Məhkəmə qərarları › İş №2(3-6)-3352/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3352/2026

03.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3352/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, *(*-***)-****/**** saylı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan cavabdeh Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. İşə baxılması zamanı cavabdeh ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, tərəflərin Şəki rayonu, Oxud kəndində qeydiyyatda olduqlarını əsas gətirməklə işin ərazi aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizəyə baxmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026cı il tarixli qərardadla ərizənin təmin edilməməsini qərara almışdır. Rayon Məhkəməsi MPM-in 36.3 və 36.5-ci maddələrinin tələblərini nəzərə alaraq bu kimi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı, Şəki rayonu, Oxud kəndində qeydiyyatda olsa da, iş materiallarında olan arayışa əsasən Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 60, mənzil 13-də faktiki yaşayır. Həmçinin onun övladları Səbail rayonu ərazisində yerləşən *** saylı tam orta məktəbdə təhsil alırlar. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və işin ərazi aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həm iddiaçı, həm də cavabdeh Şəki rayonu, Oxud kəndində rəsmi qeydiyyatdadırlar. İddiaçının Səbail rayonu ərazisində qeydiyyatsız yaşaması həmin ünvanın onun yaşayış yeri kimi qəbul edilməsinə əsas vermir. Şikayətçi, həmçinin MPM-in 35.1 və 36.5-ci maddələrinə, eləcə də “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna istinad edərək işə Şəki Rayon Məhkəməsində baxılmalı olduğunu bildirmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətə yazılı icraat qaydasında baxaraq, şikayətin dəlillərini və iş üzrə materialları araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1.). Alimentin alınması haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər (maddə 36.3.). iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə nikahın pozulması haqqında iddialar iddiaçının yaşadığı yerə görə də verilə bilər. (maddə 36.5.). Qeyd edilən prosessual hüquq normalarının tələblərindən apellyasiya baxışının predmetini təşkil edən məsələyə yanaşdıqda müəyyən edilir ki, cavabdehin işin ərazi aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməsi barədə ərizəsi əsaslı deyildir. Belə ki, iş materiallarından iddiaçının Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 60, mənzil 13-də faktiki yaşadığı, onun yanında olan yetkinlik yaşına çatmayan uşaqların isə Səbail rayonu ərazisində yerləşən *** saylı tam orta məktəbdə təhsil aldıqları müəyyən edilir. MPM-in 36.3 və 36.5-ci maddələri alimentin alınması və yanında yetkinlik yaşına çatmayan uşaqlar olan şəxsin nikahın pozulması barədə iddianı özünün yaşadığı yer üzrə verməsinə imkan verir. Buna görə iddiaçının Şəki rayonunda rəsmi qeydiyyatda olması onun qanunla nəzərdə tutulmuş alternativ ərazi aidiyyəti üzrə seçim hüququnu aradan qaldırmır. İddiaçı həmin hüquqdan istifadə edərək faktiki yaşadığı yer üzrə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bu baxımdan, şikayətçinin tərəflərin hər ikisinin Şəki rayonu, Oxud kəndində rəsmi qeydiyyatda olmaları səbəbindən işə yalnız Şəki Rayon Məhkəməsində baxılmalı olması barədə dəlili əsaslı hesab edilə bilməz. MPM-in 35.1-ci maddəsində nəzərdə tutulan ümumi ərazi aidiyyəti qaydası hazırkı halda MPM-in 36.3 və 36.5-ci maddələri ilə iddiaçıya verilmiş alternativ seçim imkanını istisna etmir. Şikayətçinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin elektron kabinetdə yerləşdirilməməsi və MPM-in 10-1.3-cü maddəsinin tələblərinin pozulması barədə dəlili də barəsində şikayət verilmiş qərardadın ləğvi üçün əsas yaratmır. Belə ki, hazırkı apellyasiya baxışının predmetini işin ərazi aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi barədə ərizənin rədd edilməsi təşkil edir və göstərilən prosessual dəlil işin ərazi aidiyyətinin müəyyən edilməsinə təsir edən hal deyildir. Beləliklə, Rayon Məhkəməsi cavabdehin işin ərazi aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməsi barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yaratmır. Odur ki, apellyasiyanın nəticələrini nəzərə alan və MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Cavabdeh Cavabdeh şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar