Məhkəmə qərarları › İş №2(3-6)-1691/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1691/2026

26.05.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1691/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar Kərimov İsmayıl Məmmədhəsən oğlunun, iddiaçı2, iddiaçı1 cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: əqdin aldatma nəticəsində bağlanması) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, cavabdeh Cavabdeh nümayəndəsi-vəkili vəkil2 oğlunun iştirakı ilə, iddiaçılar Kərimov İsmayıl Məmmədhəsən oğlunun, iddiaçı2, iddiaçı1 cavabdeh Cavabdeh qarşı (Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, bazar qiymətinə uyğun müqavilənin bağlanılması və kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2766/2025 saylı ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçılar iddiaçı2 və iddiaçı1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Yasamal rayonu, Yunis Dağlı küçəsində yerləşən * saylı evi paylı mülkiyyət hüququ üzrə iddiaçı2 (1/12 hissə - ##.##.2022-ci il tarixdən), iddiaçı1 (1/12 hissə-##.##.2006cı il tarixdən), X2 (1/12 hissə və 4/12 hissənin qalan hissədən ½ hissə - ##.##.2018-ci il tarixdən), Kərimov İsmayıl Məmmədhəsən oğlunun (3/12 hissədən qalan hissə - ##.##.2019cu il tarixdən) adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.

2. İddiaçı iddiaçı1 ilə cavabdeh arasında ##.##.2023-cü il tarixli, AN-İ No ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı1 paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus 1/12 hissəsini Cavabdeh 56.000 manata satmışdır.

3. İddiaçı iddiaçı2 ilə cavabdeh arasında ##.##.2023-cü il tarixli, AN-İ No ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı2 paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus 1/12 hissəsini Cavabdeh 56.000 manata satmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar Kərimov İsmayıl Məmmədhəsən oğlu, iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı (Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ilə iddiaçı2 (## ###### 2023-cü il tarixli, AN-IN№ ******* saylı), iddiaçı1 (## ###### 2023-cü il tarixli, AN - IN ******* saylı), Kərimov İsmayıl Məhəmmədhəsən oğlu (## ##### 2023-cü il tarixli, AN - ******* saylı) arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, torpağın indiki bazar qiymətinə uyğun olaraq yeni müqavilə bağlanması, yaranmış qiymət fərqinin kompensasiya formasında onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən və onların mülkiyyətlərində olan mənzillərini Cavabdeh təkidi ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ona satmışlar. Belə ki, Cavabdeh onların küçəyə gələrək bu küçədə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən abadlıq işləri aparmaq məqsədilə Dövlət proqramı çərçivəsində evlərin sökülməsi planlaşdırılmışdır. O, da Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən bu ərazilərə təhkim edilmişdir və evlərin alqı-satqısı onunla aparılacaqdır. Onlar əvvəlcə razılaşmadılar, çünki heç kim uzun müddət yaşadığı ərazini tərk etmək istəmirdi. Eləcə də Cavabdeh tərəfindən təklif edilən mənzilin hər kvadrat metrinə 2200 manat onları qane etmirdi. O isə bu qiymət Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən müəyyən edilmiş qiymətdir və onlar dövlətin qoyduğu qiymətə qarışa bilmərlər deyirdi. O, bir neçə ay onlarla təbliğat aparmağa başlamış və sonra onlara əlavə olaraq 500 manat verəcəyini söz verdikdən sonra onlar razılaşmaq məcburiyyətində qalmışlar. Fikirləşmişlər ki, dövlət tərəfindən şəhərin abadlaşdırılması üçün edilən tədbirə mane olmaq düzgün deyil. Onlarla Cavabdeh arasında müqavilə bağlanmış və X3 ona məxsus mənzil sahəsi üçün 56.000 manat, iddiaçı1 56.000 manat və Kərimov İsmayıl Məhəmmədhəsən oğluna isə 225.104 manat pul vəsaiti verilmişdir. Lakin alqı-satqı müqaviləsinin bir nüsxəsi onlara verilməmişdir. Onlar hesab edirlər ki, əlavə olaraq sonradan veriləcək 500 manat kompensasiya aid şərt də müqavilədə qeyd edilmişdir. Sonradan öyrənmişlər ki, həmin ərazilərdəki mənzillər tikinti işləri aparmaq üçün müxtəlif tikinti şirkətlərinin işçiləri adamları aldadaraq, aşağı qiymətə mənzillərini satdırmaya məcbur edərək alqı-satqı müqaviləsi (müqavilə bağlamaqla) bağlayaraq, vətəndaşları evsiz-eşiksiz qoymuşdular. Halbuki, həmin ərazilərdə torpağın 1 kv.metrinin qiyməti 3.500-4.000 manat olmuşdur. Onlara verilən pula isə hələ də ev ala biməmişlər və aldıqları pulla kirayələrdə yaşamağa məcbur olmuşlar. Dəfələrlə bu işlə əlaqədar dövlət rəsmilərinə müraciət etmişlər, amma Yasamal Rayon İcra Hakimiyyətinin dırnaq arası nümayəndələri həmin şəxsin arxasında dayanaraq əməllərini haqlı saymışdılar. Qeyd edilən şərtlər əsasında onların mənzillərinin nəyin ki, müxtəlif tikinti şirkətləri, heç dövlət ehtiyacları üçün alınması belə ədalətli deyil. Belə ki, onlara verilən pul məbləğinə həmin ərazidə heç daxma belə ala bilmədilər. Dəfələrlə Cavabdeh müraciət etmişlər ki, “siz bizə söz verdiniz ki, sizə əlavə olaraq ən azı hər kvadrat metr üçün ən azı 500 manat əlavə kompensasiya ödəniləcəkdir”. Amma o onlara əlavə kompensasiya ödəməkdən imtina etmiş və razılaşmalarda elə bir şərtin olmadığını söyləymişdir. Belə olanda onlar müqavilə bağladıqları notariat ofisinə ərizə ilə müraciət edərək müqavilənin bir nüsxəsinin onlara verilməsini xahiş etmişlər və müqaviləni oxuyanda aldadıldıqlarını başa düşmüşlər. Cavabdehlə heç cür əlaqə saxlaya bilmirlər. O nə telefona cavab verir, nə də onlarla görüşmək istəyir. Həmin ərazilərdə hələ də sökülməmiş mənzillər var və Cavabdeh və onun kimiləri həmin mənzillərin 1 kvadrat metrini 3.500 manata alırlar. Bu cür vəziyyət Azərbaycan Respublikası Konstitusiyasına və mülkiyyət hüququna dair mövcud qanunvericiliyinə ziddir. Qanunun müvafiq qaydalarından göründüyü kimi dövlət ehtiyacları üçün torpaqlar alındıqda əvəzində ödənilməli olan kompensasiya əvəzində ədalətli kompensasiya ödənilməlidir. Mövcud qanunvericiliyə əsasən kompensasiya yalnız pul formasında olmalı deyil. Kompensasiya həmçinin əmlak formasında da ola bilər. Əsas məsələ onun ədalətli olmasıdır. Onlara pul formasında verilən kompensasiya, yəni hər kvadrat metrinə görə 2.200 manat pul məbləğinin ödənilməsi onların işinin halları baxımından ədalətli deyil. Çünki o, hazırkı mənzilinin kvadrat metrinə görə aldığı məbləğlə bu ərazisində adekvat mənzil ala bilməmişdir. Bu isə ədalətli deyil. Biz uzun illərdir bu şəhərdə, bu ərazidə və bu mənzillərdə yaşamışlar. Buna görə də onların öz mühitindən məcburi şəkildə ayrılıb başqa yerdə məskunlaşmaları heç cür ədalətli deyil və adekvat deyil. Ona görə də onlar mənzilin hər kvadrat metrinə görə 2.200 manat pul məbləği əvəzinə yaşadığı əraziyə yaxın, yaxud eyni rayon ərazisində yeni və adekvat yaşayış yeri verilməli və yaxud mənzilin hər kvadrat metrinə görə 3.500-4.000 manat kompensasiya ödənilməli idi. Bundan əlavə, qanunvericilik müəyyən edir ki, kompensasiya məbləği razılaşdırılmalı idi. Buna görə də onlarla kompensasiyanın forması və qaydası razılaşdırılmalı idi. Lakin onlarla heç bir razılaşma aparmadan, hətta müqavilənin bir nüsxəsini onlara təqdim etmədən mənzildən mülkiyyət hüquqlarına xitam verilmişdir.

6. Cavabdehin nümayəndəsi-vəkili vəkil2 iddiaya yazılı etiraz edərək qeyd etmişdir ki, iddia ərizəsində tələb konkret və aydın göstərilməmiş, bir-biri ilə əlaqəli olmayan bir neçə tələb irəli sürülmüşdür. Belə ki, iddiaçılar iddia tələblərində həm əqdin etibarsızlığını, həm torpağın bazar qiymətinə uyğun yeni müqavilə bağlanmasını, həm də qiymət fərqinin kompensasiya formasında onlara ödənilməsini xahiş etmişlər. Halbuki, əqdin etibarsızlığının qanunvericiliklə təsbit edilmiş hüquqi nəticələri ayrıdır. Digər tərəfdən, tələbdə torpağın indiki bazar qiymətinə uyğun olaraq yeni müqavilə bağlanması, eləcə də yaranmış qiymət fərqinin kompensasiya formasında onlara ödənilməsi göstərilsə də, hansı və kimə məxsus torpaqdan bəhs edildiyi, nəyin qiymət fərqinin yarandığı və kompensasiyanın nə ilə əlaqədar olduğu konkret göstərilməmişdir. Hesab edir ki, bu hallar iddia ərizəsinin forma və məzmununu müəyyən edən mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. İddiaçılar iddia ərizəsində onlara məxsus və mülkiyyətlərində olan mənzillərini satdıqlarını qeyd etsələr də, nədənsə iddia ərizəsində "Halbuki, həmin ərazilərdə torpağın 1 kv.metrinin qiyməti 3.500-4.000 manat olmuşdur” qeyd etmişlər və iddia tələblərində də torpaqla əlaqəli tələblər irəli sürmüşlər. İddiaçıların özlərinin də ərizədə qeyd etdikləri kimi, eləcə də iddiaya əlavə edilmiş mülkiyyət hüququnu təsdiq edən sənədlərdən, eləcə də tərəflər arasında bağlanmış müqavilələrdən də görünür ki, iddiaçıların mülkiyyətlərində yalnız mənzilləri olmuş, hər hansı bir torpaq sahəsi onların mülkiyyətlərində olmamışdır. Həmçinin tərəflər arasında torpaq sahəsinə dair əqd bağlanmamşdır. Bu da onu deməyə əsas verir ki, iddiaçıların torpaq və onun qiymət fərqinin kompensasiya edilməsi ilə bağlı tələbləri tam əsassız olmaqla yanaşı, absurddur. İddiaçılar iddia ərizələrində tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün 2 "əsas” göstərmişlər. Bunlardan biri, iddiaçıların guya ki aldadılması, ikincisi isə müqavilə bağlamağa məcbur edildikləri. Halbuki, iddia ərizəsində qeyd olunan bu 2 arqument də bir-birinə münasibətdə daban dabana zidd olmaqla, tam əsassızdır və sübuta yetirilmir. Belə ki, müqavilə bağlayan tərəfin müqavilə bağlaması üçün həm aldadılması, həm də onun müqavilə bağlamağa məcbur edilməsi məntiqi və hüquqi baxımdan eyni anda baş verə bilməz. İddiaçılarla cavabdeh arasında notarial qaydada bağlanmış, daşınmaz əmlakın alqı-satqı müqavilələrindən də görünür ki, iddiaçılar paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin onlara məxsus hissələrini razılaşdıqları qiymətə cavabdehə satmışlar, cavabdeh də onlara məxsus əmlakın dəyərini tam olaraq ödəmişdir. Göründüyü kimi tərəflər arasında yalnız onların öz iradə ifadələrinə uyğun və qanunvericiliyin tələblərinə əməl edilməklə notarial qaydada başlanmış müqavilələrə əsasən daşınmaz əmlakla bağlı alqı-satqı münasibətləri olmuşdur. Qeyd olunan əqdlərin etibarsızlığına səbəb ola biləcək hər hansı bir əsas mövcud deyildir. İddiaçılar tərəfindən də belə bir dəlil irəli sürülməmiş və bu barədə hər hansı bir sübut da mövcud deyildir. Yuxarıda göstərilənlərdən bir daha aydın olur ki, tərəflər arasında bağlanmış «daşınmaz əmlakın alqı-satqı» müqavilələri qanunvericiliyin tələblərinə uyğun olaraq bağlamamışdır və onların etibarsızlığı üçün hər hansı bir əsas mövcud deyildir. Bundan başqa, iddiaçılar iddia ərizəsində göstərmişlər ki, "...Lakin alqı-satqı müqaviləsinin bir nüsxəsi onlara verilməmişdir. Biz hesab etdik ki, əlavə olaraq sonradan veriləcək 500 manat kompensasiyaya aid şərt də müqavilədə qeyd edilmişdir”. Hesab edir ki, iddiaçılar qeyd etdiyi bu xüsusat da tamamilə əsassız olmaqla yanaşı absurddur. Belə ki, notariat orqanında bağlanan hər hansı bir müqavilə mütləq şərt kimi tərəflərə təqdim olunur və müqavilənin təqdim edilməməsi ağlabatan olmamaqla yanaşı absurddur. Digər bir tərəfdən iddiaçılar özləri onunla alqı-satqı müqaviləsi bağladıqlarını bildirsələr də, 500 manat kompensasiya məbləğindən bəhs edirlər. Hansı ki, iddiaçılar özləri müqavilə şərtləri ilə razılaşmış, özlərinə məxsus əmlakı ona satmış və dəyərini almışlar. Belə olan halda hansı kompensasiyadan söhbət gedə bilər?! Həmçinin qeyd etmək istəyir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrində iddiaçıların istinad etdikləri belə bir şərt də mövcud deyildir. Eyni zamanda qeyd edir ki, müqavilə bağlanandan 3 ilə yaxın vaxt keçdikdən sonra belə bir iddia tələbinin irəli sürülməsi bir daha onu təsdiq edir ki, iddiaçıların tələbləri əsassızdır. Həmçinin qeyd edir ki, iddiaçılar hazırkı iddia ərizəsi ilə 2025ci ilin noyabr ayında məhkəməyə müraciət etmişlər. Halbuki, iddiaçıların etibarsız hesab edilməsini tələb etdiyi, daşınmaz əmlakın alqı-satqı müqavilələrinin tarixlərindən də göründüyü kimi həmin müqavilələr müvafiq olaraq 2023-cü ilin fevral və aprel aylarında bağlanmışdır. Yuxarıda qeyd edilənlərdən bir daha məlum olur ki, iddiaçılar mübahisələndirdikləri əqdlərin etibarsızlığı ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu da itirmişlər. Belə ki, qüvvədə olan mülki qanunvericiliyə görə müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Qeyd olunanlardan da aydın olur ki, hazırkı halda iddiaçılar iddia ərizəsində qeyd etdikləri alqısatqı müqavilələrinin etibarsızlığını mübahisələndirmək hüququnu itirmişlər. Halbuki, iddiaçıların iddia ərizəsində qeyd etdiklərini sübut edən hər hansı bir dəlil mövcud deyildir, bu barədə onlar tərəfindən məhkəməyə hər hansı bir mötərəb sübut təqdim olunmamışdır.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2766/2025 saylı ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar cavabdeh Cavabdeh tərəfindən aldadıldığını qeyd edərək, həmin əqdlərin etibarsızlığı ilə bağlı tələb irəli sürmüşlər. İddiaçılar tələblərinin əsası kimi aldadıqlarını, əmlakın real bazar qiymətnə uyğun dəyərinin ödənilməməsini və cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliyin icra edilməməsini göstərmişlər. Hazırkı mülki işdə isə iddiaçılar əqdin aldatma yolu ilə bağlanmasına istinad etsələr də, bu istiqamətdə tələblərinin əsası kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişlər. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab etmişdir ki, alqı-satqı müqavilələrinin aldatma yolu ilə bağlanması məhkəmə iclasında təsdiqini tapmamış, müqavilədə hər hansı qeyri-şərt nəzərdə tutulmamış və bununla da müqavilə bağlanarkən iddiaçıların iradələrinin zədələnməsi müəyyən edilməmişdir.

9. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçılar məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşlər. Belə ki, tərəflər arasında alqı-satqı müqavilələri 2023-cü ilin fevral-aprel aylarında bağlansa da, iddiaçılar 1 il müddət keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişlər. Mübahisələndirilən əqdlərin etibarsızlığına dair iddia qaldırmaq üçün nəzərdə tutulan müddət iddia müddəti deyil, kəsici müddətdir. Beləliklə məhkəmə alqı-satqı müqavilələrinin aldatma yolu ilə bağlanmasının məhkəmə iclasında təsdiqini tapmadığını, bununla da müqavilələr bağlanarkən iddiaçılarının iradəsinin zədələnməsinin müəyyən edilməməsini, müqavilə bağlandıqdan təxminən 2 il 7 aydan sonra hazırki tələblərin irəli sürülməsini, bununla da qanunda nəzərdə tutulmuş müddət keçməklə iddia qaldırılmasını, iddiaçıların iddianın təmin edilməsi ilə bağlı dəlillərinin əsaslı hesab edilə bilməməsini nəzərə alaraq hesab etmişdir ki, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə iddia tələbləri təmin edilməməlidir.

10. Məhkəmə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair hissədə iddia tələbinin təmin olunmamasını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi həmçinin daşınmaz əmlaklarla bağlı hazırkı bazar qiymətinə uyğun yeni müqavilələrin bağlanılması, yaranmış qiymət fərqinin kompensasiya formasında ödənilməsi hissəsində də əsassız hesab edilməli və təmin edilməməlidir

11. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5, 334.1, 337.1, 339.2, 339.3, 354.2, 390.1 və 567-ci istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

12. İddiaçı iddiaçı2 həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2766/2025 saylı ## #### 2026-cı il qətnaməsinin ləğv edilməsini və ona aid hissədə iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

13. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmənin baxış iclasında iştirak etməmişdir. İddiaçılardan iddiaçı1 ağır vəziyyətdə xəstəxanada olduğu üçün məhkəmənin başqa vaxta təxirə salınmasına dair ərizə ilə müraciət etmişdir. Həmin şəxs əvvəlki məhkəmə iclasında da sağlamlığı ilə əlaqədar iştirak edə bilmədiyi üçün iddiaçı qanunvericiliyə əsasən hesab edirmiş ki, məhkəmə ən azında iclası başqa vaxta təxirə salacaq, amma çox təəssüf ki məhkəmə 3 iddiaçıdan heç birinin iştirakı olmadan, yalnız iddiaçılardan birinin vəkilinin iştirakı (o da müdafiə etdiyi şəxsi nümayəndə kimi təmsil etmədiyi halda) ilə məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin tələbləri pozulmaqla yekun akt qəbul edilmiş və və həmin məhkəmə aktına əsasən iddia tələbləri rədd edilmişdir. Məhkəmənin gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, o və digər iddiaçılarla alqı-satq müqvilələri bağlanan zaman onların aldadılmaqlarının məhkəmə iclasında öz təsdiqi tapması üçün üçüncü şəxsin – Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsinin və cavabdeh Cavabdeh iştirakları təmin etməli idi. İddia ərizəsində də qeyd edilmişdir ki, Cavabdeh onlarla ünsiyyətdən qaçır. Alqı-satqı müqaviləsi bağlanan zaman müqavilənin bir nüsxəsi belə onlara verilməmişdir. İddiaçılar hesab etmişdilər ki, əlavə olaraq sonradan veriləcək 500 manat kompensasiya aid şərt də müqavilədə qeyd edilib. Əlavə olaraq sonradan veriləcək 500 manat kompensasiya aid şərtin müqaviləyə əlavə edilməməsini isə iddiaçılar məhkəməyə müraciət edən zaman vəkil sorğusu ilə böyük çətinliklə əldə edən zaman biliblər. Alqı-satqı müqavilələri ** saylı notariat ofisnin işçisi ilə cavabdeh Cavabdeh tərəfindən hazırlanıb. İddiaçılar hazır müqavilədə notariusun göstərdiyi yeri imzalayıblar. Eyni zamanda da müqavilənin bir nüsxəsini onlara verməyərək onları aldatdıqlarını gizlətməyə çalışıblar və ona da nail olublar. Məhkəmə demək olar ki, heç bir araşdırma aparmayaraq, iddiaçılar tərəfindən təqdim edilmiş alqı-satqı müqaviləsi və ona əlavə edilmiş sənədlərə vizual formada qiymət verərək qətnamə çıxarmışdır. Əlbəttə müqaviləyə və ona əlavə edilmiş sənədlərə baxdıqda hər şey qaydasındaymış kimi görünə bilər, amma o müqavilələr hansı təsir altında, hansı şərtlərə şifahi razılığa gəldikdən sonra bağlandığını görmək üçün geniş, hərtərəfli araşdırma aparmaqla nail olmaq mümkün ola bilərdi. Hakim bu iş üçün prosessual müddətin bitdiyini əsasə gətirərək iddiaçıların məhkəmə baxışında iştirak etməsinin məhkəmə qətnaməsinin çıxarılmasında heç bir əhəmiyyəti yoxmuş kimi davranaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarmışdı. Məhkəmə birinci növbədə aydınlaşdırılmalı olduğu məsələ o idi ki, həqiqətən də iddiaçıların mənzillərinin Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən abadlıq işləri ararmaq məqsədilə Dövlət proqramı cərcivəsində evlərin sökülməsi planlaşdırılmışdır? Eyni zamanda da, Nazirlər Kabinetinin həmin evlər barədə müvafiq sərəncamı var idimi? Var idisə sərəncamın məzmunu nədən ibarət idi? Axı Cavabdeh kimdir ki, hansı səlahiyyəti var ki, nəyinki bu üç iddiaçının eləcə də Bakı şəhəri, Yasamal rayonu, Yünis Dağlı küçəsindəki mənzillərini, Qədirli, İsmayıl bəy Qutqaşenli, Gəray Əsədov, Əjdər Xanbabayev, Nərimanov döngəsi, Cəfərov Qardaşları küçələrində yerləşən mənzillərin sakinlərini Dövlətimizin adından istifadə edərək aldadaraq ucuz qiymətə satmağa məcbur edir? Niyə Məhkəmə bu iddiaçıların mənzillərinin satılmasını dövlətin tədbiri və ya Cavabdeh tərəfindən planlaşdırlmasını aydınlaşdırmaqda maraqlı olmayıb? İddiaçılar sənədləri sanki notariusa təsdiq üçün təqdim edirmiş kimi hakim də sənədlərin doğruluğunu təsdiq edərək iddianı rədd edib. Vətəndaşlar məhkəməyə pozulmuş mülkiyyət hüquqlarını bərapası üçün müraciət ediblər. Onların haqqı deyildirmi ki, bilsinlər ki, onları aldadıb mənzillərini ucuz qiymətə satmağa məcbur edən Cavabdeh bu səlahiyyəti kim verib? Yəni Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən bir nümayəndənin iştirakını təmin etmək Məhkəmə üçün o qədərmi çətindir? Məhkəmənin “müqavilə bağlandıqdan təxminən 2 il 7 aydan sonra hazırki tələblərin irəli sürülməsini, bununla da qanunda nəzərdə tutulmuş müddət keçməklə iddia qaldırılması” ifadəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddiaçı2 müqavilədə “sonradan əlavə olaraq 500 manat pulun verilməsinə dair “ şərtin müqaviləyə əlavə edilməməsində əvvəlcədən xəbəri olmadığı üçün vaxtında məhkəməyə müraciət etməmişdir. Yəni aldadıldığını müqaviləni 2025-ci ilin noyabr ayında notariusdan alan zaman bilmişdir. Azərbaycan Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə işi baxılmamış saxlamalı olduğu halda iddiaçıların iştirakı olmadan məhkəmə baxış iclasını keçirərək iddianın rədd edilməsinə dair qətnamə çıxarmışdır. Hətta məhkəmə iclası ## #### 2026-cı il tarixdə saat 10-30-da yekunlaşdıqdan 3 dəqiqə sonra qətnamə tam mətni ilə saat 10:33 elektron sistemə yerləşdirilmişdir. Belə çıxır ki, hakimin 3 dəqiqə ərzində 11 səhifədən ibarət qətnaməsini hazırlayıb yerləşdirməsi nə mülki prosessual qanunvericiyə, nə də qətnamənin hazırlanması baxımdan mümkündür. Deməli hakim qətnaməni hazırladıqdan sonra formal olaraq məhkəmənin baxış iclasını keçirmişdir. Məhkəmənin sübutlara düzgün qiymət verməyərək qanuni qətnamə çıxarmamasını hardasa başa düşmək olar, amma prosessual qaydanın belə kobud pozulması bağışlanmazdır.

14. Həmçinin iddiaçı iddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2766/2025 saylı ## #### 2026-cı il qətnaməsinin ləğv edilməsini və ona aid hissədə iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

15. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmənin axırıncı hazırlıq və baxış iclasında iştirak etməmişdir. Belə ki, o, ağır vəziyyətdə xəstəxanada olduğu üçün məhkəmənin başqa vaxta təxirə salınmasına dair ərizə ilə müraciət etmişdir. Əvvəlki məhkəmə iclasında da sağlamlığı ilə əlaqədar iştirak edə bilmədiyi üçün o, qanunvericiliyə əsasən hesab edirmiş ki, məhkəmə ən azında iclası başqa vaxta təxirə salacaq, amma çox təəssüf ki məhkəmə 3 iddiaçıdan heç birinin iştirakı olmadan, yalnız iddiaçılardan birinin vəkilinin iştirakı (o da müdafiə etdiyi şəxsi nümayəndə kimi təmsil etmədiyi halda) ilə məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin tələbləri pozulmaqla yekun akt qəbul edilmiş və və həmin məhkəmə aktına əsasən iddia tələbləri rədd edilmişdir. Məhkəmənin gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, o və digər iddiaçılarla alqı-satq müqvilələri bağlanan zaman onların aldadılmaqlarının məhkəmə iclasında öz təsdiqi tapması üçün üçüncü şəxsin – Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsinin və cavabdeh Cavabdeh iştirakları təmin etməli idi. İddia ərizəsində də qeyd edilmişdir ki, Cavabdeh onlarla ünsiyyətdən qaçır. Alqı-satqı müqaviləsi bağlanan zaman müqavilənin bir nüsxəsi belə onlara verilməmişdir. İddiaçılar hesab etmişdilər ki, əlavə olaraq sonradan veriləcək 500 manat kompensasiya aid şərt də müqavilədə qeyd edilib. Əlavə olaraq sonradan veriləcək 500 manat kompensasiya aid şərtin müqaviləyə əlavə edilməməsini isə iddiaçılar məhkəməyə müraciət edən zaman vəkil sorğusu ilə böyük çətinliklə əldə edən zaman biliblər. Alqı-satqı müqavilələri ** saylı notariat ofisinin işçisi ilə cavabdeh Cavabdeh tərəfindən hazırlanıb. İddiaçılar hazır müqavilədə notariusun göstərdiyi yeri imzalayıblar. Eyni zamanda da müqavilənin bir nüsxəsini onlara verməyərək onları aldatdıqlarını gizlətməyə çalışıblar və ona da nail olublar. Məhkəmə demək olar ki, heç bir araşdırma aparmayaraq, iddiaçılar tərəfindən təqdim edilmiş alqı-satqı müqaviləsi və ona əlavə edilmiş sənədlərə vizual formasına qiymət verərək qətnamə çıxarmışdır. Əlbəttə müqaviləyə və ona əlavə edilmiş sənədlərə baxdıqda hər şey qaydasındaymış kimi görünə bilər, amma o müqavilələr hansı təsir altında, hansı şərtlərə şifahi razılığa gəldikdən sonra bağlandığını görmək üçün geniş, hərtərəfli araşdırma aparmaqla nail olmaq mümkün ola bilərdi. Hakim bu iş üçün prosessual müddətin bitdiyini əsasə gətirərək iddiaçıların məhkəmə baxışında iştirak etməsinin məhkəmə qətnaməsinin çıxarılmasında heç bir əhəmiyyəti yoxmuş kimi davranaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarmışdı. Məhkəmə birinci növbədə aydınlaşdırılmalı olduğu məsələ o idi ki, həqiqətən də iddiaçıların mənzillərinin Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən abadlıq işləri ararmaq məqsədilə Dövlət proqramı cərcivəsində evlərin sökülməsi planlaşdırılmışdır? Eyni zamanda da, Nazirlər Kabinetinin həmin evlər barədə müvafiq sərəncamı var idimi? Var idisə sərəncamın məzmunu nədən ibarət idi? Axı Cavabdeh kimdir ki, hansı səlahiyyəti var ki, nəyinki bu üç iddiaçının eləcə də Bakı şəhəri, Yasamal rayonu, Yünis Dağlı küçəsindəki mənzillərini, Qədirli, İsmayıl bəy Qutqaşenli, Gəray Əsədov, Əjdər Xanbabayev, Nərimanov döngəsi, Cəfərov Qardaşları küçələrində yerləşən mənzillərin sakinlərini Dövlətimizin adından istifadə edərək aldadaraq ucuz qiymətə satmağa məcbur edir? Niyə məhkəmə bu iddiaçıların mənzillərinin satılmasını dövlətin tədbiri və ya Cavabdeh tərəfindən planlaşdırlmasını aydınlaşdırmaqda maraqlı olmayıb? İddiaçılar sənədləri sanki notariusa təsdiq üçün təqdim edirmiş kimi hakim də sənədlərin doğruluğunu təsdiq edərək iddianı rədd edib. Vətəndaşlar məhkəməyə pozulmuş mülkiyyət hüquqlarının bərapası üçün müraciət ediblər. Onların haqqı deyildirmi ki, bilsinlər ki, onları aldadıb mənzillərini ucuz qiymətə satmağa məcbur edən Cavabdeh bu səlahiyyəti kim verib? Yəni Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən bir nümayəndənin iştirakını təmin etmək Məhkəmə üçün o qədərmi çətindir? Məhkəmənin “müqavilə bağlandıqdan təxminən 2 il 7 aydan sonra hazırki tələblərin irəli sürülməsini, bununla da qanunda nəzərdə tutulmuş müddət keçməklə iddia qaldırılması” ifadəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddiaçı2 müqavilədə “sonradan əlavə olaraq 500 manat pulun verilməsinə dair “ şərtin müqaviləyə əlavə edilməməsində əvvəlcədən xəbəri olmadığı üçün vaxtında məhkəməyə müraciət etməmişdir. Yəni aldadıldığını müqaviləni 2025-ci ilin noyabr ayında notariusdan alan zaman bilmişdir. Azərbaycan Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə işi baxılmamış saxlamalı olduğu halda iddiaçıların iştirakı olmadan məhkəmə baxış iclasını keçirərək iddianın rədd edilməsinə dair qətnamə çıxarmışdır. Hətta məhkəmə iclası ## #### 2026-cı il tarixdə saat 10-30-da yekunlaşdıqdan 3 dəqiqə sonra qətnamə tam mətni ilə saat 10:33 elektron sistemə yerləşdirilmişdir. Belə çıxır ki, hakimin 3 dəqiqə ərzində 11 səhifədən ibarət qətnaməsini hazırlayıb yerləşdirməsi nə mülki prosessual qanunvericiyə, nə də qətnamənin hazırlanması baxımdan mümkündür. Deməli hakim qətnaməni hazırladıqdan sonra formal olaraq məhkəmənin baxış iclasını keçirmişdir. Hörmətli Məhkəmənin sübutlara düzgün qiymət verməyərək qanuni qətnamə çıxarmamalarını hardasa başa düşmək olar, amma prosessual qaydanın belə kobud pozulması bağışlanmazdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh nümayəndəsi-vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 18.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apelyasiya baxışının hədləri 19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar iddiaçı2 və iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətlərində qətnamənin onlara aid hissələrdə ləğv olunması və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bu hissələrdə yoxlanılması təşkil edir. 21.Bununla belə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Tətbiq edilən maddi hüquq norması

22.Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

23.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

24.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 25.329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə,qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 26.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 27.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 28.339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 29.339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 30.339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 31.354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

32.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # ###### 2020-ci il tarixli Qərarına görə aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il # ###### tarixli Qərarı). 33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # ##### 2021-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir.

Tətbiq edilən prosessual hüquq norması Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

34. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 35.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

36.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar iddiaçı2 və iddiaçı1 tərəfindən verilmiş şikayətlər təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə onlara aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Kollegiya vurğulayır ki, qanunverici, etibarsız əqdləri subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif etməklə müvafiq maddələrdə qruplaşdırmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamasını ehtiva edir. Bu baxımdan, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu, bu iradənin lazımi formada və doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir.

38. İşə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi mülki qanunvericiliyin əqdin mübahisələndirilməsi ilə bağlı müvafiq normalarını tətbiq edərək araşdırmanı aldatmanın olubolmaması və s. istiqamətində aparmaqla haqlı olmuşdur. Belə ki, iddiaçıların cavabdehin əvvəldən onları aldatmaq niyyəti ilə hərəkət etdiyini, iradələrinin aldatmanın təsiri altında formalaşdığını qeyd etmələri işin faktiki hallarının Mülki Məcəllənin 339-cu maddəsində qeyd edilən dispozisiya şərtləri əsasında yoxlanılmasını şərtləndirir.

39. Məhkəmənin gəlidyi qənaəti ilə razılaşan kollegiya iş materiallarına əlavə edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, mübahisələndirilən müqavilələr iddiaçıların sərbəst iradə ifadəsinə uyğun, qanunvericilik ilə müəyyənləşdirilmiş qaydaları və qadağaları pozmayan formada və məzmunda tərtib edilmiş, rəsmiləşdirilən zaman hakimiyyətdən sui-istifadə, zorakılıq, hədələmə təsiri, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi halları olmamış, tərəflər müqavilə azadlığı prinsipinə uyğun olaraq iradəsini ifadə etmişdir.

40. İddiaçıların mübahisələndirilən müqabilələri imzalaması məqsədi ilə aldadıldıqlarıı, həmin müqavilələrin məzmunundan məlumatlı olmadıqları və ya müqavilələrin yalan məlumatlar əsasında tərtib edilməsi barədə dəlillər öz təsdiqini tapmamışdır. İddiaçılar tərəfindən həmin halların mövcudluğunu təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, iddiaçılar ümumi formada adatmadan və qarşı tərəfin qeyriqanuni davranışlarından bəhs etsə də, həmin davranışların konkret olaraq hansı hərəkətlərdə ifadə olunduğunu izah edə bilməmişlər.

41. Bu səbəbdən də məhkəmə kollegiyası hazırkı mübahisənin əqdlərin etibarsızığı ilə bağlı hissəsinə kəsici müddətin tətbiq edilməsinə zərurət olmadığını qeyd edir. Belə ki, qanunvericilik tərəfindən mübahisələndirilən əqdlər üzrə müddətlərin kəsici müddət kimi müəyyən edildiyi, kəsici müddətin iddia müddətinin bir növü olduğu nəzərə alınmalı, hazırkı mülki iş üzrə iddiaçıların subyektiv hüquqlarının pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan kəsici müddətin tətbiqindən, yəni onun ötürülübötürülmədiyini araşdırılmasından imtina edilməlidir. 42.Bundan əlavə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı irəli sürdüyü “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinin əsaslı olmadığı müəyyən edildiyindən, qətnamənin “torpağın indiki bazar qiymətinə uyğun olaraq yeni müqavilə bağlanması, yaranmış qiymət fərqinin kompensasiya şəklində onlara ödənilməsi” tələblərinə dair hissəsinin ayrıca araşdırılmasına və həmin hissəyə hüquqi qiymət verilməsinə prosessual qənaət prinsipi baxımından zərurət qalmır. 43.Kollegiya apellyasiya şikayətində göstərilən yol verildiyi iddia olunan prosessual pozuntularla bağlı dəlilləri də qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasını təsdiq edən halların mövcudluğu müəyyən edilməmişdir. 44.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 45.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 46.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2766/2025 saylı ## #### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar iddiaçı2 və iddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar