Məhkəmə qərarları › İş №2(3-6)-2306/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2306/2026

02.07.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2306/2026 02.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsmayılova Rəhilə Sarı qızının cavabdeh Cavabdeh ASC-yə qarşı mülki iş üzrə Açar sözlər: əsassız hesablanmış borcun silinməsi Hakimlər X7 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, İddiaçı İsmayılova Rəhilə Sarı qızının, Cavabdeh “xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İsmayılova Rəhilə Sarı qızının cavabdeh Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İsmayılova Rəhilə Sarı qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi hazırda iddiaçı İsmayılova Rəhilə Sarı qızının (bundan sonra iddiaçı) istifadə və sahibliyindədir. Onun anası Sərfinaz İsmayılova ilə cavabdeh Cavabdeh ASC (bundan sonra cavabdeh) arasında bağlanmış müvafiq müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən elektrik enerjisi ilə təchiz edilmiş və istehlakçıya *********D***** nömrəli abonent kodu verilməklə, ötürülən elektrik enerjisinin hesablanması məqsədi ilə evin xarici tərəfində elektrik sayğacı quraşdırılmışdır. Abunə haqqında sənədə (abonentin saldosuna) əsasən həmin evdə elektrik enerjisindən istifadəyə görə ##.##.2012-ci il tarixdə 173,66 manat (Barmek borcu), ##.##.2013-cü il tarixdə 38,16 manat borc, ##.##.2013 - ##.##.2018-ci illər ərzində isə qanunsuz qoşulmaya görə 1.007,92 (39,3 + 25,92 + 509,82 + 236,64 + 196,24 = 1.007,92) manat borc hesablanmış, hazırki tarixə isə barmek borcu nəzərə alınmadan cəmi 2.333,44 (2.545,84 (sərfiyyat borcu) + 3.023,45 (akt üzrə borc) – 3.235,85 (ödəniş) = 2.333,44) manat qalıq borc mövcuddur. İddiaçının anası vəfat etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı İsmayılova Rəhilə Sarı qızı cavabdeh Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, qanunsuz olaraq Cavabdeh ASC tərəfindən onun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə hesablanmış 2.500 manat borcun silinməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanıda yerləşən fərdi yaşayış evi onun anası Sərfinaz İsmayılovanın mülkiyyətində olmuşdur. Anası ##.##.2018-ci il tarixdə vəfat etmişdir. Məlum olmuşdur ki, Cavabdeh ASC tərəfindən 2011-ci ildə mənzildə yaşayış olmadığı halda həmin fərdi yaşayış evinə əvvəllər sayğacı olmadığına görə 1.000 manat, daha sonra isə sayğac quraşdırılmasına baxmayaraq, sayğaca müdaxiləni əsas gətirərək 2013-cü il tarixdə isə 1.500 manat borc yazılmış, həmin sayğac isə onların iştirakı və xəbəri olmadan yenisi ilə əvəz edilmişdir. Bununla yanaşı o həmin müddətdə də Rusiya Federasiyasının Moskva şəhərində yaşamışdır. Buna baxmayaraq arada bir Azərbaycana gəlib-gedirdi. Artıq 1 ay müddətə yaxındır ki, sayğaca vurduqları vəsaitin böyük bir hissəsi, yəni 80%-i süni olaraq formalaşdırılmış borcdan çıxarılır, yerdə qalan 20% vəsait müqabilində onlara elektrik enerjisindən istifadə üçün şərait yaradılır. Onların adına yazılmış borc məbləği elektrik enerjisinin sərfiyyatı ilə bağlı olmadığından, həmçinin əsassız yerə borc yazıldığından ümumilikdə yazılmış 2.500 manat məbləğində borc silinməlidir. Belə ki, sayğac olmadan elektrik enerjisindən istifadə ilə yazılmış 1.000 manat borc yazılsa da, həmin müddət ərzində həmin evdə heç kəs yaşamamış, elektrik enerjisində isə istifadə olunmamışdır. Lakin barəsində əsassız olaraq 1.000 manat borc yazılmışdır. Bundan başqa, quraşdırılmış sayğaca müdaxilə ilə əlaqədar 1.500 manat əlavə olaraq borc yazılsa da, onlar həmin sayğaca heç vaxt müdaxilə etməyiblər, sayğaca müdaxilə olunubolunmaması isə şübhəlidir. Son 1 ay ərzində sayğaclar dəyişdirildikdə belə mənzil sahiblərinə xəbər verilməmişdir. O bu haqda elektrik enerjisi kəsildikdən sonra bilmiş və ona məlum olmuşdur ki, yeni sayğaclar kart sistemi ilə çalışır və karta vurduğu pulun 80%-i əsassız olaraq çıxılır. Belə ki, əgər həmin sayğaca həqiqətən də müdaxilə olunsaydı Cavabdeh ASC-nin əməkdaşları onların iştirakı ilə bu fakt aktlaşdırardılar. Lakin onların xəbəri olmadan Cavabdeh ASC tərəfindən həmin sayğac yenisi ilə əvəz edilmişdir. Digər tərəfdən əgər həqiqətən də həmin sayğaca müdaxilə olunmuş olsaydı belə həmin sayğac onların fərdi yaşayış evinin hasarından çöldə olduğuna görə sayğaca fiziki olaraq onun 7/24 nəzarət etmək və onun mühafizəsini təmin etmək vəzifəsi daşımadığından həmin sayğaca müdaxilə ilə bağlı onun üzərinə qanunveriicliyin tələblərinə əsasən heç bir öhdəlik, o cümlədən 1.500 manat məbləğində borc yazıla bilməz. Göründüyü kimi, Cavabdeh ASC onun istifadə etmədiyi elektrik enerjisi ilə bağlı əsassız olaraq ona ümumilikdə 2.500 manat borc yazmışdır. Həmişə istifadə etdiyi enerji sərfiyatının pulunu vaxtında ödəmişdir. Ona qanunsuz borc yazılmışdır. Qeyd edilən borcun silinməsi ilə bağlı Cavabdeh ASC-yə ərizə ilə müraciət etsə də, ərizəsi əsassız olaraq təmin edilməmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh ASC tərəfindən iddiaçı İsmayılova Rəhilə Sarı qızının istifadəsində olan (070004400D30028 Abunə kodu) ünvan 2 ünvanı (hazırkı N.Məlikov küçəsi ev 17) üzrə hesablanmış 173,66 manat məbləğində dondurulmuş borc və aktlar əsasında hesablanmış 1.046,08 manat, ümumilikdə 1219,74 manat borc silinmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim X4).

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, abunə haqqında sənəddən, eyni zamanda, cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahata əsasən həmin məbləğin 173,66 manat hissəsi ödənişi tələb olunmayan borclar qrafasına daxil edilmiş, yəni dondurulmuşdur. Bu borcun ödənilməsi isə yalnız abunə koduna ad dəyişikliyi edilən zaman və ya borcun olmamasına dair arayış verilərkən tələb olunur. Hazırda iddiaçı, adına olan abunə kodunda dondurulmuş borcun qalmasının hüquqlarının pozulması hesab edərək, əsassız yazılmış borcun silinməsini, cavabdeh tərəf isə borcun dondurulmasına baxmayaraq, ödənilməli olduğunu bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər.

6. Məhkəmə hesab etmişdir ki, 173,66 manat məbləğində borcun tələb olunmayan borclar siyahısına daxil edilərək dondurulmasına baxmayaraq, abunə kodunun addan-ada keçirilməsi və ya borcun olmaması barədə arayışın verilməsi zamanı tələb edilməsi əsassızdır. Dondurulmuş və tələb edilməyən borclar siyahısına daxil edilmiş həmin borcun mövcudluğu iddiaçının hüquqlarını pozduğundan məhkəmə hesab etmişdir ki, iddia təmin edilməlidir.

7. Abonent saldosunda öz əksini tapmış aktlara görə 1.046,08 (38,16 + 39,3 + 25,92 + 509,82 + 236,64 + 196,24) manat borca münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf 2013 və 2014-cü illərdə tərtib olunmuş aktlara görə iddiaçıya borc hesablanmasını bildirsə də, həmin borcun göstərilən aktlara görə yaranması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə tərəfindən tələb edilməsinə baxmayaraq, həmin müvafiq videogörüntünün və aktın tərtib olunmasında iştirak edən şahidlərin məhkəməyə təqdim edilməsi təmin edilməmişdir. Həmin sözügedən aktlar əsasında sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi faktı öz təsdiqini tapmır. Beləliklə, akt əsasında *********D***** nömrəli abunə koduna 1.046,08 manat borcun yazılması məhkəmə tərəfindən əsassız hesab edilmişdir.

8. İddiada silinməsi tələb olunan qalan borc məbləğinə münasibətdə məhkəmə qeyd etmişdir ki, abonent saldosunun təhlilinə əsasən müəyyən edilir ki, abonentə hesablanmış qalan borc məbləği evdə elektrik enerjisinin verilməsi üzrə xidmətlərdən istifadə nəticəsində yaranmış borcdur. Yəni, iddiaçının silinməsini tələb etdiyi həmin məbləğlər sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş borcdur. Ona görə də, həmin hissədə iddianın rədd edilməsini məhkəmə məqsədəmüvafiq hesab etmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci və 17-ci maddəsini 1-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14-cü, 217-218-ci, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı, 8.2-ci, 8.4-cü, 9.1-ci, 9.10cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı İsmayılova Rəhilə Sarı qızı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın rədd edilmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, CavabdehASC-nin əməkdaşları tərəfindən ona bildiriş və yaxud hər hansı elektrik enerjisinin istifadəsindən düzgün istifadə etməsəydi tələbnamə verilməli idi və ya Cavabdeh ASC-nin əməkdaşları tərəfindən mülkiyyətçinin iştirakı ilə akt tərtib olunmalı və imzalanmalı idi. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın rədd edilən hissəsində qanunsuz və əsassız olması, maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tədbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə gösdərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi səbəbindən ləğv edilməli, iddianın qalan hissəsi də tam təmin ediməlidir. Həmçinin, valideynlərindən onlara miras qalmış mənzildə varisləri, yəni o və bacısı İsmayılova Nazilə Sarı qızı yaşayır. Bacısı Nazilə İsmayılova işləmir, çox az məbləğdə pensiya alır, o, özü II qrup əlildir, ağır dərəcəli nevroz xəstəsi olduğu üçün ağır dərmanlar qəbul edir, bir gözünün görmə qabiliyyəti 1%, digər gözü isə 10%-dir. Birinci instansiya məhkəməsi borcun yarısını silsə də, digər yarısını saxlamışdır. Məhkəmə qətnaməni qəbul edərkən onun sağlamlığını, maddi vəziyyətini düşünməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iddiaçı İsmayılova Rəhilə Sarı qızı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cərimələri ödəməyəcəyini dəfələrlə demişdir. Borc anasının dövründən qalıb, onun anası vəfat edib, sayğacın onun adına keçirməsini və borcun silinməsini istəyir. Fərdi yaşayış evinə 2025-ci ilin sentyabr ayında yeni sayğac quraşdırılmışdır. Hazırda etdiyi ödənişlərin 80 faizi borca silinir. Onun borcu olmayıb, borcun hamısı silinməlidir. Tələb olunan borc 2010-2014-cü illərin borcudur. Aylıq ödənişlər edərkən bildirişdə borc barədə məlumat qeyd olunurdu. Ay ərzində istifadə etdiyi elektrik enerjisinə görə borcu ödəmişdir. Sentyabrdan etibarən məcburi ödəniş tuturlar. Tələb olunan borcu ödəmək imkanı yoxdur. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında cavabdeh “xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, aktlar əsasında borc məbləği 13-14 il öncə yazılmışdır. Həmin aktları məhkəməyə təqdim edə bilmədikləri üçün onların əsasında hesablanmış borc silinmişdir. 2.195,48 manat borc var, 1.046 manat borc silinibdir. Yerdə qalan məbləğ istifadə olunan elektrik enerjisinə görə hesablanmış borcdur. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; əvvəlki redaksiyada 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar; Tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan 1307ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçıdır. Məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır; 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə, habelə sabit tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur; 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir; 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır; 8.17-2-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırki apellyasiya şikayətində qətnamənin qismən, yəni iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın tam (həmin hissədə də) təmin olunması xahiş olunduğundan, qətnamə yalnız iddianın təmin edilməyən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, yoxlanılan hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və həmin hissədə iddianın tam və ya qismən təmin edilməsinə hər hansı əsas yoxdur.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının istifadə və sahibliyindədir. Onun anası Sərfinaz İsmayılova ilə cavabdeh arasında bağlanmış müvafiq müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən elektrik enerjisi ilə təchiz edilmiş və istehlakçıya *********D***** nömrəli abonent kodu verilməklə, ötürülən elektrik enerjisinin hesablanması məqsədi ilə evin xarici tərəfində elektrik sayğacı quraşdırılmışdır. Abunə haqqında sənədə (abonentin saldosuna) əsasən həmin evdə elektrik enerjisindən istifadəyə görə ##.##.2012-ci il tarixdə 173,66 manat (Barmek borcu), ##.##.2013-cü il tarixdə 38,16 manat borc, ##.##.2013 - ##.##.2018-ci illər ərzində isə qanunsuz qoşulmaya görə 1.007,92 (39,3 + 25,92 + 509,82 + 236,64 + 196,24 = 1.007,92) manat borc hesablanmış, hazırki tarixə isə barmek borcu nəzərə alınmadan cəmi 2.333,44 (2.545,84 (sərfiyyat borcu) + 3.023,45 (akt üzrə borc) – 3.235,85 (ödəniş) = 2.333,44) manat qalıq borc mövcuddur. İddiaçının anası dünyasını dəyişmişdir.

24. İddiaçı 2011-ci ildə mənzildə yaşayışın olmadığı bir halda elektrik enerjisindən istifadəyə görə 1.000 manat borcun, sayğaca heç vaxt müdaxilə olunmadığı bir halda isə 2013-cü ildə bu əsasla 1.500 manat borcun (cərimənin) yazıldığını, nəticədə əsassız olaraq 2.500 manat borcun yarandığını iddia edərək, bu məbləğin silinməsini tələb etmişdir. Hazırda da iddiasına uyğun olaraq apellyasiya şikayəti üzrə bu məbləğin tam silinməsini tələb edir. Öz mövqeyinə uyğun olaraq elektrik enerjisi sərfiyyatının haqqını vaxtı-vaxtında ödədiyini, debitor borcun anasına aid olduğunu, anasının vəfat etdiyini, özünün və bacısının səhhətində problemlərin olduğunu, habelə əlil olduğunu, maddi imkanının yaxşı olmadığını bildirir. Cavabdeh apellyasiya şikayətini qəbul etmir, həmin borcun elektrik enerjisindən istifadə nəticəsində yarandığını qeyd edir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, abonent saldosunun təhlili zamanı ##.##.2012ci ildə 173,66 manat (Barmek borcu), ##.##.2013-cü ildə sayğaca görə 38,16 manat, ##.##.2013 - ##.##.2018-ci illər ərzində qanunsuz qoşulmalar üzrə 1.007,92 (39,30 + 25,92 + 509,82 + 236,64 + 196,24 = 1.007,92) manat borcun hesablandığı müəyyən edilir. Birinci instansiya məhkəməsi ümumi borcun 2.333,44 manat olduğunu, bundan 173,66 manat hissəsinin Barmekin fəaliyyəti dövründə yarandığını, 1.007,92 + 38,16 manat hissəsinin qanunsuz qoşulma nəticəsində hesablandığını, digər hissəsinin isə debitor borc olduğunu göstərmiş və debitor borc istisna olmaqla, digər borcları silmişdir. Lakin bu zaman birinci instansiya məhkəməsi 38,16 manat məbləğində borcu da qanunsuz qoşulma nəticəsində yaranmış borc kimi qiymətləndirmişdir. Halbuki, abunə haqqı məlumatlarına əsasən 38,16 manat ##.##.2013-cü il tarixdə sayğaca görə yaranmış borcdur və bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq silinmişdir. Lakin cavabdeh qətnaməni mübahisələndirmədiyindən bu hissəyə hüquqi qiymət verilmir.

26. Məhkəmə kollegiyası mübahisə ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

27. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

28. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir. Belə ki, “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

29. Bu baxımdan məhkəmə kollegiyası abonent haqqında məlumatlara istinadən vurğulayır ki, həmin ünvan üzrə 2011-ci ildə qanunsuz qoşulma əsası ilə hər hansı məbləğdə borcun hesablandığı müəyyən edilmir. Artıq qeyd edilyi kimi, ##.##.2013 - ##.##.2018-ci illər ərzində qanunsuz qoşulma əsası ilə ümumilikdə 1.007,92 (39,30 + 25,92 + 509,82 + 236,64 + 196,24 = 1.007,92) manat məbləğində borc (cərimə) hesablanmışdır. Qeyd edilənlər öz növbəsində 1.007,92 manat borcdan kənar qalan məbləğin məhz elektrik enerjisindən istifadəyə görə yaranmış borc məbləği olduğunu təsdiq edir. Bu məbləğin ödənilməsini təsdiq edən hər hansı sübutun təqdim edilməməsi də onun silinməsini qeyri-mümkün edir və əksinə ödənilməsini şərtləndirir. Hüquqi nəticə etibarı ilə hazırda iddiaçının mübasiləndirdiyi borcun silinməsi üçün hər hansı əsas mövcud deyil.

30. Həmin məbləğdə elektrik enerjisindən iddiaçı tərəfindən deyil, onun anası tərəfindən istifadə edilməsi də onun silinməsi üçün əsas yaratmış olmur. Belə ki, iddiaçı özü də fərdi yaşayış evinin anasından miras qaldıldığını bildirir. Belə olan halda, o vərəsə kimi miras qoyanın öhdəlikləri üzrə məsuliyyət daşıyır və bu baxımdan elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi öhdəliyi də onun üzərinə düşür. Bu səbəbdən iddiaçının bu qəbildən olan dəlilləri də əsassızdır. Digər dəlillər də iddianın mübahisələndirilən hissədə təmin edilməsi üçün hər hansı əsas yaratmır.

31. Göstərilən səbəblərdən məhkəmə kollegiyası iddianın rədd edilən hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borcun silinməsi ilə bağlı iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı istehlakçı kimi dövlət rüsumu ödəməkdən azad olunduğundan və iddia mübahisələndirilən hissədə təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir.

33. Məhkəmə kollegiyası vurğulayır ki, hazırki iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı İsmayılova Rəhilə Sarı qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi iddiaçı İsmayılova Rəhilə Sarı qızının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar