Məhkəmə qərarları › İş №2(3-6)-474/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-474/2026

04.03.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-474/2026 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməs) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və Akif Əsgər oğlu İsgəndərovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3383/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh İB-nin nümayəndəsi X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 104496 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2002ci il tarixdə ölmüşdür.

2. İİİ-ЖГ seriyalı 463416 saylı doğum haqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 1975-ci il tarixdə anadan olmuş, atası X7, anası X2r.

3. 04.08.2025-ci il tarixində çap olunmuş Abonent saldosundan görünür ki, abonent İddiaçı, abonent kodu **********30000, ünvan ünvan 1 koduna 12/2021-ci il tarixində 1836 manat borc əlavə edilmişdir (qazın sərfiyyatı ilə əlaqədar olmayan).

4. xx.xx.2021-ci il tarixli (0325396 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 1836 manat borc hesablanmışdır. Akt X11 tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir).

5. xx.xx.2021-cü il tarixli (0325396 saylı) Akt tərtib olunan zaman çəkilmiş fotoşəkillərdən görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qeyd olunan ünvana baxış xx.xx.2021-ci il tarixdə saat 00:06 də həyata keçirilmişdir.

6. 15.09.2025-ci il tarixli, 655 nömrəli arayışdan görünür ki, İddiaçı 43A ünvanında qeydiyyatdadır.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 1836 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən ******* saylı təbi X8nın pozulması haqqında akt tərbi edilməklə iddiaçıya cərimə yazılmışdır. Qeyd olunmalıdır ki, iddiaçı hər ay istifadə etdiyi qaz borcunu vaxtında ödəmişdir. Habelə istifadə edilən qaz sayğacı iddiaçının mərhum atası X3 adınadır və o, xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Bununla bağlı İddiaçı müvafiq olaraq Cavabdeh Xəzər rayon şöbəsinə müraciət etdikdə, ona həmin idarənin əməkdaşları tərəfindən onun tərəfindən qaz sayğacına müdaxilə edərək kənar xətt çəkməsi səbəbilə ona 1836 manat cərimə yazıldığı bildirilmişdir. Halbuki, iddiaçı heç vaxt qaz sayğacına müdaxilə etməmiş, kənar xətt çəkməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Qeyd olunmalıdır ki, cavabdeh təşkilat qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır.

9. Mülki iş üzrə Cavabdeh xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia ərizəsinə etiraz ərizəsi təqdim edərək, İddiaçı borcun silinməsinə görə iddia tələbi irəli sürmək üçün heç bir subyektiv hüququnun olmadığını, **********30000 saylı istehlakçı kodunun iddiaçının deyil, digər şəxsin adına olduğunu, iddiaçının İdris Mayılovun vərəsəliyinə dair heç bir şəhadətnamsinin və iddiaçının abonent saldosunda göstərilən ünvan 2 ünvanında qeydiyyatda olduğunu və ya faktiki yaşadığını sübut edəcək heç bir arayışın olmadığını, həmçinin iddiaçının cavabdehlə qarşılıqlı öhdəlikləri müəyyən edən müqaviləsi olmadığını bildirmiş və bu səbəblərə görə iddia ərizəsini icraatdan çıxarılmasını və iddiaçıya geri qaytarılmasını məhkəmədən xahiş etmişdir.

10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3383/2025 nömrəli xx.xx.2025-ci il tarixli (hakim Natiq Əsgərov) qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Azəriqaz” İB tərəfindən **********30000 nömrəli abonent saldosuna (ünvan: ünvan 3mış 1836 AZN (bir min səkkiz yüz otuz altı manat) məbləğində borcun silinməsi, iddia ərizəsinin verilməsinə görə ödənilməmiş 38.36 AZN (otuz səkkiz manat otuz altı qəpik) dövlət rüsumunun məbləğinin Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448, 1096.1, 1096.2-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X8”nın 3.1.3, 4.8, 4.9, 6.7-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 88, 124.1, 217.3, 217.4, 216-220, 360-cı maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən Cavabdeh İB-nin nümayəndəsi X10 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğaca müdaxilə etmək vasitəsilə istifadə etməklə, o cümlədən istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəmədən təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına tam uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh olaraq iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsassız olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) birinci instansiya məhkəməsinə təqdim edilmişdir. İddiaçı borcun silinməsinə görə iddia tələbi irəli sürmək üçün heç bir subyektiv hüququ yoxdur. Belə ki, **********30000 saylı istehlakçı kodu iddiaçının deyil, digər şəxsin adınadır.Bundan əlavə hər nə qədər iddiaçı özünün əsl abonent İdris Mayılovun oğlu olduğuna dair doğum haqqında şəhadətnamə təqdim etsə də, onun İdris Mayılovun vərəsəliyinə dair heç bir şəhadətnamsi yoxdur. Bundan əlavə iddiaçının vərəsəliyinə dair heç bir şəhadətnaməsi yoxdur. Bundan əlavə iddiaçının abonent saldosunda göstərilən ünvan 2 ünvanında qeydiyyatda olduğunu və ya faktiki yaşadığını sübut edəcək heç bir arayışı yoxdur. Heç bir akt iddiaçının adına rəsmiləşdirilməmişdir. O cümlədən iddiaçının cavabdehlə qarşılıqlı öhdəlikləri müəyyən edən müqaviləsi də yoxdur. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı(iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdiyimiz qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublkasının Mülki Məcəlləsinin

17. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

18. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun

19. 3.4-cü maddəsinə əsasən, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X8”nın

20. 3.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır.

21. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

22. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir.

23. 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Maddə 384.0.1 apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Hazırki halda cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3383/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

35. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.

36. İşin mübahisələndirilən hallarından görünür ki, iddiaçı istifadə etdiyi qaz sayğacına qeyri-qanuni hər hansı kənar xətt qoşulmaqla təbii qazdan istifadə etmədiyini, bu səbəbdən Cavabdeh tərəfindən **********30000 nömrəli abonent saldosuna əsassız olaraq 1836 manat məbləğində borcun əlavə edildiyini və bu səbəbdən hesablanmış əsassız borcun abonent saldosundan silinməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçının qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmadığını, həmçinin abonent saldosunun iddiaçının adına olmadığını, sayğaca mütəxəssislər tərəfindən baxış keçirilərkən X1 kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsinin aşkar olunduğu qeyd etmişdir.

37. Kollegiya hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış borcun abonent hesabından silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair gəldiyi nəticə qanuni və əsaslıdır.

38. Kollegiya şikayətin iddiaçının subyektiv hüququnun olmaması dəlili ilə bağlı qeyd edir ki, **********30000 nömrəli abonent saldosu üzrə istehlakçı X7 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Hazırkı mülki iş üzrə iddiaçı olan İddiaçı isə mərhumun oğludur. İddiaçının abonent saldosu üzrə qeyd olunmuş ünvanda yaşaması faktı iş materiallarına əlavə olunmuş sübutlar və iddiaçının izahatı ilə öz təsdiqini tapmışdır. Bu baxımdan birinci instansiaya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxmaqla haqlı olmuşdur.

39. Kollegiya cavabdeh tərəfindən tərtib edilmiş akta münasibətdə hesab edir ki, iş materialları əsasında müəyyən olunur ki, **********30000 nömrəli abonent kodu üzrə istehlakçı X7 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Buna baxmayaraq cavabdeh qurumun əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* nömrəli aktda istehlakçının özünün iştirak etməsi və onun aktı imzalamaqdan “imtina” etməsi qeyd olunmuşdur. Göründüyü kimi akt tərtib edildiyi vaxtdan 19 il əvvəl, yəni xx.xx.2002-ci il tarixində X7 vəfat etmişdi və təbii ki, ölmüş şəxsin Cavabdeh İB-nin əməkdaşları ilə birlikdə hansısa ünvana baxış keçirməsi mümkün deyildir. Ona görə həmin akt şübhədənkənar və təkzibedilməz sübut meyarına uyğun deyildir. Belə olan halda həmin akt və onun əsasında tərtib edilmiş tələbnamə mötəbər sübut sayıla bilməz. Qanunvericilikdə həmin aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur. Cavabdeh təşkilatın istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən aktı tərtib etmiş orqanın üzərinə düşür və hazırki halda həmin aktt mötəbər sübut hesab edilmədiyindən akt üzrə hesablanmış zərər də əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

40. AR MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli və hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Kollegiya məhkəmə xərclərinə münasibətdə də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.

45. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

46. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3383/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar