Məhkəmə qərarları › İş №2(3-6)-1627/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1627/2026

01.06.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1627/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı mülki iş üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraat İstehlakçı Ağəli Axundov barəsində tərtib edilmiş ##.##.2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda sayğacın çıxış borusunun deşik olduğu qeyd edilərək abonentə 5184 manat məbləğində borc hesablanmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi, 3-cü döngə, ev 07 (yeni qaydalarla: AZ1130, ünvan 1) ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına ##.##.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyi X4 Agentliyi Bakı Filialının ## ###### 2025ci il tarixli, *-**-*-*/*-****/**** saylı məktubuna əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə abonent Axundov Ağəli barəsində (abonent kodu: 100716100710000) inzibati icraat başlanması dair müraciət X4 Agentliyinin Bakı filialına daxil olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı Cavabdeh İB-nin əməkdaşları tərəfindən hesablanmış 5.184 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, yaşayış evi ona məxsusdur və həmin evə cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən qaz xətti çəkilmişdir (əvvəlki ev sahibi Ağəli Axundovun adınadır). Qeyd edilən müqavilənin şərtlərinə əsasən onun ünvanında mexaniki sayğac quraşdırılmışdır. Onlar hər ay mütəmadi olaraq işlətdikləri qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Lakin cavabdeh Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən sayğacı çıxararaq yoxlamaya aparılmışdır. Bundan sonra o, onların sayğacın hara aparılmasını bilməmiş, bu barədə onlara hər hansı bir məlumat verilməmişdir. Lakin onlara məxsus köhnə sayğac aparılandan sonra Cavabdeh İstehsalat Birliyinin əməkdaşları həmin sayğaca müdaxilənin aşkar edilməsini bildirmiş və cavabdeh tərəfindən onlara 5.184 manat zərər hesablanmışdır. Bundan sonra o, cavabdehə müraciət edərək, həmin borcun hansı əsasla onlara hesablanmasını soruşanda, cavabdeh ona aktı təqdim edərək, kənar təsir nəticəsində onlara məxsus sayğacın xarab olması bildirmiş və bu əsasla onlara qeyd edilən borcun hesablanmasını demişlər. Onlara məxsus “Smart” kart tipli sayğac çıxarılan zaman həmin sayğaca vurulan plomblar yerində olmuşdur. Halbuki, həmin plomblar cavabdehin əməkdaşları tərəfindən vurulmuş və sayğac açılan zaman da sayğacda olan plombla cavabdehin əməkdaşları tərəfindən açılmışdır. Yəni cavabdeh onu sayğacın kənarı təsir nəticəsində xarab olmasında təqsirləndirərək, ona əsassız borc hesablasa da, nəzərə alınmamışdır ki, sayğacın içində hər hansı bir kənar təsirin edilinəsi üçün açmaq gərəkdir. Sayğaca vurulmuş plombları qırmadan bunu etmək mümkün deyildir. Beləliklə də sayğaca vurulmuş plombların qırılmaması nəzərə alınsa, bir daha görmək olar ki, onun tərəfindən plomb qırılmadan sayğaca müdaxilə edilməmişdir. İddiaçı məhkəməyə izahat verərək iddia tələbini müdafiə etdiyini, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı Cavabdeh İB-nin əməkdaşları tərəfindən hesablanmış 5.184 manat borcun silinməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin əvvəlki şahibi ilə Cavabdeh İB arasında qazın alqı-satqı müqaviləsi bağlanmış və Cavabdeh İB tərəfindən onun adına şəxsi hesab açılmışdır. Qeyd olunan müqaviləyə əsasən Cavabdeh İB öz üzərinə istilik enerjisinin verilişini təmin etmək, istehlakçı isə qazın dəyərini ödəmək öhdəliyini götürmüşdür. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin əvvəlki sahibinin istifadəsində olan zaman sonuncuya “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuş və dəymiş ziyana görə 5.184 manat borc hesablanmışdır. Lakin istehlakçı dəymiş ziyana görə hesablanmış borcu ödəməmişdir. Sonradan fərdi yaşayış evi sahibi iddiaçı İddiaçı satılmışdır. Sözügedən mənzil ##.##.2024-cü il tarixdə sonuncunun adına rəsmiləşdirilmişdir. Göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi borc ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin əvvəlki sahibinə hesablanmış borc məbləğidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı İddiaçı həmin borcun silinməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1, 119.1, 119.2-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının ## #### 1998ci il tarixli, ***-IQ nömrəli Qanunun ## ### 2022-ci il tarixindən sonra qüvvədə olan redaksiyasında 13-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.4-cü bəndinə, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdeh Cavabdeh İB-nə qarşı Cavabdeh İB-nin əməkdaşları tərəfindən hesablanmış 5.184 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin mübahisələndirdiyi qətnaməsinə əsasən məhkəmə iddia tələbini rədd etmişdir. Bildirir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdiyi qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, cavabdeh Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən sayğacı çıxararaq yoxlamaya aparılmışdır. Bundan sonra o, onların sayğacın hara aparılmasını bilməmiş, bu barədə onlara hər hansı bir məlumat verilməmişdir. Lakin onlara məxsus köhnə sayğac aparılandan sonra Cavabdeh İstehsalat Birliyinin əməkdaşları həmin sayğaca müdaxilənin aşkar edildiyini bildirmiş və cavabdeh tərəfindən onlara 5.184 manat zərər hesablanmışdır. Bundan sonra o, cavabdehə müraciət edərək, həmin borcun hansı əsasla onlara hesablanmasını soruşanda, cavabdeh ona aktı təqdim edərək, kənar təsir nəticəsində onlara məxsus sayğacın xarab olmasını bildirmiş və bu əsasla onlara qeyd edilən borcun hesablanmasını demişlər. Məhkəmənin nəzərinə çatdırır ki, onlara məxsus “Smart” kart tipli sayğac çıxarılan zaman həmin sayğaca vurulan plomblar yerində olmuşdur. Halbuki, həmin plomblar cavabdehin əməkdaşları tərəfindən vurulmuş və sayğac açılan zaman da sayğacda olan plombla cavabdehin əməkdaşları tərəfindən açılmışdır. Yəni cavabdeh onu sayğacın kənar təsir nəticəsində xarab olmasında təqsirləndirərək, ona əsassız borc hesablasa da, onu nəzərə, almamışdır ki, sayğacın içində hər hansı bir kənar təsirin edilməsi üçün açmaq gərəkdir. Sayğaca vurulmuş plombları qırmadan bunu etmək mümkün deyildir. Beləliklə də sayğaca vurulmuş plombların qırılmaması nəzərə alınsa, bir daha görmək olar ki, onun tərəfindən plomb qırılmadan sayğaca müdaxilə edilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini rədd edərək, səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəfindən əlavə edilmiş sübutlar iddia tələbinin təmin edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini rədd etmişdir. Həmin maddələrin, bəndin mətnlərinə nəzər yetirilsə başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunması, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər və s. bu kimi zərərin tələb edilməsi dair müddəaları görmək olar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bü Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin qaydaların 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz, edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bildirir ki, birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə qismən işin hallarına uyğun olmamışdır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh İstahsalat Birliyinə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilən Qazdan istifadə qaydaları Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir. Bənd 6.4. Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli Qərarı “... Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. .... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunmadğından, iddiaçı apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, tədqiq olunan sübutlara əsasən, iddiaçı özü barəsində deyil, hazırda mülkiyyətində olan mənzilin əvvəlki sahibi barəsində tərtib olunan akt üzrə, iddiaçıya deyil, mənzilin əvvəlki sahibinə hesablanan borcun silinməsini xahiş edir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən öz mövqeyini iddiaçının hazırkı tələblə məhkəməyə müraciət edə bilməsi üçün subyektiv hüquqa malik olmaması ilə əsaslandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşaraq qeyd edir ki, “Qazdan istifadə Qaydaları”na əsasən, qazlaşdırılmış obyektin yeni mülkiyyətçi (istifadəçi) qazın alqısatqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməli, yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qazpaylayıcı öz vəzifəsini yerinə yetirmədiyi halda və ya əvvəlki mülkiyyətçi ilə bağlı tərtib olunan akt üzrə yeni mülkiyyətçiyə qarşı tələblər irəli sürdüyü halda, yeni mülkiyyətçinin qazpaylayıcısının hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Hazırki mülki işdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi, 3-cü döngə, ev 07 (yeni qaydalarla: AZ1130, ünvan 1) dair mülkiyyət hüququ ##.##.2024cü il tarixdə qeydiyyata alınan iddiaçı qeyd olunan mənzilin yeni mülkiyyətçisi hesab edilir. Ona görə də yeni mülkiyyətçi olaraq iddiaçı Cavabdeh İB müraciət edərək onunla müqavilə bağlanmasını, mənzilinə öz adına yeni sayğac quraşdırlmasını tələb etməlidir. Kollegiya tədqiq olunan sübutlara məcmu halında qiymət verib qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativhüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki iş üzrə subyektiv hüquq anlayışının birinci elementi və buna müvafiq olaraq ikinci və üçüncü elementləri mövcud olmadığından, yəni iddiaçının başqa şəxslərdən tələb etmək və müdafiə hüququ yaranmadığından, iddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-yə qarşı 5.184 manat məbləğində hesablanmış borcun silinməsi tələbini əsassız hesab edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. İstinad olunanlara əsasən, Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar