Məhkəmə qərarları › İş №2(3-6)-431/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-431/2026

06.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-431/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı "Maraqlı şəxs” maraqlı şəxs qismində cəlb edilməklə cavabdeh Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: müqavilədən irəli gələn öhdəliklərin icra edilməsi) Hakimlər Azad Nizam oğlu Imanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və Rəşid Əfraim oğlu Səmədovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Işin halları

1. Icraçı “X1” MMC ilə xxxx İddiaçı arasında bağlanmış GMPB-**(**-*A)**** nömrəli, ##.##.2014-cü il tarixli müqaviləyə əsasən, Bu müqavilənin predmeti “Icraçı”nın 13 Sentyabr 2011-ci il tarixli etibarnaməyə əsasən, Cavabdeh MMC-nin Ş.Mehdiyev (Ə.Ələkbərov) küçəsi 89-da tikintisini həyata keçirdiyi 23 mərtəbəli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 Nömrəli texniki şərtlərə uyğun tikilmiş halda “xxxx”yə satmasından, “xxxx”nin isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən * saylı öhdəliyə uyğun “xxxx”nin ödəniş qrafıkinə əsasən ödəməsindən ibarətdir. “Icraçı”nın “xxxx” ilə tikintisini razılaşdığı yer, Ş.Mehdiyev (Ə.Ələkbərov) küçəsi 89, 23 mərtəbəli, bir bloklu bina, “B” bloku 11-ci mərtəbə, **(**-*A) nömrəli mənzilində yerləşməklə razılaşma qiyməti ümumi dəyəri 57.090 AZN satış sahəsi 151.49 kv.m, 1 ədəd 4 otaqdan ibarət olan mənzil olacaqdır. Müqavilənin 3.1-ci maddəsinə əsasən, “Icraçı” Müqaviləyə * saylı əlavədə göstərilən texniki şərtlərə uyğun olaraq yaşayış binasını tikib istifadəyə vermək, tikinti başa çatdıqdan sonra əvvəlcədən nəzərdə tutulmuş mənzilin bütün sənədlərini “xxxx”yə təhvil vermək öhdəliklərini üzərinə götürür, 3.2-ci maddəsinə əsasən, “xxxx” bu müqaviləyə və ona 2 Nömrəli əlavəyə uyğun olaraq mənzilin müəyyən edilmiş dəyərini “Icraçı”ya ödəmək, aldığı mənzilin onun adına sənədləşdirilməsi üçün lazım olan bütün sənədlərin əslini və ya onların notarial qaydada təsdiq edilmiş surətlərini “Icraçı”nın tələbinə uyğun hazırlayıb təqdim etmək, sənədləşmə zamanı yaranacaq bütün notarial xərcləri ödəmək öhdəliklərini üzərinə götürür.

2. Cavabdeh MMC tərəfindən verilmiş *** nömrəli, ##.##.2015-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin ünvan 2 ünvanda yerləşən yaşayış binasında B bloku, 11-ci mərtəbə, ümumi sahəsi 151.49 kv.m olan 52 (**-*A) nömrəli mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun mənzilə görə müqavilə üzrə borcu qalmamışdır.

3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş 011013000140-05301-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, AZ1141, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə ##.##.2022-ci il tarixdə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydiyyata alınmışdır.

4. Cavabdeh MMC tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi Idarəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli, *** nömrəli məktubdan görünür ki, * saylı Bakı Ərazi Idarəsi “xxxx” MMC-yə ## ####### 2022-ci il tarixində ********** qeydiyyat nömrəli çıxarış ilə, ünvan 4 ünvanında yerləşən yaşayış binasında, M-11, m-* saylı mənzilə Çıxarış və texniki pasport vermişdir. Çıxarış və texniki pasportda olan məlumatlara əsasən həmin mənzilin Ümumi sahəsi 119.4 kv.m, otaqların sayı isə 3 otaqlı kimi qeyd olunmuşdur. Lakin faktiki olaraq, sözügedən mənzilin ümumi sahəsi 147.9 kv.m, otaqların sayı isə 4-dür. Odur ki, sözügedən mənzilə verilmiş ********** qeydiyyat nömrəli çıxarışda olan məlumatların dəyişdirilərək faktiki sahələr ilə uyğunlaşdırılmasma və Çıxarışın dəyişdirilməsinə müvafiq göstəriş verilməsi xahiş edilmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, təqdim olunmuş layihəyə əsasən qeyd olunan ünvanda yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində 3 otaqlı kimi qeydiyyata alınmışdır. Idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman digər mənzilin 1 otağının müvafiq mənzilə birləşdirilərək 4 otaqdan ibarət olduğu müəyyən edilmişdir.Aparılan dəyişikliklər ilə bağlı hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra razılaşdırmam həyata keçirən orqan) qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 26.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmam həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir.

6. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Inzibati Məhkəməsinə cavabdeh AR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh MMC-nin ünvan 4 ünvanında yerləşən yaşayış binasında, M 11, m* saylı mənzilə dair verilmiş çıxarışda və mənzilə aid olan texniki sənədlərdə düzəlişin edilməsi öhdəliyinin cavabdeh AR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ * saylı Bakı Ərazi Idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ * saylı Bakı Ərazi Idarəsinə qarşı “çıxarışa və texniki sənədlərə düzəliş edilməsi” tələbinə dair iş üzrə iddiası geri götürülmüş sayılmış, iş üzrə icraata xitam verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı İddiaçı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin * saylı Bakı Ərazi Idarəsi maraqlı şəxs qismində cəlb edilməklə cavabdeh Cavabdeh MMC-yə qarşı "müqavilədən irəli gələn öhdəliklərin icra edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə 0110130001- 05301-****** reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüquqlarını qeydiyyata aldırdığı Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi, giriş 129 ünvanının 11-ci mərtəbəsindəki * saylı (müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev (Ə.Ələkbərov) küçəsi 89, B bloku, 11-ci mərtəbə, mənzil 52(11-4A)) mənzilin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a və texniki sənədlərində ##.##.2014-cü il tarixli GMPB-52(11- *A)/**** nömrəli müqavilədə nəzərdə tutulan və faktiki mövcud olan sahəsinə uyğun düzəliş edilməsi və iddiaçının sözügedən mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün layihə sənədlərinə düzəliş edilməsi, dəyişikliklərin qanunvericiliklə nəzərdə tutulmuş orqanlarla razılaşdırmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırması öhdəliyinin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (##.##.2011-ci il tarixli etibarnaməyə əsasən “X1” MMC tərəfindən təmsil edilmişdir) arasında ##.##.2014-cü il tarixli, GMPB-**(**-*A)/**** nömrəli müqavilə bağlanmışdır. Sözügedən müqaviləyə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən 23 mərtəbəli, bir bloklu (“B” bloku) yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, 151,49 kv.m yaşayış sahəsindən və 4 otaqdan ibarət olan 52(11-4A) №-li mənzili iddiaçıya satmağı, iddiaçı isə mənzilin ümumi dəyəri olan 57.090 (əlli yeddimin doxsan) manat pul məbləğini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edir ki, iddiaçının müqavilə üzrə nəzərdə tutulmuş mənzilə görə hər hansı borcu yoxdur və iddiaçı sözügedən müqavilə üzrə nəzərdə tutulan öhdəliyi lazımi qaydada icra etmiş, nəzərdə tutulan məbləği müqaviləyə * saylı əlavə ilə müəyyən olunmuş ödəniş qrafiki əsasında vaxtlı-vaxtında ödəmişdir. Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş ## ###### 2015-ci il tarixli, 150 nömərli maliyyə arayışında da qeyd olunmuşdur ki, mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmiş və onun mənzilə görə həmin müqavilə üzrə borcu qalmamışdır. Məhkəmənin nəzərinə çatdırırlar ki, müqavilənin predmeti olan mənzil iddiaçıya faktiki olaraq verilmişdir. Iddiaçı işi ilə əlaqədar Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığından, mənzilində daimi yaşamır və yalnız qısamüddətlik Azərbaycana qayıtdıqda, mənzilin sənədləşdirmə işlərinin tamamlanması üçün cavabdehlə danışıqlar apara bilmişdir. Cavabdeh tərəfindən isə tez bir zamanda mənzilin sənədləşdirmə işlərinin başa çatdırılaraq, mənzilin notarial alqı-satqı müaviləsinə əsasən onun rəsmiləşdiriləcəyinə vəd verilmişdir. Təxminən 2024-cü ilin payızında Azərbaycan Respublikasında olduqda, iddiaçı mənzilin sənədləri ilə maraqlanmaq üçün cavabdeh təşkilatın əməkdaşlarına müraciət etdikdə, ona mənzilin sənədlərinin hazır olmasını bildirərək, tezliklə alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdiriləcəyi bildirilmişdir. Lakin, mənzilin sənədlərinin surətləri ilə tanış olduqda müəyyən etmişdir ki, mənzilə dair çıxarışda mənzilin ümumi sahəsinin 119,40 kv.m, texniki sənədlərdə isə otaq sayı üç olaraq qeyd olunmuşdur. Qeyd olunan səhvi aradan qaldırmaq və müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməsi məqsədilə ## ###### 2024-cü il tarixli məktubla cavabdehə müraciət edilmiş və həmin məktub cavabdeh tərəfindən ## ###### 2024-cü il tarixdə qəbul edilmişdir. Müqavilə predmeti olan mənzilə dair hüquqi əhəmiyyətli sənədlərin (layihənin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və daşınmaz əmlakın texniki sənədlərinin) qısa zaman ərzində müqavilədə nəzərdə tutulmuş ölçülərə və əlamətlərə uyğunlaşdırılmasını, müvafiq düzəlişlər edildikdən sonra iddiaçının mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün zəruri olan hüquqi hərəkətlərin edilməsi cavabdehdən xahiş olunmuşdur. Lakin, cavabdeh tərəfindən iddiaçıya və onun nümayəndəsinə şifahi olaraq vədlər verilsə də, bu günədək cavabdeh tərəfindən həmin müraciətə cavab verilməmiş, cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Nəticə etibarilə cavabdeh iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin * saylı Bakı Ərazi Idarəsi maraqlı şəxs qismində cəlb edilməklə cavabdeh Cavabdeh MMC-yə qarşı "müqavilədən irəli gələn öhdəliklərin icra edilməsi" tələbinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır.

11. Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(004)- ****/**** saylı qərardadından şikayət verərək, müvafiq qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilərək, Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ləğv olunmuş və mülki iş materiallarının iddia ərizəsinə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

14. Cavabdeh Cavabdeh MMC ##.##.2025-ci il tarixdə məhkəməyə elektron kabinet vasitəsilə məlumat ünvanlayaraq bildirmişdir ki, hazırkı iddia üzrə mübahisə predmeti olan, ünvan 4 ünvanında yerləşən yaşayış binasında, M 11, m* saylı mənzilə dair verilmiş çıxarışda və mənzilə aid olan texniki sənədlərdə düzəlişin edilməsi öhdəliyinin cavabdeh AR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ * saylı Bakı Ərazi Idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi üçün tərəflərindən Bakı Inzibati Məhkəməsinə müraciət edilmişdir. Hazırda sözügedən iddia ərizəsi Bakı Inzibati Məhkəməsinin icraatındadır (iş nömrəsi: 2-1(112)-14856/2025, sədrlik edən hakim: Səlma Qənbərova). Həmin iş üzrə iddia məhkəməsini təqdim etmişlər. Həmçinin iddia ərizəsinə qoşma edilmiş sənədlər müraciət məktubu, imtina məktubu, mənzilə dair sənədlər tərəflərindən məhkəməyə təqdim edilmişdir. Eyni zamanda bildirirlər ki, mübahisənin həlli məqsədilə, sənədlərində düzəliş edilməli olan mənzildə düzəlişlərin qeydə alınması üçün müvafiq sərəncam verilməsi üçün Yasamal rayon Icra hakimiyyətinə müraciət edilmiş və müraciətlərinə cavab verilmədiyi üçün Bakı Inzibati Məhkəməsinə sözügedən quruma qarşı məcburetmə iddiası ilə müraciət etmişlər. Sözügedən iddia ərizəsi üzrə iş digər inzibati işlə birləşdirilmiş və bir icraatda baxılacaqdır. Məhkəmə iclası Bakı Inzibati Məhkəməsində ##.##.2025-ci il tarixinə təyin edilmişdir. Hesab edirlər ki, hazırda icraatınızda olan mülki işdə iddiaçının nail olmaq istədiyi məqsəd mənzilin çıxarış və texniki sənədlərində düzəlişlərin edilməsidir. Həmin məqsədə nail olmaq üçün zəruri olan addımlar müvafiq icra hakimiyyəti tərəfindən sərəncamın qəbul edilməsi və bu sərəncamın əsasında dəyişikliklərin DƏDRX tərəfindən həyata keçirilməsidir. Başqa sözlə desək hazırda məhkəmənin icraatında olan mülki işin həlli də Bakı Inzibati Məhkəməsinin icraatında olan işin nəticəsindən asılıdır. Çünki Cavabdeh MMC kommersiya hüquqi şəxsi olaraq çıxarış və texniki pasportda dəyişiklikləri qeydə almaq səlahiyyətində deyil. Dəyişikliklər inzibati orqanın hərəkətləri ilə qeydə alınır. Odur ki, hesab edirik ki, Bakı Inzibati Məhkəməsində *-*(***)-*****/**** saylı iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək hazırkı mülki işin icraatı dayandırılmalıdır. Göstərilənləri nəzərə alaraq, Məhkəmədən Bakı Inzibati Məhkəməsində 2-1(112)- *****/**** saylı iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək hazırkı mülki işin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş edirlər. Məhkəmə vəsatəti təmin etməmişdir.

15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025ci il tarixli qətnaməsi iiə iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. (Hakim Ayşən Sultanova-Məmmədova)

16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 385.1, 385.2, 389.1, 389.3, 425.1, 425.2, 442, 448, 448.4-cü maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1, 24.4, 24.5, 24.6, 25.3, 26.1, 26.2-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 16.1 və 16.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

17. Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinin əsası – tərəflər arasında bağlanmış ##.##.2014-cü il tarixli, GMPB-**(**-*A)/**** nömrəli müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi səbəbindən irəli gəlir. Belə ki, həəmin müqaviləyə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən 23 mərtəbəli, bir bloklu (“B” bloku) yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, 151,49 m2 yaşayış sahəsindən və 4 otaqdan ibarət olan 52(11-4A) №li mənzili iddiaçıya satmağı, iddiaçı isə mənzilin ümumi dəyəri olan 57090 (əlli yeddi min doxsan) manat pul məbləğini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Iddaçı tərəfindən mənzilin ödənişi ilə bağlı öhdəlikləri tam icra edilsə də, cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada icra edilməmiş, mənzil faktiki cəhətdən müqavilədə nəzərdə tutulan sahədə və otaq sayına uyğun iddiaçının sahiblik və istifadəsinə verilsə də, hüquqi cəhətdən reyestrdə cavabdehin adına 3 otaqlı sahəsi 119 kv.m olaraq qeydiyyata alınmışdır. Iddiaçı da haqlı olaraq mənzil üzərində mülkiyyət hüquqlarını cavabdeh tərəfindən müqavilədə göstərilən meyarlara uyğunlaşdırılmadan qəbul edilməsindən imtina edərək, cavabdehdən bunu icra edilməsini tələb etmiş, cavabdeh hərəkətsizlik nümayiş etdirdikdə isə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə 0110130001-05301-****** reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüquqlarını qeydiyyata aldırdığı Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi, giriş 129 ünvanının 11-ci mərtəbəsindəki * saylı (müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev (Ə.Ələkbərov) küçəsi 89, B bloku, 11-ci mərtəbə, mənzil 52(11-4A)) mənzilin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a və texniki sənədlərində ##.##.2014-cü il tarixli GMPB-**(**-*A)/**** nömrəli müqavilədə nəzərdə tutulan və faktiki mövcud olan sahəsinə uyğun düzəliş edilməsi və iddiaçının sözügedən mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün layihə sənədlərinə düzəliş edilməsi, dəyişikliklərin qanunvericiliklə nəzərdə tutulmuş orqanlarla razılaşdırmaqla, həmin dəyişikliklərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırması öhdəliyinin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçının tələbi sırf mülki xarakter daşıdığından və cavabdehin öhdəliyi olduğundan, iddiası təmin edilməli idi. Birinci instansiya məhkəməsi iddianın predmetini və hüquqi mahiyyətini düzgün qiymətləndirməniş, yuxarı instansiya məhkəməsi olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş hallara diqqət yetirmədən iddianın rədd edilməsinə dair qətnamə qəbul etmişdir. Bu hal maddi hüquq normalarının düzgün tətbiq edilməməsini göstərir. Birinci instansiya məhkəməsi iddia ərizəsi və iş üzrə təqdim olunmuş materialları hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Lakin birinci instansiya məhkəməsi işin predmeti və tərəflərin mövqeyini düzgün araşdırmadan, mübahisənin mahiyyətinə düzgün qiymət vermədən, sadəcə formal yanaşma ilə iddianın rədd edilməsinə dair qətnamə qəbul etmişdir. Bu isə prosessual normaların – işin mahiyyətinin araşdırılması və sübutların tədqiqi öhdəliyinin pozulmasıdır. Iş üzrə tərəflərin təqdim etdiyimüqavilə münasibətləri, yazılı sübutlar və digər materiallar məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə iddianı rədd etməklə işin həlli üçün mühüm olan faktiki halları — tərəflər arasında bağlanmış müqavilə münasibətlərinin hüquqi mahiyyətini, öhdəliklərin icrasını və mübahisənin predmetini aydınlaşdırmamışdır. Bu isə qətnamənin qanuniliyini və əsaslılığını şübhə altına alır. Birinci instansiya məhkəməsi nəzərdən qaçırır ki, iddiaçının sahiblik və istifadəsində olan mənzil hüquqi cəhətdən cavabdehin adına rəsmiləşdirildiyindən, iddiaçının da belə bir səlahiyyəti yoxdur. Iddiaçının istədiyi isə yalnız cavabdeh olan və mənzili ona satan Cavabdeh MMC-nin həmin mənzilin“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”nda və texniki sənədlərində ##.##.2014-cü il tarixli GMPB-**(**- *A)/**** nömrəli müqavilədə nəzərdə tutulan və faktiki mövcud olan sahəsinə uyğun düzəliş edilməsi və sözügedən mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün layihə sənədlərinə düzəliş edilməsi, dəyişikliklərin qanunvericiliklə nəzərdə tutulmuş orqanlarla razılaşdırmaqla, həmin dəyişikliklərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırması öhdəliyinin qoyulmasına dair qətnamə qəbul edilməsidir. Cavabdehin hüquqi cəhətdən onun adına mənzildəki uyğunsuzluqları hansı hüquqi prosedurlar daxilində, inzibati orqanlarla razılaşdırmaqla və ya imtina aldığı təqdirdə inzibati məhkəmə icraatı qaydasında aradan qaldıracağı iddiaçının öhdəliyi deyil. Qətnamədə göstərilən nəticələr – “mənzildə olan uyğunsuzluqların aradan qaldırılması cavabdehin deyil, guya inzibati məhkəmənin səlahiyyəti olması” ilə bağlı dəlilləri də işin hallarına uyğun deyildir. Satdığı mənzil ilə bağlı yaranmış uyğunsuzluqların aradan qaldırılması, onun faktiki mövcud vəziyyətə uyğunlaşdırılması ilə bağlı inzibati orqanlara müraciət etmək, razılaşdırmaq, zərurət yarandığı təqdirdə müvafiq məhkəməyə iddia ilə müraciət etmək, tikilinin xxxxsi, layihələndirən, tikən, iddiaçıya satan və hüquqi cəhətdən mülkiyyətçisi olan cavabdehin öhdəliyidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və maraqlı şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş bə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh və maraqlı şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Digər prosessual hərəkətlər

22. Maraqlı şəxs qismində cəlb edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi Idarəsi Maraqlı şəxs ilə əvəz edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

23. 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

24. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

26. 389.1-ci maddəsinə əsasən, Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

27. 389.3-cü maddəsinə əsasən, Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.

28. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

29. 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

30. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. 448.4-cü maddəsinə əsasən, Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin

33. 24.1-cü maddəsinə əsasən, Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır.

34. 24.4-cü maddəsinə əsasən, Razılaşdırma və ya razılaşdırmadan imtina haqqında qərar razılaşdırmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 24.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir.

35. 24.5-ci maddəsinə əsasən, Razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

36. 24.6-cı maddəsinə əsasən, Bu Məcəllənin 24.5-ci maddəsində nəzərdə tutulmuş sənəd yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılması üçün əsasdır.

37. 25.3-cü maddəsinə əsasən, Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.

38. 26.1-cı maddəsinə əsasən, Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir.

39. 26.2-ci maddəsinə əsasən, Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. Maddə 384.0.1 apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

44. Maddə 385.2 Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun

45. 16.1-ci maddəsinə əsasən, Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir.

46. 16.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.

Apellyasiya baxışının hədləri

47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

49. Hazırki halda iddia tələbi rədd edildiyindən və qətnamə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) Iddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

52. Iddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

53. Işin hallarından görünür ki, icraçı “X1” MMC ilə xxxx İddiaçı arasında bağlanmış GMPB-52(11- *A)**** nömrəli, ##.##.2014-cü il tarixli müqaviləyə əsasən, Bu müqavilənin predmeti “Icraçı”nın 13 Sentyabr 2011-ci il tarixli etibarnaməyə əsasən, Cavabdeh MMC-nin Ş.Mehdiyev (Ə.Ələkbərov) küçəsi 89-da tikintisini həyata keçirdiyi 23 mərtəbəli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 Nömrəli texniki şərtlərə uyğun tikilmiş halda “xxxx”yə satmasından, “xxxx”nin isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən * saylı öhdəliyə uyğun “xxxx”nin ödəniş qrafıkinə əsasən ödəməsindən ibarətdir. “Icraçı”nın “xxxx” ilə tikintisini razılaşdığı yer, Ş.Mehdiyev (Ə.Ələkbərov) küçəsi 89, 23 mərtəbəli, bir bloklu bina, “B” bloku 11-ci mərtəbə, **(**-*A) nömrəli mənzilində yerləşməklə razılaşma qiyməti ümumi dəyəri 57.090 AZN satış sahəsi 151.49 kv.m, 1 ədəd 4 otaqdan ibarət olan mənzil olacaqdır. Müqavilənin 3.1-ci maddəsinə əsasən, “Icraçı” Müqaviləyə * saylı əlavədə göstərilən texniki şərtlərə uyğun olaraq yaşayış binasını tikib istifadəyə vermək, tikinti başa çatdıqdan sonra əvvəlcədən nəzərdə tutulmuş mənzilin bütün sənədlərini “xxxx”yə təhvil vermək öhdəliklərini üzərinə götürür, 3.2-ci maddəsinə əsasən, “xxxx” bu müqaviləyə və ona 2 Nömrəli əlavəyə uyğun olaraq mənzilin müəyyən edilmiş dəyərini “Icraçı”ya ödəmək, aldığı mənzilin onun adına sənədləşdirilməsi üçün lazım olan bütün sənədlərin əslini və ya onların notarial qaydada təsdiq edilmiş surətlərini “Icraçı”nın tələbinə uyğun hazırlayıb təqdim etmək, sənədləşmə zamanı yaranacaq bütün notarial xərcləri ödəmək öhdəliklərini üzərinə götürmüşdür. Mənzilə dair çıxarışda mənzilin ümumi sahəsinin 119,40 kv.m, texniki sənədlərdə isə otaq sayı üç olaraq qeyd olunmuşdur.

54. Iddiaçı iddia edir ki, cavabdeh Cavabdeh MMC-nin üzərinə mənzilin sahəsinə və otaq sayına uyğun olaraq (151,49 kv.m, 4 otaq) "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"a və texniki sənədlərə düzəliş edilməsi, iddiaçının sözügedən mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün layihə sənədlərinə düzəliş edilməsi, dəyişikliklərin müvafiq orqanlarla razılaşdırılması və dövlət reyestrində qeydiyyata aldırması öhdəliyi qoyulmalıdır.

55. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla hesab edir ki, qətnamə qanuni və əsaslıdır.

56. Iş materialları ilə müəyyən edilmişdir ki, mənzilin sahəsi və otaq sayına dair sənədlərdəki fərqlilik tikinti layihəsindən kənar dəyişikliklər (bir otağın digər mənzillə birləşdirilməsi) nəticəsində yaranmışdır.

57. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubunda göstərildiyi kimi, layihədə 3 otaq qeyd edilsə də, faktiki olaraq bir otaq başqa mənzildən birləşdirilərək 4 otaq yaranmışdır.

58. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh MMC kommersiya hüquqi şəxsi olaraq, dövlət reyestrində qeydə alınmış məlumatları təkbaşına dəyişdirmək, habelə layihə sənədlərinə dəyişiklikləri inzibati orqanlarla razılaşdırmaq səlahiyyətinə malik deyil. Bu səbəbdən, cavabdehin üzərinə istənilən öhdəliyin qoyulması mahiyyət etibarı ilə inzibati orqanların müstəsna səlahiyyətinə aid olan hərəkətlərin yerinə yetirilməsinə məhkəmə tərəfindən məcbur etməyə yönəldiyindən, mülki məhkəmənin səlahiyyəti xaricindədir.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

61. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

62. Kollegiya məhkəmə xərclərinə münasibətdə hesab edir ki, hazırki halda apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar