Məhkəmə qərarları › İş №2(3-6)-358/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-358/2026

29.04.2026 · Sair mülki iş - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-358/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin cavabdeh Şükürova Aynurə Aydın qızına qarşı mülki iş üzrə (Açar sözlər: xidmət haqqının tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Şükürova Aynurə Aydın qızına qarşı “mənzilə göstərilən xidmət haqqının tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI

1. İddiaçı İddiaçı MMMC cavabdeh Cavabdeh qarşı “mənzilə göstərilən xidmət haqqının tutulması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı MMC və cavabdeh Cavabdeh arasında ##.##.2020-ci il tarixində bağlanmış **/*** saylı xidmət müqaviləsinə əsasən, ##.##.2020-ci il tarixindən ##.##.2025-ci il tarixinə kimi ƏDV daxil 30195.90 (otuz min yüz doxsan beş, doxsan qəpik) AZN borc məbləğinin, hüquqi yardımın alınması görə çəkilmiş 170 (bir yüz yetmiş) AZN, vəkil orderinə görə ödənilmiş 300 (üç yüz) AZN və 182 (bir yüz səksən iki) AZN ödənilmiş dövlət rüsumunun, ümumilikdə ƏDV daxil 30847,90 (otuz min səkkiz yüz qırx yeddi manat, doxsan qəpik) AZN, eləcə də iddia tələbi üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənə kimi əlavə olaraq aylıq ƏDV daxil 512 (beş yüz on iki) AZN hesablanmaqla xidmət haqqı məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı MMC və cavabdeh Cavabdeh arasında ##.##.2020-ci il tarixli, **/*** saylı “çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, “İdarə edən qanunvericiliklə müəyyən olunmuş əsaslarda Sifarişçinin istifadəsində olan yaşayış və/və ya qeyri-yaşayış sahələrinin yerləşdiyi Azərbaycan Respublikası, ünvan 1 ünvanında, “Gümüş Residence” Yaşayış Kompleksində bu müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş müvafiq xidmətləri göstərməyi, Sifarişçi isə bu xidmətlərin müqabilində müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının və digər ödənişlərin həyata keçirilməsini təmin etməyi öz öhdəsinə götürür.” Əlavə 1-ə əsasən, Bakı şəhəri, ünvan 2 №* ünvanında yerləşən 256 kv.m olan mənzil cavabdeh Cavabdeh məxsusdur. ##.##.2020-ci il tarixli müqaviləyə Əlavə № *-in 2-ci bəndində nəzərdə tutulmuş xidmətləri, yəni təmizlik və texniki xidmətlər, mühafizə xidmətlərini həyata keçirilməsi iddiaçının öhdəliyinə düşür. Habelə həmin Əlavənin 3-cü bəndində qeyd edilmişdir ki, “X3 məxsus Obyekt(lər)in hər kvadrat metri üçün idarə edənə ƏDV daxil 2.00 AZN (iki Azərbaycan manatı, 00 qəpik) aylıq xidmət haqqı ödəməyi öhdəsinə götürür.” Belə ki, Cavabdeh məxsus olan mənzilin həcmi 256 kv.m olduğundan, cavabdeh tərəfindən hər ay ƏDV daxil 512 (beş yüz on iki) AZN məbləğində xidmət haqqı iddiaçıya ödənilməlidir. Tərəflər arasındakı müqavilə bağlandığı andan bu günə kimi iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə icra edilmişdir. Lakin müqavilənin 2.3.1-ci yarımbəndinə əsasən cavabdeh Cavabdeh Yaşayış Kompleksində göstərilən xidmətlərə görə ödənişləri vaxtında və tam şəkildə təmin etmək öhdəliyinin öz üzərinə götürməyinə baxmayaraq müqavilə bağlanan tarixindən etibarən hələ də cavabdeh tərəfindən heç bir xidmət haqqı ödənişi edilməmişdir. Nəticə etibarilə, ##.##.2020-##.##.2025-ci il tarixləri arasında cavabdehin hər ay üçün ödəməsi nəzərdə tutulan ƏDV daxil 512 (beş yüz on iki) AZN xidmət haqqı ödənilmədiyi üçün, iddiaçı İddiaçı MMC-yə münasibətdə ümumi ƏDV daxil 30195.90 (otuz min yüz doxsan beş, doxsan qəpik) AZN həcmində borc məbləği yaranmışdır. Sözügedən müqavilənin 5.1-ci bəndinə uyğun olaraq, “öz öhdəliklərini tam icra etməyən və ya lazımınca icra etməyən Tərəf bununla digər tərəfə vurduğu zərərə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyacaq və qarşı Tərəfə vurduğu zərəri tam həcmdə ödəyəcək.” Vurğulamaq lazımdır ki, cavabdehin müqavilə üzrə öhdəliklərini uzun müddət icra etməməsi və yaranmış borc məbləğini ödəməkdən yayınması iddiaçıya zərər vurmaqla hüquqi şəxsin fəaliyyətini həyat keçirməsinə də ciddi maneələr törədir. Cavabdehin həmin ödənişləri gecikdirməsi dolayı şəkildə iddiaçının da müvafiq qurumlara olan ödənişlərin ödənilməsinə və fəaliyyətini davamlı şəkildə həyata keçirməsinin axsamasına səbəb olur. Qeyd etdikləri kimi, mənzil mülkiyyətçisi olan cavabdeh ilə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən sözügedən mənzilin idarə edilməsi, yəni texniki və təmizlik xidmətləri, mühafizə xidmətləri cavabdehin hesabına iddiaçı tərəfindən həyat keçirilir. Belə ki, sözügedən xidmətlərin həyata keçirilməsi üçün iddiaçı da digər müəssisələr ilə əməkdaşlıq edir. Belə olan halda cavabdeh tərəfindən xidmət haqqının vaxtı-vaxtında ödənilməməsi iddiaçının həm cavabdehə, həm də digər müəssisələrə qarşı öz öhdəliklərini icra etməsinə maneələr yaradır. Bu səbəbdən də iddiaçının hər dəfəsində hazırkı iş üzrə cavabdehin və digər mənzil mülkiyyətçilərinin yerinə bu ödənişləri öz hesabına həyata keçirməsi iddiaçının maliyyə vəziyyətinin aşağı düşməsinə səbəb olur. Digər halda, yəni ödənişlər müvafiq üçüncü şəxslərə ödənilmədikdə isə, həmin şəxslər iddiaçını cavabdeh qismində görürlər. Qeyd edək ki,İddiaçı MMC bazarda, həmçinin ölkədə real olaraq bilinən nüfuzlu şirkətlərdən biridir və hər hansı bir dövlət orqanlarına və ya özəl müəssisələrə, fiziki şəxslərə qarşı heç bir borc öhdəliyi yoxdur. Lakin mənzil mülkiyyətçisi cavabdeh tərəfindən yol verilən hallardan dolayı, iddiaçı İddiaçı MMC müvafiq üçüncü şəxslər qarşısında həm borclu kimi çıxış edir, həm də şirkətin işgüzar nüfuzuna ciddi şəkildə xələl dəymiş olur. Nəzərinizə çatdırırıq ki, yaranan borc məbləğinin ödənilməsi ilə əlaqədar olaraq iddiaçı tərəfindən cavabdehlə dəfələrlə əlaqə saxlanılmış, həmçinin müqavilə üzrə ödənişlərin təmin edilməsi tələbi ilə ##.##.2025-ci il tarixli, FMG-00.25.*** saylı pretenziya məktubu göndərilmiş, borcun ödənilməsi üçün cavabdeh Cavabdeh kifayət qədər möhlət də verilmişdir. Həmçinin məktubda cavabdehə ödənişin ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi və vurulan bütün zərərin əvəzinin ödənilməsi tələb ediləcəyi barədə xəbərdarlıq edilsə belə, bir nəticə əldə olunmamışdır.

3. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 29243,90 manat pul, hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqı, hüquqi yardımın alınmasına görə çəkilmiş 170 manat xərc və 182 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən xidmət haqqı üzrə cavabdehin borc məbləği ##.##.2025-##.##.2025-ci il tarixədək ƏDV daxil 30195,90 manat olaraq hesablanmışdır. İddiaçı MMC hazırki iddia tələbi ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmiş və məhkəmə tərəfindən ##.##.2025-ci il tarixdə qətnamə qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə həmin ilin 4 ay üzrə (iyul-oktyabr ayları üzrə) aylıq 512 manat xidmət haqqı olmaqla 2048 manat xidmət haqqı tutulmalıdır.

5. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 122.3, 122.4, 136.2, 136.2.2, 136.3, 137.3, 137.8, 137.9-cu maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ

6. Cavabdeh Şükürova Aynurə Aydın qızı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçı X2” MMMC-nin cavabdeh Cavabdeh qarşı “mənzilə göstərilən xidmət haqqının tutulması” haqqında iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsində mənzilin sahəsi 320 kv.m qeyd edilmiş, ancaq çıxarış alan zaman sahə 256 kv.m qeyd edilmişdir. Xidmət haqqı olaraq, 320 kv.m sahəyə görə 640 manat bildirilsə də çıxarışı alandan sonra onlara endirim edərək mənzilin kvadratını 512 manatdan hesablayacaqlarını bildirmişlər. İddiaçı tərəf ona borcun olduğunu bildirəndə iki evinin olduğunu, iki evin də 24000-25000 manat borcu olmasını bildirmişlər. Bir ev üçün ayda 1500-2000 manat ödənilmişdir. Odur ki, bir evin cəmi 4000 manat borcu var, digər evin də 30000 manat borcu qalıb. O, ayda 1700, 1800, 2000 manat ödəyir ki, borc azalsın. Onun tərəfindən borc məbləğindən 3000 manat ödəniş edilmişdir. Göründüyü kimi qeyd olunan mənzilin sahəsi iddia ərizəsində göstəriləndən azdır, odur ki, tələb olunan xidmət haqqı da düzgün hesablanmamışdır. Bununla bağlı olaraq mənzilə dair daşınmaz əmlakın reyestrindən çıxarış məhkəməyə təqdim olunmuşdur. Bundan başqa binada yerləşən yaşayış və qeyri-yaşayış sahələrinə dair ödənilməli xidmət haqqlarının məbləğini müəyyən edən qərar və ya protokol məhkəməyə təqdim edilməmişdir. Mənzil sahiblərindən tutulmalı olan məbləğ ilə bağlı ümumi yığıncağın qərarı müəyyən edilməmişdir. Bununla bağlı cavabdeh tərəfindən iddiaçıya müraciətlər olunmuş, mənzilin sahəsinin dəqiqləşdirilməsi və ödəniləcək məbləğin hissə-hissə ödənilməsinə şərait yaradılması istənilmişdir. Lakin iddiaçı tərəfindən mənzilin sahəsi və xidmət haqqı ilə bağlı qeyd olunan uyğunsuzluqların düzəldilməsi ilə bağlı hər hansı hərəkət edilməmişdir. Belə vəziyyət nəticədə cavabdehin hüquqlarının pozulması ilə nəticələnmişdir.

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi N.Hüseynzadə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

11. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış “Çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi” haqqında ##.##.2020-ci il tarixli, **/*** saylı müqavilədən və müqaviləyə əlavə 2-dən görünür ki, ünvan 1 ünvanında, “Gümüş Residence” Yaşayış Kompleksində bu müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş müvafiq xidmətləri göstərməyi, Sifarişçi isə bu xidmətlərin müqabilində müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının və digər ödənişlərin həyata keçirilməsini təmin etməyi öz öhdəsinə götürmüşdür.

12. İddiaçı MMC və Cavabdeh arasında bağlanılmış müqavilə üzrə qalıq borc haqqında ##.##.2025-ci il tarixli cədvəldən görünür ki, Cavabdeh ##.##.2021-ci il tarixdən ##.##.2025-ci il tarixədək aylıq xidmət haqqı 512 manat olmaqla ümumilikdə 30195,90 manat olaraq müəyyən edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

14. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin təmin olunan hissədə ləğv olunması və həmin hissədə iddia tələbinin təmin olunmaması, xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

15. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

16. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

17. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

18. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 38.1-ci və 38.2-ci maddələrinə əsasən, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 122.3-cü maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 122.4-cü maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 135.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün- mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan, yaşayış sahəsinin mülkiyyətçisi üçün-yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.2. kommunal xidmətlərə görə haqq. 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. 137.3-cü maddəsinə təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxs tərəfindən və ya fərdi sahibkar tərəfindən (bundan sonra – idarəedici təşkilat) idarə olunan çoxmənzilli binanın dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrinin sosial kirayə və kirayə müqavilələri üzrə kirayəçiləri yaşayış sahəsinin saxlanması və təmiri, habelə kommunal xidmətlərə görə haqqı həmin idarəedici təşkilata ödəyirlər. 137.8-ci maddəsinə əsasən, yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər.

19. Beləliklə, müəyyən edilmişdir ki, Cavabdeh və İddiaçı MMC arasında bağlanılmış Çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında ##.##.2020-ci il tarixli, **/*** saylı müqavilə bağlanılaraq ünvan 1 ünvanında, “Gümüş Residence” Yaşayış Kompleksində bu müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş müvafiq xidmətləri göstərməyi, Sifarişçi isə bu xidmətlərin müqabilində müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının və digər ödənişlərin həyata keçirilməsini təmin etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş müqavilə üzrə qalıq borc haqqında ##.##.2025-ci il tarixli cədvəldən görünür ki, iddiaçı tərəfindən xidmət haqqı üzrə borc məbləği ##.##.2025- ##.##.2025-ci il tarixədək hesablanaraq 30195,90 manat olaraq hesablanılmışdır. Hazırda cavabdeh tərəfindən mənzilə göstərilmiş xidmətə görə borc məbləğindən 3000 manat ödənilmiş və onun 27195,90 manat ödənilməmiş borcu qalmışdır.

20. Birinci instansiya məhkəməsi iddia tələbinin “##.##.2020-ci il tarixindən ##.##.2025ci il tarixinə kimi ƏDV daxil 30195.90 (otuz min yüz doxsan beş, doxsan qəpik) AZN borc məbləğinin cavabdehdən tutulması” hissəsində düzgün olaraq qeyd etmişdir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarına və cavabdehin müqavilə əsasında üzərinə götürdüyü öhdəlikləri, cavabdeh tərəfindən iddia verildikdən sonra 3000 manat ödəniş edilməsi nəzərə alınaraq iddiaçının iddia tələbi bu hissədə təmin edilərək 27195,90 manat borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

21. Həmçinin iddia tələbinin “iddia tələbi üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənə kimi əlavə olaraq aylıq ƏDV daxil 512 (beş yüz on iki) AZN hesablanmaqla xidmət haqqı məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı qeyd olunmuşdur ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən xidmət haqqı üzrə cavabdehin borc məbləği ##.##.2025-##.##.2025-ci il tarixədək ƏDV daxil 30195,90 manat olaraq hesablanmışdır. İddiaçı MMC hazırki iddia tələbi ilə məhkəməyə ##.##.2025- ci il tarixdə müraciət etmiş və məhkəmə tərəfindən ##.##.2025-ci il tarixdə qətnamə qəbul edilmişdir. Ona görə də birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə həmin ilin 4 ay üzrə (iyuloktyabr ayları üzrə) aylıq 512 manat xidmət haqqı olmaqla 2048 manat xidmət haqqı tutulması barədə düzgün nəticəyə gəlmişdir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübuta yetirmişdir.

23. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

24. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar