Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-428/2026 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “öhdəliyin icrası” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullyaeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “məlumatın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6434/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İş materiallarında olan İddiaçı tərəfindən 19 iyun 2025- ci il tarixdə Cavabdeh İBnə ünvanlanmış müraciət ərizəsində bildirilmişdir ki, mənzilindəki qaz təchizatı ayın 18-dən dayandırılıb. Texniki baxışla əlaqədar hamam otağındaki qaz avadanlığının eyvana keçirilməsi tapşırılmışdır. Əks halda qaz xətti bərpa edilməyəcəkdir. Sənəd ala bilmədiyi üçün o bunu qanunsuz hesab edir. Cavabdeh İB-dən həmin sənədin verilməsində yardım göstərilməsi xahiş edilmişdir
2. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2025-ci il tarixli müraciətə baxılması barədə iddiaçıya ünvanlanmış məktubdan görünür ki, layihələndirmə normalarının 8.39-cu bəndinə əsasən su qızdırıcılarının, istilik qazanlarının və istilik aparatlarının hamam otaqlarında qoyulmasına yol verilmir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hamam otağından su qızdırıcısının eyvana keçirilməsinə dair texniki sənədlərin və qaz təchizatının dayandırılması barədə məlumatların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, mənzilinə baxışlar keçirilmiş və nəticədə ona hamam otağında olan su qızdırıcısının çıxarılması və onun eyvana keçirilməsi məsləhət görülmüşdür. İddiaçı ona heç bir xəbərdarlıq edilmədən qazın dayandırılmasına dair şikayətini Baş İdarəyə bildirmiş və cıhazın eyvana keçirilməsi haqqında icazə verilməsi barədə ərizə yazmışdır. 15 iş günündən sonra ona bildirilib ki, Babək prospektində olan İdarədə yerləşən hüquqşünasa müraciət etmək tövsiyə edilmişdir. Hüquqşünas 2 həftədən sonra ona ümumi şöbədə qol çəkdirib və əlinə cavab məktubu vermişdir. Lakin onun ərizəsinə cavab verilməmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6434/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim X2).
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, su qızdırıcısının yerləşdirilməsinə dair texniki xidmət iddiaçı tərəfindən dəyəri ödənilməklə onun özünün seçdiyi ixtisaslaşmış podratçı tərəfindən həyata keçirilməli olduğundan, qeyd edilən xidmətə dair (tüstü bacasının yerləşdirilməsinə dair) sənədləri iddiaçı cavabdeh təşkilatdan deyil, buna dair müvafiq müqavilə bağladıqdan sonra özünün seçdiyi ixtisaslaşmış podratçı şirkətdən tələb edə bilər. Qaz təchizatının dayandırılması barədə məlumatların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələblərə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçıya ünvanlanmış məktubdan və iş materiallarından görünür ki, iddiaçıya məlumdur ki, onun mənzilində qaz təchizatının dayandırılmasına səbəb su qızdırıcısının onun hamam otağında olmasıdır. Bunun qadağan edilməsini qeyd edən xx.xx.2025-ci il tarixli məktub cavabdeh təşkilat tərəfindən iddiaçıya yazılı şəkildə ünvanlanmışdır və iddiaçı tərəfindən həmin məktub iddiaya əlavə edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, İddiaçı Cavabdehnə qarşı – hamam otağından su qızdırıcısının eyvana keçirilməsinə dair texniki sənədlərin və qaz təchizatının dayandırılması barədə məlumatların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi təmin edilməməlidir.
7. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2-ci, 1.3-cü, 4.1-ci, 4.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, hal hazırda qazın nədən kəsilməsi barədə hec bir sənədlə təmin edilmədən 18 iyun tarixindən huquqlarım pozulmuş vəziyyətdə qazsız qalıb.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.2-ci bəndinə əsasən, 1.2-ci bənd. Texniki xidmət – istehlakçının qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin təhlükəsiz və etibarlı istismarının təmin olunması məqsədilə müayinə aktı üzrə aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə həyata keçirilən təmir və digər əlaqədar xidmət işləridir. 1.3-cü bənd. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 4.1-ci bənd. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. 4.2-ci bənd. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun:
6-3-cü maddənin 2-ci bəndinə əsasən, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət bu Qanunun 6-3-cü maddəsinin 7-ci hissəsinə uyğun olaraq yaşayış evlərinə münasibətdə istehlakçının seçdiyi ixtisaslaşmış podratçı, digər tikinti obyektlərinə münasibətdə isə bu Qanunun 6-3-cü maddəsinin 6-cı hissəsinə uyğun olaraq ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən həyata keçirilir. 6-3-cü maddənin 2-ci bəndinə əsasən, texniki xidmət zamanı görülən işlərin siyahısı və onların dəyəri qaz paylayıcısı və ya ixtisaslaşmış podratçı tərəfindən təsdiq edilir və qaz paylayıcının və ya ixtisaslaşmış podratçının (olduğu halda) internet saytında yerləşdirilir, həmçinin bu Qanunun 6-3-cü maddəsinin 2-ci və 3-cü hissələrində nəzərdə tutulan müqaviləyə əlavə edilir, istifadə olunan mal-materialın dəyəri istehlakçı tərəfindən ödənilmək şərtilə qaz paylayıcı və ya ixtisaslaşmış podratçı tərəfindən təqdim edildikdə həmin mal-materialın dəyəri istehlakçı ilə qaz paylayıcısı və ya ixtisaslaşmış podratçı arasında razılaşma yolu ilə müəyyən edilir. “Qaz təchizatı haqqında” Qanunun 6-3-cü maddəsinin 4-cü bəndində göstərilmişdir ki, texniki xidmət zamanı görülən işlərin siyahısı və onların dəyəri qaz paylayıcısı və ya ixtisaslaşmış podratçı tərəfindən təsdiq edilir və qaz paylayıcının və ya ixtisaslaşmış podratçının (olduğu halda) internet saytında yerləşdirilir, həmçinin bu Qanunun 6-3-cü maddəsinin 2-ci və 3-cü hissələrində nəzərdə tutulan müqaviləyə əlavə edilir, istifadə olunan mal-materialın dəyəri istehlakçı tərəfindən ödənilmək şərtilə qaz paylayıcı və ya ixtisaslaşmış podratçı tərəfindən təqdim edildikdə həmin mal-materialın dəyəri istehlakçı ilə qaz paylayıcısı və ya ixtisaslaşmış podratçı arasında razılaşma yolu ilə müəyyən edilir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Hazırkı işin faktiki hallarına əsasən, Cavabdeh tərəfindən ünvan 1 ünvanındakı mənzilə baxış keçirilməsi nəticəsində suisidici avadanlığın vanna otağında olduğu aşkar edilmişdir. Bu səbəblə həmin mənzila təbii qazın verilişi bağlanmışdır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət bu Qanunun 6- 3-cü maddəsinin 7-ci hissəsinə uyğun olaraq yaşayış evlərinə münasibətdə istehlakçının seçdiyi ixtisaslaşmış podratçı tərəfindən həyata keçirilir. Göründüyü kimi, Cavabdeh suisidici qurğunun yerini dəyişmək öhdəliyi yoxdur. Buna görə də iddiaçının Cavabdehnə qarşı iddiası əsassızdır.
22. Məhkəmə kollegiyası Qaz təchizatının dayandırılması barədə məlumatların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələblə bağlı hesab edir ki, iddiaçıya ünvanlanmış məktubdan və iş materiallarından görünür ki, iddiaçıya məlumdur ki, onun mənzilində qaz təchizatının dayandırılmasına səbəb su qızdırıcısının onun hamam otağında olmasıdır. Bunun qadağan edilməsini qeyd edən xx.xx.2025-ci il tarixli məktub cavabdeh təşkilat tərəfindən iddiaçıya yazılı şəkildə ünvanlanmış və iddiaçı tərəfindən həmin məktub iddiaya əlavə edilmişdir.
23. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Həmçinin, kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6434/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir