Məhkəmə qərarları › İş №2(3-6)-2213/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2213/2026

04.06.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2213/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə (açar sözlər: birinci instansiya məhkəməsinin qərardadlarından şikayət verilməsinin mümkünlüyü) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 barət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “hasarın sökülməsi və pəncərənin bağlanması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh1 nümayəndəsi (vəkili) Mürsəlzadə İlqar Qantural oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “hasarın sökülməsi və pəncərənin bağlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Aydın Xələfov küçəsi, döngə 04, ev 4A (yeni qaydalarla: AZ 1041, ünvan 2 126) ünvanı ilə ünvan 1 ünvanı arasında cavabdehlər tərəfindən inşa edilmiş hasarın sökülərək hündürlüyünün 2 metr 20 santimetrə gətirilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus torpaq sahəsinə açılan pəncərəsinin bağlanması, iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi qərara alınmışdır. Cavabdeh cavabdeh1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ##.##.2026-cı il tarixində şikayət verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini və iş üzrə icraatın davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərardadında qeyd etmişdir ki, cavabdeh və onun nümayəndəsi və vəkili iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Hansı ki, onlar iş üzrə təyin edilmiş ilk məhkəmə iclasında iddiaçının vəsatəti müzakirə edilərkən, hazırki iş üzrə ekspertiza keçirilməsinə ehtiyac olmadığını, cavabdehə məxsus evin 1973-cü ildən inşa edildiyini, mübahisəli pəncərənin də həmin vaxtdan mövcud olduğunu bildirərək, evin texniki pasportunu məhkəməyə təqdim etmişdir. Lakin, növbəti məhkəmə iclasında yenidən həmin vəsatət müzakirə edilərkən, artıq məhkəmənin ekspertiza təyin edilməsi ilə bağlı qənaətə gəldiyini gördüklərindən, ekspertiza təyin ediləcəyi təqdirdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssislərinin də cəlb edilməsini və onlar qarşısında mübahisəli pəncərənin açıldığı ərazinin iddiaçıya məxsus torpaq sahəsinə düşüb-düşmədiyinin müəyyən edilməsi barədə sual qoyulmasını xahiş etmişdir. Lakin, məhkəmənin qərardadından da göründüyü kimi, ekspertizanın keçirilməsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssislərinin cəlb edilməsi qərara alınsa da, onlar qarşısında da ekspertin müəyyən etməli olduğu suallar qoyulmuşdur. Eləcə də qeyd olunmalıdır ki, məhkəmə iclasında, iddiaçı tərəfindən tərəflər arasındakı hasarın hansı hissəsinin cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olmadan inşa edilməsini müəyyənləşdirmək mümkün olmamış, hakimin dəfələrlə sual verməsinə baxmayaraq, iddiaçı hasarın hansı hissəsinin sökülməli olmasını izah edə bilməmişdir. Lakin, məhkəmə hazırki iş üzrə qəbul etdiyi ekspertiza barədə qərardadda ümumiyyətlə evlər arasındakı hasarın şəhərsalma normalarına və tələblərinə uyğun olub-olmaması barədə sual qoymuşdur. Hesab edir ki, yuxarıda qeyd etdiyi hallar nəzərə alınmaqla, məhkəmənin qəbul etdiyi qərardad ləğv edilməli və işə mahiyyəti üzrə baxılması davam etdirilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardadlardan yalnız Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində göstərilən hallarda şikayət verilə bilər. Hazırda barəsində şikayət verilmiş *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardad ekspertiza təyin edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində isə ekspertizanın təyin edilməsi ilə bağlı qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Bununla yanaşı, ekspertizanın həyata keçirilməsi ilə bağlı məhkəmə icraatının gedişi ekspert rəyi məhkəməyə təqdim edilənək dayandırıldığından, həmin qərardadın yalnız icraatın dayandırılması hissəsi ilə şikayət verilməsi nəzərdə tutulmuşdur. Lakin hazırki şikayətin məzmunundan müəyyən edilir ki, şikayət bilavasitə məhkəmə icraatının dayandırılması ilə deyil, ümumiyyətlə ekspertiza təyin edilməsi, qərardadın məzmunu və ekspert qarşısında qoyulmuş suallarla bağlıdır. Bu baxımdan məhkəmə hesab edir ki, ekspertiza təyin edilməsi barədə məhkəmə qərardadından şikayət verilməsi nəzərdə tutulmadığından hazırki şikayət geri qaytarılmalıdır. Şikayətin dəlilləri, şikayətə qarşı etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından cavabdeh cavabdeh1 nümayəndəsi (vəkili) Mürsəlzadə İlqar Qantural oğlu şikayət verərək qərardadın ləğv edilməsini və şikayətə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “hasarın sökülməsi və pəncərənin bağlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Aydın Xələfov küçəsi, döngə 04, ev 4 A (yeni qaydalarla: AZ 1041, ünvan 2 126) ünvanı ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi A.Xələfov küçəsi, döngə 04, ev 06 ünvanı arasında cavabdehlər tərəfindən inşa edilmiş hasarın sökülərək hündürlüyünün 2 metr 20 santimetrə gətirilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus torpaq sahəsinə açılan pəncərəsinin bağlanması, iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi, ekspertizanın aparılmasına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssislərinin cəlb edilməsi və ilk olaraq onlar tərəfindən aşağıda qeyd edilən suallar üzrə mütəxəssis rəyi təqdim edilməsi, ekspert və mütəxəssislər qarşısında aşağıdakı suallar qoyulması 1) Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Aydın Xələfov küçəsi, döngə 04, ev 4 A (yeni qaydalarla: AZ 1041, ünvan 2 126) ünvanı ilə ünvan 1 ünvanı arasında inşa edilmiş hasar şəhərsalma normalarına və tələblərinə uyğundurmu? 2) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində inşa edilmiş və iddiaçı İddiaçı məxsus həyətyanı sahəyə açılan pəncərə tikinti və şəhrəsalma normalarına və tələblərinə uyğundurmu, həmin pəncərənin bağlanması mümkündürmü? Ekspertə “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən, qoyulmuş suallardan əlavə məhkəmə ekspertizasının predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları da öz rəyində göstərməsinin təklif olunması, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunması, ekspert və mütəxəssislər tərəfindən mübahisəli torpaq sahəsinin yerləşdiyi ünvana baxış keçirilməsinə şərait yaratmaq vəzifəsinin iddiaçı İddiaçı, habelə cavabdehlər cavabdeh2 və cavabdeh1 üzərinə qoyulması, ekspertlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 63-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələrin izah edilməsi, ekspertlərin bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə cinayət məsuliyyəti barədə xəbərdar edilmələri, ekspertizanın keçirilməsi ilə bağlı mülki işin materiallarının ekspertə təqdim edilməsi, ekspertiza keçirilməsi və rəyin verilməsi üçün müddətin işin ekspertə təqdim edildiyi gündən 1 (bir) ay müəyyən edilməsi, ekspert rəyi alınanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Cavabdeh cavabdeh1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ##.##.2026-cı il tarixində şikayət verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini və iş üzrə icraatın davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. İş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Hesab edir ki, məhkəmənin hazırki iş üzrə qəbul etdiyi qərardad qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə ziddir. Belə ki, məhkəmə öz qərardadını onunla əsaslandırmışdır ki, şikayət bilavasitə məhkəmə icraatının dayandırılması ilə deyil, ümumiyyətlə ekspertiza təyin edilməsi, qərardadın məzmunu və ekspert qarşısında qoyulmuş suallarla bağlıdır. Hansı ki, onların şikayətlərinin əsasını məhz, iş üzrə icraatın dayandırılmasının əsassız olması təşkil edir. Belə ki, onlar şikayətdə cavabdehə məxsus evin 1973-cü ildən inşa edildiyini, mübahisəli pəncərənin də həmin vaxtdan mövcud olduğunu bildirərək, evin texniki pasportunun məhkəməyə təqdim edildiyini, lakin, bu halın məhkəmə tərəfindən nəzərə alınmadığını, təqdim etdikləri sənədlər əsasında işə baxılacağı təqdirdə, işin icraatını dayandırılmasına hər hansı bir əsas olmayacağını bildirməyə çalışmışlar. Lakin, məhkəmə bu halları nəzərə almadan, şikayəti əsassız olaraq geri qaytarmışdır. Hesab edir ki, yuxarıda qeyd etdiyi hallar nəzərə alınmaqla, məhkəmənin qəbul etdiyi qərardad ləğv edilməli və şikayətə mahiyyəti üzrə baxılması təmin edilməlidir. Ona görə də şikayətin təmin olunması, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadının ləğv edilməsi və şikayətə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş olunur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Maddə 64.2. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 207.1. Zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. Maddə 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Maddə 267.2. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Maddə 267.3. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Maddə 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Maddə 395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxsi mütəxəssis qismində cəlb etmək, xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək hakimin hüququdur. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardadlardan isə MPM-də göstərilmiş hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verilə bilər. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Hazırkı işdə cavabdehin nümayəndəsinin (vəkilinin) şikayətindən müəyyən olunur ki, o, MPM-də şikayət verilməsi nəzərdə tutulmayan, işin sonrakı hərəkətinə mane olmayan mülki iş üzrə ekspertizanın təyin edilməsinə dair qərardadından şikayət vermiş, birinci instansiya məhkəməsi isə haqlı olaraq şikayəti geri qaytarmışdır. Kollegiya eyni zamanda qeyd edir ki, yalnız Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə belə hüquqları nəzərdə tutulmuş proses iştirakçıları məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin icazəsi ilə məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər. Məhkəmə ekspertizasının aparılmasında iştirak edən proses iştirakçıları tədqiqatın gedişatına müdaxilə edə bilməzlər, lakin məhkəmə ekspertizasının predmetinə dair ekspertə suallar və izahatlar verə bilərlər. Ekspert rəyini tərtib etdiyi zaman, həmçinin məhkəmə ekspertizası ekspertlər tərəfindən aparıldıqda ekspertlərin müqaviləsi və əldə edilmiş nəticələrin yekunlaşdırılması mərhələsində proses iştirakçılarının iştirakına yol verilmir. Proses iştirakçısı məhkəmə ekspertizası aparıldığı zaman ekspertə mane olduqda, ekspert tədqiqatı dayandıra bilər və həmin şəxsə verilmiş icazənin ləğv edilməsi barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldıra bilər. Göründüyü kimi cavabdehin nümayəndəsinin (vəkilinin) şikayətində qeyd olunanlar qərardaddan şikayət verilməsi üçün deyil, təyin edilmiş ekspertizanın keçirilməsində iştirak etmək hüququndan istifadə etmək üçün əsas ola bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar