Məhkəmə qərarları › İş №2(3-6)-2324/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2324/2026

30.06.2026 · Sair işlər - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2324/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili vəkil2, Cavabdehin nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı mülkiyyət hüquqlarının tanınması, mənzillərin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasında ona satılmış 2 ədəd mənzilin, o cümlədən, binanın 1-ci girişi, 10-cu mərtəbəsində yerləşən, 3 otaqlı, sahəsi 140.3 kv.m. olan və binanın 2-ci girişi, 2-ci mərtəbəsində yerləşən, 4 otaqlı, sahəsi 238.1 kv.m. olan mənzilləri onun mülkiyyətinə təhvil verilməsi öhdəliyini Cavabdeh MTK-nın üzərinə goyulması, əks halda ödəniş etdiyi vəsaiti ona geri qaytarılması, bu mənzillərin üçüncü şəxslərdən geri qaytarılması və ya onların mülkiyyət hüququnun etibarsız sayılması, cavabdehin onunla bağladığı müqavilələrin və təqdim etdiyi maliyyə sənədlərinin (maliyyə arayışları, kassa qəbzi) hüquqi qüvvəsinin tanınması, mənzillərin üçüncü şəxslərə təkrar satışının qanunsuz və etibarsız hesab edilməsi, cavabdehin əməlində dələduzluq, sənəd saxtalaşdırılması və aldatma əlamətləri olduğuna görə, iş materiallarının xüsusi qərardadla prokurorluğa göndərilməsi üçün (CM 178 mad., CM 320 mad., CM 308 mad. əsasən) qərar qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 3 ünvanında yerləşən Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasında yerləşən iki mənzilin alınması ilə bağlı rəsmi müqavilələr bağlamışdır. Belə ki, ##.##.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, həmin binanın 1-ci girişi, 10-cu mərtəbəsində yerləşən, 3 otaqlı, 140.3 kv.m. sahəsi olan mənzilin alınması barədə Cavabdeh MTK ilə rəsmi müqavilə aralarında imzalanmışdır. Eyni tarixdə, həmin binanın 2-ci girişi, 2-ci mərtəbəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 238.1 kv.m. olan digər mənzilin alınması barədə də Cavabdeh MTK ilə aralarında təkrar rəsmi müqavilə bağlanmışdır. Müqavilə tərəflər arasında imzalanmış və şirkətin rəsmi möhürü ilə təsdiqlənmişdir. Həmin gün cavabdeh tərəfindən mübahisəli mənzillərə dair ona 2 ədəd rəsmi maliyyə arayışı təqdim edilmişdir: 140.3 kv.m. 3 otaqlı mənzilə dair və 238.1 m2 4 otaqlı mənzilə dair. Arayışlarda göstərilir ki, mənzillərin dəyəri tərəfindən tam ödənilib, kooperativə qarşı heç bir borcu yoxdur. Eyni gün cavabdeh direktor Araz Abdüləzimov tərəfindən onun adıma 309.530 manat məbləğində rəsmi kassamədaxil qəbzi tərtib edilmişdir. Qəbz rəsmi şəkildə imzalanmış və möhürlənmişdir. Bu üç rəsmi sənəd (müqavilə + 2 arayış + kassa qəbzi) sübut edir ki, mənzillərin alqı-satqısı tam qanunu həyata keçirilib,onun tərəfindən tələb olunan ödənişlər tam edilib, cavabdeh əmlakı mənə təhvil vermək öhdəsini üzrənə götürüb. Lakin binanın tikinti başa çatandan sonra məlum olmuşdur ki, tərəfindən ödənişini tam etdiyi hər iki mənzil Cavabdeh MTK tərəfindən üçüncü şəxslərə təkrar satılmışdır. Hazırda da, cavabdeh artıq 3 ildir ki, müxtəlif bəhanələrlə ya əmlakı təhvil verməkdən, ya pulu qaytarmaqdan yayınmaqdadır. Bu hallar açıq şəkildə dələduzluq əlamətləri daşıyır və həm mülki, həm də cinayət qanunvericiliyinin çoxsaylı maddələrinin pozulmasını göstərir. Cavabdehin davranışı – mənzilin pulunu alıb, sonra həmin əmlakı başqasına satması – mülki-hüquqi münasibətdə qəsdən öhdəliyin icra edilməməsi və əmlakın qanunsuz özgəninkiləşdirilməsidir.

3. Iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia ərizəsində göstərilmiş “mənzillərin üçüncü şəxslərə təkrar satılması” ilə bağlı məlumat cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri tərəfindən ona şifahi şəkildə verilmiş məlumatlara əsaslanmışdır. Belə ki, cavabdeh MTK-nın sədri Araz Abdüləzimov dəfələrlə ona bildirmişdir ki, guya mübahisə predmeti olan mənzillər MTK-a tərəfindən üçüncü şəxslərə satılmışdır və bu səbəbdən mənzillərin dərhal təhvil verilməsi mümkün deyil. O, eyni zamanda ondan xahiş etmişdir ki, məhkəməyə və hüquq-mühafizə orqanlarına müraciət etməsi, ona vaxt verməsi, məsələnin guya öz aralarında həll olunacağını, ya pulun qaytarılacağını, ya da digər mənzillərin veriləcəyini vəd etmişdir. Lakin sonradan, icra məmuru ilə birlikdə yerində baxış zamanı bu məlumatların həqiqətə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, icra məmurunun iştirakı ilə ünvan 1 ünvanında yerləşən binada mübahisə predmeti olan hər iki mənzilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hər iki mənzil boşdur, mənzillərdə heç bir şəxs yaşamır, mənzillər təmir olunmamış vəziyyətdədir, mənzillərdən istifadə edilmir. Binanın mühafizəçisi və komendantı icra məmurunun iştirakı ilə rəsmi şəkildə bildirmişlər ki, qeyd olunan mənzillərin heç bir üçüncü sahibi yoxdur, mənzillər heç kimə təhvil verilməyib və istifadədə deyil. Bu hallar icra məmuru tərəfindən rəsmi aktda öz əksini tapmış, həmin akt iş materiallarına sübut kimi təqdim edilir. Bundan əlavə, binanın 10-cu mərtəbəsində yerləşən, 140.3 kv.m. sahəsi olan 3 otaqlı mənzil üzrə elektrik sayğacının cavabdeh MTK-nın sədri Araz Abdüləzimovun adına rəsmiləşdirildiyi müəyyən edilmişdir. Bu fakt onu göstərir ki, cavabdeh ona satdığı mənzili faktiki olaraq öz adına rəsmiləşdirmiş və üzərində sərəncam verməyə davam etmişdir. Eyni zamanda, Səbail rayon Icra və Probasiya şöbəsinin sorğusu əsasında Əmlak Məsələləri Dövlət Xidməti (Daşınmaz Əmlakın Dövlət Reyestri) tərəfindən verilmiş cavablardan məlum olmuşdur ki, mübahisə predmeti olan mənzillər heç bir üçüncü şəxs tərəfindən özəlləşdirilməmiş və dövlət reyestrində qeydiyyata alınmamışdır. Bu isə cavabdeh MTK sədrinin mənə verdiyi “mənzillər satılıb, kupça alınıb, özəlləşdirilib” kimi məlumatların tamamilə yalan və aldadıcı olduğunu sübut edir. Beləliklə, cavabdehin davranışı onu qəsdən yanlış məlumatlandırmaq, məhkəmə prosesi süni şəkildə uzatmaq, məhkəməyə müraciət etməsinin qarşısını almaq, öz məsuliyyətindən yayınmaq məqsədi daşımışdır. Bütün bunlar cavabdehin vicdansız davranışını, müqavilə öhdəliklərini qəsdən yerinə yetirmədiyini və onu davamlı şəkildə aldatdığını təsdiq edir. Göstərilənləri nəzərə alaraq iddiaçı tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrini, maliyyə arayışlarını və kassa-mədaxil orderlərini əsas götürərək, ünvan 2 ünvanında yerləşən yaşayış binasının 1-ci girişi, 10-cu mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 140.3 kv.m. olan mənzil, eyni ünvan üzrə yerləşən yaşayış binasının 2-ci girişi, 2-ci mərtəbəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 238.1 kv.m. olan mənzilin dərhal ona təhvil verilməsi öhdəliyinin cavabdeh “xxxx” MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.

5. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayət mümkün hesab edilərək baxışa təyin edilmişdir.

6. Hazırda qətnamədən maraqlarına toxunan şəxs X1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki işin rayon məhkəməsinə göndərilməsi barədə Səbail Rayon Məhkəməsindən *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli sorğu daxil olmuşdur.

7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, həmçinin bildirdi ki, Hüseyn Hüseynov mübahisə predmeti olan mənzillərdən birinin mülkiyyətçisidir, onun adına çıxarış var, işin baxışdan çıxarılaraq rayon məhkəməsinə göndərilməsinə etiraz etmir.

8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti ilə razı olmadığını bildirdi ki, eyni zamanda da X1 2022-ci ildə “xxxx” MTK-dan mübahisə predmeti olan mənzillərdən birini alıb, Bakı Inzibati Məhkəmənin qərarına əsasən həmin mənzilə çıxarış əldə edib, işin baxışdan çıxarılması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

9. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, maraqlı şəxs X1 Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin MPM-in 360-364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.

11. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası MPM-in 384.0.6-cı maddəsini rəhbər tutaraq,

qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli apellyasiyanın mümkünlüyü qərardadı ləğv edilsin. Maraqlı şəxs X1 Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin MPM-in 360-364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanması üçün mülki iş apellyasiya baxışından çıxarılsın və həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar