçının iddiaçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan tələb edilmişdir.
21. Belə ki, hazırkı mülki işin məhkəmə araşdırması zamanı Birliyin əməkdaşları tərəfindən ##.##.2024-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt” tərtib edilsə də, cavabdeh Birlik həmin aktda göstərilən faktı – iddiaçının təbii qazın talanmasında təqsirli olmasını təsdiq edə biləcək müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarlarını məhkəmələrə təqdim etməmişdir.
22. Bundan başqa Məhkəmə qeyd edir ki, MPM-in 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
23. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə, yuxarıda qeyd edilən akt əsasında hesablanmış borcun silinməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı, Birliyin apellyasiya şikayətinin dəlillərini isə əsassız hesab edir. h) apellyasiya baxışının nəticəsi
24. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
25. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
26. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə görə Birliyin özünə aid edilməlidir.
27. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.