Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2787/2025 12.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı MMC-nin vəkili-nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “mənzilə göstərilən xidmət haqqının tutulması” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı MMMC Cavabdeh qarşı “mənzilə göstərilən xidmət haqqının tutulması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh arasında xx.xx.2020-ci il tarixində bağlanmış 21/042 saylı xidmət müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixindən xx.xx.2025-ci il tarixinə kimi ƏDV daxil 30195.90 (otuz min yüz doxsan beş, doxsan qəpik) AZN borc məbləğinin, hüquqi yardımın alınması görə çəkilmiş 170 (yüz yetmiş) AZN, vəkil orderinə görə ödənilmiş 300 (üç yüz) AZN və 182 (yüz səksən iki) AZN ödənilmiş dövlət rüsumunun, ümumilikdə ƏDV daxil 30847,90 (otuz min səkkiz yüz qırx yeddi manat, doxsan qəpik) AZN, eləcə də iddia tələbi üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənə kimi əlavə olaraq aylıq ƏDV daxil 512 (beş yüz on iki) AZN hesablanmaqla xidmət haqqı məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 21/042 saylı “çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, “İdarə edən qanunvericiliklə müəyyən olunmuş əsaslarda Sifarişçinin istifadəsində olan yaşayış və/və ya qeyri-yaşayış sahələrinin yerləşdiyi Azərbaycan Respublikası, ünvan 1 ünvanında, “Gümüş Residence” Yaşayış Kompleksində bu müqaviləyə Əlavə 1də nəzərdə tutulmuş müvafiq xidmətləri göstərməyi, Sifarişçi isə bu xidmətlərin müqabilində müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının və digər ödənişlərin həyata keçirilməsini təmin etməyi öz öhdəsinə götürür.” Əlavə 1-ə əsasən, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 256 kv.m olan mənzil Cavabdeh məxsusdur. xx.xx.2020-ci il tarixli müqaviləyə Əlavə № 1-in 2-ci bəndində nəzərdə tutulmuş xidmətləri, yəni təmizlik və texniki xidmətlər, mühafizə xidmətlərini həyata keçirilməsi iddiaçının öhdəliyinə düşür. Habelə həmin Əlavənin 3-cü bəndində qeyd edilmişdir ki, “X1 məxsus Obyekt(lər)in hər kvadrat metri üçün idarə edənə ƏDV daxil 2.00 AZN (iki Azərbaycan manatı, 00 qəpik) aylıq xidmət haqqı ödəməyi öhdəsinə götürür.” Belə ki, Cavabdeh məxsus olan mənzilin həcmi 256 kv.m olduğundan, cavabdeh tərəfindən hər ay ƏDV daxil 512 (beş yüz on iki) AZN məbləğində xidmət haqqı iddiaçıya ödənilməlidir. Tərəflər arasındakı müqavilə bağlandığı andan bu günə kimi iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə icra edilmişdir. Lakin müqavilənin 2.3.1-ci yarımbəndinə əsasən Cavabdeh Yaşayış Kompleksində göstərilən xidmətlərə görə ödənişləri vaxtında və tam şəkildə təmin etmək öhdəliyinin öz üzərinə götürməyinə baxmayaraq müqavilə bağlanan tarixindən etibarən hələ də cavabdeh tərəfindən heç bir xidmət haqqı ödənişi edilməmişdir. Nəticə etibarilə, xx.xx.2020-xx.xx.2025-ci il tarixləri arasında cavabdehin hər ay üçün ödəməsi nəzərdə tutulan ƏDV daxil 512 (beş yüz on iki) AZN xidmət haqqı ödənilmədiyi üçün, İddiaçı MMC-yə münasibətdə ümumi ƏDV daxil 30195.90 (otuz min yüz doxsan beş, doxsan qəpik) AZN həcmində borc məbləği yaranmışdır. Sözügedən müqavilənin 5.1-ci bəndinə uyğun olaraq, “öz öhdəliklərini tam icra etməyən və ya lazımınca icra etməyən Tərəf bununla digər tərəfə vurduğu zərərə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyacaq və qarşı Tərəfə vurduğu zərəri tam həcmdə ödəyəcək.” Vurğulamaq lazımdır ki, cavabdehin müqavilə üzrə öhdəliklərini uzun müddət icra etməməsi və yaranmış borc məbləğini ödəməkdən yayınması iddiaçıya zərər vurmaqla hüquqi şəxsin fəaliyyətini həyat keçirməsinə də ciddi maneələr törədir. Cavabdehin həmin ödənişləri gecikdirməsi dolayı şəkildə iddiaçının da müvafiq qurumlara olan ödənişlərin ödənilməsinə və fəaliyyətini davamlı şəkildə həyata keçirməsinin axsamasına səbəb olur. Qeyd etdikləri kimi, mənzil mülkiyyətçisi olan cavabdeh ilə iddiaçı lkgsa lkgsaarasında bağlanmış müqaviləyə əsasən sözügedən mənzilin idarə edilməsi, yəni texniki və təmizlik xidmətləri, mühafizə xidmətləri cavabdehin hesabına iddiaçı tərəfindən həyat keçirilir. Belə ki, sözügedən xidmətlərin həyata keçirilməsi üçün iddiaçı da digər müəəsisələr ilə əməkdaşlıq edir. Belə olan halda cavabdeh tərəfindən xidmət haqqının vaxtı-vaxtında ödənilməməsi iddiaçının həm cavabdehə, həm də digər müəssisələrə qarşı öz öhdəliklərini icra etməsinə maneələr yaradır. Bu səbəbdən də iddiaçının hər dəfəsində hazırkı iş üzrə cavabdehin və digər mənzil mülkiyyətçilərinin yerinə bu ödənişləri öz hesabına həyata keçirməsi iddiaçının maliyyə vəziyyətinin aşağı düşməsinə səbəb olur. Digər halda, yəni ödənişlər müvafiq üçüncü şəxslərə ödənilmədikdə isə, həmin şəxslər iddiaçını cavabdeh qismində görürlər. Qeyd edək ki,İddiaçı MMC bazarda, həmçinin ölkədə real olaraq bilinən nüfuzlu şirkətlərdən biridir və hər hansı bir dövlət orqanlarına və ya özəl müəssisələrə, fiziki şəxslərə qarşı heç bir borc öhdəliyi yoxdur. Lakin mənzil mülkiyyətçisi-cavabdeh tərəfindən yol verilən hallardan dolayı, İddiaçı MMC müvafiq üçüncü şəxslər qarşısında həm borclu kimi çıxış edir, həm də şirkətin işgüzar nüfuzuna ciddi şəkildə xələl dəymiş olur. Nəzərinizə çatdırırıq ki, yaranan borc məbləğinin ödənilməsi ilə əlaqədar olaraq iddiaçı tərəfindən cavabdehlə dəfələrlə əlaqə saxlanılmış, həmçinin müqavilə üzrə ödənişlərin təmin edilməsi tələbi ilə xx.xx.2025-ci il tarixli, FMG-00.25.211 saylı pretenziya məktubu göndərilmiş, borcun ödənilməsi üçün Cavabdeh kifayət qədər möhlət də verilmişdir. Həmçinin məktubda cavabdehə ödənişin ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi və vurulan bütün zərərin əvəzinin ödənilməsi tələb ediləcəyi barədə xəbərdarlıq edilsə belə, bir nəticə əldə olunmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən borc məbləğindən 3000 manat ödəniş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etdiyini bildirərək əlavə olaraq qeyd etdi ki, onların alqı-satqı müqaviləsində 320 kv.m sahəsi qeyd edilmiş, ancaq çıxarış alan zaman sahə 256 kv.m qeyd edilmişdir. Xidmət haqqı olaraq, 320 kv.m sahəyə görə 640 manat bildirilsə də çıxarışı alandan sonra onlara endirim edərək mənzilin kvadratını 512 manatdan hesablayacaqlarını bildirmişlər. İddiaçı tərəf ona borcun olduğunu bildirəndə iki evinin olduğunu, iki evin də 24000-25000 manat borcu olmasını bildirmişlər. Bir ev üçün ayda 1500-2000 manat ödəyirdi. Bir evin 4000 manat borcu var, digər evin də 30000 manat borcu qalıb. O, ayda 1700,1800, 2000 manat ödəyir ki, borc azalsın. Onun tərəfindən borc məbləğindən 3000 manat ödəniş edilmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "X3" MMC ilə Cavabdeh arasında bağlanılmış Çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında xx.xx.2020-ci il tarixli, 21/042 saylı müqavilədən və müqaviləyə əlavə 2-dən görünür ki, ünvan 1 ünvanında, “Gümüş Residence” Yaşayış Kompleksində bu müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş müvafiq xidmətləri göstərməyi, Sifarişçi isə bu xidmətlərin müqabilində müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının və digər ödənişlərin həyata keçirilməsini təmin etməyi öz öhdəsinə götürmüşdür. - "X3" MMC və Cavabdeh arasında bağlanılmış müqavilə üzrə qalıq borc haqqında xx.xx.2025-ci il tarixli cədvəldən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2025ci il tarixdəək aylıq xidmət haqqı 512 manat olmaqla ümumilikdə 30195,90 manat olaraq müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh və "X3" MMC arasında bağlanılmış Çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında xx.xx.2020-ci il tarixli, 21/042 saylı müqavilə bağlanılaraq ünvan 1 ünvanında, “Gümüş Residence” Yaşayış Kompleksində bu müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş müvafiq xidmətləri göstərməyi, Sifarişçi isə bu xidmətlərin müqabilində müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının və digər ödənişlərin həyata keçirilməsini təmin etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş müqavilə üzrə qalıq borc haqqında xx.xx.2025-ci il tarixli cədvəldən görünür ki, iddiaçı tərəfindən xidmət haqqı üzrə borc məbləği xx.xx.2025-xx.xx.2025-ci il tarixədək hesablanaraq 30195,90 manat olaraq hesablanılmışdır. Hazırda cavabdeh tərəfindən mənzilə göstərilmiş xidmətə görə borc məbləğindən 3000 manat ödənilmiş və onun 27195,90 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, tərəflərin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 38.1-ci və 38.2-ci maddələrinə əsasən, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 122.3-cü maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 122.4-cü maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 135.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün- mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan, yaşayış sahəsinin mülkiyyətçisi üçün- yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.2. kommunal xidmətlərə görə haqq. 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. 137.3-cü maddəsinə təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxs tərəfindən və ya fərdi sahibkar tərəfindən (bundan sonra – idarəedici təşkilat) idarə olunan çoxmənzilli binanın dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrinin sosial kirayə və kirayə müqavilələri üzrə kirayəçiləri yaşayış sahəsinin saxlanması və təmiri, habelə kommunal xidmətlərə görə haqqı həmin idarəedici təşkilata ödəyirlər. 137.8-ci maddəsinə əsasən, yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Məhkəmə iddia tələbinin “xx.xx.2020-ci il tarixindən xx.xx.2025-ci il tarixinə kimi ƏDV daxil 30195.90 (otuz min yüz doxsan beş, doxsan qəpik) AZN borc məbləğinin cavabdehdən tutulması” hissəsində bildirir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarına və cavabdehin müqavilə əsasında üzərinə götürdüyü öhdəlikləri, cavabdeh tərəfindən iddia verildikdən sonra 3000 manat ödəniş edilməsi nəzərə alınaraq iddiaçının iddia tələbi bu hissədə təmin edilərək 27195,90 manat borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “iddia tələbi üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənə kimi əlavə olaraq aylıq ƏDV daxil 512 (beş yüz on iki) AZN hesablanmaqla xidmət haqqı məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı bildirir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən xidmət haqqı üzrə cavabdehin borc məbləği xx.xx.2025-xx.xx.2025-ci il tarixədək ƏDV daxil 30195,90 manat olaraq hesablanmışdır. İddiaçı MMC hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmiş və məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə qətnamə qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə həmin ilin 4 ay üzrə (iyul-oktyabr ayları üzrə) aylıq 512 manat xidmət haqqı olmaqla 2048 manat xidmət haqqı tutulmalıdır. Məhkəmə iddia tələbinin “hüquqi yardımın alınmasına görə 170 manat və vəkil orderinə görə ödənilmiş 300 manat xərcin cavabdehdən tutulması hissəsi” ilə bağlı bildirir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilə və həmin tarixli elektron faktura-qaimə və xx.xx.2025-ci il tarixli ödəniş qəbzi ilə iddia tələbi bu hissədə öz təsdiqini tapdığından təmin edilməlidir. Bu xərclərin cavabdehdən tutulmasına cavabdehin nümayəsi də etiraz etməmişdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 182 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 29243,90 manat pul, hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqı, hüquqi yardımın alınmasına görə çəkilmiş 170 manat xərc və 182 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-2787/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2787/2025
12.11.2025 · Sair mülki iş - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver