Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-239/2026 16.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Bakı şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə faizlərin akseptsiz qaydada tutulmasının qadağan edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, 2(006)-2712/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2024-cü il tarixdə Müştərinin adına “ABB” tərəfindən ikitərəfli ödəniş kartının buraxılmasına, Müştərinin adına bank hesablarının açılmasına, Müştəri tərəfindən “Tam kart” vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən “Tam kart”dan istifadəyə görə bank xidmətlərinin haqlarının ödənilməsinə, “Tam kart”dan 10-cu bənddə göstərilmiş təyinat üzrə istifadə edilməsinə, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditin qaytarılmasına və ona hesablanmış faizlərin “ABB”-yə ödənilməsinə dair xüsusi şərtləri tənzimləyən istehlak krediti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən borcalan üçün şəxsi ehtiyacların ödənilməsi/istehlak məqsədilə 59 ay müddətinə (kredit xəttindən istifadə müddəti 35 ay) illik faiz dərəcəsi 24 % olmaqla 7.500 manat məbləğində kredit limiti rəsmiləşdirilmişdir. Müqavilədə ********** mobil nömrəsinin iddiaçıya məxsus olması qeyd edilmiş, iddiaçının əlaqə vasitələrində dəyişiklik baş verdikdə onun müvafiq dəyişikliyin baş verdiyi tarixdən 5 (beş) iş günü müddətində bankı yazılı surətdə xəbərdar etməli olması, banka təqdim edilmiş telefon nömrəsinin hər hansı səbəbdən iddiaçının istifadəsindən çıxdıqda və bununla bağlı məlumat banka təqdim edilmədikdə, həmin nömrə vasitəsilə edilən təsdiqlərin, əməliyyatların iddiaçı tərəfindən edilmiş hesab edilməsi və buna görə məsuliyyəti onun daşıması razılaşdırılmışdır. İddiaçı onunla cavabdeh bank arasında bağlanmış xx.xx.2024-cü il tarixli istehlak krediti müqaviləsində “ABB” tərəfindən müştərinin kart hesabındakı pul vəsaitindən akseptsiz qaydada tutulmasına razılıq vermişdir. Bundan sonra iddiaçı özünə məxsus cavabdeh bank tərəfindən verilmiş plastik kartın balansından naməlum şəxslər tərəfindən onlayn qaydada 7500 manat məbləğində pul vəsaitinin oğurlanması faktı barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə müraciət etmiş və o zərərçəkmiş şəxs qismində tanınmışdır. Hazırda iddiaçı iddia əriəsi və bir neçə dəfə iddia ərizəsinə dəqiqləşmə verməklə sonda Bakı şəhəri 17 saylı Notariat Ofisinin tərəfindən aparılmış icra qeydinin ləğv edilməsini və kredit müqaviləsinə münasibətdə hesablanmış faiz borclarının akseptsiz qaydada tutulmasına qadağa qoyulmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi, təqaüddən tutulmaların və faizlərin akseptsiz qaydada tutulmaların qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon prokuroru, ədliyyə müşaviri H.Nurəlibəyovun xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı şikayət ərizəsi əsasında Bakı şəhəri Nərimanov RPİ tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, xx.xx.2025-ci il tarixli qərara əsasən qeyd edilən cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. İşin mahiyyəti ondan ibarət olmuşdur ki, xx.xx.2024-cü il tarixdə iddiaçının oğlu X4 internet vasitəsilə tapdığı gəmiçilik ixtisası üzrə Qazaxıstan Respublikasında işə düzəlmək üçün 1.200 manat pulun köçürülməsi üçün iddiaçının “ABB” kartından istifadə edilməsi ilə sonuncudan Qazaxıstanın vətəndaşları ilə danışmasını xahiş etmişdir. Bundan sonra X4 iddiaçını həmin Qazaxıstanın vətəndaşları ilə əlaqələndirmiş, iddiaçı ilə Qazaxıstandan “+7 908 351-38-05” telefon nömrəsi ilə Fatimə adlı bir xanım rus dilində danışmış və 1.200 manat pulu göndərmək üçün iddiaçının kartının nömrəsini, həmçinin onun telefonuna “sms”lə gələn 6 rəqəmli nömrəni də öyrənmiş, saat yarım keçdikdən sonra Fatimə bildirmişdir ki, güya onların 7.000 manat məbləğdən çox olan pul vəsaiti təcrübəsiz qızının “səhvinə görə” iddiaçının hesabına oturmuşdur ki, həmin vəsaiti geri ala bilmir. İddiaçı isə artıq saat 18:00-ı keçdiyini, əgər belə olubsa sabah onların pulunu qaytaracağını bildirmişdir. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə iddiaçı “ABB”-nin Nəsimi filialına getmiş, baş vermis əhvalatı opertator F.Namazov adlı əməkdaşa danışmış və hesabında 7.300 manat pulun yenicə gəlib-gəlməməsini və həmin pulun gəlmə səbəbini soruşduqda operator kartın xarici müdaxiləyə görə bağlandığını və həqiqətən hesabında 7.300 manat pulun təzəlikcə karta oturduğunu bildirmişdir. Lakin, F.Namazov pulun əmələ gəlməsinin səbəbi barədə heç bir məlumat vermədiyinə görə iddiaçı belə hesab etmişdir ki, həmin məbləğ ona məxsus deyil. Fatimə adlı həmin şəxs iddiaçıya demişdir ki, “oğlu Elçinin işi hələ ki düzəlmir və həmin 7.300 manat pul vəsaitindən 1200 manatı + 200 manatı, əziyyət çəkdiyinizə görə çıxın, qalan 5.900 manatı isə Bakıda qalan tanışı X1 adına kodu B38791 “Bank of Baku” bank kartının kart nömrəsi “5315 9921 5643 7391” göndərin”. İddiaçı hesab edir ki, bu onun pulu deyil, o xx.xx.2024-cü il tarixdə “ABB”-nin Binəqədi filialından 7.300 manat hesabından çıxararaq Fatimə adlı şəxsin dediyi adamın adına göndərmişdir. Bundan sonra Fatimə adlı şəxs iddiaçının zənglərinə cavab verməmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı təqaüdünü almaq istədikdə kartı işləmədiyindən yenidən “ABB”-nin Nəsimi filialına müraciət etmiş və ona bildirilmişdir ki, təqaüd kartları xarici müdaxiləyə görə dayandırılmış və bu dəfə iddiaçıya “yeni xəbər” bildirilmişdir ki, guya o “ABB”dən “Tam kart”ına 7.500 manat limit məbləğini istəmiş və almışdır. Hazırda isə kartda 200 manat pul qalmışdır. İddiaçı həmin limiti almaq üçün heç yerə müraciət etmədiyini, heç bir yerə imza atmadığını bildirmiş və bunun necə mümkün ola biləcəyini soruşduqda cavab verilmişdir ki, güya iddiaçı onlayn müraciət etmiş və 310 manat məbləğ təqaüdü alması buna imkan vermişdir. İddiaçı bunu biləndən sonra polisə müraciət etmiş və həmin “limit krediti”ndən onda qalan 1.400 manat pulun xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə isə 900 manat hissəsini cavabdeh “ABB”-yə qaytarmışdır. Qeyd edilən cinayət işindən görünür ki, ifadə verən X1 bildirdiyinə görə onun bu işdən heç bir xəbəri olmamış, nəqliyyat vasitəsini satmaq üçün elan verdiyinə görə Qazaxıstandan naməlum şəxs onun kartından istifadə edib xəbəri olmadan pul köçürmələri etmişdirlər. xx.xx.2025-ci il tarixdə iddiaçının “ABB”-yə verdiyi kredit borcunun, yəni tutulmaların alınmasının dayandırılması barədə müraciətinə xx.xx.2025-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Bu azmış kimi “limit krediti”ni vaxtında ödəmədiyinə görə iddiaçı minimal təqaüdündən məhrum edilmiş, üstəlik 24 faiz tətbiq edilərək “828.53” manata borclu çıxarılmışdır. İddiaçının xx.xx.2025-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə verdiyi müvəqqəti təminat tədbirlərinin tətbiqi haqqında ərizəsi e-16(006)-103/2025 saylı qərardadla təmin edilmiş və xx.xx.2025-ci il tarixədək “ABB” tərəfindən iddiaçıya qarşı təqaüdündən akseptsiz qaydada tutulmaların aparılması dayandırılmışdır. Daha sonra, "xxxx" ASC-nin verdiyi şikayət qismən təmin edilərək iddiaçının təqaüdündən akseptsiz qaydada tutulmaların aparılması dayandırılması xx.xx.2025-ci il tarixdə qərardadla qərara alınmışdır. Cavabdeh bank cavab məkubunda və şikayətində qeyd etmişdir ki, ərizəçi məhkəməyə kredit müqaviləsini və tutmaların mövcud olması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Həmçinin, həmin kredit müqaviləsində ərizəçinin imzası mövcuddur. Lakin, iddiaçı hazırkı iddia ərizəsində qeyd etdiyi tutmaların mövcud olmasını sübut edən cavabdehin qəbzlərini əlavə etmişdir. İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış və imzalanmış xx.xx.2024-cü il tarixli TL-EE003823084 nömrəli istehlak krediti müqaviləsinin (“Tam kart” vasitəsilə) 8-ci bəndi ilə kredit xətti üzrə illik faiz dərəcəsi 24,0 (iyirmi dörd) faiz müəyyən edilmişdir. Həmin müqavilənin 10-cu bəndində göstərilmişdir ki, kreditin (“Tam kart”ın) təyinatı şəxsi ehtiyacların ödənilməsi/istehlak məqsədləri, “Tam kart”dan sahibkarlıq fəaliyyəti ilə bağlı hesablaşmaların və ya üçüncü şəxslərin ödənişlərinin (bu ödənişlər sui-istifadə hallarına yol verilərək süni yolla “cashback” qazanmaqla nəticələndikdə) həyata keçirilməsi qadağandır. Bundan başqa baxmayaraq ki, cavabdeh tərəfindən iddiaçının cüzi miqdarlı təqaüdündən 50%-in tutulması qərara alınmışdır, hələ də illik 24% cərimə hesablanmışdır ki, iddiaçının borclu olduğu 5.900 manat məbləğin süni olaraq xeyli miqdarda qanunsuz artırılmışdır. Hazırkı vəziyyətdə “ABB” iddiaçıya qarşı tətbiq etdiyi tutmalarla nəinki onun cüzi miqdarda olan təqaüdünü tam olaraq kəsmişdir, hətta gələcəkdə də daha çox böyüyən, hələ ki, balans 828,53 manata iddiaçını borclu çıxartmışdır. Buna görə iddiaçı hesab edir ki, onun kobud şəkildə pozulmuş, qanunla qorunan hüquq və mənafeləri qorunmalıdır. İddiaçı iddia tələbinə dəyişiklik barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC-yə qarşı ilkin iddia tələbinin “kredit müqaviləsinin etibarsız hesab edilməsi” hissəsindən imtina etməsini, qalan iddia tələblərindən təqaüddən tutulmaların 50%-nə və 24 faizlə akseptsiz tutulmalara qadağa edilməsi barədə iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixli “iddia tələbinə yeni dəqiqləşmə” təqdim edərək, "xxxx" ASC tərəfindən təqaüdündən qanun üzrə 50%-lik tutulmalara etiraz etmədiyini, lakin həmin kredit müqaviləsində qeyd edilən faizlərin akseptsiz qaydada tutulmalarına qadağa qoyulması barədə iddia tələbini müdafiə etdiyini bildirmişdir. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixli “iddia ərizəsinə əlavə” təqdim edərək, cavabdeh tərəfindən kredit borcunun məcburi ödənişi barədə notariat qeydinin ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək, mülki işə baxılmasında əlavə cavabdeh qismində Cavabdeh1 notariusu Cavabdeh3 cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı hazırkı iş üzrə iddia tələbinin “cavabdeh "xxxx" ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində iddiadan imtinasının qəbul edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmış, iddiaçıya eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmədiyi izah edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, 2(006)- 2712/2025 nömrəli qətnaməsi ilə iddianın qismən - Bakı şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh3 tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 8İ- 6520 reyestr nömrəli icra qeydinin ləğv edilməsi hissəsində təmin edilmiş, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsinin cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı verilməsi, dövlət rüsumunun qalan hissəsi İddiaçı aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin “icra qeydinin ləğv edilməsi” hissəsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, notariat haqqında qanunvericiliyin tələbinə görə icra qeydləri mübahisəsiz borclar barəsində aparılır. Lakin iş materiallarından görünür ki, borcun yaranmasına əsas olmuş əməliyyatlar həyata keçirildiyi 2024-cü ilin sonunda-daha dəqiqi, dekabr ayından etibarən iddiaçı bu borcu mübahisələndirmiş-cavabdeh polisə, 2025-ci ilin yanvar ayında isə bankın özünə müraciət etmiş (hətta, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla iddiaçıya cavab məktubu göndərilmiş), həmçinin xx.xx.2025-ci il tarixdə isə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin qeyd olunanlara baxmayaraq, cavabdeh "xxxx" ASC iddiaçıya xx.xx.2025-ci il tarixli bildiriş göndərərək 6097.2 manat məbləğində borcun 20 gün müddətində ödənilmədiyi təqdirdə notarius tərəfindən icra qeydinin aparılacağı barədə məlumat vermişdir. Notarius isə kredit müqaviləsi barədə mübahisə olduğuna görə icra qeydi aparmamalı olduğu halda xx.xx.2025-ci il tarixdə icra qeydi aparmışdır. Bank iddiaçıya göndərdiyi bildirişdə əsas borcun və faiz borcunun məbləğini birlikdə göstərmiş, ondan cəmi nə qədər əsas borcun, nə qədər faiz borcunun tələb edilməsini dəqiqliklə qeyd etməmiş (faiz borcu barəsində mübahisə mövcuddur), bununla da Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018ci il tarixli 24-N nömrəli qərarı ilə təsdiq edilmiş “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”in formasına dair 3-cü bəndin tələblərini pozmuşdur. Bundan başqa cavabdeh "xxxx" ASC qeyd olunan kredit müqaviləsi barəsində məhkəmə mübahisəsi olmasına baxmayaraq, sanki mübahisəsiz borcmuş kimi icra qeydinin aparılması barədə notariusa ərizə ünvanlamışdır. Bununla da notarius “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76- cı maddəsinin 2-ci hissəsinin tələblərini pozmaqla icra qeydi aparmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia bu hissədə təmin edilməli, Bakı şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh3 tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 8İ-6520 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. İddia tələbinin “kredit müqaviləsində qeyd edilən faizlərin akseptsiz qaydada tutulmasına qadağa qoyulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanması mübahisəsiz olan müqavilə şərtlərində iddiaçının “onun sərəncamı olmadan (akseptsiz qaydada) hesabdan vəsaitin silinməsi şərtlərini, “Tam kart”la aparılan əməliyyatlar üzrə limitlər, faiz dərəcələrinin müəyyən olunmasını qəbul etməsi qeyd edilmiş və iddiaçı da bu şərtləri qəbul dərək, müqaviləni imzalamışdır. İddiaçı məhkəmə iclasında pulu götürdüyünü və kiməsə göndərdiyini qəbul etdiyini bildirmişdir. Lakin kreditin haram olduğunu, faiz hesablanmamasını xahiş etmişdir. Halbuki, kredit müqaviləsində qeyd edilən faizlərin akseptsiz qaydada tutulmalarına qadağa qoyulması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyin tələblərinə uyğun gəlmir. İş materiallarında olan müvafiq qərara əsasən iddiaçının müraciəti əsasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin müvafiq polis şöbəsində faktla bağlı Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə cinayət işinin başlanılması və iddiaçının zərərçəkmiş şəxs qismində tanınması müəyyən edilir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçıya ayrılmış kredit məbləğinin bir hissəsindən üçüncü şəxslərin istifadə etməsinin nəticəsi kimi iddiaçının ona vurulmuş zərəri (iddiaçıdan tələb edilən kredit məbləği, ona hesablanmış faizlər və cərimələr) həmin şəxslərdən tələb etmək hüququ vardır. Eyni zamanda, iddiaçının hal-hazırda cinayət işinin ibtidai istintaqını aparan müvafiq hüquq mühafizə orqanından bu barədə sübutları müvafiq banklardan əldə etməyi tələb etmək, bunun nəticəsində də həmin şəxslərin müəyyən edilərək vurulmuş zərərin ödənilməsini onlardan tələb etmək hüququ da vardır. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus olduğu mübahisələndirilməyən, tərəflər arasındakı müqavilədə göstərilən mobil nömrəyə müvafiq əməliyyatlar aparılmamışdan qabaq (rəqəmsal kart rekvizitlərini görmək və hələ mobil tətbiqə daxil olmaq istənildikdə) cavabdeh bank tərəfindən təhlükəsizlik tədbirlərinə tam əməl edilərək, OTP-kodlar göndərilməsi, bundan sonra həmin kodların təsdiqlənərək mobil tətbiqin başqa cihaza köçürülməsi, iddiaçıya məxsus olması mübahisəsiz olan kredit məbləğindən müvafiq məbləğdə pulun iddiaçının kartından başqa karta köçürülməsi işdə olan mötəbər sübutlarla tam təsdiqini tapdığından, iddiaçının hüququnun pozulması ilə nəticələnən həmin hadisədə cavabdehin (işçilərinin) təqsirinin olması istisna edilir. Çünki cavabdeh bank iddiaçıya tətbiqə birdəfəlik giriş üçün təyin olunan həmin kodları göndərdiyi mesajın mətnində “Təhlükəsizliyiniz üçün bu kodu digər şəxslərə bildirməyin” məzmununda xəbərdarlıq da ünvanlamışdır. Bu xəbərdarlığa baxmayaraq, iddiaçı məxfiliyini qorumalı olduğu məlumatlara lazımi diqqət və ehtiyatlılıq göstərdiyini sübuta yetirməmiş, əksinə həmin məxfi məlumatı başqası ilə paylaşmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərində müqavilədə göstərilən nömrə ilə aparılmış əməliyyatların iddiaçının özü tərəfindən edilmiş kimi qəbul ediləcəyi, əks halda isə iddiaçının məsuliyyət daşıyacağı razılaşdırıldığından məhkəmə hesab etmişdir ki, üçüncü şəxslərin hərəkətləri nəticəsində iddiaçının hüququnun pozulması heç bir halda cavabdeh bankın (və ya işçilərinin) təhlükəsizlik tədbirlərinə əməl etməməsi kimi qiymətləndirilməməlidir. Çünki əks yanaşma, yəni kreditoru müdafiəsiz qoyan belə hüquqi qeyri-müəyyənlik ümumi mülki dövriyyənin davamlılığına, kredit münasibətlərinin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarar. Belə olan halda, yəni kredit müqaviləsi bağlanmış hesab edildiyi halda sadəcə əsas borcun hesablanıb faiz borclarının hesablanmaması da mülki dövriyyənin davamlılığının pozulmasına, eləcə də tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin pozulmasına səbəb olacaqdır. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin - kredit müqaviləsində nəzərdə tutulan faizlərin təqaüd hesabından akseptsiz qaydada tutulmasının qadağan edilməsi tələbinin rədd edilməsi hissəsinin ləğv edilməsi; 2) yeni qətnamə qəbul edilməklə, "xxxx" ASC tərəfindən mübahisəli kredit üzrə faizlərin və bu faizlərə bağlı cərimə və digər ödənişlərin ona məxsus təqaüd hesabından akseptsiz qaydada tutulmasına qadağa qoyulması (və ya cinayət işi tam araşdırılıb günahkar şəxslər müəyyən edilənədək bu tutulmaların dayandırılması); 3) qətnamənin notariat icra qeydinin ləğv edilməsi hissəsinin qüvvədə saxlanılması; 4) məhkəmə xərclərinin, o cümlədən apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumununc cavabdehdən tutulsun. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, tutulmalar iddiaçının təqaüdünün köçürüldüyü pensiya kartı (pensiya təyinatlı bank hesabı) üzrə aparılmışdır. Pensiya isə Azərbaycan Respublikası Konstitusiyasının 12.1 və 38.1-ci maddələrinə görə sosial dövlət prinsipləri əsasında, vətəndaşın yaşlılıq dövründə minimal dolanışığını təmin edən sosial təminat növü olub, xüsusi qorunan gəlir hesab olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, pensiya münasibətləri Konstitusiya, bu Qanun və digər normativ aktlarla tənzimlənir və pensiya sosial təyinatlı ödənişdir. Birinci instansiya məhkəməsi mübahisəli tutulmaların məhz pensiya təyinatlı hesabdan aparıldığını müəyyən etsə də, bu hesabı adi debet hesabı kimi qiymətləndirmiş, pensiya vəsaitinin sosial təyinatı və toxunulmazlığına dair hüquqi rejimi nəzərə almamış, bu sahədə xüsusi normativ tənzimetmənin tətbiqinə hüquqi qiymət verməmişdir. Bu yanaşma həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 6-cı maddələrində nəzərdə tutulmuş vicdanlılıq, ədalət və zəif tərəfin maraqlarının qorunması prinsiplərinə, həm də social dövlət prinsiplərinə ziddir. Qətnamədə göstərildiyi kimi, bir tərəfdən iddiaçının bank qarşısında öhdəliyinin məbləği və əsası barədə mübahisə mövcud olduğu üçün notariat orqanının icra qeydi ləğv edilmiş, borcun “mübahisəsiz” olmadığı qəbul edilmişdir. Digər tərəfdən, eyni borc üzrə bankın kredit müqaviləsindəki akseptsiz tutulma şərtinə istinad edilməklə pensiya hesabından faiz və digər tutulmaların aparılması tam qanuni sayılmışdır. Mülki Məcəllənin 6-cı maddəsi (mülki qanunvericiliyin prinsipləri) və 422ci maddəsi (müqavilə azadlığı) ilə yanaşı, 421.3-cü maddəsi müqavilə şərtlərinin imperativ normalarla ziddiyyət təşkil etdiyi halda onların etibarsız sayılmasına imkan verir. Mübahisəli borc üçün, xüsusilə də pensiya təyinatlı sosial hesabdan akseptsiz tutulma, istehlakçını ağır, qeyri-mütənasib vəziyyətə salan “ədalətsiz şərt” kimi qiymətləndirilməli, bu şərtin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6 və 422-ci maddələrinin mahiyyətinə uyğun olub-olmaması ayrıca araşdırılmalı idi. Birinci instansiya məhkəməsi bu hüquqi balansı test etməmiş, akseptsiz tutulma şərtini mexaniki qaydada tətbiq etməklə Mülki Məcəllənin imperativ prinsiplərini və istehlakçı müqavilələrində zəif tərəfin müdafiəsi ideyasını nəzərə almamışdır. Kibercinayət faktının öhdəlik münasibətlərinə təsirinin qiymətləndirilməməsi cinayət işinin materialları ilə iddiaçının kibercinayət (dələduzluq) nəticəsində zərərçəkmiş şəxs qismində tanındığı, kredit vəsaitinin faktiki olaraq üçüncü şəxslər tərəfindən mənimsənildiyi müəyyən olunmuşdur. Bu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdlərin etibarlılığı və etibarsızlığı, iradə qüsurları, aldadılma və üçüncü şəxslərin qanunsuz hərəkətləri ilə bağlı müddəaları tətbiq edilməli, ən azı: iddiaçı ilə bank arasında bağlanmış kredit müqaviləsinin şərtlərinin kibercinayət kontekstində nə dərəcədə qorunmağa layiq olduğu; bankın təhlükəsizlik, identifikasiya və risklərin idarə edilməsi üzrə öhdəliklərini yerinə yetirib-yetirmədiyi; üçüncü şəxsin dələduz əməliyyatının öhdəlik yükünü tam şəkildə iddiaçının üzərinə keçirmək üçün kifayət edən hüquqi əsasın olub-olmaması maddi hüquq prizmasından təhlil olunmalı idi. Birinci instansiya məhkəməsi kibercinayət faktını yalnız “zərər cinayət işində tələb oluna bilər” səviyyəsində dəyərləndirmiş, lakin Mülki Məcəllənin 6-cı maddəsində təsbit olunmuş vicdanlılıq və ədalət prinsipləri, həmçinin əqdlərin etibarsızlığına dair müddəalar kontekstində bu faktın kredit müqaviləsinin icrasına təsirini araşdırmamışdır. İstehlakçının (zəiftərəfin) müdafiəsi prinsiplərinin nəzərə alınmaması iddiaçı bankla münasibətlərdə fiziki şəxs kimi, öz şəxsi ehtiyaclarının maliyyələşdirilməsi məqsədilə kredit alan istehlakçıdır. Bu münasibətlər həm Mülki Məcəllənin istehlak krediti ilə bağlı normaları, həm də “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları ilə tənzimlənməlidir. İstehlakçı qanunvericiliyinə görə istehlakçının xidmət və müqavilə şərtləri barədə aydın, tam və qabaqcadan məlumatlandırılmaq, həyat və sağlamlığı üçün vacib olan sosial gəlirlərə (pensiya və s.) müdaxiləni məhdudlaşdıran əsaslandırılmış şərtlərlə razılaşmaq, qeyri-mütənasib ağır şərtlərdən qorunmaq hüquqları təmin olunmalıdır. Birinci instansiya məhkəməsi kredit müqaviləsinin akseptsiz tutulma mexanizminin, pensiya hesabından tutulma riskinin və istehlakçı üçün real hüquqi və sosial nəticələrinin iddiaçıya izah olunub-olunmamasını araşdırmamış, istehlakçı kimi zəif tərəfin müdafiəsi prinsipinə, Mülki Məcəllənin 6 və 422-ci maddələrinin mahiyyətinə, həmçinin istehlakçı qanunvericiliyinin məqsədinə uyğun dəyərləndirmə aparmamışdır. Bankın cavabdeh qismində aşağıdakı sübutları təqdim etmək və ya onların təqdim olunmasını təmin etmək öhdəliyi var idi: mübahisəli əməliyyatlar üzrə texniki loglar (İP ünvanı, cihaz identifikatoru, coğrafi yerləşmə və s.); SMS-OTP və digər autentifikasiya vasitələrinin göndərilməsi və istifadə olunmasına dair tam tarixçə; risklərin qiymətləndirilməsi və kibertəhlükəsizlik üzrə daxili prosedurların icrasına dair sənədlər; müştəriyə kredit və akseptsiz tutulma riskləri barədə məlumat verilməsi faktını təsdiq edən materiallar. Birinci instansiya məhkəməsi bu sübutların tam həcmlə tələb olunmasını təmin etməmiş, faktiki olaraq “SMS göndərilmişdirsə, əməliyyatı müştəri özü təsdiqləyib” presumpsiyası ilə kifayətlənmiş, bununla da sübutetmə yükünü cavabdehdən iddiaçıya ötürmüşdür. Bu vəziyyət Mülki Prosessual Məcəllənin 9, 14 və 77-ci maddələrinin tələblərinə uyğun deyil. İş üzrə cinayət işinin materialları iddiaçının kibercinayət qurbanı kimi statusunu təsdiq etməsinə baxmayaraq, bu faktın bankın mülki məsuliyyəti və kredit öhdəliyinin xarakterinə təsiri ayrıca dəyərləndirilməmiş; iddiaçının pensiyaçı statusu, əsas gəlir mənbəyinin təqaüd olması və pensiya hesabından aparılan tutulmaların sosial nəticələri nəzərə alınmamış; bankın təqdim etmədiyi, lakin faktların aydınlaşdırılması üçün vacib ola biləcək sübutlar (daxili audit, təhlükəsizlik aktları və s.) barədə heç bir prosessual təşəbbüs göstərilməmişdir. Beləliklə, sübutlara selektiv yanaşılmış, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələb etdiyi “hərtərəfli və tam” tədqiq standartı gözlənilməmişdir. Qətnamənin əsaslandırma (motivasiya) tələblərinin pozulması (Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddə 217 və s.) Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə görə, məhkəmə qətnaməsində iş üzrə müəyyən edilmiş faktiki hallar, tərəflərin sübutları və bu sübutların hansı səbəbdən qəbul və ya rədd edildiyi, tətbiq edilmiş maddi və prosessual hüquq normaları və bu normalarla nəticə arasında məntiqi əlaqə aydın və dolğun şəkildə göstərilməlidir. Mövcud qətnamədə isə borcun “mübahisəli” hesab edilməsi və notariat icra qeydinə xitam verilməsi faktı ilə, eyni borc üzrə pensiya hesabından akseptsiz tutulmanın qanuni sayılması arasında hüquqi ziddiyyət izah olunmamış; pensiya hesabının hüquqi statusu və onu adi cari hesabdan fərqləndirən normativ rejim barədə heç bir maddi hüquqi əsaslandırma verilməmiş; kibercinayət faktının kredit öhdəliyinə və tərəflərin məsuliyyət bölgüsünə təsirinin niyə nəzərə alınmadığı motivasiya edilməmişdir. Bu, Mülki Prosessual Məcəllənin 217-ci maddəsində təsbit edilmiş əsaslandırma tələblərinin pozulması deməkdir və qətnamənin qanuniliyinə və əsaslılığına şübhə yaradır. 4. Sosial cəhətdən həssas tərəfin – pensiyaçının müdafiəsi prinsipinin nəzərə alınmaması Konstitusiyanın 12 və 38-ci maddələri Azərbaycan Respublikasını sosial dövlət kimi səciyyələndirir və dövlətin, o cümlədən məhkəmələrin sosial cəhətdən zəif qrupların pensiyaçılar, azgəlirli şəxslər və s. hüquqlarının müdafiəsinə xüsusi həssaslıqla yanaşmasını tələb edir. Ali və Konstitusiya Məhkəməsinin praktikasında da mülki mübahisələrdə zəif tərəfin (istehlakçı, pensiyaçı və s.) müdafiəsi prinsipi dəfələrlə vurğulanmışdır. Birinci instansiya məhkəməsi iddiaçının pensiyaçı statusunu və əsas gəlir mənbəyinin təqaüd olmasını; kibercinayət qurbanı kimi hüquqi və faktiki vəziyyətini; mübahisəli tutulmaların onun minimal dolanışıq səviyyəsinə bilavasitə təsirini nəzərə almamış, qərarının motivasiya hissəsində bu məsələlərə ayrıca yer verməmiş, faktiki olaraq daha güclü iqtisadi subyekt olan bankın maraqlarına üstünlük vermişdir. Bu yanaşma Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə hüququnun sosial ədalət aspektinə və Mülki Prosessual Məcəllənin ədalətli mühakimə ruhuna uyğun deyil. Əsasən təqaüdlə dolanan zəif istehlakçıdır, bank isə peşəkar kreditor kimi onunla kredit müqaviləsi bağlamışdır. Bankın “uzaqdan identefikasiya və OTP sistemi tətbiq etməsi, bu sistemin risklərini, texniki təhlükəsizlik tələblərini və məsuliyyət bölgüsünü tam şəkildə izah etmək öhdəliyini yaradırdı. Məhkəmə isə müqavilə şərtlərinə formal yanaşaraq istehlakçının müdafiəsi prinsipini nəzərə almamışdır. Cinayət işi materialları ilə təsdiq olunur ki, üçüncü şəxslər ona məxsus kart və mobil nömrə məlumatlarından sui-istifadə edərək onlayn qaydada kredit məbləğini onun iradəsindən kənar ələ keçirmişlər və bu əməliyyatlardan real iqtisadi fayda götürməmişdir. Həm polisə, həm də banka müraciət etməklə borcun mənşəyinə etiraz etmişdir. Məhkəmə bu sübutlara lazımi hüquqi qiymət verməmiş, bütün riskləri İstehlakçının üzərinə qoymuşdur. Əsasən təqaüdlə dolanan şəxs olduğu halda, bankın illik 24% faiz və əlavə cərimələr hesabına təqaüd hesabından akseptsiz qaydada tutmalar aparması sosial baxımdan açıq-aşkar qeyri-mütənasibdir. Kreditdən real fayda götürmədiyi, əksinə kibercinayət nəticəsində zərərçəkmiş olduğu halda, bu cür faiz yükünün tətbiqi vicdanlılıq və ədalət prinsiplərinə ziddir. Akseptsiz tutulma mexanizmi mübahisəsiz və aydın məbləğlər üçün nəzərdə tutulmalıdır. Konkret halda borcun məbləği və mənşəyi cinayət işi ilə mübahisələndirilmişdir. Bu şəraitdə faizlərin və cərimələrin akseptsiz qaydada tutulmasının davam etdirilməsi istehlakçının hüquqlarını pozur və mütənasiblik prinsipinə ziddir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirakı təmin etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının həddi: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəf apellyasiya şikayəti verərək, qətnamənin-iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmiş, həmçinin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin - iddia tələbinin təmin edilməyən hissəsinin yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq: Mülki Məcəlləsi: 14.2, 14.2.1. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.; 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-740.2. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 742.5, 742.5.2. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) halında müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 746-4.1. İstehlakçı istehlak kreditini istənilən vaxt xəbərdarlıq etmədən tamamilə və ya qismən borcverənə qaytara bilər. Bu halda, kreditin qalıq müddətinə görə hesablanmış faizlər və (və ya) digər haqlar vaxtından əvvəl ödənilmiş məbləğə mütənasib olaraq azaldılır.
964. Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunu:
38.1, 38.1.2-38.1.3. Ödəniş alətini əldə etdikdən dərhal sonra onun fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının təhlükəsiz saxlanmasını təmin etmək; ödəniş alətinin itirilməsini, oğurlanmasını və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasını müəyyən etdikdə ödəniş xidməti təchizatçısını və ya onun tərəfindən səlahiyyətləndirilmiş digər şəxsi dərhal məlumatlandırmaq ödəniş xidməti istifadəçisinin ödəniş alətinə münasibətdə vəzifələrindəndir.
Mülki Prosessual Məcəllə:
4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İşin faktiki hallarından görünür ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2024-cü il tarixdə krediti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən borcalan üçün şəxsi ehtiyacların ödənilməsi/istehlak məqsədilə 59 ay müddətinə (kredit xəttindən istifadə müddəti 35 ay) illik faiz dərəcəsi 24% olmaqla 7.500 manat məbləğində kredit limiti rəsmiləşdirilmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, qətnamədə göstərildiyi kimi, bir tərəfdən iddiaçının bank qarşısında öhdəliyinin məbləği və əsası barədə mübahisə mövcud olduğu üçün notariat orqanının icra qeydi ləğv edilmiş, borcun “mübahisəsiz” olmadığı qəbul edilmişdir. Digər tərəfdən, eyni borc üzrə bankın kredit müqaviləsindəki akseptsiz tutulma şərtinə istinad edilməklə pensiya hesabından faiz və digər tutulmaların aparılması tam qanuni sayılmışdır. Məhkəmə Kollegiyası iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, hazırda borcun mübahisəli olması kredit müqaviləsində qeyd edilən faizlərin akseptsiz qaydada tutulmasına qadağa qoyulması anlamına gəlmir. Çünki tərəflər arasında bağlanması mübahisəsiz olan müqavilə şərtlərində iddiaçının “onun sərəncamı olmadan (akseptsiz qaydada) hesabdan vəsaitin silinməsi şərtlərini, “Tam kart”la aparılan əməliyyatlar üzrə limitlər, faiz dərəcələrinin müəyyən olunmasını qəbul etməsi qeyd edilmiş və iddiaçı da bu şərtləri qəbul edərək, müqaviləni imzalamışdır. Eyni zamanda iş materiallarından görünür ki, cavabdeh bank iddiaçıya tətbiqə birdəfəlik giriş üçün təyin olunan həmin kodları göndərdiyi mesajın mətnində “Təhlükəsizliyiniz üçün bu kodu digər şəxslərə bildirməyin” məzmununda xəbərdarlıq da ünvanlamışdır. Bu xəbərdarlığa baxmayaraq, iddiaçı məxfiliyini qorumalı olduğu məlumatlara lazımi diqqət və ehtiyatlılıq göstərdiyini sübuta yetirməmiş, əksinə həmin məxfi məlumatı başqası ilə paylaşmışdır. Həmçinin iş materiallarında olan müvafiq qərara əsasən iddiaçının müraciəti əsasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin müvafiq polis şöbəsində faktla bağlı Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə cinayət işinin başlanılması və iddiaçının zərərçəkmiş şəxs qismində tanınması müəyyən edilir. Göründüyü kimi iddiaçıya ayrılmış kredit məbləğinin bir hissəsindən üçüncü şəxslərin istifadə etməsinin nəticəsi kimi iddiaçının ona vurulmuş zərəri (iddiaçıdan tələb edilən kredit məbləği, ona hesablanmış faizlər və cərimələr) həmin şəxslərdən tələb etmək hüququ vardır. Bununla yanaşı iddiaçının hal-hazırda cinayət işinin ibtidai istintaqını aparan müvafiq hüquq mühafizə orqanından bu barədə sübutları müvafiq banklardan əldə etməyi tələb etmək, bunun nəticəsində də həmin şəxslərin müəyyən edilərək vurulmuş zərərin ödənilməsini onlardan tələb etmək hüququ da vardır. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, kredit müqaviləsi bağlanmış hesab edildiyi halda sadəcə əsas borcun hesablanıb faiz borclarının hesablanmaması da mülki dövriyyənin davamlılığının pozulmasına, eləcə də tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin pozulmasına səbəb olacaqdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, bu dəlillər hazırda qüvvədə olan kredit müqaviləsinin şərtləri ilə birbaşa bağlıdır və "xxxx" ASC tərəfindən mübahisəli kredit üzrə faizlərin və bu faizlərə bağlı cərimə və digər ödənişlərin ona məxsus təqaüd hesabından akseptsiz qaydada tutulmasına qadağa qoyulması ilə bu tutulmaların dayandırılması üçün heç bir hüquqi əsas müəyyən edilməmişdir. Məhkəmə Kollegiyası həmçinin hesab edir ki, belə olan halda apellyatorun şikayətində istinad etdiyi cinayət işinin tam araşdırılıb günahkar şəxslər müəyyən edilənədək bu tutulmaların dayandırılması ümumiyyətlə hazırki işin mahiyyətinə heç bir aidiyyatı yoxdur. Bu baxımdan Məhkəmə Kollegiyası iddia tələbinin mübahisələndirilən hissədə rədd edilməli olması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları mübahisələndirilən hissədə düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, 2(006)- 2712/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.