Məhkəmə qərarları › İş №2(3-6)-174/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-174/2026

20.02.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-174/2026 20.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), X9 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı SOCAR-ın İddiaçı (Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-46/2025 saylı 27 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. İş materiallarına əlavə edilmiş aktdan görünür ki, Neft Kəmərləri idarəsi Qaradağ İ.B-nin NBKXS-nin böyük mühəndisi X14İu və Cavabdeh oğİu ilə bu aktı tərtib edərək şəkildə göstərilən evin koordinatlarının verilmiş ev ilə eyni olması göstərilmişdir.

2. Səbail Rayon İcra Hakimiyyətinin başçısının 25 iyun 1998-ci il tarixli 1030 nömrəli sərəncamından görünür ki, X2 razılıq ərizəsini, X3 torpağa olan tələbatını nəzərə alaraq Səbail Rayon İcra Hakimiyyəti başçısının 1474a saylı 18 may 1995-ci il tarixli sərəncamı ilə fərdi evin tikintisi üçün X2 adına ayrılmış 600/altı yüz/kv.m. torpaq sahəsi X3 adına sənədləşdirilsin.

3. X7 ilə Cavabdeh arasında olan xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Səbail Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş 25 iyun 1998-ci il tarixli 1030 nömrəli sərəncamla X3 adına olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 600 kv/m torpaq sahəsinin və üzərində inşa olunan tikilinin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi tərəflərin öhdəlikləridir. Göstərilən əmlakın satış qiyməti 250000 manat məbləğində müəyyən edilmişdir

4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7246/2023 saylı qərardadından görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdeh Səbail rayon İcra Hakimiyyətinə qarşı “sərəncamların etibarsız sayılması” tələbinə dair iddiası mümkün sayılmamışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-3307/2023 saylı qərardadından görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-7246/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 avqust 2025-ci il tarixli 10/2061 nömrəli ekspert rəyində göstərilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Yer quruluşu təşkili şöbəsinin mühəndisi Şamil Əliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Göstərilən torpaq sahəsi faktiki olaraq 390.0 kv.m təşkil edir. Torpaq sahəsi Üzərində üçmərtəbəli yaşayış evi və köməkçi tikili mövcuddur. Faktiki olaraq göstərilən 390.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. X Y 1.398373.163 4467330.612 2. 398398.213 4467329.361 3. 398398.446 4467314.475 4.398385.916 4467314.346 5. 398385.895 4467314.996 6. 398372.704 4467314.584. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə neft kəmərinin mühafizə zolağında yerləşir. Sahədən 325.0 mm-lik neft kəməri keçir. Torpaq sahəsindən təqribən 95.0 m, 108.0m məsafədə ləğv olunmuş neft quyu məlumatları mövcuddur.

7. Həmçinin sahənin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Sahə "Yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. X1 və X3 müraciətləri olmuşdur. Əlavə olaraq bildiririk ki, cari (AzərEnerji ASC) məlumatlarında qeyd olunan elektrik xətti və mühafizəsi barədə məlumat yoxdur.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Bibi-Heybət-Yasamal Dş 300 mm-lik yerüstü neft kəmərinin 1.2 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında ünvan 2 ünvanında Cavabdeh məxsus bütün tikililərin (fərdi yaşayış evinin, hasarın və s.) cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT:AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi belə əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan X18 300 mm-lik yerüstü neft kəmərinin 1.2 met aralı məsafədə, (39T 398376 ******* kordinatında) neft kəmərinin mühafizə zonasında ünvan 3 ünvanında Cavabdeh məxsus fərdi yaşayış evi və hasar faktları aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; AR Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) “Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında X24 kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin AR Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən “tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan X15nin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. 10.Birinci istansiya məhkəməsinin 2(009)-363/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 avqust 2025-ci il tarixli 10/2061 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Samil Əliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Göstərilən torpaq sahəsi faktiki olaraq 390.0 kv.m təşkil edir. Torpaq sahəsi Üzərində üçmərtəbəli yaşayış evi və köməkçi tikili mövcuddur. Faktiki olaraq göstərilən 390.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. X Y 1.398373.163 4467330.612 2. 398398.213 4467329.361 3. 398398.446 4467314.475 4.398385.916 4467314.346 5. 398385.895 4467314.996 6. 398372.704 4467314.584. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə neft kəmərinin mühafizə zolağında yerləşir. Sahədən 325.0 mm-lik neft kəməri keçir. Torpaq sahəsindən təqribən 95.0 m, 108.0m məsafədə ləğv olunmuş neft quyu məlumatları mövcuddur. Həmçinin sahənin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Sahə "Yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. X1 və X3 müraciətləri olmuşdur. Əlavə olaraq bildiririk ki, cari (AzərEnerji ASC) məlumatlarında qeyd olunan elektrik xətti və mühafizəsi barədə məlumat yoxdur. 12.Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-46/2025 nömrəli qətnaməsi (hakim R.Qafarova) ilə iddia tələbi təmin edilməmiş, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçı SOCAR-ın İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X6 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülməsi qət edilmişdir. 13.Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 25 iyun 1998-ci il tarixli 1030 nömrəli sərəncamı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı tərəfindən mübahisələndirilsə də, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7246/2023 saylı qərardadı ilə iddiası mümkün sayılmamış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-3307/2023 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7246/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Başqa sözlə, Səbail Rayon İcra Hakimiyyətinin başçısının 25 iyun 1998-ci il tarixli 1030 nömrəli sərəncamı hal-hazırda da qüvvədədir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi qüvvədə olan torpağa dair hüquqmüəyyənedici sənəd mövcud olmaqla, cavabdeh həmin sahədən yaşayış məqsədi ilə istifadə edir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 15.Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən tikintitexniki ekspertizasının ekspert rəyindən, mütəxəssis rəyindən məlum olur ki, cavabdehə məxsus torpaq sahəsi neft kəmərinin mühafizə zonası daxilindədir. Eyni zamanda iş üzrə xəbərdarlıq aktlardan görünür ki, cavabdehə neft kəmərindən 1.2 metr aralı məsafədə mühafizə zonasında inşa edilmiş tikilinin qanunazidd olması barədə dəfələrlə xəbərdar edilmişdir. Məhkəmə bu halı nəzərə almamışdır. Göründüyü kimi məhkəmə iddiaçının mülkiyyət hüququ dövlət tərəfindən tanınmasına baxmayaraq onun mülkiyyətində olan torpaq ərazisinin müəyyən hissəsi neft kəmərinin mühafizə zonasına düşdüyündən insan həyatının təhlükəsizliyi mülkiyyət hüququndan daha üstün hüquq olduğundan iddiaçının mülkiyyətindən maneəsiz istifadə hüququ cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməklə məhdudlaşdırılması qanunauyğundur. Cavabdeh zəbt etdiyi torpaq sahəsinin neft kəmərinin mühafizə zonasında yerləşdiyini bilmişdir. İş üzrə xx.xx.2025-ci, xx.xx.2025-ci il tarixli aktlardan və eləcə də cavabdehə xx.xx.2024-cü il tarixində olunan rəsmi xəbərdarlıqdan görünür ki, İddiaçı əməkdaşları əraziyə dəfələrlə baxış keçirmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, SOCAR-ın İddiaçı istismarında olan Bibi-Heybət-Yasamal Dş-300 mm-lik yerüstü neft kəmərinin 1.2 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Səbail 1474a saylı 18 may 1995-ci il tarixli sərəncamı ilə fərdi evin tikintisi üçün X2 adına ayrılmış 600/altı yüz/kv.m. torpaq sahəsi X3 adına sənədləşdirilsin. X7 ilə Cavabdeh arasında olan xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş 25 iyun 1998-ci il tarixli 1030 nömrəli sərəncama əsasən X3 adına olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 600 kv/m torpaq sahəsinin və üzərində inşa olunan tikilinin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləridir. Göstərilən əmlakın satış qiyməti 250000 manat məbləğində müəyyən edilmişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 600 kv/m torpaq sahəsi Cavabdeh adına Səbail Rayon İcra Hakimiyyətinin başçısının 25 iyun 1998-ci il tarixli 1030 nömrəli sərəncamında olması 600 kv/m torpaq sahəsinə mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməklə, bilavasitə iddiaçının özünün sağlamlığının qorunmasına xidmət edir və bu məhdudlaşdırma mütənasib olmaqla, onun konstitusion mülkiyyət hüququnun mahiyyətini dəyişdirmir. İşin mübahisəsiz halı bundan ibarətdir ki, həmin torpaq sahəsi neft kəmərinin mühafizə zonasının və təhlükəsizlik zonasının daxilindədir. Bu hal iş üzrə aktda öz təsdiqin tapmışdır. Belə ki, tikilinin sökülməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərini nəzərdə tutan Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsi ilə yanaşı, tikilinin sökülməsi ilə bağlı münasibətləri tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsi də qüvvədədir. Həmin normada tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğuların müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, X15 Layihələndirmə Normalarının tələbləri pozulmuşdur. Magistral boru kəmərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahəsinin ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda ayrılacaq torpaq sahəsi əvvəlcədən neft kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə olmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22.1.-ci maddəsinə əsasən Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Həmçinin həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən, Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 22.3-cü maddəsinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. İşin mübahisəsiz halı bundan ibarətdir ki, cavabdehə məxsus yeni tikili ilə yanaşı digər özbaşına tikililər (fərdi yaşayış evi və hasar) neft kəmərinin mühafizə zonasının və təhlükəsizlik zonasının daxilindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X24 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” qaydalarının 4.1-ci bəndinə əsasən, X24 Kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılaraq mühafizə zonaları müəyyənləşdirilir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 13 aprel 2023-cü il tarixli 20/01-020 №-li qərarı ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” 6.1-ci bəndinə əsasən MNK-nin istismarı üçün şərait yaratmaq və onların çəkiliş üsulundan asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: MNK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Göründüyü kimi, cavabdeh tərəfindən inşa edilmiş mübahisələndirilən tikililər neft kəmərinin həm mühafizə zonası, həm də təhlükəsizlik zonası daxilində yerləşir. Həmin tikililər yüksək təzyiqli neft kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikililərdən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. İşə baxan birinci instansiya məhkəməsi isə qətnamə çıxararkən qeyd etdiyimiz bu halların heç birini nəzərə almamış və iddia tələbini təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Buna görə də həmin qətnamə təmin edilməyən hissədə qanuni və əsaslı sayıla bilməz. Hesab edirik ki, Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqaladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Bu halda məhkəmənin heç bir hüquq normasına istinad etmədən qərar qəbul etməsi qanunsuz və əsassızdır, boş mülahizələrə istinad edilən sözügedən qərar ləğv edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X24 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” qaydalarının 4.1-ci bəndinə əsasən, X24 Kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə İNBK-nın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılaraq mühafizə zonaları müəyyənləşdirilir. Göründüyü kimi, cavabdeh həmin tikilini neft kəmərinin həm mühafizə zonası, həm də təhlükəsizlik zonası daxilində inşa edir. Həmin tikili yüksək təzyiqli qaz kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. İşə baxan birinci instansiya məhkəməsi isə qətnamə çıxararkən qeyd edilən bu halların heç birini nəzərə almamış və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Buna görə də həmin qətnamə qanuni və əsaslı sayıla bilməz. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. 18.Cavabdeh tərəf və digər 3-cü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:

23. Maddə 4.3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir;

24. Maddə 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir;

25. Maddə 49.1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur;

26. Maddə 50. dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir;

27. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır;

28. Maddə 67.2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir;

29. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir;

30. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır;

31. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

32. Maddə 152. Mülkiyyət hüququnun tərkib elementi olaraq sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

33. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır;

34. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur;

35. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz;

36. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:

37. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

“Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydaları:

38. Maddə 6.3. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır.

39. Madə 6.7. a) bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər tərəfindən X15 idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və quraşdırma işlərinin aparılması qadağandır.

40. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biri olduğuna görə Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır.

41. Konstitusiya Məhkəməsi Plenumunun “Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 146, 329, 675 və 700-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi ilə bağlı müraciətinə dair” 2025-ci il 11 iyun tarixli Qərarında qeyd olunmuşdur ki, qanunvericilikdə verilmiş tərifə, habelə mülki hüquq nəzəriyyəsinə əsasən sahiblik anlayışı müəyyən bir əşya üzərində real və faktiki olaraq iqtidara, hakimiyyətə malik olma halını ifadə edir və əşyaya bu şəkildə qanuni sahiblik müəyyən bir hüquqi əsas sayəsində (mülki-hüquqi əqd, məhkəmə qərarı) yarana bilir.

42. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 2-ci maddəsində nəzərdə tutulduğu kimi, yaşamaq hüququnu qorumaq üçün bütün tədbirləri görmə öhdəliyi hər şeydən əvvəl dövlətin üzərinə vətəndaşların yaşamaq hüququna təhlükə yaradan hallara qarşı mübarizə mexanizmini təmin edən qanuni və inzibati resurslar yaratmaq və həmin fəaliyyətin insan həyatı baxımından yaratdığı potensial riskə uyğun olaraq müxtəlif tədbirlərin həyata keçirilməsini zəruri edir (Önəryıldız /Türkiyə, Paul və Audrey Edwards, paraqraf 54, 2000-Vİİ).

43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimovanın Azərbaycana qarşı” şikayət iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, ərizəçi (Akimova) dövlət mənzil fondunun balansında olan mənzilə dair ona verilmiş order əsasında “sosial kirayə müqaviləsi” (mənzilə dair kirayə müqaviləsi) bağlamalı, həmin müqavilənin şərtlərinə görə mənzilə sahiblik etməli, mənzildən istifadə etmək hüququna malik olmalı və “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna uyğun olaraq müəyyən şərtlərlə mənzil onun mülkiyyətinə pulsuz keçməli idi. Bu baxımdan onun (Akimovanın) mənzilə dair olan iddiaları “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş “mülkiyyət”nin təşkil olunması üçün kifayət qədər əsaslıdır.

44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X16rşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda mülkiyyət hesab edilməsinin qarşısını almır. Apellyasiya baxışının hədləri

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Hazırkı işdə iddia tələbi təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

48. İş materiallarının hərtərəfli və obyektiv araşdırılması nəticəsində müəyyən edilmişdir ki, cavabdehin istifadə etdiyi torpaq sahəsi əvvəllər Səbail Rayon İcra Hakimiyyəti başçısının sərəncamı əsasında üçüncü şəxsə ayrılmışdır. Həmin sərəncam səlahiyyətli inzibati orqan tərəfindən qəbul edilmiş fərdi hüquqi akt olmaqla, qəbul edildiyi andan hüquqi qüvvə qazanmış və qanunvericiliklə nəzərdə tutulmuş qaydada ləğv edilmədiyi və ya etibarsız sayılmadığı üçün hüquqi nəticələr doğurmaqda davam etməkdədir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Cavabdeh də məhz həmin sərəncamın qüvvədə olmasını nəzərə alaraq üçüncü şəxslə notarial qaydada alqı-satqı müqaviləsi bağlamış və müəyyən məbləğ qarşılığında sözügedən torpaq sahəsini və üzərindəki əmlakı satın almışdır.

49. Bu məqamda nəzərə alınmalıdır ki, inzibati aktların hüquqi sabitliyi və dövriyyənin etibarlılığı hüquq dövlətinin fundamental prinsiplərindəndir. Hüquqi müəyyənlik prinsipi tələb edir ki, səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada qüvvədən düşməmiş inzibati aktlar bütün hüquq subyektləri üçün məcburi və etibarlı hesab olunsun. Əks yanaşma hüquqi münasibətlərdə qeyrimüəyyənlik və dövlət orqanlarının aktlarına inamın sarsılması ilə nəticələnərdi. İş materiallarından görünür ki, qeyd olunan sərəncam iddiaçı tərəfindən vaxtilə inzibati məhkəmə icraatında mübahisələndirilmiş, lakin məhkəmə tərəfindən iddia mümkün sayılmamış və nəticə etibarilə həmin inzibati aktın ləğvi baş verməmişdir. Bu isə o deməkdir ki, sərəncam hüquqi qüvvəsini qoruyub saxlamışdır. Belə olan halda, qanuni qüvvədə olan inzibati akt əsasında yaranmış hüquqların sonradan dolayı yolla aradan qaldırılmasına yönəlmiş tələblər hüquqi baxımdan əsassızdır.

50. Kollegiya hesab edir ki, vaxtilə üçüncü şəxs sözügedən inzibati akta - sərəncama əsaslanaraq torpaq sahəsini müəyyən vəsait qarşılığında əldə edərək müvafiq tikililəri inşa etmiş, cavabdeh də məhz həmin sərəncam əsasında verilmiş hüquqa arxalanaraq mübahisəli əmlakı üçüncü şəxsdən alqı-satqı müqaviləsi əsasında almışdır. Nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanının rəsmi aktına etibar etməsi və öz davranışını həmin akta uyğun qurması onun legitim gözləntilərinin formalaşmasına səbəb olur. Dövlət isə öz qəbul etdiyi və ləğv etmədiyi aktın nəticələrinə hörmətlə yanaşmalı, həmin aktın hüquqi nəticələrini dolayısı ilə aradan qaldırmağa cəhd etməməlidir.

51. İddiaçının tələbi isə faktiki olaraq qüvvədə olan inzibati aktın hüquqi nəticələrini nəzərə almadan, həmin aktın mövcudluğunu sanki yox saymaqla tikilinin sökülməsini tələb etməkdən ibarətdir. Halbuki məhkəmə icraatında əsas prinsip ondan ibarətdir ki, hüquqi qüvvədə olan inzibati akt qüvvədən düşmədiyi müddətcə hamı üçün məcburidir və onun hüquqi nəticələri tanınmalıdır.

52. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biri olduğuna görə Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır.

53. Mülki Məcəllənin 152-ci maddəsinə görə, mülkiyyət hüququnun tərkib elementi olaraq sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

54. Konstitusiya Məhkəməsi Plenumunun “Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 146, 329, 675 və 700-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi ilə bağlı müraciətinə dair” 2025-ci il 11 iyun tarixli Qərarında qeyd olunmuşdur ki, qanunvericilikdə verilmiş tərifə, habelə mülki hüquq nəzəriyyəsinə əsasən sahiblik anlayışı müəyyən bir əşya üzərində real və faktiki olaraq iqtidara, hakimiyyətə malik olma halını ifadə edir və əşyaya bu şəkildə qanuni sahiblik müəyyən bir hüquqi əsas sayəsində (mülki-hüquqi əqd, məhkəmə qərarı) yarana bilir.

55. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları məcmu şəklində qiymətləndirərək belə nəticəyə gəlir ki, mübahisəli torpaq sahəsi qüvvədə olan inzibati akt (sərəncam) əsasında və məhz fərdi yaşayış evinin inşası məqsədilə ayrıldığından, bu torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikilməsi cavabdehin legitm gözləntilərinə uyğun olmuşdur. Həmçinin, cavabdeh notarial qaydada bağlanmış mülki-hüquqi əqd olan alqı-satqı müqaviləsi ilə həmin torpaq sahəsini və üzərindəki tikililəri satın almış, nəticədə onlar üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik hüququ əldə etmişdir. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərində müdaxilə tədbiri kimi tikilinin sökülməsi ən sərt hüquqi vasitələrdən biri hesab olunur və yalnız açıq-aşkar qanunsuzluq, hüquqi əsasın olmaması və ya etibarsız hüquqmüəyyənedici sənədin mövcudluğu hallarında tətbiq edilə bilər. Hazırkı iş üzrə isə əksinə, cavabdehin torpaq sahəsinə dair qüvvədə olan hüquqmüəyyənedici sənədi mövcuddur və o, həmin torpaq sahəsi ilə yanaşı, onun üzərindəki əmlaka da qanuni sahiblik edir. Belə şəraitdə söküntü tələbi hüquqi mütənasiblik və ədalət prinsipləri ilə uzlaşmır.

56. Həmçinin nəzərə alınmalıdır ki, mübahisəli torpaq sahəsinin neft kəmərinin mühafizə zolağında yerləşməsi həmin torpaq sahəsi üzərində mülkiyyət və ya istifadə hüququnun ləğvi anlamına gəlmir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü hissəsinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Bu isə o deməkdir ki, belə zonalarda yerləşən torpaq sahələri avtomatik olaraq hüquqi dövriyyədən çıxarılmış və ya tikinti baxımından tam yararsız elan edilmiş hesab edilə bilməz. Digər tərəfdən, mühafizə zonasının mövcudluğu faktı ilə tikilinin sökülməsinin zəruriliyi arasında avtomatik hüquqi əlaqə də mövcud deyildir. Belə ki, qanunvericilik mühafizə zonalarında xüsusi istifadə rejimi müəyyən etsə də, bu, həmin ərazilərdə yerləşən bütün tikililərin qeyd-şərtsiz sökülməli olması anlamına gəlmir. Əks halda, mühafizə zonası anlayışı hüququn məhdudlaşdırılması mexanizmi olmaqdan çıxar, faktiki olaraq mülkiyyət və istifadə hüququnun ləğvi alətinə çevrilərdi ki, bu da qanunvericinin iradəsinə uyğun deyildir.

57. Bununla yanaşı, tikinti-texniki ekspertiza rəyində müəyyən məsafə göstəriciləri qeyd edilsə də, tikilinin konkret olaraq real, qaçılmaz və dərhal aradan qaldırılmalı təhlükə yaratması barədə qəti nəticə əks olunmamışdır. Əgər hər hansı real təhlükə mövcud olsaydı, bu, texniki olaraq əsaslandırılmış və sübut edilə bilən şəkildə təqdim olunmalı idi. İş materiallarında isə belə sübutlar mövcud deyildir.

58. Həmçinin qeyd edilməlidir ki, iddiaçı xəbərdarlıq aktlarına istinad edərək cavabdehin guya bilə-bilə qanunsuz tikinti apardığını göstərməyə çalışmışdır. Lakin nəzərə alınmalıdır ki, torpaq sahəsi səlahiyyətli dövlət orqanının sərəncamı əsasında ayrıldığı üçün cavabdehin öz hüququnu qanunsuz hesab etməsi gözlənilə bilməz. Şəxs dövlət tərəfindən inzibati akt əsasında verilmiş hüquqdan istifadə etmişdirsə, onun davranışı özbaşına tikinti işlərinin aparılması kimi qiymətləndirilə bilməz.

59. Bundan başqa, iddiaçının müəyyən normativ hüquqi aktlara – Mülki Məcəllənin, Şəhərsalma və Tikinti Məcəlləsinin, Torpaq Məcəlləsinin və digər qaydaların müddəalarına istinad etməsi də iddianın təmin olunması üçün kifayət deyildir. Belə ki, həmin normalar hüquqi rejimi müəyyən edir, lakin onların tətbiqi hər bir halda faktiki şəraitin qiymətləndirilməsini tələb edir. Hazırkı iş üzrə torpaq sahəsinin ayrılması qanuni inzibati aktla rəsmiləşdirilmiş, həmin akt qüvvədə qalmış, tikilinin konkret təhlükə yaratması isə sübuta yetirilməmişdir. Bu halda normativ müddəaların abstrakt şəkildə sadalanması iddianın əsaslı olduğunu göstərmir.

60. Apellyasiya instansiyası yuxarıda qeyd edilənlərə istinadən belə nəticəyə gəlir ki, apelyasiya şikayətinin təmin edilməsi üçün zəruri olan hüquqi və faktiki əsaslar mövcud deyildir. İddiaçı tərəfindən irəli sürülmüş dəlillər tikilinin sökülməsi kimi ağır nəticəyə gətirib çıxaracaq müdaxiləni əsaslandırmaq üçün kifayət etmir. Buna görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına, sübutların qiymətləndirilməsinə və prosessual qanunvericiliyin tələblərinə tam uyğun olmuş, qəbul edilmiş qətnamə qanuni və əsaslıdır və dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

61. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-46/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar