Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-41/2026 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-5381/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9000 manat pulun və 131 manat manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbləri dəqiqləşdirilmişdir)
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində nəqliyyat vasitəsinin nisyə alqı-satqı müqaviləsi bağlamışdır. İddiaçı cavabdehdən ümumi dəyəri 41400 manat təşkil edən qeydiyyat nişanı **-TB-***, buraxılış ili 2024 olan BYD DESTROYER 05 PLUG-İN HİBRİD Minik markalı avtomobil almışdır. Razılaşmaya əsasən o, həmin məbləğin 9000 manatını ilkin ödəniş olaraq nağd cavabdehə ödəmişdir. Digər məbləğ isə 32400 manatı 36 ay müddətində hər ay 900 manat olmaqla ödəmək şərtilə qeyd olunan müqaviləyə əsasən aralarında razılaşmaya gəlmişlər. İddiaçı müqavilədə göstərilən məbləğin 5 ay müddətində ödəniş etmişdir. Son iki ayda dəfələrlə cavabdehdən ödədiyi məbləğlər barədə aralarında imzalı qəbz tələb etmiş, lakin, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə imtina etmişdir. Elə bu səbəbdən aralarında mübahisə yaranmış cavabdeh iddiaçıdan avtomaşını geri almışdır. Hal-hazırda iddiaçı cavabdehdən ödədiyi pulu tələb etsə də o iddiaçının pulunu ödəmir. Ona görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur
3. Yasamal Rayon Məhkəməsinin 2(004)-5381/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Kərim Xudayev) ilə iddia təmin edilmiş, Cavabdeh 9000 (doqquz min) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 131 (bir yüz otuz bir) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.
4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından qanunsuz və əsassızdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin nisyə nisyə alqısatqı müqaviləsinin 3.5-ci bəndində açıq şəkildə göstərilmişdir ki, alıcı müqavilə üzrə götürdüyü öhdəlikləri vaxtında tam yerinə yetirməzsə, aylıq ödənişi 10 gündən artıq gecikdirərsə və ya müqavilənin hər hansı bəndini pozarsa, nəqliyyat vasitəsini satıcıya təhvil verir və alıcı tərəfindən edilən ilkin ödəniş və digər ödənişlər geri qaytarılmır. Məhkəmə bu bəndi tamamilə nəzərə almamış və müqavilənin bu şərtinə hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddiaçı tərəfindən təqdim edilmiş səs yazısına istinad etmiş, həmin materialı sübut kimi qəbul edərək ona hüquqi qiymət vermişdir. Lakin təqdim edilmiş səs yazısı qanunvericiliyin tələblərinə zidd olaraq, cavabdehin xəbəri və razılığı olmadan, gizli şəkildə aparılmışdır ki, bu da onun prosessual baxımdan yolverilməz sübut olmasını şərtləndirir. Buna görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edəərk təmin edilməsini xahiş etdi və şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.5-ci maddəsinə əsasən, əgər alıcı müqavilə üzrə öhdəliyini pozarsa, maşın təhvil verilməlidir və satıcı tərəfindən hər hansı ödəniş geri qaytarılmır. Tərəflər həmin müqavilə ilə tanış olub könüllü şəkildə imzalamış və üzərlərinə öhdəlik götürmüşlər, lakin işə baxan rayon məhkəməsi müqavilənin qeyd edilən bəndini nəzərə almamışdır.
7. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qətnamənin qüvvədə qalmasını xahiş etdi, bildirdi ki, o, qarşılıqlı razılaşmaya əsasən 9000 manat ilkin ödəniş etməklə və 36 ay müddətinə hər ay 900 manat ödəməklə cavabdehdən avtomobili almış, razılaşmaya əsasən hər ay ödənişləri edirdi, lakin cavabdeh həmin ödənişlərlə bağlı ona qəbzləri verməkdən imtina etmiş, buna görə aralarında münaqişə oldu, cavabdeh maşını ondan aldı. Maşının qiymətini 41.400 manata razılaşıblar, 9000 manat ilkin ödəniş edib, sonra isə hər dəfə 900 manat olmaqla 5 ay, ümumilikdə 4500 manat ödəniş edib. Buna görə də ilkin olaraq 13500 tələb edib, sonra maşının 5 ay onda qalmasını, həmin dövrdə maşından istifadə etməsini nəzərə alaraq 4500 manatdan özü imtina edərək, yalnız ilkin ödədiyi 9000 manatı tələb edib. Sübutların tədqiqi:
8. Mülki iş materiallarında olan xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin nisyə alqısatqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh müqavilə bağlandığı andan özünə məxsus olan qeydiyyat nişanı 77TB167 olan BYD DESTROYER 05 PLUG-İN HİBRİD MİNİK markalı nəqliyyat vasitəsini alıcı İddiaçı təhvil verir. Nəqliyyat vasitəsinin qiyməti tərəflərin razılaşmasına görə 32400 manat manat müəyyən edilir. Razılaşmaya əsasən alıcı 32400 manatı 36 ay müddətinə hər ay 900 manat olmaqla satıcıya ödəyir.
9. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən satıcı ödənişin alıcı tərəfindən dalbadal hər ay ərzində aparılmadığı halda avtomobil qeyd-şərtsiz geri almaq hüququna malikdir.
10. Həmin müqavilənin 3.5-ci maddəisinə əsasən alıcı müqavilə üzrə götürdüyü öhdəlikləri vaxtında tam yerinə yetirməzsə, aylıq ödənişi 10 gündən artıq gecikdirərsə və ya müqavilənin hər hansı bəndini pozarsa, nəqliyyat vasitəsini satıcıya təhvil verir və alıcı tərəfindən edilən ilkin ödəniş və digər ödənişlər geri qaytarılmır .
11. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən alıcı tərəfindən Satıcıya ödənilən məbləğ tərəflərin öz aralarında hər ay tərtib etdikləri aktla (qəbzlə) rəsmiləşdirilir.
12. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən hər bir tərəf digər tərəfi 15 gün əvvəlcədən xəbərdar etməklə müqaviləyə vaxtından əvvəl xitam verə bilər.
13. Mülki iş materiallarına maddi sübut kimi əlavə olunmuş CD diskdəki səs yazılarından müəyyən olur ki, iddiaçı cavabdehdən ona ilkin ödəniş etməsi ilə bağlı qəbzi tələb edir. Cavabdeh isə həmin qəbzi verəcəyini bildirsə də, sonradan bundan imtina edir.
14. İddiaçı ilə cavabdeh arasında müxtəlif tarixli “Whatsapp” sosial şəbəkəsindəki yazışmalar. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
15. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
16. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
17. Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
18. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
19. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
20. Maddə 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
21. Maddə 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.
22. Maddə 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
26. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
27. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
28. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
29. Maddə 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.
30. Maddə 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.
31. Maddə 419.1. Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir.
32. Maddə 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.
33. Maddə 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.
34. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
35. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
36. Maddə 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
37. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
38. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
39. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
40. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
41. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarı:
42. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli qərarında göstərilir ki, Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
48. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
49. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
50. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
51. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
52. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
53. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
54. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
55. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
56. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
58. Hazırkı halda, Məhkəmə kollegiyası (Bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
59. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
60. Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında BYD DESTROYER 05 PLUG-İN HİBRİD markalı nəqliyyat vasitəsinin nisyə alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə cavabdeh (satıcı) müqavilənin predmeti olan nəqliyyat vasitəsini alıcıya vermiş, iddiaçı (alıcı) öz növbəsində nəqliyyat vasitəsinin tərəflərin razılaşmasına görə alqı-satqı müqaviləsində müəyyən edilmiş qiymətini, yəni 32400 manatı 36 ay müddətinə hər ay 900 manat olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür
61. İddiaçı ilkin ödəniş olaraq nağd şəkildə cavabdehə 9000 manat pul verdiyini iddia edərək, həmin pulun ona ödənilməsini tələb edir.
62. Mülki iş materiallarından görünür ki, iddiaçı əvvəlcə iddia ərizəsi ilə 13500 manat pulun cavabdehdən tutulub ona ödənilməsini xahiş etmiş, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək qeyd edilən avtomobili 5 ay istifadə etməsini nəzərə alaraq (5 ay 900 manat olmaqla, cəmi 4500 manat ödəmişdir) 4500 manat hissəsindən imtina etmişdir.
63. Apellyasiya şikayətindən görünür ki, cavabdeh ona 9000 manat ilkin ödəniş edilmədiyini qeyd etmişdir. Həmçinin rayon məhkəməsində baxış iclasında da cavabdeh 9000 manat ilkin ödəniş edilməsi ilə razılaşmamış, ona yalnız 2 ay 900 manat olmaqla, cəmi 1800 manat ödəniş edildiyini bildirmişdir. Lakin buna dair sübutları Məhkəməyə təqdim edə bilməmişdir.
64. Mülki iş materiallarında olan rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasının protokolundan və həmin iclasın video-audio görüntülərindən müəyyən olur ki, cavabdeh rayon məhkəməsində izahatında avtomobillərin alqı-satısı ilə məşğul olduğunu, avtomobili 41400 manata satdığını bildirmişdir. Tərəflər arasında avtomobilin nisyə alqı-satqısına dair xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, alıcı avtomobilə görə hissə-hissə olmaqla cəmi 32.400 manat ödəməlidir. Eyni zamanda da tərəflər arasındakı telefon səs yazısından iddiaçı cavabdehə avtomobilə görə 14500 ödədiyini, bu barədə ona müvafiq qəbz verilməsini tələb edir, cavabdeh isə “vermisənvermisən də, qəbzi də verərəm də” məzmunlu cavab verir.
65. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
66. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
67. Hazırkı işin müəyyən olunmuş faktiki halları istinad olunan maddi hüquq normasının tələbləri baxımından qiymətləndirildikdə, məlum olur ki, iddiaçının avtomobilə görə cavabdehə ilkin olaraq 9000 manat məbləğində ödəniş etməsi inandırıci və ağlabatandır. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə nəqliyyat vasitəsinin qiyməti 32400 manat olmaqla razılaşdırılmışdır. Lakin cavabdeh həmin avtomobili 41400 manata satmışdır. Bu da belə nəticəyə gəlməyə əsas verir ki, tərəflər avtomobilin dəyərini 41400 manata razılaşmış, iddiaçı 9000 manat ilkin ödəniş etmiş, qalan 32400 (41400- 9000=32400) manat məbləği isə müqavilədə göstərilən şərtlərlə ödəməyi öhdəsinə götürmüşdür. Nəzərə alsaq ki, cavabdeh uzun müddət peşəkarcasına avtomobil bazarında avtomobillərin alqı-satqısı ilə məşğul olan şəxsdir, onda məlum olur ki, avtomobili hər hansı ilkin ödəniş olmadan alıcıya verilməsi bu sahədə yaranmış praktikaya və işgüzar adətlərə uyğun olmamaqla yanaşı, həm də inandırıcı deyildir.
68. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri də rayon məhkəməsinin səs yazılarını sübut kimi qiymətləndirilməsinin qanunvericiliyə zidd olması, həmin səs yazılarında montaj, kəsilmə və s. olmasının rayon məhkəməsi tərəfindən araşdırılmamasıdır.
69. Mülki iş materiallarında olan CD diskdəki həmin səs yazısına əsasən təsdiq edilir ki, iddiaçı həqiqətən cavabdehə 9000 manat məbləğində ilkin ödəniş etmişdir. İddiaçı cavabdehdən ona ilkin ödəniş etməsi ilə bağlı qəbzi tələb edir. Cavabdeh isə həmin qəbzi verəcəyini bildirsə də, sonradan bundan imtina edir.
70. MPM-in 200-cü maddəsinə əsasən şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Əgər belə razılıq olmazsa həmin sübutların elan və tədqiq edildiyi məhkəmə iclasları qapalı keçirilir.
71. Həmin Məcəllənin 203-cü maddəsinə əsasən şəxsi məlumat xarakterli səsyazma və videoyazının səslənməsi, habelə onların tədqiqinə bu Məcəllənin 200-cü maddəsində təsbit olunan qaydalar tətbiq olunur. Səs yazısı və videoyazı materialının xüsusi əlamətləri və səsləndirmə vaxtı məhkəmə iclası protokolunda əks olunmaqla məhkəmə iclası zalında və ya bunun üçün xüsusi avadanlıq qurulmuş başqa otaqda səsləndirilə bilər. Bundan sonra məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyir. Zəruri hallarda səsyazma və videoyazı təkrarən tam və ya qismən səsləndirilə bilər. Səs yazıları və videoyazılar səslənərkən onlarda olan məlumatları aydınlaşdırmaq üçün mütəxəssis cəlb edilə bilər. Zəruri hallarda məhkəmə ekspertiza təyin edə bilər.
72. Məhkəmə bununla bağlı ilk növbədə qeyd edir ki, rayon məhkəməsinin baxış iclasının video-audio görüntülərindən göründüyü kimi iclas zamanı həmin səs yazılarına dinləmə edilərkən cavabdeh səs yazılarının ona aid olmasını təkzib etməmiş, montaj, kəsilmə olması ehtimallarını bildirməmiş, ümumiyyətlə həmin səs yazılarını mübahisələndirməmişdir.
73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarına əsasən şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
74. Məhkəmə onu da qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərinin pozulmasının səbəbi kimi cavabdeh iddiaçı tərəfindən aylıq ödəmələrin tam həyata keçirilməməsinə əsaslansa da, göründüyü kimi, cavabdeh də müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş, nisyə alqı-satqı müqaviləsinin 4.4-cü bəndinə əməl etməyərək ödənilən məbləğlər barədə qəbzləri iddiaçıya verməmişdir. Həmçinin müqavilənin 5.1-ci bəndinə əsasən hər bir tərəf digər tərəfi 15 gün əvvəlcədən xəbərdar etməklə müqaviləyə vaxtından əvvəl xitam verə bilər. Cavabdehin iddiaçını 15 gün əvvəlcədən xəbərdar etməsinə dair sübutlar (xəbərdarlıq məktubu, bildiriş və s.) da mülki iş materiallarında mövcud deyil.
75. Mülki Məcəllənin 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.
76. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 3.5-ci bəndində qeyd edilən “Alıcı tərəfindən ödənilən ilkin ödəniş və digər ödənişlər geri qaytarılmır” şərti mülki qanunvericiliyin istinad edilən maddəsinin tələbi, eləcə də mülki hüququn ümdə prinsipləri baxımından, müqavilənin digər tərəfi üçün zərərli olduğundan ta başdan etibarsızdır.
77. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi).
78. Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.
79. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.
80. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı).
81. Bu baxımdan da müəyyən olur ki, qanunvericiliyin tələbinə əsasən cavabdeh avtomobili iddiaçıdan geri aldığından, avtomobilə görə ödənilən ilkin ödənişi geri qaytarmalıdır.
82. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
83. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
84. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:
85. "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
86. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
87. Belə olan halda, müəyyən edilir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir.
88. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
89. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
90. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
91. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
92. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
93. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-5381/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.