Məhkəmə qərarları › İş №2(3-6)-271/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-271/2026

05.05.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-271/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6 katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Abonentin saldosundan görünür ki, *************** saylı abonent kodu X7 adınadır.

2. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Gövhər Məmməd qızı ##.##.2003-cü il tarixdə vəfat etmişdir.

3. 0296004, 0293706, 0401026, 0412102, 0411533, 0420129, 0420196, 0423104, ******* saylı aktlardan görünür ki, Cavabdeh IB tərəfindən qazdan istifadə qaydalarının pozulması barədə 2020-2024-cü illər ərzində aktlar tərtib edilmiş, aktlarda sayğacsız qeyriqanuni təbii qazdan istifadə barədə qeyd edilmişdir.

4. Dəymiş ziyanın bərpasına dair ##.##.2020-ci il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 26568 m3 olması müəyyən edilmişdir.

5. Dəymiş ziyanın bərpasına dair ##.##.2023-cü il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 17280 m3 olması müəyyən edilmişdir.

6. Dəymiş ziyanın bərpasına dair ##.##.2023-cü il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 6696 m3 olması müəyyən edilmişdir.

7. Dəymiş ziyanın bərpasına dair ##.##.2023-cü il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 2520 m3 olması müəyyən edilmişdir.

8. Dəymiş ziyanın bərpasına dair ##.##.2024-cü il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 3060 m3 olması müəyyən edilmişdir.

9. Dəymiş ziyanın bərpasına dair ##.##.2024-cü il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 3060 m3 olması müəyyən edilmişdir.

10. Dəymiş ziyanın bərpasına dair ##.##.2024-cü il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 3060 m3 olması müəyyən edilmişdir.

11. Abonent saldosunun “qalıq və aktlar” bölməsindən görünür ki, 2020-2024-cü illər ərzində 12824,4 manat, ümumilikdə isə məbləğində akt borcu hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat

12. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12824,4 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Istehsalat Birliyinin əməkdaşları iddiaçının məlumatı olmadan ünvanına aktlar tərtib edərək, 2020-2024-cü illərdə ümumilikdə 12824,40 manat borc yazmışlar. Həmin aktlar iddiaçının iştirakı olmadan tərtib olunmuş, yalnız Cavabdeh Istehsalat Birliyinin əməkdaşları tərəfindən imzalanmışdır. Akta əlavə olunmuş fotoşəkillər onun ünvanına məxsus deyildir. Iddiaçıya məxsus evdə təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır.

14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */**** saylı, ## ###### 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş fərdi evə quraşdırılmış qaz sayğacı və ona bərkildilmiş giriş-çıxış borusunda (halhazırda və əvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir.

15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2(011)- ****/**** nömrəli qətnaməsinə əsasən iddia təmin olunaraq, cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən ünvan 1 ünvanı (abonent kodu: 100467005100000) üzrə hesablanmış 12824,4 manat məbləğində borcun silinməsi qət edilmişdir.

16. Qətnamənin əsaslarına görə, borcun mübahisələndirildiyi abonent saldosu X7 adınadır. Iş materialları ilə müəyyən olunur ki, Gövhər Məmməd qızı vəfat etmişdir. Hazırki iş üzrə iddiaçı X7 nəvəsi və vərəsəsi olduğu üçün onun iddia tələbini qaldırmağa subyektiv hüququ mövcuddur. “Qazdan istifadə Qaydaları”nın 6.7-ci bəndlərinə əsasən akt tərtib edilərkən ilk növbədə abonentin iştirakı təmin edilməli, aktın bir nüsxəsi ona təqdim edilməlidir. Lakin hazırkı iş üzrə tərtib edilmiş aktda abonentin iştirakı təmin edilməmiş, aktın surəti rəsmi qaydada ona təqdim edilməmişdir. Iş materiallarından görünür ki, aktlar istehlakçının adına tərtib edilmiş və onun aktları imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır. Lakin iddiaçı aktların tərtib olunmasından xəbərinin olmamasını, akt tərtib edilərkən onun iştirakı hər hansı formada cavabdeh tərəfindən təmin olunmamasını bildirmiş, cavabdeh isə bu halın təkzib edilməsini sübuta yetirə bilməmişdir. Həmçinin, iş üzrə təyin edilmiş məhkəmə trasoloji ekspertizasının */**** saylı, ## ###### 2025-ci il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş fərdi evə quraşdırılmış qaz sayğacı və ona bərkildilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir. Məhkəmə hesab etmişdir ki, abonent saldosuna əsasən 2020-2024-cü illər üzrə iddiaçıya hesablanmış 12824,4 manat məbləğində akt borcu silinməlidir. Belə ki, aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyini, məhkəmə ekspert rəyi ilə qaz sayğacından kənar xəttin mövcudluğunun sübut olunmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən 12824,4 manat məbləğində akt borcunun istehlakçının təqsirindən yaranması sübut olunmur və həmin borc silinməlidir.

17. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7, 4.8, 6.5, 6.7-ci bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh Cavabdeh Istehsalat Birliyi həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayətinin dəlillərinə görə, Cavabdeh IB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarındaolan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh IB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir. Iddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına mübahisələndiyimiz qətnamədə istinad olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Iddiaçı İddiaçı aid olan 100467005100000 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*- *)-***/**** nömrəli qərardadı ilə mütəxəssis rəyinin alınması, mütəxəssis rəyinin verilməsinin Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialına həvalə edilməsi qərara alınmışdır.

23. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı tərəfindən ## #### 2026-cı il tarixli, *-**-*-*/*-****/**** nömrəli məktuba əlavə edilmiş ## #### 2026-cı il tarixli mütəxəssis rəyi məhkəməyə təqdim olunmuşdur.

24. Azərbaycan Respublikası Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki: 1-ci sual üzrə: 2023-cü ilin ## #### tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli, ** nömrəli Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”na dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2023-cü il tarixli, *** nömrəli Qərarı ilə müəyyən edilmişdir. “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli va həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qanunvericiliyin bu tələbini analogiya kimi qəbul edərək əvvəlki dövrlərə aid etsək 2019-2022-ci illərdə qazdan qanunsuz istifadəyə görə itirilmiş qazın həcmi aşağıdakı kimi hesablana bilər. Daxil olmuş sənədlərdə sözügedən yaşayış evində həmin illərdə aşağıda sadalanan qaz qurğularından istifadə olunduğu göstərilmişdir: - 1 ədəd PQ-4 markalı məişət tipli qaz plitəsi; - 1 ədəd dəmir soba; - 1 ədəd qənaətli su qızdırıcı. Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə analogiya üzrə “Qazdan istifade Qaydaları”nın 6.5-ci, 6.5-1-ci və 6.5-3-cü bəndlərinə əsaslanaraq, iddiaçının fərdi yaşayış hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1 x 1,2 m3 x 12 saat x 30 gün = 432 m3; 1 ədəd dəmir sobası üçün - 1 x 1,4 m3 x 12 saat x 30 gün = 504 m3; 1 ədəd qənaətli su qızdırıcı üçün - 1 x 1,5 m3 x 12 saat x 30 gün = 540 m3; Cəmi 1476 m3 təşkil edə bilər. Yay ayları üzrə aylıq qaz sərfiyyatı: Yay aylarında dəmir sobasından istifadə edilmədiyini nəzərə alsaq, aylıq qaz sərfiyyatı 432 m3 + 540 m3 = 972 m3 təşkil edə bilər. Bu qayda ilə illər üzrə sərf edilə biləcək qazın miqdarı aşağıdakı kimi ola bilər: 2020-ci il üzrə: 1 qış ayı x 1476 m3 =1476 m3 2021-ci il iyul-oktyabr ayları üzrə: 1 yay ayı x 972 m3 = 972 m3. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Qərarına əsasən əhali istehlakçılarının istehlak tariflərini nəzərə almaqla həmin illər üzrə itirilmiş qazın dəyəri: 2020-ci il üzrə 147,60 manat, 2021-ci il üzrə 97,20 manat olmaqla cəmi 244,80 manat təşkil edə bilər.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

26. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru qanunsuz xətti dərhal qaz şəbəkəsindən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 1999-cu tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”: Maddə 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1- ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” Qaydaları: 2.7. Qaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir. 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. Qaz sayğaclarının üzərində Agentliyin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər. Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu: 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək, iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılmalıdır. Apellyasiya instansiyasın məhkəməsinin mövqeyi

31. Işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə belə nəticəyə gəlinir ki, birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə dəyişdirilməlidir.

32. Işin hallarından görünür ki, abonent koduna 2020-2024-cü illər ərzində aktlar tərtib olunmuşdur və bu aktlar əsasında hesablanmış məbləğ 12824,4 manat təşkil edir.

33. ## ### 2022-ci il tarixdən qanunvericilikdə olan dəyişikliyə əsasən qaz paylayıcının məhz aşağıdakı proseslər həyata keçirildikdən sonra vurulmuş zərərin əvəzini istehlakçıdan tələb etmək hüququnun yaranması qeyd olunmuşdur: - qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır; - sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. - istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

34. Cavabdeh tərəfindən tərtib olunmuş 7 akt – ## ###### 2023-cü il tarixli (2073,6 manat), ## ###### 2023-cü il tarixli (803,52 manat), ## ###### 2023-cü il tarixli (302,4 manat), ## ###### 2024-cü il tarixli (367,2 manat), ## ###### 2024-cü il tarixli (367,2 manat), ## #### 2024-cü il tarixli (367,2 manat), ## ### 2024-cü il tarixli (362,88,6 manat) aktlar ## ### 2022ci il tarixdən qanunvericilikdə olan dəyişiklikdən sonra tərtib olunsa da, yuxarıda qeyd olunan prosedura əməl olunmadığından iddiaçının həmin borcu tələb etmək hüququ yaranmır və bu aktlara əsasən hesablanmış 4644 manat məbləğində pul vəsaitinin silinməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Çünki, bu aktlar üzrə qanunvericilikdə nəzərdə tutulmuş prosedura ümumiyyətlə əməl olunmamış, bu norma qüvvəyə mindikdən sonra cavabdeh tərəfindən tərtib edilmiş aktlardan birinin 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməmişdir. Belə olduğu halda isə istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyinə görə cavabdehin zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ yaranmamışdır.

35. Digər aktlara (## ###### 2020-ci il tarixli və ## ###### 2021-ci il tarixli) münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, aktların tərtib olunduğu dövrdə qaz xəttinə qeyri-qanuni qoşulmanın olması iş materiallarında olan fotoşəkillər ilə (qaz xəttinə boru vasitəsilə qoşulma) öz təsdiqini tapır. Hazırkı dövrdə bu halın mövcud olub – olmadığını müəyyən etmək üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə trasoloji ekspertizası təyin olunmuş, ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş fərdi evə quraşdırılmış qaz sayğacı və ona bərkildilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir. Məhkəmə kollegiyası rəylə bağlı qeyd edir ki, bu rəy hazırkı vəziyyəti əks etdirir, 4-5 ildən sonra aparılan tədqiqat zamanı borunun üzərində hər hansı bir zədə və ya izin olmaması həmin dövrdə qoşulmanın olmaması qənaətinə gəlməyə əsas verə bilməz.

36. Həmçinin, məhkəmə kollegiyası aktların tərtib olunduğu və bundan sonrakı dövrdə olan sayğac göstəricilərinin məlumatlarını da təhlil edərək qeyd edir ki, aktların tərtib olunduğu dövrdə sayğac göstəricisi də təsdiq edir ki, sonrakı aylarda qaz sərfiyyatının göstəricisi yüksək həddə olduğu halda aktların tərtib olunduğu dövrdə bu göstərici kəskin formada aşağı ola bilməzdi, sərfiyyatın sayğac göstəricisində məhz bu cür əksini tapması qanunsuz qoşulma faktınının olduğunu sübuta yetirir.

37. Digər 2 akt – ## ###### 2020-ci il tarixli (2656,8 manat) və ## ###### 2021-ci il tarixli (5523,6 manat) aktlara münasibətdə isə borcun düzgün hesablanıb – hesablanmadığını müəyyən etmək məqsədilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, A.Zeynallı küçəsi, ev 51 (abonent kodu: 100467005100000) ünvanında yerləşən fərdi yaşayış evində orta aylıq qaz sərfiyyatının müəyyən edilərək istehlakçının ödənişlərini çıxmaqla, sayğacdan kənar, qaz xəttinə qeyri-qanuni qoşulma halında və işin hallarına uyğun olaraq 2 akt (## ###### 2020- ci il tarixli və ## ###### 2021-ci il tarixli aktlar) tutula biləcək məbləğin dəqiqləşdirilməsi məqsədilə mütəxəssis rəyinin alınması, mütəxəssis rəyinin verilməsinin Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialına həvalə edilməsi qərara alınmışdır.

38. Azərbaycan Respublikası Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, bu qayda ilə illər üzrə sərf edilə biləcək qazın miqdarı aşağıdakı kimi ola bilər: 2020-ci il üzrə: 1 qış ayı x 1476 m3 =1476 m3; 2021-ci il iyul-oktyabr ayları üzrə: 1 yay ayı x 972 m3 = 972 m3. Borc məbləği 2020-ci il üzrə 147,60 manat, 2021-ci il üzrə 97,20 manat olmaqla cəmi 244,80 manat təşkil edə bilər.

39. Buna görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin 244,8 manat (147,60 manat + 97,20 manat) borcun silinməsi ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır və qeyd olunan hal qətnamənin dəyişdirilməsinə əsasən verir.

40. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə silinməli olan borcun məbləği hissəsində düzgün olmadığından, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Buna görə də iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə müzakirə olunan qaydada dəyişdirilməlidir.

41. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi silinməli olan borcun məbləği hissəsində dəyişdirilərək silinməli olan məbləğ 12579,2 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar