Məhkəmə qərarları › İş №2(3-6)-1913/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1913/2026

25.05.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1913/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-1913/2026 (Açar sözlər: təbii qaz sərfinə görə hesablanmış borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə (İB) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)- ****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində (abonent kodu: 1007108000330000) təbii qazın sərfiyyatına görə 281.72 manat borcu yaranmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən **************** saylı abonent kodu üzrə hesablanmış 281.72 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur və orada yaşayır. İddiaçı sözügedən borcdan heç bir xəbəri olmadığını və borcun onun iştirakı olmadan tərtib edildiyini qeyd edir. Cavabdeh İstehsalat Birliyi tərəfindən 281,72 manat əsassız olaraq borc hesablanmışdır. Cavabdeh tərəfindən verilmiş ##.##.2025-ci il tarixli qazın dəyəri barədə hesabatda borcunun olmaması göstərilmişdir.

4. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edib izahatında bildirmişdir ki, borc əsassız hesablanmış, yaranan borc dəyərində təbii qazdan istifadə etməmişdir. O, il ərzində təxminən 5 ya 3 manat məbləğində qaz pulu verir, çünki qazdan elə o qədər də istifadə edir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsində göstərilənləri qəbul etmədiyini bildirərək, iddiaçının qaz istehlakı üzrə borcları yığılmış, iddiaçı 2010-cu il üçün 5 azn, 2011-ci il üçün 4 azn, 2012-ci il üçün 22 azn ödənişləri həyata keçirmişdir. Nəticədə yığılan 281,72 azn abunə borcu yaranmışdır. Bu borcun silinməsi əsassızdır.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi, məhkəmə xərclərinin dövlət büdcəsinə aid edilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 385.1, 386.1, 442, 448.2, Mənzil Məcəlləsinin 135.1, 136.4-cü maddələrinə, 614.3, 1096.1, 1096.2-ci maddələri, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18-ci maddəsinin 1-ci bəndinə, 26-cı maddəsinə, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, qanunverici istehlakçıya hər ay istehlak etdikləri qazın dəyəri və sabit tarif barədə bildirişin verilməsi vəzifəsini Qazpaylayıcının üzərinə qoymuşdur. Qazpaylayıcı özününün bu vəzifəsini icra edərək ona ##.##.2025-ci il tarixdə bildiiş vermişdir. Verilmiş bildirişdə “sizin borcunuz yoxdur” kimi qeyd yazılmışdır. Qeyd olunan bildirişin mövcud olmasına baxmayaraq, bildiriş tərtib olunduqdan bir müddət sonra Birliyin əməkdaşları tərəfindən ona əsassız olaraq 281,72 manat borc yazılmışdır. Məhkəmənin nəzərinə onu da çatdırır ki, sözügedən ünvanda fasilələrlə yaşayır. Ona görə də həmin ünvanda yalnız üç gözlü qaz plitəsi və el arasında pitiminutka kimi adlandırılan su qızdırıcı cihaz mövcuddur. Onun sözügüden ünvanda əsasən ilin isti vaxtlarında yaşadığı və cihazlarında qaz sərfiyyatı minimum olduğu üçün onun həmin ünvanla bağlı illik qaz sərfiyyatı 3-5 manat təşkil edir. Digər tərəfdən onu da qeyd edir ki, birinci instansiya məhkəməsi öz qətnaməsində yaranmış borcun ona məxsus **************** saylı abonent saldosuna əsasən 2010, 2011, 2012 və 2025-ci ili üzrə qalıq və aktlar üzrə cəmi 281,83 manat məbləğində borc hesablanmışdır. Məhkəmə bunu abonent saldosunun qalıq və aktlar hissəsində yazılmasını qeyd etsə də həmin borcun yaranması üçün əsas olan aktları cavabdehdən tələb etməmişdir. Ona görə də işin bu hissəsi araşdırılmamış qalmışdır. Təsadüfü deyildir ki, qanunverici mübahisələrin düzgün həllinə nail olmaq və ədalətli məhkəmə aktının çıxarılması üçün sübutların tam və hərtərəfli tədqiq etməsini bir vəzifə kimi məhkəmənin üzərinə qoymuşdur. Lakin Binəqədi Rayon Məhkəməsi *(***)-****/**** saylı iş üzrə ## ###### 2026-cı il tarixli qətnamə qəbul edərkən mülki-prosessual qanunvericiliyin qeyd etdiyi normalarının tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, tərəfindən Cavabdeh İB tərəfindən ona ünvanlanmış ##.##.2025-ci il tarixli bildiriş məhkəməyə təqdim olunsa da məhkəmə bu dəlili sübutlar sırasına daxil etməmişdir. Bundan əlavə məhkəmə hazırkı iş üzrə ixtisaslaşmış mütəxəssisin ekspertin rəyini almadan, öz mülahizəsi əsasında qərar qəbul etmişdir. Halbuki qanunverici belə mübahisəli halların araşdırılması üçün ekspertiza institutunu müəyyən etmişdir. Ona görə də məhkəmə tərəfindən bu sübuta ümumiyyətlə qiymət verilməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, məhkəmə qətnaməsinin nəticə hissəsi ilə işin faktiki halları arasında kəskin uyğunsuzluq vardır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

13. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

18. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

19. Maddə 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu

20. Maddə 3. Öz hüquqlarının və qanuni iddiaçıafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır.

21. Maddə 18.1. Dövlət istehlakçıların iddiaçıafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.

22. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər.

Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu

23. Maddə 13. 8-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

33. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: ##.##.2025-ci il tarixli ******* nömrəli aktdan görünür ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlandı və heç bir sızma aşkar edilmədi. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir.

34. İddiaçı məxsus 10071800330000 abonent saldosuna əsasən istehlakçıya 2010, 2011,2012 və 2025-ci il üzrə qalıq və aktlar üzrə cəmi 281.83 manat borc məbləği hesablanmışdır.

35. ##.##.2025-ci il tarixli, *-**-*-*/*-****/**** saylı X5 Agentliyinin Bakı filialının mütəxəssis rəyində göstərilmişdir ki, Toplanmış materiallardan məlum olmuşdur ki, İddiaçı məxsus *************** saylı kod ilə qeydiyyata alınmış ünvan 1 ünvanında 2010-cu ilin iyun ayından 2012-ci ilin oktyabr ayınadək dövr ərzində mexaniki tipli qaz sayğacı, 2012-ci ilin oktyabr ayından 2025-ci ilin ## ### tarixinədək dövr ərzində smart-katr tipli qaz sayğacı istismarda olmuşdur. Hal-hazırda iddiaçının evində mexaniki tipli qaz sayğacı istismar olunur. Abonentin saldosunun (Aqis və Gazrep) təhlili zamanı məlum olur ki, 2010-cu ilin iyun ayından 2012-ci ilin oktyabr ayınadək dövr ərzində iddiaçının yaşadığı evdə istehlak edilən qazın sərfi istismarda olan mexaniki tipli qaz sayğacının göstəriciləri əsasında müəyyən edilərək abonentin *************** saylı kod hesabına işlənilmişdir. 2010- cu ilin iyun ayından 2012-ci ilin oktyabr ayınadək dövr ərzində təbii qazdan istifadəyə görə 289,90 manat məbləğində borc yaranmışdır. 2012-ci ildə sayğacın əvəzlənməsi aktı tapılmadığı üçün bu borcun həqiqiliyinə dair rəy vermək mümkün deyil. 2012-ci ilin oktyabr ayından 2025-ci ilin ## ### tarixinədək dövr ərzində iddiaçının yaşadığı evdə smart-kart tipli qaz sayğacı istismarda olmuşdur. Bu dövr ərzində əvvəlcədən ödəniş edilməklə təbii qazdan istifadə olunmuşdur. Sənədlər təhlil olunarkən həmçinin məlum olur ki, iddiaçının yaşadığı ünvan üzrə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar və “Dəymiş ziyanın bərpasına dair” tələbnamələr olmamışdır.

36. Hazırki işin faktiki hallarından görünür ki, qeyd edilən ünvanda 2010-cu ilin iyun ayından 2012-ci ilin oktyabr ayınadək dövr ərzində təbii qazdan istifadəyə görə 289,90 manat məbləğində borc yaranmışdır. İddiaçı özünün etirafına əsasən təbii qazın istehlakçısı olmuş, hər il 4-5 manat ödəniş etmiş, hesab etmişdir ki, qazdan az istifadə etdiyindən bu ödəniş bəs edər. Məlum olur ki, hazırda mübahisələndirilən məbləğ 2010-cu ilin iyun ayından 2012-ci ilin oktyabr ayınadək dövr ərzində qaz sərfiyyatına görə hesablanmış borcdan qaynaqlanır. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutlar əsasında müəyyən olunur ki, hesablanan pul məbləği sərf edilmiş qaza görə yaranan borc olduğundan onun silinməsi əsassızdır.

37. Kollegiya apellyasiya şikayətində qeyd olunan məhkəmə ekspertizasının təyin edilməsi barədə dəlillərə münasibətdə isə bildirir ki, qanunvericiliyə əsasən məhkəmə orqanlarının ekspertiza təyininə dair səlahiyyəti dispozitiv həddə müəyyən edilmişdir.

38. Bundan əlavə Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Qeyd edilən normaların tələblərindən də göründüyü kimi istər iddianı irəli sürən şəxs, istərsə də həmin iddia tələbi ilə razılaşmayaraq buna etiraz edən müvafiq olaraq öz mülahizələrini əsaslandırmalı və məhkəmə həmin əsaslandırmaların kökündə duran sübutlara qiymət verməli, yalnız həmin dəlillər kifayət etmədikdə məhkəmə tərəfindən bunun üçün əlavə tədbirlərin görülə biləcəyi nəzərdə saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı cavabdeh tərəfindən hesablanmış borc məbləği ilə razı olmadığını bildirsə də, bu mülahizələrini əsaslandıracaq hər hansı dəlili məhkəməyə təqdim etməmiş, iş materiallarında qeyd edilən sənədlərin mübahisəyə qiymət vermək üçün kifayət olmaması və ekspertizanın təyin edilməsinin iş üzrə zəruri olduğunu təsdiq edəcək hər hansı əsaslar aşkarlanmamışdır. Qeyd edilənlərə əsasən kollegiya iddiaçının göstərilən dəlilini əsassız hesab edir.

40. Beləliklə, kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

42. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

44. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

45. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar