Məhkəmə qərarları › İş №2(3-6)-321/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-321/2026

06.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-321/2026 06.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), X10 və X4 ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı X5 cavabdeh "xxxx" ASC-yə qarşı "sığorta müqaviləsi üzrə pul" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5236/2025 saylı 13 noyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-452/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən, mülki iddiaçı X5 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum edilmiş şəxs X7 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cəza təyin edilməsinə dair müddəaların xaric edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməməsi və onun cinayət məsuliyyətindən azad edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2008/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, cavabdeh "xxxx" ASCdən 4472 (dörd min dörd yüz yetmiş iki) manat məbləğində pul və ödənilmiş 70 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X8 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. xx.xx.2025-ci il tarixdə "xxxx" ASC tərəfindən 4472 AZN ********** qəbzə əsasən X3 hesabına ödəniş edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X11 cavabdeh "xxxx" ASC-yə qarşı "sığorta müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, X7 xx.xx.2022-ci il tarixdə Hyundai Elantra markalı **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində vurlmuş əmlak ziyanına görə ödənilməli olan 5000 manat məbləğində sığorta haqqının cavabdeh tərəfindən 1106 gün (xx.xx.2022-xx.xx.2025) gecikdirilməsinə görə hər gün üçün 5 manat (5000/100*0.1=5) olmaqla cavabdeh "xxxx" ASC-dən 5530 manat dəbbə pulunun alınaraq X8 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə X11 avtoqəza nəticəsində ağır xəsarət almış, bununla əlaqədar Xəzər Rayon Polis İdarəsində cinayət işi açılmışdır. Hazırda hadisədə təqsirləndirilən şəxs X13 barəsində Xəzər Rayon Məhkəməsində 1(003)-175/2023 saylı cinayət işi icraata götürülərək yekun xx.xx.2023-cü il tarixli məhkəmə hökmü qəbul edilmişdir. Hökmə əsasən X13 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, mülki iddianın qismən təmin edilməsi, X6 maddi ziyana görə 7972,00 (yeddi min doqquz yüz yetmiş iki) manat, taksi xidmətlərdən istifadəyə görə 500,00 (beş yüz) manat və mənəvi ziyana görə 1000,00 (bir min) manat, cəmi 9472,00 (doqquz min dörd yüz yetmişiki) manat tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı X8 ödənilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-452/2024 saylı Qərarı ilə mülki iddiaçı X5 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, məhkum edilmiş şəxs X7 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cəza təyin edilməsinə dair müddəaların xaric edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməməsi və onun cinayət məsuliyyətindən azad edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. X13 xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərkən istifadəsində olan sığotrtalı Hyundai Elantra markalı **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortaçşısı Xalq Sığorta ASC olmuşdur. Əmlaka vurulan sığorta hyaqqının ödənilməsi ilə əlaqədar istintaqdan və məhkmədən bütün sənədlər təqdim edilmişdir. "xxxx" ASC araşdırma aparsa da sığorta pulunun ödənilməsindən müxtəlif bəhanələrlə imtina etmişdir. Qeyd edilən müddət ərzində dəfələrlə sığorta şirkətinə müraciət edilməsinə baxmayaraq sığorta ödənişini müxtəlif bəhanələrlə ödəməkdən imtina edirlər, əvvəlki bəhanələri cavabdehin gəlib imza etməməsi, sonrakı bəhanələri 50 faiz verəcəyimizi, ancaq cavabdehin mütləq hörmətli imzası olmalıdır, sonuncu bəhanələri isə “hökmə əsasən maddi ziyan tutulub, əlavə biz də ödəniş edəriksə, onda birdən əsassız varlanarsan, biz sənin varlanmana şərait yarada bilmərik və buna imkan vermərik, birdən nə vaxtsa Kərimova Dəniz ziyanı ödəyər və əsassız varlanma baş verər.” Olmuşdur. 2022ci il tarixdən bu günədək sığorta şirkəti sığorta pulunu ödəməkdən bəhanələrlə imtina edərək varlanmağa imkan vermir. Sığortalı Kərimova Dəniz isə bildirir ki, sığorta var, pulu ordan al, ancaq 50 faizini al, qalan 50 fazi özünündür. Sığorta şirkəti deyir ki, mülki iddia təmin edilib, biz ödəyərik birdən əsassız varlanarsan. Təqsirləndirilən şəxs pulum yoxdur ödəmirəm deyir, sürdüyü nəqliyyat vasitəsini ağsaqqal məsləhəti ilə istintaq müddətində başqa adam adına keçirib etibarnamə ilə sürməkdə davam edir, ancaq pulu yoxdur. Nəticə budur ki, vurulan ziyan 3 ildir ödənilmir. Məcbur qalıb X7 xx.xx.2022-ci il tarixdə Hyundai Elantra markalı **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində vurlmuş əmlak ziyanına görə 5000 manat məbləğində sığorta haqqının cavabdeh Xalq Sığorta ASC-dən alınaraq X8 ödənilməsi barədə iddia verilir və iddia təmin edilir. Yasamal Rayon Məhkəməssinin 2(004)-2008/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" ASC-dən 4472 (dörd min dörd yüz yetmiş iki) manat məbləğində pul və ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixdə "xxxx" ASC tərəfindən 4472 AZN ********** qəbzə əsasən X3 hesabına ödəniş edilərək qətnamə icra edilir. İcbari Sığorta haqqında qanun 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindənimtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Keçən müddət ərzində sığortaçı xx.xx.2025-ci il tarixli qətnamə qəbul edilənə kimi sığorta ödənişini verməmiş, yazılı qaydada təsdiqlənən tədbir görməmiş, sığortadan imtina barədə ərizə verməmişdir. xx.xx.2022-ci il tarixdə hadisə baş vermişdir. Xəzər Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, məktubuna əsasən “Xalq Sığorta" ASC-yə hadisə barədə yazılı xəbərdarlıq edilmiş, lakin cavabdeh yazılı qaydada təsdiqlənən tədbir görməmiş, imtina barədə ərizə də verməmişdir. Sığorta məbləği 5000 manat (0.1 faiz 5 manat) olduğunu nəzərə alaraq xx.xx.2022-ci il tarixdən ödənişin aparılmalı olduğu tarixdən ödənişin edildiyi xx.xx.2025-ci il tarixədək gecikdirilmiş gün 3 il 11 gün edir. 5x1106-5530 manat dəbbə pulu edir.

6. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-5236/2025 nömrəli qətnaməsi (hakim Sultanova-Məmmədova Ayşən) ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən sırğorta ödənişinin gecikdirilməsinə görə 688,50 (altı yüz səksən səkkiz manat əlli qəpik) manat məbləğində dəbbə pulu və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi tutularaq iddiaçı X8 ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

7. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, qanunvericiliyin tələblərindən göründüyü kimi sığortaçı sığorta ödənişini “İcbari sığortalar haqqında” Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, sığortaçı, yəni iş üzrə cavabdeh tərəfindən məhkəmə qətnaməsi ilə tutulan və iddiaçıya ödənilməli olan sığorta ödənişi gecikdirilməklə ödənildiyindən iddiaçının hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödənilməsini tələb etmək hüququ yarandığından iddiaçı tərəfindən sığorta haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi xx.xx.2025-ci il tarixdən cavabdeh tərəfindən sığorta ödənişi edildiyi xx.xx.2025-ci il tarixinədək məhkəmə qətnaməsi ilə tutulan 4472 (dörd min dörd yüz yetmiş iki) manat məbləğində pulun ödənilməsi gecikdirildiyindən, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə hər gün üçün 0,1%, yəni 4,5 manat (4472 x 0,1 / 100 = 4,5) hesablanmaqla 688,50 (4,5 manat x 153 gün = 688,50) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tərəf apellyasiya şikayətini belə əsaslandırılmışdır ki, məhkəmə nə üçün məhz iddia verildiyi tarixdən faiz borcunun hesablanmasını əsaslandırmamışdır. Halbuki bu hüquq həm polisin hadisədən sonra sığotaya müraciət etdiyi tarixdən, ən azından məhkəmə hökmünün qüvvəyə mindiyi tarixdən yarandığı iş materialları ilə sübut edilir. Sığorta ödənişinin gecikməsi isə sığorta şirkətini və təqsirləndirilən şəxsin əsassız və vaxt qazanaraq cəzadan azad edilməsi məqsədi ilə edilmiş şikayətləri nəticəsində gecikmişdir. Məhkəmə isə bunları nəzərə almamışdır. Bundan başqa sığorta ödənişi sığorta şirkəti tərəfindən könüllü deyil, məcburi məhkəmə qətnamə ilə qət edildikdən sonra ödənilmişdir. Xəzər Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, məktubuna əsasən "xxxx" ASC-yə hadisə barədə yazılı xəbərdarlıq edilmiş, lakin cavabdeh yazılı qaydada təsdiqlənən tədbir görməmiş, imtina barədə ərizə də verməmişdir. Sığorta məbləği 5000 manat (0.1 faiz 5 manat) olduğunu nəzərə alaraq xx.xx.2022-ci il tarixdən ödənişin aparılmalı olduğu tarixdən ödənişin edildiyi xx.xx.2025-ci il tarixədək gecikdirilmiş gün 3 il 11 gün edir. 5x1106=5530 manat dəbbə pulu edir. Buna baxmayaraq məhkəmə bunu əsassız olaraq qəbul etməmiş, yalnız müraciıt edilən gündən və qalıq sığorta haqqına münasibətdə faiz hesablamışdır. 10.Cavabdeh tərəf apellyasiya şikayəti verərək birinci istansiya qətnaməsinin qismən iddianın təmin edilmiş hissəsində ləğv edilərək, iddia tələbinin tam şəkildə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh tərəf apellyasiya şikayətini belə əsaslandırmışdır ki, 9472 manatın məhkəmə hökmü ilə X6 tutulması müəyyən edilmişdir. İcra sənədi üzrə borclu X13 5000 manatı tələbkar İddiaçı ödəmişdir. X1 vurulmuş ziyan həmin məbləğdə əhatə edilmədiyindən, sığortaçı tərəfindən iddiaçıya sağlamlığına dəyən zərərə görə artıq 1500 manat məbləğində pul vəsaiti ödənilmişdir. Beləliklə, görünür ki, cavabdeh öz üzərinə düşən öhdəliklərini icra etməkdən yayınmamış, lazımi qaydada zəruri hərəkətləri həyata keçirmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının yuxarıda qeyd edilən hökm ilə nəqliyyat vasitəsinə dəymiş ziyana görə X6 tutulmuş məbləğ, tərəfimizdən ödəniləcəyi təqdirdə, əsassız varlanma halı baş verəcəkdi. Buna görə sığorta şirkəti tərəfindən həmin hissədə sığorta ödənişinin edilməsindən imtina edilmişdir. Daha sonra isə, X13 xx.xx.2025-ci il tarixli ərizə ilə "xxxx" ASC-yə müraciət edərək bildirmişdir ki, “xx.xx.2022-ci il tarixdə 10-TK -624 dövlət qeydiyyat nişanlı Hyundai Elantra markalı ona məxsus nəqliyyat vasitəsi ilə **- SE-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Baş vermiş sığorta hadisəsi üzrə icbari sığorta həddində sığorta ödənişinin zərər çəkənə ödənilməsini xahiş edir.” Gələcəkdə qeyd edilən hadisə üzrə onlardan hər hansı bir iddia və tələbi olmayacaqdır. X11 xx.xx.2025-ci il tarixli ərizə ilə "xxxx" ASC-yə müraciət edərək bildirmişdir ki, “xx.xx.2022-ci il tarixdə **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun **-SE-*** dövlət qeydiyyat nişanlı Toyota markalı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Hadisə ilə bağlı 1(003)-175/2023 saylı məhkəmə qətnaməsində onun xeyrinə nəqliyyat vasitəsinə dəymiş zərər üzrə 7972 manatın Kərimova Dənizdən tutulması qeyd edilmişdir. Hazırda icra sənədi Xəzər rayon İcra Şöbəsinin icraatındadır. "xxxx" ASC tərəfindən 4472 manat maddi ziyan ödənildiyi halda, Dəniz Kərimovadan heç bir maddi ziyan tələb etməyəcəkdir.” xx.xx.2025-ci il tarixdə sığorta ödənişi həyata keçirilmişdir. Hazırki vəziyyətdə dəbbə pulu tələbinin təmin edilməsi cavabdehin hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olur. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə dəymiş ziyanın ödənilməsi öhdəliyi birbaşa zərərvuran şəxs - X7 üzərinə qoyulmuşdur. Bu hal onu göstərir ki, cavabdehin üzərinə dəymiş ziyanın ödənilməsi ilə bağlı hər hansı gecikmə, yaxud icradan yayınma faktı mövcud olmamışdır. Mülki-hüquqi məsuliyyətin məqsədi zərərin kompensasiya edilməsidir və dəbbə pulu yalnız öhdəliyin əsassız olaraq icra edilmədiyi və ya süni şəkildə yubanmasına yol verildiyi hallarda tətbiq oluna bilər. Hazırkı iş üzrə isə cavabdehin ziyanın ödənilməsindən yayınması və ya icranı qəsdən uzatması ilə bağlı heç bir sübut mövcud deyil. Bu baxımdan, dəbbə pulunun cavabdehdən tutulması hüquqi əsaslara söykənməyərək, öhdəliyin icrasının təmin edilməsi üsulu kimi çıxış edir və hazırki vəziyyətdə mülki məsuliyyətin kompensasiyaedici mahiyyəti ilə ziddiyyət təşkil edir. Əgər cavabdeh tərəfindən dəymiş ziyanın ödənilməsi süni qaydada yubadılsa idi, yalnız bu halda dəbbə pulu tətbiq edilməsi məqsədə müvafiq və hüquqi cəhətdən əsaslandırılmış hesab edilə bilərdi. Lakin mövcud şəraitdə belə hal baş vermədiyindən, hesab edirik ki, iddiaçının dəbbə pulu tələbi təmin edilməməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etmişdir.

14. İddiaçı tərəf məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi və vəkili elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini və iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

19. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

25. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

26. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

27. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

28. Maddə 445.2.2. İcra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

29. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.

30. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

31. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

32. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

33. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

34. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

35. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.

36. Maddə 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir.

37. Maddə 935.1.7. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.

38. “İcbari sığortalar haqqında” Qanunun

39. Maddə 6.2. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir.

40. Maddə 6.6. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir.

41. Maddə 10.2. İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz.

42. Maddə 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.

43. Maddə 15.3.1. zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri;

44. Maddə 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.

45. Maddə 18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

46. Maddə 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.

Apellyasiya baxışının hədləri

47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Hazırkı işdə iddia tələbi qismən təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə həm cavabdeh həm iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

49. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.

50. İş materiallarından müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçı X8 məxsus nəqliyyat vasitəsinə zərər dəymişdir. xx.xx.2023-cü il tarixli, № 1(003)-175/2023 saylı hökm ilə zərər vuran şəxs X6 9472 manat məbləğində zərərin tutulması qərara alınmışdır.

51. Sonradan iddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin tutulması barədə iddia ilə məhkəməyə müraciət etmiş, xx.xx.2025-ci il tarixli, № e2(018)-992/2024 saylı qətnamə ilə cavabdehdən 4472 manat və 70 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamə xx.xx.2025-ci il tarixli, № 2(103)-4556/2025 saylı qətnamə ilə dəyişdirilmədən saxlanılmışdır. Sığorta ödənişi faktiki olaraq xx.xx.2025-ci il tarixdə həyata keçirilmişdir.

52. Birinci instansiya məhkəməsi xx.xx.2025-ci il tarixli, № 2(004)-5236/2025 saylı qətnamə ilə xx.xx.2025-ci ildən xx.xx.2025-ci ilədək olan 153 gün üçün gecikdirilmiş məbləğə hər gün üçün 0,1% hesablanmaqla 688,50 manat dəbbə pulunun tutulmasını qət etmişdir.

53. Cavabdeh "xxxx" ASC apellyasiya şikayətində göstərmişdir ki, zərərin ödənilməsi ilə bağlı əsas öhdəlik zərərvuran şəxsin üzərinə qoyulmuş, sığortaçı tərəfindən icradan yayınma halı olmamış, dəbbə pulunun tətbiqi üçün hüquqi əsas mövcud deyildir.

54. Kollegiya bu dəlilləri əsassız hesab edərək bildirir ki, mülki hüquq münasibətlərində sığortaçı ilə zərərçəkən arasında yaranan öhdəlik müstəqil xarakter daşıyır və zərərin zərərvuran şəxsdən tutulması sığortaçının qanunla müəyyən edilmiş icbari sığorta öhdəliyini aradan qaldırmır. Sığortaçı öhdəliyin mövcudluğunu mübahisələndirmiş və ödənişi könüllü qaydada icra etməmişdir.

55. Mülki Məcəllənin 442-ci və 449-cu maddələrinə əsasən, pul öhdəliyinin icrası gecikdirildikdə kreditor gecikdirilmiş məbləğə görə faiz tələb etmək hüququna malikdir və gecikmənin tətbiqi üçün borclunun qəsdi ayrıca sübut olunmalı şərt deyildir.

56. Bu hüquqi mövqe Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, № 2-1(102)-123/2023 saylı qərarında da ifadə edilmişdir. Həmin qərarda göstərilmişdir ki, pul öhdəliyinin könüllü icra edilməməsi və məhkəmə qərarı ilə müəyyən edilməsi borclunun gecikmədə olduğunu təsdiq edir və bu halda faiz tələbi hüquqi əsaslı sayılır.

57. İddiaçı apellyasiya şikayətində gecikdirilmiş dəbbə pulunun xx.xx.2022-ci il tarixdən və ya ən azı xx.xx.2023-cü il tarixli hökmün qüvvəyə mindiyi tarixdən hesablanmalı olduğunu bildirmişdir.

58. Kollegiya bu dəlili də əsaslı hesab etmir. Belə ki, sığortaçının konkret məbləğdə öhdəliyi yalnız xx.xx.2025-ci il tarixli qətnamə ilə müəyyən edilmişdir. Həmin tarixədək sığortaçının üzərinə düşən öhdəliyin həcmi mübahisəli olmuş və məhkəmə qaydasında müəyyən edilməmişdir.

59. İddiaçının hadisə tarixindən 3 il 11 gün üçün 5530 manat dəbbə tələbi mübahisəli öhdəlik dövrünə şamil edildiyindən və həmin dövrdə sığortaçının konkret məbləğ üzrə müəyyən edilmiş borcu olmadığından, bu tələb hüquqi əsasdan məhrumdur.

60. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, xx.xx.2025-ci il tarixdən — yəni iddia ərizəsinin verildiyi tarixdən — cavabdeh öhdəliyin icrasından imtina etməklə gecikməyə yol vermişdir.

61. Faizin 4472 manat məbləğə hər gün üçün 0,1% olmaqla 153 gün üçün 688,50 manat hesablanması qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə uyğundur.

62. Kollegiya hesab edir ki, məhkəmə tərəfindən iş üzrə faktiki hallar düzgün müəyyən edilmiş, sübutlara düzgün hüquqi qiymət verilmiş və maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Prosessual hüquq normalarının pozulması müəyyən edilməmişdir.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

64. Bunlarla yanaşı, məhkəmə kollegiyası izah edir ki, hazırkı iddianın qiyməti beş min manatdan azdır. MPM-in 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Odur ki, iddianın qiyməti beş min manatdan az olduğu üçün (5530 manat-688 manat 50 qəpik =4841 manat 50 qəpik) qətnamədən kassasiya şikayəti verilə bilməz.

65. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5236/2025 saylı 13 noyabr 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar