Məhkəmə qərarları › İş №2(3-6)-1464/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1464/2026

04.05.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1464/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Həsənov İlqar Həbib oğlunun cavabdeh Cavabdeh Açıq İstehsalat birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə *************** saylı abonent kodu ilə istehlakçı kimi qeydiyyata alınmışdır. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması barədə ##.##.2020-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat və ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 3110,40 manat olmaqla, ümumilikdə 3.996 manat məbləğində dəymiş zərərin cavabdehən ödənilməsi tələb olunmuşdur. Hazırda iddiaçı Həsənov İlqar Həbib oğlu cavabdeh Cavabdeh İB tərəfindən aktlar əsasında hesablanmış borcdan 3883,90 manat məbləğində borcun silinməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Həsənov İlqar Həbib oğlu cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 (abonent kodu: 100456200710000) yerləşən fərdi yaşayış evinə cərimə kimi yazılmış olan 3883,90 manat borcun Cavabdeh İstehsalat Birliyi tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 (abonent kodu: 100456200710000) fərdi yaşayış evində yerləşən sayğac iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdeh İstehsalat Birliyinin nümayəndələri tərəfindən həmin yaşayış evində yoxlama apararkən akt tərtib edərək, iddiaçının sayğaca müdaxilə etdiyi qeyd edilmiş və ona görə haqsız yerə cərimə borcu yazılmışdır. Bir müddət sonra qaz kartına yüklədiyi puldan tutulmaların olduğunu görmüşdür. İddiaçıya yazılmış borc qanunsuz və əsassızdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, Cavabdeh İstehsalat Birliyi tərəfindən tərtib edilmiş ##.##.2020-ci il tarixli ******* saylı və ##.##.2024-cü il tarixli ******* saylı aktlar əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə iddiaçı Həsənli İlqar Həbib oğluna məxsus *************** nömrəli abonent koduna hesablanmış borcdan 3883,90 manat (üç min səkkiz yüz səksən üç manat doxsan qəpik) hissəsinin silinməsi və 58,83 manat məbləğində dövlət rüsumunun Cavabdeh İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsində mübahisələndirilən borc məbləğlərinin hesablanmasına əsas olmuş aktlar müxtəlif vaxtlarda tərtib edildiyindən, aktların tərtib edildiyi zaman qüvvədə olan qanunvericiliyə əsasən mübahisəyə hüquqi qiymət verilməlidir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab etmişdir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə ##.##.2020-ci il tarixli akt əsasında hesablanmış borca münasibətdə qeyd etmişdir ki, akt tərtib edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Lakin nəzərə alınmalıdır ki, cavabdeh tərəf təbii qazdan kənar xətt vasitəsilə istifadə olunması ilə bağlı lazımi sübutları təqdim etməsə də, iddiaçı tərəf ##.##.2020-ci il tarixində akt tərtib olunarkən kənar xəttdən 1 ay müddətində istifadə etdiyini etiraf etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh ##.##.2020-ci il tarixli akt əsasında kənar xəttdən 90 gün ərzində istifadə olunmasını əsas gətirərək itirilmiş qazın bərpası üçün həmin müddəti nəzərə alaraq hesablama aparmışdır. İddiaçı Həsənli İlqar Həbib oğlu isə məhkəmə iclası zamanı izahatında qeyd olunduğu kimi 2020-ci ilin avqust ayında yalnız 1 ay ərzində təbii qazdan kənar xətt vasitəsilə istifadə etdiyini etiraf etmişdir. Bununla da iddiaçının qalan 60 gün ərzində təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsinin sübutetmə yükü cavabdehin üzərində olmuşdur. Lakin bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində itirilmiş qaz sərfiyyatına görə iddiaçıya hesablanmış borcun məbləği ilə razılaşmır və hesab edir ki, tərtib edilmiş akt üzrə kənar xətdən istifadə nəticəsində yalnız 30 gün üçün hesablanmış borcun məbləği əsaslı olmuşdur. Qalan 60 gün üçün hesablanmış sərfiyyat isə əsassız sayılmalıdır. Cavabdeh tərəfindən tərtib edilmiş ##.##.2020-ci il tarixli akt əsasında hesablamanın 1 ay, yəni 30 gün müddəti üçün aparılması qanuni və ədalətlidir. Belə ki, ilk növbədə cavabdeh qaz sayğaclarının saz vəziyyətdə saxlanılması vəzifəsini daşıyır. Bu vəzifəsinin yerinə yetirilməsindən ötrü cavabdeh istehlakçılar tərəfindən qaz itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün nəzarət funksiyalarını mütəmadi həyata keçirməli və hər ay borca dair hesabat (qəbz) təqdim etməlidir. Dəymiş zərərin hesablanması ilə bağlı həmçinin məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan ##.##.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında, hesabat aparılarkən fərdi yaşayış evində PSQ4, QSSQ və dəmir sobadan ibarət qaz işlədicilərinin olduğu qeyd edilərək, onlara qaz sərfi nəzərə alınaraq hesabat aparılsa da, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evində təbii qazdan kənar xətt vasitəsilə istifadə edilən zaman adı çəkilən qaz işlədicilərindən yalnız dördgözlü qaz piltəsindən istifadə olunmuşdur. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, sayğacdan kənar xətt vasitəsilə istifadə etdiyi müddətdə evdə dəmir soba və dördgözlü qaz piltəsi mövcud olsa da, havalar isti olduğundan yalnız dördgözlü qaz piltəsindən istifadə edilmişdir. İş materiallarından da görünür ki, iddiaçının yaşadığı ünvana dair təbii qazdan istifadə qaydalarının pozulması barədə akt ##.##.2020-ci il tarixdə tərtib edilmişdir, aktın tərtib edildiyi tarix yay aylarına təsadüf etdiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, avqust ayında iddiaçının fərdi yaşayış evinin qızdırılması üçün dəmir sobadan istifadə etməsi ağlabatan deyil. Digər bir tərəfdən, cavabdeh də həmin qaz işlədicilərinin də mövcud olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, sayğacdan kənar təbii qazdan istifadə edilməsi nəticəsində dəymiş zərər hesablanarkən yalnız dördgözlü qaz piltəsinin istifadəsi ilə əlaqədar hesabat aparılmalıdır. Qeyd edilənlərə əsasən iddiaçının kənar xətdən istifadə etməsi nəticəsində hesablanmış borc ##.##.2020-ci il tarixli akt əsasında 86,40 manat (1,2 m3 x 24 saat x 30 gün = 864 m3; 864 m3 x 0,10 manat = 86,40 manat) olmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində qaz sərfiyyatına görə iddiaçıdan ümumilikdə 86,40 manat məbləğində borcun tələb edilməsi qanunidir. Buna görə də, iddia tələbi ##.##.2020-ci il tarixli akt üzrə yalnız qalan 799,20 manat məbləğində borcun silinməsi hissəsində əsaslıdır. Məhkəmə ##.##.2024-cü il tarixli akt əsasında hesablanmış borcun silinməsi barədə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, həmin vaxt qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndində sübut edilməli olan halın, yəni baş vermiş zərərin məhz istehlakçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olmasının yalnız göstərilən sübutetmə vasitəsi ilə təsdiq olunmalı olduğu nəzərdə tutulur. Belə ki, qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ, onun qazın talanmasında təqsirli olması faktı müvafiq səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə əsaslı hesab olur. Həmçinin mülki prosessual qanunvericilik konkret sübut edilməli olan halın yalnız qanunvericilikdə göstərilən sübutetmə vasitəsi ilə təsdiq edilməli olduğunu qeyd edir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının qanunsuz hərəkətlərə yol verdiyi halı yalnız cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş akt əsasında təsdiq edilməsi Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin, həmçinin sözügedən qanunun tələblərinə ziddir. Çünki qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qanun tələb edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olub-olmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Lakin işdən görünür ki, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamış, akt tərtib edilərkən onun bir nüsxəsi həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq nə iddiaçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət təqibi orqanına təqdim edilməmiş, beləliklə də iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən olunmamışdır. Beləliklə, iddiaçının ##.##.2024-cü il tarixli akt əsasında qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması iş materialları ilə müəyyən edilmir. Ona görə də, həmin akt üzrə 3110,40 manat məbləğində borcun hesablanması əsassız olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ##.##.2020-ci il və ##.##.2024-cü il tarixli aktlar əsasında iddiaçının abonent saldosuna 3909,60 manat (799,20 manat + 3110,40 manat) borc hesablanarkən cavabdeh təşkilat tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmə mübahisəyə iddia tələbi həcmində qiymət verməlidir. Belə ki, məhkəmə tərəfindən 3909,60 manat məbləğində borcun əsassız hesablanması müəyyən edilsə də, iddiaçı tərəf abonent hesabından 3883,90 manat borcun silinməsini xahiş edir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia ərizəsi tələbin həcminə uyğun təmin edilməli və Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması barədə ##.##.2020-ci il tarixli ******* saylı və ##.##.2024-cü il tarixli ******* saylı aktlar əsasında hesablanmış borcdan 3883,90 manat hissəsi abonent hesabından silinməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin “qət etdi” hissəsində “Həsənli” kimi yazılmış yanlışlıq “Həsənov” kimi oxunması qərara alınmışdır. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin akt əsasında “dəymiş ziyanın bərpasına dair” tələbnamə təsdiq edilmişdir. Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı İ.Həsənov qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İBnə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəflərindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir. İddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına mübahisələndilən qətnamədə istinad olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. iddiaçı Həsənov İlqar Həbib oğluna aid olan 100456200710000 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh İstehsalat Birliyinin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Eyni zamanda qanunsuz istifadə ilə bağlı videoçəkiliş tərəfimizdən təqdim edilmişdir. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirakı təmin etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq ##.##.2026-cı il tarixədək qüvvədə olmuş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13-cü maddənin 8-ci bəndi. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazındəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13-cü maddənin 8-1-ci bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Agentlik tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.3. Qaz sayğacları Agentlik tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.[ 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla hər hansı bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib edilmiş ##.##.2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadənin aşkarlanması barədə qeydlər aparılmışdır. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən təsdiq edilmiş ##.##.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən dəymiş ziyanın həcminin 8856 m3 olması müəyyən edilmişdir. Cavabdeh İB tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda sayğacdan kənar rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edilməsi barədə qeydlər aparılmışdır. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən təsdiq edilmiş ##.##.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən dəymiş ziyanın həcminin 25920 m3 olması müəyyən edilmişdir. İddiaçı Həsənov İlqar Həbib oğlunun adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində də onun 2020-ci ilin avqust ayı üzrə 885,60 manat, 2024-cü ilin fevral ayı üzrə isə 3110,40 manat məbləğində borcunun olması əks olunmuşdur. İddiaçı bildirmişdir ki, onun tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında iddiaçı tərəf ##.##.2020-ci il tarixində akt tərtib olunarkən kənar xəttdən 1 ay müddətində istifadə etdiyini etiraf etmişdir. Cavabdeh tərəfin mövqeyinə görə isə Cavabdeh İB-nin nümayəndələri tərəfindən baxış keçirən zaman əlavə qaz xəttindən istifadə olunması aşkar olunmuşdur. Göründüyü kimi qeyd edilən akta münasibtdə iddiaçının qalan 60 gün ərzində təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsinin sübutetmə yükü cavabdehin üzərində olmuşdur. Lakin bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi göstərilən akta münasibətdə dəymiş zərərin hesablanması ilə bağlı da düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan ##.##.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında, hesabat aparılarkən fərdi yaşayış evində PSQ4, QSSQ və dəmir sobadan ibarət qaz işlədicilərinin olduğu qeyd edilərək, onlara qaz sərfi nəzərə alınaraq hesabat aparılsa da, birinci instansiya məhkəməsi baxışı zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evində təbii qazdan kənar xətt vasitəsilə istifadə edilən zaman adıçəkilən qaz işlədicilərindən yalnız dördgözlü qaz piltəsindən istifadə olunmuşdur. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, sayğacdan kənar xətt vasitəsilə istifadə etdiyi müddətdə evdə dəmir soba və dördgözlü qaz piltəsi mövcud olsa da, havalar isti olduğundan yalnız dördgözlü qaz piltəsindən istifadə edilmişdir. İş materiallarından da görünür ki, iddiaçının yaşadığı ünvana dair təbii qazdan istifadə qaydalarının pozulması barədə akt ##.##.2020-ci il tarixdə tərtib edilmişdir, aktın tərtib edildiyi tarix yay aylarına təsadüf etdiyindən birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, avqust ayında iddiaçının fərdi yaşayış evinin qızdırılması üçün dəmir sobadan istifadə etməsi ağlabatn deyil. Digər bir tərəfdən, cavabdeh də həmin qaz işlədicilərinin də mövcud olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda sayğacdan kənar təbii qazdan istifadə edilməsi nəticəsində dəymiş zərər 86.40 manat hesablanarkən yalnız dördgözlü qaz piltəsinin istifadəsi ilə əlaqədar hesabat aparılmasi barədə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Digər tərəfdən kollegiya ##.##.2024-cü il tarixli akt əsasında hesablanmış borcun silinməsi barədə iddia tələbinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müəyyən edilir ki, həmin akt tərtib edildikdən sonra qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən tərtib olunmuş aktın bir nüsxəsinin barəsində akt tərtib olunmuş istehlakçıya təqdim olunması halı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi baxışı zamanı 3909,60 manat məbləğində borcun əsassız hesablanması müəyyən edilsə də, iddiaçı tərəf abonent hesabından 3883,90 manat borcun silinməsini xahiş etmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarırdığından, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddia ərizəsi tələbin həcminə uyğun təmin edilməli və Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması barədə ##.##.2020-ci il tarixli ******* saylı və ##.##.2024-cü il tarixli ******* saylı aktlar əsasında hesablanmış borcdan 3883,90 manat hissəsi abonent hesabından silinməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi üzrə sübutetmə yükünün cavabdeh Cavabdeh İB-nin üzərində olması nəzərə alınmaqla cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya şikayəti üzrə işə baxılan zaman müvafiq borc məbləğinin əsaslı və qanuni olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin rədd deyil, əksinə təmin edilməsi üçün əsas olmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,

Qət etdi:

Cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar