Məhkəmə qərarları › İş №2(3-6)-2106/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2106/2026

03.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2106/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış ## #### 2022-ci il tarixli nikahın pozulmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən imtina edilmiş, ödənilmiş dövlət rüsumu geri qaytarılmışdır. İddiaçı İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı qərardadda məhkəmə göstərmişdir ki, iddiaçı ##.##.2026-cı il tarixdə eyni tələblə yenidən məhkəməyə müraciət etmiş, ərizəsində cavabdehin Almaniyada ona qarşı boşanma və aliment tələbi ilə bağlı mülki iddia irəli sürdüyünü qeyd etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərdə cavabdehin nikahın pozulması ilə bağlı Almaniya Federativ Respublikasında məhkəməyə müraciət etməsini təsdiq edən hər hansı məhkəmə bildirişi və digər sənədlərə rast gəlinmir. Xüsusi vurğulamaq lazımdır ki, cavabdeh ## ##### 2026cı il tarixdə Münhen Rayon Məhkəməsinin Ailə İşləri Bölməsinə müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət etmişdir. Cavabdeh və Almaniyadakı vəkili tərəfindən həmin ərizəyə Cavabdeh tərəfindən Almaniyanın müvafiq qurumuna ünvanlanmış ## ##### 2026cı il tarixli elektron poçt məlumatları da əlavə edilmişdir. Həmin sənədlərdə cavabdeh boşanma prosedurunda olduğunu açıq-aşkar bəyan etmişdir. Həmçinin, cavabdehin Almaniyadakı vəkili tərəfindən Münhen Rayon Məhkəməsinə ünvanlanan ərizədə yaxın zamanda ayrı-ayrılıqda iddia ərizələrinin təqdim olunacağı da bildirilmişdir. Bundan başqa Qərardad işin bütün faktiki və hüquqi hallarının tam qiymətləndirilməsi əsasında qəbul edilməmişdir. Belə ki, məhkəmə cavabdehin Almaniya Federativ Respublikasında hüquqi yardım almaq üçün vəkilə etibarnamə verməsini və vəkilin iddiaçıya ünvanladığı müraciətdə boşanma və aliment tələblərinə dair mövqeyin ifadə edilməsini yalnız Almaniya məhkəməsinə müraciəti təsdiq edən sənədin olmaması prizmasından qiymətləndirmişdir. Halbuki işin mahiyyəti yalnız Almaniyada formal məhkəmə bildirişinin olub-olmaması ilə məhdudlaşmır. Burada tərəflərin ailə-hüquq münasibətlərinin hansı hüquqi müstəvidə və hansı dövlətin hüququ ilə tənzimlənməli olması məsələsi də mövcuddur. Bundan başqa, məhkəmə tərəflər arasındakı mübahisənin Azərbaycan Respublikası ilə real bağlılığını tam qiymətləndirməmişdir. Tərəflər arasında valideynlik hüquqları, aliment, uşağın yaşayış yeri, əmlak və digər ailə-hüquq məsələləri Azərbaycan Respublikasında aparılmış mediasiya prosesi çərçivəsində müzakirə edilmiş və tərəflər arasında ailə münasibətləri hazırda mövcud deyildir və onlar ayrı yaşayırlar, hətta tərəflər arasında valideynlik hüquqlarının icrası ilə də bağlı müəyyən problemlər də vardır ki, bununla da bağlı hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında xüsusi icraat qaydasında işə baxılır. Məhkəmə iddia ərizəsinin icraata qəbulundan imtina etməklə iddiaçının məhkəməyə müraciət hüququnu faktiki olaraq mübahisənin bütün halları üzrə araşdırma aparılmadan məhdudlaşdırmışdır. Bu məhdudlaşdırmadan sui-istifadə edən cavabdeh isə iddiaçıya qarşı Almaniyada iddialar irəli sürməyə başlamışdır. Məhkəmə qərardadda “iddiaçı tərəfindən qeyd edilən hallar nikahın pozulması ilə bağlı mülki işin icraata götürülməsindən imtina üçün əsasların aradan qalxması kimi qiymətləndirilə bilməz” qənaətinə gəlmişdir. Şikayətə əlavə edilən Münhen Rayon Məhkəməsinə müraciət və ona əlavə edilmiş sənədlər məhkəmənin istinad etdiyi həmin nəticənin yenidən qiymətləndirilməsini zəruri edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli qərarının 1.1-ci bəndinə əsasən hakimlər nikahın pozulması tələbinə dair iddia ərizəsini icraata qəbul edərkən nəzərə alsınlar ki, Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra bir il ərzində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. Bu qayda uşağın ölü doğulduğu və ya bir yaşına çatanadək öldüyü hallara da şamil olunur. Nikahın pozulması tələbinə dair işə baxılmasına arvadın razılığı olmadıqda hakim iddia ərizəsini icraata qəbul etməkdən imtina edir, ərizə icraata götürülmüş olduğu halda isə işin icraatına xitam verir (MPM-in 153.2.1 və 261.0.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2015-ci il tarixli qərarı). Ər nikahın pozulmasına arvadın razılığı olduğunu bildirərək iddia qaldırmışdırsa, bu razılığı təsdiq edən sübutu ərizəyə əlavə etməlidir. Həmin razılıq yazılı formada tərtib olunmuş ayrıca və ya birgə ərizədə ifadə oluna bilər. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, tərəflər arasında nikah ##.##.2022-ci il tarixdə bağlanmış, tərəflərin birgə nikahından ##.##.2024-cü il tarixdə Tağıyev Aslan heydər oğlu doğulmuşdir. Hazırda cavabdeh hamilədir. Məhz onun hamilə olması nəzərə alınaraq, iddiaçının cavabdehə qarşı nikahın pozulması tələbinə dair iddia ilə bağlı mülki iş üzrə icraata Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə xitam verilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, yenidən cavabdehlə aralarında bağlanmış nikahın pozulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi də əvvəlki mülki işin xitam əsaslarının aradan qalxması ilə bağlı iddiaçı tərəfin məhkəməyə hər hansı mötəbər sübutun təqdim edilmədiyini əsas götürərək, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası bu münasibətləri tənzimləyən qanunvericiliyə istinadən qeyd etməyi zəruri hesab edir ki, mövcud vəziyyətdə (cavabdehin hamilə olması) iddiaçı hazırki tələblə iddianı yalnız cavabdehin razılığı ilə qaldıra bilər və bu razılığı təsdiq edən sübut iddia ərizəsinə əlavə edilməlidir. Hazırki iddiaya isə cavabdeh tərəfindən yazılı formada tərtib edilmiş ayrıca və ya tərəflərin birgə ərizəsi əlavə edilməmişdir. Əksinə cavabdeh nikahın pozulmasına razı olmadığını bildirir. Lakin nəzərə alınmalıdır ki, tərəflər arasında Bakı ** saylı Mediasiya təşkilatında bağlanmış ##.##.2026-cı il tarixli barışıq sazişində onlar nikahın davam etdirilməsinə razı olmadıqlarını və bununla bağlı məhkəmədə iddia qaldıracaqlarını bildirmişdilər. Başqa sözlə, tərəflər hər ikisi bu şərti qəbul etmiş və həmin sazişi imzalamaqla cavabdeh hüquqi nəticə etibarı ilə aralarında bağlanmış nikahın (nikahın davam etdirilməsinə razı olmamaqla) məhkəmə qaydasında pozulmasına öz razılığını vermişdir. Həmin Saziş də cavabdehin nikahın pozulmasına razılığını əks etdirən sənəd olaraq iddia ərizəsinə əlavə edilmişdir. Qeyd edilənlər iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə həmin Saziş nəzərə alınmaqla baxılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında mediasiyada bağlanmış barışıq sazişində onların nikahın məhkəmə qaydasında pozulmasına münasibətlərini nəzərə almadan, habelə bu sazişin qüvvədə olub-olmadığını yoxlamadan yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundan imtina etməkdə haqlı olmamışdır. Bu səbəbdən şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Hazırki mərhələdə iddia ərizəsinin icraata qəbul edilməsi mümkün olmadığından şikayət bu hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar