Məhkəmə qərarları › İş №2(3-6)-2495/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2495/2026

08.07.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2495/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İmanov Qürbət İslah oğlunun cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iş üzrə QƏTNAMƏ İş № *(103)-2495/2026 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı İmanov Qürbət İslah oğlunun iştirakı ilə, İddiaçı İmanov Qürbət İslah oğlunun cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat 1 İddiaçı İmanov Qürbət İslah oğlu cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2267,6 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Hər ay istifadə etdiyi qazın dəyərini tam şəkildə ödəmişdir. Bu vaxta qədər təbii qazla bağlı heç bir problemi olmamışdır. Bu yaxınlarda qaz idarəsindən bildiriş gələrək 2267,98 manat borcu olduğu bildirilmişdir. Qaz idarəsinə yaxınlaşan zaman məlum olmuşdur ki, 2267,6 manat cərimə tətbiq edilmişdir. Bununla maraqlanan zaman cavabdehin əməkdaşları bildirdi ki, ##.##.2025-ci il tarixində mənzildə təbii qazdan kənar istifadə halı aşkar edilmişdir. Halbuki belə bir hal mümkün deyil. Heç vaxt qazdan qanunsuz istifadə etməmişlər. Ümumiyyətlə Cavabdeh əməkdaşları onların mənzilinə baxış keçirməmişlər. Belə ki, onlar öz istədiyi forma və məzmuna uyğun akt tərtib edərək debitor borcları artırır və qaz itkilərini ört-basır etməyə çalışırlar. Göründüyü kimi akt əsassız yazılmışdır. Cavabdehin əməkdaşları akt yazaraq ******* saylı ##.##.2025-ci il tarixli aktla mənzilə 2267,6 manat cərimə yazmış, hesablamanı isə 150 gün, yəni 5 ay hesablamışlar. Halbuki belə bir hal mümkün deyildir.

3. Cavabdeh Cavabdeh İB iddiaya qarşı yazılı etiraz verərək, iddiaçının mənzilində sayğacdan kənar qaz xətti çəkildiyini, bu səbəbdən akt tərtib edilərək, akta əsasən itirilmiş təbii qazın dəyəri 2267,60 manat hesablanmışdır. Təbii qazdan qeyri-qanuni istifadə nəticəsində itirilmiş qazın dəyəri abonentin özü tərəfindən ödənilməlidir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Leyla Şövkətli-Mənsimli) iddianın təmin edilməsi, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2025-ci il tarixli akta əsasən Cavabdeh İstehsalat Birliyi tərəfindən ünvan 1 ünvanı üzrə (abonent kodu: 241603900000140) hesablanmış 2267,6 manat məbləğində borcun silinməsi, 42,67 manat məbləğində dövlət rüsumunun Cavabdeh İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** №-li ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6, 4.7, 4.8, 6.5-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, ##.##.2025-ci il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarınınpozulması haqqında” akta əsasən ##.##.2025-ci il tarixdə Ağsu RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsində dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək İmanov Qürbət İslah oğlunun Ağsu XS-nin abonent bazasındakı *************** nömrəli abonent koduna 8585 m itirilmiş təbii qazın dəyəri olan 2267.60 məbləğ hesablanaraq vurulmuşdur. İddiaçı İmanov Qürbət İslah oğlunun Ağsu XS-nin abonent bazasındakı *************** nömrəli abonent koduna hesablanaraq vurulmuş məbləğ təbii qazdan qeyri-qanuni istifadə nəticəsində qeydə alınmayan itirilmiş təbii qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İmanov Qürbət İslah oğlu ilə Ağsu Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli Qazdan istifadə qaydaları haqqında Qərarın 6.5.3 bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Hazırkı iş üzrə də hesabatlar bu qaydaya əsasən aparılmışdır Göründüyü kimi qətnamə çıxarılarkən tərəfimizndən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İzahatında bildirdi ki, qeyri-qanuni qoşulma halı olmamışdır.

10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh müvafiq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

12. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu (aktın tərtib olunduğu tarixdə mövcud olan yeni redaksiyada)

13. Maddə 13. 8-1 bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun 2022-ci il ###ın #-dən qüvvəyə minmişdir)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»

14. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

15. Bənd 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

16. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

17. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özləri daşıyırlar.

18. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

19. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

20. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 22 Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

30. Belə ki, iş materiallarından görünür ki, istehlakçı İmanov Qürbət İslah oğluna (abonent kodu: 241603900000140 olan) ünvan 2 ünvanında yerləşən mənzilində sayğacdan kənar xəttin aşkar edilməsi barədə ******* saylı, ##.##.2025-ci il tarixli akt tərtib edilmişdir.

31. Dəymiş ziyanın bərpasına dair ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 1836,6 m3 olması müəyyən edilmişdir

32. Abonentin saldosundan həmin akt əsasında 2267,6 manat borcun hesablandığı görünür.

33. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, tərtib olunan aktlar 2022-ci ilin may ayının 1-dən sonrakı dövrə aid olduğundan, yuxarıda qeyd olunduğu kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun (hazırda qüvvədə olan, 2022-ci il ###ın #-dən qüvvəyə minmiş redaksiyada) 13-cü maddəsinin 8-1 bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

34. Lakin qeyd olunan maddənin tələblərinə uyğun birliyin əməkdaşlarının hərəkət etməsi iş materiallarında müəyyən olunmur.

35. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

36. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

37. Göründüyü kimi cavabdeh istehlakçının qazın talanmasında təqsirli olması və ona hesablanmış borcun əsaslı olmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. 38 Beləliklə, qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

39. Kollegiya diqqətə çatdırır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

40. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

41. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

43. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

44. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar