Məhkəmə qərarları › İş №2(3-6)-587/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-587/2026

06.05.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-587/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı "borcun silinməsi" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. X2 ##.##.2020-ci il tarixdə vəfat etmişdir.

2. Cavabdeh IB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2022-ci il tarixli ******* nömrəli akta əsasən istehlakçı qismində X2 göstərilməklə, mənzilin qaz təchizatına baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur.

3. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ##.##.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus ünvanda sayğac G- 4 ************* nömrəli sayğacla əvəz edilmiş, həmin tarixdə tərəflər arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır.

4. Abonent saldosundan müəyyən olunur ki, *************** nömrəli abonent kodu üzrə qalıq və aktlar bölməsində 2021-ci il üzrə 4.865,76 manat və 2022-ci il üzrə isə 3.490,56 manat borc göstərilmişdir.

5. Saldoya görə abonent tərəfindən 2021-ci il üzrə və 2022-ci ilin oktyabr ayına qədər heç bir ödəniş həyata keçirilməmiş, 2022-ci ilin oktyabr ayından başlayaraq 496,5 manat ödəniş edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “istehlakçının hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh IB tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi, eyni zamanda, bu akt əsasında hesablanmış 7.859,82 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 19 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla, orada yaşayır. Qeyd edilən mənzilə qaz sayğacı ilə bağlı ##.##.2022-ci il tarixdə Cavabdeh IB-nin əməkdaşları tərəfindən 3 nəfər əməkdaşdan ibarət yoxlama gəlmişdir. Yoxlamanın nəticəsi olaraq ##.##.2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Aktda qeyd edilir ki, guya mənzilə qaz təchizatını təmin etmək üçün qeyri-qanuni, sayğacsız birləşmə aşkar olunmuşdur. Nəticədə, bu akt əsasında 2023-cü ilin yanvar ayına 7859,82 manat borc qeyd edilmişdir. Hesab edir ki, ##.##.2022- ci il tarixli, ******* nömrəli akt və həmin akta dair borc əsassız və qanunsuz yazılmışdır. Belə ki, ##.##.2022-ci il tarixli, ******* nömrəli aktda qeyd edilmişdir ki, həmin sənəd "Aşağıda imza edənlər: BRUSD-nin Binəqədi 3 üzrə qrup rəhbəri Əfəndiyev Şamil, mühəndis Mirzəyev Fariz, çilingər Fərzəliyev Azər, Haxızadə Afisin iştirakı ilə tərtib edilmişdir". Daha sonra, aktın imza hissəsində Əfəndiyev Samir, Mirzəyev Fariz ve Fərzəliyev Azər imza atmışlar. Haxızadə Afis adının qarşısındakı imza yerində isə "imtina" qeyd edilmişdir. Aktda adı qeyd edilən Haxızadə Afis onun atasıdır. Bildirir, ki atası X2 ##.##.2020-ci il tarixdə "Korona virus" infeksiyasından vəfat etmişdir. Yəni, fiziki olaraq atasının həmin aktın tərtibində iştirak etməsi və imza atmaqdan imtina etməsi mümkün deyildi. Bu danılmaz fakt qeyd edilən aktın əsassız və qanunsuz olduğunu bir daha sübut edir.

8. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyi əldə olunması məqsədilə təbii qazın sərfiyyatının hesablanması Azərbaycan Respublikası Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialına həvalə edilmişdir.

9. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məslələrini Tənzimləmə Agentliyi Bakı Filialının ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən # ### 2022-ci il tarixdən etibarən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bu baxımdan cavabdeh tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli, ******* nömrəli aktla aparılmış hesabat qanunvericiliyin bu tələbinə əməl edilmədən aparıldığından, həmin akt üzrə hesablanmış 7.859,82 manat dəymiş ziyan məbləği abonentdən tələb edilə bilməz.

10. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddia tələbi təmin edilmiş, ünvan 1 19 ünvanında yerləşən mənzilə hesablanmış (abonent kodu 100731800000018) 7.859,82 manat məbləğində borcun cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən silinməsi, cavabdeh Cavabdeh Istehsalat Birliyindən 98,6 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən ##.##.2022-ci il tarixli ******* saylı akt tərtib etmişdir. Lakin həmin aktların tərtib edilməsində iddiaçının iştirakı təmin edilməmiş, yalnız cavabdeh təşkilatın öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, habelə aktların tərtib edilməsinə hal şahidləri də cəlb edilməmişdir. Həmçinin, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məslələrini Tənzimləmə Agentliyi Bakı Filialının ##.##.2025-ci il tarixli mütəxəssis rəyində də qeyd edilmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli ******* nömrəli aktla aparılmış hesabat qanunvericiliyin tələbinə əməl edilmədən aparılmışdır. Belə olan halda, ##.##.2022-ci il tarixli ******* saylı akt etibarlı olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) rəhbər tutaraq hesab etmişdir ki, həmin aktlar əsasında iddiaçı İddiaçı (Abonent kodu: 100731800000018) hesablanmış 7.859,82 manat məbləğində borc cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən silinməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.3, 4.2, 4.8, 5.2, 5.6, 6.5, 6.6, 6.7-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.5ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh IB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh IB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, iddiaçıya aid olan 100731800000018 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Iddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh Istehsalat Birliyinin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Eyni zamanda qanunsuz istifadə ilə bağlı videoçəkiliş təqdim edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları” Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir.

19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Istehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.2. Iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23.

24. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, işin faktiki halları hərtərəfli araşdırılmamışdır. Bu hallar qətnamənin ləğv edilməsi üçün əsasdır.

25. Işdən görünür ki, ünvan 1 19 ünvanında təbii qazdan qeyri-qanuni istifadə edildiyinə görə cavabdeh tərəfindən aktlar tərtib olunmuş və cavabdehə dəymiş ziyan hesablanaraq abonent saldosuna daxil edilmişdir.

26. Hazırda iddiaçı 2023-cü ilin yanvar ayına cavabdeh tərəfindən əsassız hesablanmış 7.859,82 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

27. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçı mübahisələndirdiyi 7.859,82 manat borcun ##.##.2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablandığını bildirsə də, həmin akt üzrə dəymiş ziyan məbləği 336,96 manat təşkil etmişdir.

28. Işdən görünən odur ki, abonent saldosunun qalıq və aktlar bölməsində *************** nömrəli abonent koduna 2021-ci il üzrə 4.865,76 manat və 2022-ci il üzrə isə 3.490,56 manat, cəmi 8.356,32 manat borc göstərilmişdir.

29. Apellyasiya araşdırması zamanı məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə mütəxəssis (ekspert) rəyinin verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə edilmiş, əldə olunan ##.##.2026-cı il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Qərarına əsasən əhali istehlakçılarının istehlak tariflərini nəzərə almaqla həmin illər üzrə itirilmiş qazın dəyəri: 2021-cı il yanvar-iyun ayları üzrə: - 2200 m3 x 0.10 manat + 2644 m3 x.0.20 manat =708,80 manat, iyul-oktyabr ayları üzrə: 3888 m3 x 0.20 manat =777,60 manat noyabr-dekabr ayları üzrə: 2952 m3 x 0.25 manat =738,00 manat, 2022-ci ilin yanvar-mart ayları üzrə 1200 m3x 0.12 man +1300 m3 x 0.20 man + 1928 m3 x 0.25 manat = 886 manat olmaqla, cəmi 3.110,40 manat təşkil edə bilər. Tərtib edilmiş aktlar əsasında iddiaçı tərəfindən 496.50 manat ödəniş edidiyini nəzərə alsaq qanunsuz qoşulma halında ondan tutula biləcək məbləğ 2613,90 manat ola bilər. 2022-ci ilin iyun ayında tərtib edilmiş aktla aparılmış hesabat qanunvericiliyin bu tələbinə əməl edilmədən aparıldığından, həmin akt üzrə hesablanmış 336,96 manat dəymiş ziyan məbləği abonentdən tələb edilə bilməz.

30. Kollegiya ilkin olaraq qeyd edir ki, abonent saldosundan da göründüyü kimi, iddiaçı tərəfindən 2022-ci ilin oktyabr ayından 2023-cü ilin yanvar ayına qədər edilmiş 496,50 manat ödəniş, aktların tərtib edildiyi mübahisəli dövrə aid olmamaqla qazdan istifadəyə görə ödənilmiş məbləğdir. Belə olan halda, sonrakı dövrdə sərfiyyata görə həyata keçirilmiş ödənişlər aktlar üzrə itirilmiş qazın dəyəri hesablanan zaman nəzərə alına bilməz.

31. Mütəxəssis rəyinə əsasən 2021-cı il yanvar ayından 2022-ci ilin mart ayına qədər olan dövr üzrə itirilmiş qazın dəyərinin cəmi 3.110,40 manat təşkil etməsi müəyyən olunur.

32. Işdən də görünür ki, həmin dövr üzrə iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə hər hansı ödəniş edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, həmin dövr üzrə iddiaçı təbii qazdan qeyri-qanuni olaraq istifadə etmiş, ödənişləri yalnız 2022-ci ilin oktyabr ayından etməyə başlamışdır.

33. Kollegiya qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Iddiaçının aktlar üzrə 7.859,82 manat məbləğində borcun silinməsini tələb etdiyi, cavabdehə dəymiş zərərin məbləğinin isə cəmi 3.110,40 manat məbləğində müəyyən olunduğu nəzərə alınaraq, kollegiya iddianın qismən təmin olunması və cavabdeh tərəfindən iddiaçıya aktlar üzrə hesablanmış 4749,42 manat məbləğində borcun silinməli olması qənaətinə gəlir (7.859,82 – 3.110,40 = 4.749,42).

34. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Istehsalat Birliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilsin. Cavabdeh IB tərəfindən iddiaçı İddiaçı qazdan qanunsuz istifadəyə görə aktlar üzrə hesablanmış 4.749,42 manat məbləğində borc silinsin. Cavabdeh Cavabdeh Istehsalat Birliyindən 67,49 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar