Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-356/2026 15.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə Açar sözlər: qanunsuz tikilinin sökülməsi Hakimlər X6 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı İddiaçı nümayəndəsi X3, nümayəndəsi və vəkili vəkil3, Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2014-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş ##.##.2020-ci il tarixli, * saylı Tikinti obyektinin istismarına icazəyə əsasən Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 40 ünvanında yerləşən tikintisi başa çatmış obyektin və onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq ##.##.2020-ci il tarixdən Cavabdeh MMC-yə tikinti obyektinin istismarına icazə verilmişdir.
2. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh MMC (bundan sonra cavabdeh) arasında bağlanmış ##.##.2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 40 ünvanında * saylı binanın 3-cü mərtəbəsindəki * saylı mənzili (143 kv.m) alıcıya veməyi, alıcı isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə * saylı əlavəyə əsasən mənzilə görə ödənilməli olan cəmi məbləğ 200.000 manat, ilkin ödəniş 85.000 manat təşkil edir. 115.000 manat hər ay 10.455 manat (sonuncu ay 10.450 manat) olmaqla ##.##.2021-ci il tarixdən başlayaraq 11 ay ərzində ödənilməlidir.
3. ##.##.2021-ci il tarixli müqaviləyə ##.##.2022-ci il tarixli * saylı əlavəyə əsasən cavabdeh Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev 40 ünvanında yerləşən * saylı binanın 3-cü mərtəbəsindəki * saylı mənzilə görə ilkin ödəniş etmədən iddiaçı tərəfindən mənzildə təmir işlərinin aparılmasına və həmin mənzili yaşayış sahəsi kimi istifadə etməsinə razılıq vermişdir. Sahiblik hüququ, mülkiyyətçi hüququ və sərənam ##.##.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən göstərilən məbləğ tam ödənildikdən sonra və maliyyə arayışı əldə etdikdən sonra yaranır.
4. ##.##.2022-ci il tarixli maliyyə arayışına əsasən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə görə iddiaçının Cavabdeh MMC-yə borcu yoxdur.
5. Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən ** saylı evin, * saylı mənzili (Yeni qaydalarla: AZ 1060, ünvan 1) ##.##.2023-cü il tarixdə iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin **/**** saylı, ##.##.2025-ci il tarixli tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının rəyinə əsasən ünvan 2 (Yeni qaydalarla: AZ 1060, ünvan 1) ünvanında yerləşən mənzilin pəncərəsi qarşısında olan tikilinin inşası iş materiallarında olan həmin binanın tikinti layihəsində nəzərdə tutulmuşdur. Lakin layihə sənədlərində qeyri-yaşayış sahəsinin üçüncü mərtəbəsində mübahisəli hissədə (iddiaçıya məxsus mənzilin pəncərələrinin qarşısında) 5,0 metr enində terras nəzərdə tutulsa da faktiki olaraq həmin hissədə tikinti işləri aparılmaqla əlavə iki otaq və dəhliz inşa edilmiş və iddiaçıya məxsus olan mənzilin texniki pasportunda qeyd olunan 8 və * saylı lociya tikililərinin qarşısı, eyni zamanda * saylı tikilinin pəncərəsinin qarşısı bağlanmışdır. ünvan 2 (Yeni qaydalarla: AZ 1060, ünvan 1) ünvanında yerləşən mənzilin pəncərəsinin qarşısında olan tikili həmin binanın tikinti layinəsinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. ünvan 2 (Yeni qaydalarla: AZ 1060, ünvan 1) ünvanında yerləşən mənzilin pəncərəsinin qarşısında olan tikili həmin binanın tikinti layinəsinə uyğun inşa edilmədiyini, həmin tikilinin mənzilin yaşayış otağının və mətbəxin təbii işıqlandırılmasının qarşısını aldığını nəzərə alaraq, sözügedən tikilinin şəhərsalma və tikinti normalarına uyğun tikilmədiyi müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbi işin yuxarıda göstərilən faktiki hallarına uyğun əsaslandıraraq, əlavə olaraq qeyd etmişdir ki, hazırda onun xüsusi mülkiyyətində olan həmin mənzilin pəncərəsinin qarşısında cavabdeh tərəfindən qanunsuz tikili inşa edilmişdir. Bu tikili onun mənzilindən istifadəsini qanunsuz olaraq məhdudlaşdırır. Belə ki, pəncərələrin qarşısını bağlayıb, evə ümumiyyətlə işıq düşməyə imkan vermir. O, dəfələrlə bununla bağlı öz iradını bildirməsinə baxmayaraq cavabdeh qeyd edilmiş iradlara məhəl qoymamış və bununla bağlı heç bir addım atmamışdır. Həmçinin, bu cür şəraitdə yaşamaq sağlamlıq üçün də təhlükə törədir. Bununla bağlı o, öz etirazını bildirmiş, ancaq yenə də bir nəticə verməmişdir. Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikili ümumiyyətlə planda olmamış, sonradan cavabdeh tərəfindən inşa edilərək, ona məxsus fərdi yaşayış evi ilə təmassız birləşmişdir. Aparılmış tikinti işləri onun iradə və istəyinə, hüquq və mənafelərinə zidd olmaqla yanaşı, qanunilik baxımından düzgün olmamışdır. Fərdi yaşayış evi tikilərkən və o, həmin mənzili satın alarkən evin sağ tərəfi boş bir ərazi olmuşdur. Bir neçə il ərzində orada hər hansı tikinti işləri aparılmamışdır. Lakin 2024cü ilin əvvəllərində orada tikinti işləri aparılmağa başlanılmış, cavabdeh onun evində bir neçə ay yaşamamağından sui-istifadə edərək, Azərbaycan Respublikasının Şəhərsalma və tikinti qanunvericiliyinə zidd olaraq, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müvafiq icazəsi olmadan, Bakı şəhər İcra hakimiyyətinə və Nizami rayon İcra hakimiyyətinə müvafiq müraciətlər olmadan, müqavilə tələblərini pozaraq özbaşına tikili inşa etmiş, nəticədə evinə təbii günəş işığının düşməsinə maneçilik törətmişlər. Bu isə ilk onun qanunla qorunan mülkiyyətçi hüquqlarını pozur. Hazırda da cavabdeh həmin özbaşına tikilini icarəyə verərək gəlir əldə edir. Cavabdehin tikdirdiyi tikili qanunsuz tikili olmaqla heç bir hüquqi sənədi yoxdur. Cavabdehin inşa etdiyi özbaşına tikili onun mülkiyyətində olan fərdi yaşayış evinin yaşayış otaqlarına düşən təbii işıqlanmanın qarşısını aldığından sökülməlidir.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 100 manat pul iddiaçıdan Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmuşdur. (hakim X1)
10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə görə iddiaçı İddiaçı subyektiv hüququ yaranmamışdır.
11. Məhkəmə qeyd etmişdir ki, hazırda iddiaçı məhkəmədə cavabdeh tərəfindən binanın layihəsinə uyğun olmayaraq inşa edilmiş tikinti obyekti onun mənzilinin pəncərələrini bağladığını və onun mənzilinə işıq düşməsinə ümumiyyətlə maneə törətdiyini mübahisələndirir. Cavabdeh isə məhkəmə iclasında iddia tələbinə və məhkəmənin qərardadına əsasən verilmiş ekspertiza rəyinə etiraz edərək qeyd etmişdir ki, tikinti obyekti layihəyə uyğun inşa edilmiş, ekspert rəy verərkən yanlışlığa yol verərək, digər binanın layihəsinə istinad etmişdir.
12. Məhkəmə iddia tələbinə qiymət verərək qeyd etmişdir ki, qanunun qətnamədə istinad olunan tələbindən də göründüyü kimi, müvafiq icazə almadan inşa edilmiş və tikintisi başa çatmış tikilinin sökülməsi məhkəmə qaydasında həyata keçirilir. Belə tikintinin sökülməsi barədə məhkəməyə iddianı müvafiq icra hakimiyyəti orqanı – Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs irəli sürür.
13. Məhkəmə hesab etmişdir ki, hətta inşa edilən tikilinin qanunvericilikdə nəzərdə tutulmuş qaydaya riayət edilmədən, müvafiq icazə sənədləri alınmadan inşa edilməsinin müəyyən edilməsi halında belə iddiaçının həmin tikilinin sökülməsi ilə bağlı iddia qaldırmağa subyektiv hüquqları mövcud deyil.
14. Bununla belə məhkəmə, məhkəmə iclasında hər iki tərəfin vəsatəti ilə dindirilmiş şahid ifadələrinə münasibətdə qeyd etmişdir ki, şahid ifadələri bir-biri ilə qarşılıqlı ziddiyyət təşkil etdiyindən mötəbər sübut qismində qəbul edilə bilməz. Bundan başqa, iddiaçı tərəfin vəsatəti ilə dindirilmiş şahidlərin öz ifadələrində göstərdikləri hallar iş materiallarında olan digər sübutlarla öz təsdiqini də tapmamışdır.
15. Məhkəmə təqdim edilmiş ekspert rəyinə münasibətdə isə qeyd etmişdir ki, məhkəmənin hazırlıq iclası zamanı cavabdehin nümayəndəsi ekspertin rəyini qəbul etməyərək onun yanlış layihə əsasında rəy verdiyini bildirmişdir. Məhkəmə işin prosessual müddətinin axımına qənaət etmək baxımından təkrar ekspertiza keçirilməsini zəruri hesab etməmiş, mübahisə predmeti olan əmlaka yerində baxış keçirərək müəyyən etmişdir ki, sözügedən mənzilin pəncərələri iddiaçının sökülməsini tələb etdiyi tikili ilə tam bitişik inşa edilmişdir.
16. Məhkəmə bundan başqa qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında mənzilin alqısatqısına dair müqavilə 2021-ci ildə imzalanmış, iddiaçı tərəfindən dövlət reyestrindən çıxarış 2023-cü il tarixdə alınmışdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən tikili 2017-ci ildən inşa edilmişdir, yəni iddiaçı həmin mənzili alan zaman mənzilin hazırki vəziyyətindən xəbərdar olmuş, lakin bugünədək bu fakt ilə bağlı hər hansı dövlət orqanına müraciəti və şikayəti olmamışdır.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci, 164-cü, 180-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 107-ci, 115ci, 119.1-ci, 217-ci, 218-ci maddələrinə, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli, ***-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin ##.##.2012-ci il tarixli, *** saylı Fərmanının 4.10-cu bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2006-cı il tarixli, ## #### 2008-ci il tarixli və ## #### 2008-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə faktiki hallar tam və düzgün müəyyən edilməmiş, toplanmış sübutlara birtərəfli və ziddiyyətli qiymət verilmişdir. İş materiallarına əsasən onun mülkiyyətində olan mənzilin pəncərələrinin qarşısında cavabdeh tərəfindən sonradan əlavə tikinti işləri aparılmaqla qeyri-yaşayış sahəsi inşa edilmiş, nəticədə mənzilin yaşayış otaqlarına və mətbəxinə təbii günəş işığının və havanın daxil olması faktiki olaraq mümkünsüz olmuşdur. Məhkəmənin təyinatı ilə keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** saylı tikinti-texniki ekspertiza rəyindən açıq şəkildə görünür ki, tikinti layihəsində həmin hissədə 5 metr enində terras nəzərdə tutulmuşdur, faktiki vəziyyətdə isə terras əvəzinə əlavə iki otaq və dəhliz inşa edilmişdir, ona məxsus mənzilin texniki pasportunda göstərilən lociyaların və pəncərələrin qarşısı tam bağlanmışdır, sözügedən tikili tikinti layihəsinə və şəhərsalma-tikinti normalarına uyğun inşa edilməmişdir, bu tikili onun mənzilində təbii işıqlandırmanı ciddi şəkildə məhdudlaşdırır. ##.##.2025-ci il tarixdə məhkəmə tərəfindən yerində baxış keçirilmiş və baxış protokolunda da mənzilin eyvan və pəncərələrinin qarşısının divarla tam bağlandığı, otaqların əksəriyyətinə günəş işığının və havanın daxil olmadığı açıq şəkildə təsbit edilmişdir. Buna baxmayaraq, məhkəmə göstərilən sübutları nəzərə almadan iddianın təmin edilməməsi barədə əsassız qərar qəbul etmişdir. Məhkəmə onun tələb ilə çıxış etmək üçün subyektiv hüququnun olmadığını göstərmişdir. Bu nəticə Azərbaycan Respublikasının mülki və prosessual qanunvericiliyinə ziddir. Mübahisəli tikili onun mülkiyyətində olan mənzildən istifadəni əhəmiyyətli dərəcədə məhdudlaşdırır, yaşayış şəraitini pisləşdirir və mülkiyyətçinin qanunla qorunan hüquqlarını pozur. Bu isə ona negator iddia qaldırmaq hüququ verir. Qanunsuz tikilinin sökülməsi ilə bağlı iddianın yalnız Fövqəladə Hallar Nazirliyi tərəfindən qaldırıla bilməsi barədə məhkəmənin mövqeyi yanlışdır, çünki o, bu işdə inzibati nəzarət funksiyası deyil, pozulmuş şəxsi mülkiyyət hüququnun müdafiəsini tələb edir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyində tikilinin layihəyə uyğun olmadığı və şəhərsalma-tikinti normalarını pozduğu qəti şəkildə müəyyən edilmişdir. Cavabdehin ekspert rəyinə etirazı formal xarakter daşıyır və hər hansı əks sübutla təsdiqlənməmişdir. Buna baxmayaraq, məhkəmə ekspert rəyini əsaslı şəkildə təkzib etmədən, təkrar ekspertiza təyin etmədən və ya elmi-texniki əsaslandırma aparmadan faktiki olaraq həmin rəyin nəticələrini nəzərə almamışdır ki, bu da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsi prinsiplərinə ziddir. Məhkəmənin onun mənzili alarkən tikilinin mövcud vəziyyətindən xəbərdar olması barədə nəticəsi iş materialları ilə təsdiq edilmir. Əksinə, ekspert rəyinə əsasən mübahisəli əlavə tikinti sonradan aparılmışdır, o, mənzili alarkən layihədə həmin hissədə yalnız terras nəzərdə tutulmuş, əlavə otaqlar və divarların sonradan inşa edilməsi onun iradəsindən kənar olmuşdur. Bu səbəbdən məhkəmənin onun uzun müddət etiraz etməməsini onun hüququndan imtina kimi qiymətləndirməsi hüquqi baxımdan əsassızdır. Məhkəmə şahid ifadələrinin ziddiyyətli olmasını əsas gətirərək onları tamamilə nəzərə almamışdır. Halbuki, şahid ifadələri digər sübutlarla – ekspert rəyi və yerində baxış protokolu ilə birlikdə qiymətləndirilməli idi. Bu tələbin yerinə yetirilməməsi sübutların məcmu şəkildə araşdırılması prinsipinin pozulmasıdır. Yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qənaəti işin faktiki halları və maddi hüquq normaları ilə uyğun gəlmir, sübutlara düzgün hüquqi qiymət verilməmiş, onun mülkiyyət hüququnun müdafiəsi təmin olunmamışdır. İş üzrə toplanmış sübutlar, o cümlədən ##.##.2025ci il tarixli, **/**** saylı ekspert rəyi və məhkəmə tərəfindən keçirilmiş yerində baxış protokolu göstərir ki, cavabdeh tərəfindən inşa edilmiş əlavə tikili ona məxsus mənzilin yaşayış otaqlarının və mətbəxinin pəncərələrinin qarşısını tam bağlamış, nəticədə həmin sahələrə təbii günəş işığı və hava daxil olması faktiki olaraq mümkünsüz olmuşdur. Beləliklə, cavabdeh tərəfindən aparılmış tikinti işləri Tikinti Norma və Qaydalarının 2.08.02-ci bəndinin birbaşa tələblərini pozmaqla həyata keçirilmişdir. Qeyd olunan norma imperativ xarakter daşıyır və onun pozulması tikilinin şəhərsalma və tikinti normalarına uyğun olmadığını, habelə yaşayış üçün təhlükəsiz və sağlam mühitin təmin edilməsi prinsipinin pozulduğunu göstərir. Məhkəmə tikilinin onun yaşayış otaqlarının təbii işıqlandırılmasını məhdudlaşdırmasını hüquqi əhəmiyyət kəsb etməyən hal kimi qiymətləndirmişdir. Halbuki, yaşayış otaqlarının və mətbəxin təbii işıqlandırılmasının təmin edilməsi mülkiyyətçinin mənzildən normal istifadə hüququnun ayrılmaz tərkib hissəsidir. Nəticə etibarilə, cavabdeh tərəfindən inşa edilmiş əlavə tikili Tikinti Norma və Qaydaları 2.08.02-ci bəndinin tələblərinə zidd olmaqla onun mülkiyyət və istifadə hüquqlarını pozduğundan, bu pozuntunun aradan qaldırılması məqsədilə tikilinin sökülməsi (və ya normativ tələblərə uyğun vəziyyətə gətirilməsi) barədə iddia tələbi hüquqi cəhətdən əsaslı və qanunauyğundur. Məhkəmə iş üzrə toplanmış sübutlara formal və birtərəfli yanaşmışdır. Belə ki, iş materiallarında ##.##.2025-ci il tarixli, **/**** saylı tikinti-texniki ekspert rəyi, ##.##.2025-ci il tarixli yerində baxış protokolu və foto-video materiallar, mənzilin texniki pasportu, tikinti layihəsi və layihədən kənar faktiki vəziyyət, kimi bir-birini tamamlayan və təsdiqləyən sübutlar mövcud olduğu halda, məhkəmə bu sübutları məcmu şəkildə qiymətləndirməmiş, xüsusilə ekspertiza rəyində göstərilən tikinti norma və qaydalarının pozulması faktını hüquqi nəticə doğuran hal kimi qəbul etməmişdir. Məhkəmə ekspert rəyini təkzib edən hər hansı alternativ ekspertiza, elmi-texniki rəy və ya müstəqil sübut olmadan, cavabdehin formal etirazlarını əsas götürərək faktiki olaraq ekspertiza rəyini nəzərə almamışdır ki, bu da MPM-nin 88-ci maddəsinin tələblərinin kobud şəkildə pozulmasıdır. Bundan əlavə, yerində baxış zamanı müəyyən edilmiş və protokolla təsbit olunmuş hallar, yəni yaşayış otaqlarına və mətbəxə təbii işığın daxil olmaması məhkəmə tərəfindən ekspert rəyi və digər yazılı sübutlarla əlaqələndirilmədən qiymətləndirilmişdir. Şahid ifadələrinin qiymətləndirilməsində də MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə şahid ifadələrinin ziddiyyətli olmasını əsas gətirərək onları tam şəkildə rədd etmiş, lakin bu ziddiyyətlərin digər sübutlarla aradan qalxıb-qalmadığını araşdırmamış, şahid ifadələrini sübutlar məcmusunda qiymətləndirməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi sübutların hərtərəfli, obyektiv və məcmu qiymətləndirilməsi prinsipinə əməl etməmiş, bu isə qəbul edilmiş qərarın qanunsuz və əsassız olmasına səbəb olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etmiş və apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onlar mənzili alanda tikili yox idi. Ustaların ifadəsində də göstərilir ki, ustalar evi təmir edəndə onlar pəncərələrdən mənzilə yük daşıyıblar. O, mənzildə olmadığı vaxt pəncərəni çöldən tikiblər. Pəncərələr maket kimi içəridə qalmışdı, o da həmin hissəni ağartmışdı. 2021-2022-ci ildə pəncərələrin qarşısı tikilib. 2024-cü ilə qədər mənzilin sənədi olmadığı üçün gec iddia vermişlər. Pəncərələri çöldən hörüblər, o, pəncərələri çıxartmışdı. Mənzilini alanda tikili var idi, lakin onun pəncərələrin qarşısı boş idi. Onun oğlunun toy mərasimi ##.##.2024-cü il tarixdə olmuşdur. Mənzillə bağlı mülkiyyət hüququna dair çıxarış 2023-cü ildə alınmışdır. Mübahisə ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etməyiblər. Mübahisəli tikili 2023-cü ilin yay aylarında tikilib. 2024-ün yanvarından mübahisə başlayıb. Anasının xəstəliyi ilə bağlı Zərdab rayonunda olub, gələndə artıq mənzilindəki pəncərələrin hörüldüyünü görüb.
22. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil3 apellyasiya şikayətini müdafiə etmiş və apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi ekspert rəyində tikintinin qanunsuz olması qeyd olunsa da, hesab edib ki, bununla bağlı FHN-ə müraciət etməlidirlər. MTK ilə müqavilə bağlanıb, iddiaçıya yaşayış üçün uyğun mənzil verilməli, bununla bağlı cavabdeh öz öhdəliyini icra etməlidir. Məhkəmə müdafiəsi hüququnu digər dövlət orqanına müraciətlə həll etməli deyil. Tikinti qanunsuzdur, orda olmalı deyil. Cavabdeh icazənin olduğunu bildirdi və müvafiq sənədləri təqdim etdi. Həmin sənədlər əsasında ekspert baxış keçirib və tikilinin qanunsuz olması barədə rəy veribdir.
23. Məhkəmə iclasında cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini qəbul etməmiş, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ##.##.2024-cü ildə iddiaçının kommunal borcu ilə bağlı qətnamə çıxarılmışdır. Həmin ilin oktyabr ayında isə iddiaçı buna qarşı olaraq hazırki iddianı vermişdir. ##.##.2022-ci il tarixli müqaviləyə əlavəyə əsasən iddiaçıya heç bir ilkin ödəniş olmadan mənzilə sahiblik etməyə, təmir aparmağa icazə verilmişdir. Texniki pasportda pəncərələr olmuş, lakin iddiaçı ilə cavabdeh arasında 2021-ci ildə müqavilə bağlanan zaman mübahisələndirlən tikili artıq mövcud olmuşdur. Pəncərə sonradan çıxarılsaydı təmirdə fərq olardı. Pəncərənin yerində iddiaçı tərəfindən şkaf quraşdırılıbdır. İddiaçı tikilinin olması ilə razılaşıb, mənzilinin belə qəbul edib və orada yaşamağa başlayıbdır.
24. Məhkəmə kollegiyası tərəfindən işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz; 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3.4-ci maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
28. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
29. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin faktiki hallarına istinad edərək qeyd edir ki, tərəflər arasında bağlanmış ##.##.2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 40 ünvanında * saylı binanın 3cü mərtəbəsindəki * saylı mənzili iddiaçıya veməyi, iddiaçı isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri iddiaçı tərəfindən 2022-ci ilin dekabr ayında tam ödənilmiş və həmin mənzil ##.##.2023cü ildə iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
32. Hazırda iddiaçı cavabdehin onun mülkiyyətində olan mənzilinin pəncərələrinin qarşısında sonradan əlavə tikinti işləri aparılmaqla qeyri-yaşayış sahəsi inşa etdiyini, nəticədə mənzilin yaşayış otaqlarına və mətbəxinə təbii günəş işığının və havanın daxil olmasının faktiki olaraq mümkünsüz olduğunu, mübahisəli tikilinin tikinti layihəsinə və şəhərsalma-tikinti normalarına uyğun inşa edilmədiyini, mənzili alarkən layihədə həmin hissədə yalnız terras nəzərdə tutulduğunu, cavabdeh tərəfinən əlavə otaqlar və divarların sonradan inşa edilməsinin onun iradəsindən kənar olmasını, mübahisəli tikilinin onun mülkiyyətində olan mənzildən istifadəni əhəmiyyətli dərəcədə məhdudlaşdırdığını, yaşayış şəraitini pisləşdirdiyini, onun mülkiyyətçi kimi qanunla qorunan hüquqlarını pozduğunu qeyd etmişdir.
33. İdddiaçı həmin hallara istinad edərək qanunsuz tikilinin sökülməsini tələb edir, cavabdeh isə iddianı qəbul etmir və tərəflər arasında mənzilin alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl tikilinin olduğunu, iddiaçının tikilinin mövcud olması şərtini qəbul etməklə mənzili aldığını bildirir və iddianın rədd edilməsini xahiş edir.
34. Məhkəmə kollegiyası ilk öncə iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subtektiv hüquqa malik olub-olmaması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
35. Birinci instansiya məhkəməsinin mövqeyinə əsasən müvafiq icazə almadan inşa edilmiş və tikintisi başa çatmış tikilinin sökülməsi məhkəmə qaydasında həyata keçirilir. Belə tikintinin sökülməsi barədə məhkəməyə iddianı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs irəli sürür. Lakin məhkəmənin istinad etdiyi normada tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililərlə bağlı hüquqi tənzimetmə müəyyən edilmişdir. Hazırki iş üzrə isə həmin hallar mövcud deyil və iddiaçı onun mülkiyyətində olan mənzilə bitişik sahədə inşa edilmiş tikilinin sökülməsi barədə iddiasında göstərilən səbəblərdən öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir.
36. Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı tərəf məhkəmə iclasında ##.##.2021-ci il tarixdə mənzil alınan zaman mübahisələndirilən tikilinin olduğunu, lakin onun mənzilinin eyvanının qarşısını və pəncərələrini bağlayacaq qədər inşa edilmədiyini, onun həmin tikintiyə razılıq vermədiyini qeyd etdiyindən, həmin hallar hazırki halda müəyyən edilməli hallardır.
37. Mübahisəli tikilinin inşa edilməsi vaxtı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində 2024-cü ilin əvvəllərində cavabdehin onun mənzildə bir neçə ay yaşamamağından sui-istifadə edərək orada tikinti işləri aparmağa başladığını, məhkəmə iclasında tikilinin 2021- 2022-ci illərdə inşa edildiyini, yerli baxış zamanı isə 2022-ci ildə onlar mənzildə olmadıqları zaman cavabdeh tərəfindən eyvan və pəncərələrin qarşısı hörülməklə tikintinin inşa edildiyini qeyd etmişdir. Göründüyü kimi, mübahisəli tikintinin inşa edilməsi vaxtı ilə bağlı iddiaçı bir-biri ilə uyğunsuzluq təşkil edən izahatlar vermişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, mənzilin iddiaçıya təhvil verildikdən sonra onun tərəfindən təmir edildiyi məlumdur. İş materiallarında olan ##.##.2022-ci il tarixli 2 saylə əlavə ilə Cəmiyyət mübahisəli mənzilə görə ilkin ödəniş etmədən iddiaçı tərəfindən orada təmir işlərinin aparılmasına və həmin mənzili yaşayış sahəsi kimi istifadə etməsinə icazə (razılıq) vermişdir. Başqa sözlə, mənzil 2022-ci ilin yanvar ayından sonra təmir edilmiş (təmir həmin il ərzində aparılmışdır) və təmir başlayan zaman mənzilə görə hələ ki, hər hansı ödəniş aparılmamışdır. Belə çıxır ki, mübahisəli tikili mübahisəli mənzil təmir edildikdən sonra inşa edilmişdir. Lakin belə olan halda, yəni iddiaçının dediyi kimi mübahisəli tikili təmirdən sonra və ya 2024-cü ildə, xüsusilə də iddiaçı və onun ailəsi mənzildə olmayan zaman (iddiaçının dediyinə görə bir neçə ay rayonda yaşamışdır) inşa edilsə idi, iddiaçının təmir edilmiş mənzili cavabdeh tərəfindən dağıdılaraq, eyvanı və pəncərələri bağlanmış olardı. Lakin iddiaçı belə bir səbəbdən mənzili (ən azı həmin sahələri) yenidən təmir etdiyini bildirmir. Hadisə ilə bağlı iddiaçının cavabdehə etiraz etməsi, habelə məhkəməyə və ya hüquq mühafizə orqanlarına müraciət etməsi də müəyyən edilmir. Halbuki, söhbət cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının mülkiyyətinə qəsdən vurulmuş zərərdən (dağıdılmış təmirdən) gedir və normalda hər hansı bir şəxs onun mülkiyyətində (istifadəsində və sahibliyində) olan mənzilə başqa bir şəxsin qanunsuz olaraq müdaxilə etməsinə icazə verməzdi və vurulmuş maddi zərərin əvəzinin ödənilməsini tələb etmiş olardı (hətta hazırki iddia üzrə də). İddiaçının mübahisəli mənzilə münasibətdə yalnız ##.##.2023-cü ildə mülkiyyət hüququ əldə etməsi də, hazırki iddianın 2021-ci ildə müqavilə bağlandıqdan sonra qaldırılmasını istisna edən hal deyil. İddiaçı müqaviləsinə əsaslanaraq da, hazırki iddianı 2021-ci ilin noyabr ayından sonra qaldıra bilərdi. Halbuki, iddia bu hadisədən də (mülkiyyət hüququ əldə edildikdən) 1 il 3 ay sonra qaldırılmışdır.
39. Digər tərəfdən mübahisəli tikili həqiqətən də 2022-ci ildə, təmirdən sonra inşa edilsə idi, iddiaçı hələ həmin vaxt mənzilin dəyərini tam ödəmədiyindən (##.##.2022-ci il tarixli 2 saylə əlavəyə əsasən) rahatlıqla tikilinin aparmasına etiraz edə bilər, öz narazılığını bildirə bilərdi, ən azı müqavilədən imtina edə bilərdi. Qeyd edilənlər öz növbəsində iddiaçı tərəfindən 2022ci ildə mübahisəli mənzil təmir edilən zaman, artıq mübahisəli tikilinin mövcud olduğunu, mənzilin də qeyd edilən pəncərə boşluqlarının artıq bağlı olduğunu, iddiaçının da bu vəziyyətlə razılaşdığını və mənzili məhz bu şərtlərlə təhvil alaraq təmir etdiyini təsdiq edir.
40. Qeyd edilən hallar eyni zamanda “google maps” internet resursu vasitəsi ilə əldə edilmiş görüntülərdən də müəyyən edilir. Belə ki, həmin görüntülərlə mübahisəli tikilinin artıq 2021-ci ilin mart ayında, yəni tərəflər arasında mənzilin alqı-satqısına dair müqavilə bağlanmamışdan əvvəl mövcud olduğu müəyyən edilmişdir.
41. Bununla yanaşı mübahisəli sahələrdə (tikili və mənzil) keçirilmiş yerində müayinə zamanı iddiaçının mənzilinə və tikilinin yerləşdiyi əraziyə baxış keçirilmişdir. Bu zaman iddiaçının mənzilində mətbəx tərəfdə olan istiqamətində olan eyvanın bağlandığı, eyvanın mətbəxdən ayrıca giriş qapısı ilə ayrılmaqla, saxlanc yeri kimi istifadə edildiyi, həmin sahədən sağ istiqamətdə yerəşən iki pəncərənin hörüldüyü və üzərində ağartma işləri aparıldığı, həmin pəncərələrin faktiki eyni istiqamətdə, lakin ayrı otaqlarda yerləşdiyi, orada dolabın da quraşdırıldığı, iddiaçının mənzilində yataq otağı olan sahədən başqa bir eyvanın və qonaq otağında pəncərənin olduğu müşahidə edilmişdir. Başqa sözlə, mənzil 2022-ci ildə məhz o vəziyyətdə, yəni pəncərəsi bağlı vəziyyətdə təmir edilmişdir. Bu halın mövcudluğu da bir daha iddiaçının mənzilin mövcud vəziyyətini (qeyd edilən pəncərələrin bağlı olmasını) bəyəndiyini, bu vəziyyətlə razılaşaraq, onu qəbul etdiyini və bunun nəticəsi olaraq təmir etdiyini təsdiq edir. Əks halda, təmir edib, yaşayış üçün tam hazır və yararlı vəziyyətə çatdırıb, orada yaşamağa başlamazdı. Həmçinin, iddiaçının mənzilinin üstündə yerləşən eyni texniki göstəricilərə malik mənzilin sakini, özünü mülkiyyətçi kimi təqdim edən Rübabə Əkbərova məhkəmənin verdiyi suallara cavab olaraq artıq 4 ilə yaxın müddətdir ki, mənzildə yaşadığını, buna qədər 2 il mənzilin təmir etdiyini, 6 ilə yaxın müddətdir ki, mübahisəli tikilinin mövcud olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində də eyni məzmunda ifadə vermişdir.
42. Bununla belə, iddiaçı mənzildə təmir işlərinin aparılmasına 2022-ci ilin yanvar ayında razılıq verildikdən sonra təmir işlərinə başlamış və mənzildə olan bir neçə pəncərə boşluğunun bağlı olması ilə bağlı iddiaçıya hər hansı formada etiraz bildirməmiş, bununla bağlı hər hansı tədbir görməmiş və təmiri yekunlaşdıraraq, orada yaşamağa başlamışdır. Bu da birmənalı olaraq, onun mənzili məhz hazırki, yəni bir neçə pəncərə boşluğu bağlı olan vəziyyətdə əldə edilməsinə razı olduğunu təsdiq edir.
43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırda mübahisələndirilən tikili mənzilin təmirindən əvvəl, artıq tərəflər arasında mənzillə bağlı müqavilə bağlanan zaman mövcud olmuşdur. İddiaçı ən azı həmin vaxt həm tikintinin mövcud olması, həm də onun mənzilinə bitişik yerləşməsi barədə məlumatlı olmuşdur. Belə olan halda, mübahisəsiz qaydada təsdiq olunur ki, iddia qaldırılan tarixdə mübahisəli tikinti 3 ildən artıq müddətdir ki, artıq cavabdehin istifadə və sahibliyində olmuşdur.
44. Bununla belə, cavabdeh mübahisəli tikinti inşa edərək, 3 ildən artıq (iddia qaldırılan tarixə, hazırda artıq 6 ildən artıq) müddətdir ki, tikilidən iddiaçı üçün məlum olan şəraitdə və hər hansı etiraz olmadan istifadə edir.
45. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin **/**** saylı, ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən mübahisəli mənzilin pəncərəsi qarşısında olan tikilinin inşası iş materiallarında olan həmin binanın tikinti layihəsində nəzərdə tutulduğu, lakin layihə sənədlərində qeyriyaşayış sahəsinin üçüncü mərtəbəsində mübahisəli hissədə (iddiaçıya məxsus mənzilin pəncərələrinin qarşısında) 5,0 metr enində terras nəzərdə tutulsa da, faktiki olaraq həmin hissədə tikinti işləri aparılmaqla əlavə iki otaq və dəhlizin inşa edildiyi və iddiaçıya məxsus olan mənzilin texniki pasportunda qeyd olunan 8 və * saylı lociya tikililərinin qarşısı, eyni zamanda * saylı tikilinin pəncərəsinin qarşısının bağlandığı, tikilinin həmin binanın tikinti layinəsinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində cavabdeh tərəf ekspertizanın başqa binanın layihəsi əsasında aparıldığını bildirmiş, məhkəmə isə işə ağlabatan müddətdə baxılmalı olmasını nəzərə alaraq yerli baxış keçirməklə təkrar ekspetiza aparmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki araşdırma zamanı müəyyən edilən hallar, yəni 2021-ci ildə, iddiaçı tərəfindən mübahisəli mənzil alınarkən və təmir etdirilərkən mübahisələndirilən tikilinin artıq mövcud olması bu istiqamətdə əlavə araşdırma aparılması, o cümlədən ekspertizanın təyin edilməsi zərurətini aradan qaldırır.
46. Belə olan halda, məhkəmə kollegiyası mübahisəli tikintinin (iddia qaldırılan tarixə) 3 ildən artıq müddətdir ki, iddiaçının etirazı olmadan (nəticə etibarı ilə razılığı ilə) mövcud olmasını və iddiaçının uzun müddət ərzində formalaşmış qaydaya etiraz etməməsini nəzərə alaraq hesab edir ki, iddiaya Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımdan hüquqi qiymət verilməlidir. Belə ki, hazırki hərəkətləri ilə iddiaçı öz razılığı ilə mənzili bir neçə otağın pəncərə boşluğu olmadan (hörülmüş və qarşısında mübahisəli tikilinin yerləşdiyi bir vəziyyətdə) əldə etməsinə və təmir etdirərək (bağlanmış pəncərə boşluqlarını da təmir edərək) orada yaşamasına və bu razılıqdan irəli gələrək cavabdehin bu tikilinin sökülməsi təhlükəsinin olmamasına olan güvəncinə zidd mövqedən çıxış edir ki, bu hal da birmənalı şəkildə hüquqdan sui-istifadə hesab edilməlidir. Qeyd edilənlər də öz növbəsində iddianın rədd edilməsini şərtləndirir.
47. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, tərəflər arasında kommunal xidmət haqqının ödənilməsi ilə bağlı mübahisə olmuş, bundan sonra cavabdeh sadələşdirilmiş icraat qaydasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin ##.##.2024-cü il tarixli qətnaməsi ilə cavabdehin iddiası qismən təmin edilərək, 1.237 manat xidmət haqqı və 30 manat dövlət rüsumu iddiaçıdan cavabdehin xeyrinə tutulmuşdur. Hazırki iddia ərizəsi isə bundan qısa müddət sonra, yəni ##.##.2024-cü il tarixdə daxil olmuşdur. Bu da öz növbəsində hazırki iddianın məhz cavabdehin həmin iddiasına cavab olaraq irəli sürülməsini istisna etmir.
48. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyinin yekunu olaraq, belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.