Məhkəmə qərarları › İş №2(3-6)-1960/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1960/2026

07.07.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1960/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “özbaşına tikilinin boşaldılaraq sökülməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamədən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, apellyatorun özünün və onun nümayəndəsi (qardaşı) X1, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: a) iddia tələbi haqqında məlumat

1. Iddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi ASC-nin adından cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2021-ci il tarixli, *** nömrəli sərəncamına əsasən yeni yaşayış kompleksinin tikintisi məqsədilə iddiaçı ASC-yə icarə əsasında istifadəyə verilmiş və Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən 25,31 ha torpaq sahəsinin daxilində cavabdeh tərəfindən inşa edilmiş və sahəsi 88 kv.m olan M-***A nömrəli özbaşına tikilinin əvəzində ASC tərəfindən cavabdeh 55.000 manat kompensasiya ödənilməklə, tikilinin boşaldılaraq sökülməsi və iddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi (iddia ərizəsində göstərilənlərə, birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində verilmiş izahatlara əsasən) onunla əsaslandırılmışdır ki, Bakı ŞIH başçısının ##.##.2021-ci il tarixli sərəncamına əsasən iddia ərizəsində qeyd edilən ərazidə, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri ilə qarşılıqlı razılıq əsasında ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə icarə əsasında ASC-nin istifadəsinə verilmişdir. Cavabdehə məxsus mübahisəli özbaşına tikili də qeyd edilən sərəncamda nəzərdə tutulmuş torpaq sahəsinin hüdudları daxilində yerləşir. Tikili qanunsuz (özbaşına) tikilidir, tikinti qaydalarına uyğun inşa olunmamışdır Tikilinin qiymətləndirilməsi məqsədi ilə ASC tərəfindən “xxxx” MMC-yə müraciət edilmiş və həmin MMC tərəfindən tikilinin qiymətləndirilməsi həyata keçirilərək, ##.##.2025-ci il tarixli, *** №-li rəy verilmişdir. Rəydə qeyd edilir ki, həmin tikilinin dəyəri 35.200 manatdır. ASC-nin buna səlahiyyəti olan təmsilçiləri cavabdeh ilə görüşərək, ASC tərəfindən cavabdehə tikilinin dəyəri olan məbləğin - 35.200 manatın kompensasiya kimi verilməklə, tikilinin sökülməsi üçün ASC-yə təhvil verilməsini təklif etsələr də, cavabdeh hüquqlarından sui-istifadə edərək, ASC-nin təklifi ilə razılaşmamışdır. Bundan sonra ASC-nin buna səlahiyyəti olan təmsilçiləri cavabdeh ilə görüşərək, ASC tərəfindən cavabdehə 55.000 manat məbləğində kompensasiya ödənilməsini təklif etmiş, lakin cavabdeh bu dəfə də hüquqlardan sui-istifadə edərək, təklif edilən məbləğdən qat-qat artıq məbləğdə kompensasiyanın ödənilməsini tələb etmişdir. Cavabdehin tələb etdiyi məbləğ ağlabatan olmadığından ASC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsinə verdikləri izahatlar haqqında məlumat

3. Iddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclaslarına iştirak edərək, iddia tələbini müdafiə etmiş, Rayon Məhkəməsinə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın son razılıqda göstərilmiş məbləğ nəzərə alınmaqla təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbi haqqında Rayon Məhkəməsinə məlumat verməmişdir. Bu səbəbdən də Rayon Məhkəməsi işə cavabdehin iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. Işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın təmin edilməsini, cavabdehə məxsus və Bakı ŞIH başçısının ##.##.2021-ci il tarixli sərəncamına əsasən iddiaçı ASC-nin istifadəsinə verilmiş və iddia ərizəsində qeyd edilən torpaq sahəsinin daxilində yerləşən özbaşına tikilinin, iddiaçı ASC tərəfindən cavabdehə 55.000 manat kompensasiya ödənilməklə, boşaldılaraq sökülməsini, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 400 manat məbləğində pulun iddiaçı ASC-dən tutularaq “xxxx” MMCyə ödənilməsini və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçı ASC-nin özünə aid edilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli tikili Bakı ŞHI başçısının ##.##.2021-ci il tarixli sərəncamı ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə iddiaçı ASC-nin istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir, cavabdehin həmin tikili və yerləşdiyi torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən dövlət qeydiyyatına alınmış hüquqmüəyyənedici sənədlər mövcud olmadığından tikili özbaşına tikili hesab edilir. Iddiaçı ASC-nin təmsilçiləri tərəfindən layihənin həyata keçirilməsi məqsədilə cavabdehlə danışıqlar aparılmış, kompensasiya ödənilməsi təklif edilmiş, lakin tərəflər arasında razılıq əldə edilməmişdir. Işin hallarından müəyyən edilir ki, cavabdeh ona təklif edilən məbləğdən bir neçə dəfə çox məbləğdə kompensasiyanın ödənilməsini tələb etmişdir. Rayon Məhkəməsi iş materiallarında olan qiymətləndirmə hesabatını, tikilinin texniki vəziyyətinə dair sənədləri, tərəflərin təqdim etdikləri sübutları və digər yazılı materialları birlikdə qiymətləndirərək müəyyən etmişdir ki, cavabdehə 55.000 manat məbləğində kompensasiya ödənilməsi mülkiyyət hüququ ilə ictimai maraq arasında ədalətli tarazlığın təmin edilməsi baxımından kifayət hesab olunmalıdır. Bu səbəbdən Rayon Məhkəməsi iddianın təmin edilməli olduğu qənaətinə gəlmişdir. d) apellyasiya şikayəti haqqında məlumat

7. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdehə ödənilməsi qət edilmiş 55.000 manat məbləğində kompensasiya, sökülməsi tələb edilən tikilinin və faktiki istifadə etdiyi yaşayış sahəsinin real bazar dəyərinə uyğun deyildir. Bundan başqa Rayon Məhkəməsi yaşayış sahəsinin faktiki ölçüsünü, tikilinin uzun illər yaşayış məqsədilə istifadə olunmasını, ailə üzvlərinin sayını və yaşayış şəraitini nəzərə almamış, kompensasiyanın müəyyən edilməsinin əsasını təşkil edən qiymətləndirmə hesabatlarını kifayət qədər araşdırmamışdır. Digər sakinlərlə müqayisədə ona fərqli yanaşıldığı, həmin ərazidə yaşayan bəzi şəxslərin mənzillə təmin edildiyi halda, ona yalnız pul kompensasiyası təklif edildiyi bildirilmişdir. Cavabdeh, həmçinin göstərmişdir ki, yaşayış sahəsinin dəyəri müəyyən edilərkən qanunvericilikdə və məhkəmə təcrübəsində nəzərdə tutulan meyarlar, o cümlədən yaşayış sahəsinə əlavə faiz tətbiq edilməsi məsələsi nəzərə alınmamış, iş üzrə məhkəmə ekspertizası təyin edilməmiş, tikilinin faktiki vəziyyəti və bazar dəyəri tam araşdırılmamışdır. Onun fikrincə, bu hallar nəticəsində mülkiyyət hüququ və yaşayış hüququ pozulmuş, Konstitusiyanın 13, 29 və 43-cü maddələrinin tələblərinə əməl edilməmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat

9. Cavabdeh və onun nümayəndəsi (qardaşı) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər.

10. Cavabdeh bildirdi ki, o, ona pul şəklində kompensasiyanın verilməsi ilə ümumiyyətlə razı deyil. Çünki iddiaçı ASC tərəfindən digər tikililərin sahiblərinə kompensasiya olaraq mənzil verir ona isə yalnız pul şəklində kompensasiya təklif edir. Hesab edir ki, iddiaçı ASC tərəfindən ona həmin ərazidə inşa ediləcək yeni binalardan birindən ona məxsus tikilinin sahəsinə - 88 kv.m. 20 % əlavə sahə hesablanmaqla mənzil sahəsi verməlidir. Əks halda o, iddianın rədd edilməsini xahiş edir.

11. Cavabdehin nümayəndəsi isə əlavə olaraq bildirmişdir ki, burada söhbət iki oğul böyütməkdə olan gənc bir ailədən söhbət gedir. Iddiaçı ASC bu gənc ailəni faktiki olaraq evsiz qoymaq istəyir. Mülkiyyət hüququnun pozulması və haqsızlıq baş verib. Cavbadeh haqlı olaraq istəyir ki, iddiaçı tərəf kvadrata uyğun olaraq onlara müəyyən məbləğ təklif etsin, lakin belə bir təklif olmayıb. Qiymətləndirmənin aparılması üçün ekspertiza da təyin olunmayıb. Mübahisəli evlər çox köhnə evlərdir, cavabdeh və onun ailə üzvləri ilə birlikdə 30 ildən çoxdur ki, orada yaşayır, cavabdeh məktəbə də orda getmişdir. Onların ailəsi lap əvvəllər Qız Qalasının yaxınlığında bir evdə yaşayırdı, 1994-cü ildə o evdən köçmüşdürlər. Hazırkı evlər isə Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin hakimiyyəti dövründə dövlət tərəfindən əhali üçün ayrılmışdır ki, insanlar təsərrüfatla məşğul olsunlar. Həmin evlərin bəzilərinin layihə sənədləri var, amma böyük əksəriyyətinin çıxarışı yoxdur. Düzdür, Fövqəladə Hallar Nazirliyindən xəbərdarlıq edilib ki, ev qəzalı vəziyyətdədir, lakin həmin təşkilatın belə bir nəticəyə necə gəldiyi sual doğurur. Çünki evə heç bir baxış keçirilməmişdir. Ev köhnə ev də deyil, bu barədə video-çəkilişlər var, baxış üçün təqdim edilə bilər.

12. Iddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini Məhkəmədən xahiş etmişdir.

13. O, əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəf qeyd edir ki, onlarla danışıqlar aparılmayıb. Lakin nəzərə alınmalıdır ki, cavabdeh tərəflə danışıqlar dəfələrlə olub, lakin cavabdeh tərəf reallıqdan kənar olan tələblər irəli sürdüyündən razılıq əldə edilə bilməyib. Həmçinin tikililərə də bir-bir baxış keçirilib, rayon rəhbərliyinin və şirkət rəhbərliyinin iştirakı ilə aktlar tərtib olunub. Tikililərin hər birinə fərdi yanaşılıb, ədalətli şəkildə kompensasiya müəyyən olunub. Ekspert vasitəsilə qiymətləndirmə aparılmış və hesab edilmişdir ki, ekspert rəyi ədalətlidir. Həmin tikilinin nə çıxarışı, nə torpağa dair sənədi, nə də icarə icazəsi var. Qanunsuz olaraq zəbt olunmuş bir tikilidir. Bütün bunlara baxmayaraq, iddiaçı ASC qarşı tərəfin fikirlərinə daha optimist yanaşaraq hal-hazırda cavabdehin xeyrinə 65.000 manat məbləğində kompensasinın tutulmasını təklif edir. Bunda başqa qeyd edir ki, başqa tikililərin sahibləri qanunsuz tikililəri sökülməsi üçün ASC-yə təhvil verən zaman ASC-yə əlavə məbləğdə pul ödəyirlər və bununla həmin şəxslər ilə bağlı razılaşma kompensasiyanın naturada, yəni mənzil formatında ödənilməsi nəzərdə tutulur. Hazırkı işdə isə ASC cavabdehə, cavabdehin tələb etdiyi ölçüdə mənzil vermək niyyətində deyil. Çünki cavabdeh ASC-yə ödəməli olan fərqi ödəmək istəmir. Cavabdehə aid özbaşına tikilinin sahəsi cavabdehin iştirakı ilə ASC-nin nümayəndələri tərəfindən ölçülmüş və müəyyən edilmişdir ki, tikilinin ümumi sahəsi 77,21 kv.m. təşkil edir və bu barədə akt tərtib edilmişdir. Cavabdeh hazırda bildirir ki, tikilinin sahəsi daha çox, yəni 88 kv.m-dir. Ən azından aktda qeyd edilən ölçü götürülsə belə cavabdehin təklif etdiyi 20 % əlavə ilə birlikdə kompensasiya olaraq verilməli olan mənzilin ölçüsü təxminən 93 kv.m təşkil edir ki, bu da təklif olunan kompensasiyanın məbləğindən 4 dəfədən artıq məbləğ təşkil edir. Bu isə maliyyə baxımından ASC üçün qəbuledilməzdir. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlillərini, iş materiallarında olan sübutları və tətbiq edilməli maddi və prosessual hüquq normalarını qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi iddiaçı ASC-dən cavabdehin xeyrinə tutulmalı olan kompensasiyanın məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, kompensasiyanın məbləği 65.000 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, Bakı ŞIH başçısının ##.##.2021-ci il tarixli *** nömrəli “yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi” haqqında sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında iddiaçı ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə ASC-nin icarə əsasında istifadə verilməsi qərara alınmışdır.

16. “X4” MMC tərəfindən iddiaçı ASC-yə verilmiş ##.##.2025-ci il tarixli, *** saylı qiymətləndirmə rəyindən görünür ki, real bazar qiymətləri nəzərər alınmaqla müəyyən edilir ki, cavabdehə aid olan mübahisəli özbaşına tikilinin təqribi dəyəri 35.200 manat təşkil edir.

17. Iddiaçı ASC-nin nümayəndələri Elnur Ağayev və Ibrahim Dostumalıyevin cavabdehin iştirakı ilə tərtib etdikləri aktdan müəyyən edilir ki, cavabdehə aid özbaşına tikilinin ümumi sahəsi 77,21 kv.m. təşkil edir.

18. “xxxx” MMC tərəfindən Rayon Məhkəməsinə verilmiş ##.##.2026-cı il tarixli, CC/***/**-**** nömrəli hesabatından görünür ki, cavabdehə aid olan mübahisəli özbaşına tikilinin bazar dəyəri 55.000 manat təşkil edir.

19. Göstərilənlərə və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, Bakı ŞIH başçısının ##.##.2021-ci il tarixli sərəncamı əsasında yuxarıda qeyd edilən ərazidə və koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında iddiaçı ASC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün ASCnin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. Cavabdehin istifadə etdiyi mübahisəli tikili qeyd olunan sərəncamın əhatə etdiyi ərazidə yerləşir, həmin tikili və yerləşdiyi torpaq sahəsi üzərində cavabdehin mülkiyyət və ya digər əşya hüququnun dövlət qeydiyyatına alındığını təsdiq edən hüquqmüəyyənedici sənədlər mövcud deyildir. Həmin tikili özbaşına tikilidir. Qiymətləndirici şirkət tərəfindən Rayon Məhkəməsinə verilmiş rəydən görünür ki, həmin tikilinin bazar dəyəri 55.000 manat təşkil edir. Iddiaçı ASC də həmin rəyi nəzərə alaraq cavabdehə ödənilməli olan kompensasiyanı ilk olaraq təklif etdiyi məbləği qaldıraraq 55.000 manat müəyyən edilmişdir. Həmçinin tikilinin texniki vəziyyətinə dair sənədlər, fotoşəkillər, aidiyyəti dövlət orqanlarının məktubları və tərəflər arasında aparılmış danışıqlara dair sənədlər mövcuddur.

20. Rayon Məhkəməsi həmin sübutları digər iş materialları ilə birlikdə qiymətləndirərək iddianın təmin olunması barədə nəticəyə gəlmişdir. Apellyasiya baxışı zamanı iddiaçı ASCnin nümayəndəsi əvvəl müəyyən edilmiş 55.000 manat məbləğində kompensasiyanın artırılaraq 65.000 manat müəyyən edilməsinə razı olduqlarını bildirmiş, bununla bağlı məhkəməyə yazılı ərizə təqdim etmişdir. Sonrakı məhkəmə iclasında ASC-nin nümayəndəsi həmin mövqeyini bir daha təsdiq edərək ASC-nin cavabdehə 65.000 manat kompensasiya ödəməyə hazır olduğunu bildirmişdir.

21. Məhkəmə bildirir ki, cavabdehə aid olan tikili özbaşına tikilidir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılmamış torpaq sahəsində, yaxud lazımi icazələr alınmadan və ya şəhərsalma və tikinti normaları ciddi şəkildə pozulmaqla tikilmiş yaşayış evi, digər tikili və ya qurğu özbaşına tikili hesab edilir və həmin maddədə nəzərdə tutulmuş hüquqi nəticələrə səbəb olur.

22. Həmin tikili özbaşına tikili olduğu üçün cavabdehin həmin tikili üzərində hər hansı bir hüququ yaranmamışdır və mövcud deyil. Çünki Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq səhələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (maddə 68.). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fıziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (maddə 111.).

23. Mövcud mülki mübahisənin həllinə cavabdehin mövqeyindən yanaşdıqda müəyyən edilir ki, həmin tikili özbaşına tikili olsa da, cavabdehin yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

24. Mübahisənin həllinə iddiaçı ASC-nin mövqeyindən yanaşdıqda müəyyən edilir ki, mübahisəli özbaşına tikilinin yerləşdiyi ərazıdəki, qanuni və qanunsuz inşa edilmiş tikililərin sökülməsi və həmin ərazidə yeni yaşayış kompleksinin tikintisi Bakı ŞIH başçısının ##.##.2021-ci il tarixli sərəncamı ilə ASC-yə həvalə edilmiş və həmin ərazidə yerləşən 25,31 ha torpaq sahəsi ASC-nin istifadəsinə - sahibliyinə verilmişdir. Mülki Məcəllənin tələblərinə görə isə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır (maddə 164.1.). Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər (maddə 164.2.). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (maddə 165.1.).

25. Işin hallarından müəyyən edilir ki, qeyd edilən torpaq sahəsinin hazırkı sahibi olan iddiaçı ASC cavabdehə aid tikilinin özbaşına tikili olmasına və cavabdehin həmin tikili üzərində heç bir hüquq əldə etməməsinə baxmayaraq cavabdehin həmin tikilidə uzun müddətdir ki, yaşamasını nəzərə alaraq həmin tikilinin cavabdehə kompensasiya vermədən deyil, kompensasiya verməklə sökülməsini məhkəmədən tələb edir.

26. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, cavabdehə aid mübahisəli özbaşına tikilinin yerləşdiyi ərazi istifadəsinə verilmiş iddiaçı ASC həmin tikilinin sökülməsini tələb etməkdə haqlıdır və Rayon Məhkəməsinin bu kimi nəticəsi qanuni və əsaslıdır.

27. Özbaşına tikilinin sökülməsini tələb edən iddiaçı ASC cavabdehə kompensasiya vermək istəyir. Birinci instansiya məhkəməsində aparılmış icraat zamanı cavabdeh məhkəmə iclaslarında iştirak etməsə də apellyasiya baxışı iclasında iştirak etmişdir və apellyasiya icraatı zamanı aşkar surətdə müəyyən edilmişdir ki, kompensasiyanın növü və həcmi (miqdarı) barədə iş üzrə tərəflər razılığa gələ bilmirlər.

28. Belə ki, ASC hesab edir ki, onun tərəfindən cavabdehə pul şəklində (apellyasiya baxışı zamanı kompensasiyanın artırılmış məbləği) 65.000 manat məbləğində kompensasiya ödənilməlidir.

29. Cavabdeh isə bildirdi ki, o, ona pul şəklində kompensasiyanın verilməsi ilə ümumiyyətlə razı deyil və hesab edir ki, iddiaçı ASC tərəfindən ona həmin ərazidə inşa ediləcək yeni binalardan birindən ona məxsus tikilinin sahəsinə - 88 kv.m. 20 % əlavə sahə hesablanmaqla mənzil sahəsi verməlidir. Əks halda o, iddianın rədd edilməsini xahiş edir.

30. Iddiaçı ASC-nin nümayəndəsi isə öz növbəsində cavabdehin təklifi ilə razılaşmır və hesab edir ki, cavabdeh hüquqdan sui-istifadə edərək, ASC-yə münasibətdə əsassız olaraq varlanmaq istəyir və bunu onunla izah edir ki, cavabdehin təklif etdiyi kompensasiya təklif olunan kompensasiyanın məbləğindən 4 dəfədən artıq məbləğ təşkil edir.

31. Yaranmış vəziyyəti nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2020-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, dövlət və ya ictimai ehtiyaclarla əlaqədar mülkiyyət hüququna müdaxilə edilərkən şəxsin mülkiyyət hüququ ilə ictimai maraq arasında ədalətli tarazlıq təmin edilməli, müdaxilə mütənasib olmalı və kompensasiyanı ödəməli olan şəxsin üzərinə qeyri-mütənasib yük qoyulmamalıdır.

32. Bunu, işin hallarını, əsasən də apellyasiya icraatı zamanı iş üzrə tərəflərin sərgilədikləri mövqeyi nəzərə alaraq Məhkəmə hesab edir ki, mübahisəli tikilinin sökülməsini tələb etməkdə haqlı olan ASC, öz maraqlarını güdməklə yanaşı cavabdehin də maraqlarını güdür, lakin mübahisəli tikili üzərində hər hansı bir hüquq əldə etməmiş cavabdeh öz maraqlarını güdsə də, iddiaçının maraqlarını nəzərə almır, o hüquqdan sui-istifadə edir ki, bu da yolverilməzdir. Çünki Mülki Məcəlləsinin tələblərinə görə, mülki hüquq münasibətlərinin subyektləri vicdanla hərəkət etməli, hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən digər şəxslərin hüquq və qanunla qorunan mənafelərinə zərər vurmamalıdırlar (maddə 5.3.). Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (maddə 16.1.).

33. Odur ki, göstərilənləri və apellyasiya baxışı zamanı iddiaçı ASC-nin onun tərəfindən cavabdehə ödənilməli olan kompensasiya məbləğinin 55.000 manatdan 65.000 manat artırmasını nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə iddiaçıdan cavabdehin xeyrinə tutulmalı olan kompensasiyanın məbləğinin müəyyən ediləsi hissəsində dəyişdirilməlidir. Bu baxımdan apellyasiya şikayətində kompensasiyanın həcmi ilə bağlı qeyd edilmiş dəlil qismən əsaslı hesab edilməlidir. g) apellyasiya baxışının nəticəsi

34. Beləliklə də apelyasiyanın nəticələri ilə müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə qanuni və əsaslı qətnamə qəbul etsə də, apellyasiya baxışı zamanı iddiaçı tərəfindən kompensasiyanın artırılması barədə iradə ifadə edildiyindən və bu hal iş materialları ilə təsdiq olunduğundan, qətnamə yalnız iddiaçı ASC-dən cavabdehin xeyrinə tutulmalı olan kompensasiyanın məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli və cavabdehə ödənilməli olan kompensasiyanın məbləği 65.000 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə MPM-in 382, 384, 392, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutaraq

QƏT ETDI:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamə qismən, yəni iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən cavabdeh Cavabdeh xeyrinə tutulmalı olan kompensasiyanın məbləğinin müəyyən edilməsi hissədə dəyişdirilsin və İddiaçı Açıq Səhmdar Cəmiyyətindən cavabdeh Cavabdeh xeyrinə tutulmalı olan kompensasiyanın məbləği 65.000 (altmış beş min) manat məbləğində müəyyən edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi tarixdən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar