Məhkəmə qərarları › İş №e-2(006)-3121/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3121/2024

14.08.2024 · Sair mülki iş - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3121/2024 14.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qıznın katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5500 manat əsas borc, 275 manat faiz, 320 manat vəkilə ödənilən vəsait, 81 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6176 manat tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Təhsil alan X2 qanuni nümayəndəsi Cavabdeh ilə İddiaçı MMC arasında “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 760-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilə bağlanılmışdır. Müqaviləyə əlavə olaraq tərəflər arasında xx.xx.2023-cü il tarixli Razılaşdırma Protokolu bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən, “Lisey” “Təhsilan”a Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi təhsil xidmətlətinin təşkilini, 2-ci maddəyə əsasən isə Təhsilanın “Qanuni nümayəndəsi” isə bu müqavilənin ayrılmaz hissəsi hesab edilən xx.xx.2023-cü il tarixli Razılaşdırma Protokolunda müəyyən edilmiş qaydada və müddətdə təhsil haqqı məbləğini “Lisey”ə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən 760-23 saylı, xx.xx.2023-cü il müqavilə üzrə təhsil haqqı 5500 manat təşkil etməkdədi. Lakin tərəflərindən təhsil haqqı üzrə heç bir vəsait ödənilməmişdir. Həmin pul vəsaitinin ödənilməsi ilə bağlı şifahi müraciətləri nəticəsiz qalmışdır. Bildirilir ki, lisey böyük kollektivə malikdir. işçilərin əmək haqları, sosial sığortalar, vergilər, icarə haqları, dərs ləvazimatlarının alınması, binanın saxlanılması, o cümlədən elektrik, su, kommunal ödənişlər kimi cari xərclərin ödəmək məcburiyyətindədir. Liseyin yeganə gəlirləri isə təhsil alanların ödənişləri hesabına formalaşır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyini nəzərə alaraq hesab edirlər ki, son bir il ərzində ödənişləri etmədiyinə görə Mərkəzi Bankın uçot dərəcəsi ilə, ən azı 5% lə dəymiş zərər, vəkilə ödənilən 320 manat vəsait, 81 manat dövlət rüsumu ondan tutularaq Liseyə ödənilməlidir. Hazırda 5500 x 5% = 275 manat. 5500+ 275 + 320 manat + 81 manat = 6176 (altı min yüz yetmiş altı manat) cavabdehdən alınaraq Liseyə ödənilməlidir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehin maddi vəziyyətini və uşağın səhhəti ilə bağlı yaranan problemləri nəzərə almaqla son 1 ayın ödənişinin cavabdehə güzəşt edilməsini təklif edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək izahatında bildirdi ki, qızı X3 təhsil alması üçün İddiaçı MMC-nin 10-cu sinfinə göndərmişdir. Lakin qızının və anasının səhhətində ciddi problemlər olduğundan onların müalicələri ilə məşğul olmuş və özü də işdən çıxdığından liseyin illik ödənişini ödəyə bilməmişdir. Bunları təsdiq edən sübutları da vardır. Liseyə borcunun olmasını qəbul edir, lakin liseydən ona zəng vurularaq uşağın xx.xx.2024-cü il tarixdən məktəbə göndərilməməsi bildirilmiş, buna görə həmin tarixdən etibarən qızı məktəbə getməmişdir. Qətnamə çıxarılarkən bu halın da nəzərə alınmaqla ödənişləri etməsi üçün ona güzəştlər edilərək müvafiq qətnamə çıxarlmasını xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Təhsil alan X2 qanuni nümayəndəsi Cavabdeh ilə İddiaçı MMC arasında “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 760-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilədən və xx.xx.2023-cü il tarixli Razılaşdırma Protokolundan görünür ki, “Lisey” “Təhsilan”a Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi təhsil xidmətlətinin təşkilini, 2-ci maddəyə əsasən isə Təhsilanın “Qanuni nümayəndəsi” isə bu müqavilənin ayrılmaz hissəsi hesab edilən xx.xx.2023-ci il tarixli Razılaşdırma Protokolunda müəyyən edilmiş qaydada və müddətdə təhsil haqqıməbləğini “Lisey”ə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-cimaddəsinə əsasən təhsil haqqı 5000 manat təşkil edir. Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, cavabdehə pul vəsaitinin ödənilməsini təklif etmiş, əks halda borcun məhkəmə qaydasında tələb ediləcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 81 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli təhsil xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmış, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri mövcud olmuş, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə qüvvədə olduğu müddət ərzində təhsilalanın təhsil müəssisəsində 1-ci sinif rus bölməsi üzrə təhsil xidmətləri göstərmiş, cavabdeh isə müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli razılaşdırma protokolunda müəyyən edilmiş qaydada və müddətdə illik təhsil haqqı məbləğini liseyə ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, liseydən verilən göstərişə əsasən təhsil haqqının ödənilməməsi səbəbindən təhsil alan X2 xx.xx.2024-cü il tarixdən məktəbə gəlməməsi bildirilmiş və şagird həmin tarixdən sonra dərslərdə iştirak etməmişdir. Bu hala aydınlıq gətirilməsi üçün valideynlə əlaqə saxlayan şəxsin – liseyin müəlliminin şahid qismində dindirilməsi üçün məhkəmə iclasına dəvət olunması təklif edilmiş, lakin şahidin iştirakı təmin edilməmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkili həmin halı qəbul edərək, razılaşdırma protokolunda göstərilmiş ödəniş qrafikinə əsasən son 1 ayın ödənişinin – 684 manatın cavabdehə güzəşt edilməsinə və əsas borcdan çıxılmasına etirazının olmadığını bildirmişdir. Bu səbəbdən, məhkəmə iddianın əsas borcun qaytarılması hissəsini qismən təmin edərək 4816 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iddianın 275 manat faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İşdən görünür ki, müqavilə üzrə son ödəniş müddəti xx.xx.2024-cü il tarixi olmuş, iddiaçı bundan qısa müddət sonra pretenziya qaydasında cavabdehdən borcun ödənilməsini tələb etmiş və xx.xx.2024-cü il tarixdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, müqavilənin icra müddəti bitdikdən sonra uzun müddət keçməmiş və bununla əlaqədar iddiaçıya əhəmiyyətli zərərin vurulması halı müəyyən edilməmişdir, bu baxımdan əlavə faizlərin tələb edilməsi üçün zərurət də olmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X6rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən məhkəmə hazırki mübahisənin xarakterini (uşağının yüksək səviyyədə təhsil almasını təmin etmək istəyən, lakin maddi imkanı buna imkan verməyən valideynin vəziyyətini və uşağın mənafeyini) də nəzərə alaraq, uşağın təhsil haqqını ödəyə bilməyən borclunun üzərinə tab gətirə bilməyəcəyi yük qoymaqla faiz borcunun tutulmasını ədalətli və ağlabatan hesab etmir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, əsas borca görə 4816 manat məbləğində əsas borc cavabdeh X1 alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 81 manat dövlət rüsumunun 67 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi xidmətlərin göstərilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 320 manatın 100 manat hissəsinin cavabdehdən tutulması işin hallarına uyğun olmaqla, ədalətli, ağlabatandır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehdan 4816 (dörd min səkkiz yüz on altı) manat məbləğində əsas borc, 100 manat hüquqi xidmətlərin göstərilməsi üçün vəsait və dövlət rüsumu kimi ödənilmiş 67 (altmış yeddi) manat, cəmi 4983 (dörd min doqquz yüz səksən üç) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar