Məhkəmə qərarları › İş №2(3-6)-2001/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2001/2026

09.06.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2001/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı əsassız hesablanmış məbləğin hesab kodundan silinməsi, qaz təchizatının bərpa olunması tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı əsassız hesablanmış məbləğin hesab kodundan silinməsi, qaz təchizatının bərpa olunması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Abonent kodu 100202503200030 olan X6 adına olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanı üzrə qalıq və aktlar əsasında 2026-cı ilin əvvəlinə 1190,45 manat məbləğində borc hesablanmışdır. Sayğacın tipi: Zenner G4T SMART ##.##.2022-ci il tarixdə quraşdırılmışdır.

2. X7 ## #### 2011-ci il tarixində Bakı şəhərində vəfat etmişdir.

3. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayonu Icra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin ** saylı MKIS-in ## ##### 2026-cı il tarixli arayışına əsasən İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.

Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini təmin edərək, cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən əsassız hesablanmış 924 manat məbləğin iddiaçı İddiaçı mərhum qardaşı, X6 adına olan *************** №-li kodundan silinməsi və qaz təchizatının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Iddia onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda qeydiyyatdadır, faktiki olaraq həmin ünvanda yaşayır. Qeyd olunan ünvanda 4 gözlü (PQ-4) (1/1) qaz piltəsindən istifadə olunur. ##.##.2011-ci ildə Cavabdeh IB tərəfindən ünvan 1 ünvanına abonentin, X6 iştirakı ilə küçədə SMART G-4 tipli, 1102AQ1********** № li sayğac quraşdırılmış, plomb vurulmuş, X6 adma *************** №-li kod verilmişdir. Iddiaçı İddiaçı qardaşı, X7 ##.##.2011-ci ildə vəfat etmişdir. ##.##.2011-ci ildən, mərhum X6 40 mərasimindən sonra qeyd olunan ünvanda yaşayış olmamış, təbii fəlakət nəticəsində ev yararsız vəziyyətə düşmüş, sökülmüş, ****AQ*********** №-li sayğacdan mənzilə gedən qaz xətti zədələnmiş, əraziyə nəzarət edən Cavabdeh IB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilərkən elektron tablodakı göstəricilərə əhəmiyyət verilməmiş, yəni əvvəlki dövrlərlə orta aylıq qaz sərfiyyatı nəzarətçinin gözündən yayınmış, mənzilə gedən qaz xəttinin sızması nəticəsində 3696,00 m3 təbii qaz havaya getmiş, iddiaçının müraciətindən sonra qeyd olunan ünvana təbii qazın təchizatı dayandırılmışdır. Iddiaçı İddiaçı, sökülmüş, dağılmış evin həyətində fərdi yaşayış evi inşa etmiş, lakin evə qaz xətti çəkilmədiyindən orada yaşamamışdır. Iddiaçı İddiaçı müraciəti əsasında ##.##.2022-ci ildə ZENNER G4-T STS tipli, ************* №-li sayğac quraşdırılmış, lakin havaya getmiş 3696,00 m3 təbii qaza görə yaranmış 924,00 manat borcun ödənişi olmadan SMART-KART iddiaçıya verilməmişdir. Iddiaçı qeyd olunan miqdarda qazdan istifadə etmədiyini sübut etmiş, cavabdeh isə borcun silinəcəyini və smart-kartı aktiv edəcəyini bildirsə də, nə borc silinmiş, nə də ki, SMART-KART aktiv olunmamışdır. “Qaz paylayıcısı ilə sənavə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısma dair” müqaviləyə əsasən, Paylayıcı həmin Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq Istehlakçını keyfiyyətli qazla təmin edir, Istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmçinin təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə həmin Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək Istehlakçının vəzifəsidir. “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-ci maddəsinə əsasən qaz paylayıcısı tərəfindən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə AKT tərtib etməli və həmin AKTın bir nüsxəsini barəsində AKT tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Istehlakçının qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri, (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Yuxarıda qeyd olunan maddə ##.##.2022-ci ildən qüvvəyə mindiyi üçün hesab edir ki, göstərilən norma qeyd olunan abonentə tətbiq olunmalıdır. Beləliklə, hazırki işdən göründüyü kimi, cavabdeh Cavabdeh IB göstərilən qaydaya riayət etməmişdir. Iş üzrə istehlakçının mənzilinə gedən qaz xəttinin sınmasını və cavabdehdən qaz təchizatının dayandırılmasını cavabdeh etiraf etmiş və iddiaçının müraciətlərini nəzərə alaraq qeyd olunan ünvanda yeni inşa edilmiş mənzilə qaz sayğacı quraşdırmışdır. Bundan əlavə, ##.##.2026-cı il tarixli GASREP-dən görünür ki, abonent sərfiyyata uyğun olaraq, ##.##.2011-ci ildən ##.##.2021-ci ilə qədər 27265 m3 qaz sərfiyyatına görə 3443,00 manat ödəniş etmişdir. Göründüyü kimi, abonent 10 il ərzində 3443,00 manatlıq qaz sərfiyyatı etmiş, lakin cavabdeh abonentin hesab koduna 924,00 manat borc hesablamışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti dövlət orqanı olmadığından onun qəbul etdiyi AKT-lar da normativ hüquqi AKT-lar ola bilməz.

6. Daha sonra iddiaçı İddiaçı ##.##.2026-cı il tarixində iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə təqdim edərək, Cavabdeh IB tərəfindən əsassız hesablanmış 924,00 manat məbləğin onun mərhum qardaşı, X6 adına olan *************** №-li kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh Cavabdeh Istehsalat Birliyinin nümayəndəsi X1 ##.##.2026-cı il tarixində “AZEMIS” elektron kabinet vasitəsilə iddia tələbinə etirazı məhkəməyə təqdim edərək, bildirmişdir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı və cavabdeh Cavabdeh IB arasında qazın alqı-satqı müqaviləsi bağlanmamışdır, ona görə də onun iddia qaldırmaq kimi subyektiv bir hüququ mövcud deyildir. Şəxsin qardaşına nisbətdə onun varisi kimi hüquqlar sahib olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Iddiaçının inşa etmiş olduğu yaşayış evinin qazlaşdırılması üçün “Qaz təchizatı haqqında“ Azərbaycan Respublikasının qanununda tələb olunan hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir, həmin evə dair texniki şərtin də mövcud olmasına dair sübut yoxdur. Iddiaçı müvəqqəti təminat tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edən zaman ondan tutmaların aparılmasının qadağan edilməsini xahiş etmiş, məhkəmə tərəfindən həmin ərizə təmin edilmişdir. Halbu ki, iddiaçıya nisbətdə hər hansı tutmalar aparılmır. Iddiaçının silinməsini tələb etdiyi məbləğ qeyd olunan ünvandan ##.##.2021-ci il tarixində “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” tərtib edilmiş ******* saylı aktla çıxarılmış ****AZ************ saylı qaz sayğacının üzərində olan, istehlak edimiş, lakin dəyəri ödənilməmiş qaz sərfiyyatı nəticəsində qeydə alınmış məbləğdir. Sayğacın mənfiyə işləməsi haqlı ilə bağlı qalıq 139,20 manat məbləğ sayğac dəyişdikdən sonra AGIS proqramına daxil edilmişdir. Hazırda idddiaçının borcu 1190,45 manat təşkil etməkdədir (1176.60 (sərfiyyat borcu) +16.65 ( limitdən artıq istifadə+139.20 (mənfiyə getmə ilə bağlı debitor borc) + 3 ( sabit məbləğ) ) – 145 (ödəniş) =1190,45 manat. Buna baxmayaraq iddiaçı verdiyi ərizədə qaz sərfiyyatının faktiki olaraq onun tərəfindən həyata keçirilməsini inkar etmiş (baxmayaraq ki, borcun yarandığı zaman ərzində istehlak edilən qaz məhz sayğacıdan keçən qaz olmuşdur). Həmin dövrün əvvəlki illərlə müqayisəsi də bunu sübut edən faktiki hallardan biridir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbi əsassız və qanunsuz olduğu üçün onun rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən ünvan 1 ünvanına dair abonent kodu 100202503200030 olan X6 adına hesablanmış 924,00 (doqquz yüz iyirmi dörd) manat məbləğində borcun silinməsi qət edilmişdir.

9. Qətnamənin əsaslarına görə, iddiaçı İddiaçı mərhum X6 bacısıdır. Iş materiallarında olan ölüm haqqında şəhadətnaməyə əsasən X7 ## #### 2011-ci il tarixində vəfat etmişdir. Iddiaçının yaxın qohum olması və mərhumun ailə üzvü kimi həmin ünvanda qeydiyyatda olması işin mübahisəsiz halıdır. Bu hal onun həmin ünvanla faktiki və hüquqi əlaqəsini təsdiq edir. Iddiaçı tərəfindən təqdim edilən izahatdan və iş materiallarında olan sübutlardan müəyyən olunur ki, mübahisəli ünvan üzrə fərdi yaşayış evi təbii hadisə nəticəsində yararsız vəziyyətə düşmüş, sökülmüş və həmin dövrdə qaz xəttində sızma baş vermişdir. Nəticədə qazın texniki itkiyə getməsi ehtimalı yaranmışdır. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı ilə qaz təchizatı müqaviləsi bağlanmamışdır və onun subyektiv iddia hüququ yoxdur. Lakin məhkəmə bu dəlili əsaslı saymır, belə ki, abonent hesabı mərhum X6 adına açılmış olsa da, iddiaçı həmin ünvan üzrə faktiki istifadə və ailə üzvü olan şəxs kimi subyektiv hüquqa malikdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mərhumun qanuni vərəsəsi kimi çıxış edir və başqa vərəsələrin olmaması və ya onların iddiaya qoşulmaması onun subyektiv hüququnu istisna etmir. Cavabdeh Cavabdeh Istehsalat Birliyinin təqdim etdiyi hesablamalar və borc məbləğinə əsasən sayğac dəyişdirilməzdən əvvəlki dövrdə yaranmış texniki itkilərə əsaslanır. Lakin iş materiallarında həmin qaz sərfiyyatının birbaşa istehlak edildiyini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Eyni zamanda, sayğaca müdaxilə və ya qeyri-qanuni istifadə halları müəyyən edildikdə bu hallar müvafiq aktlarla rəsmiləşdirilməli və istehlakçıya təqdim edilməlidir. Iş materiallarında isə iddiaçıya münasibətdə bu prosedurun aparılmadığı müəyyən olunur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən hesablanmış 924,00 manat məbləğ mübahisəlidir və kifayət qədər sübut olunmamışdır. Iddiaçının həmin qaz sərfiyyatından faktiki istifadə etmədiyi, evin sökülməsi və qaz sızması nəticəsində texniki itkilərin baş verməsi ehtimalı iş materiallarında öz əksini tapır. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı uzun müddət mübahisəli evdə yaşamamış, iş materiallarında olan fotoşəkillərdən də görünür ki, ev qəzalı vəziyyətdədir və bu da bir daha onu sübut edir ki, həmin ev yaşayış üçün uyğun deyildir. Cavabdeh tərəfindən iddiaçıya hesablanmış 924,00 (doqquz yüz iyirmi dörd) manat məbləğində borc iş materialları ilə sübut olunmamışdır. Bundan başqa, iş materiallarında olan abonent saldosuna əsasən 2021-ci ilin sentyabr ayı üzrə 164,45 manat, daha sonra 2021-ci ilin oktyabr ayı üzrə 1088,45 manat borcun hesablanmasını məhkəmə ağlabatan hesab etmir.Məhkəmə hesab edir ki, bu hal onu deməyə əsas verir ki, sözügedən borc qaz sərfiyyatının faktiki istifadəsi nəticəsində deyil, evin sökülməsi nəticəsində qaz sızması nəticəsində yaranmışdır. Beləliklə, cavabdeh tərəfindən hesablanan borcun iddiaçıya aid hissəsinin əsaslılığı sübut edilmədiyindən həmin məbləğin abonent hesabından silinməsi qanuni və ədalətli hesab olunur.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2, 1.3, 1.4, 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu bəndlərinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2012-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İddiaçı şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MIÜMK-nın ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli Qərarına, Avropa Məhkəməsinin “Van de Huk Niderlanda qarşı” işi üzrə ## ##### 1994-cü il tarixli Qərarına, “Qavazov Bolqarıstana qarşı” işi üzrə ## #### 2008-ci il tarixli Qərarına, “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh Cavabdeh Istehsalat Birliyi həmin qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsinə, qətnamənin ləğv edilməsinə və iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətinin dəlillərinə görə, Cavabdeh Istehsalat Birliyinin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçmininmiqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı İddiaçı qanunazid, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh IB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına cavabdeh Cavabdeh IB tərəfindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini təmin etmişdir. Iddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına mübahisələndiyimiz qətnamədə istinad olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Bildirilir ki, birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı, birinci instansiya məhkəməsi iddia tələbinin rəd ediməsini qət edərdi. Belə ki, iş materiallarında yer almış və cavabdeh tərəfindən təqdim olunan sübutlar tam əsaslı olmasını göstərdiyi halda birinci instansiya məhkəməsi səhv nəticəyə gələrək, iddia ərizəsini təmin etmişdir. Göründüyü kimi maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmiş qətnamə heç vaxt qanuni və əsaslı ola bilməz. Iddiaçı və Cavabdeh IB arasında qazın alqı-satqı müqaviləsi bağlanmamışdır, ona görə də onun iddia qaldırmaq kimi subyektiv bir hüququ mövcud deyildir. Şəxsin qardaşına nisbətdə onun varisi kimi hüquqlara sahib olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Iddiaçının inşa etmiş olduğu yaşayış evinin qazlaşdırılması üçün “Qaz təchizatı haqqında“ Azərbaycan Respublikasının Qanununda tələb olunan hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir, həmin evə dair texniki şərtin də mövcud olmasına dair sübut yoxdur. Iddiaçı müvəqqəti təminat tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edən zaman ondan tutmaların aparılmasının qadağan edilməsini xahiş etmiş, məhkəmə tərəfindən həmin ərizə təmin edilmişdir. Halbuki, iddiaçıya nisbətdə hər hansı tutmalar aparılmır. Iddiaçının silinməsini tələb etdiyi məbləğ qeyd olunan ünvandan ##.##.2021-ci il tarixində “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” tərtib edilmiş ******* saylı aktla çıxarılmış ****AZ************ saylı qaz sayğacının üzərində olan, istehlak edimiş, lakin dəyəri ödənilməmiş qaz sərfiyyatı nəticəsində qeydə alınmış məbləğdir. Sayğacın mənfiyə işləməsi haqlı ilə bağlı qalıq 139,20 manat məbləğ sayğac dəyişdikdən sonra AGIS proqramına daxil edilmişdir. Hazırda idddiaçının borcu 1190,45 manat təşkil etməkdədir (1176,60 (sərfiyyat borcu) + 16,65 (limitdən artıq istifadə + 139.20 (mənfiyə getmə ilə bağlı debitor borc) + 3 (sabit məbləğ) ) – 145 (ödəniş) = 1190,45 manat. Buna baxmayaraq, iddiaçı verdiyi ərizədə qaz sərfiyyatının faktiki olaraq onun tərəfindən həyata keçirilməsini inkar etmiş (baxmayaraq ki, borcun yarandığı zaman ərzində istehlak edilən qaz məhz sayğacıdan keçən qaz olmuşdur). Həmin dövrün əvvəlki illərlə müqayisəsi də bunu sübut edənfaktiki hallardan biridir.Qeyd etdiklərimizə baxmayaraq mülki iş, abonent saldosu, aktlar araşdırılmamış və qeyri-obyektiv nəticə əldə edilərək qətnamə çıxarılmışdır. Iddiaçı İddiaçıƏli Abbas qızına aid olan 100202503200030 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” ## #### 2000-ci il tarixli *** saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdeh Istehsalat Birliyinə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” ## ###### 2009-cu il tarixli *** saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə(SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Bildirilir ki, iddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh Istehsalat Birliyinin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən mübahisələndirilən qətnamədə göstərdiyi nəticə qismən işin hallarına uyğun olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6-2.1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onunsəlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” Qaydaları: 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək, iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyasın məhkəməsinin mövqeyi

20. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

21. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı yekun nəticəyə gələrkən aşağıda qeyd olunan halları əsas götürmüşdür: - iddiaçı mərhumun qanuni vərəsəsi kimi çıxış edir və başqa vərəsələrin olmaması və ya onların iddiaya qoşulmaması onun subyektiv hüququnu istisna etmir. - cavabdeh Cavabdeh Istehsalat Birliyinin təqdim etdiyi hesablamalar və borc məbləğinə əsasən sayğac dəyişdirilməzdən əvvəlki dövrdə yaranmış texniki itkilərə əsaslanır. Lakin iş materiallarında həmin qaz sərfiyyatının birbaşa istehlak edildiyini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Eyni zamanda, sayğaca müdaxilə və ya qeyri-qanuni istifadə halları müəyyən edildikdə bu hallar müvafiq aktlarla rəsmiləşdirilməli və istehlakçıya təqdim edilməlidir. Iş materiallarında isə iddiaçıya münasibətdə bu prosedurun aparılmadığı müəyyən olunur. - iddiaçı tərəfindən təqdim edilən izahatdan və iş materiallarında olan sübutlardan müəyyən olunur ki, mübahisəli ünvan üzrə fərdi yaşayış evi təbii hadisə nəticəsində yararsız vəziyyətə düşmüş, sökülmüş və həmin dövrdə qaz xəttində sızma baş vermişdir. Nəticədə qazın texniki itkiyə getməsi ehtimalı yaranmışdır. - iddiaçı uzun müddət mübahisəli evdə yaşamamış, iş materiallarında olan fotoşəkillərdən də görünür ki, ev qəzalı vəziyyətdədir və bu da bir daha onu sübut edir ki, həmin ev yaşayış üçün uyğun deyildir. - cavabdeh tərəfindən iddiaçıya hesablanmış 924 manat məbləğində borc iş materialları ilə sübut olunmamışdır.

22. Apellyasiya şikayətində göstərilən hallara dair birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış yekun aktında düzgün əsaslandırma və qiymətləndirmə aparıldığından məhkəmə kollegiyası həmin xüsusatlara dair əlavə əsaslandırma aparmağa zərurət görmür.

23. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

24. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar