Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2174/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kompensasiya ödənilməklə özbaşına tikilinin boşaldılaraq sökülməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: kompensasiya verilməklə yaşayş sahəsinin boşaldılaraq sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X10katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh Cavabdeh iştirakı ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kompensasiya ödənilməklə özbaşına tikilinin boşaldılaraq sökülməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Bakı Şəhər Icra Hakimiyyətinin Başçısının ##.##.2021-ci il tarixli, *** saylı Sərəncamı ilə “xxxx” ASC-nin ##.##.2021-ci il tarixli, ** nömrəli və Bakı şəhəri Yasamal Rayon Icra Hakimiyyətinin ##.##.2021-ci il tarixli, ****/d nömrəli müraciətlərini, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2021-ci il tarixli, ************ nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2021-ci il tarixli, XO-**-**-****-***** nömrəli razılıq məktublarını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin ##.##.2012-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərini rəhbər tutaraq, Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “xxxx” ASC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün “xxxx” ASC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır.
2. Torpaq sahəsinin icarəyə verilməsi haqqında **** saylı, ## ###### 2022-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən torpaq sahəsi Bakı şəhər Icra Hakimiyyəti tərəfindən “xxxx” ASC-yə 49 il müddətinə icarəyə verilmişdir. Torpaq sahəsinin icarə haqqı ##.##.2022-ci il tarixdən hesablanır və icarəçi hər il 458996.85 manat icarə haqqını icarəyəverənə ödəməyi öhdəsinə götürür.
3. “xxxx” ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş aktdan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən torpaq sahəsində olan Cavabdeh məxsus M-*** nömrəli evin ümumi sahəsi 39,57 kv.m təşkil edir.
4. “X9” MMC-nin ## ####### 2025-ci il tarixli, *** saylı qiymətləndirmə rəyindən görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Eldar Əzizovun “Yaşayış Kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” *** nömrəli, ##.##.2021-ci il tarixli sərəncamı ilə, "xxxx" ASC-yə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsində) yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən M-159 ünvanında inşa olunmuş tikilinin real bazar qiyməti ilə təqribi dəyəri 7400 manat məbləğində müəyyən edilir.
5. “xxxx” MMC-nin ## ###### 2026-cı il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimalqərb hissəsində) yerləşən ərazidə, M-159 ünvanında sahəsi 39,57 kv.m olan özbaşına tikilinin dəyəri 18000 manat məbləğində müəyyən edilir.
Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin iddia tələbi üzrə cavabdeh Cavabdeh 23000 manat ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında yerləşən ərazidə M-159 ünvanında ona məxsus sahəsi 39,57 m2 olan özbaşına tikilinin boşaldılaraq sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyəti Başçısının ## ###### 2021-ci il tarixli, *** №-li Sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən kordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Bununla bağlı, Bakı Şəhəri Icra Hakimiyyəti Başçısının ## ###### 2021-ci il tarixli, 340 No-li Sərəncamının icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına və Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililərin istifadəçilərinə müraciətlər edilmiş və həmin tikililər barədə məlumatlar əldə edilmişdir. Belə ki, əldə olunmuş məlumatlar əsasında məlum olmuşdur ki, Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililər qanunsuz tikililərdir, bəzi vətəndaşlar, eləcə də hazırki iddia üzrə cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahələridir və həmin ərazidə özlərinə heç bir norma və tikinti qaydalara uyğun olmayan yararsız, tam və yarımçıq yaşayış və qeyri-yaşayış sahələri tikmişlər, həmin tikililər qanunsuz olmaqla yanaşı, həm də istifadə üçün yararsız və qəzalı vəziyyətdədir. Bununla bağlı olaraq, Sərəncamın icrasının təmin edilməsi və yeni yaşayış kompleksinin tikilməsi məqsədilə, həmin ərazidə yerləşən və qanunsuz (özbaşına) tikilmiş yaşayış və qeyri-yaşayış sahələrinin istifadəçiləri olan digər vətəndaşlarla bərabər hazırki iddia üzrə cavabdehlə dəfələrlə tərəfimizdən danışıqlar aparılmış və onlara həmin özbaşına (qanunsuz) tikililərin real dəyərinə uyğun kompensasiya ödənilməsi şərtilə sökülməsi üçün real təkliflər edilmişdir. Göstərilən sərəncamın icrası ilə bağlı, «xxxx» ASC tərəfindən həmin ərazidə yerləşən digər sahə istifadəçilərinin əksəriyyəti ilə danışıqlar aparılmış və razılıq əldə olunaraq real dəyərə uyğun kompensasiya ödənilmiş və həmin tikililərin sökülməsi təmin edilmişdir. Yuxarıda qeyd edilənlərə baxmayaraq, cavabdeh hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina edir, hər bir vəchlə hüquqlarından sui-istifadə etməklə, sərəncamın icrası ilə razılaşmayaraq, ədalətsiz məbləğdə qanunla nəzərdə tutulmayan, böyük məbləğdə kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətindədir və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vurur. Qeyd olunan faktlar və tikililərin real qiyməti və sahəsi barədə tərəfimizdən, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzində uzun illər işləmiş və dərin bilik və təcrübəyə sahib olan, xxxxnin ekspertlərinə müraciət edilmiş və bu barədə müvafiq ekspertiza rəyləri əldə edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 227 N°- li rəyə əsasən cavabdeh X4 tərəfindən M-159 ünvanında inşa olunmuş, sahəsi 39,57 kv metr olan tikili qanunsuz (özbaşına) tikilidir, tikinti qaydalarına uyğun inşa olunmamışdır, tikilinin ümumi dəyəri 7 400 manatdır. Ekspertiza rəyinin məzmunundan, inşa olunmuş qanunsuz tikilinin fotoşəkillərdən görünür ki, həmin tikili tikinti qaydalarına uyğun inşa edilməmişdir. Göründüyü kimi bu vəzifələrin həyata keçirilməsi müvafiq sərəncama əsasən «xxxx» ASC-yə həvalə edilmişdir. Yuxarıda qeyd olunan rəylərdən göründüyü kimi cavabdeh tərəfindən inşa edilmiş tikilinin istismara yararsız olması və eləcə də qanunsuz (özbaşına) tikili olması qeyd edilmişdir. Bununla belə “xxxx” ASC-nin öhdəliyi olmasa belə humanistlik nümayiş etdirərək, sərəncama əsasən sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri öz üzərinə götürür və cavabdehin istifadəsində olan qanunsuz (özbaşına) tikilinin sökülməsi qarşılığında ona tikilinin real dəyərində kompensasiya ödənilməsini öhdəsinə götürür. Cavabdeh isə bununla razılaşmaqdan imtina etsə də, belə imtina qanuni hesab edilə bilməz. Belə ki, cavabdeh tərəindən inşa edilmiş tikilinin özbaşına, qanunsuz tikili olmaqla qəzalı vəziyyətdə saxlanılması, ASC ilə müqavilə bağlamış digər vətəndaşların hüquqlarını pozur və həmin ərazidə yeni yaşayış kompleksinin tikilməsinə, bununla bağlı verilmiş Sərəncamın icrasına mane olur. Göründüyü kimi, cavabdehin qanunsuz tikilisi maraqlı şəxs olaraq “xxxx” ASC-nin hüquqlarını pozur və digər vətəndaşlar qarşısında götürdüyü öhdəliklərin icrasına maneəçilik yaradır. Bu isə «xxxx» ASC-yə işlərin ləngiməsi ilə əlaqədar külli miqdarda maddi ziyan vurur və digər sakinlərin mənzil hüquqlarının pozulması ilə nəticələnən müqavilə öhdəliklərinin icrasını ləngidir. ASC olaraq sərəncamın icrasının gecikməməsi məqsədilə, cavabdehə kompensasiya ödənilməsi üçün real təkliflər olunmuş, lakin buna baxmayaraq o, həmin təklifdən imtina etmiş və nəticədə ASC-yə külli miqdarda ziyan vurmuş və hazırda da vurmaqdadır. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidəki qəzalı və istifadəyə yararsız olan qanunsuz tikilinin dəyəri cavabdehə ödənilməklə, həmin qanunsuz (özbaşına) tikili boşaldılaraq sökülməlidir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, iddiaçı “xxxx” X1 yyətı tərəfindən cavabdeh Cavabdeh 23000 manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-159 ünvanında yerləşən cavabdeh Cavabdeh məxsus özbaşına tikilinin boşaldılması və sökülməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçı “xxxx” ASC-yə aid edilməsi, iş üzrə ## ###### 2026-cı il tarixdə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri 500 manat pul vəsaitinin iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir.
9. Qətnamənin əsaslarına görə, işin müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhər Icra Hakimiyyətinin Başçısının ##.##.2021-ci il tarixli *** saylı sərəncamı əsasında Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “xxxx” ASC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün “xxxx” ASC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. Iddia tələbinə əsasən cavabdehin istifadəsində olan özbaşına tikili ev Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Şəhərin görkəminə xələl gətirən bir tikilidir. Cavabdehin istifadəsində olan özbaşına tikili evin yaxınlığındakı özbaşına tikililərin sökülməsi barəsində digər şəxslərin iddiaçı ilə razılığa gəlmələrinə baxmayaraq, cavabdeh müvafiq tikinti norma və qaydalarına, tikinti texnologiyasına uyğun tikilməmiş, şəhərin görkəminə xələl gətirən özbaşına tikilinin sökülməsi qarşılığında tamamilə əsassız və qeyrireal qiymət tələb etməsi və həmin məbləğ verilmədiyi təqdirdə isə binanın tikintisinə maneə yaratmaqla hüquqdan sui-istifadə etməklə, müvafiq sərəncamın icrasının həyata keçirilməsinə mane olur. Müəyyən edilmişdir ki, sökülməsi tələb edilən Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən M-*** nömrəli özbaşına tikili evin ümumi sahəsi 39,57 kv.metr təşkil edir. Ümumilikdə, tədqiq olunan obyekt köhnə tikili olub və müvafiq tikinti norma və qaydalarına, tikinti texnologiyasına uyğun tikilməmişdir. Mövcüd texniki göstəricilərə görə, tədqiq olunan ev yaşayış evi üçün nəzərdə tutulmuş müvafiq tələblərə cavab vermir. Müəyyən edilmişdir ki, iddiaçının tələbinin əsasını Bakı Şəhər Icra Hakimiyyətinin Başçısının ##.##.2021-ci il tarixli, *** nömrəli Sərəncamı təşkil edir və Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yerləşən mövcud özbaşına tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi də həmin Sərəncamın 1.1-ci bəndinə uyğun həyata keçirilir. Qeyd edilən Sərəncamın icrasının həyata keçirilməsinə cavabdeh tərəfindən əsassız maneələr yaradıldığından, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, tikinti norma və qaydalarının tələblərinə cavab verməyən cavabdehə məxsus olan özbaşına tikili insanların həyat və sağlamlığına ciddi təhlükə olmaqla yanaşı, cavabdehin iddiaçının təklifini qəbul edərək, özbaşına tikilini boşaltmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan özbaşına tikilini boşaltması, ilk növbədə onlar üçün həyati vacib məsələdir. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırki iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Lakin mübahisənin sülh yolu ilə həll edilməsi mümkün olmamışdır. Məhkəmə xüsusi qeyd etmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı Şəhər Icra Hakimiyyəti tərəfindən, eləcə də Sərəncamı icra edən iddiaçı tərəfindən cavabdeh tərəfin özbaşına tikili üzərində hüququ tanınaraq iddiaçı tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir. Iddiaçının belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadəsində olan özbaşına tikilinin sökülməsinin əvəzinə ədalətli təkliflər edilir. Bu isə cavabdehin istifadəsində olan özbaşına tikilidən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı Şəhər Icra Hakimiyyətinin ##.##.2021-ci il tarixli Sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Məhkəmə əlavə olaraq onu da vurğulamışdır ki, cavabdehin yaşayış üçün yararlı olmayan özbaşına tikilidən kompensasiya verilməklə çıxarılması, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. O cümlədən, məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə baxımından iddiaçının hazırki tələblə çıxış etməsi cavabdehin mülkiyyət hüququna müdaxilə hesab edilə bilməz. Çünki tərəflər arasında cavabdehə məxsus evin sökülməsi ilə bağlı ixtilaf yoxdur. Tərəflər arasında ixtilaf mövcuddur, lakin bu ixtilaf evin sökülməsi ilə bağlı olmamış, cavabdehin sökülməli olan evinin müqabilində ona veriləcək əvəzlə bağlıdır. Bu halda məhkəmənin müəyyən etməli olduğu yeganə hal çəkişən tərəflər arasında mütənasibliyin qorunmasının, eləcə də ədalətli və ağlabatan əvəzin verilməsinin təmin edilməsindən ibarət olmalıdır. Belə ki, cavabdeh izahatında söküləcək evin əvəzində 60000 manat kompensasiyanın və ya 1 otaqlı mənzilin verilməsini məqsədəmüvafiq hesab etdiyini bildirmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı tərəfindən cavabdeh tərəfin hüquqları pozulmadığı halda, cavabdeh tərəf hüquqdan sui-istifadəyə yol verməməlidir. Mövcud vəziyyətdə cavabdehə mübahisə predmeti olan özbaşına tikilinin bazar dəyərindən (18000 manat) daha artığının-23000 manat təklif edilməsinə baxmayaraq, cavabdehin daha artıq məbləğdə kompensasiya və ya ev tələb etməsi iddiaçı tərəfin digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla əmlaka olan hüquqlarından sui-istifadə edir. Məhkəmə kompensasiya məbləği ilə bağlı qeyd etmişdir ki, iddiaçının cavabdehə təklif etdiyi əvəz (kompensasiya) qeyd olunan sahə ilə bağlı mövcud təcrübəyə uyğun olmaqla, kifayət qədər ədalətli və ağlabatandır, eləcə də tərəflərin maraqlarının mütənasibliyi qorunur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, mübahisəli evin yerləşdiyi ərazi Bakı şəhər Icra Hakimiyyəti başçısının sərəncamı ilə tikinti məqsədləri üçün “xxxx” ASC-yə ayrıldığından, həmçinin Bakı şəhər Icra Hakimiyyəti ilə “xxxx” ASC arasında bağlanmış müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini “xxxx” ASC öz üzərinə götürdüyündən, iddia tələbi əsaslı olduğundan və tələb irəli sürülərkən cavabdehin bütün hüquqları qorunduğundan iddia tələbi təmin edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 180.1, 180.2, 180.4-cü maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə, ““Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2020-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətinin dəlillərinə görə, “xxxx” ASC tərəfindən Yasamal rayonu, Bakı Kənar Dairəvi Yolunun yaxınlığında aparılan tikinti işləri ilə əlaqədar ərazidə söküntü işləri həyata keçirilmiş, lakin cavabdehin yaşadığı və mülkiyyətində olan mənzillə bağlı onunla heç bir razılaşma əldə olunmamışdır. Qarşı tərəf ona məxsus mənzil qarşılığında heç bir rəsmi təklif təqdim etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Nəticədə, mənzilin real bazar dəyərinə uyğun olmayan kompensasiya məbləği müəyyən edilərək mənzilin boşaldılması barədə qərar qəbul edilmişdir. Bildirir ki, cavabdehin yaşadığı mənzil 39,57 kvadratmetrdir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, mənzil sahəsinə 20 faiz əlavə edilməklə yeni mənzillə təmin olunmaq hüququ mövcuddur. Lakin cavabdehin bu hüququ təmin edilməmişdir. Eyni zamanda, məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırılmamış, cavabdehin mənzilinin real bazar dəyəri düzgün qiymətləndirilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində nəzərdə tutulan mülkiyyətin toxunulmazlığı prinsipi, o cümlədən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, iş üzrə mühüm əhəmiyyət kəsb edən faktlara lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə tərəfindən yaşayış sahəmin real bazar dəyəri müəyyən edilməmiş, Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə nəzərdə tutulmuş, mənzil sahəsinə 20 faiz əlavə edilməklə yeni mənzillə təmin olunmaq hüququ nəzərə alınmamışdır. Bu isə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Eyni zamanda, iş üzrə digər analoji hallarda sakinlərin “mənzilə mənzil” prinsipi ilə təmin olunması faktı mövcud olduğu halda, cavabdehlə bağlı fərqli və ədalətsiz yanaşma tətbiq olunmuş, bu da bərabərlik və ədalət prinsiplərinin pozulmasına səbəb olmuşdur. Eyni zamanda, məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırılmamış, mənzilimin real bazar dəyəri düzgün qiymətləndirilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququ, eləcə də 43-cü maddəsində nəzərdə tutulmuş mənzil hüququ ilə bağlı müddəalar pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, Konstitusiyaya əsasən, heç kəs məhkəmə qərarı olmadan və qabaqcadan ədalətli kompensasiya ödənilmədən mülkiyyətindən məhrum edilə bilməz. Lakin mövcud iş üzrə cavabdehə təklif olunan kompensasiya mənzilinin real bazar dəyərinə uyğun olmamış, bu isə onun mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Eyni zamanda, Konstitusiyanın mənzil hüququ ilə bağlı müddəalarına əsasən, dövlət vətəndaşların mənzil hüququnun qorunmasını təmin etməlidir. Buna baxmayaraq, mənim yaşadığım mənzillə bağlı ədalətli və qanuna uyğun köçürülmə şərtləri təmin edilməmişdir. Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən, söküntü zamanı vətəndaşlara mənzil sahəsinə əlavə 20 faiz artırılmaqla yeni mənzil verilməsi nəzərdə tutulduğu halda, məhkəmə bu normanı tətbiq etməmiş və hüquqi qiymət verməmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin işin hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı tələbləri pozulmuş, sübutların düzgün qiymətləndirilməsi təmin edilməmişdir. Göstərilən hüquq normalarının Bundan əlavə, məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi zamanı prosessual qanunvericiliyin tələblərinə əməl olunmamış, təqdim edilən dəlillər tam və düzgün qiymətləndirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, bu səbəbdən ləğv edilməli və iş üzrə yeni, ədalətli qərar qəbul olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
15. Cavabdeh Cavabdeh apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, brinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
16. Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti ## #### 2026-cı il tarixində məhkəməyə ərizə təqdim edərək, qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən ekspertiza rəyinə əsasən cavabdehə məxsus özbaşına tikilinin bazar dəyəri 18000 manat qiymətləndirilmişdir. Lakin buna baxmayaraq, iddiaçı tərəfindən humanistlik nümayiş etdirilmiş və cavabdehə kompensasiya olaraq qanunsuz tikilinin bazar dəyərindən artıq, yəni 23000 manat ödənilməsi təklif edilmişdir. Məhz bu səbəbdən də birinci instansiya məhkəməsi cavabdehə 23000 manat ödənilməklə qanunsuz tikilinin sökülməsi barədə qətnamə qəbul etmişdir. Iş materialları ilə müəyyən edilir ki, cavabdeh Cavabdeh Sərəncamla iddiaçıya icarə əsasında ayrılmış ərazidə dövlətə məxsus torpaq sahəsinin qanunsuz olaraq zəbt etmiş, orada 39,57 kv.metr sahəsi olan qanunsuz tikilini inşa etmiş, tikilinin bazar dəyəri 18000 manat müəyyən edilmişdir. Həmin qanunsuz tikili tikinti norma və qaydalarına uyğun inşa edilməmiş, istifadə və yaşayış üçün yararsız və bərbad vəziyyətdədir. Həmçinin, cavabdeh qeyd olunan qanunsuz və özbaşına tikilidə ümumiyyətlə yaşamır. Anoloji işlər üzrə Bakı Apellyasiya Məhkəməsinin mövcud qətnamələri, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarındakı məcburi göstərişlərinə əsasən, müəyyən olunmuşdur ki, həmin ərazidə yerləşən anoloji olan qanunsuz tikililərin 1 kv.metri təxminən 700-800 manat qiymətləndirilməsi ağlabatandır. Bütün yuxarıda qeyd olunan həqiqi faktlara baxmayaraq, “xxxx” ASC işə baxılmasının uzadılmaması naminə, yaşayış üçün yararsız, bərbad vəziyyətdə olan özbaşına tikilinin bazar dəyərindən daha artıq, yəni 30000 manat məbləğində pulu kompensasiya qismində cavabdehə ödəməyə razıdır və etiraz etmir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariyagigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 18. Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququəldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4. tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının vəya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.5.1. Alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur.
18. “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2020-ci il tarixli Qərarı: “Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli, ***-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # ######## tarixli, *** nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır.”
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər. Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu: 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək, iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə belə nəticəyə gəlinir ki, birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə dəyişdirilməlidir.
22. Apellyasiya şikayətinin əsas dəlilini o təşkil edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin mənzilinin real bazar dəyəri düzgün qiymətləndirilməmişdir. Cavabdehin yaşadığı mənzil 39,57 m2-dir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamına əsasən, mənzil sahəsinə 20 faiz əlavə edilməklə yeni mənzillə təmin olunmaq hüququ mövcuddur, lakin cavabdehin bu hüququ təmin edilməmişdir.
23. Əvvəla qeyd olunmalıdır ki, nə tikilinin yerləşdiyi torpaq sahəsi, nə də tikili üzərində cavabdehin hər hansı bir hüququ qeydə alınmamışdır və statusuna görə özbaşına tikilidir. Bu fakta dair hər hansı əks arqument irəli sürülməmiş, tikiliyə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edilməmişdir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Qeyd olunan normanın tələbindən göründüyü kimi, özbaşına tikilinin mülki dövriyyənin obyekti olması istisna edilir, onu satmaq, ona dair hər hansı əqd bağlamaq qadağandır. Belə olan halda özbaşına tikilinin mülki dövriyyənin obyekti olan, xüsusi mülkiyyətdəki daşınmaz əmlak obyektləri ilə eyniləşdirib, onun bazar dəyərinin hesablanması qanuni olmaz.
25. Lakin məhkəmə kollegiyası hesab edir ki, özbaşına tikili mülkiyyət hüququn obyekti qismində çıxış etməsə də, faktiki olaraq yaşayış sahəsi olmaqla cavabdehin mənzil ehtiyaclarını qarşıladığından, tərəflərin başqa formada razılığı mövcud deyilsə kompensasiya ödənilməsi ədalətli və qanunidir.
26. Özbaşına tikili olan evin sökülməsi tələbi vətəndaşların, o cümlədən onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması tədbirləri ilə əhatə olunur və cavabdehə məruz qaldıqları təsirin kompensasiyası olaraq müəyyən məbləğin ödənilməsi Konstitusiya Məhkəməsinin qərarlarında bəhs olunan mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsaslardan biri kimi çıxış edir. Bu kontekstdə, bir şəxsin əmlaka dair hüquqları digərlərinin hüquqlarından üstün sayılmamalı, əmlak hüquqlarının həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalı, daşınmaz əmlak üzərində hüquq müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməli, Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulması hallarında hüquq sahibləri öz hüquqlarından sui-istifadə etməməli, sökülən əmlakın əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməməlidirlər. Belə ki, hüquq sahibləri ilə razılığın əldə olunmasının qeyri-mümkünlüyü digər şəxslərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
27. Iş materiallarında olan fotoşəkillərdən görünür ki, cavabdehin istifadəsində olan sahə özbaşına tikili statusunda olmaqla yanaşı təmirsiz, suvaqsız, texniki cəhətdən nasaz və istifadəyə yarasız vəziyyətdədir.
28. Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti apellyasiya icraatı zamanı məhkəməyə ərizə təqdim edərək, qeyd etmişdir ki, “xxxx” ASC işə baxılmasının uzadılmaması naminə, yaşayış üçün yararsız, bərbad vəziyyətdə olan özbaşına tikilinin bazar dəyərindən daha artıq, yəni 30000 manat məbləğində pulu kompensasiya qismində cavabdehə ödəməyə razıdır və etiraz etmir.
29. Məhkəmə kollegiyası iddiaçı “xxxx” ASC tərəfindən mütəxəssis rəylərinə əsasən müəyyən olunmuş dəyərdən əhəmiyyətli dərəcədə fərqlənən kompensasiya təklif olunmasını, cavabdehin istifadəsində olan sahənin özbaşına tikili statusunda olmaqla yanaşı istifadəyə yarasız, təmirsiz vəziyyətdə olmasını, həmçinin, özbaşına tikililərə münasibətdə formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi kompensasiyanın məbləği hissəsində dəyişdirilərək bu məbləğ 30000 manat müəyyən olunmalı, qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
30. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə silinməli olan kompensasiyanın məbləği hissəsində düzgün olmadığından, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Buna görə də cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə müzakirə olunan qaydada dəyişdirilməlidir.
31. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi kompensasiyanın məbləği hissəsində dəyişdirilərək cavabdeh Cavabdeh ödənilməli olan kompensasiya məbləği 30000 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.