Məhkəmə qərarları › İş №2(3-6)-2059/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2059/2026

11.08.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2059/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “kompensasiya ödənilməklə özbaşına tikilinin boşaldılaraq sökülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə özbaşına tikilinin sökülməsi) Hakimlər: X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Məmmədov Məmməd Əhməd oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “kompensasiya ödənilməklə özbaşına tikilinin boşaldılaraq sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “kompensasiya ödənilməklə özbaşına tikilinin boşaldılaraq sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC tərəfindən cavabdeh Cavabdeh 62.000 (altmış iki min) manat ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-213 ünvanda ona məxsus, sahəsi 85 kv. metr olan özbaşına tikilinin boşaldılaraq sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ekspertiza rəyinə əsasən qeyd olunan tikilinin 93.000 (doxsan üç min) manat qiymətləndirildiyini, bunu nəzərə alaraq, İddiaçı ASC tərəfindən cavabdeh Cavabdeh 93.000 (doxsan üç min) manat ödənilməsinə razı olduğunu bildirmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının ## ###### 2021-ci il tarixli, *** №-li Sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Bununla bağlı, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının ## ###### 2021-ci il tarixli, *** №-li sərəncamının icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına və Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililərin istifadəçilərinə müraciətlər edilmiş və həmin tikililər barədə məlumatlar əldə edilmişdir. Belə ki, əldə olunmuş məlumatlar əsasında məlum olmuşdur ki, Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililər qanunsuz tikililərdir, bəzi vətəndaşlar, eləcə də hazırki iddia üzrə cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahələridir və həmin ərazidə özlərinə heç bir norma və tikinti qaydalara uyğun olmayan yararsız, tam və yarımçıq yaşayış və qeyri-yaşayış sahələri tikmişlər, həmin tikililər qanunsuz olmaqla yanaşı, həm də istifadə üçün yararsız və qəzalı vəziyyətdədir. Bununla bağlı olaraq, Sərəncamın icrasının təmin edilməsi və yeni yaşayış kompleksinin tikilməsi məqsədilə, həmin ərazidə yerləşən və qanunsuz (özbaşına) tikilmiş yaşayış və qeyri-yaşayış sahələrinin istifadəçiləri olan digər vətəndaşlarla bərabər hazırki iddia üzrə cavabdehlə dəfələrlə tərəflərindən danışıqlar aparılmış və onlara həmin özbaşına (qanunsuz) tikililərin real dəyərinə uyğun kompensasiya ödənilməsi şərtilə sökülməsi üçün real təkliflər edilmişdir. Göstərilən sərəncamın icrası ilə bağlı, İddiaçı ASC tərəfindən həmin ərazidə yerləşən digər sahə istifadəçilərinin əksəriyyəti ilə danışıqlar aparılmış və razılıq əldə olunaraq real dəyərə uyğun kompensasiya ödənilmiş və həmin tikililərin sökülməsi təmin edilmişdir. Yuxarıda qeyd edilənlərə baxmayaraq, cavabdeh hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina edir, hər bir vəchlə hüquqlarından sui-istifadə etməklə, sərəncamın icrası ilə razılaşmayaraq, ədalətsiz məbləğdə qanunla nəzərdə tutulmayan, böyük məbləğdə kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətindədir və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vurur. Qeyd olunan faktlar və tikililərin real qiyməti və sahəsi barədə tərəflərindən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində uzun illər işləmiş və dərin bilik və təcrübəyə sahib olan, xxxxnin ekspertlərinə müraciət edilmiş və bu barədə müvafiq ekspertiza rəyləri əldə edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** №-li rəyə əsasən cavabdeh Cavabdeh tərəfindən M-213 ünvanında inşa olunmuş, sahəsi 85 kv metr olan tikili qanunsuz (özbaşına) tikilidir, tikinti qaydalarına uyğun inşa olunmamışdır, tikilinin ümumi dəyəri - 62.000 manatdır. Ekspertiza rəyinin məzmunundan, inşa olunmuş qanunsuz tikilinin fotoşəkillərdən görünür ki, həmin tikili tikinti qaydalarına uyğun inşa edilməmişdir. Göründüyü kimi bu vəzifələrin həyata keçirilməsi müvafiq sərəncama əsasən İddiaçı ASCyə həvalə edilmişdir. Yuxarıda qeyd olunan rəylərdən göründüyü kimi cavabdeh tərəfindən inşa edilmiş tikilinin istismara yararsız olması və eləcə də qanunsuz (özbaşına) tikili olması qeyd edilmişdir. Bununla belə İddiaçı ASC-nin öhdəliyi olmasa belə humanistlik nümayiş etdirərək, sərəncama əsasən sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri öz üzərinə götürür və cavabdehin istifadəsində olan qanunsuz (özbaşına) tikilinin sökülməsi qarşılığında ona tikilinin real dəyərində kompensasiya ödənilməsini öhdəsinə götürür. Cavabdeh isə bununla razılaşmaqdan imtina etsə də, belə imtina qanuni hesab edilə bilməz. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş tikilinin özbaşına, qanunsuz tikili olmaqla qəzalı vəziyyətdə saxlanılması, ASC ilə müqavilə bağlamış digər vətəndaşların hüquqlarını pozur və həmin ərazidə yeni yaşayış kompleksinin tikilməsinə, bununla bağlı verilmiş Sərəncamın icrasına mane olur. Göründüyü kimi, cavabdehin qanunsuz tikilisi maraqlı şəxs olaraq İddiaçı ASC-nin hüquqlarını pozur və digər vətəndaşlar qarşısında götürdüyü öhdəliklərin icrasına maneəçilik yaradır. Bu isə İddiaçı ASC-yə işlərin ləngiməsi ilə əlaqədar külli miqdarda maddi ziyan vurur və digər sakinlərin mənzil hüquqlarının pozulması ilə nəticələnən müqavilə öhdəliklərinin icrasını ləngidir. ASC olaraq tərəflərindən sərəncamın icrasının gecikməməsi məqsədilə, cavabdehə kompensasiya ödənilməsi üçün real təkliflər olunmuş, lakin buna baxmayaraq o, həmin təklifdən imtina etmiş və nəticədə ASC-yə külli miqdarda ziyan vurmuş və hazırda da vurmaqdadır. Qeyd olunanlara əsasən hesab edirlər ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidəki qəzalı və istifadəyə yararsız olan qanunsuz tikilinin dəyəri cavabdehə ödənilməklə, həmin qanunsuz (özbaşına) tikili boşaldılaraq sökülməlidir.

Birinci instansiya məhkəməsində icraat:

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi ilə (hakim A.Oruclu) iddianın təmin edilməsi, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Cavabdeh 93.000 manat ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimalqərb hissəsi) yerləşən ərazidə M-213 ünvanda ümumi sahəsi 85 kv.m olan özbaşına tikili boşaldılaraq sökülməsi, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı 400 manat məbləğində ekspertiza xərcinin iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdir.

5. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli tikili iddiaçıya icarəyə verilmiş torpaq sahəsinin hüdudlarında yerləşir və həmin torpaq sahəsi yeni hündürmərtəbəli yaşayış binalarının tikintisi üçün nəzərdə tutulmuşdur. Tikilinin mövcudluğu iddiaçının sərəncamdan irəli gələn öhdəliklərinin icrasına maneə yaradır. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsi tikinti məqsədləri üçün ayrılmadığından, cavabdeh tərəfindən tikinti üçün müvafiq icazə alınmadığından və torpaq sahəsi sonradan dövlət orqanının qanuni sərəncamı ilə üçüncü şəxsə icarəyə verildiyindən, Mülki Məcəllənin 180.3-cü maddəsi baxımından həmin tikilinin sonradan qanuniləşdirilməsi üçün hüquqi əsas mövcud deyildir. Ərazi təsdiq olunmuş şəhərsalma layihəsi çərçivəsində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün nəzərdə tutulduğundan, cavabdehin tikilinin saxlanılacağına dair hüquqi cəhətdən qorunan əsaslı gözləntisi formalaşmamışdır. Məhkəmə iş üzrə tam və obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspert rəyinə əsasən analizlərin nəticələrinə və obyekt üzrə mövcud məlumatlara əsaslanaraq qiymətləndirmə obyektinin bazar dəyəri 93.000 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin yaşayış sahəsinə olan hüququ nəzərə alınmaqla, özbaşına tikilinin sökülməsi yalnız ədalətlilik və mütənasiblik prinsipləri gözlənilməklə, əhəmiyyətli və adekvat kompensasiya ödənilməsi şərti ilə mümkün hesab edilə bilər.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri:

6. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf olan İddiaçı ASC tərəfindən Yasamal rayonu, Bakı Kənar Dairəvi Yolunun yaxınlığında aparılan tikinti işləri ilə əlaqədar ərazidə söküntü işləri həyata keçirilmiş, lakin yaşadığı və mülkiyyətində olan mənzillə bağlı onunla heç bir razılaşma əldə olunmamışdır. Qarşı tərəf ona məxsus mənzil qarşılığında heç bir rəsmi təklif təqdim etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Nəticədə, mənzilin real bazar dəyərinə uyğun olmayan kompensasiya məbləği müəyyən edilərək mənzilin boşaldılması barədə qərar qəbul edilmişdir. Bildirir ki, yaşadığı mənzil 85 kvadratmetrdir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, mənzil sahəsinə 20 faiz əlavə edilməklə yeni mənzillə təmin olunmaq hüququ mövcuddur. Lakin bu hüququ təmin edilməmişdir. Eyni zamanda, məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmamış, mənzilinin real bazar dəyəri düzgün qiymətləndirilməmişdir. 1-ci qrup gözdən əlildir və dövlətin sosial siyasət proqramı çərçivəsində həssas sosial qrupa aiddir. “xxxx” şirkəti tərəfindən mənzil ilə təmin olunmayıb və ona heç bir alternativ mənzil təklif edilməmişdir. Bu hal Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun pozulması deməkdir. Həmin maddəyə əsasən, hər kəsin mənzil hüququ vardır və dövlət bu hüququn təmin olunmasına təminat verir. Konstitusiyada açıq şəkildə göstərilir ki, hər bir şəxs təhlükəsiz və layiqli yaşayış üçün mənzilə sahib olmaq hüququna malikdir. Mənzil təklifi və ya kompensasiya rəsmi qaydada ona təqdim edilməmişdir. Bundan əlavə, məhkəmə icraatı zamanı saxta imzadan istifadə olunmuşdur ki, bu da təqdim edilən sənədlərin hüquqi və maddi əsaslardan məhrum olduğunu göstərir. Belə olan halda, həmin sənədlərə əsaslanaraq qəbul edilmiş məhkəmə qətnaməsi əsassız və qanunsuz hesab edilməlidir. Qonşuluqda yaşayan bütün sakinlər mənzillərlə təmin olunmuş, kirayə müqavilələri imzalanmaqla köçürülmə prosesi həyata keçirilmişdir. Onun yaşadığı evlə bağlı isə köçürülmə şərtləri ədalətsiz olmaqla yanaşı, ikili yanaşmanı ehtiva edir. Mənzil təklifi və ya kompensasiya rəsmi qaydada ona təqdim edilməmişdir. Bundan əlavə, məhkəmə icraatı zamanı saxta imzadan istifadə olunmuşdur ki, bu da təqdim edilən sənədlərin hüquqi və maddi əsaslardan məhrum olduğunu göstərir. Məhkəmə tərəfindən təzminat məbləği müəyyən edilərkən onun ailə tərkibi və faktiki yaşayış şəraiti lazımi qaydada nəzərə alınmamışdır. Nəticədə müəyyən edilmiş təzminat məbləği ailə üzvlərinin mənzil hüquqlarının pozulmasına səbəb olmuşdur. Hesab edir ki, bunlar işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmaması ilə bağlıdır. Məhkəmə tərəfindən ailə üzvlərimin sayı, onların yaşayış ehtiyacları və mövcud yaşayış şəraiti düzgün qiymətləndirilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

10. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək apellyasiya şikayətini qəbul etmədiyini bildirmiş və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəməyə EMİS vasitəsilə ərizə ünvanlayaraq, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Maddə 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Maddə 240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir.

Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; 560.3.5. bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, məsələn: 560.3.5.1. alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə; 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması; 560.3.5.3. müqavilə üzrə tərəfdaşlar üçün bərabər dəyərli xidmətlərdən ötrü rəqabətdə onların mənafelərinə toxunulmasına səbəb olan müxtəlif şərtlər tətbiq edilməsi; 560.3.5.4. müqavilənin bağlanmasının elə bir müəyyən şərtlə bağlılığı ki, həmin şərtə görə müqavilə üzrə tərəfdaşlar nə obyektiv surətdə, nə də ticarət adətlərinə görə müqavilənin predmeti ilə əlaqədar olmayan əlavə xidmətləri yerinə yetirməli olurlar; 560.3.6. kommersiya hüquqi şəxslərinin razılaşmaları, öz aralarında razılaşdırdıqları hərəkət metodları, əgər bunlar mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə və rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və ya təhrif edilməsi məqsədi daşıyarsa və ya buna kömək edərsə, o cümlədən: 560.3.6.1. qiymətlərin və ya əqdlərin digər şərtlərinin birbaşa və ya dolayısı ilə təyin edilməsi; 560.3.6.2. istehsala nəzarətin, satışın, texniki inkişafın və ya investisiyaların məhdudlaşdırılması; 560.3.6.3. bazarların və ya təchizat mənbələrinin bölünməsi; 560.3.6.4. bu Məcəllənin 560.3.5.3-cü və 560.3.5.4-cü maddələrində göstərilən praktika.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

-77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. -384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı işdə iddia təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

16. İşin hallarından müəyyən edilir ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının ##.##.2021-ci il tarixli, *** nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçilər) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə əsasən qarşılıqlı razılıq əsasında İddiaçı ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi razılaşdırılmışdır.

17. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının ##.##.2021-ci il tarixli, *** nömrəli Sərəncamın icrasının təmin edilməsi və yeni yaşayış kompleksinin tikilməsi məqsədilə, həmin ərazidə yerləşən və qanunsuz (özbaşına) tikilmiş yaşayış və qeyri-yaşayış sahələrinin istifadəçiləri olan digər vətəndaşlarla danışıqlar aparılmış və onlara həmin özbaşına (qanunsuz) tikililərin real dəyərinə uyğun kompensasiya ödənilməsi şərtilə sökülməsi barədə real təkliflər edilmişdir.

18. İşin hallarından göründüyü kimi, cavabdeh Cavabdeh ilə bağlı belə bir razılıq əldə edilə bilmədiyi üçün iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilərək, İddiaçı ASC tərəfindən cavabdeh Cavabdeh 62.000 manat ödənilməklə (sonradan iddia tələbi 93.000 manata qədər artırılmışdır), Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-213 ünvanda ona məxsus, sahəsi 85 kv metr olan özbaşına tikilinin boşaldılaraq sökülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir.

19. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir.

20. Məhkəmə kollegiyası birinci intansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin istifadəsində olan tikililərin Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının ##.##.2021-ci il tarixli, *** nömrəli Sərəncamına əsasən İddiaçı ASC-nin icarə əsasında istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşməsi, şəhərsalma və tikinti normaları və qaydaları pozmaqla inşa edildiyi üçün özbaşına tikili statusunda olması işin mübahisəsiz hallarıdır.

21. Qanuna əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

22. İş materiallarının araşdırılması zamanı cavabdeh tərəfindən tikinti işlərinin aparılması üçün aidiyyəti inzibati orqanlardan lazımi icazələr alması müəyyən edilməmiş, həmçinin bununla bağlı sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

23. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ASC istifadəsinə verilmiş torpaq sahəsində inşa edilmiş cavabdehə məxsus özbaşına tikilinin sökülməsi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

25. Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” qərarının da məzmunundan göründüyü kimi, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir. Qərarda həmçinin Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.

26. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırda mübahisə predmeti olan tikilinin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının ##.##.2021ci il tarixli, *** nömrəli Sərəncamına əsasən yeni yaşayış kompleksinin tikintisi məqsədilə iddiaçı ASC-nin istifadəsinə verildiyi üçün özbaşına tikilinin sökülməsi cavabdehin hər hansı hüquqlarının pozulması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı iddia tələbində iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən kompensasiya ödənilməsi ilə bağlı təklif irəli sürülmüş, bu səbəbdən özbaşına tikilinin dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə həyata keçirilmişdir.

28. ““xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2021-ci il tarixli qərarında qeyd edilir ki, “....Eyni zamanda, Mülki Məcəllənin mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi adlanan 9-cu fəslinin 1-ci paraqrafı ilə daşınmaz əşyalara mülkiyyət hüququnun əldə edilməsi qaydaları tənzimlənmişdir. Həmin paraqrafda yer alan 180-cı maddəyə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il ## ###### tarixli Qərar). ....O da qeyd edilməlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə suiistifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.”

29. İş materiallarında olan akta əsasən Bakı şəhər İcra Hakimiyyətinin başçısının ## ###### 2021-ci il tarixli, *** nömrəli Sərəncamı ilə İddiaçı ASC-nin sərəncamına verilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolun kənarında yerləşən torpaq sahəsində yeni yaşayış kompleksinin tikintisini həyata keçirmək məqsədi ilə həmin ərazidə yerləşən evlərin sökülməsi ilə əlaqədar, İddiaçı ASC-nin nümayəndələri Cavabdeh məxsus *** nömrəli evdə mülkiyyətçinin iştirakı ilə faktiki ölçülər aparmış, nəticədə evin ümumi sahəsinin 85 kv.m təşkil etməsi müəyyən olunmuşdur.

30. xxxxnin ##.##.2025-ci il tarixli, *** nömrəli qiymətləndirmə rəyinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin başçısının “Yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” *** nömrəli, ##.##.2021-ci il tarixli sərəncamı ilə İddiaçı ASC-yə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsində) yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən M-213 ünvanında inşa olunmuş tikilinin hazırki bazar qiyməti ilə təqribi dəyəri 62000 manat məbləğində müəyyən edilmişdir.

31. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, CC/***/**-**** nömrəli ekspert rəyinə əsasən aparılmış hesablamalara əsasən, analizlərin nəticələrinə və obyekt üzrə mövcud məlumatlara əsaslanaraq qiymətləndirilən obyektin bazar dəyəri 93.000 manat məbləğində müəyyən edilir.

32. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən sözügedən ərazidə yerləşən özbaşına tikililərin sökülməsi ilə bağlı digər vətəndaşlarla imzalanmış müqavilələr məhkəməyə təqdim edilmiş, həmin müqavilələrdən razılaşdırılmış kompensasiya məbləğlərini müəyyən etmək mümkündür. Müqavilələrdən görünür ki, cavabdehlə eyni ölçüdə olan özbaşına tikiliyə sahiblik edən şəxslərdən cavabdehə təklif edilən məbləğdən daha az məbləğlə bağlı razılığa gəlinmişdir.

33. Məhkəmə kollegiyası işin faktiki hallarını və s. nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Cavabdeh istifadəsində olan özbaşına tikilinin sökülməsi ilə bağlı ona 93.000 manat kompensasiya ödənilməli olması ilə bağlı düzgün qənaətə gəlmişdir.

34. Cavabdehin apellyasiya şikayətinin dəlili odur ki, müəyyən edilmiş məbləğ onun sahibliyində olan tikilinin real dəyərini əks etdirmir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən söküntüsü həyata keçiriləcək əmlakın dəyərinin daha yüksək olması və s. ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

35. Cavabdehin apellyasiya şikayətinin digər dəlili odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, mənzil sahəsinə 20 faiz əlavə edilməklə yeni mənzillə təmin olunmaq hüququ mövcuddur, lakin bu hüququ təmin edilməmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, belə bir hüquq qanunvericiliyin tələbinə əməl edilməklə mülkiyyət hüququ əldə etmiş şəxslərə məxsusdur. Hazırkı işin faktiki hallarından isə cavabdehin mübahisəli ərazidə yerləşən əmlaka qanuni əsaslarla sahiblik etməsi müəyyən edilmir, bu səbəbdən iddiaçının cavabdehi əmlakın dəyərinin 20% əlavə edilməklə yeni yaşayış sahəsi ilə təmin etmək kimi öhdəliyi yoxdur.

37. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla mülkiyyətdə olan tikililər eyni əsaslarla kompensasiya edilə bilməz, bu, hüquqdan sui-istifadə və ədalətin pozulması ilə nəticələnər. Buradan birmənalı olaraq o nəticə hasil olur ki, cavabdehin qanuni mülkiyyətçilərlə eyni kompensasiya (yeni mənzil və s.) tələb etmək hüququ yoxdur. Kompensasiyanın forması cavabdehin istəyinə uyğun deyil, tikilinin hüquqi statusu və mütənasiblik əsasında müəyyən edilməlidir.

38. Nəzərə alınmalıdır ki, yaşayış sahəsinə olan hüquq müdafiə olunur, lakin şəxsin bu sahə üzərində qanuni mülkiyyət hüququnun olmaması, həmin sahə ilə bağlı təminatların səviyyəsi baxımından fərqli yanaşmaya səbəb olur. Bu vəziyyətdə mütənasiblik prinsipi, şəxsin özbaşına tikilidə yaşamaq hüququnun sonsuz müdafiəsi kimi qəbul oluna bilməz. Deməli, cavabdehin 30 il mübahisəli tikilidə yaşaması kompensasiya formasını seçmək hüququnu yaratmır, sadəcə kompensasiyanın əhəmiyyətsiz olmamasını, mövcud vəziyyətlə müqayisədə adekvat olmasını tələb edir. Cavabdehin “mütləq şəkildə mənzil” tələb etməsi hüquqi cəhətdən birmənalı şəkildə müdafiə edilə bilməz. Bu, yalnız analoji hüquqi statusda olan digər şəxslərə də iddiaçı tərəfindən eyni yanaşma nümayiş etdirildiyi hallarda mümkün ola bilər. Əks halda özbaşına tikili ilə mülkiyyət hüququ olan tikili arasında təhlükəli eyniləşdirmə təcrübəsi yaranmış olar.

39. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası mübahisəli evin özbaşına tikili olmasını, evin yerləşdiyi ərazidə digər şəxslərin evinin sökülməsi müqabilində daha az kompensasiya verilməsini, cavabdehin uzun illərdir həmin evdə ailəsi ilə yaşamasını və iddiaçı tərəfin təklif etdiyi kompensasiya məbləğini nəzərə alaraq hesab edir ki, mübahisəli evin sökülməsi əvəzində iddiaçı tərəfindən cavabdehə təklif edilən 93.000 manat (hər kv.m üçün 1094 manat) kompensasiya məbləği ağlabatan və ədalətli məbləğdir.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar