Məhkəmə qərarları › İş №2(3-6)-516/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-516/2026

02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-516/2026 02.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: ("kirayə müqaviləsinin ləğvi yaşayış sahəsinin təhvil verilməsi və maddi ziyan”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə və cavabdehin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kirayə müqaviləsinin ləğvi yaşayış sahəsinin təhvil verilməsi və maddi ziyan” tələbinə dair Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5426/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı “cavabdeh ilə iddiaçı arasında bağlanmış 4 noyabr 2024-cü il tarixli kirayə müqaviləsinin ləğv edilməsi, iddiaçıya məxsus ünvan 1 ünvanda olan mətbəx mebeli (saz vəziyyətdə) 1 ədəd, yataq dəsti (saz vəziyyətdə) 1 ədəd, airfel kombi istilik sistemi (saz vəziyyətdə) 1 ədəd, qaz sobası (mətbəx üçün saz vəziyyətdə) 1 ədəd, qab yuma çanağı (saz vəziyyətdə) 1 ədəd, əl-üz yuma mebeli/güzgü (sanitar qovşaq saz vəziyyətdə) 2/2 ədəd, unitaz (saz vəziyyətdə) 2 ədəd, duş (saz vəziyyətdə) 2 ədəd, Paltar dolabı (dəhlizdə və yataq otağında saz vəziyyətdə) 2 ədəd, lüsturlar (saz vəziyyətdə) 6 ədəd, damofon (saz vəziyyətdə) 1 ədəd, Pərdələr (zal, valideyn və uşaq otağı, mətbəx) (saz vəziyyətdə) 5 ədəd, Kondisioner (AUX 40 kv/m-lik) (saz vəziyyətdə) 1 ədəd, Kondisioner (Arçelik 40 kv/m-lik) saz vəziyyətdə) 1 ədəd və uşaq mebel dəsti (saz vəziyyətdə) cavabdeh tərəfindən iddiaçıya qaytarılmaqla, digər əşyaların boşaldılaraq təhvil verilməsi, ödənilməmiş kirayə haqqı 2025-ci ilin noyabr ayın 5-ə kimi müqavilənin bitmə gününə) 3458,3 manat, binanın komunal (lift, mühafizə, zibil və s.) pulu oktyabr 2024-dən oktyabr 2025-dək 457.6 manat, sudan istifadəyə görə borc 30 manat və ödənilmiş dövlət rüsumu 67,3 manat, ümumilikdə 4.013,2 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” barədə iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, giriş 42, mərtəbə 9, mənzil 3 iddiaçının mülkiyyətindədir (çıxarış əlavə olunur). Qeyd olunan mənzil iddiaçının nümayəndəsi X2 vasitəsi ilə 23-24 may 2024-cü il tarixdə Cavabdeh (Ş/V:AA*******, FİN xxxxxxx, doğum tarixi xx.xx.1972-ci il, şəxsiyyət vəsiqəsi ASAN-4 xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilib) faktiki kirayə verilmişdir. Tərəflər arasında 4 noyar 2024-cü il tarixdə kirayə müqaviləsi 4 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmişdir. Kirayə verilən zaman mənzil tam təmirli vəziyyətdə olub bütün mebel və avadanlıqlar təsis olunmuş (yəni saz vəziyyətdə) su, işıq, qaz kommunal xidmət üzrə borc olmamışdır. Kirayə məbləği qarşılıqlı razılaşmaya əsasən 650 (altı yüz əlli) manat müəyyən edilmişdir. Kirayəçi cavabdeh kirayə müqaviləsi üzrə ayda 650 (altı yüz əlli) manat ödəməli olduğu halda 2024-cü ilin may ayından bu günə kimi iyul ayında130 manat, sentyabr ayında-400 manat, noyabr ayında-250 manat ödəmişdir. Cavabdeh kirayə haqqını vaxtında və düzgün ödəmədiyindən ona xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Bundan sonra yanvar ayında 350 manat, mart ayında 650 manat,aprel ayında 650 manat, may ayında 550 manat pul ödəmişdir. Bir müddət əvvəl məlum olmuşdur ki, cavabdeh və onun ailə üzvləri yaşayış üçün nəzərdə tutulan mənzili qeyri-yaşayış kimi istifadə edərək qanunsuz sahibkarlıq fəaliyyət ilə məşğul olurlar. Cavabdeh kirayə müqaviləsinin şərtlərini kobud sürətdə pozduğundan mövcud iddia tələbini irəli sürülür.

2. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5426/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanda olan mətbəx mebeli (saz vəziyyətdə) 1 ədəd, yataq dəsti (saz vəziyyətdə) 1 ədəd, airfel kombi istilik sistemi (saz vəziyyətdə) 1 ədəd, qaz sobası (mətbəx üçün saz vəziyyətdə) 1 ədəd, qab yuma çanağı (saz vəziyyətdə) 1 ədəd, əl-üz yuma mebeli/güzgü (sanitar qovşaq saz vəziyyətdə) 2/2 ədəd, unitaz (saz vəziyyətdə) 2 ədəd, duş (saz vəziyyətdə) 2 ədəd, Paltar dolabı (dəhlizdə və yataq otağında saz vəziyyətdə) 2 ədəd, lüsturlar (saz vəziyyətdə) 6 ədəd, damofon (saz vəziyyətdə) 1 ədəd, Pərdələr (zal, valideyn və uşaq otağı, mətbəx) (saz vəziyyətdə) 5 ədəd, Kondisioner (AUX 40 kv/m-lik) (saz vəziyyətdə) 1 ədəd, Kondisioner (Arçelik 40 kv/m-lik) saz vəziyyətdə) 1 ədəd və uşaq mebel dəsti (saz vəziyyətdə) Cavabdeh tərəfindən iddiaçıya qaytarılmaqla, digər əşyaları boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh 3458 manat məbləğində kirayə haqqı manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 675, 685.2, 685.3, 692.2.1; Mülki Prosessual Məcəllənin 77.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə notarial qaydada kirayə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh xx.xx.2025-ci il tarixədək ünvan 2 ünvanda yerləşən 87,97 kv.metr olan mənzili kirayə götürmüşdür. Həmçinin həmin müqaviləyə əsasən kommunal xidmətlərdən (qaz, istilik, elektrik, su, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqqları kirayəçi tərəfindən ödənilir. Sonuncu məhkəmə iclasında cavabdeh may ayından kirayə haqqını ödəmədiyini etiraf etmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış kirayə müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən tam icra edilməməsi işin materialları və tərəflərin izahatları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, kirayə müqaviləsi üzrə ödənilməmiş kirayə haqqını tələb etməkdə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kirayə müqaviləsi üzrə aylıq ödənişlərinin ödənilməsi barədə öhdəliklərini tam və vaxtında icra etmədiyindən, ödənilməmiş 3458 manat məbləğində kirayə haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin tərəflər arasında bağlanmış kirayə müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının tələbin bu hissədən imtina etdiyini və müqavilənin vaxtının bitdiyini nəzərə alaraq, həmin hissəyə münasibət bildirmir.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş, 4 saylı Bakı “Asan Xidmət” mərkəzi notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli kirayə müqaviləsinə əsasən ünvan 2 ünvanda yerləşən 87,97 kv.metr olan mənzil İddiaçı tərəfindən Cavabdeh kirayə verilmişdir. Həmin müqavilənin 3 və 5-ci bəndinə əsasən, kirayə müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilir. Kirayəyə verilən sahənin istifadəsinə görə kirayəyə götürən Cavabdeh kirayəyə verən İddiaçı aylıq 650 manat kirayə haqqı ödəyir. Həmin müqavilənin 12-ci bəndinə əsasən, yəni kirayə müqaviləsinə əsasən, kommunal xidmətlərdən (qaz, istilik, elektrik, su, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqqları kirayəçi tərəfindən ödənilir. İş materiallarında olan yaşayış sahəsi və avadanlıqların təhvil-təslimi barədə xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh, İddiaçı kirayə yaşamaq üçün müqavilə əsasında evi və evdəki mətbəx mebeli (saz vəziyyətdə) 1 ədəd, yataq dəsti (saz vəziyyətdə) 1 ədəd, airfel kombi istilik sistemi (saz vəziyyətdə) 1 ədəd, qaz sobası (mətbəx üçün saz vəziyyətdə) 1 ədəd, qab yuma çanağı (saz vəziyyətdə) 1 ədəd, əl-üz yuma mebeli/güzgü (sanitar qovşaq saz vəziyyətdə) 2/2 ədəd, unitaz (saz vəziyyətdə) 2 ədəd, duş (saz vəziyyətdə) 2 ədəd, Paltar dolabı (dəhlizdə və yataq otağında saz vəziyyətdə) 2 ədəd, lüsturlar (saz vəziyyətdə) 6 ədəd, damofon (saz vəziyyətdə) 1 ədəd, Pərdələr (zal, valideyn və uşaq otağı, mətbəx) (saz vəziyyətdə) 5 ədəd, Kondisioner (AUX 40 kv/m-lik) (saz vəziyyətdə) 1 ədəd, Kondisioner (Arçelik 40 kv/m-lik) saz vəziyyətdə) 1 ədəd və uşaq mebel dəsti (saz vəziyyətdə) - əşyaları təhvil almışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı qətnamədən şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2(008)-5426/2025 saylı qətnaməsi təmin olunmayan hissədə ləğv edilməsini və iddia tələbinin təmin olunmayan hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh müqavilə öhdəlikləri pozaraq ödənilməmiş kirayə haqqı 2025-ci ilin noyabr ayın 5-ə kimi (müqavilənin bitmə gününə) 3458,3 manat, binanın komunal (lift, mühafizə, zibil və s.) pulu oktyabr 2024-dən oktyabr 2025-dək 457.6 manat, sudan istifadəyə görə borc 30 manat və ödənilmiş dövlət rüsumu 67,3 manat, ümumilikdə 4013,2 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməli olduğu təqdirdə məhkəmə tərəfindən iddiaçıya qaytarılmaqla, digər əşyaları boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh kirayə haqqı 3458 manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddianın qalan hissədə təmin etməmiş, lakin əsaslandırılmamışdır. İkincisi, binanın komunal (lift, mühafizə, zibil və s.) pulu oktyabr 2024-dən oktyabr 2025-dək 457.6 manat, sudan istifadəyə görə borc 30 manat müqavilə öhdəliklərinə daxildir. İşə baxan məhkəmə yuxarıda göstərillənləri yanlış qiymətləndirmiş və iddiaçı tərəfindən təqdim edilmiş sübutları tam nəzərə almamışdır. Bu zaman Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə zidd mövqe tutmuşdur. Məhkəmə təqdim olunmuş subutları tam və hərtərəfli araşdırmadığından məhkəmə qeyd edir ki, iddiаçı tərəf öz hüquqi mövqeyini tam sübut edə bilməmişdir. Halbuki iddianın əsasını təşkil edən sübutlar işin mübahisəsiz halıdır. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri icra etməməsi və bunun nəticəsində iddia tələbində göstərilən məbləğin yaranması işin mübahisəsiz halıdır. Bunun üçün əlavə sübuta ehtiyac belə yoxdur. Məhkəmə işin hallarını və qanun normalarını sadalamaqla qətnamə qəbul etmişdir.

5. Cavabdeh şikayət vermiş və Sabunçu rayon məhkəməsinin 2(008)-5426/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Məcəllənin 685.2, 675; Mülki prosessual Məcəllənin 14, 49-cu maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən bir neçə gün əvvəl onunla görüşmüş və onun evindən çıxmağa bir şərtlə razılaşmışdır ki, o izafi xərclərini ödəsin (evə köçərkən yük maşınlarına fəhlələrə və sairə xərclər) və özünə başqa bir ev tapsın. Onun evindən çıxsın. İddiaçı onun izafi xərclərini ödəmədiyi üçün hesab edir ki, onun ödənilməmiş kirayə haqqını tələb etməsi qanunsuzdur. Bundan başqa iddiaçının iddia tələbində səmimi və düzgün olmaması bir daha onunla sübut olunur ki, iddiaçı evi ona kirayə verərkən onun və özünün iştirakı ilə evdə olan va ona təhvil verilən əşyalar arasında uşaq mebeli olmamışdır və tərtib olunan və imzalar ilə təsdiq olunan siyahıda göstərilməmişdir. İddianın dəqiqləşdirilməsi barədə ərizədə isə iddiaçı ondan uşaq mebeli tələb edir. Məhkəməsi işə baxarkən bu faktı araşdırmamış düzgün hüquqi qiymət verməmişdir. iddiaçı iddia ərizəsində göstərir ki, ona məxsus Bakı şəhəri Bakıxanov qəsəbəsi, Aşıq Alı kuçəsi,Giriş 9,mənzil 3 ünvanında olan evini ona 2024 ilin may aynıda faktiki kirayəyə, xx.xx.2024-cü il tarixdə isə notaial qaydasında bağlanmış mənzil kirayə müqaviləsi əsasında kirayəyə verılmişdir. 2024 ilin may ayından sonra o, üzərinə duşən öhdəliyi tam yerinə yetirməmiş, kirayə haqqını vaxtlı vaxtında ödəməmiş və nəticədə 4390 manat ödənilməmiş kirayə haqqı, 280 manat kommunal haqqı 37 manat su pulu /23 manat 30 qəpik işıq borcu və 67.3 manat ödənilmiş dövlət rüsumu alınaraq ona verilməlidir. İddiaçının iddia tələbində göstərdikləri ağ yalandır. Əgər o, mübahisəli evi 2024-cü ilin may ayından faktiki kirayəyə götürmüşdüsə və 2024 ilin noyabr ayına qədər kirayə haqqını vaxtında və tam ödəməmişdisə, 2024-cü ilin noyabr ayında nəyə görə o evdən çıxmağını tələb etmək əvəzinə onunla uzun müddətli kirayə müqaviləsi bağlamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, həqiqətən o, mübahisəli evi 2024-cü ilin may ayında faktiki kirayəyə, 2024 ilin noyabr ayında isə müqavilə əsasında kirayəyə götürmüş və vaxtlı vaxtında kirayə haqqını tam ödəmişdir. İddiaçı Şuşada olduğu üçün ona bildirmişdir ki, kirayə haqqını qonşuluqda yerləşən mağazada işləyən Mahir adlı şəxsə versin. Onun tələbi ilə kirayə haqqını mağazada işləyən Mahir adlı şəxsə vermişdir. Bu faktı təsdiq edən audio yazı məhkəməyə təqdim olunmasına baxmayaraq məhkəmə bu faktlara heç bir hüquqi qiymət verməmiş və nəticədə qeyri-qanuni qətnamə çıxarmışdır. Bundan başqa iddiaçının nümayəndəsi Əlinin göstərişi ilə Əlinin atasının kartına 4 ay 650 manatdan kirayə haqqını ödəmişdir. Bu fakt da Kapital Bankdan verilmiş çıxarışla təsdiq olunmasına və məhkəməyə təqdim olunmasına baxmayaraq məhkəmə bu fakt üzrə də hərtərəfli, tam, obyektiv araşdırma aparmamış və qeyri qanuni qətnamə çıxarmışdır. İddiaçı iddia ərizəsində göstərir ki, bir müddət əvvəl ona məlum olmuşdur ki, o və ailə üzvləri yaşayış üçün nəzərdə tutulan evdən qeyri-yaşayış sahəsi kimi istifadə etmiş və sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar, bu yalandır və hətta iddiaçı bu barədə vergi orqanlarına rəsmi qaydada müraciət etmişdi. Vergi orqanının nümayəndələri onların ərizələri əsasında yoxlama aparmış və heç bir sahibkarlıq fəaliyyəti ilə məşgul olmaması təsdiqini tapmışdır. Məhkəmə bu fakta da heç bir hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsində bildirmişdir ki, iddiaçının nümayəndəsi Əlinin audio yazısı vardır ki, onlara heç bir kirayə haqqından borcu 1 yoxdur (məhkəməyə təqdim olunmuşdur). Etiraf edir ki, həqiqətən kommunal xərclərin ödənişindən çox da olmayan borcları olmuşdur. Bu borclar da tərəfindən yavaş yavaş ödənilirdi. İddiaçı və nümayəndəsi bunu bəhanə edərək onu ailə üzvləri ilə birlikdə müqavilə əsasında 1 (bir) il müddətinə kirayəyə götürdüyü yaşayış sahəsindən çıxarmaq sonra da evi daha da baha qiymətə başqa şəxslərə kirayəyə vermək istəyirlər. İddiaçı ilə onun arasında mübahisəli evi 1 (bir) il müddətinə icarayə götürməyi razılaşdırılmış və həmin müddət müqavilə imzalanmışdır. Onun tərəfindən müqavilə öhdəliyi tam və vaxtında yerinə yetirildiyi üçün iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edə bilməz və ya məhkəməyə müraciət edərkən iddia tələbi rədd olunmalıdır. Tərəfindən məhkəməyə iddianın təmin olunmaması üçün zəruri olan sübutlar kifayət qədər təqdim olunmasına baxmayaraq məhkəmə qətnamə çıxararkən qeyd olunan subutları tam və hərtərəfli araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir. Bu fakt qətnamənin ləğvi üçün əsasdır.

Apellyasiya icraatında müəyyən edilən hallar:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X6 apellyasiya şikayətini müdafiə etmiş, iddia tələbinin təmin edilməyən hissəsində, yəni 457.6 manat və sudan istifadətə görə 30 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz etmiş, kirayə haqqını vaxtı-vaxtında ödədiyini, iddiaçıya hər hansı borcunun qalmadığını, ödənişlərinin hamısına dair qəbzlərinin olmadığını, bəzi ödənişlərinin aparılması təsdiqinin telefon üzərində yazışma əsasında hesaba aldıqlarını, binanın kommunal pulunu isə ödəmək öhdəliyinin olmadığını qeyd etmiş, iddia veriləndən sonra kommunal ödənişlərdən suya və qaza müəyyən qədər borcunun qaldığını etiraf etmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.

Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Azərbaycan Republikasının Mülki Məcəlləsi: 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 697.3. Kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 684.2. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. 692.2. Kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu aşağıdakı hallarda əsaslı sayılır: 692.2.1. kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda. 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2. ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə, qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran əsaslar müəyyən etmir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kirayə müqaviləsindən irəli gələn hüquq münasibəti olmuşdur. 4 saylı Bakı “Asan Xidmət” mərkəzi notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli kirayə müqaviləsinə əsasən, ünvan 2 ünvanda yerləşən 87,97 kv.metr olan mənzil İddiaçı tərəfindən Cavabdeh kirayə verilmişdir. Həmin müqavilənin 3 və 5-ci bəndinə əsasən, kirayə müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilir. Kirayəyə verilən sahənin istifadəsinə görə kirayəyə götürən Cavabdeh kirayəyə verən İddiaçı aylıq 650 manat kirayə haqqı ödəyir. Həmin müqavilənin 12-ci bəndinə əsasən, yəni kirayə müqaviləsinə əsasən, kommunal xidmətlərdən (qaz, istilik, elektrik, su, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqqları kirayəçi tərəfindən ödənilir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh kirayə müqaviləsinin ləğvi və pul tələbinə dair pretenziya məktubu göndərmişdir. İddiaçı 2024-cü ilin may ayından kirayə haqqı düzgüb ödənilmədiyi üçün müqaviləni ləğv etməli olduğunu iddia etmiş, cavabdeh isə bunun əksini sübut edə bilməmişdir. Kirayəverənin 2 ardıcıl ay üçün kirayə haqqının ödənilmədiyi halda kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv etmək hüququ MM-nin 685.2-ci maddəsində nəzərdə tutulduğundan məhkəmə tərəfindən müqavilənin ləğv edilməsinin qanunun tələbinə uyğun olduğu müəyyən edilmişdir. İddiaçının hazırkı tələbinin qanuni əsası MM-nin 697.1-ci maddəsidir. Həmin normaya əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Məhkəmə tərəfindən mübahisə iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə uyğun həll edilmiş, hər hansı maddi və prosessual pozuntuya yol verilməmişdir.

12. Lakin iddianın təmin edilməyən hissəsi olan 457.6 manat və sudan istifadətə görə 30 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli kirayə müqaviləsinin 12-ci bəndində qeyd edilmişdir ki, kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqqları kirayəçi tərəfindən ödənilir. İddia tələbində isə binanın kommunal (lift, mühafizə,zibil və s.) pulu oktyabr 2024-dən oktyabr 2025-dək 457,6 manat, sudan istifadəyə görə 30 manat məbləğində tələb qeyd edilmiş, qeyd edilən xərclərə dair, onların doğruluğunu təsdiq edən hər hansı sübüt təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Cavabdehin şikayətinin bir hissəsinin icra mərhələsinə aid, bir hissəsinin isə mülki icraata aid olmayan məsələlər olmaqla borcunun ümumiyyətlə olmaması barədə dəlillərinə dair dayanıqlı sübutlar təqdim edilməmişdir.

13. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidır.

14. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən diqqətə çatdırılmalıdır ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qətetdi:

İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5426/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar