Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-159/2026 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: öhdəliyin icrası və zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsivəkili Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “öhdəliyin icrası və zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4437/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 0394 nömrəli payçı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən “Avant Park” Yaşayış Kompleksinin 3-cü binasında 3cü blok, 2-ci mərtəbədə 1 Nömrəli 1 otaqlı mənzilin müqavilədə nəzərədə tutulmuş şərtlərlə iddiaçıya təhvil verilməsi, mənzilin müqavilə üzrə öhdəliyə əsasən vaxtında cavabdeh tərəfidən təhvil verilməməsi səbəbindən iddiaçıya dəymiş 9600 manat pul vəsaiti, iddia ərizəsi üçün ödənilmiş 116 manat dövlət rüsumunun, həmçinin vəkil xidməti üçün ödənilmiş 350 manat xidmət haqqı olmaqla, cəmi 10066 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi arasında xx.xx.2022-ci il tarixində 0394 nömrəli Payçı müqaviləsi imzalamışdır. Müqaviləyə əsasən “MTK” pay qismində çıxış edən ünvan 2 ünvanında tikilməkdə olan “Avant Park” Yaşayış Kompleksinin 3-cü binasında 3-cü blok, 2-ci mərtəbədə 1 Nömrəli 1 otaqlı mənzili tikib payçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş, payçı həmin müqaviləyə əsasən yuxarıda qeyd olunan ünvanda yerləşən həmin mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri 78995 təşkil etmişdir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ilkin ödəniş müqavilənin ümumi dəyərinin 20 %-ni təşkil etməklə 15 895 manat öncədən payçı tərəfindən MTK-ya avans ödəniş etmişdir. Müqavilə üzrə ödənişin qalıq hissəsi Payçı MTK və Payçı "xxxx" ASC arasında bağlanmış olan müqavilələrə əsasən payçının bankdan götürdüyü 63100 manat kredit borcu ilə ödənilmişdir. İddia tələbini faktiki əsasını təşkil edən sübutlardan biri kimi qeyd edir ki, müqavilənin 3.2-ci bəndinə əsasən cavabdeh müqavilədə göstərilən bütün şərtləri icra edib, binanın bünövrəsi qoyulduqdan sonra iddiaçıya mənzili “ağ divar” formatında, yəni hər bir mənzildə divarlar hörülür, ağ suvaqlanır, bütün otaqlararası su və elektrik xəttləri çəkilməklə, təmir edib təhvil verməyi öz öhdəsinə götürür. Müqavilənin 4.2.3.-cü bəndinə əsasən binanın bünövrəsi qoyulduqdan sonra 30 ay müddətində mənzili ağ divar təmir edib iddiaçıya təhvil vermək cavabdehin vəzifəsidir. Müqavilənin 4.2.5-ci maddəsinə əsasən isə mənzilin olduğu yaşayış binası Dövlət Komissiyasına təhvil verilməlidir. Müqavilənin 8.5-ci maddəsinə əsasən binanın tikintisi tamamlandıqdan, Dövlət Reyestr xidməti tərəfindən qeydiyyata alındıqdan sonra mənzildə yaşamağa icazə verilir. Müqavilənin 4.2.4.1 və 4.2.4.14-cü maddələrinə cavabdeh tərəfindən mənzilin hansı meyarlarla təhvil verilməsi öz əksini tapmışdır. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, cavabeh tərəfindən binanın bünövrəsi 2022-ci ilin yanvar ayında artıq qoyulmuşdu. Bünövrənin bu tarixdən də əvvələ qoyulduğu məlum olsa da, sübutetmə yükü baxımından yanvar 2022-ci ili daha dəqiq hesab edərək qeyd edir. Beləliklə, sadə bir hesabla bilmək olar ki, qeyd edilən mənzilən geci 2024-cü ilin iyul ayında iddiaçıya təhvil verilməli idi. Lakin bu vaxta kimi cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, mənzili təhvil verməmiş, həmçinin bina (mənzil) yaşayış üçün lazımı şəraitlə təmin edilməmişdir, yuxarıda qeyd olunanlardan əlavə mənzillər təbii qazla təmin edilməmiş, yaşayış binası qazlaşdırılmamışdır. Qanundan da göründüyü kimi MTK binanı və mənzilləri lazımı həyat səviyyəsinin təşkili üçün görülməli olan tədbirlərlə təmin etməmişdir. Bu səbəbdən də bina və mübahisəli mənzil qaz təminatından məhrum olmuşdur. “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydasının 6.3-cü maddəsinə əsasən tikintisi başa çatmış obyektin istismarına icazə alınması üçün sifarişçi Məcəllənin 102-ci maddəsinə uyğun olaraq icazəni verən orqana ərizə ilə müraciət edir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsinə isə tikintisinə icazə tələb edilən tikinti obyektinin istismarına icazə verilməsi üçün müraciətə əlavə edilməli olan sənədlərin siyahısı təsbit edilmişdir. İddiaçının cavabdeh qarşısında icra edilməmiş öhdəliyi olmadığı halda cavabdeh müqavilə üzrə əsas öhdəliyi yerinə yetirməmişdir. İddiaçı tərəfindən cavabdehdən şifahi və yazılı şəkildə dəfələrlə öhdəliyin icrası tələb edilsə də, bu vaxta kimi öhdəlik icra edilməmişdir. 23 aprel 2024-cü il tarixli Müqaviləyə görə kirayəyə verən X1 ünvan 3 ünvanında yerləşən, özünə məxsus ümumi sahəsi 83.5 kv. metrdən ibarət 1 otaqlı yaşayış sahəsinin 800 manat aylıq haqqı ödənilməklə 10 ay müddətinə kirayəçi İddiaçı sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Müqavilənin 6.4-cü bəndinə əsasən müqavilənin müddəti başa çatdıqdan sonra 3 gün ərzində tərəflərdən heç biri Müqavilədən imtina və yaxud uzadılması barədə müraciət etmədikdə Müqavilə nəzərdə tutulmuş müddətdə uzadılmış hesab edilir. Hazırda müqavilə qüvvədədir və kirayəçi İddiaçı qeyd edilən ünvanda kirayədə qalır və bunun üçün ödəniş edir. İddiaçı və cavabdeh arasında bağlanmış müqavilə üzrə cavabdeh MTK öz üzərinə düşən öhdəliyi yerinə yetirsəydi, iddiaçı kirayədə deyil, məhz müqavilə üzrə ona təhvil verilməli mənzildə yaşamalı idi. Mübahisəli mənzil ən geci 2024-cü ilin iyul ayında müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında iddiaçıya təhvil verilməli idi. 2024-cü ilin iyul ayından 2025-ci ilin iyul ayında kimi iddiaçı ona cavabdeh tərəfindən təhvil verilməyən mənzildə yaşaya bilməməsi səbəbindən kirayədə qalmışdır və 9600 manat (12 ay x 800 manat = 9600 manat) pul vəsaitindən məhrum olmuş, ona zərər dəymişdir.
3. Cavabdeh iddiaya qarşı etirazla müraciət edərək təmin olunmamasını xahiş etmişdir. Etirazın əsaslarına görə, iddiaçıya mənzili hətta vaxtından əvvəl təhvil verilib. Belə ki, 3-cü binanın bünövrəsi 2022-ci ilin yanvar ayında deyil, mart ayında qoyulmuşdur. 2022-ci ilin mart ayından etibarən isə 29 ay ərzində mənzil təhvil verilməsi nəticəsində bütün sakinlər ilə mənzilə xidmət müqavilələri bağlanılmış, sakinlər mənzillərini təmir edib, köçüb yaşamağa başlamışlar. İddiaçı xidmət müqaviləsi bağlamaqla eyni zamanda "Avant Park" yaşayış kompleksinə xidmət verən "xxxx" MMC-yə 28 avqust 2024-cü il tarixdə təmir sonunadək yük qalxma, təmir tullantılarının təyin olunmuş yerdən götürülməsinə dair "xxxx" MMC-ya 250 manat ödəniş etmişdir. Bu o demekdir ki, iddiaçı ağ divar olaraq hazırlanmış mənzilin tam təmir etməsinə təxminən xx.xx.2024-cü il tarixində bağlanmışdır, buna görə öncədən xidmət şirkətinə yaranacaq təmir tullantılarına görə öncə 250 manat ödəniş etmişdir. İddianın əsası mənzilin təhvil alınmaması ilə əlaqədar olduğu üçün mənzilini təmir etdirməsi və bu təmirə görə tullantılarının götürülməsi üçün ödəniş etməsi iddiaçı tərəfindən vaxtından da əvvəl mənzili təhvil aldığı sübut edir. Həmçinin iddia ərizəsində bir neçə dəfə mənzillər təbii qazla təmin edilməmiş, yaşayış binası qazlaşdirilmamış kimi ifadələr işlənir. Mənzillərin qazla təchiz edilməməsi mənzilin təhvil verilməməsi anlamına gəlmir. Digər tərəfdən qazlaşmanın hazıradək olmamasının obyektiv səbəbləri var, MTK olaraq Cavabdeh MTK “Avant Park” Yaşayış Kompleksinə gələn bütün qaz xətlərini çəkib, hər bir mənzildə, o cümlədən iddiaçının mənzilində də qaz sayğacı qurşadırılmışdır. Qaz təchizatının olmaması "xxxx" tərəfindən sonda layihədə dəyişiklik edib, texniki şərtin dəyişdirilməsi səbəb olmuşdur. Bu tələblərə layihə və texniki şərt uyğunlaşdırılmışdır. FHN-dan layihə 7-10 gün ərzində ekspetizadan çıxdıqdan sonra qaz təchizatı Kompleksdə təmin ediləcəkdir. İddiaçı təmirdən sonra hələ 2024-cü il tarixində Xidmət göstərən şirkətin əməkdaşı ilə qazlaşma barəsində whatsapp üzərindən yazışmalar aparmışdır. Bu da bir daha təsdiq edir ki, mənzil 2024-cü il tarixindən təhvil verilmişdir. İddiaçı mənzili qazlaşmadığı üçün kirayəyə verə bilmədiyi üçün kirayəyə verə bilmədiyi üçün süni şəkildə maddi zərər tələbi qaldırmışdır. Cavabdehin dövlət qurumu "xxxx" QSC-nin əvəzinə hansısa tarixədək qazlaşma öhdəliyi ola bilməz.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4437/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı öhdəliyin icrası və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
5. Məhkəmə qeyd etmişdir ki, mənzilin şərtləşdirilmiş vaxtda iddiaçıya təhvil verildiyi cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının kommunal xidmətlərin göstərilməsinə dair bağladığı xx.xx.2024- cü il tarixli müqavilə, həmin tarixdə təmir tullantılarının götürülməsi üçün ödəniş etməsini göstərən qəbzlə təsdiq olunur. Göründüyü kimi, iddiaçı faktiki hərəkətlərlə mənzili qəbul etmiş, həmin vaxt icranın keyfiyyəti ilə bağlı hər hansı etiraz irəli sürməmişdir.
6. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Konstitusiyasının 12-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 399.1, 427.1, 442, 448.1, 425.1, 427.3, 430.1, 646.1, 752.1, 770-1.4 maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZİN DƏLİLLƏRİ
7. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4437/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yeni tikililərdə qaz təchizatı mütləq şəkildə qanunvericilik tələbidir və bu, layihələndirmədən tutmuş istismara verilməyə qədər bütün mərhələlərdə təmin olunmalı, müvafiq müqavilə, sənədlər və texniki şərtlər əsasında rəsmiləşdirilməlidir. Yeni tikilidə qaztəchizatı təkcə müqavilə ilə təmin olunmur, qanunvericilik və dövlət standartları ilə mütləq şəkildə layihələndirilməli, qurulmalı və istismara qəbul edilməlidir. Tikinti bitdikdən binanın təbii qazla təmin edilməsi işlərini MTK təşkil etməli və payçıya çatdırmalıdır, cavabdeh MTK qazlaşdırma işləri üçün məsuliyyət daşıyır, çünki bu, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya təhvil verilməli olan mənzilin istifadəyə verilməsinin şərtdir.
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
10. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək edərək təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
12. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 0394 nömrəli müqaviləyə əsasən, Cavabdeh MTK pay qismində çıxış edən ünvan 4 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 3-cü binasında, 3-cü blok, 2-ci mərtəbə, 1 nömrəli, 1 otaqlı mənzili tikib və payçının mülkiyyətinə verməyi öhdəsinə götürür. Payçı bu müqaviləyə əsasən pay qismində çıxış edən ünvan 4 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 3-cü binasında, 3-cü blok, 2-ci mərtəbə, 1 nömrəli, 1 otaqlı mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini və həmçinin gələcəkdə “Avant Park” yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişləri etməyi öhdəsinə götürür. Müqavilənin: 2.1. Mənzilin xarici perimetr üzrə sahəsi 51.80 kv.m təşkil edir. 2.2. Mənzilin daxili perimetr üzrə sahəsi 43.15 kv.m təşkil edir. 2.3. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 78995 manat təşkil edir. 2.4. Müqavilənin ilkin ödənişi müqavilənin ümumi dəyərinin 20%ni təşkil etməklə, payçı müqavilə imzalandıqda dərhal 15895 manat məbləğdə öncədən MTK-ya avans ödəniş edir. 2.5. Payçı müqavilənin ümumi dəyərinin qalıq 63100 manat məbləğində pul vəsaitini, payçı MTK və payçı ABB ASC arasında bağlanacaq olan müqavilələrə əsasən aldığı kredit hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürür. 4.1.6. Kompleks üzrə müəyyən ediləcək müvafiq vahid müddət ərzində bütün təmirquraşdırma işlərinin yekunlaşdırılması haqqında MTK tərəfindən məlumat veriləcək və bu vaxt ərzində payçı mənzili təhvil almalıdırlar. 4.2.3. Binanın bünövrəsi qoyulduqdan sonra 30 ay müddətində mənzili ağ divar təmir edib, payçıya təhvil verməlidir
13. X1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, X1 ünvan 5 ünvanında yerləşən payçı müqaviləsinə əsasən özünə məxsus ümumi sahəsi 83.5 kv.m olan 1 otaqlı yaşayış sahəsinin 800 manat aylıq haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün 10 müddətinə İddiaçı sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür.
14. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2024-cü il tarixli, C-064 nömrəli müqaviləyə əsasən ünvan 4, C bloku, 3-cü bina, 2-ci mərtəbədə mənzil 1 ünvanında payçı olan sifarişçi yaşayış binasının ümumi həyət, yeraltı parklama sahəsi, liftlər və yaşayış kompleksinə daxil olan digər ərazilər üzrə ərazinin işıqlandırılması, təmizlik, giriş-çıxışa nəzarət və s. xidmətlərin göstərilməsini sifariş edib, icraçıya bu müqavilə ilə razılaşdırılmış xidmət haqqını ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada göstərməyi öhdəsinə götürür.
15. Cavabdeh MTK tərəfindən verilən xx.xx.2024-cü il tarixli c-064 nömrəli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən 250 manat məbləğdə pul ödənilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunmaması, xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
18. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 12. İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1 müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir; Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürü; Maddə 770-1.4. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların alqı-satqı müqavilələrinə bu Məcəllənin daşınmaz əşyaların alqı-satqısı haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 119, 217.1, 218.3-cü maddələrini nəzərə alaraq hesab edir ki,birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı cavabdeh ilə arasında bağlanmış payçı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən “Avant Park” Yaşayış Kompleksinin 3-cü binasında 3-cü blok, 2-ci mərtəbədə 1 nömrəli, 1 otaqlı mənzilin müqavilədə nəzərədə tutulmuş şərtlərlə iddiaçıya təhvil verilməsi, mənzilin müqavilə üzrə öhdəliyə əsasən vaxtında cavabdeh tərəfidən təhvil verilməməsi səbəbindən iddiaçıya dəymiş 9600 manat zərərin əvəzinin tutularaq iddiaçıya ödənilməsini tələb edir.
21. Sözügedən xx.xx.2022-ci il tarixli payçı müqaviləsi üzrə MTK-nın hüquq vəzifələri müqavilənin 4.2-ci bəndində təsbit edilmişdir. Müqavilənin 4.2.3-cü bəndinə əsasən binanın bünövrəsi qoyulduqdan sonra 30 ay müddətində mənzili ağ divar təmir edib, payçıya təhvil verməli olması MTK-nın vəzifəsi olaraq təsbit edilmişdir.
22. Mənzilin şərtləşdirilmiş vaxtda iddiaçıya təhvil verildiyi cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının kommunal xidmətlərin göstərilməsinə dair bağladığı xx.xx.2024cü il tarixli müqavilə, həmin tarixdə təmir tullantılarının götürülməsi üçün ödəniş etməsini göstərən qəbzlə təsdiq olunur. Göründüyü kimi, iddiaçı faktiki hərəkətlərlə mənzili qəbul etmiş, həmin vaxt icranın keyfiyyəti ilə bağlı hər hansı etiraz irəli sürməmişdir.
23. Həm iddia ərizəsindən, həm cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünən odur ki, öhdəliyin icrası ilə bağlı iddiaçının narazı qaldığı məqam binanın təbii qazla təmin edilməməsidir. Lakin binanın təbii qazla təmin edilməməsi mənzilin müqavilə şərtlərinə uyğun təhvil verilməməsi kimi qiymətləndirilməməlidir (apellyasiya instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, hazırda bina təbii qazla təchiz edilmişdir). Müqavilə şərti olaraq belə bir dəqiq şərt müqavilədə təsbit edilməmiş, iddiaçı da hər hansı müqavilə şərtinə istinadən bu yöndə tələb irəli sürməmişdir.
24. Odur ki, hazırkı halda cavabdehin üzərinə mənzilin təhvil verilməsi ilə bağlı hər hansı əlavə öhdəlik qoyulması üçün maddi-hüquqi əsaslar müəyyən edilmir. Buna görə də bu hissədə tələb təmin edilə bilməz.
25. Eyni zamanda cavabdehin iddiaçıya zərər vurulmasına səbəb olan hər hansı təqsirli hərəkəti də müəyyən edilmədiyindən, kirayə haqqı formasında zərərin əvəzinin ödənilməsi barədə tələblər də təmin edilə bilməz.
26. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən dəlillər, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və birinci instansiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Baxılan iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
27. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.
28. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4437/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov