Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-609/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsmayılova Yeganə Nurəddin qızının cavabdehlər "xxxx" MMC-yə və Bakı Şəhəri ** saylı Notariat ofisinə qarşı mülki iş üzrə Açar sözlər: kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, icra qeydinin ləğvi Hakimlər X8 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı İsmayılova Yeganə Nurəddin qızının cavabdehlər "xxxx" MMC-yə və Bakı Şəhəri ** saylı Notariat ofisinə qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, icra qeydinin ləğvi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İsmayılova Yeganə Nurəddin qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasan işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İsmayılova Yeganə Nuraddin qızı (bundan sonra “iddiaçı”) ilə “xxxx” MMC (bundan sonra cavabdeh) arasında bağlanmış ##.##.2023-cü il tarixli, ****/**** saylı kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 36 ay müddətinə illik 32 faiz dərəcəsi ilə faiz hesablanmaq şərti ilə 20.000 manat məbləğində kredit verilmişdir. Həmin tarixli 4307/2023-İP saylı ipoteka müqaviləsinə əsasən ****/**** saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə ünvan 1 ünvanında yerləşən əmlak cavabdeh qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmçinin, bu tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli, ****/**** saylı kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 36 ay müddətinə illik 32 faiz dərəcəsi ilə faiz hesablamaq şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir. Həmin tarixli 4333/2023-İP saylı sonrakı ipoteka müqaviləsinə əsasən ****/**** saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə qeyd edilən mənzil cavabdeh qarşısında ipoteka ilə yüklü edilmişdir. Öhdəliklərin icra olunmaması ilə bağlı cavabdeh tərəfindən iddiaçıya ##.##.2024-cü il tarixdə bildiriş göndərilərək, ona 49.022,63 manat məbləğində borcun olması barədə məlumat verilmiş və borcun 21 gün ərzində ödənilmədiyi təqdirdə, ipoteka predmetinə tutma yönəldiləcəyi barədə notarius tərəfindən icra qeydinin aparılacağı barədə xəbərdarlıq edilmişdir. Həmin bildiriş sifarişli-xəbərnaməli poçt vasitəsilə iddiaçının qeydiyyatda olduğu (eyni zamanda, ipoteka predmetinin yerləşdiyi ünvan) ünvana göndərilmişdir. Cavabdehin ##.##.2024-cü il tarixli maliyyə arayışına əsasən iddiaçının ##.##.2024-cü il tarixə ****/**** saylı, ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 33.854,28 manat, ##.##.2023-cü il tarixli, ****/**** saylı kredit müqaviləsi üzrə cəmi 16.598.03 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə icra qeydinin verilməsi üçün Bakı şəhəri ** saylı notariat ofisinə (bundan sonra 2-ci cavabdeh) müraciət edilmişdir. Bununla bağlı 2-ci cavabdeh tərəfindən aparılmış ##.##.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən ipoteka qoyan İsmayılova Yeganə Nuraddin qızına məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlaka tutmanın yönəldilməsi, “xxxx” MMC ilə İsmayılova Yeganə Nuraddin qızı arasında bağlanmış öhdəliyi müəyyən edən 4307/2023 və ****/**** nömrəli kredit müqavilələrinə əsasən müddət üçün vaxtında ödənilməmiş cəmi tutulmalı məbləğin 50.477,31 manat təşkil etməsi barədə ##.##.2024-cü il tarixdə, 8İ-17757 nömrə ilə icra qeydi aparılmışdır. Həmin icra qeydi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmiş və həmin şöbənin ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən icra sənədi üzrə icraata başlanılmış və iddiaçıya tələbin künüllü icrası barədə bildiriş göndərilmişdir. “xxxx” MMC tərəfindən təqdim edilmiş arayışa əsasən hər iki kredit müqaviləsi üzrə öhdəlik 2026-cı ilin mart ayında tam icra edilmiş və iddiaçının həmin müqavilələr üzrə cavabdehə borcu qalmamışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı İsmayılova Yeganə Nuraddin qızı cavabdehlər "xxxx" MMC-yə və Bakı şəhəri ** saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən ##.##.2024 tarixdə aparılmış və reyestrdə "8İ17757" nömrə ilə qeyd edilmiş icra qeydinin ləğv edilməsi, "xxxx" MMC ilə aralarında bağlanmış ##.##.2023-cü il tarixli, ****/**** saylı kredit müqaviləsinin, ##.##.2023-cü il tarixli, ****/****-IP saylı ipoteka müqaviləsinin, ##.##.2023-cü il tarixli, ****/**** saylı kredit müqaviləsinin və ##.##.2023-cü il tarixli, ****/****-IP saylı sonrakı ipoteka müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddianı işin yuxarıda göstərilən faktiki hallarına uyğun əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, icra qeydi icra olunması üçün icra şöbəsinə göndərildikdən sonra şöbə tərəfindən icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş ona təqdim olunmuşdur. Həmin anda icra qeydinin verilməsindən xəbərdar olmuşdur. O anadək o, ümumiyyətlə "xxxx" MMC tərəfindən kredit borcu və girov predmetinə yönəltmə barədə icra qeydi aparılacağı, bu barədə notariat orqanına müraciət olunacağı barədə heç bir bildiriş almamışdır. İpoteka və sonrakı İpoteka müqavilələrinə əsasən ipoteka predmetinin dəyəri 124.000 manat məbləğində müəyyən edilmişdir. Tərəfindən bu zamana kimi xeyli miqdarda pulun "xxxx" MMC-yə ödənilməsinə baxmayaraq o, notariat orqanına müraciət etmiş, notarius tərəfindən pul vəsaitinin ondan tutulması, tələbin girov predmetinə yönəldilməsi üçün icra qeydi verilmişdir. O, Bakı şəhəri Nizami rayon İcra şöbəsində çağırılandan sonra barəsində icra qeydinin aparılmasından məlumatlı olmuş və dərhal sənədlərini hazırlayıb iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, hazırki mübahisə üzrə icra qeydinin ləğv edilməsi üçün qanuni əsaslar mövcuddur. İndiki halda notariat orqanı öz qanunsuz hərəkəti ilə icra qeydi tərtib etmişdir. Çünki, qanunun tələbindən göründüyü kimi, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdikdə verilə bilər. İndiki halda borc müqaviləsi və borc məbləğinin verilməsi ilə bağlı mübahisə vardır. Digər tərəfdən qanunun tələbindən göründüyü kimi notariat orqanı tərəfindən icra qeydinin aparılması üçün iki şərtin eyni anda olması vacibdir: icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etməlidir; Tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməməlidir. İndiki halda notariat orqanına təqdim olunan kredit müqaviləsi borcun mübahisəsiz olduğunu sübut etmir. Belə ki, onun "xxxx" MMC-yə qeyd olunan məbləğdə borcu qalmamış və ona xeyrli məbləğdə rəsmi qaydada ödənişlər etmişdir. Qalan qəbzlərini də iddia ərizəsinə əlavə etmişdir. Digər tərəfdən, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Bundan əlavə, Notariat ofisi borcun ödənilməsi barədə ona yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkəti etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Tələbkar icra qeydinin aparılması üçün Notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə ona, tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməmiş, bildiriş, onun borclu olaraq ona çatdırıldığını təsdiq edən sənəd, borclu olaraq onun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə edilməmişdir. Nəticədə Notariat ofisi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 162-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq, əsassız icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı"nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Bildiriş ona nə poçt vasitəsi ilə, nə də təqdim etmə yolu ilə göndərilməmişdir. Poçt vasitəsi ilə göndərilmiş olarsa, bu barədə poçt qəbzi iş materiallarında olmalıdır. Məhkəmə qanunverciliyin yuxarıda göstərilən (bildirişin sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi) əhəmiyyətli halları sübut olmadan müəyyən etməyə cəhd etmişdir. İpoteka haqqında Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalı olduğu halda 5 gün sonra qeydə alınmışdır ki, qanunvericiliyin tələbləri pozulmuşdur. Həmçinin, icra qeydi verilən zaman ipoteka qoyan olaraq o, lazımi qaydada məlumatlandırılmamış və bu barədə ona bildirişin çatmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş, bu hal ümumiyyətlə məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Bu xüsusatlar diqqətdən qaçmamalı, hərtərəfli araşdırılmalıdır. Həmçinin, bağlanmış kredit müqavilələrinin hər biri müstəqil müqavilə olmaqla ayrı-ayrı əsas öhdəlikləri özlərində ehtiva edirlər. Hazırki, iş üzrə bağlanmış sonrakı ipoteka müqaviləsi ilə bağlı qanunvericiliyin tələblərində yalnışlığa yol verilmişdir. Belə ki, birinci kredit müqaviləsi üçün bağlanmış kredit müqaviləsinə təminat olaraq birinci ipoteka müqaviləsi bağlanmışdır. Yenidən bağlanmış kredit müqaviləsinə təminat olaraq sonrakı ipoteka müqaviləsi bağlansa da, həmin sonrakı ipoteka müqaviləsinə əvvəlki kredit müqavilsinin də şərtləri daxil edilmişdir. Bu o deməkdir ki, sonrakı ipoteka müqaviləsi ilə hər iki kredit müqavilənin təminat altına alınması qanunvericiliyin tələbinə zidd olmuşdur. Sonrakı ipoteka müqaviləsi yalnız müstəqil kredit müqaviləsini təminat altına ala bilərdi. Əvvəlki kredit müqaviləsi üzrə ipoteka müqaviləsinin məzmununda dəyişiklik isə yalnız ipoteka müqaviləsinə əlavə dəyişikliklər şəklində təsbit oluna bilərdi. İndiki halda əvvəlki kredit müqaviləsi əvvəlki ipoteka müqaviləsi ilə təminat altına aldındığı halda və müqavilələr qüvvədə olduğu halda əvvəlki kredit müqaviləsi yenidən sonrakı ipoteka müqaviləsi ilə yenidən təminat altına alınmışdır. Həmçinin, buraya ikinci kredit müqaviləsi də daxil edilmişdir. Burdan da hər iki ipoteka müqaviləsinin şərtlərinin qanunvericiliyin tələblərinə zidd olaraq müəyyən edildiyi açıq görünür. Əslində ipoteka və sonrakı ipoteka müqavilələri görünüş xarakteri daşımaqla müqavilələrin həqiqi niyyətini ifadə etmir. Çünki, həqiqətdə sonrakı ipoteka müqaviləsi ayrıca predmet və öhdəliklər müəyyən edən müstəqil ipoteka müqaviləsi olmaqla əvvəl təminat altına almış öhdəliyi yenidən təminat altına ala bilməzdi. Təbii ki, qanunvericiliyə əsasən əmlak bir neçə dəfə yüklü edilə bilər. Bunun üçün isə hər bir halda bu aktlar gerçəkləşdirilərkən həmin mülkiyyət üzərində hüququ olan şəxslərin razılığı alınmalıdır. Bank və notariat orqanı isə onun mənzilin yenidən ipotekaya qoyulması və yüklü edilməsinə razı olmadığını bilib bağlanmış əlavə ipoteka müqavilələrinin adını sonrakı ipoteka kimi rəsmiləşdirmişlər ki, guya yenidən razılıq tələb olunmasın. Əslində isə bağlanmış bu əqdlər öhdəliklərin və müqavilələrin məzmununun həqiqi mahiyyətini əks etdirməyən yalanəhəmiyyətsiz əqdlərdir. Yuxarıda istinad etdiyi hallardan görünür ki, bağlanmış ipoteka müqavilələrinin hər biri müstəqil bir mahiyyət kəsb etməklə hər biri özülüyündə müstəqil bir əsas öhdəliyi (kredit müqavilələri üzrə öhdəlikləri) təmin edirlər. Burdan da sözügedən ipoteka müqavilələlərinin bağlanmasında qanunsuzluğa yol verildiyi aşkar şəkildə görünür. Necə ki, ipoteka müqaviləsi yenidən bağlanmış, onun müddəti, şərtləri dəyişdirilmiş və yenidən bu yüklülük DƏDRX tərəfindən qeydə alınmışdırsa, eyni qaydada təlimata uyğun olaraq mənzilin yenidən ipotekaya qoyulması barədə müqavilələr bağlanarkən notarius tərəfindən mənzildə qeydiyyatda olan şəxs kimi razılıqlar alınmalı idi, lakin alınmamışdır. Notariat orqanı və BOKT “İpoteka haqqında" Qanunun 10.8-ci maddəsində nəzərdə tutulmuş bütün hallardan xəbərdar idilər. Ona görə də, sözügedən ipoteka müqavilələri etibarsız sayılmalıdır
4. Cavabdeh “xxxx” MMC iddiaya qarşı yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblər hüquqi və faktiki əsaslardan məhrumdur. İddiaçı ilə aralarında ##.##.2023-cü il tarixdə bağlanmış ****/**** saylı və ##.##.2023-cü il tarixdə bağlanmış ****/**** saylı kredit müqavilələrinə əsasən iddiaçıya müvafiq olaraq, illik 32% olmaqla, 36 ay müddətinə 20.000 manat və illik 32% olmaqla, 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilələrin təminatı kimi, iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 69, ** saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öz öhdəliklərini davamlı olaraq və kobud şəkildə pozmuş, borcunu ödəməmişdir. Ona borcun ödənilməməsi ilə bağlı şifahi və yazılı formada dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin bu xəbərdarlıqlara baxmayaraq, iddiaçı öhdəliklərini yerinə yetirməmişdir. Bundan sonra cəmiyyət tərəfindən “İpoteka haqqında” Qanunun 36-cı maddəsinə uyğun olaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlər həm iddiaçının qeydiyyatda olduğu ünvana, həm də girov predmetinin yerləşdiyi ünvana sifarişli poçtla göndərilmişdir. “İpoteka Haqqında” Qanuna əsasən belə bildirişlər sifarişli poçt vasitəsilə göndərildikdə 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərildikdə isə 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İddiaçının borcu ödəməməsi nəticəsində, ##.##.2024cü il tarixində notariat qaydasında ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi verilmişdir. İddiaçı öz ərizəsində bildirir ki, bu barədə icra şöbəsinə dəvət edilərkən məlumatlandırılmışdır. Bu halda qəbul olunsa belə, məhkəməyə müraciət tarixindən əvvəl bu məlumat ona təqdim edilmiş sayılır. Lakin bu halda belə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarına əsasən notariat icra qeydlərinin mübahisələndirilməsi müddətinin dəqiq tənzimlənməsi başa çatmadığı üçün bu məsələyə Mülki Prosessual Məcəllənin 282-ci maddəsinə uyğun olaraq 10 günlük müddət tətbiq olunur. Yəni, ipoteka qoyan şəxs icra qeydi barədə məlumat aldıqdan sonra 10 gün ərzində məhkəməyə müraciət etməlidir. Halbuki, iddiaçı bu müddəti aydın şəkildə keçirmiş və iddia müddətini pozmuşdur. Həmçinin, Mülki Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə hər hansı sübut və ya əsaslandırılmış sənəd əlavə olunmamışdır. Bu da onu göstərir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər yalnız subyektiv və əsassız iddialardan ibarətdir və bu iddiaların hüquqi dəyəri yoxdur. Əslində isə iddiaçının yeganə məqsədi icra prosesinin qarşısını almaq və icraatı süni şəkildə ləngitməkdir. Yuxarıda göstərilənləri, o cümlədən kredit müqaviləsinin şərtlərinin iddiaçı tərəfindən pozulmasını, icra qeydi və ona dair bildirişlərin qanuna uyğun təqdim olunmasını, məhkəməyə müraciət müddətinin konstitusion və prosessual qanunvericilik baxımından pozulmasını iddiaçının tələblərinin sübutsuz və formal xarakter daşımasını nəzərə alaraq, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsinin əsassız olması səbəbi ilə təmin edilməməsini xahiş etmişdir.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir (hakim: X2).
6. Məhkəmə ilk növbədə iddia tələbinin “ipoteka və kredit müqavilələrinin etibarsız hesab edilməsi” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, sözügedən müqavilələrin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, işin hallarına əsasən kredit və ipoteka müqaviləsi bağlanarkən müqavilənin tərəflərinin iradə ifadəsi aydın olmuş, müqavilə üzrə müəyyən məbləğdə pul vəsaiti borcalan tərəfindən qəbul edilmiş və öhdəliyin təmini qismində ona məxsus əmlak ipoteka ilə yüklü edilmişdir. Hazırkı mübahisə üzrə bağlanmış kredit və ipoteka müqaviləsinin etibarlılığını şübhə altına alan hallar müəyyən edilməmiş və belə hallar məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
7. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan müqavilə bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Nəticə etibarı ilə kredit və ipoteka müqaviləsi tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də, həmin müqavilələr etibarsız hesab edilə bilməz, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir.
8. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı kredit müqaviləsinin etibarsız hesab edilməsini tələb etsə də, bunu iddia ərizəsində və məhkəmə iclasında verdiyi ifadəsində hər hansı formada əsaslandırmamışdır. Lakin o, ipoteka müqaviləsinin etibarsızlığına dair tələbini əsaslandırarkən qeyd etmişdir ki, sonrakı ipoteka müqaviləsində iki kredit müqaviləsi, yəni əvvəldən təminat altına alınmış kredit müqaviləsi yenidən təminat altına alınmaqla ipoteka müqaviləsi bağlanmışdır. Lakin sonrakı ipoteka müqaviləsi tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin müqavilədə əsas öhdəlik haqqında məlumat hissəsində yalnız ##.##.2023-cü il tarixli müqaviləyə istinad edilmiş, yalnız müqavilənin predmeti hissəsində həm ##.##.2023-cü il, həm də ##.##.2023-cü il tarixli müqavilələrin adı çəkilmişdir. Bu isə öz növbəsində qanunun tələbinə uyğun olmaqla, sonrakı ipoteka müqaviləsində əvvəlki yüklülüklər haqqında məlumatı ehtiva etmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (Mülki Məcəllənin 339.2. maddəsi).
10. Məhkəmə göstərmişdir ki, iddiaçının icra qeydinin ləğv edilməsi tələbinin əsası kimi göstərdiyi hal, icra qeydinin aparılacağı barədə bildirişin ona çatırılmamasından ibarətdir. Lakin iş materiallarında olan ##.##.2024-cü il tarixli bildiriş və həmin bildirişin göndərildiyini təsdiq edən ##.##.2024-cü il tarixli poçt qəbzi ilə müəyyən edilir ki, icra qeydinin aparıldığı ##.##.2024cü il tarixdən 04 ay 12 gün qabaq bildiriş tərtib edilərək iddiaçının olduğu ünvan 1 ünvanına göndərilmişdir. İddiaçı iddia tələbində qeyd etmişdir ki, icra qeydi icra şöbəsinə göndərilmiş və icra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş ona təqdim olunmuşdur, həmin anda icra qeydinin verilməsindən xəbərdar olmuşdur. Məhkəmə iddiaçının bu mövqeyinə münasibətdə qeyd edir ki, “Notariat haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir və Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Bundan başqa məhkəmə xüsusilə vurğulayır ki, icra şöbəsi tərəfindən göndərilmiş tələbin könüllü icrası barədə bildirişlə icra qeydinin aparılması barədə bildiriş iddiaçının eyni adlı ünvanına göndərilmişdir. Bununla bağlı məhkəmə hesab etmişdir ki, icra qeydinin aparılacağı barədə bildiriş qanunvericiliyin tələbinə uyğun olaraq tərtib edilərək, borcluya ##.##.2024-cü il tarixli icra qeydinin aparılmasın qabaq ##.##.2024-cü il tarixdə göndərilmişdir. Odur ki, bildirişin çatdırılması, icra qeydinin aparılması zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, icra qeydi qanunvericiliyin tələblərinə uyğun olaraq verilmiş, onun ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1-ci, 324.1ci, 329.2-ci, 331.1-ci, 334.1-ci, 337-ci, 385.1-ci, 425.1-ci, 442-ci, 445-ci, 739-740-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci, 106.1-ci, 217-ci, 218.3-cü, 224-cü, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı, 78-ci, 79cu, “İpoteka haqqında” Azərbaycan Respublikası 9-cu, 10.8-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci, 162-ci bəndlərinə, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X12 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli * nömrəli, Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının ## #### 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2004-cü il tarixli, Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə kollegiyasının ## #### 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2004-cü il tarixli qərarlarına, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Iddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən iddiaçı İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh cavabdeh2 MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, digər cavabdeh Bakı şəhəri ** saylı Notariat ofisi ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə iddiaçının və cavabdehlərin nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir; əvvəlki redaksiyada 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
18. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun: 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.
19. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.5-ci maddəsinə əsasən kuryer xidməti – eyni kuryer tərəfindən poçt göndərişinin qəbul edilərək ünvan sahibinə çatdırılmasıdır; 1.0.8-ci maddəsinə əsasən poçt göndərişi – poçt rabitəsi operatoru tərəfindən müəyyən ünvana çatdırılmaq üçün qəbul edilmiş poçt kartları, məktublar, teleqramlar, pul baratları, banderollar, kiçik paketlər, sekoqramlar, xüsusi "M" kisələri, bağlamalardır; 1.0.10-cu maddəsinə əsasən sifarişli poçt göndərişi – göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir.
20. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 26.1.7-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək ipoteka saxlayanın hüquqlarındandır; 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır; 36.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti, icra olunmalı öhdəlik barədə məlumat, ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq, bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası məlumatlar əks etdirilməlidir; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır; 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli *** saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın: 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. “Elektron notariat” informasiya sistemində Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyyəti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı; təşkilati-hüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzanın alınması zamanı təqdim edilməli məlumatlar tələb edilmir. Digər məlumatlar isə “Elektron Hökumət İnformasiya Sistemi”nə inteqrasiya olunan qurumların informasiya sistemindən əldə edilməsi mümkün olmadıqda tələb edilir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169-1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir; 162-ci bəndinə əsasən icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. İcra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2021-ci il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli qərarında göstərilmişdir ki, yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Həmçinin qeyd olunmuşdur ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Nəticələr üzrə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir və yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ vı II hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## ### 2025-ci il tarixli Qərarında belə nəticəyə gəlinmişdir ki, Konstitusiyanın 60-cı maddəsinin İ və II hissələrinə, 62-ci maddəsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq notariusun apardığı icra qeydindən verilən şikayətlərə dair işlər üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə yenidən baxılması Azərbaycan Respublikasının Milli Məclisinə təklif edilməlidir; göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək notariusun apardığı icra qeydindən verilən şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması təcrübəsi davam etdirilməlidir; qanunverici orqan tərəfindən “Notariat haqqında” Qanunun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Mülki Prosessual Məcəllənin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilməlidir. Bu nəticəyə uyğun da qərar qəbul edilmişdir.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın tam və ya qismən təmin edilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli, ****/**** saylı kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 36 ay müddətinə illik 32 faiz dərəcəsi ilə faiz hesablanmaq şərti ilə 20.000 manat məbləğində kredit verilmişdir. Həmin tarixli 4307/2023- İP saylı ipoteka müqaviləsinə əsasən ****/**** saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə iddiaçı mülkiyyətində olmaqla Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən ** saylı evin ** saylı mənzilini cavabdeh qarşısında ipoteka ilə yüklü etmişdir. Bundan sonra tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli, ****/**** saylı kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 36 ay müddətinə illik 32 faiz dərəcəsi ilə faiz hesablamaq şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir. Həmin tarixli 4333/2023-İP saylı sonrakı ipoteka müqaviləsinə əsasən ****/**** saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə qeyd edilən mənzil cavabdeh qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilmədiyindən cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə iddiaçıya bildiriş göndərilərək, ona 49.022,63 manat məbləğində borcun olması barədə məlumat verilmiş və borcun 21 gün ərzində ödənilmədiyi təqdirdə, ipoteka predmetinə tutma yönəldiləcəyi barədə notarius tərəfindən icra qeydinin aparılacağı barədə xəbərdarlıq edilmişdir. Həmin bildiriş sifarişli-xəbərnaməli poçt vasitəsilə iddiaçının qeydiyyatda olduğu, həmçinin ipoteka predmeti olan ünvan 1 ünvanına göndərilmişdir.
31. Cavabdehin ##.##.2024-cü il tarixli maliyyə arayışına əsasən iddiaçının ##.##.2024cü il tarixə ****/**** saylı, ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 33.854,28 manat, ##.##.2023-cü il tarixli, ****/**** saylı kredit müqaviləsi üzrə cəmi 16.598.03 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə icra qeydinin verilməsi üçün Bakı şəhəri ** saylı notariat ofisinə (bundan sonra 2-ci cavabdeh) müraciət edilmişdir. Bununla bağlı 2-ci cavabdeh tərəfindən aparılmış ##.##.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən ipoteka qoyan İsmayılova Yeganə Nuraddin qızına məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlaka tutmanın yönəldilməsi, “xxxx” MMC ilə İsmayılova Yeganə Nuraddin qızı arasında bağlanmış öhdəliyi müəyyən edən 4307/2023 və ****/**** nömrəli kredit müqavilələrinə əsasən müddət üçün vaxtında ödənilməmiş cəmi tutulmalı məbləğin 50.477,31 manat təşkil etməsi barədə ##.##.2024-cü il tarixdə, 8İ-17757 nömrə ilə icra qeydi aparılmışdır. Həmin icra qeydi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmiş və həmin şöbənin ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən icra sənədi üzrə icraata başlanılmış və iddiaçıya tələbin künüllü icrası barədə bildiriş göndərilmişdir.
32. Hazırda iddiaçı sonrakı ipoteka müqaviləsində iki kredit müqaviləsinin, yəni əvvəldən təminat altına alınmış kredit müqaviləsinin yenidən təminat altına alınmaqla ipoteka müqaviləsi bağlandığını, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin düzgün qeydə alınmadığını, ipoteka müqavilələrinin yalan əqdlər olduğunu, kredit müqavilələri əsasında yaranmış borcun mübahisəsiz olmasının araşdırılmadığını, göstərilən həcmdə borcunun olmadığını və icra qeydinin aparılacağı barədə bildirişin qanunvericiliklə müəyyən edilən qaydada ona təqdim edilmədiyini iddia edir və bu səbəbdən kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsini, icra qeydinin isə ləğv edilməsini tələb edir.
33. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda sadalanan və digər aidiyyəti müddəalarına istinad edərək vurğulayır ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
34. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur.
35. Lakin hazırda iddiaçı tərəfindən mübahisələndirilən müqavilələrin hər hansı birinin etibarsız sayılmasına səbəb ola biləcək dörd mühüm şərtin - əqdin subyektiv tərkibinə, məzmununa, iradə və iradə ifadəsinin vəhdətinə və formasına aid qüsurların mövcudluğu müəyyən olunmamışdır.
36. İddiaçı kredit müqavilələrinin, habelə ##.##.2023-cü il tarixli ipoteka müqavilənin etibarsızlığı ilə bağlı nə iddia ərizəsində, nə də ki, apellyasiya şikayətində ümumiyyətlə hər hansı dəlil irəli sürməmiş, bu istiqamətdə hər hansı əsaslandırma aparmamışdır.
37. Tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli sonrakı ipoteka müqaviləsində isə əsas öhdəlik haqqında məlumat hissəsində yalnız ##.##.2023-cü il tarixli kredit müqaviləsinə istinad edilməklə müqavilənin predmeti hissəsində həm ##.##.2023-cü il, həm də ##.##.2023-cü il tarixli kredit müqavilələrin adı çəkilmişdir. Hüquqi nəticə etibarı ilə bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun olaraq sonrakı ipoteka müqaviləsində əvvəlki yüklülüklər haqqında məlumat əks olunmuşdur. Qeyd edilənlər də öz növbəsində bu müqavilənin etibarsız hesab edilməsini istisna edir.
38. Bununla belə, tərəflər sərbəst iradə ifadəsinə əsaslanaraq öz aralarında kredit müqavilələri bağlamış, müqavilələrdə göstərilən məbləğlər də iddiaçı tərəfindən qəbul edilmişdir. Həmin müqavilələrdən irəli gələn öhdəliklərin təminatı olaraq iddiaçı ona məxsus əmlakı cavabdeh qarşısında ipoteka ilə yüklü etmişdir. Həmin müqavilələrin hər hansı birinin qanunvericiliyin tələbləri pozulmaqla rəsmiləşdirilməsi müəyyən edilməmişdir.
39. İddiaçı tələbində ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin vaxtında qeydiyyata alınmadığını və bildirişdə bir sıra məlumatların göstərilmədiyini bildirmişdir. Lakin məhkəmə tərəfindən aparılmış araşdırma zamanı bu prosesin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun aparıldığı müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, bu tələblər üzrə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi bu hissədə iddianı rədd etməkdə haqlı olmuşdur.
40. Məhkəmə kollegiyası iddianı “icra qeydinin ləğv edilməsi” hissəsində də əsassız hesab edərək, həmin icra qeydinin qanunvericiliyin tələblərinə uyğun aparılması, o cümlədən cavabdehlərin bu məsələdə qanunvericiliyin tələblərinə uyğun hərəkət etməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə olaraq onu da qeyd edir ki, iddiaçı Bakı şəhəri Nizami rayon İcra şöbəsində çağırılandan sonra barəsində icra qeydinin aparılmasından məlumatlı olduğunu və bundan sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Halbuki, həmin icra qeydinə əsasən İcra şöbəsi tərəfindən icra icraatına ##.##.2025-ci il tarixli qərarla başlanılmış və bu qərar həmin tarixdə tələbin könüllü icrası haqqında bildirişlə birlikdə iddiaçıya göndərilmişdir. Buna baxmayaraq, iddiaçı hazırki iddia ilə məhkəməyə təxminən 7 aydan sonra, 2025-ci ilin avqust ayında müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ vı II hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## ### 2025-ci il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından notariusun icra qeydinin mübahisələndirilməsinə qanunun analogiyası üzrə Mülki Prosessual Məcəllənin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilməli olduğundan iddiaçı mübahisələndirmə müddətini də ötürmüşdür. Belə ki, iddiaçının icra qeyd barədə məlumat aldıqdan sonra məhz 10 günlük müddət ərzində məhkəməyə müraciət etməsi, yəni 2025-ci ilin avqust ayında məhkəməyə müraciət edən zaman bu müddəti pozmaması öz təsdiqini tapmır.
41. Xüsusilə o hal da qeyd edilməlidir ki, kredit və ipoteka müqavilələrinin etibarsızlığını, habelə icra qeydinin ləğvini mübahisələndirən iddiaçı 2026-cı ilin mart ayında hər iki kredit müqaviləsi (icra qeydi) üzrə mövcud olan borcunu tam şəkildə ödəmiş, bununla da borcun mübahisəsiz olduğunu şəxsən təsdiq etmişdir. Bu hal, o cümlədən onun həmin kredit müqavilələri üzrə hər hansı borcunun qalmaması cavabdehin ##.##.2026-cı il tarixli arayışı ilə öz təsdiqini tapır. Bu baxımdan həmin kredit müqavilələri üzrə öhdəliyə onun tam icrası səbəbi ilə xitam verilmişdir. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir və şikayətin rədd edilməsini şərtləndirir. Hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi iddianı əsassız hesab edərək, təmin etməməkdə haqlı olmuşdur.
42. Beləliklə məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmuş, işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın hər hansı formada təmin (tam və ya qismən) edilməsi üçün əsas yaratmır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı İsmayılova Yeganə Nurəddin qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi iddiaçı İsmayılova Yeganə Nurəddin qızının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı İsmayılova Yeganə Nurəddin qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.